|
ELMLƏR NAMİZƏDLƏRİ
ÇORUK QƏMƏRLİ (BOLNİSİ) BÖLGƏSİ
[A] [B-E] [Ə] [F-İ] [K-M] [M] [M-P] [R] [S] [Ş-T] [V-Z]
ŞAKİR YUSUBOV
Şakir Şıxı oğlu Yusubov 1959-cu il
avqustun 14-də Bolnisi rayonunun Dəmirli kəndində
anadan olmuşdur. 1966-1974-cü illərdə Dəmirli kənd 8
illik məktəbində, 1974-1976-cı illərdə Darvaz kənd
orta məktəbində oxumuş, orta məktəbi qızıl
medalla bitirmiş, 1976-cı ildə Azərbaycan Dövlət
Universitetinin mexanika riyaziyyat
fakültəsinə qəbul olunmuşdur. 1981-ci ildə oranı
müvəffəqiyyətlə bitirmiş, tə’yinatla
Azərbaycan EA Kibernetika İnstitutuna mühəndis
vəzifəsinə göndərilmişdir. 1984-cü ildə ADU-nun
(indiki BDU-nun) mexanika riyaziyyat
fakültəsindəki "Diferensial və inteqral
tənlklər" kafedrasında əyani aspiranturaya
qəbul olmuş və 1987-ci ildə aspiranturanı
bitirmişdir. 1988-ci ildən 1995-ci ilə qədər
tə’yinatla Bakı Dövlət Universitetinin fizika
fakültəsinin riyaziyyat kafedrasında
laboratoriya müdiri vəzifəsində işləmişdir.
1992-ci ildə "Hiperbolik tənliklərlə
təsvir olunan sistemlər üçün optimal idarəetmə
nəzəriyyəsinin bə’zi məsələləri haqqında"
dissertasiya işini müdafiə edib elmləri
namizədi elmi dərəcəsinə layiq görülmüşdür. 25
elmi məqalənin müəllifidir. 1995-ci ildən BDU-nun
fizika fakültəsinin riyaziyyat kafedrasında baş
müəllim vəzifəsində işləyir.
ŞAMİL İSMAYILOV
Şamil Osman oğlu İsmayıdov 1950-ci il
mayın 15-də Bolnisi rayonunun Ayorta kəndində
kəndli ailəsində anadan olmuşdur. 1962-1965-ci
illərdə Marneuli internat məktəbində oxumuş,
1967-ci ildə isə Akaurt kənd orta məktəbini
bitirmişdir.
Həmin ildə də Azərbaycan Xalq
Təsərrüfatı institutunun (indiki ADİU-nun)
uçot-iqtisad fakültəsinə daxil olmuşdur. 1972-ci
ildə həmin institutun "Ümumiqtisad"
fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.
1972-1973-cü illərdə hərbi xidmətdə
olmuşdur.
1972-ci ildə "İqtisadi kibernetika"
kafedrasının hesablama mərkəzində
mühəndis-iqtisadçı-proqramist vəzifəsində əmək
fəaliyyətinə başlamış və 1975-ci ildə həmin
kafedranın aspiranturasına (qiyabi şö’bə) qəbul
olunmuşdur.
1982-ci ildə dissertasiya işini müdafiə
etmiş və 1983-cü ildə iqtisad elmlər namizədi elmi
dərəcəsinə layiq görülmüşdür.
1984-cü ildən Azərbaycan Politexnik
İnstitutunda (indiki Azərbaycan Texniki
Universitetində) çalışır. "İqtisadi-riyazi
metodlar və modellər", "Ekonometrika və
proqnozlaşdırma" və s. fənnlər üzrə mühazirələr
aparır.
İki metodiki göstəriş və 15-dən çox elmi
əsərlərin müəllifidir.
Şamil İsmayılov beynəlxalq və
respublika səviyyəli 10-a yaxın konfranslarda
çıxış etmiş, məqalələr çap etdirmişdir. O, eyni
zamanda "Borçalı" cəmiyyəti idarə hey’ətinin
üzvüdür.
ŞAMİL ORUCOV
Şamil Oruc oğlu Orucov 1929-cu ildə
Borçalının Faxralı kəndində anadan olmuşdur.
1937-ci ildə Faxralı kənd orta məktəbinə daxil
olmuş, 1948-ci ildə həmin məktəbi bitirmişdir.
1950-1953-cü illərdə hərbi xidmətdə olmuşdur. Tərxis
olunduqdan sonra 1954-cü ildən 1957-ci ilə qədər
Faxralı kəndindəki kitabxananın müdiri
işləmişdir. 1954-cü ildə Azərbaycan Politexnik
İnstitutunun "Avtomobil nəqliyyatı"
fakültəsinə daxil olmuş, 1959-cu ildə həmin
fakültəni bitirmişdir. Ailə vəziyyətilə
əlaqədar olaraq Şamil Orucov institutda oxuduğu
vaxt paralel olaraq Azərbaycan Dəmir yol
İdarəsinin ambarında təchizatçı işləmişdir.
1959-cu ildən isə həmin müəssisənin təchizat və
nəqliyyat şö’bəsində böyük mühəndis, 1961-ci ildə
texniki şö’bənin mühəndisi işləmişdir. Şamil
Orucov 1962-ci ildə Azərbaycan SSR Tikinti
Nazirliyinin maddi texniki bazasında nəqliyyat
şö’bəsinin rəisi vəzifəsini icra etmişdir. 1964-cü
ildə Azərbaycan SSR EA-nın İqtisadiyyat
institutunun aspirantı olmuşdur. 1967-ci ildə
EA-nın İqtisadiyyat İnstitutununda kiçik elmi
işçi işləmişdir.
1967-ci ildə dissertasiya müdafiə
etmişdir. 1968-ci ildə Azərbaycan SSR Dövlət Plan
Komitəsinin İqtisadiyyat İnstitutuna keçmiş və
burada böyük mühəndis-iqtisadçı vəzifəsində
işləmişdir. 1968-ci ilin sonunda Xalq Təsərrüfatı
sahələrinin yerləşdirilməsi sektoruna müdir
vəzifəsinə irəli çəkilmişdir. Həmin ildən də
Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun
iqtisadi planlaşdırma kafedrasına müqavilə yolu
ilə müəllim düzəlmişdir. 1971-ci ildən 1997-ci ilə
qədər Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda
dosent vəzifəsində işləmişdir. 1983-cü ildə
iqtisadiyyatın təşkili və planlaşdırılması
kafedrasına müdir tə’yin olunmuşdur. Şamil
Orucovun elmi və pedaqoji fəaliyyəti 35 elmi
məqalədə və 3 kitabda, 17 tezis-məruzələrdə öz
əksini tapmışdır. Bunlardan başqa 10 kitabı
redaktə etmiş və bir neçə aspiranta elmi rəhbər
olmuşdur.
Şamil Orucov 1997-ci ildə vəfat etmişdir.
ŞAKİR XƏLİLOV
Şakir Xəlil oğlu Xəlilov 1948-ci il
dekabrın 13-də Bolnisi rayonunun Əsmələr kəndində
kolxozçu ailəsində anadan olmuşdur. İbtidai
təhsilini həmin kənddə almış, Qoçulu orta
məktəbini bitirmişdir. 1966-cı ildə Azərbaycan
Dövlət Pedaqoji İnstitutun fizika fakültəsinə
daxil olmuşdur. 1970-ci ildə həmin fakültəni ə’la
qiymətlərlə bitirdiyindən Ali və Orta ixtisas
Təhsili Nazirliyinin tə’yinatı ilə APİ-də işə
başlamışdır. Fakültə Elmi Şurasının qərarı ilə
aspiarnturaya daxil olmağa zəmanət verilmişdir.
"Ümumi fizika və astronomiya" kafedrasında baş
laborant işləmiş, 1971-ci ildə həmin kafedra üzrə
"Molekulyar fizika" ixtisası üzrə ə’yani
aspiranturaya daxil olmuşdur. 1972-1973-cü illərdə 1
il hərbi xidmətdə qulluq etmişdir. O, mayelərin
istilik-fiziki xassələrinin tədqiqi ilə məşğul
olmuş, 1979-cu ildə Qroznı şəhərində "Mürəkkəb
efir və onların karbohidrogenlərinin
özülülüyünə tə’sirinin müxtəlif təzyiq və
temperaturda tədqiqi" adlı elmi işini
dissertasiya şəklində müdafiə etmiş, texnika
elmləri namizədi elmi dərəcəsi almışdır. O, 40-a
qədər elmi məqalələrin və elmi metodik
göstərişlərin müəllifidir. Dəfələrlə
beynəlxalq, respublika elmi konfranslarında və
simpoziumlarda dərin məzmunlu çıxışlar
etmişdir.
O, aspiarnturanı qurtardıqdan sonra
əvvəlcə baş laborant, müəllim, baş müəllim
işləmiş, 1988-ci ildən Azərbaycan Dövlət Pedaqoji
Universitetinin mexanika və molekulyar fizika
kafedrasında dosent vəzifəsində işləyir. 1989-cu
ildən 1999-cu ilə kimi fizika fakültəsinin dekan
müavini, dekan əvəzi, kafedra müdiri əvəzi
işləmişdir. İşlədiyi dövrdə dəfələrlə
rektorluğun təşəkkürünə, fəxri fərmanlarına,
Bakı şəhər Partiya komitəsinin fəxri fərmanına
layiq görülmüşdür.
Hal-hazırda Azərbaycan Dövlət
Pedaqoji Universitetinin mexanika və molekulyar
fizika kafedrasında dosent vəzifəsində çalışır.
"Mürəkkəb mayelərin özlülüyü və quruluşu"
mövzusunda doktorluq dissertasiyası üzərində
işləyir.
ŞAHBƏDDİN MUSAYEV
Şahbəddin Cabbar oğlu Musayev 1952-ci il
dekabrın 19-da Bolnisi rayonunun Saraclı kəndində
anadan olmuşdur. 1969-cu ildə Saraclı orta
məktəbinin ə’la qiymətlərlə başa vurub, həmin
ildə Bakı Dövlət Universitetinin geologiya
fakültəsinə daxil olmuşdur. 1974-cü ildə geologiya
fakültəsini fərqlənmə diplomu ilə bitirib
Şimali Qafqaz Geologiya İdarəsinə tə’yinat
almışdır.
1975-ci ildən 1985-ci ilə qədər Dövlət
Geologiya və Mineral ehtiyyatlar Komitəsində
mühəndis, şö’bə rəisinin müavini, şö’bə rəisi
vəzifələrində işləmişdir. 1985-1990-cı illərdə
Sovetlər İttifaqının "Zarubejnıgeologiya"
birliyinin Əlcəzair, Liviya, Nigeriya
ölkələrində fəaliyyət göstərən "Saxara"
kontraktında baş geoloq vəzifəsində
çalışmışdır. 1984-cü ildə "Kiçik Qafqazın Mərkəzi
hissəsinin filizliliyinin perspektivliyi"
mövzusunda namizədlik dissertasiyası müdafiə
etmiş, elmlər namizədi elmi dərəcəsi almışdır.
50-yə yaxın elmi məqalənin və elmi-texniki
hesabatların müəllifidir. 1993-cü ildən
"Azərqızıl" Dövlət Şirkətinin baş geoloqu
işləyir. 1989-cu ildən Birləşmiş Millətlər
Təşkilatının "Təbii resursların" öyrənilməsi
üzrə inkişaf proqramının ekspertlər qrupunun
üzvüdür.
Şahbəddin Musayev 10 ittifaq və
respublika konfranslarının iştirakçısı olmuş,
məqalələr çap etdirmişdir.
ŞƏMİSTAN HƏSƏNLİ
Şəmistan Mahmud oğlu Həsənli 1939-cu
ildə Bolnisi rayonunun Aşağı Qoşakilsə kəndində
anadan olmuşdur. 1953-cü ildə kənd məktəbinin 8-ci
sinfini bitirdikdən sonra təhsilini Arıxlı orta
məktəbində davam etdirmişdir. 1956-cı ildə
Azərbaycan Dövlət Universitetinin fizika
fakültəsinə daxil olmuşdur. 1957-ci ildən
təhsilini Leninqrad (indiki Sankt-Peterburq)
Universitetinin fizika fakültəsində davam
etdirmiş və 1962-ci ildə oranı bitirmişdir. İlk
əmək fəaliyyətinə Sovet Hərbi Dəniz donanmasına
aid olan "Morfizpribor" elmi-tədqiqat
institutunda başlamışdır. 1967-ci ildə Leninqrad
Fizika-texniki institutuna aspiranturaya daxil
olmuş, 1971-ci ildə dissertasiya müdafiə etmiş
fizika-riyaziyyat elmləri namizədi elmi
dərəcəsinə layiq görülmüşdür. 1971-1990-cı illərdə
Leninqrad Politexnik Universitetinin "Fiziki
polimerlər və dielektriklər" kafedrasında
pedaqoji fəaliyyətlə bərabər elmi tədqiqat
işləri ilə də məşğul olmuşdur. Hal-hazırda
Azərbaycan EA Fizika İnstitutunda aparıcı elmi
işçi işləyir. Elmi-tədqiqat işləri ilə bərabər
müxtəlif özəl universitetlərdə dərs deyir. İran
İslam respublikasının Təbriz üniversiteti ilə
birgə elmi-tədqiqat işləri ilə bərabər yerli
aspirantların hazırlanmasında fəal iştirak
edir. 80-dən çox elmi əsər və məqalələrin və 6
ixtiranın müəllifidir. Məqalələrinin
əksəriyyəti keçmiş SSSR-in mərkəzi
jurnallarında, Türkiyə və Almaniyada çıxan
jurnallarda çap edilmişdir. İran İslam
respublikasının Təbriz, İsfahan, Pakistan İslam
respublikasının İslamabad şəhərlərində
keçirilən elmi konfranslarda məqalələrlə
iştirak etmiş və konfransın materiallarında çap
edilmişdir.
Hazırda güclü mühərrik və
generatorları, transformatorları, elektrik
stansiyalarını, məişət avadanlaqlılarını
kommutasiya cərayanlarından, ildırım çaxmadan
qorumaq üçün yaradılan cihazın üzərində
fəaliyyət göstərir, ilk sınaq nümunələrinin
müəllifidir.
ŞƏMSİ BAYRAMLI
Şəmsi Paşa oğlu Bayramlı 1937-ci ildə
Borçalının Aşağı Qoşakilsə kəndində anadan
olmuşdur.
Şəmsi Bayramlı 1945-1952-ci illərdə
Qoşakilsə kənd 8 illik məktəbində oxumuşdur. O,
məktəbi ə’la qiymətlərlə bitirdikdən sonra
1952-ci ildə Marneuli Dövlət Pedaqoji Texnikumuna
daxil olmuş və texnikumu 1956-cı ildə fərqlənmə
diplomu ilə bitirmişdir. Elə həmin ildə
Azərbaycan Dövlət Pedaqoji İnstitutunun
kimya-biologiya fakültəsinə qəbul olunmuşdur.
1961-ci ildə institutu fərqlənmə diplomu ilə
bitirdikdən sonra Azərbaycan Elmlər
Akademiyasının Qeyri-Üzvi və Fiziki Kimya
İnstitutuna (QÜFKİ) işə qəbul olunmuş və uzun
müddət bu institutda görkəmli alim, Akademik
Həbib Şahtaxtlının rəhbərliyi altında elmi
tədqiqat işlərilə məşğul olmuşdur.
Şəmsi Bayramlı 1964-1966-cı illərdə
institutun aspiranturasında oxumuşdur. O, 1969-cu
ildə "Alunit filizinin kompleks e’malı zamanı
qələvi metal sulfatlarının çıxarılması
şəraitinin tədqiqi" mövzusunda dissertasiya
müdafiə edərək kimya elmləri namizədi elmi
dərəcəsinə layiq görülmüşdür. O, institutda 1969-cu
ildən kiçik elmi işçi, 1973-1978-ci illərdə baş elmi
işçi, 1979-1986-cı illərdə isə laboratoriya müdiri
vəzifələrini tutmuşdur. 1977-ci ildə Şəmsi
Bayramlı Azərbaycan EA Rəyasət Hey’ətinin
qərarı ilə Moskva İdarəetmə İnstitutu yanında
xüsusi fakültənin 1 illik ixtisaslaşdırma
kursunda oxumağa göndərilmiş, həmin kursu ə’la
qiymətlərlə başa vurduqdan sonra
müvəffəqiyyətlə diplom işi müdafiə edərək "Elmi
tədqiqatların idarə olunmasının təşkili"
ixtisası üzrə müvafiq diplom almışdır.
QÜFKİ-də işlədiyi illərdə o, Müdafiə
Şurasının üzvü və elmi katibi, Poliqrafiya və
Kitab Ticarəti üzrə SSRİ Dövlət Komitəsi
"Kimya" nəşriyyatının Azərbaycan üzrə
Redaksiya Hey’ətinin üzvü və elmi katibi, habelə
Azərbaycan EA Rəyasət Hey’əti yanında "Ovuntu
metallurgiyası" Koordinasiya Şurasının elmi
katibi vəzifələrini icra etmişdir.
Şəmsi Bayramlı 1987-ci ildə Azərbaycan
EA Kosmik Tədqiqatlar Elm İstehsalat Birliyində
işə keçərək orada 1991-ci ilin axırınadək elmi
fəaliyyətini davam etdirmişdir.
1992-ci ildən Şəmsi Bayramlı Azərbaycan
Respublikası Dövlət Hidrometeorologiya
İnstitutunda işləyir. Hazırda o, həmin
institutun elm üzrə direktor müavini vəzifəsini
daşıyır və həm də Komitənin Elmi-Metodiki
Şurasının sədr müavinidir.
ŞURƏDDİN MƏMMƏDLİ
Şurəddin Bahəddin oğlu Məmmədli 1956-cı
ildə Bolnisi rayonunun Kolayır kəndində anadan
olmuşdur.
1963-cü ildə kənd orta məktəbini 1-ci
sinfinə getmiş, 1973-cü ildə həmin məktəbi bitirmiş
və A.S. Puşkin adına (indiki S.S. Orbeliani adına)
Tbilisi Dövlət Pedaqoji Universitetinin
filologiya fakültəsinə daxil olmuşdur. 1977-ci
ildə həmin fakültəni bitirib əmək fəaliyyətinə
başlamışdır.
1977-ci ildən Gürcüstan Dövlət
Televiziya və Radio Verilişləri Komitəsində
tərcüməçi, 1984-cü ildən "Sovet Gürcüstanı"
(indiki "Gürcüstan") qəzeti redaksiyasında
müxbir, mədəniyyət və ədəbiyyat şö’bəsinin
müdiri işləmişdir. Hazırda "Gürcüstan" qəzeti
redaksiyasında şö’bə müdiri işləməklə yanaşı,
həm də Tbilisi Dövlət Pedaqoji Universitetində,
Tbilisi Humanitar Universitetində, Gürcüstan
Dövlət Teatr İnstitutunda, Tbilisi Cümə məscidi
nəzdindəki mədrəsədə mühazirələr oxuyur.
1988-ci ildə Azərbaycan EA Nizami adına
Ədəbiyyat İnstitutunda "XIX əsr gürcü
mətbuatında Azərbaycan ədəbiyyatı məsələləri"
mövzusunda dissertasiya müdafiə edərək,
filologiya elmləri namizədi elmi dərəcəsi
almışdır. Hazırda "Borçalı ədəbi mühiti:
qaynaqları, təşəkkülü, inkişafı (1920-ci ilə
qədər)" mövzusunda doktorluq dissertasiya işini
tamamlamışdır.
Şurəddin Məmmədlinin elmi və pedaqoji
fəaliyyəti 100 elmi, elmi-publisistik
materiallarda, o cümlədən: 6 kitab, bir neçə dərs
vəsaiti və metodiki göstərişdə öz əksini
tapmışdır.
Şurəddin Məmmədli bu müddətdə
beynəlxalq, keçmiş ittifaq və respublika
səviyyəli kofranslarda iştirak etmişdir.
TAPDIQ ƏHMƏDOV
Tapdıq Qurbanəli oğlu Əhmədov 1934-cü il
sentyabr ayında Borçalı mahalının Bolus
nümayəndəliyinin Babakişilər kəndində
(Musopriani) anadan olmuşdur. 1941-ci ildə orta
məktəbin 1-ci sinfinə getmiş, 1953-cü ildə məktəbi
bitirmiş və Azərbaycan Dövlət
Universitetitetinin fizika-riyaziyyat
fakültəsinə daxil olmuşdur. 1958-ci ildə ADU-da ali
təhsilini başa vurmuş, aspiranturaya daxil
olmuşdur. 1964-cü ildə aspiranturada təhsilini
başa vuraraq namizədlik dissertasiyası müdafiə
etmişdir. Tapdıq Əhmədov aspirant dövründən
Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda
çalışır. 1967-ci ildə institutunun riyaziyyat
kafedrasında dosent vəzifəsinə seçilmişdir.
Tapdıq Əhmədov keçmiş ittifaqın və
respublikanın bir sıra ali məktəblərində və elm
ocaqlarında keçirilən 20-ə yaxın konfrans və
müşavirələrdə yaxından iştirak edərək, elmi
məqalələr çap etdirmişdir. Tapdıq Əhmədovun elmi
əsərləri əsasən Bakıda, Dağıstanda və Moskva
şəhərində çap olunmuşdur. Tapdıq Əhmədov hazırda
Azərbaycan Dövlət İqtisad Universitetində
Riyaziyyat kafedrasında dosent kimi
elmi-pedaqoji fəaliyyətini davam etdirir.
TARİYEL HÜSEYNOV
Tariyel Nəbi oğlu Hüseynov 1943-cü ildə
Bolnisi rayonunun Saraclı kəndində anadan
olmuşdur.
1950-ci ildə Saraclı kənd orta
məktəbinin 1-ci sinfinə getmiş, 1960-cı ildə həmin
məktəbi gümüş medalla bitirmişdir. 1965-ci ildə
Azərbaycan Politexnik İnstitutunda
maşınqayırma texnologiyası, metalkəsən
dəzgahlar və alətlər ixtisası üzrə təhsilini
başa vurmuşdur.
1966-1969-cu illərdə böyük mühəndis
vəzifəsində, 1969-1980-ci illərdə AzTU-da assistent,
1980-1993-cü illərdə baş müəllim işləmişdir. 1992-ci
ildə Moskvada Avtomexanika İnstitutunda
"Mexaniki və Fiziki-Texniki emal prosesləri
dəzgah və alət" ixtisası üzrə namizədlik
dissertasiyası müdafiə etmişdir. 1993-cü ildə
həmin kafedranın dosenti seçilmişdir.
Tariyel Hüseynov işlədiyi bu müddət
ərzində beynəlxalq və respublika səviyyəli 10-dan
artıq konfranslarda çıxış etmiş, məqalələr çap
etdirmişdir. Onun elmi və pedaqoji fəaliyyəti 20
elmi əsərdə və bir neçə metodiki göstərişdə öz
əksini tapmışdır.
Tariyel Hüseynov hal-hazırda
Azərbaycan Texniki Universitetində dosent
vəzifəsində elmi-pedaqoji fəaliyyətini davam
etdirir.
TAHİR MƏSİMOV
Tahir Xuda oğlu Məsimov 1949-cu ildə
Borçalının Bolnisi rayonunun Sarallar kəndində
anadan olmuşdur.
1956-cı ildə Bolnisi şəhər orta
məktəbinin 1-ci sinfinə getmiş, 1966-cı ildə həmin
məktəbi bitirmişdir.
1966-1967-ci illərdə Azərbaycan Dövlət
Universitetinin (indiki BDU-nun) şərqşünaslıq
fakültəsinə qiymət balının çatışmamazlığı
nəticəsində daxil ola bilməmiş, bir müddət Bakı
neft-maşınqayırma zavodunda əmək fəaliyyətinə
başlamışdır.
1968-ci ildə indiki ADPU-nun psixologiya
və pedaqoqika fakültəsinin axşam şö’bəsinə
daxil olsa da müəyyən səbəblərdən təhsilini
davam etdirə bilməmişdir.
1971-ci ildə BDU-nun filologiya
fakültəsinə daxil olmuş və 1976-cı ildə həmin
fakültəni fərqlənmə diplomu ilə başa vurmuşdur.
İki il müəllim iqlədikdən sonra, 1978-ci ildə
Azərbaycan EA Nizami adına Ədəbiyyat
İnstitutunun aspiranturasına qəbul olmuş, 1985-ci
ildə namizədlik dissertasiyası müdafiə edərək
filologiya elmləri namizədi elmi dərəcəsinə
layiq görülmüşdür.
Tahir Məsimov 1978-1990-cı illərdə
Ədəbiyyat İnstitutunda baş laborant, kiçik elmi
işçi, elmi işçi və baş elmi işçi vəzifələrində
çalışmışdır.
1987-1991-ci illərdə SSRİ EA M.Qorki adına
ədibiyyat İnstitutunda doktoranturada oxumuş,
1991-ci ildə Bakıya qayıtmış və Azərbaycan Elmlər
Akademiyasının Nizami adına İnstitutunda elmi
fəaliyyətini davam etdirmişdir.
Tahir Məsimovun elmi fəaliyyəti 30 elmi
və elmi-publisistik məqalədə və 1 monoqrafiyada
öz əksini tapmışdır. O, 10 ittifaq və respublika
səviyyəli elmi konfranslarda iştirak etmiş,
məqalələr çap etdirmişdir.
Tahir Məsimov elmi fəaliyyətlə yanaşı
respublikanın ictimai-siyasi həyatında da fəal
iştirak edir.
TEYMUR İBRAHİMOV
Teymur Mustafa oğlu İbrahimov 1944-cü
ildə Bolnisi rayonunun Gibircik kəndində anadan
olmuşdur. 1960-cı ildə həmin rayonun Darvaz orta
məktəbini bitirmişdir. 1961-ci ildə Azərbaycan
Kənd Təsərrüfatı İnstitutunun "Kənd
təsərrüfatının mexanikləşdirilməsi"
fakültəsinə qəbul olunmuşdur. 1963-cü ildə hərbi
xidmətə getmiş və 1966-cı ildə tərxis olunmuşdur.
1969-cu ildə institutu müvəffəqiyyətlə bitirmiş,
mühəndis-mexanik ixtisası almışdır.
Tə’yinatla Göyçay rayonunda kənd
təsərrüfatının mexanikləşdirilməsi
texnikumunda müəllim işləmişdir. 1970-ci ildə
Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının
Mexanikləşdirilməsi institutunun nəzdində
aspiranturaya daxil olmuşdur. Aspiranturanı
bitirdikdən sonra həmin institutda kiçik və baş
elmi işçi vəzifələrində işləmişdir.
Dissertasiya işini 1981-ci ildə
müvəffəqiyyətlə müdafiə edərək texnika elmləri
namizədi elmi dərəcəsi almışdır.
Dissertasiya işinin dəyərli elmi
nəticələri respublikamızın dağlıq rayonlarının
təsərrüfatlarında tətbiq olunmuş və Volqoqrad
traktor zavodunda dağ yamacları üçün
traktorların yaradılmasında istifadə
edilmişdir.
Teymur İbrahimov hal-hazırda
Azərbaycan Dövlət Kənd Təsərrüfatı
Akademiyasının kənd təsərrüfatı maşınları
kafedrasında dosent vəzifəsində çalışır. O, 65
elmi və metodiki əsərlərin, o cümlədən 8
ixtiranın müəllifidir. İxtiralarından birinə
Bolqarıstan Xalq Respublikasında müəlliflik
şəhadətnaməsi verilmişdir. Onun elmi və metodiki
əsərləri tədris prosesində tələbələr tərəfindən
geniş istifadə olunur.
Teymur İbrahimov bir sıra beynəlxalq
konfransların iştirakçısı olmuş və məqalələr
çap etdirmişdir.
TEYMUR QARA (QARAYEV)
Teymur Əsəd oğlu Qarayev 1948-ci il
iyunun 2-də Bolnisi rayonunun Aşağı Güləver
kəndində anadan olmuşdur. 1955-1963-cü illərdə
doğulduğu kənddə 8 illik təhsil almış, 1963-1966-cı
illərdə Darvaz kənd orta məktəbində orta
təhsilini tamamlamışdır.
1966-1970-ci illərdə A.S. Puşkin adına
Tbilisi Dövlət Pedaqoji İnstitutunun Azərbaycan
dili və ədəbiyyatı fakültəsində oxumuş, ali
təhsilli filoloq ixtisası üzrə diplom almışdır.
1970-1971-ci illərdə Aşağı Güləver kənd 8 illik
məktəbində müəllimlik etmişdir. 1974-cü ilin
sentyabrından Azərbaycan Elmlər Akademiyası
Nəsimi adına Dilçilik İnstitutunun "Türk
dillərinin müqayisəli tədqiqi" şö’bəsində işə
başlamışdır.
1975-1978-ci illərdə SSRİ Elmlər
Akademiyası Şərqşünaslıq İnstitutunun
Leninqrad bölməsindəki "Türk-monqol"
kabinetində akademik A.N. Kononovun aspirantı
olmuşdur. 1981-ci ildə "Gürcüstan ərazisinin
Azərbaycan şivələrindəki qədim türk sözlərinin
tarixi-linqvistik təhlili" mövzusunda
namizədlik dissertasiyası müdafiə etmişdir.
1982-ci ildən dil tarixi problemləri
üzrə işləyir. 1983-1984-cü illərdə radio dalğalarında
səslənən "Bulaq" verilişinin müəlliflərindən
biri olmuşdur. 60-dan çox bədii, elmi mövzulu
məqalənin müəllifidir. Teymur Qaranın çap
olunmuş 45 elmi əsəri bilavasitə Türk və
Türkçülüyün tarixinə aiddir. Hal-hazırda "Dil
tarixi" şö’bəsində böyük elmi işçi vəzifəsində
çalışır.
TEYMUR İSMAYILOV
Teymur İsmayıl oğlu İsmayılov Bolnisi
rayonunun Senebi kəndində anadan olmuşdur.
1971-ci ildə Akaurt kəndində orta
məktəbi bitirmişdir. Sonra Rustavi metaləritmə
zavodunda fəhlə işləmiş, 1973-1975-ci illərdə hərbi
xidmətdə olmuşdur. Hərbi xidmətdən tərxis
olunduqdan sonra Bolnisi meşə təsərrüfatında
fəhlə işləmişdir. 1975-ci ildə H.Zərdabi adına
Kirovobad (indiki Gəncə) Dövlət Pedaqoji
İnstitutunun kimya-biologiya fakültəsinin
hazırlıq şö’bəsinə daxil olmuş, 1981-ci ildə həmin
fakültədə təhsilini başa vurmuşdur. Tə’yinatla
İmişli rayonunun Qaralar kənd orta məktəbində
müəllim işləmişdir. 1982-ci ildə Ucar rayonunun su
idarəsində kimyaçı-mühəndis işləmiş, 1983-cü ildə
Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq
İnstitutunun aqrokimya ixtisası üzrə
aspiranturasına daxil olmuşdur.
1984-cü ildə həmin İnstitutunun
aqrokimya və torpaqşünaslıq şö’bəsində kiçik
elmi işçi, 1988-ci ildən 1990-cı ilədək Azərbaycan
Dövlət Kənd Təsərrüfatı Akademiyasında
assistent işləmişdir.
1990-cı ildə aqrokimya ixtisası üzrə
namizədlik dissertasiyasını müdafiə edərək kənd
təsərrüfatı elmləri namizədi elmi dərəcəsini
almışdır.
25 elmi əsərin müəllifidir. Hazırda
"Azotlu gübrələrin kənd təsərrüfatı
bitkilərindən ekoloji təmiz, yüksək və
keyfiyyətli məhsul əldə etməyə və ekoloji
şəraiti yaxşılaşdırmağa tə’siri" adlı
doktorluq işi üzərində elmi axtarışlar aparır.
TENGİZXAN MUSAYEV
Tengizxan Namaz oğlu Musayev 1951-ci
ildə Bolnisi rayonunun İncəoğlu kəndində anadan
olmuşdur.
1959-cu ildə İncəoğlu kənd 8 illik
məktəbinə getmiş, 1969-cu ildə isə Kəpənəkçi
(Kvemo-Bolnisi) kənd orta məktəbini bitirmişdir.
1969-cu ildə Azərbaycan Politexnik
İnstitutunun qiyabi şö’bəsinə daxil olmuş,
həmin ildən də əmək fəaliyyətinə başlamışdır.
Ordu sıralarında xidmət etmişdir.
1978-ci ildə Azərbaycan İnşaat
Mühəndisləri institutunun əyani
aspiranturasına daxil olmuş, 1982-ci ildə
namizədlik dissertasiyası müdafiə etmişdir.
Tengizxan Musayev 1982-ci ildən 1993-cü ilədək İnşaat
Mühəndisləri İnstitutunun yol inşaat
fakültəsində müəllim, baş müəllim və dosent
vəzifələrində işləmişdir. Onun 20-ə yaxın elmi
əsəri çap olunmuşdur.
Tengizxan Musayev Beynəlxalq, ittifaq
və respublika səviyyəli 10-dan çox konfransda
çıxış etmiş, məqalələr çap etdirmişdir.
O, institutun yol-inşaat fakültəsi
yerli komitəsinin və gənc alimlər şurasının
sədri olmuşdur.
Tengizxan Musayev 1993-cü il fevralın
27-də Bakı şəhərində vəfat etmişdir.
TOFİQ MƏMMƏDOV
Tofiq Oruc oğlu Məmmədov 1948-ci ildə
Bolnisi rayonunun Darvaz kəndində qulluqçu
ailəsində anadan olmuşdur. 1965-ci ildə Darvaz kənd
orta məktəbini bitirdikdən sonra ADU-nun
biologiya fakültəsinə daxil olmuşdur. 1970-ci ildə
universiteti bitirdikdən sonra Azərbaycan SSR
EA-nın Genetika və seleksiya İnsitutunda baş
laborant kimi əmək fəaliyyətinə başlamışdır.
Həmin ilin dekabr ayında ADU-nun biologiya
fakültəsinin zəmanəti ilə EA-nın Zoologiya
İnstitutunda Heyvanların genetikası
laboratoriyasına istehsalatdan ayrılmaqla
aspiranturaya daxil olmuşdur. Aspiranturanı
bitirdikdən sonra həmin laboratoriyada elmi
işçi işləmişdir. 1978-ci ildə "Azərbaycanın ev və
vəhşi boru buynuzlularının müqayisəli
karnologiyası (sitotaksonomiya və təkamül
istiqamətlərində) " mövzusunda dissertasiya
müdafiə edərək biologiya elmləri namizədi elmi
dərəcəsi almışdır.
1979-cu ildə həmin institutda baş elmi
işçi vəzifəsini icra etmişdir. 1985-ci ildə
Azərbaycan Respublikası Müəllimlərin
təkmilləşdirilməsi institutunda yeni
yaradılmış kafedraya baş müəllim tə’yin
olunmuşdur. 1991-ci ildə müsabiqə yolu ilə
Azərbaycan Dövlət Tibb Universitetinin tibbi
biologiya və genetika kafedrasına müəllim
seçilmişdir. Hazırda həmin kafedrada baş
müəllimdir.
Bu müddət ərzində 10-dan çox mö’təbər
elmi konfranslarda mə’ruzələrlə çıxış etmişdir.
1974-cü ildə Birinci Beynəlxalq ternoloqlar
(məməli heyvanları öyrənən elm) konqresində,
1978-ci ildə Moskvada keçirilən XIV Beynəlxalq
genetiklər konqresində və bir çox ümumittifaq və
respublika səviyyəli simpozium və konfranslarda
çıxış etmişdir. Elmi işləri məməli heyvanların
xromosom kompleksinin analizi əsasında təkamül
və əhliləşdirmə məsələlərinin öyrənilməsinə
həsr edilmişdir. Elmdə ən böyük uğuru ev
qoyunlarının əcdadının və əhliləşdirilmə
yerinin dəqiqləşdirilməsidir. Belə ki, Tofiq
Məmmədovun tədqiqatlarına kimi ev qoyunlarının
əcdadı Orta Asiya Dağlıq rayonlarında yaşayan
vəhşi qoyun - arxar hesab olunurdusa, o, sübut
etmişdir ki, arxar ev qoyunlarının
əhlləşdirilməsi prosesində iştirak etməmişdir.
Dünyada mövcud olan bütün qoyun cinslərinin
hamısı eyni mənşəlidir, belə ki, cinslərin
morfoloji cəhətdən bir-birilərindən kəskin
fərqlənmələrinə baxmayaraq onların xromosom
kompleksləri eynidir.
Tofiq Məmmədov ev və vəhşi qoyunlardan
başqa keçilərin, donuzların, iribuynuzlu
qaramalın və s. bir çox digər məməli heyvanların
xromosom yığımlarını öyrənərək onların mənşəyi
və tarixi inkişafı haqda fikirlərini 30-dan çox
elmi məqalələrdə çap etdirmişdir.
|