|
ELMLƏR NAMİZƏDLƏRİ
ÇORUK QƏMƏRLİ (BOLNİSİ) BÖLGƏSİ
[A] [B-E] [Ə] [F-İ]
[K-M] [M] [M-P] [R] [S] [Ş-T] [V-Z]
ƏZİZ NƏSİBOV
Əziz Hümbət oğlu Nəsibov 1922-ci ildə
Borçalı mahalının Bolus nümayəndəliyinin
(Bolnisi) Şəmşoy (Samsevrisi) kəndində anadan
olmuşdur. İbtidai və orta təhsilini həmin
rayonunun Kəpənəkçi kəndində almışdır. 1942-1945-ci
illərdə İkinci Dünya Müharibəsində iştirak
etmiş, Qafqazdan Berlinə qədər döyüş yolu
keçmişdir. Cəbhədə göstərdiyi şücaətlərə görə
"Qırmızı ulduz" ordeni və bir çox medallarla
təltif edilmişdir. 1949-cu ildə təhsilini davam
etdirmək məqsədi ilə Borçalı Türk Pedaqoji
Texnikumuna qəbul olunmuş və 1951-ci ildə oranı
fərqlənmə diplomu ilə bitirmişdir. Həmin ili o,
Azərbaycan Dövlət Universitetinin (indiki Bakı
Dövlət Universitetinin) tarix fakültəsinə daxil
olmuş və 1956-cı ildə oranı fərqlənmə diplomu ilə
bitirmişdir. 1956-cı ildə tə’yinatla Azərbaycan
Respublikasının Cəlilabad rayonuna müəllim
göndərilmişdir. 1962-ci ildə Bakıya köçərək
Yerli-Sənaye Texnikumunun axşam şö’bəsində
çalışmışdır. 1969-cu ildən Azərbaycan Dövlət Tibb
İnstitutunun siyasi-iqtisad kafedrasında baş
müəllim vəzifəsində çalışmışdır.
Həmin dövrdə Əziz Nəsibov bir
dərsliyin müəlliflərindən biri olmuşdur.
Əziz Nəsibov pedaqoji fəaliyyəti ilə
yanaşı həm də 3 iri həcmli monoqrafiyanın
həmmüəllifi olmuşdur.
Əziz Nəsibov 1969-cu ildən 1991-ci ilə
qədər həmin institutun siyasi-iqtisad
kafedrasında baş müəllim vəzifəsində
çalışmışdır. Əziz Nəsibov 1991-ci ildə Bakıda vəfat
etmişdir.
ƏLİ ƏLİZADƏ
Əli Mahmud oğlu Əlizadə 1933-cü ildə
Borçalı mahalının Bolus nümayəndəliyinin
(Bolnisi rayonu) Faxralı kəndində kəndli
ailəsində anadan olmuşdur.
1941-ci ildə Faxralı orta məktəbinin 1-ci
sinfinə daxil olmuş, 1952-ci ildə həmin məktəbi
bitirmişdir. 1952-ci ilin sentyabrından 1953-cü ilin
sentyabrınadək Faxralı orta məktəbində pioner
baş dəstə rəhbəri işləmişdir.
1953-cü ildə Azərbaycan Kənd Təsərrüfatı
İnstitutunun baytarlıq fakültəsinə daxil olmuş,
1958-ci ildə həmin institutu bitirmişdir.
1958-ci ilin avqust ayından 1962-ci ilin
sentyabrınadək Faxralı kəndindəki "Qələbə"
kolxozunda baş baytar həkimi işləmişdir.
1962-ci ilin sentyabrında istehsalatdan
ayrılmaqla mərhum professor Məhəmməd Əsəd oğlu
Mehtiyevin rəhbərliyi altında tədqiqat aparmış,
1965-ci ildə namizədlik dissertasiyası müdafiə
edərək biologiya elmləri namizədi elmi
dərəcəsinə layiq görülmüşdür.
1965-ci ilin sentyabrından Kənd
Təsərrüfatı Akademiyasında assistent, 1968-ci
ildən isə dosent olmuşdur. 1979-cu ildən 1984-cü
ilədək "yoluxmayan xəstəliklər və klinik
diaqnostika" kafedrasında müdir, 1984-cü ilin
sentyabrından 1987-ci ilin oktyabrınadək
institutunun hazırlıq şö’bəsində müdir, 1987-ci
ildən 1989-cu ilədək baytarlıq fakültəsinin dekanı
olmuşdur.
Hazırda "terapiya, klinik diaqnostika
və cərrahiyyə" kafedrasının müdiri işləyir. Əli
Əlizadə 60-a yaxın elmi əsərin, o cümlədən 5 dərs
vəsaitinin müəllifidir.
Əli Əlizadə 1965-ci ildən 2000-ci ilədək 20
ittifaq və respublika səviyyəli elmi
konfranslarda çıxış edib, məqalələr çap
etdirmişdir.
ƏLİ ƏLİYEV
Əli Bayram oğlu Əliyev 1923-cü il mayın
28-də Borçalı mahalının Bolus nümayəndəliyinin
(Bolnisi rayonu) Faxralı kəndində anadan
olmuşdur. 1941-ci ildə Faxralı orta məktəbini ə’la
qiymətlərlə bitirmiş, həmin il hərbi xidmətə
çağırılmışdır. 1943-cü ildə Hərbi Topçuluq
məktəbini bitirmiş, zabit rütbəsi almış və 1945-ci
ilədək İkinci Dünya müharibəsində faşistlərə
qarşı vuruşmuşdur.
Əli Əliyev 1945-ci ildən başlayaraq
Faxralı kəndindəki "Qələbə" kolxozunda mühasib
köməkçisi, baş mühasib, ilk partiya təşkilatının
katibi və kolxoz idarə hey’ətinin sədri
vəzifələrində çalışmışdır .
Əli Əliyev 1955-ci ildə Tbilisi Dövlət
Universitetinə (indiki TDU) daxil olmuş, 1960-cı
ildə bitirmişdir. Təhsilini Azərbaycan Kənd
Təsərrüfatı İnstitutunun (Gəncə şəhər)
aspiranturasında davam etdirmiş və "Azərbaycan
SSR-nin Şəki-Zaqatala zonasında ipəkçiliyin
müasir vəziyyəti və inkişaf prespektivləri"
mövzusunda namizədlik dissertasiyası yazmış və
1964-cü ildə həmin dissertasiyanı müdafiə edib
elmlər namizədi olmuşdur.
Əli Əliyev 1964-cü ildə Bolnisi rayon
Sovet İcraiyyə Komitəsinin sədri vəzifəsinə
irəli çəkilmiş, bu vəzifədə 1972-ci ilədək
işləmişdir. 1972-ci ildən ömrünün sonuna kimi
Bolnisi rayon Meliorasiya və Su Təsərrüfatı
İdarəsinə başçılıq etmişdir.
Əli Əliyev Qırmızı Əmək Bayrağı
ordeni, "Əməkdə fərqlənməyə görə", "İgidliyə
görə", "Stalinqrad müdafiəsi uğrunda",
"Alamaniya üzərində qəlbəyə görə" və s.
medallarla təltif edilmişdir.
Əli Əliyev 1945-ci ildən Sov.İKP-nın üzvü
olmuşdur. O, Gürcüstan KP MK üzvülüyünə namizəd
seçilmiş, dəfələrlə Bolnisi rayon partiya
komitəsinin üzvü və rayon sovetinin deputatı
olmuşdur. Əli Əliyevin elmi-pedaqoji fəaliyyəti
10 məqalədə öz əksini tapmışdr.
Əli Əliyev 1973-cü ildə vəfat etmişdir.
ƏLİ HACIYEV
Əli Vəli oğlu Hacıyev 1949-cu ildə
Bolnisi rayonunun Darvaz kəndində ziyalı
ailəsində anadan olmuşdur. 1966-cı ildə Darvaz orta
məktəbini ə’la qiymətlərlə bitirmişdir. Həmin
ildə Bakıda qəbul imtahanlarını müvəffəqiyyətlə
verib Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna
daxil olmuşdur. Ali məktəbi bitirdikdən sonra
aspiranturaya daxil olmuş, 1976-cı ildə namizədlik
dissertasiyası müdafiə edib iqtisad elmləri
namizədi elmi dərəcəsi almışdır. Elmi tədqiqatla
yanaşı pedaqoji fəaliyyətlə də məşğul olmuş,
Bədən Tərbiyəsi və Politexnik İnstitutlarında
iqtisadiyyat fənnindən dərs demişdir. Bir neçə
dərs vasaitinin və elmi məqalənin müəllifidir.
Hazırda İqtisad Universitetində
elmi-pedaqoji fəaliyyətini davam etdirir. Əli
Hacıyev elmi-pedaqoji fəaliyyəti ilə yanaşı, bir
neçə elmi konfransda iştirak edib, məqalələr çap
etdirmişdir. Əli Hacıyev 1980-ci ildən dosentdir.
Doktorluq dissertasiyasını tamamlamış və
müdafiə üçün təqdim etmişdir.
Əli Hacıyev 2001-ci ilin yanvarından
İqtisad Universitetində kafedra müdiri, may
ayından isə fakültə dekanıdır.
ƏLƏDDİN İMANOV
Ələddin Bayraməli oğlu İmanov 1938-ci
ildə Borçalı mahalının Bolus nümayəndəliyinin
(indiki Bolnisi rayonu) Faxralı kəndində anadan
olmuşdur. 1946-cı ildə Faxralı kənd orta məktəbinin
1-ci sinfinə getmiş, 1957-ci ildə isə həmin məktəbi
bitirmişdir. 1957-ci ildə Azərbaycan Dövlət
Universitetinin fizika fakültəsinə daxil olmuş,
1962-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə
bitirmişdir. Həmin ildə tə’yinatla Moskva
şəhərindəki Qapalı Ümumittifaq Elmi Tədqiqat
Elektromexanika institutuna göndərilmişdir. O,
burada elmi işlə məşğul olmuş, 1972-ci ildə
dissertasiya işini müdafiə edib,
fizika-riyaziyyat elmləri namizədi elmi
dərəcəsi almışdır.
Ələddin İmanov elmin və texnikanın elə
bir ixtisasına yiyələnmişdir ki, onun elmi
əsərləri də qapalı jurnal və elmi kitablarda
nəşr olunmuşdur. Onun işıq üzü görmüş əsərləri
əsasən Moskva şəhərinin qapalı materiallar
məcmuəsində çap olunmuşdur.
İşlədiyi bu müddətdə 4 ittifaq
əhəmiyyətli ixtiranın və müəlliflik
şəhadətnaməsinin müəllifi olmuşdur. O, bu
şəhadətnamələri 1970,1978, 1980 və 1981-ci illərdə
almışdır. Ələddin İmanovun ixtiraları SSRİ
Kosmik Tədqiqatlar sahəsində istifadə
edilmişdir.
Ələddin İmanov 1993-cü il yanvar ayında
Bakı şəhərində vəfat etmişdir.
ƏLƏDDİN MƏMMMƏDƏLİZADƏ
Ələddin Məcid oğlu Məmmədəlizadə 1945-ci
il avqust ayının 3-də Borçalının (keçmiş) Bolnisi
rayonunun Həsənxocalı kəndində ziyalı ailəsində
anadan olmuşdur. 1952-1955-ci illərdə Həsənxocalı
kənd ibtidai məktəbində, 1955-1963-cü illərdə isə
Bolnisi raoynunun Arıxlı kənd orta məktəbində
təhsil almışdır.
1963-1971-ci illərdə indiki Bakı Dövlət
Uinversitetinin geologiya fakültəsində
oxumuşdur.
1964-1967-ci illərdə ordu sıralarında
xidmətdə olmuşdur.
1971-ci ildə Azərbaycan SSR Elmlər
Akademiyasının Geologiya İnstitutunda əmək
fəaliyyətinə başlamışdır. O, əvvəlcə laborant,
baş laborant, sonra isə böyük elmi işçi
vəzifələrində işləmişdir.
1975-1979-cu illərdə Azərbaycan Elmlər
Akademiyasının Geologiya İnstitutunun
aspiranturasında təhsil almışdır.
1980-ci ildə namizədlik dissertasiyası
müdafiə edib, alimlik dərəcəsi almışdır.
Ələddin Məmmədəlizadə 40 elmi əsərin və
1 monoqrafiyanın müəllifidir. 1985-ci ildən 1990-cı
ilə qədər Qafqaz İdarələrarası Stratiqrafiya
komitəsinin elmi katibi vəzifəsində işləmişdir.
O, bir çox beynəlxalq və ümumittifaq
konfranslarının, simpozium və müşavirələrin
iştirakçısı olmuş və elmi məqalələr çap
etdirmişdir.
ƏLYAR NAMAZOV
Əlyar Dünyamalı oğlu Namazov 1953- cü il
yanvarın 29- da Bolnisi rayonunun Aşağı Güləver
kəndində anadan olmuşdur. Səkkizillik təhsilini
Aşağı Güləver kəndindəki məktəbdə almış, 1970- ci
ildə Darvaz orta məktəbini bitirmişdir.
Əlyar Namazov 1970-ci ildə Azərbaycan
Dövlət Universitetinin (indiki BDU) fizika
fakültəsinə daxil olmuş və 1975- ci ildə həmin
fakültəni bitirmişdir. 1975-1978-ci illərdə
tə’yinatla Cəlilabad rayonunun Privolnoye kənd
orta məktəbində müəllim işləmişdir.
1978-1990-cı illərdə Azərbaycan EA-nın
Fizika institutunda kiçik elmi işçi, elmi işçi
vəzifələrində işləmişdir.1986-cı ildə "Bə’zi
maqnit yarımkeçiricilərin maqnit və elektrik
xassələri" mövzusunda namizədlik
dissertasiyası müdafiə edib elmi dərəcə
almışdır.
Əlyar Namazov Azərbaycan Dövlət
Pedaqoji Universitetinin Şuşa filialı
yaradılarkən ixtisaslı kadrlara ehtiyac
olduğundan könüllü olaraq Şuşaya getmiş, 1990-1993-cü
illərdə həmin filialda işləmiş, bilavasitə onun
iştirakı ilə qısa müddətdə 4 tədris və bir
elmi-tədqiqat laboratoriyası yaradılmışdır.
1993-1995-ci illərdə Bakı Ali Hərbi
Dənizçilik Məktəbinin (BAHDM) "Elektrotexnika"
kafedrasında dosent vəzifəsində işləmiş, 1995-ci
ildə hərbi xidmətə çağırılaraq 1998-ci ilə qədər
"Elektrotexnika" kafedrasının rəis müavini və
rəisi vəzifələrində xidmət etmişdir. Hazırda
BAHDM-in "Gəminin quruluşu, davamlığı və
elektrik avadanlıqları" kafedrasının
dosentidir, kapitan rütbəsində hərbi xidmətini
davam etdirir. Elmi, pedaqoji və hərbi xidmətə
görə dəfələrlə məktəb komandanlığı tərəfindən
fəxri fərman və qiymətli hədiyyələrlə təltif
olunmuşdur.
Ölkəmizdə və xarici mətbuatda 35-dən
artıq elmi məqalələri çap olunmuşdur. "Zirehli
tank texnikasının (ZTR) elektrik avadanlıqları"
, "Elektrotexnikanın əsasları",
"Elektrotexnikanın əsaslarına dair metodiki
vəsait", "Gəmi elektrik maşınları və elektrik
intiqalları fənni üzrə laboratoriya işləri" və
"Gəmi elektrik enerji sistemləri"(I -hissə)
kitablarının müəllifidir.
"Gəmi avtomatik idarəetmə
sistemləri", "Gəmi elektrik mişınları və
elektrik intiqalları" və "Gəmi elektrik enerji
sistemlləri" (II - hissə) kitabları çapa hazırdır.
BAHDM-in "Elmi əsərlər" jurnalının
mə'sul katibidir.
Əlyar Namazov elmi-pedaqoji
fəaliyyətini davam etdirərək doktorluq
dissertasiyası üzərində işləyir.
ƏLLƏZ DAŞDƏMİROV
Əlləz İsa oğlu Daşdəmirov 1938-ci ildə
Borçalı mahalının Bolus rayonunun Saraclı
kəndində anadan olmuşdur. 1947-1958-ci illərdə kənd
orta məktəbində təhsil almışdır.
Saraclı orta məktəbinin ilk
mə’zunlarından olan Əlləz Daşdəmirov elə həmin
il indiki Azərbaycan Dövlət İqtisad
Universitetinə qəbul olunmuş və 1959-cu ildə həmin
Universiteti bitirmişdir.
1963-cü ildə universitetin
mühasib-iqtisadçı ixtisasını fərqlənmə diplomu
ilə bitirən Əlləz Daşdəmirov tə’yinatla Abşeron
raoynunun Zirə südçülük-tərəvəzçilik sovxozuna
baş mühasib vəzifəsinə göndərilmişdir. 11972-ci ilə
kimi əmək fəaliyətini burada davam etdirən Əlləz
Daşdəmirov elə həmin il Azərbaycan Elmi-Tədqiqat
Kənd Təsərrüfatının İqtisadiyyatı və təşkili
İnstitutunun aspiranturasının əyani şö’bəsinə
daxil olmuşdur.
1975-ci ildə "Sovxozlarda əsas
fondların təkrar istehsalı və onlardan
istifadənin iqtisadi faydalılığı" mövzusunda
dissertasiya müdafiə edərək iqtisad elmləri
namizədi-alimlik dərəcəsi almışdır. Həmin
institutda kiçik elmi işçi, baş elmi işçi və
şö’bə müdiri vəzifəsində çalışan Ə.Daşdəmirov
1984-cü ildə müsabiqə yolu ilə Azərbaycan Dövlət
Xalq Təsərrüfatı İnstitutunda dosent vəziyəsinə
seçilmiş, elmi işini və pedaqoji fəaliyyətini
davam etdirir.
Əlləz Daşdəmirov elmi-pedaqoji
fəaliyyəti 80-dən artıq elmi əsərdə, o cümlədən
"əsas fondların təkrar istehsalı", "Əsas
istehsal fondlarının normativləri" və
"İstehsalda itkilərə qarşı mübarizə
tədbirləri" (monoqrafiya, "Azərnəşr", 1982) adlı
kitablarda, həmçinin iki dərs vəsaitində öz
əksini tapmışdır.
ƏMİRXAN BABAŞOV
Əmirxan Mehralı oğlu Babaşov 1947-ci il
fevralın 5-də Bolnisi rayonunun Faxralı kəndində
kəndli ailəsində anadan olmuşdur.
1954-cü ildə Faxralı kənd orta
məktəbinin 1-ci sinfinə getmiş, 1965-ci ildə həmin
məktəbin XI sinfini bitirmiş, 1965-ci ildə
Azərbaycan Dövlət Universitetinin iqtisad
fakültəsinə daxil olmuş, 1966-cı ildə iqtisad
fakültəsi yeni təşkil edilmiş Azərbaycan Xalq
Təsərrüfatı İnstitutuna verilmiş və 1969-cu ildə
həmin institutun Əmtəəşünaslıq və ticarətin
təşkili fakültəsini Fərqlənmə diplomu ilə
bitirmişdir. Gənc mütəxəssis kimi bir müddət
Ticarət Nazirliyi sistemində işləmiş, 1969-cu ilin
oktyabr ayından 1971-ci ilin may ayına kimi
Azərbaycan SSR Dövlət Plan Komitəsi nəzdində
Elmi-Tədqiqat İqtisad İnstitutunda (ETİİ) kiçik
elmi işçi vəzifəsində çalışmışdır. 1971-ci ilin may
ayından 1972-ci ilin may ayına kimi hərbi xidmətdə
olmuşdur.
1972-1975-ci illərdə əvvəlcə Bakı
şəhərində, sonra isə Moskva şəhərində SSRİ
Dövlət Plan Komitəsi yanında İqtisadiyyat
Elmi-Tədqiqat İnstitutunda əyani aspiranturada
oxumuş, "Azərbaycan SSR əhalinin sosial
qruplarının həyat səviyyəsinin
yaxşılaşdırılması problemləri (iqtisadi təhlil
və planlaşdırma məsələləri)" mövzusunda
namizədlik dissertasiyasını müdafiə etmiş,
iqtisad elmləri namizədi elmi dərəcəsi almışdır.
1975-ci ilin noyabrından 1994-cü ilin may
ayına kimi Azərbaycan Respublikası İqtisadiyyat
Nazirliyinin ETİİ-də kiçik elmi işçi
vəzifəsindən şö’bə müdiri vəzifəsinədək
yüksəlmiş, 1994-cü ilin may ayından Azərbaycan
Respublikası Milli Məclisinin İqtisadi
qanunvericilik şö’bəsində baş məsləhətçi
vəzifəsində çalışır. Bazar iqtisadiyyatının
tələblərinə uyğun iqtisadi qanunvericilik
bazasının yaradılmasında fəal iştirak edir.
Əmirxan Babaşov "1976-1990-cı illərdə
Azərbaycan SSR-də məhsuldar qüvvələrin inkişafı
və yerləşdirilməsinin əsas istiqamətləri"
(Bakı, 1978), "2000-ci ilə qədər Azərbaycan SSR-nin
məhsuldar qüvvələrinin inkişafı və
yerləşdirilməsi sxemi" (Bakı, 1982), "1985-2005-ci
illərdə Azərbaycan SSR-də elmi-texniki
tərəqqinin Kompleks Proqramı" (Moskva, 1983),
"1991-2010-cu illərdə SSRİ-də elmi-texniki
tərəqqinin Kompleks Proqramı (Regional bölmə)"
(Moskva, 1989) fundamental sənədlərin
müəlliflərindən biri olmuşdur.
Ə. Babaşov Bakı, Moskva, Kiyev, Minsk,
Tbilisi və digər şəhərlərdə keçirilən simpozium
və konfranslarda elmi məruzələrlə çıxış etmiş və
həmin şəhərlərdə 50-dən çox elmi əsəri çap
olunmuşdur. O, 3 kitabçanın və 20-yə qədər elmi
məqalənin müəllifidir. O, "İqtisadiyyat və
həyat" jurnalında və bir çox kitabların
nəşrində elmi redaktor olmuşdur.
Ə. Babaşov elmi və qanunvericilik
bazasının yaradılması ilə yanaşı Neft
Akademiyasında, İnşaat Mühəndisləri
Universitetində, Əmtəəşünaslıq-Kommersiya
İnstitutunda, Təfəkkür Universitetində
iqtisadçı bakalavr və magistrantlara iqtisad
elminin aktual problemlərindən mühazirə oxuyur,
elmi işçi, aspirant və magistrantlara elmi
rəhbərlik edir.
ƏMİRXAN ƏSGƏROV
Əmirxan Qurban oğlu Əsgərov 1935-ci il
noyabrın 11-də Borçalı mahalının Bolus
nümayəndəliyinin Qoçulu kəndində anadan
olmuşdur. 1943-1944-cü tədris ilində Qoçulu 8 illik
məktəbinə daxil olmuş, İmirhəsən orta məktəbini
bitirmişdir. 1955-1958-ci illərdə hərbi xidmətdə
olmuşdur. 1962-1963-cü tədris ilində Azərbaycan
Dövlət Universitetinin iqtisad fakültəsinə
daxil olmuş, 1967-ci ildə Xalq Təsərrüfatı
İnstitutunu (indiki ADİU) bitirmişdir. 1965-1983-cü
illərdə Maliyyə Nazirliyində məsul vəzifədə
işləmişdir. 1987-ci ildə "Plan göstəriciləri
sisteminin təkmilləşdirilməsi yolları"
mövzusunda dissertasiya müdafiə edərək elmi
dərəcə almışdır. Əmirxan Əsgərovun elm sahəsində
və praktikada gördüyü işlər 17 elmi əsərdə öz
əksini tapmışdır. O, dəfələrlə istər elmi və
istərsə də təcrübi əməyinin məhsuluna dair
respublikanın mötəbər konfranslarında və
nazirliyin kollegiyasında çıxış edib, məqalələr
dərc etdirmişdir.
Əmirxan Əsgərov hazırda Azərbaycan
Respublikası Maliyyə Nazirliyində əmək
fəaliyyətini davam etdirir.
ƏMİRASLAN ƏLİYEV
Əmiraslan İbrahim oğlu Əliyev 1949-cu il
fevralın 5-də Bolnisi rayonunun Saraclı kəndində
anadan olmuşdur. 1966-cı ildə orta məktəbi gümüş
medalla bitirmiş, Azərbaycan Politexnik
İnstitutunun elektron hesablama maşınları
fakültəsinə daxil olmuşdur. 1971-ci ildə institutu
fərqlənmə diplomu ilə bitirmiş və 2 il Leninqrad
şəhərində (indiki Sank-Peterburq) Ümumittifaq
Elmi-Tədqiqat Radio Cihazları İnstitutunda
mühəndis vəzifəsində işləmişdir.
1973-cü ildə Bakıya qayıtmış, Azərbaycan
Elmlər Akademiyasının Kibernetika İnstitutunda
işə qəbul edilmiş və dərinlik ştanqlı neft
nasoslarının işini diaqnostika etmək üçün
metodların və xüsusiləşdirilmiş hesablama
qurğularının yaradılması məsələləri ilə məşğul
olmuşdur.
1975-ci ildə EA-nın Kibernetika
institutun aspiranturasına daxil olmuş və
"Dərinlik neft quyularının idarə edilməsi və
diaqnostikasının təkmilləşdirilməsi"
mövzusunda dissertasiya işi yazaraq 1982-ci ildə
Moskvada Ümumittifaq Elmi-Tədqiqat Neft
İnstitutunda namizədlik dissertasiyası müdafiə
etmişdir.
1993-cü ilin iyul ayında Elmlər
Akademiyasının Avtomatlaşdırılmış İdarəetmə
Sistemləri (AİS) şö’bəsinin layihə baş mühəndisi
vəzifəsinə keçirilmiş və həmin ilin noyabr
ayında laboratoriya müdiri təyin edilmişdir. AİS
şö’bəsinə işə keçəndən sonra Əmiraslan Əliyev
çoxmaşınlı hesablama komplekslərinin
yaradılması, EHM-lər arasında informasiya
mübadiləsi təşkili məsələləri ilə məşğul
olmuşdur. 1985-ci ildən başlayaraq Elmlər
Akademiyası və Dövlət Plan Komitəsi üçün lokal
Akademiya şəbəkəsinin, Avropa Elmi-Tədqiqat və
Akademiya İnstitutları şəbəkəsinin (EARM)
Azərbaycan qovşağının yaradılması ilə məşğul
olmuşdur. 1993-cü ildən Əmiraslan Əliyev
Beynəlxalq INTERNET şəbəkəsində Azərbaycan
qovşağının yaradılması, beynəlxalq qovşağın
genişləndirilməsi və onun respublikada
infrastrukturunun yaradılması ilə məşğul olan
şö’bəyə rəhbərlik edir.
Ə. Əliyev 22 elmi məqalənin və 9
ixtiranın müəllifidir. Bunların çox hissəsi
keçmiş ümumittifaq və beynəlxalq elmi mətbuatda
dərc edilmişdir.
Ə. Əliyev həm də pedaqoji fəaliyyətlə
məşğul olur. O, 1980-ci ildən bu günə kimi
Azərbaycan Texniki Universitetinin Elektron
Hesablama Maşınları kafedrasının dosentidir.
ƏNVƏR ƏLLƏZOV
Ənvər Əli oğlu Əlləzov 1945-ci ildə
Bolnisi rayonunun Qoşakilsə kəndində ziyalı
ailəsində anadan olmuşdur. 1962-ci ildə Faxralı
orta məktəbini bitirdikdən sonra Azərbaycan
Dövlət Universitetinin mexanika-riyaziyyat
fakültəsinə daxil olmuşdur. 1964-1967-ci illərdə
hərbi xidmətdə olmuşdur. 1970-ci ildə ali təhsilini
başa vurmuş və həmin ildən Azərbaycan EA-nın
Kibernetika institutunda və Respublikanın digər
institut və müəssisələrində əmək fəaliyyətini
davam etdirmişdir. 1980-ci ildə Moskva Polad və
ərintilər institutunun kibernetika
kafedrasında avtomatlaşdırılmış idarəetmə
sistemləri ixtisası üzrə əyani aspiranturaya
qəbul olmuş, 1984-cü ildə namizədlik
dissertasiyası müdafiə etmişdir. 20-ə yaxın elmi
məqalənin müəllifidir. Şahmat üzrə birinci
dərəcə, sambo güləşi üzrə idman ustalığına
namizədlik normasını yerinə yetirmişdir. Ənvər
Əlləzovun elmi və pedaqoji fəaliyyəti 15 elmi
əsərdə öz əksini tapmışdır. O, 7 elmi konfransda
çıxış edib, materiallar çap etdirmişdir.
Hal-hazırda Gəncə elm-istehsalat birliyində baş
direktor vəzifəsində çalışır və paralel olaraq
elmi-pedaqoji fəaliyyətini davam etdirir.
ƏNVƏR ŞABANOV
Ənvər Hüseyn oğlu Şabanov 1940-cı ildə
Bolnisi rayonunun Dəmirli kəndində anadan
olmuşdur.
1947-ci ildə Dəmirli ibtidai məktəbinin
birinci sinfinə getmiş, Aşağı Güləvər kənd
səkkizillik məktəbini, 1958-ci ildə isə Darvaz kənd
orta məktəbini bitirmişdir. Dörd ilə yaxın
kolxozda işləmiş, 1962-ci ildə isə Azərbaycan
Dövlət Tibb İnstitutunun (indiki ADTU-nun)
sanitar gigiyena fakültəsinə daxil olmuş, 1968-ci
ildə həmin fakültəni bitirmişdir.
1968-ci ildə tə’yinatla Xaçmaz rayon
xəsiəxanasında, sonra isə Sumqayıt şəhər
xəstəxanasında həkim kimi fəaliyyət
göstərmişdir.
1969-1970-ci illərdə Bakı şəhər Tə’cili
Tibbi Yardım stansiyasında həkim işləmişdir.
1970-ci illərin axırlarında Tibb Universitetinin
Histologiya kafedrasında assistent, sonra isə
baş müəllim işləmişdir. 1990-cı ildə dissertasiya
müdafiə edib tibb elmləri namizədi elmi dərəcəsi
almışdır.
Ənvər Şabanovun elmi və pedaqoji
fəaliyyəti 20 elmi əsərdə və 1 metodik göstərişdə
öz əksini tapmışdır. O bu müddət ərzində 5 keçmiş
ittifaq və respublika səviyyəli konfranslarda
çıxış edib elmi məqalələr çap etdirmişdir.
Ənvər Şabanov hal-hazırda Azərbaycan
Tibb Universitetinin Histologiya kafedrasında
baş müəllim vəzifəsində öz elmi və pedaqoji
fəaliyyətini davam etdirir.
ƏFƏNDİ NƏSİBOV
Əfəndi Nəsib oğlu Nəsibov 1962-ci ildə
Bolnisi rayonunun İmirhəsən kəndində müəllim
ailəsində anadan olmuşdur. 1978-ci ildə ADU-nin
tətbiqi riyaziyyat fakültəsinə qəbul
olunmuşdur. 1983-cü ildə həmin Universiteti
fərqlənmə diplomu ilə bitirmiş, fakültə elmi
şurasının zəmanəti əsasında Azərbaycan EA
Kibernetika İnstitutunun əyani aspiranturasına
qəbul olunmuş və elmi işlərini davam etdirmək
üçün Moskvaya SSRİ EA Mərkəzi İqtisadi
Riyaziyyat İnstitutuna e’zam olunmuşdur. 1987-ci
ildə riyazi kibernetika istiqaməti üzrə "Bə’zi
sinif qeyri səlis riyazi proqramlaşdırma
məsələlərinin tədqiqi və onların həll
alqoritmlərinin qurulması" mövzusunda
namizədlik dissertasiyası müdafiə edib
fizika-riyaziyyat elmləri namizədi elmi
dərəcəsi almışdır. Əmək fəaliyyətinə Azərbaycan
EA Kibernetika İnstitutunda elmi işçi kimi
başlayaraq, müxtəlif illərdə "Azərbsutikinti"
Konsernində şö’bə müdiri, Azərbaycan
Respublikası Təhsil Nazirliyində "Təhsil
sisteminin inkişafı və proqnozlaşdırılması
problemləri üzrə elmi-tədqiqat
laboratoriyası"nın müdiri kimi mə’sul
vəzifələrdə çalışmışdır. Bütün bu işlərlə yanaşı
1987-ci ildən Azərbaycan Dövlət Neft
Akademiyasının dosenti olmuşdur. Hal-hazırda
Azərbaycan EA Kibernetika İnstitutunda "Qeyri
səlis informasiya şəraitində qərar qəbul etmə
məsələləri" laboratoriyasının müdiri, Bakı
Dövlət Universitetinin dosentidir.
Əsası dahi Amerikan alimi, əslən
azərbaycanlı olan Lütfi Zadə tərəfindən
qoyulmuş "Qeyri səlis çoxluqlar"
nəzəriyyəsinin Azərbaycanda ilk
tədqiqatçılarından biri Əfəndi Nəsibovdur. Hələ
1983-cü ildən bu nəzəriyyə ilə məşğul olan alim
indi də Rusiyada, Amerika, İsrail, Türkiyə və bir
sıra digər ölkələrdə bu sahədə çalışan tanınmış
alimlərlə sıx əməkdaşlıq edir. Hal-hazırda bu
sahədə "Qərar qəbul etmə məsələlərində qeyri
səlis informasiyanın işlənməsinin
dekompozisyon üsulları" mövzusunda doktorluq
dissertasiyasını tamamlamışdır. Əfəndi Nəsibov
öz fəaliyyətinə görə Lütfi Zadə adına Beynəlxalq
Müasir Elmlər Akademiyasının akademiki
seçilmişdir.
Yuxarıda deyilənlərlə yanaşı Əfəndi
Nəsibov Azərbaycanda təhsil sisteminin
informatlaşdırılması və kompüter
texnologiyasının tətbiqi sahəsində tanınmış
mütəxəsislərdəndir və bir müddət nəşr olunmuş
"Kompüter" adlı elmi-kütləvi jurnalın
yaradıcısı və baş elmi məsləhətçisi olmuşdur.
Əfəndi Nəsibov 50-yə qədər elmi məqalənin, bir
neçə monoqrafiya və dərsliklərin müəllifidir.
ƏFLATUN ORUCOV
Əflatun Nəbi oğlu Orucov 1935-ci il may
15-də Bolnisi rayonunun Molla-Əhmədli kəndində
kəndli ailəsində anadan olmuşdur. 1942-ci ildə
ibtidai sinfə getmiş, 1956-cı ildə həmin rayonun
Arıxlı orta məktəbini bitirmişdir. 1959-1961-ci
illərdə hərbidə xidmət etmişdir. 1962-ci ildə
Azərbaycan Politexnik institutuna daxil olmuş,
1967-ci ildə "Tikiş mə’mulatlarının
texnologiyası" ixtisasını bitirib,
mühəndis-texnoloq diplomu almışdır. 1968-ci ildən
1978-ci ilə qədər Azərbaycan Politexnik
institutunda baş laborant, sonra assistent
işləmişdir.
1978-ci ildən 1984-cü ilin yanvar ayına
kimi Bakı 1 saylı Tikiş Fabrikində baş mühəndis
vəzifəsində işləmişdir.
1984-cü ildə müsabiqə yolu ilə
Azərbaycan Texnologiya İnstitutunda assistent
vəzifəsinə qəbul olunmuş, 1989-cu ildən müsabiqə
yolu ilə baş müəllim vəzifəsinə seçilmişdir.
1996-cı ildən yenidən müsabiqə yolu ilə
Bakı Dövlət Əmtəəşünaslıq-Kommersiya
İnstitutunda dizayn kafedrasının baş müəllimi
seçilmişdir.
2000-ci ildən bu vaxta qədər Azərbaycan
Dövlət İqtisad Universitetində dizayn
kafedrasında baş müəllim vəzifəsini icra edir.
Əflatun Orucovun elmi və pedaqoji
fəaliyyəti 50 elmi əsərdə, o cümlədən 5 dərs
vəsaiti, 2 metodiki göstəriş və 2 proqramda öz
əksini tapmışdır. Əflatun Orucov 20 elmi-pedaqoji
konfranslarda iştirak edib, elmi məqalələr çap
etdirmişdir.
Hal-hazırda Azərbaycan Dövlət İqtisad
Universitetində dosent kimi fəaliyyət göstərir.
ƏHMƏD ƏHMƏDOV
Əhməd Qulu oğlu Əhmədov 1938-ci il mayın
5-də Borçalı mahalının Bolus nümayəndəliyinin
(Bolnisi rayonu) Saraclı kəndində anadan
olmuşdur. 1946-cı ildə Saraclı orta məktəbinin
birinci sinfinə getmiş, 1957-ci ildə həmin məktəbi
bitirmişdir. 1960-cı ildə ordu sıralarında
olmuşdur. 1963-cü ildə Azərbaycan Dövlət Kənd
Təsərrüfatı Akademiyasının Baytarlıq
fakültəsinə daxil olmuş, 1968-ci ildə həmin
fakültəni bitirmişdir. 1969-cu ildə aspiranturaya
daxil olmuş, 1974-cü ildə "Azərbaycan şəraitində
inək və camışlarda hövrə gəlmənin tənzimi"
mövzusunda namizədlik dissertasiyası müdafiə
etmişdir. Əhməd Əhmədovun pedaqoji fəaliyyəti
30-dan artıq elmi əsərdə öz əksini tapmışdır. 2
monoqrafiyanın müəllifidir.
Hazırda Azərbaycan Dövlət Kənd
Təsərrüfatı Akadmiyasının baytarlıq
fakültəsinin farmokologiya, anatomiya və
mamalıq kafedrasında dosent vəzifəsində
işləyir. 10-a qədər respublika səviyyəli
konfranslarda çıxış edib, material dərc
etdirmişdir.
ƏHMƏD CƏFƏROV
Əhməd Süleyman oğlu Cəfərov 1937-ci ildə
Borçalı mahalının Bolus nümayəndəliyinin
Babakişilər (Musopriani) kəndində anadan
olmuşdur. 1943-cü ildə 1-ci sinfə getmiş, 1954-cü ildə
orta məktəbi bitirmişdir.
1954-1958-ci illərdə Azərbaycan Dövlət
Xalq Təsərrüfatı İnstitutunun (indiki ADİU-nun)
mühasibat uçotu fakültəsində oxumuşdur. Əhməd
Cəfərov əmək fəaliyyətinə 1958-ci ildə
Respublikanın Həmkarlar Komitəsində təlimatçı
kimi başlamışdır. 1961-ci ildə Universitetin
mühasibat uçotu kafedrasında müəllim
işləmişdir. 1966-cı ildən Azərbaycan Dövlət Xalq
Təsərrüfatı İnstitutunun mühasibat uçotu və
təhlil kafedrasında müəllim işləmişdir.
1969-cu ildə dissertasiya müdafiə edib,
elmi dərəcə almışdır. 1972-ci ildə kafedranın
dosenti seçilmişdir. 1967-ci ildən iqtisadiyyatın
uçotu fakültəsinin axşam və qiyabi şö’bəsinin
dekanı, 1968-ci ildən isə sənayenin iqtisadiyyatı
fakültəsində dekan müavini işləmişdir. 1969-cu
ildən iqtisadiyyatın uçotu fakültəsinin dekan
müavini tə’yin olunmuşdur. 1970-ci ildən iqtisadi
uçot fakültəsinin dekanı vəzifəsində
çalışmışdır.
Əhməd Cəfərovun elmi və pedaqoji
fəaliyyəti 40-a yaxın elmi məqalədə öz əksini
tapmışdır.
Əhməd Süleyman oğlu Cəfərov 1992-ci ildə
vəfat etmişdir.
|