|
ELMLƏR NAMİZƏDLƏRİ
ÇORUK QƏMƏRLİ (BOLNİSİ) BÖLGƏSİ
[A] [B-E] [Ə] [F-İ] [K-M] [M] [M-P] [R] [S] [Ş-T] [V-Z]
VAQİF QULİYEV
Vaqif Məhərrəm oğlu Quliyev 1950-ci ildə
noyabr ayının 10-da Bolnisi rayonunun Ayorta
(Akaurt) kəndində anadan olmuşdur. 1967-ci ildə
həmin kənddə orta məktəbi bitirmiş, 1968-ci ildə
Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna (indiki
ADİU) daxil olmuşdur. 1972-ci ildə həmin İnstitutu
bitirmiş, iqtisadçı-mühasib ixtisasına
yiyələnmişdir. Vaqif Quliyev öz əmək
fəaliyyətinə Azərbaycan SSR Əmək Əmanət
Kassaları idarəsində mühasib kimi başlamış və
1973-cü ildə hərbi xidmətdə olmuşdur. Hərbi
xidmətdən tərxis olunduqdan sonra, yə’ni 1974-cü
ildən Azərbaycan Elmi Tədqiqat Kənd
Təsərrüfatının İqtisadiyyatı və Təşkili
İnstitutunda işə başlamış, 1976-cı ildə həmin
institutun əyani aspiranturasına daxil olmuş və
elə həmin il Moskva şəhərindəki Ümumittifaq Elmi
Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı
institutuna e’zam olunmuşdur. 1981-ci ildə
dissertasiya müdafiə edib elmi dərəcə almış,
ETKTİ və Tİ-na qayıtmış, orada baş laborant
vəzifəsindən tutmuş elmi katib vəzifəsinə qədər
yüksəlmişdir. 1988-ci ildə müsabiqə yolu ilə
Azərbaycan Dövlət İqtisad Universitetinin
"Mühasibat uçotu" kafedrasına müəllim
keçmişdir. 1996-cı ildən həmin İnstitutun
mühasibat uçotu və audit kafedrasının
dosentidir.
İqtisadiyyatın mühasibat uçotu və
təhlilinə dair Vaqif Quliyev 50-ə yaxın elmi
məqalənin və dərs vəsaitinin müəllifidir.
VAQİF NƏBİYEV
Vaqif Nəbi oğlu Nəbiyev 1953-cü ildə
Bolnisi rayonunun Faxralı kəndində anadan
olmuşdur. 1970-ci ildə Faxralı orta məktəbini ə’la
qiymətlərlə bitirmişdir. Elə həmin ildə
Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki
ADTU-nun) müalicə-profilaktika fakültəsinə qəbul
olmuşdur.
1976-cı ildə institutu müvəffəqiyyətlə
bitirmiş, bir il Kirovabad (Gəncə) şəhər təcili
yardım xəstəxanasında internatura keçmişdir.
1978-1981-ci illərdə tə’yinatla Xanlar rayonu
mərkəzi xəstəxanasında həkim-onkoloq
işləmişdir. 1983-cü ildən şəhər onkoloji
dispanserində endoskopiya şö'bəsinin müdiridir.
Onun sə’yi nəticəsində endoskopiya şö'bəsinin
bazasında şəhər endoskopiya mərkəzi
yaradılmışdır. Hazırda həmin mərkəzə Vaqif
Nəbiyev başçılıq edir.
Vaqif Nəbiyev 1990-cı ildə Leninqrad
(indiki S.Peterburq) şəhərində SSRİ Səhiyyə
Nazirliyinin S.M.Kirov adına Həkimləri
təkmilləşdirmə İnstitutunun endoskopiya
kafedrasının müdiri professor L.N.İnşakovun
rəhbərliyi altında "Yemək borusu xərçənginin
erkən diaqnostikasının təkmilləşdirilməsi
yolları" mövzusunda namizədlik dissertasiyası
müdafiə etmişdir.
15 elmi məqalənin müəllifidir.
Onkologiya və endoskopiya üzrə tibbi kadrların
hazırlanmasında xüsusi xidmətləri var. ATU-da, 2
saylı tibb məktəbində, orta tibb işçilərinin
ixtisasartırma kursunda dərs deyir. Bakı
şəhərinin baş endoskopistidir. Daxili qoşunlar
hospitalının məsləhətçisi və endoskopistidir.
Doktorluq işini müdafiə şurasına
təqdim etmişdir.
VAQİF İSRAFİLOV
Vaqif İsmayıl oğlu İsrafilov 1959-cu il
iyun ayının 17-də Bolnisi rayonunun Arakol
kəndində anadan olmuşdur. İlk təhsilini doğma
kəndində almışdır.
1973-1974-cü illərdə Arakol kənd 8 illik
məktəbini ə’la qiymətlərlə bitirmiş, təhsilini
1975-1976-cı illərdə qonşu Sol Göyəç kəndində davam
etdirmişdir. İki il həmin rayonun Bəytəkər kənd 8
illik məktəbində katib işlədikdən sonra 1978-ci
ildə N.Tusi adına ADPİ-nin (indiki ADPU-nun)
filologiya fakültəsinə daxil olmuş və 1982-ci ildə
müvəffəqiyyətlə həmin fakültəni başa vurmuşdur.
1982-ci ildə təhsilini başa vurub,
tə’yinatla Cəlilabad rayonunun Novoqolovka
kənd orta məktəbində müəllimlik fəaliyyətinə
başlamışdır. 1987-ci ildə Azərbaycan Respublikası
EA-nın müxbir üzvü, Əməkdar elm xadimi, professor
Afat Qurbanovun rəhbərliyi və məsləhəti ilə
dissertant qəbul olunmuş, "Gürcüstan SSR-nin
Azərbaycandilli oronim və hidronimləri"
mövzusunda tədqiqata başlamışdır. 1989-cu ildə
ADPU-nun ixtisaslaşdırılmış müdafiə şurasında
dissertasiya müdafiə edib, filologiya elmləri
namizədi elmi dərəcəsi almışdır.
1990-cı ildə gənc alim doğma kollektivə
işə qəbul olunmuş, Onomastika problem
laboratoriyasında baş laborant, baş elmi işçi
vəzifələrində işləmişdir.
Vaqif İsrafilov 1995-ci ildən həmin
Universitetin Azərbaycan dilçiliyi
kafedrasında dosent vəzifəsində çalışır.
"Uluslararası Türk Dil Qurumu" konqresində
dəfələrlə iştirak etmişdir. "Türk Dil
Qurumu"nun üzvüdür. Əsərləri Türkiyədə
dəfələrlə çap edilmişdir.
1999-cu ildə Azərbaycan Respublikası
Təhsil Nazirliyi təərfindən ali məktəb
tələbələri üçün "Azərbaycan oronim və
hidronimlərinin Gürcüstan arealı" dərs vəsaiti
çap olunmuşdur. Bir neçə kitab və bioqrafiyanın
tərtibatçısı və altmışdan çox elmi-publisistik
məqalələrin müəllifidir.
Vaqif İsrafilov hal-hazırda ADPU-da
elmi-pedaqoji fəaliyyətini davam etdirir.
ALMAS MİKAYILOV
Almas Abdu oğlu Mikayılov 1936-cı il
martın 1-də Borçalı mahalının Bolus rayonunun
(indiki Bolnisi) Faxralı kəndində anadan
olmuşdur. O, 1946-cı ildə Faxralı kənd orta
məktəbinin 1-ci sinfinə daxil olmuş, 1956-1957-ci
tədris ilində Faxralı kənd orta məktəbinin XI
sinfini bitirmişdir. 1957-ci ildə Azərbaycan
Dövlət Universitetinin geologiya-coğrafiya
fakültəsinə daxil olmuşdur. 1962-ci ildə həmin
fakültəni fiziki-coğrafiya ixtisası üzrə
bitirmiş, tə’yinatla Azərbaycan Respublikası EA
Coğrafiya İnstitutunun əyani aspiranturasına
(Geomorfologiya ixtisası) daxil olmuşdur. 1967-ci
ildə aspiranturanı bitirmişdir. 1968-ci ilin
yanvar ayında Coğrafiya İnstitutunun
"Landşaftşünaslıq" şö’bəsində kiçik elmi işçi
vəzifəsində fəaliyyətə başlamışdır. O, 1971-ci
ildən indiyə kimi Azərbaycan EA Coğrafiya
İnstitutunun "Landşaftşünaslıq" şö'bəsində baş
elmi işçi, laboratoriya müdiri, aparıcı elmi işçi
vəzifəsində çalışaraq, landşaftşünaslıq və
geomarfologiya elmi sahələri üzrə elmi tədqiqat
işləri aparmışdır. Onun rəhbərliyi altında 4
nəfər müdafiə edərək coğrafiya elmləri namizədi
elmi dərəcəsi almışdır. Almas Mikayılov həmçinin
son 15 il ərzində Azərbaycan EA Coğrafiya
İnstitutunun nəzdində fəaliyyət göstərən
ixtisaslaşdırılmış müdafiə elmi şurasının elmi
katibi olmuşdur. Almas Mikayılov 100-dən çox elmi
əsərin, 2 monoqrafiyanın, 20-yə qədər elmi
hesabatın müəllifidir. Onun 1978-ci ildə nəşr
olunmuş "Qusar maili düzənliyinin
geomorfologiyası" və "Yeni tektonik
hərəkətlərlə əlaqədar Cənub-Şərqi Qafqaz
Landşaftının formalaşması və inkişafı"
(həmmüəllif) əsərləri mütəxəssislər tərəfindən
yüksək qiymətləndirilmişdir.
VEYS MEHDİLİ
Veys Mehdi oğlu Mehdili 1935-ci il martın
5-də Borçalının Aşağı Qoşakilsə kəndində anadan
olmuşdur.
O, 1941-ci ildə Aşağı Qoşakilsə kəndində 8
illik məktəbə daxil olmuş, 1949-cu ildə məktəbi
bitirdikdən sonra Arıxlı 11 illik orta məktəbinə
keçmiş və 1952-ci ildə məktəbi qızıl medalla
bitirib həmin il Bakı Dövlət Universitetinin
fizika-riyaziyyat fakültəsinə imtahansız qəbul
olunmuşdur.
Veys Mehdili 1957-ci ildə ADU-nu ə’la
qiymətlərlə bitirmiş və tə’yinatla Azərbaycan
Respublikası Elmələr Akademiyasının Neft
Ekspedisiyası elmi tədqiqat institutuna
göndərilmişdir.
1960-cı ildə aspiranturaya daxil olmuş
və aspiranturanı 1963-cü ildə bitirmişdir.
1963-cü ildə Azərbaycan Neft və Kimya
İnstitutunun nəzəri mexanika kafedrasına
assistent vəzifəsinə qəbul edilmişdir. Hazırda
kafedrada dosent vəzifəsində işləyir.
1969-cu ildə neft-mexanika fakültəsinin
axşam və qiyabi şö'bələri üzrə dekan müavini,
1970-1978-ci illərdə həmin şö'bələr üzrə dekan
vəzifəsində işləmişdir .
Hazırda Veys Mehdili neft-mexanika
fakültəsinin axşam və qiyabi şö'bələri üzrə
dekan vəzifəsində işləyir.
Veys Mehdili fədakar əmək uğurlarına
görə 8 dəfə fəxri mükafata layiq görülmüşdür.
1965-ci ildə o Bakı Dövlət
Universitetində "İkigözlü mayenin ayrılıqda
hərəkətinin hidrodinamik tədqiqi" mövzusunda
dissertasiya müdafiə etmişdir və
fizika-riyaziyyat elmləri namizədi Veys
Mehdilinin elmi və elmi-pedaqoji fəaliyyətinin
nəticələri 95 elmi əsərdə öz əksini tapmışdır.
Veys Mehdili Beynəlxalq
Eko-Energetika Akademiyasında neft-mexanika
elminin inkişaf etdirilməsində və təhsil
sisteminin təşkilində səmərəli işlər görmüşdür.
Ona görə də Eko-Energetika Akademiyasının neft
bölməsi Veys Mehdilinin elmi-pedaqoji
fəaliyyətini nəzərə alaraq ona elmlr doktoru və
professor adı vermişdir.
VƏLİ SULTANOV
Vəli Daryax oğlu Sultanov 1928-ci ildə
Borçalı mahalının Bolus nümayəndəliyinin
(indiki Bolnisi rayonu) Faxralı kəndində anadan
olmuşdur. Orta məktəbi Faxralı kəndində
bitirdikdən sonra, 1950-ci ildə Azərbaycan Sənaye
İnstitutuna daxil olmuş və 1955-ci ildə Neft və qaz
quyularının qazılması ixtisasına yiyələnmişdir.
Bir müddət neft buruqlarında işləmiş, 1958-ci ildə
"ÜİTTETİ-də" (ümumittifaq Təhlükəsizlik
Texnikası Elmi Tədqiqat İnstitutu) çalışmışdır.
1968-ci ildə namizədlik dissertasiyası
müdafiə etmişdir. Həmin ildən e’tibarən AzPİ-nin
(indiki ATU-nun) əmək mühafizəsi və təhlükəsizlik
texnikası kafedrasında dosent vəzifəsində
işləmişdir. 1977-ci ildə xəstəliklə əlaqədar
olaraq işdən azad edilmişdir. Vəli Sultanovun
elmi və pedaqoji fəaliyyəti 20-dən çox elmi əsərdə
öz əksini tapmışdır. O cümlədən iki kitabın
müəllifi, 4 kitaba isə həmmüəllif olmuşdur. Vəli
Sultanov 15-ə qədər ittifaq və respublika
səviyyəli konfranslarda mə’ruzələr etmiş və
elmi materiallar çap etdirmişdir.
Vəli Daryax oğlu Sultanov 1998-ci il iyun
ayında Bakıda vəfat etmişdir.
VƏKİL BAYRAMOV
Vəkil Əsəd oğlu Bayramov 1938-ci ildə
Bolnisi rayonunun Dəmirli kəndində anadan
olmuşdur. 1958-ci ildə Darvaz kənd orta məktəbini
bitirdikdən sonra 1961-ci ilədək ordu sıralarında
xidmət etmişdir. 1961-ci ildə Azərbaycan Dövlət
Kənd Təsərrüfatı İnstitutunun zootexnika
fakültəsinə daxil olmuş, 1966-cı ildə oranı
fərqlənmə diplomu ilə başa vurmuşdur. Bir il
istehsalatda işlədikdən sonra, 1967-ci ildə
fakültə elmi şurasının zəmanəti ilə
aspiranturaya daxil olmuş, 1970-ci ildə namizədlik
dissertasiyası müdafiə etmişdir.
1970-ci ildən 1990-cı ilə kimi Azərbaycan
Elmi-Tədqiqat Heyvandarlıq İnstitutunda elmi
işçi və şö'bə müdiri vəzifəsində çalışmışdır.
Uzun müddət həmin institutda partiya təşkilatı
katibi olmuşdur. 1990-cı ildən Azərbaycan Dövlət
Kənd Təsərrüfatı Akademiyasının dosentidir.
İşlədiyi müddətdə o, respublika
heyvandarlığının inkişafına samballı töhfələr
vermişdir. Respublikada yetişdirilən
mal-qaranın məhsuldarlıq və damazlıq
keyfiyyətinin yaxşılaşdırılmasına dair 80-dən
artıq elmi və 50-dən çox qəzet məqalələrinin, bir
sıra dərslik və dərs vəsaitinin müəllifidir.
Vəkil Bayramov bu müddət ərzində 10-a
yaxın ittifaq və respublika səviyyəli
konfranslarda çıxış edib məqalələr çap
etdirmişdir.
VƏKİL XƏLİLOV
Vəkil Səməd oğlu Xəlilov 1937-ci ildə
Borçalının Bolus nümayəndəliyinin (Bolnisi
rayonu) Əsmələr kəndində anadan olmuşdur.
İbtidai təhsilini öz doğma kəndində aldıqdan
sonra, 1949-cu ildə Qoçulu natamam orta məktəbiində
davam etdirmiş, 1953-cü ildə Arıxlı orta məktəbinin
IX sinfinə qəbul olmuş və 1956-cı ildə həmin məktəbi
bitirmişdir. Bir il istehsalatda işlədikdən
sonra 1958-ci ildə Azərbaycan Dövlət
Universitetinin (indiki BDU-nun) biologiya
fakültəsinə daxil olmuşdur. 1964-cü ildə
Universiteteti bitirmişdir. 1968-ci ildə
Azərbaycan EA Botanika institutunda geobotanika
ixtisası üzrə aspiranturaya daxil olmuşdur.
Dissertasiya işi "Kiçik Qafqazın (Azərbaycan
SSR ərazisində) yay otlaq və biçənəklərinin "E"
vitaminli yem bitikiləri" mövzusunda olmuşdur.
Tədqiqat işini Moskvada Ümumittifaq Vitamin
institutunda aparmışdır. 1971-ci ildə Azərbaycan
EA Botanika İnstitutunda dissertasiya müdafiə
edib biologiya elmləri namizədi elmi dərəcəsi
almışdır. 1984-cü ilə qədər Gürcüstanın Bolnisi
rayonunun Qoçulu orta məktəbində
kimya-biologiya müəllimi, 1984-cü ildən 1999-cu ilə
kimi həmin məktəbdə direktor vəzifəsində
çalışmışdır. 1971-ci ildə Ümumittifaq botanika
cəmiyyətinin V konfransında (Bakıda keçirilən),
1974-cü ildə isə həmin cəmiyyətin Stavropolda
keçirilən VI konfransda mə’ruzə ilə çıxış
etmişdir. Vəkil Xəlilov Gürcüstanın Əməkdar
müəllimi adına layiq görülmüşdür. 1977-ci ildə
Gürcüstan müəllimlərinin IV qurultayının, 1987-ci
ildə VI qurultayının nümayəndəsi olmuş və
mə’ruzə ilə çıxış etmişdir. Vəkil Xəlilovun elmi
və pedaqoji fəaliyyəti 8 elmi əsərdə öz əksini
tapmışdır. İşlədiyi müddətdə dəfələrlə kənd,
rayon və şəhər sovetlərinin deputatı, rayon
partiya komitəsinin üzvü seçilmişdir.
VÜQAR MEHRABOV
Vüqar Abdulla oğlu Mehrabov 1969-cu il
avqust ayının 17-də Bakı şəhərində anadan
olmuşdur. 1976-cı ildə Bakı şəhəri 20 saylı orta
məktəbin birinci sinfinə getmiş və 1986-cı ildə
həmin məktəbi qızıl medalla bitirmişdir. O, 1985-ci
ildə Azərbaycan məktəblilərinin riyaziyyat üzrə
olimpiadasında 2-ci yeri, 1986-cı ildə isə 1-ci yeri
tutmuşdur. Bundan əlavə o, 1985-ci ildə SSRİ EA-nın
"Kvant" jurnalının qalibi olmuşdur. 1986-cı ildə
məktəblilərin riyaziyyat üzrə Ulyanovsk
şəhərində keçirilən SSRİ üzrə olimpiadasında
iştirak etmiş və II yeri tutmuşdur.
Vüqar Mehrabov 1986-cı ildə BDU-nun
mexanika-riyaziyyat fakültəsinə daxil olmuş və
1992-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə
bitirmişdir. 1992-ci ildə BDU-nun "Funksional
analiz və funksiyalar nəzəriyyəsi"
kafedrasında əyani aspiranturaya daxil olmuş və
1995-ci ildə aspiranturanı müvəffəqiyyətlə
bitirmişdir. 1996-cı ilin fevralında Azərbaycan
Respublikası EA-nın Mexanika və Riyaziyyat
İnstitutunun nəzdindəki Elmi Şurada "Periodik
əmsallı Pauli operatorunun spektri" mövzusunda
namizədlik dissertasiyası müdafiə etmiş və
fizika-riyaziyyat elmləri namizədi elmi
dərəcəsi almışdır.
Vüqar Mehrabov hazırda BDU-nun
mexanika-riyaziyyat fakültəsinin "Riyazi
analiz" kafedrasının dosentidir. O, elmi
araşdırmalarını davam etdirir. 6 elmi məqalənin
və 1 kitabın müəllifidir.
Vüqar Mehrabov 10-a yaxın beynəlxalq və
respublika səviyyəli konfransların iştirakçısı
olmuş, məqalələr çap etdirmişdir.
YADİGAR HÜSEYNOV
Yadigar Yusif oğlu Hüseynov 1955-ci il
may ayının 3-də Bolnisi rayonunun Saraclı
kəndində anadan olmuşdur.
1961-ci ildə Saraclı kənd orta məktəbinə
daxil olmuş və 1972-ci ildə həmin məktəbi ə’la
qiymətlərlə bitirmişdir. 1972-ci ildə Azərbaycan
Dövlət Universitetinin (indiki BDU) fizika
fakültəsinə daxil olmuş, 1977-ci ildə Universiteti
fərqlənmə diplomu ilə bitirmişdir.
1977-ci ildən Qəbələ rayonunda pedaqoji
fəaliyyətə başlamışdır. 1981-ci ildə Bakı Dövlət
Universitetinin yarımkeçiricilər fizikası
elmi-tədqiqat laboratoriyasına kiçik elmi işçi
vəzifəsinə qəbul edilmişdir. 1985-ci ildə
aspiranturaya daxil olmuş və 1989-cu ildə
namizədlik dissertasiyasını müdafiə edib,
fizika-riyaziyyat elmləri namizədi elmi
dərəcəsinə layiq görülmüşdür.
1990-1991-ci illərdə I Roma Universitetində
elmi e’zamiyyətdə olmuşdur. 1992-ci ildən 2000-ci
ilin iyun ayına kimi BDU-nun yarımkeçiricilər
fizikası elmi-tədqiqat laboratoriyasında baş
elmi işçi vəzifəsində çalışmışdır. 2000-ci ilin
iyun ayından Sumqayıt Dövlət Universitetinin
elmi işlər üzrə prorektoru və həmçinin "Fizika"
kafedrasının dosenti işləyir.
Bir çox Beynəlxalq elmi konfranslarda
və simpoziumlarda çıxış etmişdir. 70-dən çox elmi
məqalənin, bir neçə metodiki göstəriş və dərs
vəsaitinin müəllifidir.
Hal-hazırda bərk cisim
elektronikasında yeni istiqamət hesab edilən
"İnteqral-həssas elementlərin siqnal çevirən
sxemlərlə və fərdi qidalanma ilə vahid texnoloji
tsikldə uyğunlaşması" mövzusunda doktorluq
dissertasiyasını tamamlayıb müdafiə şurasına
təqdim etmişdir.
YOLÇU ƏLİZADƏ
Yolçu Əhməd oğlu Əlizadə 1922-ci ildə
Borçalı mahalının Bolus nümayəndəliyinin
Faxralı kəndində anadan olmuşdur. 1946-cı ildə
Faxralı orta məktəbini qızıl madalla bitirmiş,
Azərbaycan Dövlət Universitetinin filologiya
fakültəsinə daxil olmuşdur. 1941-ci ildə Böyük
Vətən müharibəsinin başlanması ilə əlaqədar
olaraq həmin ilin avqust ayında Ordu sıralarına
çağırılmış, 1941-1945-ci illərdə ön cəbhədə
vuruşmuşdur. Müharibədə iştirakı zamanı orden və
medallarla təltif edilmişdir.
Müharibədən tərxis olunduqdan sonra,
Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil
olmuş, 1956-cı ildə oranı bitirmişdir. 1946-cı ildən
1968-ci ilə kimi Bolnisi rayonunun bir sıra
kəndlərində kolxoz və sovxozların baş mühasibi
vəzifəsində işləmişdir. 1964-cü ildə Azərbaycan
Kənd Təsərrüfatı İnstitutunun iqtisadiyyat
fakültəsinə aspiranturaya daxil olmuş, 1968-ci
ildə isə aspiranturanı bitirmişdir. Sonra
Gürcüstan Elmlər Akademiyasının İqtisadiyyat
İnstitutunda dissertasiya müdafiə edib iqtisad
elmlər namizədi elmi dərəcəsi almışdır. 1968-ci
ilin sentyabr ayının 1-dən 1999-cu ilin sentyabrına
kimi Azərbaycan Dövlət İqtisad İnstitutunun
mühasibat uçotu kafedrasında dosent vəzifəsində
işləmişdir. 1969-1974-cü illərdə həmin ali məktəbin
"Mühasibat uçotu və maliyyə-kredit"
fakültəsində dekan müavini və dekan
vəzifələrində işləmişdir. Mühasibat uçotuna və
onun təkmilləşməsinə aid 35 elmi məqalənin və 3
dərs vəsaitinin müəllifidir. Bu sahə üzrə elmi
konfranslarda fəal iştirak etmiş, məqalələr çap
etdirmişdir.
1985-1990-cı illərdə Azərbaycan Ali
məhkəməsinin iclasçısı olmuşdur. II dərəcəli
müharibə əlilidir.
YUSİF MUSAYEV
Yusif Əli oğlu Musayev 1942-ci ildə
Bolnisi rayonunun Faxralı kəndində kolxozçu
ailəsində anadan olmuşdur. 1948-ci ildə Faxralı
orta məktəbinin 1-ci sinfinə daxil olmuş və 1958-ci
ildə orta məktəbi bitirib, Azərbaycan Politexnik
İnstitutunun maşınqayırma fakültəsinə daxil
olmuşdur. 1963-cü ildə institutu bitirmiş,
tə’yinat üzrə "Bakelektroştamp" zavodunda
mühəndis-texnoloq işləmişdir. 1964-1965-ci illərdə
ordu sıralarında xidmət etmişdir. 1965-1968-ci illər
ərzində Azərbaycan Politexnik institutunun
"Maşın detalları və yükqaldıran-nəqlədici
maşınlar" kafedrasında assistent işləmişdir.
1968-1971-ci illərdə Moskvada SSRİ EA-nın
"Maşınşünaslıq" elmi tədqiqat institutunda
aspirant olmuş, orada texnika elmləri namizədi
elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə
etdikdən sonra Azərbaycan Politexnik
İnstitutunun "Maşın detalları və YQNM"
kafedrasında assistent, baş müəllim və dosent
vəzifəsində işləmişdir. 1975-1976-cı illər və 1998-ci
ildə Almaniya Federativ Respublikasının Münxen
Texniki Universitetində elmi e’zamiyyətdə
olmuşdur. 1981-1982-ci illərdə Moskvada Moris Torez
adına Xarici Dillər İnstitutunda ingilis dili
öyrənmiş və 1983-1987-ci illər ərzində Efiopiyada
Bahr-Dar Politexnik institutunda müəllim
işləmişdir. O, maşın və mexanizmlərdə "Sürtünmə,
yeyilmə və yağlama" problemləri ilə məşğuldur.
50-dən çox elmi məqalənin, 10-a qədər müəlliflik
şəhadətnaməsinin müəllifidir. 9 dərs vəsaiti çap
etdirmişdir (onlardan 4-ü ingilis dilində
Efiopiyada çap olunmuşdur). Digər müəlliflərlə
birlikdə rusça-azəricə-türkcə-ingiliscə "Makina
elemanları sözlüyü" (325 s) Türkiyədə çap
olunmuşdur (1997). Elmi məqalələri əsasən Rusiya,
Almaniya, Türkiyə, Yuqoslaviya və s. dövlətlərdə
çap olunmuşdur.
ZEYNAL SOFİYEV
Zeynal Paşa oğlu Sofiyev 1935-ci il
fevral ayının 15-də Borçalı mahalının Bolus
nümayəndəliyinin Saraclı kəndində anadan
olmuşdur. 1951-ci ildə kənddəki səkkizillik
məktəbi bitirmişdir.
1954-1957-ci illərdə hərbi xidmətdə
olmuşdur. Ordudan tərxis olunduqdan sonra
1957-1962-ci illərdə Azərbaycan Dövlət
Universitetinin biologiya fakültəsində
oxumuşdur. Universiteti bitirdikdən sonra
Azərbaycan Elmlər Akademiyasının Tarix
İnstitutunda antropoloq kimi əmək fəaliyyətinə
başlamışdır. 1963-cü ildə Akademiyanın Zoologiya
İnstitutunun hidrobiologiya laboratoriyasına
kiçik elmi işçi vəzifəsinə keçmişdir. 1965-1968-ci
illərdə İnstitutunun nəzdindəki aspiranturanı
bitirmiş və 1969-cu ildə "Naxçıvan MSSR
hövzələrinin bentik faunası" mövzusunda
dissertasiya müdafiə etmiş, biologiya elmləri
namizədi elmi dərəcəsi almışdır. Zeynal
Sofiyevin 10-dan artıq elmi əsəri çap olunmuşdur.
Zeynal Sofiyev işlədiyi müddət ərzində 10-a yaxın
respublika səviyyəli müşavirə və konfranslarda
iştirak edib elmi məqalələr çap etdirmişdir.
1970-ci ildə Cənubi Xəzər Balıqçılıq
İdarəsinə böyük mühəndis vəzifəsinə tə’yin
olunmuş, iki il idarə rəisinin müavini
vəzifəsində çalışmışdır.
1972-ci il iyulun 29-da vəfat etmişdir.
|