|
ELMLƏR NAMİZƏDLƏRİ
ÇORUK QƏMƏRLİ (BOLNİSİ) BÖLGƏSİ
[A] [B-E] [Ə] [F-İ]
[K-M] [M] [M-P] [R] [S] [Ş-T] [V-Z]
BAYRAM ƏFƏNDİYEV
Bayram Rüstəm oğlu Əfəndiyev 1933-cü
ildə Borçalının Bolus rayonunun (indiki Bolnisi)
Aşağı Qoşakilsə kəndində kolxozçu ailəsində
anadan olmuşdur. 1941-ci ildə doğma kəndinin 8 illik
məktəbində oxumuş, 1949-cu ildə Arıxlı orta
məktəbində təhsilini davam etdirmiş və 1952-ci
ildə orta məktəbi müvəffəqiyyətlə bitirmişdir.
1952-ci ildə Azərbaycan Dövlət Universitetinin
fizika-riyaziyyat fakültəsinə daxil olmuş, 1957-ci
ildə isə həmin fakültəni başa vurmuşdur.
1957-1960-cı illərdə Gürcüstanın Bolnisi
rayonunda Kənd Təsərrüfatı Texnikumunda və eyni
zamanda orta məktəbdə öz ixtisası üzrə müəllim
işləmişdir. 1960-cı ilin noyabr ayında Azərbaycan
Pedaqoji İnstitutnun aspiranturasına qəbul
olmuş və eyni zamanda Politexnik İnstitutunun
ali riyaziyyat kafedrasında müəllim işləmişdir.
1965-ci ildə namizədlik dissertasiyası müdafiə
etmişdir. 1966-cı ildə Politexnik İnstitutunun ali
riyaziyyat kafedrasına dosent seçilmişdir. 1977-ci
ildə Ümumittifaq Elmi Tədqiqat İnstitutunda
elmi işçi kimi fəaliyyət göstərmişdir. 1991-ci
ildən Bakı Dövlət Universitetinin
nəzəri-mexanika kafedrasında işləmiş, 1993-cü
ildən isə həmin universitetdə ali riyaziyyat
metodikası və onun tədrisi kafedrasında dosent
kimi çalışmışdır. 1995-ci ildən Elm və Təhsil
Mərkəzi "Təfəkkür" Universitetinin ali
riyaziyyat kafedrasında müdir, eyni zamanda Bakı
Dövlət Universitetində riyaziyyat və onun
tədrisi metodikası, cəbr və topologiya
kafedrasının professoru işləməklə yanaşı
müntəzəm elmi axtarışlarını davam etdirmişdir.
Bayram Əfəndiyevin elmi və pedaqoji
fəaliyyətinin təzahürü kimi qeyd olunmalıdır ki,
işlədiyi müddət ərzində 50-ə yaxın aspirant və
dissertantlara elmi məsləhətlər vermiş,
rəhbərlik etmişdir.
BAYRAM HƏNDƏMOV
Bayram Həndəm oğlu Həndəmov 1958-ci ildə
Bolnisi rayonunun Arakol kəndində anadan
olmuşdur.
1975-ci ildə Tbilisi şəhrində orta
məktəbi bitirmiş və elə həmin il Rusiyanın
Novosibirsk şəhrindəki Tibb İnstitutuna daxil
olmuşdur. 1981-ci ildə həmin institutu bitirmiş və
Kurqan şəhərində cərrahiyyə üzrə internatura
keçmiş, 1988-ci ilədək burada cərrah-ordinator
işləmişdir.
1988-ci ildə Gürcüstana qayıtmış,
Bolnisi rayonundakı Kazreti qəsəbəsindəki
xəstəxanada cərrah işləmişdir.
Bayram Həndəmov 1992-ci ildən Bakıda
"Azərsutikinti" xəstəxanasında baş ordinator
işləyir.
Moskva, Tümen və Novokuznetsk
şəhərlərində cərrahlıq üzrə ixtisas kurslarında
olmuşdur.
Bayram Həndəmov praktik cərrah
işləməklə yanaşı elmi tədqiqat işlərilə də
məşğul olur. Tədqiqatldarı əsasən mə’də yarası
xəstəliklərinə həsr olunmuş və bu sahədə
dissertasiya müdafiə etmişdir. Tibb elmləri
namizədidir.
12 elmi əsərin müəllifidir. Bir sıra
elmi konfransların iştirakçısı olmuşdur.
BAHƏDDİN NƏBİYEV
Bahəddin Alı oğlu Nəbiyev 1948-ci ildə
Bolnisi rayonunun Faxralı kəndində anadan
olmuşdur. O, 1955-ci ildə Faxralı orta məktəbinin
birinci sinfinə getmiş və 1966-cı ildə həmin
məktəbi bitirmişdir. Bahəddin Nəbiyev 1966-cı ildə
Azərbaycan Dövlət Universitetinin (indiki
BDU-nun) Kimya fakültəsinə daxil olmuş və 1972-ci
ildə həmin Universiteti fərqlənmə diplomu ilə
bitirmişdir. Bahəddin Nəbiyev bir il Əli
Bayramlı şəhərində 5 saylı orta məktəbdə kimya
müəllimi işləmişdir. O, 1972-ci ildə Azərbaycan
Respublikası EA Qeyri Üzvi və Fiziki Kimya
İnstitutunda aspiranturaya daxil olmuş və
keçmiş SSRİ-nin N.D.Zelinski adına Üzvi Kimya
İnstitutuna (Moskva şəhəri) elmi e’zamiyyətə
göndərilmişdir. Bahəddin Nəbiyev 1976-cı ildə
həmin İnstitutda namizədlik dissertasiyası
müdafiə etmiş və kimya elmləri namizədi elmi
dərəcəsi almışdır. Bahəddin Nəbiyev 1976-1978-ci
illərdə Azərbaycan Respublikası EA Qeyri-Üzvi və
Fiziki Kimya İnstitutunda mühəndis və kiçik elmi
işçi vəzifəsində işləmişdir. O, 1978-ci ildən
indiki Azərbaycan Dövlət Kənd Təsərrüfatı
Akademiyasının kimya kafedrasında dosent
vəzifəsində işləyir. Bahəddin Nəbiyev 50-dən çox
elmi və elmi metodik məqalələrin və dərs
vəsaitinin müəllifidir. Ali məktəblərə daxil
olanlar üçün çox faydalı olan "Kimya"
dərsliyini nəşr etdirmişdir.
Bahədddin Nəbiyev 10-dan çox ittifaq və
respublika səviyyəli konfranslarda çıxış edib
materiallar çap etdirmişdir.
BƏXTİYAR ƏLİYEV
Bəxtiyar Mustafa oğlu Əliyev Şahbuz
şəhərində anadan olmuş, orta təhsilini 1963-1973-cü
illərdə Goranboy və Gəncə şəhərlərində almışdır.
Bəxtiyar Əliyevin valideyinləri
Borçalının Saraclı kəndindəndir.
1974-cü ildə Gəncə Kənd Təsərrüfatı
İnstitutunun mexanizasiya fakültəsinə daxil
olmuş, 1979-cu ildə Göyçay şəhərinə tə’yinat almış
və üç il öz ixtisası üzrə işləmişdir.
1982-ci ildə Moskvada Ümumittifaq
Mexanizasiya İnstitutunun aspiranturasına
daxil olmuş, 1985-ci ildə elmi işini
müvəffəqiyyətlə müdafiə edib texnika elmləri
namzədi elmi dərəcəsi almışdır.
Onun elmi və pedaqoji fəaliyyəti 15
elmi əsərdə öz əksini tapmışdır.
Bəxtiyar Əliyev dəfələrlə ittifaq və
respublika səviyyəli konfranslarda çıxış etmiş
və məqalələr çap etdirmişdir.
Hazırda Moskva şəhrində yaşayan
Bəxtiyar Əliyev Azərbaycan Kənd Təsərrüfatı
Nazirliyinin Moskvadakı nümayəndəsidir.
BƏHMƏN NAZIYEV
Bəhmən İlyas oğlu Nazıyev 1956-cı il
avqustun 11-də Bolnisi rayonunun Saraclı kəndində
anadan olmuşdur.
1963-cü ildə Saraclı kənd orta
məktəbinin 1-ci sinfinə getmiş, 1973-cü ildə həmin
məktəbi bitirmişdir.
1973-cü ildə indiki Bakı Dövlət
Universitetinin tarix fakültəsində müsabiqədən
keçməmişdir. Bir il Sumqayıt şəhərində Sintetik
Kauçuk Zavodunda fəhlə işləmiş və 1974-cü ildə
BDU-nun jurnalistika fakültəsinə qəbul
imtahanları vermiş, lakin müsabiqədən
keçməmişdir. 1974-1976-cı illərdə əsgəri xidmətdə
olmuşdur. Hərbidən tərxis olunduqdan sonra üç
(1976-1979) il Sumqayıt Kimya zavodunda fəhlə
işləmişdir.
1979-cu ildə BDU-nun hüquq fakültəsinə
daxil olmuş və 1985-ci ildə həmin fakültəni başa
vurmuşdur.
1986-cı ildə Azərbaycan Respublikasının
prokurorluq orqanlarında əmək fəaliyyətinə
başlamışdır.
1986-1990-cı illərdə Bakı nəqliyyat
prokurorluğunda köməkçi vəzifəsini icra
etmişdir. Respublika prokurorluğunun sərəncamı
əsasında iki il (1990-1992) Ağdam rayon
prokurorluğunda prokurorun köməkçisi
işləmişdir.
1992-1995-ci illərdə Masallı rayon
prokurorunun köməkçisi işləmişdir.
1996-2000-ci illərdə BDU-nun hüquq
fakültəsinin kriminallaşdırmanın nəzəri
problemləri kafedrasının dissertantı olmuş və
2000-ci ildə namizədlik dissertasiyası müdafiə
edib, hüquq elmləri namizədi elmi dərəcəsi
almışdır.
Bəhmən Nazıyev bir müddət Nizami rayon
prokurorunun köməkçisi, sonra isə Bakı şəhəri
prokurorluğunda "Cinayət işləri üzrə məhkəmə
qərarlarının qanuniliyinə nəzarət" şö’bəsinin
rəis əvəzi və həmin şö’bənin prokuroru
vəzifələrində işləmişdir.
1997-ci ilin avqustundan Xətai rayon
prokurorluğunda baş müstəntiq, hazırda isə Xətai
rayon prokurorunun köməkçisi vəzifəsini icra
edir.
Bəhmən Nazıyevin elmi və əmək
fəaliyyəti 12 elmi əsərdə və
"Kriminallaşdırmanın nəzəri problemləri" (1998)
kitabında öz əksini tapmışdır. Bəhmən Nazıyev
əmək fəaliyyəti ilə yanaşı elmi işini də davam
etdirir. O, doktorluq dissertasiyasını
tamamlamaq üzrədir.
BİNNƏT BAYRAMOV
Binnət Yunus oğlu Bayramov 1942-ci il
noyabrın 15-də Borçalı mahalının Bolnisi
rayonunun Saraclı kəndində anadan olmuşdur.
1960-cı ildə kənd orta məktəbini gümüş medalla
bitirmişdir. Elə həmin il də Azərbaycan
Politexnik İnstitutuna daxil olmuşdur. Ali
təhsilini 1965-ci ildə fərqlənmə diplomu ilə başa
vurduqdan sonra Ümumittifaq Neft-Maşınqayırma
Layihə-Texniki Elmi-Tədqiqat İnstitutuna
tə’yinat almışdır.
1967-ci ilə kimi mühəndis vəzifəsində
işləyən B.Bayramov elə həmin il ordu sıralarına
çağırılmışdır.
1968-ci ildə əsgəri xidmətdən tərxis
olunduqdan sonra Azərbaycan Politexnik
İnstitutunda "Maşınqayırmanın texnologiyası"
ixtisası üzrə aspiranturanın əyani şö’bəsinə
daxil olmuşdur.
1971-ci ildən həmin kafedranın assisenti
vəzifəsinə tə’yin olunan Binnət Bayramov 1976-cı
ildə "Qıfıl yivli birləşmələrin hesablanma
dəqiqliyini tə’min edən şərtlərin tədqiqi"
mövzusunda dissertasiya müdafiə etmiş, texnika
elmləri namizədi elmi dərəcəsi almışdır.
Neft və qaz sənayesində geniş tətbiq
olunan bu dissertasiya o zaman müdafiə olunan ən
yaxşı işlərdən biri hesab olunmuşdur.
1979-cu ildə baş müəllim vəzifəsinə
tə’yin edilmiş, sonra fakültə dekanının müavini
işləmişdir. 1980-ci ildən pedaqoji fəaliyyətini
dosent vəzifəsində davam etdirən B.Bayramov
1982-1986-cı illərdə Afrikada-Tunisin Milli
Mühəndislər İnstitutunda çalışmışdır.
1986-cı ildə yenidən vətənə qayıtdıqdan
sonra elmi-pedaqoji fəaliyyətini Az.Pİ-də davam
etdirmişdir. 100-ə qədər elmi əsəri, bir neçə dərs
vəsaiti var. "maşınqayırma texnologiyası" (1995)
dərsliyinin müəlliflərindən biridir.
Binnət Bayramov uzun sürən
xəstəlikdən sonra 1997-ci ildə vəfat etmiş, Bakı
şəhərində Xırdalan qəbristanlığında dəfn
olunmuşdur.
BULUD SADIQOV
Bulud Cahangir oğlu Sadıqov 1962-ci ildə
Bolnisi rayonunun Saraclı kəndində anadan
olmuşdur. 1969-1979-cu illərdə Saraclı orta
məktəbində oxumuş, orta təhsilini başa vurduqdan
sonra elə həmin ildə Azərbaycan Kənd Təsərrüfatı
İnstitutunun kənd təsərrüfatının iqtisadiyyatı
və təşkili fakültəsinin mühasibat uçotu
şö'bəsinə daxil olmuşdur.
Əmək fəaliyyətinə 1983-cü ildə həmin
fakültəni fərqlənmə diplomu ilə bitirdikdən
sonra Abşeron Reproduktor fabrikində mühasib
kimi başlamışdır. 1984-1985-ci illərdə hərbi xidmətdə
olmuşdur. 1985-1990-cı illərdə Yeni Bakı Broyler
Fabrikində baş mühasib vəzifəsində işləmişdir.
1990-cı ildə Azərbaycan Elmi-Tədqiqat Kənd
Təsərrüfatının İqtisadiyyatı və Təşkili
İnstitutuna keçərək elmi işlə məşğul olmuş, 1992-ci
ildə "Yeni Təsərrüfatçılıq şəraitində
"Azərquşsənaye" birliyində istehsalatın
səmərəliliyini yüksəltməyin iqtisadi
problemləri" mövzusunda dissertasiya müdafiə
etmiş, iqtisadi elmlər namizədi elmi dərəcəsi
almışdır. 10-dan artıq elmi məqalənin müəllifidir.
Hazırda Azərbaycan Dövlət İqtisad
Universitetində işləyir.
CALAL NOVRUZOV
Calal Əbdülrəhman oğlu Novruzov 1949-cu
ildə Bolnisi rayonunun Qoçulu kəndində anadan
olmuşdur. 1955-ci ildə həmin kəndin orta məktəbinə
daxil olmuş və 1968-ci ildə həmin məktəbi bitirmiş
və Azərbaycan Dövlət Pedaqoji İnstitutunun
(indiki ADPU-nun) coğrafiya fakültəsinə daxil
olmuşdur. 1972-ci ildə institutu bitirdikdən sonra
Bakı şəhərindəki 88 saylı orta məktəbə coğrafiya
müəllimi tə’yin olunmuşdur. 1975-ci ildən elmi
fəaliyyətə başlayaraq Azərbaycan Respublika EA
Tarix İnstitutu Arxeologiya və Etnoqrafiya
sektorunun müasir dövr şö’bəsində elmi işçi
vəzifəsində çalışmışdır. 1985-ci ildən
"Gürcüstanda yaşayan azərbaycanlıların müasir
maddi mədəniyyəti" adlı dissertasiyasının
üzərində işləyərək 1992-ci ildə namizədlik
dissertasiyası müdafiə etmişidir. Həmin mövzuya
dair bir monoqrafiya və 30-ə qədər elmi məqalə çap
etdirmişdir. Eyni zamanda Respublikanın bir sıra
ali məktəblərində keçirilən konfrans və
müşavirələrdə çıxış etmiş, elmi məqalələr çap
etdirmişdir.
Hazırda Arxeolologiya və Etnoqrafiya
institutunda baş elmi işçi vəzifəsində çalışır.
CƏLİL ƏLİYEV
Cəlil Vəli oğlu Əliyev 1938-ci ildə
Borçalı mahalının Bolnisi rayonunun Babakişilər
kəndində anadan olmuşdur. 1956-cı ildə Darvaz kənd
orta məktəbini bitirərək, həmin ildə Azərbaycan
Kənd Təsərrüfatı İnstitutunun mexanikləşdirmə
fakültəsinə daxil olmuşdur. 1961-ci ildə institutu
bitirdikdən sonra tə’yinatla Gürcüstanın
Dmanisi rayonuna işə göndərilmişdir. Burada o,
1968-ci ilə qədər Rayon texniki tə’mir
stansiyasında mühəndis vəzifəsində çalışmışdır.
1968-ci ildə Azərbaycan Elmi-Tədqiqat
Mexanikləşdirmə və Elektrikləşdirmə
İnstitutunun nəzdində aspiranturaya daxil
olmuşdur.
1974-cü ildə dissertasiya müdafiə edib
texnika elmləri namizədi elmi dərəcəsi almışdır.
1974-cü ildən 1990-cı ilə kimi Elmi-Tədqiqat
İnstitutunda elmi işçi və laboratoriya müdiri
vəzifəsində işləmişdir. 1990-cı ildən 1997-ci ilə
kimi Azərbaycan Dövlət Kənd Təsərrüfatı
Akademiyasının dosenti olmuşdur.
İşlədiyi müddətdə o, 60-dan çox elmi və
metodiki əsərlərin, dərs vəsaitlərinin müəllifi
olmuşdur.
Cəlil Əliyev 1997-ci ildə vəfat etmişdir.
DÖVLƏT ÇIRAQOV
Dövlət Paşa oğlu Çıraqov 1955-ci il
iyunun 2-də Bolnisi rayonunun Qoçulu kəndində
anadan olmuşdur. 1972-ci ildə Qoçulu orta məktəbini
bitirmiş, Bakıda Azərbaycan Politexnik
İnstitutunun (indiki ATU-nun) inşaat fakültəsinə
daxil olmuşdur. 1977-ci ildə Azərbaycan İnşaat
Mühəndisləri İnstitutunu başa vurmuş və əmək
fəaliyyətinə başlamışdır.
Tə’yinatla 1977-ci ildən 1980-ci ilədək
Kuybışev vilayətinin Nefteqorsk qəsəbəsində
"Kuybışev neft tikinti" trestində usta, iş
icraçısı vəzifəsində işləmişdir. 1984-cü ildə
Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun
"Qruntlar mexanikası, əsaslar və özüllər"
kafedrasının nəzdində aspiranturaya daxil
olmuş, həmin ildən də kafedrada kiçik elmi işçi,
laboratoriya müdiri vəzifəsində çalışmışdır.
1988-ci ildə namizədlik dissertasiyası müdafiə
etmişdir.
Hal-hazırda Azərbaycan İnşaat
Mühəndisləri Universitetinin tərsimi həndəsə və
mühəndis qrafikası kafedrasında dosent
vəzifəsində işləyir.
Dövlət Çıraqovun elmi fəaliyyəti 15-ə
yaxın elmi əsərdə öz əksini tapmışdır.
Dövlət Çıraqov 20 elmi məqalənin, 1
metodik göstərişin və dərs vəsaitinin
müəllifidir.
DÜNYAMALI ŞƏRİFOV
Dünyamalı İsa oğlu Şərifov 1957-ci il
dekabr ayının 1-də Bolnisi rayonunun Faxralı
kəndində anadan olmuşdur. 1995-ci ildə Faxralı
səkkizillik məktəbinin birinci sinfinə daxil
olmuş, 1975-ci ildə Faxralı orta məktəbini ə’la
qiymətlərlə bitirmişdir. 1976-cı ildə Azərbaycan
Dövlət Kənd Təsərrüfatı İnstitutunun
meyvə-tərəvəzçilik və üzümçülük fakültəsinə
daxil olmuş, 1981-ci ildə həmin fakültədə təhsilini
fərqlənmə diplomu ilə başa vurmuşdur .
İnstitutun göndərişi ilə 1982-1985-ci illərdə
Moskvada əyani aspiranturaya qəbul olmuş və
1985-ci ildə Ümumittifaq Tərəvəz Təsərrüfatı
İnstitutunda "Tərəvəz bitkilərinin sənaye
texnologiyası ilə becərilməsinin əsasları"
mövzusunda dissertasiya müdafiə etmişdir.
1985-1990-cı illərdə Respublika Aqrar Sənaye
Komitəsinin ET Tərəvəzçilik İnstitutunda elmi
işçi, aparıcı elmi işçi və şö'bə müdiri
işləmişdir. 1991-1993-cü illərdə Səhiyyə
Nazirliyinin "Farmakologiya və Xalq Təbabəti"
EİB-də şö'bə rəisi vəzifəsində, 1993-1996-cı illərdə
"Azəriqaz" Dövlət Şirkətində baş mütəxəssis
kimi işləmişdir. 1997-ci ildən indiyə qədər Dövlət
Neft Şirkətinin Quruda Neft və Qazçıxarma
İstehsalat Birliyinin tabeliyində olan yardımçı
təsərrüfat idarəsinin rəisi vəzifəsində
işləyir.
Dünyamalı Şərifovun elmi fəaliyyəti 18
elmi əsərdə öz əksini tapmışdır. O, bir neçə
beynəlxalq və respublika səviyyəli
konfransların iştirakçısı olmuş, elmi məqalələr
çap etdirmişdir.
QURBAN ƏLİYEV
Qurban İsa oğlu Əliyev 1949-cu ildə
Bolnisi rayonunun Aşağı Qoşakilsə kəndində
anadan olmuş, 1966-cı ildə orta məktəbi bitirib,
Azərbaycan Dövlət Universitetinin
mexanika-riyaziyyat fakültəsinə daxil olmuş və
1971-ci ildə həmin universiteti başa vurub Sovet
hərbi hissələrində zabit kimi qulluq etmişdir.
1973-1975-ci illərdə SSRİ EA Sibir
Şö'bəsinin Novosibirsk şəhərinin yaxınlığında
olan Elmi Tədqiqat İnstitutunda elmi işçi
vəzifəsində işləmişdir. 1974-cü ildə Leninqrad
şəhərində kompüter üzrə ixtisasartırma
institutunu qurtarmışdır. 1981-ci ildə Novosibirsk
Dövlət Universitetinin aspiranturasına daxil
olmuş və dissertasiyasını 1984-cü ildə
müvəffəqiyyətlə müdafiə etmişdir. 20-dən çox elmi
məqalə və metodik vəsaitin müəllifidir. Moskva,
Leninqrad, Novosibirsk, Səmərqənd, Buxara,
Ulan-Ude və digər şəhərlərdə elmi konfranslarda
iştirak edib, elmi işlə əlaqədar məqalələr çap
etdirmişdir.
1985-ci ildən N.Tusi adına ADPU-nun
"İnformatika və hesablama riyaziyyatı"
kafedrasında dosent vəzifəsində işləyir.
ELDAR ACALOV
Eldar Fərhad oğlu Acalov 1947-ci ildə
Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur.
Onun valideynlərinin hər ikisi Borçalıdan
olmuşdur.
1954-cü ildə Bakının 189 saylı orta
məktəbinin birinci sinfinə getmiş, 1965-ci ildə
həmin məktəbi bitirmişdir.
1965-ci ildə Azərbaycan Dövlət Bədən
Tərbiyəsi İnstitutuna daxil olmuş, 1970-ci ildə
həmin institutu bitirmişdir.
1967-1969-cu illərdə İnstitut komsomol
təşkilatının 1-ci katibi vəzifəsində işləmişdir.
1971-1975-ci ilərdə Bədən Tərbiyəsi
İnstitutunda müəllim işləmişdir.
1976-cı ildən 1980-ci ilə qədər Leninqrad
Pedaqoji İnstitutunun dissertantı olmuş, 1987-ci
ildə isə dissertasiya müdafiə edib, pedaqoji
elmlər namizədi elmi dərəcəsinə layiq
görülmüşdür.
1990-cı ildən dosentdir.
Eldar Acalov 1979-1989-cu illərdə
respublika Təhsil Nazirliyində idarə rəisi,
1994-1996-cı illərdə Təfəkkür Universitetində
prorektor olmuş, son illərdə isə dekan
vəzifəsində çalışır.
Eldar Acalovun elmi və pedaqoji
fəaliyyəti 100-dən çox elmi əsərdə və 15 dərslik və
monoqrafiyada öz əksini tapmışdır.
Eldar Acalov 1998-ci ildən Azərbaycan
Respublikası Fəxri Bədən tərbiyəsi işçisi, 1985-ci
ildən respublika dərəcəli hakim, 1992-ci ildən isə
Respublika Milli Olimpiya Komitəsinin
icrakomunun üzvüdür.
O, indiyə qədər 50 beynəlxalq, ittifaq
və respublika səviyyəli konfranslarda çıxış
etmiş, elmi məqalələr çap etdirmişdir.
Hazırda Təfəkkür Universitetinnin
pedaqogika və metodika kafedrasının müdiridir.
ELDAR MƏMMƏDOV
Eldar Hüseynqulu oğlu Məmmədov 1949-cu
il may ayının 5-də Bolnisi rayonunun Faxralı
kəndində anadan olmuşdur. 1955-ci ildə Faxralı orta
məktəbinin 1-ci sinfinə getmiş, 1965-ci ildə ekstern
yolu ilə Bakı şəhərinin 190 saylı məktəbini
bitirmişdir. 1965-ci ildə Azərbaycan Neft və Kimya
İnstitutuna (indiki ADNA) qəbul olmuş, 1969-cu ildə
Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu
bitirmişdir. 1969-1991-ci illərdə Azərbaycan Dövlət
Plan Komitəsi nəzdində Elmi-Tədqiqat
İqtisadiyyat İnstitutunda kiçik elmi işçi, baş
elmi işçi, qrup rəhbəri, bölmə və şö'bə müdiri
vəzifəsində işləmişdir. 1987-ci ildə iqtisad
elmləri namizədi elmi dərəcəsi almaq üçün
"Pedaqoji kadrların hazırlanmasının,
planlaşdırılmasının və istifadəsinin
təkmilləşdirilməsi məsələləri" mövzusunda
dissertasiya müdafiə etmişdir.
Eldar Məmmədov "2000-ci ilə qədər
Azərbaycan SSR-nin məhsuldar qüvvələrinin
inkişafı və yerləşdirilməsi sxemi" iki
cildliyinin (Bakı 1982), "1985-2005-ci illərdə
Azərbaycan SSR-də elmi-texniki tərəqqinin
Kompleks Proqramı (regional bölmə)" (Moskva 1989)
və s. Dövlət əhəmiyyətli fundamental
elmi-tədqiqatların müəlliflərindən biri
olmuşdur.
Eldar Məmmədov Bakı, Moskva, Kiyev,
Minsk, Alma-Ata, Tbilisi, Yerevan, Riqa
şəhərlərində keçirilən simpozium və
konfranslarda elmi mə’ruzələrlə çıxış etmişdir.
Azərbaycan, rus, ingilis və erməni dillərində 80
elmi əsərin (o cümlədən bir kitab) müəllifidir.
Hal-hazırda Azərbaycan Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində
idarə rəisinin müavini vəzifəsində işləyir.
ELXAN MƏMMƏDLİ
Elxan Hüseynqulu oğlu Məmmədli 1946-cı
il yanvar ayının 1-də Borçalının Bolnisi
rayonunun Faxralı kəndində müəllim ailəsində
anadan olmuşdur. 1962-ci ildə Faxralı kənd orta
məktəbinin 9-cu sinfini bitirdikdən sonra
ailəliklə Bakı şəhərinə köçmüşlər. 1962-1963-cü dərs
ilində Bakıdakı 23 saylı orta məktəbi
bitirmişdir. Həmin illərdə Bakıda bir sıra zavod
və fabriklərdə çalışmışdır. 1965-ci ildə ADU-nun
(indiki BDU-nun) filologiya fakültəsinə daxil
olmuş, 1971-ci ildə ali təhsilini uğurla başa
vurmuşdur . Elmi fəaliyyətə "Şair Nəbinin həyat
və yaradıcılığı"na həsr etdiyi diplom işi ilə
başlamışdır. 1969-cu ildən folklorumuzun
toplanması və təbliği ilə bağlı geniş fəaliyyət
göstərir. Həmin ildən e’tibarən Azərbaycan
radiosunda fəaliyyət göstərən "Bulaq"
verlişinin aparıcı müəlliflərindən biri kimi
tanınmışdır. Yaradıcı ömrünün on ildən çoxunu
"Bulağ"a həsr edən Elxan Məmmədli 80-ci illərin
əvvəlindən başlayaraq Azərbaycan
televiziyasında saz-söz sənətkarlarına həsr
etdiyi bir sıra verilişləri ilə də yadda
qalmışdır.
1979-cu ildən öz taleyini Nizami adına
Ədəbiyyat İnstitutunun folklor şö'bəsi ilə
bağlayan tədqiqatçı-alim bu illər ərzində bir
sıra folklor kitablarının işıq üzü görməsində
əlindən gələni əsirgəməmişdir. Belə ki, iki
cilddən ibarət "Azərbaycan aşıqları və el
şairləri" (1984-cü il), "Azərbaycan bayatıları"
(1984-cü il), "Cinaslar" (1985-ci il), "Bayatı, qoşma,
təcnis" (1988-ci il), "Borçalı şair Nəbi" (1991-ci il)
kimi kitabların tərtib və toplanması məhz Elxan
Məmmədlinin yorulmaz əməyinin məhsuludur.
Filologiya elmləri namizədi elmi
dərəcəsi almaq üçün yazdığı "Təcnis
sənətkarlığı" dissertasiyası nəzəri baxımdan
kamil poetika əsəri kimi mütəxəssislər
tərəfindən yüksək qiymətləndirilmişdir. 50-dən
çox elmi məqalənin və bir sıra monoqrafiyanın
müəllifidir. 1992-ci ildən bu günə kimi Azərbaycan
radiosunda "Sarıtel" və "Gözəlləmə" həftəlik
musiqili verilişlərin aparıcısı kimi
sazın-sözün təbliği işində əvəzsiz xidmət
göstərir.
Elxan Məmmədov hazırda üç cildlik
"Borçalı folkloru" kitabları üzərində işləyir.
Filologiya elmləri namizədi Elxan
Məmmədli doktorluq işini başa vurmaq üzrədir.
E’TİMAD AYVAZOV
Etimad Bayram oğlu Ayvazov 1951-ci il
martın 14-də Borçalının Faxralı kəndində qulluqçu
ailəsində anadan olmuşdur. 1958-ci ildə Faxralı
orta məktəbinə daxil olmuş və 1968-ci ildə həmin
məktəbi ə’la qiymətlərlə bitirmişdir. 1968-ci ildə
Azərbaycan Politexnik İnstitutunun (indiki
ATU-nun) mexanika fakültəsinə daxil olmuş və
oranı bitirdikdən sonra Bakı Məişət
Kondisionerləri Zavodunun Xüsusi Layihə
Konstruktor Texnoloji bürosunda müxtəlif
vəzifələrdə çalışmışdır. 1974-cü ildən həyatını
ali məktəblə bağlayıb, yə’ni 4 ilə yaxın
Politexnik İnstitutunda tələbələrin diplom
işlərinə rəhbərlik etmişdir.
1978-ci ildən isə Azərbaycan İnşaat
Mühəndisləri İnstitutunda materiallar
müqaviməti fənnindən dərs deməklə yanaşı həm də
həmin institutda əyani aspiranturaya daxil
olmuşdur. 1983-cü ildə isə aspiranturanı bitirərək
müdafiə etmiş, fizika-riyaziyyat elmləri
namizədi elmi dərəcəsi almışdır. 1983-cü ildən
Azərbaycan Təhsil Nazirliyinin göndərişi ilə
yenə həmin Universitetin nəzəri mexanika
kafedrasına tə’yinatla göndərilərək müəllim
kimi fəaliyyət göstərmişdir.
İlk dəfə olaraq Etimad Ayvazov
tərəfindən latın qrafikalı şriftlə ali
məktəblər üçün "Nəzəri mexanika" fənni üzrə
yüksək tirajlı dərslik yazılmışdır. Etimad
Ayvazov 100-ə qədər elmi məqalənin, o cümlədən ali
məktəb tələbələri və aspirantlar üçün 6 elmi
metodik əsərin müəllifidir. Hazırda Etimad
Ayvazov İnşaat Mühəndisləri Universitetinin
nəzəri mexanika kafedrasında dosent vəzifəsində
çalışmaqla yanaşı, həm də Azərbaycan
Respublikası Dövlət Əmlak Nazirliyində şö'bə
rəisi vəzifəsində işləyir.
|