Ağbulaq     Baş keçid     Borçalı     Qarayazı     Dağ Borçalı     Qaraçop     Tiflis     Çoruk Qəmərli  
Coğrafiyası
Etimologiyası
Kəndləri
Nəqliyyatı
Tarixi
Demoqrafik quruluşu
Sənaye və kənd təssərrüfatı
Torpaq fondu
Maarifin inkişafı
Türk Pedaqoji Texnikomları
Adət ənənələri
Ədəbi mədəni əlaqələri
İctimai siyasi durum
Borçalı ziyalıları dövlət və hökümət orqanlarında
Öndər adamları
Akademik və müxbir üzvləri
Elmlər doktorları
Elmlər namizədləri
Həkimlər
El ağsaqqalları
Generallar
Hüquqsunaslar
Tarixi qəhrəmanlar
Rəssamlar
Memarlar
İncəsənət xadimləri
Jurnalistlər
Aşıq folklor örnəkləri
El sənətkarları
Xeyriyyəçilər
İdmançılar
Şəhidlər
Yaylaqlar
Xəritələr
Şəkillər
 

The Project is accomplished by the assistance of the Bureau of Educational and Cultural Affairs of the U.S. Department of State and International Research & Exchanges Board

Səhifənin yaradılmasında göstərdiyi köməkliyə görə Məmməd Sarvana təşəkkür edirik

ELMLƏR NAMİZƏDLƏRİ

ÇORUK QƏMƏRLİ (BOLNİSİ) BÖLGƏSİ

[A] [B-E] [Ə] [F-İ] [K-M] [M] [M-P] [R] [S] [Ş-T] [V-Z]

KƏRİM KƏRİMOV

Kərim Məmmədəli oğlu Kərimov 1929-cu ildə Borçalı mahalının Çürük Qəmərli nümayəndəliyinin (Bolnisi rayonu) Faxralı kəndində anadan olmuşdur. 1937-ci ildə Faxralı kənd orta məktəbinin birinci sinfinə getmiş və 1948-ci ildə həmin məktəbi bitirmişdir.

1949-cu ildə Gəncə şəhərində Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun zootexnik fakültəsinə daxil olmuş, 1954-cü ildə həmin fakültəni bitirib zootexnik ixtisasına yiyələnmişdir.

1955-ci ildə Faxralı kəndinə qayıtmış və "Qələbə" kolxozunun baş zootexniki vəzifəsini icra etmişdir.

1967-ci ildə Kərim Kərimov həmin kolxozun partiya təşkilatının katibi işləmişdir. 1968-ci ildən 1973-cü ilədək həmin kolxozun sədri olmuşdur.

Kərim Kərimov əmək fəaliyyəti ilə yanaşı, eyni zamanda elmi işlə də məşğul olmuşdur. 1968-1973-cü illərdə Azərbaycan Elmi-Tədqiqat Heyvandarlıq İnstitutunda qiyabi aspiranturada oxumuşdur. 1974-cü ildə namizədlik dissertasiyası müdafiə edib kənd təsərrüfatı elmləri namizədi elmi dərəcəsi almışdır.

Kərim Kərimovun elmi və əmək fəaliyyəti 5 elmi əsərdə və 10-a yaxın elmi-praktiki məqalədə öz əksini tapmışdır. O, əməkdə qazandığı nailiyyətə görə "Qırmızı Əmək Bayrağı" ordeni və bir neçə əmək rəşadəti medalları ilə təltif olunmuşdur.

Kərim Kərimov öz doğma elində səxavətli və xeyirxah eloğlu kimi də ad-san qazanmışdır. 1970-ci illərin əvvələrində kəndə ətraf bölgədən içməli su çəkdirmişdir.

O, indi təqaüddədir.

 

KƏRƏM NƏBİYEV

Kərəm Paşa oğlu Nəbiyev 1923-cü ildə Borçalı mahalının Çürük Qəmərli nümayəndəliyinin (indiki Bolnisi rayonu) Arıxlı kəndində qulluqçu ailəsində anadan olmuşdur. 1946-cı ildə Borçalı Türk Pedaqoji Texnikumunu bitirmiş, Kürdlər kəndində müəllim kimi əmək fəaliyyətinə başlamışdır. 1949-cu ildə Gəncədə H. Zərdabi adına Pedaqoji İnstituta daxil olmuş, 1953-cü ildə institutunun tarix fakültəsini bitirmişdir. Tə’yinatla iki il Zakatala rayonunun Danaçı və Varxiyan kəndində müəllim işləmişdir. 1955-ci ildən 1960-cı ilədək keçmiş Borçalının Faxralı kəndində müəllim, Kəpənəkçi (Kvemo-Bolnisi) kəndində məktəb direktoru, Arıxlı kəndində isə orta məktəbdə tarix müəllimi işləmişdir. 1960-cı ildə Bakıya gəlmiş və taleyini həmişəlik indiki Azərbaycan Neft Akademiyası ilə bağlamışdır. Ömrünün sonuna kimi politologiya kafedrasında dosent vəzifəsində çalışmışdır. 1975-ci ilin iyun ayında namizədlik dissertasiyasını müdafiə edib, tarix elmləri namizədi elmi dərəcəsi almışdır. O, bu müddət ərzində tarix və politologiya elmlərinə həsr olunmuş 30-a yaxın elmi, elmi publisistik məqalələr çap etdirmişdir.

Kərəm Nəbiyev 1997-ci ildə Bakı şəhərində vəfat etmişdir.

 

KƏRİM MƏMMƏDOV

Kərim Alı oğlu Məmmədov 1939-cu ildə Bolnisi rayonunun Aşağı Güləvər kəndində anadan olmuşdur. 1957-ci ildə Darvaz orta məktəbini bitirmiş, 1958-ci ildə Azərbaycan Dövlət Rus dili və Ədəbiyyatı institutuna daxil olmuşdur. 1963-cü ildə bu institutda təhsilini başa vurduqdan sonra tə’yinatla Gürcüstan Respublikası Maarif Nazirliyinin sərəncamına göndərilmişdir. 1963-1964-cü tədris ilində Bolnisi rayonu Aşağı Güləvər səkkizillik məktəbində rus dili və ədəbiyyatı müəllimi, 1964-cü ildən 1968-ci ilin sentyabrına qədər Bolnisi rayonu Babakişilər səkkizillik məktəbinin direktoru işləmişdir. 1971-ci ildə namizədlik dissertasiyası müdafiə etmişdir.

1968-ci ildən Rus dili və Ədəbiyyatı institutunda çalışır. Pedaqoji elmlər namizədidir. Həmin institutun pedaqogika kafedrasının dosentidir.

Pedaqogika elminin müxtəlif sahələrinə həsr edilmiş 3 kitabın, respublikada və onun hüdudlarından kənarda çap edilmiş 35 elmi məqalənin, 30-dan çox publisistik məqalələrin müəllifidir.

Kərim Məmmədov 1968-ci ildən bu vaxta qədər 20-dən çox ittifaq və respublika səviyyəli konfransların iştirakçısı olmuşdur.

 

QƏZƏNFƏR ƏLLƏZOV

Qəzənfər Seyfəddin oğlu Əlləzov 1949-cu il fevralın 15-də Bolnisi rayonunun Kolagir kəndində anadan olmuşdur.

1966-cı ildə kənd orta məktəbini bitirmişdir.

1966-cı ildə indiki ADİU-nun sənayenin iqtisadiyyatı fakültəsinə daxil olmuş, 1970-ci ildə həmin fakültəni başa vurmuşdur. Tə’yinatla Azərbaycan EA İqtisadiyyat İnstitutunda elmi fəaliyyətə başlamışdır.

1973-1974-cü illərdə hərbi xidmətdə olmuşdur. 1975-1978-ci illərdə Azərbaycan EA İqtisadiyyat İnstitutunun əyani aspiranturasında təhsil almış, 1981-ci ildə isə namizədlik dissertasiyası müdafiə edib, iqtisad elmləri namzədi elmi dərəcəsi almışdır.

1983-cü ildə baş elmi işçi vəzifəsini icra etmişdir. 1985-ci ildə müsabiqə yolu ilə indiki ADİU-nun iqtisadi tarix kafedrasına müəllim, sonra isə iqtisadi nəzəriyyə kafedrasına dosent vəzifəsinə seçilmişdir.

Qəzənfər Əlləzovun elmi və pedaqoji fəaliyyəti 30 elmi əsərdə, o cümlədən 2 dərs vəsaitində və 1 dərslikdə (iqtisadi nəzəriyyə) öz əksini tapmışdır.

Bu müddət ərzində o, 20-yə qədər beynəlxalq, ittifaq və respublika səviyyəli konfranslarda iştirak edib, elmi məqalələr çap etdirmişdir.

1982-ci ildə ictimai elmlər üzrə "gənc alimlərin" işlərinin VII respublika (ümumittifaq miqyasında) müsabiqəsinin qalibi olmuş və Azərbaycan LKGİ MK-nın fəxri fərmanı ilə təltif olunmuşdur.

Hazırda iqtisad nəzəriyyəsi kafedrasının dosentidir.

 

QƏŞƏM YAQUBOV

Qəşəm Şamil oğlu Yaqubov 1938-ci il iyul ayının 1-də Borçalı mahalının Bolus nahiyəsinin Kəpənəkçi kəndində əkinçi ailəsində anadan olmuşdur. Qonşu Faxralı kənd orta məktəbini bitirdikdən sonra 1957-1962-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun və Azərbaycan Dövlət Universitetinin tələbəsi olmuş, coğrafiya-biologiya ixtisası üzrə ali təhsil almışdır. 1962-1964-cü illərdə hərbi xidmətdə olmuş, 1964-cü ilin sentyabr ayından e’tibarən əmək fəaliyyətinə başlamışdır.

1964-1968-ci illərdə Bakı torpaq ekspedisiyasında mühəndis-torpaqşünas, dəstə rəisi vəzifələrində işləmişdir. 1968-1971-ci illərdə Azərbaycan EA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun aspiranturasında oxumuş və 1975-ci ildə "Torpaqşünaslıq" ixtisası üzrə dissertasiya müdafiə edərək kənd təsərrüfatı elmləri namizədi elmi dərəcəsi almışdır.

1971-1979-cu illərdə Azərbaycan Dövlət Yerquruluşu Layihə ("Azdövyerqurlayihə") İnstitutunda dəstə rəisi və baş mühəndis, 1979-1991-ci illərdə isə keçmiş SSRİ Dövlət Elmi Tədqiqat Torpaq Sərvətləri İnstitutunun Azərbaycan şö'bəsinin müdiri vəzifəsində işləmişdir.

1991-1993-cü illərdə "Aqroekologiya" elmi mərkəzinin Geokimya ekspedisiyasında, 1993-1997-ci ilərdə isə Azərbaycan EA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda şö'bə rəisi və laboratoriya müdiri vəzifəsində çalışmışdır.

69 elmi əsərin, o cümlədən 4 kitabça və bir monoqrafiyanın müəllifidir.

Qəşəm Yaqubov uzun müddət Azərbaycanın bütün bölgələrində torpaq və bitki örtüyünün iri miqyasda tədqiq edilməsinin rəhbəri və icraçısı olmuşdur. O, elmi işlərin icraçısı olmaqla yanaşı, onun nəticələrinin təbliğ olunması məqsədilə respublikada və xarici ölkələrdə elmi konfranslarda mə’ruzələrlə çıxış etmiş, məqalələr çap etdirmişdir. Bir sıra tədqiqat işlərinin nəticələri xarici dillərə tərcümə olunmuş, nəşr edilmişdir. O, əmək veteranıdır və əldə etdiyi elmi nailiyyətlərə görə keçmiş SSRİ XTNS-nin gümüş medalı ilə mükafatlandırılmışdır.

O, 1997-ci ildən başlayaraq Azərbaycan Dövlət Torpaq Komitəsinin Dövlət Yerquruluşu Layihə İnstitutunda direktor müavini vəzifəsində çalışmaqla respublikamızda torpaq islahatının aparılması üçün lazım olan hüquqi normativ sənədlərin hazırlanmasında fəal iştirak etmişdir.

 

QULU BƏDƏLOV

Qulu Əhməd oğlu Bədəlov 1939-cu il avqust ayının 15-də Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. 1957-ci ildə Faxralı orta məktəbini medalla, 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin iqtisad fakültəsini ə’la qiymətlərlə bitirmişdir.

1963-1965-ci illərdə Elmi Tədqiqat Kənd Təsərrüfatı İqtisadiyyatı İnstitutunda elmi işçi, 1965-1969-cu illərdə Dövlət Statistika Komitəsində şö'bə rəisi, 1970-1982-ci illərdə Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda kiçik və baş elmi işçi vəzifələrində işləmişdir.

1973-cü ildə dissertasiya müdafiə edib iqtisad elmləri namizədi elmi dərəcəsi almışdır.

1982-ci ildən Azərbaycan Politexnik İnstitutunun (Texniki Universitet) siyasi iqtisad (iqtisadi nəzəriyyə) kafedrasında dosent vəzifəsində işləmiş, 90-cı illərin əvvəllərindən isə həmin kafedraya rəhbərlik etmişdir.

80-dən çox elmi əsərin, o cümlədən bir çox monoqrafiya və kitabçanın, dərs vəsaitlərinin və tədris metodiki işlərin müəllifidir. Ümumi iqtisadi nəzəriyyə dərsliyinin müəlliflərindən biridir. 10-dan çox namizədlik dissertasiyasının rəsmi opponenti olmuş, çox sayda avtoreferata rə’y vermişdir. Bir çox respublika səviyyəli, eləcə də respublikadan kənar elmi-praktik konfranslarda mə’ruzələrlə çıxış etmişdir. Uzun müddət Respublika Təhsil Nazirliyinin elmi-metodik şurasının "İqtisadiyyat və idarəetmə" bölməsinin üzvü olaraq dərslik və dərs vəsaitlərinə, tədris proqramlarına rə’y verilməsində yaxından iştirak etmişdir.

Qulu Bədəlov hal-hazırda Azərbaycan Texniki Universitetinin iqtisadi nəzəriyyə kafedrasının müdiri vəzifəsində elmi-pedaqoji fəaliyyətini davam etdirir.

 

QURBAN QASIMOV

Qurban Rəhim oğlu Qasımov 1946-cı il dekabrın 28-də Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. 1962-ci ildə Faxralı orta məktəbini qızıl medalla, 1967-ci ildə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, aspiranturaya daxil olmuşdur. 1968-1969-cu illərdə orduda xidmət etmişdir. 1970-ci ildən ADU-nun (indiki BDU-nun) fizika fakültəsinin riyaziyyat kafedrasında müəllim, baş müəllim, dosent vəzifəsində çalışmışdır. 1997-1999-cu illərdə Liviya Ərəb Respublikasında Nasır adına Universitetin riyaziyyat bölməsində riyazi-fizika üsullarını, kompleks analiz, diferensial tənliklər nəzəriyyəsinə aid xüsusi kursları ərəb dilində tədris etmişdir.

1973-cü ildə Moskva Dövlət Universitetində namizədlik dissertasiya müdafiə etmiş, elmi dərəcə almışdır. Elmi işləri qeyri-xətti hiperbolik və parabolik tənliklər üçün korrektlik, approksimasiya həyəcanlanma məsələlərinə aid olub, 20-dən çox məqalə çap etdirmişdir. Qurban Qasımovun aspirantura dövründən indiyə qədər elmi nəzəri məqalə və materialları keçmiş Sovetlər birliyinin elmi mərkəzlərində və respublikanın elm ocaqlarında keçirilmiş konfransların bülleten və jurnallarında çap edilmişdir.

 

LOĞMAN MƏMMƏDOV

Loğman İslam oğlu Məmmədov 1957-ci il sentyabrın 24-də Bolnisi rayonunun Saraclı kəndində anadan olmuşdur. 1965-ci ildə Saraclı orta məktəbinin 1-ci sinfinə daxil olmuş və 1975-ci ildə həmin məktəbi bitirmişdir. 1975-ci ildə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə qəbul olunmuş və 1980-ci ildə oranı bitirmişdir. 1980-1984-cü illərdə Qutqaşen (indiki Qəbələ) və Ağdaş rayonlarında təyinatla müəllim işləmişdir.

1984-cü ildən Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Hesablama Texnikası və İstehsalat Proseslərinin Avtomatlaşdırılması kafedrasında riyaziyyatçı-proqramçı kimi fəaliyyətini davam etdirmişdir. 1996-cı ildə "Qeyri-müntəzəm qızdırıldıqda silindrik və sferik cisimlərin gərginlik-deformasiya vəziyyəti" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 25-ə qədər elmi əsərin və 2 kitabın müəllifidir. İndiyədək Azərbaycan İnşaat Mühəndisləri Universitetinin HT və İPA kafedrasında fəaliyyətini davam etdirir, dosentdir. Eyni zamanda Bakı Qafqaz Universitetində də ali riyaziyyat fənnindən dərs deyir.

Loğman Məmmədov respublika səviyyəli 8 konfransda çıxış edib məqalə çap etdirmişdir.

 

LOĞMAN NƏSİBLİ

Loğman İsa oğlu Nəsibli 1932-ci il mayın 9-da Borçalı mahalında Lüksemburq (indiki Bolnisi) rayonundakı Aşağı Qoşakilsə kəndində kolxozçu ailəsində anadan olmuşdur. 1939-cu ildə Aşağı Qoşakilsə kənd məktəbinə getmiş, 1947-ci ildə Marneuli Pedaqoji texnikumuna daxil olmuş, buranı müvəffəqiyyətlə bitirdikdən sonra 1951-ci ildə təhsilini davam etdirmək üçün Bakıya gəlmiş və indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinə daxil olmuşdur.

1955-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirmiş, Bolnisi rayonundakı Saraçlı orta məktəbində coğrafiya və astronomiyadan dərs demişdir. 1959-cu ildə Azərbaycan EA Coğrafiya institutunda aspiranturaya daxil olmuşdur. Xəzər dənizinin iqtisadi-coğrafi problemlərindən bəhs edən namizədlik dissertasiyasını 1964-cü ilin martında müdafiə etmiş və Qoşakilsədən çıxan ilk alim olmuşdur.

Elmi axtarışlarının əsas sahələrini Xəzər dənizinin təbii sərvətlərinin səmərəli mənimsənilməsi, ölkəşünaslıq və dünyanın qlobal problemləri təşkil etmişdir. Loğman Nəsiblinin Dünyanın iqtisadi və siyasi coğrafiyasına dair hər biri 5-6 çap vərəqi həcmində 5 kitabı, 100-dən artıq müxtəlif elmi və elmi-publisistik məqalələri nəşr olunmuş, namizədlik dissertasiyalarına opponentlik, diplom və magistrant işlərinə rəhbərlik etmişdir.

Loğman Nəsibli 1959-cu ildən 1969-cu ilədək Elmlər Akademiyasının Coğrafiya İnstitutunda işləmiş, 1969-cu ildən indiyə qədər ADPU-nun iqtisadi coğrafiya və coğrafiyanın tədrisi metodikası kafedrasında çalışır. 1991-ci ildə elmi-pedaqoji fəaliyyəti nəzərə alınaraq o, professor adına layiq görülmüşdür.

 

MAHAL QURBANOV

Mahal Şaban oğlu Qurbanov 1957-ci il fevralın 16-da Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. 1964-cü ildə Faxralı orta məktəbinin I sinfinə getmiş, 1974-cü ildə həmin məktəbi bitirmişdir. Orta məktəbi bitirən kimi Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə daxil olmuş və 1979-cu ildə Universiteti bitirmişdir. Həmin ildən Marneuli şəhər 70 saylı texniki peşə məktəbində müəllimlik fəaliyyətinə başlamış və eyni zamanda Marneuli şəhər orta məktəblərində də dərs demişdir. 1984-cü ildə istehsalatdan ayrılmadan Azərbaycan ETPEİ-nin aspiranturasına daxil olmuş, 1987-ci ildə Tbilisi Dövlət Universitetində namizədlik dissertasiyası müdafiə edib pedaqoji elmlər namizədi elmi dərəcəsi almışdır. Hal-hazırda doktorluq dissertasiyasını yekunlaşdırmaq üzrədir.

1989-cu ildə Gəncə şəhərinə köçmüş, Gəncə şəhər 30 saylı orta məktəbində müəllimlik fəaliyyətini davam etdirmişdir. 1990-cı ildə müsabiqə yolu ilə H. Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun Ümumi texniki fənlər kafedrasına müəllim tə’yin olunmuşdur. Sonra dosent vəzifəsinə seçilmişdir. 1998-ci ildən H. Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun tərbiyə işləri üzrə prorektoru vəzifəsində çalışır.

Mahal Qurbanovun elmi və pedaqoji fəaliyyəti 15 elmi əsərdə öz əksini tapmışdır. O, bir sıra respublika səviyyəli elmi konfranslarda iştirak etmiş, məqalələr çap etdirmişdir.

 

MAHMUD ƏLLƏZOV

Mahmud Rüstəm oğlu Əlləzov 1948-ci ildə Bolnisi rayonunun Aşağı Qoşakilsə kəndində müəllim ailəsində anadan olmuşdur. 1966-cı ildə orta məktəbi qızıl medalla bitirmiş, Azərbaycan Dövlət Universitetinin (indiki BDU) kimya fakültəsinə qəbul olmuşdur. 1971-ci ildə oranı bitirmiş və hərbi qulluğa getmişdir. 1973-cü ildə Azərbaycan Elmlər Akademiyasının Qeyri-üzvi və Fiziki kimya institutunda işləməyə başlamışdır. Qeyri-üzvi yarımkeçirici materiallar və çox komponentli sistemlərin fiziki kimyəvi analizi sahəsində ixtisaslaşmış və 1981-ci ildə "Qallium, indium xalkogenidlərinin dəmir ailəsi elementlərinin xalkogenidləri ilə qarşılıqlı təsiri" mövzusunda dissertasiya işi müdafiə etmiş, kimya elmləri namizədi elmi dərəcəsi almışdır.

1984-cü ildən institutnun nəzdindəki xüsusi konstruktor texnoloji büroda "Xüsusi texnika üçün xalkogenid materialların texnologiyası" laboratoriyasının müdiri işləmiş və onun rəhbərliyi ilə yaradılan bir çox materiallar texnikanın müxtəlif sahələrində müvəffəqiyyətlə sınaqdan keçirilmişdir.

M. Əlləzov xüsusi konstruktor texnoloji büroda qeyri-üzvi kimyanın müasir məsələlərinə həsr edilmiş tədqiqat işini davam etdirir. Onun rəhbərliyi altında texnoloji büroda 10-a qədər elmlər namizədi yetişmişdir ki, onlardan dörd nəfərinə bilavasitə özü elmi rəhbər olmuşdur. Kimya elmləri namizədi, baş elmi işçi M. Əlləzov 1994-cü ildə Bakı Dövlət Universitetinin "Qeyri-üzvi materialşünaslıq" elmi tədqiqat laboratoriyasına dəvət olunmuşdur. Hazırda orada aparıcı elmi işçi vəzifəsində işləməklə yanaşı Qeyri-üzvi kimya və onun nəzəri əsasları, ətraf mühitin kimyası, kimya və metallurgiya tullantılarının təkrar emalı, Qeyri-üzvi təbii birləşmələr kurslarından universitet tələbələrinə məruzələr oxuyur.

M. Əlləzov 200-ə qədər elmi məqalənin, 20 müəlliflik şəhadətnaməsinin, bir ixtiranın və bir kitabın müəllifidir. Onun onlarla beynəlxalq və respublika konfranslarında çıxışları olmuş, elmi məqalələri çap olunmuşdur.

 

MAHMUD QƏRİBOV

Mahmud Haqverdi oğlu Qəribov 1929-cu ildə Borçalı mahalının Bolus nümayəndəliyinin (Bolnisi rayonu) Arıxlı kəndində anadan olmuşdur. 1949-cu ildə həmin kənddə orta məktəbi bitirmişdir. İnstitutu 1954-cü ildə fərqlənmə diplomu ilə bitirmişdir. 1954-1967-ci illərdə "Səttarxan" adına maşınqayırma zavodununda mühəndis konstruktor, şö’bə müdiri, xüsusi konstruktor bürosunun rəisi vəzifələrində işləmişdir. 1963-cü ildə Azərbaycan Neft-Kimya institutunda (indiki ADNA) namizədlik dissertasiyası müdafiə etmişdir. 1967-1981-ci illərdə mikro-elektronika sahəsində "Azon" elm-istehsalat idarəsini təşkil edib, 14 il ona rəhbərlik etmişdir. 1976-1980-cı illərdə Azərbaycan Respublikası Dövlət mükafatına və "Azərbaycanın əməkdar mühəndisi" fəxri adına layiq görülmüşdür. 1988-ci ildən Azərbaycan texniki universitetində dosent, professor işləyir. İki elmi kitabın, bir dərs vəsaitinin, 50-yə yaxın elmi məqalənin, 20 müəlliflik şəhadətnaməsinin müəllifidir. 1994-cü ildən Texnoloji və Yüngül Sənaye Maşınları fakültəsinin dekanı vəzifəsində işləyir.

 

MEHMAN ŞİRİNOV

Mehman Məhəmməd oğlu Şirinov 1957-ci il avqustun 26-da Bolnisi rayonunun Aşağı Qoşakilsə kəndində anadan olmuşdur. 1974-cü ildə orta məktəbi bitirmiş, həmin il Azərbaycan Pedaqoji İnstitutunun (indiki ADPU-nun) fizika fakültəsinə daxil olmuş və 1979-cu ildə həmin fakültəni başa vurmuşdur. 1979-1981-ci illərdə hərbi xidmətdə olmuş, 1981-1983-cü illərdə Cəlilabad rayonu Prişib qəsəbəsində fizika müəllimi işləmişdir. Mehman Şirinov 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının Fizika İnstitutunun əyani aspiranturasına daxil olmuş və 1986-cı ildə oranı bitirmişdir. Mehman Şirinov 1987-ci ildə akademik E.Y. Salayev və fizika-riyaziyyat elmləri doktoru T.S. Məmmədovun rəhbərliyi altında "TE1 2-TE1 e2 yarımkeçirici sistemin optik xassələrinə tempratur və təzyiqin tə’siri" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş və fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi almışdır.

Mehman Şirinovun xaricdə və MDB ölkələrində 18 elmi məqaləsi işıq üzü görmüşdür. Mehman Şirinov İsveçdə, Almaniyada, Ukraynada, Polşada keçirilən beynəlxalq konfrans və simpoziumlarda elmi mə’ruzələr etmiş, məqalələr çap etdirmişdir.

Hal-hazırda fizika-riyaziyyat elmləri namizədi Mehman Şirinov H. Abdullayev adına Fizika İnstitutunda elmi işçi vəzifəsində çalışır.

 

MEHRALI BAYRAMOV

Mehralı Məhəmməd oğlu Bayramov 1940-cı ildə Bolnisi rayonunun Saraclı kəndində anadan olmuşdur. 1950-ci ildə Saraclı kənd orta məktəbinin 1-ci sinfinə getmiş, 1960-cı ildə həmin məktəbi bitirmişdir.

1969-cı ildə Azərbaycan Politexnik İnstitutuna daxil olmuş, 1965-ci ildə həmin institutu bitirmişdir. 1968-ci ildə aspiranturaya qəbul olunmuş, 1971-ci ildə aspiranturanı bitirmiş və 1973-cü ildə namizədlik dissertasiyasını müdafiə etmişdir.

Azərbaycan Elmi-Tədqiqat Hidrotexnika və Meliorasiya İnstitutunda mühəndis, baş elmi işçi və laboratoriya müdiri vəzifələrində çalışmışdır.

1992-ci ildən isə Elmi İstehsalat müəssisəsində Firmanın prezidenti (BEEEM) vəzifəsində işləyir.

Mehralı Bayramov institutda işlədiyi müddət ərzində 12 ixtiranın müəllifi olmuş, 5 ümumittifaq sərgisinin gümüş, bürünc medalını qazanmışdır. O, eyni zamanda 4 dissertasiya işinə rəhbərlik etmişdir.

Onun elmi və pedaqoji fəaliyyəti 100-ə qədər elmi əsərdə və bir neçə təklif və metodik göstərişdə öz əksini tapmışdır. 60-dan çox beynəlxalq, ittifaq və respublika səviyyəli konqres, konfrans və müşavirələrdə iştirak etmiş, elmi materiallar dərc etdirmişdir.

Copyright © 2003 Borchali