|
ELMLƏR NAMİZƏDLƏRİ
ÇORUK QƏMƏRLİ (BOLNİSİ) BÖLGƏSİ
[A] [B-E] [Ə] [F-İ] [K-M]
[M] [M-P] [R]
[S] [Ş-T] [V-Z]
MEHRALI NƏZƏROV
Mehralı Avıd oğlu Nəzərov 1942-ci ildə
Bolnisi rayonunun Saraclı kəndində anadan
olmuşdur. 1950-ci ildə Saraclı kənd orta məktəbinə
daxil olmuş, 1960-cı ildə məktəbi bitirmişdir. Elə
həmin il Bakı şəhərindəki, 1 saylı Tibb
texnikumuna daxil olmuşdur. 1964-cü ildə texnikumu
bitirmiş və Belarusiya şəhərinə hərbi xidmətə
göndərilmişdir. Xidməti dövründə klassik
güləşlə məşğul olmuş, 1967-ci ildə Belarusiya
birinciliyində yüksək yer tutaraq, idman ustası
normasını yerinə yetirmişdir. 1968-ci ildə hərbi
xidmətdən tərxis olunduqdan sonra vətənə
qayıtmış və Faxralı kəndində baş feldşer
vəzifəsində işləmişdir. 1971-ci ildə Bakıya
qayıtmış və Bədən Tərbiyəsi institutuna daxil
olmuşdur. Oxuduğu müddət ərzində institutun Azad
Həmkarlar Təşkilatının sədri vəzifəsində
işləmiş və 1975-ci ildə institutu fərqlənmə
diplomu ilə bitirmiş və "Metrotuneltikinti"
idarəsində idman komitəsinin sədri işləmişdir.
1977-ci ildə AzİMU-nun Bədən tərbiyəsi və idman
kafedrasına müəllim vəzifəsinə işə düzəlmişdir.
1977-1989-cu illərdə Mehralı Nəzərov
Yasamal rayonunun könüllü Xalq nəzarəti
bölməsinin sədri vəzifəsində işləmişdir. 1977-ci
ildən indiyədək Universitetdə mühafizə
qərargahının rəisi kimi fəaliyyət göstərir.
1982-ci ildə Azərbaycan Respublikasının Ali
Məktəblərinin birinciliyində 16 komanda arasında
1 yeri tutaraq SSRİ Ali Məktəblərinin
birinciyliyinə vəsiqə almışdır. 1982-ci ildə ona
SSRİ-nin idman ə’laçısı fəxri adı verilmişdir.
Mehralı Nəzərovun rəhbərlik etdiyi Yunan-Roma
güləşi üzrə komanda şəhər, Respublika
ümumittifaq yarışlarında uğurla çıxış etmiş,
mükafata layiq yerlər tutmuşdur. Bu günə qədər 10
nəfər idman ustası, 120 nəfər idman ustalığına
namizəd, 160 nəfər 1 dərəcəli, 1 nəfər cavanlar
arasında dünya birinciliyinin gümüş
mükafatçısı, 1 nəfər Avropa çempionu
yetişdirmişdir. 1995-ci ildə Respublikasının Fəxri
Bədən Tərbiyəsi İşçisi adına layiq görülmüşdür.
Yunan Roma güləşi üzrə yığma komandanın
göstərdiyi yüksək göstəricilərə və
nailiyyətlərə görə ona 1999-cu ildə "Azərbaycan
Respublikasının Əməkdar Məşqçisi" adı
verilmişdir.
Hazırda Azərbaycan İnşaat
Mühəndisləri Universitetinin Bədən tərbiyəsi və
idman kafedrasının dosenti və İdman klubunun və
Mühafizə qərargahının sədridir. İki kitabın, 11
elmi əsərin müəllifidir.
MƏMMƏD İBRAHİMOV
Məmməd Məmmədəli oğlu İbrahimov 1948-ci
il aprel ayının 15-də Faxralı kəndində fəhlə
ailəsində anadan olmuşdur. Orta təhsilini
əvvəlcə Faxralı məktəbində, 1959-cu ildən isə
Marneuli şəhər interant məktəbində almış və
1966-cı ildə orta məktəbi bitirmişdir.
1967-ci ildən Sumqayıtda Boru yayma
zavodunda çilingər işləmiş, 1971-1973-cü illərdə
əsgəri xidmətdə olmuşdur. 1975-ci ildən zavodun
göndərişi ilə Dnepropetrovsk şəhərində
Metallurgiya institutunda oxumuş və 1980-ci ildə
fərqlənmə diplomu ilə bitirmişdir.
Həmin il aspiranturaya daxil olmuş və
1986-cı ildə "Metalların təzyiq altında e’malı"
ixtisası üzrə namizədlik dissertasiyası müdafiə
etmişdir. 1986-cı ilin iyun ayından zavoda
qayıtmışdır. Boru yayma zavodunun (indi
"Azərboru" SC) texniki şö’bəsinin rəisi - baş
mühəndisin müavini vəzifəsində çalışır.
Məmməd İbrahimov 8 ixtira və 30-dan çox
elmi məqalənin müəllifidir. Dəfələrlə diplom
müdafiəsi komissiyasının sədri olmuşdur. 4 nəfər
dissertanta rəhbərlik etmişdir.
Məmməd İbrahimovun elmi və praktiki
fəaliyyəti 15 elmi-praktiki əsərdə öz əksini
tapmışdır. O, 10 ittifaq və respublika səviyyəli
konfranslarda iştirak etmiş, materiallar çap
etdirmişdir.
MƏMMƏD ŞƏRİFOV
Məmməd Xaləddin oğlu Şərifov 1943-cü
ildə Bolnisi rayonunun Arıxlı kəndində anadan
olmuşdur. 1950-ci ildə Arıxlı kənd orta məktəbinin
birinci sinfinə daxil olmuş, həmin məktəbi 1960-cı
ildə qızıl medalla bitirmişdir. 1961-ci ildə
Azərbaycan Politexnik İnstitutunun
avtomatika-telemexanika fakültəsinə daxil
olmuşdur. 1966-cı ildə həmin institutu
Metallurgiya istehsalatının
avtomatlaşdırılması və kompleksli
mexanikləşdirilməsi ixtisası üzrə ə’la
qiymətlərlə bitirmişdir. 1967-ci il yanvar ayından
dekabr ayına kimi L. Şmidt (indiki Səttarxan)
adına Neft Maşınqayırma Zavodunda konstruktor
vəzifəsində işləmişdir. 1967-ci ilin dekabrında
Azərbaycan Politexnik İnstitutunda yeni
yaradılmış "Qara və əlvan metalların
metallurgiyası" kafedrasına baş laborant
vəzifəsinə işə düzəlmişdir. 1968-ci ilin
sentyabrından həmin kafedrada assistent
vəzifəsində işləmişdir. 1972-ci ildə həmin kafedra
üzrə əyani aspiranturaya daxil olmuş, 1976-cı ildə
"Tökmə konstruksiya poladlarının yüksək
temperaturlu termomexaniki e’malı" mövzusunda
namizədlik dissertasiyası müdafiə etmişdir.
Sonra yenidən həmin kafedrada (sonralar kafedra
"metallurgiya və metalşünaslıq"
adlandırılmışdır) assistent, baş müəllim
olmuşdur. 1985-ci ildən isə dosent vəzifəsində
çalışır.
Məmməd Şərifov 35-dən çox elmi əsər çap
etdirmişdir. Əsərləri keçmiş SSRİ-nin və
Azərbaycan Respublikasının elmi jurnallarında
nəşr olunmuşdur. Onun iki metodik göstərişi və
bir dərs vəsaiti işıq üzü görmüşdür. O, bir sıra
İttifaq və respublika konfranslarında, müşavirə
və simpoziumlarda çıxış etmişdir.
MƏMMƏD MƏMMƏDOV
Məmməd İsrafil oğlu Məmmədov 1930-cu
ildə Borçalı mahalının Bolus nümayəndəliyinin
Faxralı kəndində anadan olmuşdur. 1947-ci ildə
Faxralı orta məktəbini bitirmişdir. 1954-cü ildə
ADU-nun (indiki BDU-nun) jurnalistika şö’bəsini
fərqlənmə diplomu ilə bitirmiş və tə’yinatla
"Sovet kəndi" qəzeti redaksiyasına
göndərilmişdir. Uzun müddət həmin qəzetdə rəhbər
vəzifədə işləmişdir. Fəal təbliğatçılıq
fəaliyyətinə görə Azərbaycan Respublikası Ali
Sovetinin fəxri fərmanı ilə təltif edilmiş,
Azərbaycan Respublikasının "Əməkdar mədəniyyət
işçisi" fəxri adına layiq görülmüşdür.
Elmi-tədqiqat işi ilə məşğul olmuş, 1972-ci ildə
"Azərbaycan kolxozçusu" qəzeti Azərbaycan
kəndinin yenidən qurulması uğrunda mübarizədə"
mövzusunda dissertasiya müdafiə edərək tarix
elmləri namizədi elmi dərəcəsi almışdır. 1978-ci
ildən Texniki Universitetdə tarix kafedrasında
müəllim işləmiş, BDU-nun mətbuat tarixi
kafedrasında diplom rəhbəri kimi müntəzəm
fəaliyyət göstərmişdir. Respublika mətbuatında
elmi-publisistik yazılarla çıxış etmişdir.
Çoxsaylı elmi-publisistik yazıların
müəllifidir. Məmməd Məmmədovun elmi və pedaqoji
fəaliyyəti 2 monoqrafiya və 20-ə yaxın elmi
məqalədə əks olunmuşdur.
1994-cü ildə Bakıda vəfat etmişdir.
MƏMMƏD ƏSƏDOV
Məmməd Yəhya oğlu Əsədov 1955-ci ildə
Bolnisi rayonun Qaradaş kəndində anadan
olmuşdur.
1961-ci ildə Qaradaş kənd ibtidai
məktəbinin 1-ci sinfinə getmiş, 1965-ci ildə
təhsilini Arakol 8 illik məktəbində davam
etdirmiş, orta məktəbi isə 1971-ci ildə
bitirmişdir.
1972-ci ildə AzPİ-nin (indiki ATU-nun)
hidromeliorasiya fakültəsinə daxil olmuş, 1977-ci
ildə Azərbaycan İnşaat Mühəndisləri
İnstitutunda mühəndis-hidrotexnika ixtisasını
almışdır. 1977-ci ilin avqustundan 1990-cı ilə kimi
Azərbaycan Elmi-Tədqiqat Hidrotexnika və
Meliorasiya İnstitutunda işləmişdir.1980-1984-cü
illərdə həmin institutda istehsalatdan
ayrılmamaqla aspiranturada oxumuş və 1987-ci ildə
namizədlik dissertasiyası müdafiə etmişdir.
1990-cı ildən 2000-ci ilə kimi "Azdövsutəsləyihə"
institutunda layihə baş mühəndisi vəzifəsində
işləmişdir. 2000-ci ildən Meliorasiya və Su
Təsərrüfatı Komitəsində "Elm, Layihə və
Ekspertiza" İdarəsinin rəisi vəzifəsində
işləyir.
Məmməd Əsədovun elmi fəaliyyəti 40-a
yaxın elmi əsərdə öz əksini tapmışdır.
O, ittifaq və respublika
simpoziumlarında və konfranslarında çıxış
etmiş, elmi məqalələr çap etdirmişdir.
MƏTANƏT MEHRABOVA
Mətanət Əhməd qızı Mehrabova 1964-cü
ildə Bakı şəhərində anadan olmuşdur. 1980-cı ildə 20
saylı musiqi məktəbini, 1981-ci ildə 159 saylı orta
məktəbi bitirmişdir.
1981-1986-cı illərdə Azərbaycan Dövlət
Universitetinin fizika fakültəsində təhsil
almış, tə’yinatla Azərbaycan EA Kosmik
Tədqiqatlar İnstitutunda mühəndis vəzifəsinə
işə düzəlmişdir. 1991-ci ildən Bakı Dövlət
Universiteti nəzdində "Rifma" kiçik
müəssisəsinin elmi işlər üzrə katibi
vəzifəsində çalışmışdır.
Mətanət Mehrabova 1992-ci ildə
"Yarımmaqnit yarımkeçiricilər və onların
ölçüyə görə kvantlanmış lövhələrində
zonalararası Faradey effekti" mövzusunda
namizədlik dissertasiyası müdafiə etmişdir.
Hazırda elmi fəaliyyətini Azərbaycan
Elmlər Akademiyası Radiasiya Tədqiqatları
bölməsində davam etdirir və "Naxçıvan" özəl
Universitetində fizika fənnindən dərs deyir.
Mətanət Mehrabovanın elmi fəaliyyəti
15-ə yaxın elmi əsərdə öz əksini tapmışdır.
O, bir sıra respublika səviyyəli
konfranslarda çıxış etmiş və məqalələr çap
etdirmişdir.
MİNAYƏ NƏBİYEVA
Minayə Yolçu qızı Nəbiyeva 1953-cü ildə
Bolnisi rayonunun Faxralı kəndində anadan
olmuşdur. 1960-cı ildə birinci sinfə getmiş, 1970-ci
ildə isə orta məktəbi bitirmişdir. Həmin ildə
Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki
ADTU-nun) sanitariya-gigiyena fakültəsinə daxil
olmuşdur. 1976-cı ildə ali təhsilini başa vurduqdan
sonra 1976-1980-ci illərdə tə’yinatla Xanlar rayon
Sanitar Epidemioloji Stansiyasında
həkim-epidemioloq kimi fəaliyyət göstərmişdir.
1980-cı ildə o, müsabiqədən keçərək ATİ-nun (indiki
ADTU-nun) əmək gigiyenası və peşə xəstəlikləri
kafedrasına assistent vəzifəsinə seçilmişdir.
1994-cü ildə "İri sənaye şəhərinin atmosfer
çirklənməsinin məktəbəqədər yaşlı uşaqların
sağlamlığı vəziyyətinə və immunoloji
göstəricilərinə tə’siri" mövzusunda
namizədlik dissertasiyası müdafiə etmişdir.
Minayə Nəbiyevanın elmi fəaliyyəti 25
elmi məqalədə və 2 elmi metodik tövsiyədə öz
əksini tapmışdır. Hal-hazırda uşaq və
yeniyetmələr gigiyenası və əmək gigiyenası
kafedrasında baş müəllim vəzifəsində işləyir.
MƏHƏMMƏDƏLİ BABAŞOV
Məhəmmədəli Allahverdi oğlu Babaşov
1959-cu il avqustun 6-da Bolnisi rayonunun Faxralı
kəndində anadan olmuşdur. 1966-1976-cı illərdə
Faxralı kənd orta məktəbində təhsil almışdır.
1976-cı ildə Azərbaycan Dövlət Universiteti
şərqşünaslıq fakültəsinin ərəb filologiyası
şö’bəsinə daxil olmuşdur. 1980-ci ildə IV kursdan
sonra Yəmən Xalq Demokratik Respublikasına ərəb
dili tərcüməçisi kimi e’zam olunmuşdur. 1980-1983-cü
illərdə Yəmənin paytaxtı Ədən şəhərində
tərcüməçi işləmişdir.
1983-cü ildə Yəməndən geri döndükdən
sonra yenidən Universitetin V kursunda təhsilini
davam etdirmişdir. 1984-cü ildə Universiteti
bitirmiş və keçmiş SSRİ-nin Müdafiə Nazirliyinin
xəttilə hərbi xidmət keçmək məqsədilə hərbi
tərcüməçi olaraq Əlcəzairə göndərilmişdir.
1984-1986-cı illər ərzində Batna Ali Ümumqoşun hərbi
məktəbində tərcüməçi və Biskra hərbi desant
qüvvələri məktəbində baş tərcüməçi vəzifəsində
xidmət etmişdir. 1987-ci ilin yanvar ayında baş
leytenant rütbəsində ordudan tərxis olunmuşdur.
1987-ci ildə Azərbaycana dönərək "Bizim
həyat" qəzetində tərcüməçi-müxbir vəzifəsində
çalışmışdır. 1989-cu ildə SSRİ Jurnalistlər
birliyinin üzvlüyünə qəbul olunmuşdur.
1989-cu ilin noyabr ayından e’tibarən
Azərbaycan Respublikası Elmlər Akademiyası
Əlyazmalar İnstitutunda baş laborant vəzifəsinə
işə qəbul edilmişdir. 1994-cü ilin oktyabr ayına
qədər həmin institutun "Ərəbdilli yazılı
abidələr" şö’bəsində kiçik elmi işçi
vəzifəsində elmi fəaliyyətini davam
etdirmişdir. 1992-ci ilin sentyabr ayından 1995-ci
ilin mart ayına qədər Türkiyənin
xeyriyyəçi-maarifpərvər "Çağ" öyrətim
işlətmələri şirkətinin Azərbaycan təmsilçisi
olaraq fəaliyyət göstərmişdir. 1994-cü ilin
oktyabr ayından "Qafqaz" Universitetinin
xarici əlaqələr üzrə prorektoru vəzifəsində
işləmişdir. Həmin dövrdən e’tibarən
Universitetin dosenti, ilahiyyət fakültəsinin
dekanı vəzifəsində çalışmışdır. Hal-hazırda
həmin universitetin Dil tədrisi mərkəzinin
müdiri və elm, tədris və xarici əlaqələr üzrə
rektorun müşaviri vəzifəsində çalışmaqdadır.
1993-cü ildə Azərbaycan Respublikası EA
Əlyazmaları İnstitutun dissertantı kimi
başladığı "Şafii məzhəbi tərixində Yusif
Ərdəbili və onun "əl-Ənvar li-’əməlil-əbrar"
əsəri adlı tədqiqat işini tamamlamış və 20 iyun
1997-ci ildə ilahiyyat elmləri namizədi elmi
dərəcəsi almaq üçün dissertasiyasını müdafiə
etmişdir. İslamşünaslığa dair 2 kitabın
tərcüməçisi, 16 elmi əsərin müəllifi və 2 kitabın
elmi redaktoru olmuşdur.
MURTUZ MƏMMƏDOV
Murtuz Novruz oğlu Məmmədov 1943-cü ildə
Bolnisi rayonunun Darvaz kəndində ziyalı
ailəsində anadan olmuşdur.
1960-cı ildə Darvaz orta məktəbini ə’la
qiymətlərlə bitirmişdir. 1960-cı ildə APRDƏİ-na
(indiki BSU) daxil olmuş, 1965-ci ildə həmin
institutu bitirmiş, tə’yinatla Lerik rayonunun
Şingədulan kəndində müəllim kimi əmək
fəaliyyətinə başlamışdır. Sonra pedaqoji
fəaliyyətini Darvaz kənd orta məktəbində davam
etdirmişdir. Təhsilini davam etdirmək həvəsi,
elmi axtarışlara meyl onu Gəncə şəhərinə - H.
Zərdabi adına Pedaqoji İnstituta gətirib
çıxarmışdır. 1968-ci ildən burada pedaqoji
fəaliyyətə başlamışdır. 1970-ci ildə "M. Qorki və
Azərbaycan dramaturgiyası" mövzusunda
namizədlik dissertasiyası müdafiə etmişdir.
Respublikanın dövri mətbuatında
elmi-publisistik, ədəbi-bədii yaradıcılıq
nümunələri ilə müntəzəm çıxış etmişdir. 330-dan
çox elmi-publisistik məqalənin, Azərbaycanda ilk
dəfə nəşr olunmuş "İşgüzar rəsmi sənədlərin
hazırlanması nümunələri" kitabının
müəllifidir. Ömrünün sonunadək H. Zərdabi adına
Gəncə Pedaqoji İnstitutunun "Rus və xarici
dillər" kafedrasında dosent işləyən Murtuz
Məmmədov "1900-1912-ci illərdə dövri mətbuatda ədəbi
tənqid məsələləri" mövzusunda doktorluq
dissertasiyasının müdafiyə hazır olduğu bir
vaxtda, 1988-ci ildə vəfat etmişdir.
MUSA MEHRABOV
Musa Allahverdi oğlu Mehrabov 1950-ci
ildə Bolnisi rayonunun Saraclı kəndində anadan
olmuşdur. 1957-ci ildə Saraclı kənd orta məktəbinə
getmiş, 1967-ci ildə həmin məktəbi qızıl medalla
bitirmişdir. 1967-ci ildə Azərbaycan Politexnik
İnstitutunun Avtomatika və hesablama texnikası
fakültəsinə daxil olmuş, 1972-ci ildə həmin
fakültəni fərqlənmə diplomu ilə başa vurmuşdur.
1972-ci ildə göndərişlə Ümumittifaq Neft
ETTİ-na işə qəbul olunmuşdur. Musa Mehrabov bu
elmi tədqiqat institutunda adi mühəndisdən baş
məhəndisə kimi ucalmışdır
1984-cü ildə Cövhər Qala (Qroznı)
şəhərində namizədlik dissertasiyası müdafiə
edib, elmi dərəcə almışdır. Musa Mehrabov 1984-cü
ildə institutun partiya təşkilatının katibi,
yanğın və qaz təhlükəsizliyi laboratoriyasının
müdiri vəzifəsində fəaliyyət göstərmişdir.
1993-cü ildə institutun baş mühəndisi
tə’yin olunmuşdur.
1998-ci ildə institutun nəzdində
fəaliyyət göstərən təcrübə sınaq şö’bəsinin
bazasında yaradılmış Respublikanın Neft və qaz
sənayesinə lazım olan alət, tərtibat və qurğular
istehsal edən "İstehsalat mərkəzi" zavodunun
baş mühəndisi vəzifəsinə tə’yin olunmuş və
hazırda həmin vəzifədə fəaliyyət göstərir.
Musa Mehrabov keçmiş SSRİ Neft
nazirliyinin fəxri fərmanı ilə təltif
edilmişdir. O, neft və qaz quyularının əsaslı və
yeraltı tə’mirində zəncirli boru və (48 mm-dən 114
mm) boru tutan universal ştanq açarlarının (12 mm,
26 mm) müəllifidir.
Musa Mehrabovun elmi fəaliyyəti 100-dən
çox elmi əsərdə, o cümlədən: 24 müəlliflik
şəhadətnaməsində öz əksini tapmışdır. 1987-ci ildə
SSRİ Neft nazirliyi Musa Mehrabova SSRİ Neft
ə’laçısı fəxri adı vermişdir.
MUSTAFA ƏLİYEV
Mustafa Alı oğlu Əliyev 1960-cı ildə
Bolnisi rayonunun Saraclı kəndində anadan
olmuşdur. 1978-ci ildə Saraclı kənd orta məktəbini
bitirmiş və Azərbaycan Dövlət Universitetinin
tətbiqi riyaziyyat fakültəsinə daxil olmuşdur.
1983-cü ildə ADU-nu (indiki BDU-da) ə’la
qiymətlərlə başa vurduqdan sonra Azərbaycan
Elmlər Akademiyasının Fizika İnstitutunda elmi
fəaliyyətə başlamışdır. 1987-ci ildən Azərbaycan
İnşaat Mühəndisləri Universitetinin "Qaz
təchizatı və mikroiqlimi təmin edən sistemlər"
kafedrasında dosent vəzifəsində çalışır.
1997-ci ildə "Regional qaz təchizatı
sistemlərində qaz tələbatı rejimlərinin
proqnozlaşdırılması" mövzusunda dissertasiya
müdafiə edərək texnika elmləri namizədi elmi
dərəcəsi almışdır. Hazırda Azərbaycan İnşaat
Mühəndisləri Universitetində pedaqoji
fəaliyyəti ilə yanaşı qaz təchizatı problemləri
sahəsində elmi fəaliyyətini davam etdirir.
İyirmi beşdən çox elmi əsərin, "Maye və qazların
tətbiqi mexanikası" sahəsi üzrə monoqrafiyanın
müəllifidir.
Mustafa Əliyev respublikanın ali
məktəblərində keçirilən elmi konfranslarda
çıxış etmiş, məqalələr çap etdirmişdir.
|