Ağbulaq     Baş keçid     Borçalı     Qarayazı     Dağ Borçalı     Qaraçop     Tiflis     Çoruk Qəmərli  
Coğrafiyası
Etimologiyası
Kəndləri
Nəqliyyatı
Tarixi
Demoqrafik quruluşu
Sənaye və kənd təssərrüfatı
Torpaq fondu
Maarifin inkişafı
Türk Pedaqoji Texnikomları
Adət ənənələri
Ədəbi mədəni əlaqələri
İctimai siyasi durum
Borçalı ziyalıları dövlət və hökümət orqanlarında
Öndər adamları
Akademik və müxbir üzvləri
Elmlər doktorları
Elmlər namizədləri
Həkimlər
El ağsaqqalları
Generallar
Hüquqsunaslar
Tarixi qəhrəmanlar
Rəssamlar
Memarlar
İncəsənət xadimləri
Jurnalistlər
Aşıq folklor örnəkləri
El sənətkarları
Xeyriyyəçilər
İdmançılar
Şəhidlər
Yaylaqlar
Xəritələr
Şəkillər
 

The Project is accomplished by the assistance of the Bureau of Educational and Cultural Affairs of the U.S. Department of State and International Research & Exchanges Board

Səhifənin yaradılmasında göstərdiyi köməkliyə görə Məmməd Sarvana təşəkkür edirik

ELMLƏR DOKTORLARI

ÇORUK QƏMƏRLİ (BOLNİSİ) BÖLGƏSİ

[A-Ə] [F-N] [O-Z]

ORUC PİRİYEV

Oruc Bayram oğlu Piriyev 1921-ci il 25 dekabrda Borçalı mahalının Faxralı kəndində anadan olmuşdur. Orta məktəbi 1938-ci ildə indiki Bolnisi rayonunun Faxralı kəndində bitirmişdir. 1940-ci ildə Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsinə daxil olmuşdur. Müharibə dövründə təhsilini yarımçıq qoymuş, könüllü surətdə cəbhəyə getmişdir. Cəbhədə göstərdiyi şücaətlərə görə orden və medallarla təltif edilmişdir. Müharibədən təxris olunduqdan sonra təhsilini Moskva Dövlət Universitetində davam etdirmişdir. 1955-ci ildə həmin universitetdə dissertasiya müdafiə edib, tarix elmləri namizədi elmi dərəcəsi almışdır. 1961-ci ildə doktorluq dissertasiyasını müdafiə etmişdir. 1960-cı ildən ömrünün sonuna kimi N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun partiya tarixi kafedrasında dossent və kafedra müdiri vəzifələrində çalışmışdır. Bu dövürdə onun pedaqoji fəaliyyəti İnstitutun rəhbərliyi tərəfindən yüksək qiymətləndirilmiş-ona "Əməkdar ali məktəb işçisi" fəxri adı verilmişdir.

Oruc Piriyevin elmi və pedaqoji fəaliyyəti 30 elmi məqalədə, 3 kitabda və bir neçə dərs vəsaiti və metodik göstərişdə öz əksini tapmışdır.

Oruc Piriyev 1997-ci il dekabrın 15-də vəfat etmişdir.

 

ŞAMİL QURBANOV

Şamil Dünyamalı oğlu Qurbanov 1934-cü il may ayının 10-da Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. 1955-ci ildə bu kənddə 11 illik orta məktəbi bitirmiş və həmin ildə ADU-nun (indiki BDU-nun) jurnalistika şö’bəsinə daxil olmuşdur. Universiteti fərqlənmə diplomu ildə bitirmiş və "Azərbaycan məktəbi" jurnalında ədəbi işçi kimi fəaliyyətə başlamışdır. 1961-ci ildə universitetin jurnalistika fakültəsində baş laborant işləmişdir. 1962-ci ildə Şamil Qurbanov Azərbaycan ədəbiyyatı tarixi kaefdrası üzrə aspiranturaya qəbul olmuş və 1965-ci ildə "Zaqafqaziya rus dilli mətbuatında Azərbaycan ədəbiyyatı (1905-1917)" mövzusunda dissertasiyanı vaxtından əvvəl müdafiə etmiş və filologiya elmləri namizədi elmi dərəcəsi almışdır. Müdafiədən sonra o, "Bakı" və "Baku" qəzetlərində ədəbiyyat şö’bəsinin müdiri işləmişdir. 1968-ci ildə yenidən universitetə qayıtmış və "Azərbaycan dili və onun tədrisi metodikası" kafedrasında dosent işləmiş, Azərbaycan dilindən dərs demişdir. 1971-ci ildə Rus ədəbiyyatı tarixi kafedrasına keçmiş və rus ədəbiyyatından mühazirə oxumağa başlamışdır. 1973-cü ildən Türk və Şərqi slavyan xalqları ədəbiyyatı kafedrasına (o zaman "SSRİ xalqları ədəbiyyatı" kafedrası adlanırdı) keçmiş və həmin kafedrada dosent, professor işləmişdir. 1989-cu ildən bu kafedranın müdiridir.

1975-ci ildə "XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycan-rus ədəbi əlaqələri" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş, filologiya elmləri doktoru elmi dərəcəsi almışdır.

Şamil Qurbanov Azərbaycan ədəbiyyatında yeni səhifələr açmış, indiyə qədər mə’lum olmayan və ya az mə’lum olan şəxsiyyətləri üzə çıxarmışdır. Bunlar Hüseyn Minasazov, Rəhimbəy Məlikov, Məmməd Qarayev, Həmzətbəy Qəbulov, Şirvanski, Sona xanım Axundova, Kərim Yaycılı və başqalarıdır. Onun Əlibəy Hüseynzadə, Əhmədbəy Ağaoğlu, M.Ə.Rəsulzadə haqqında da dərin tədqiqat əsərləri vardır.

Onun ən böyük ədəbi xidməti Ömər Faiq Ne’manzadə və Şeyx Cəmaləddin Əfqani haqqında tədqiqatlarıdır. Bunların hərəsi haqqında məqalələrdən əlavə 4-5 kitab nəşr etdirmişdir, onların böyük xidmətləri şərh olunmuşdur.

1978-ci ildən 1992-ci ilə qədər doktorluq elmi dərəcəsi verən Elmi şuranın elmi katibi işləmişdir. 1981-1992-ci illərdə filologiya fakültəsinin qiyabi və axşam şö’bəsinin dekanı olmuşdur. Şamil Qurbanov 10-dan çox beynəlxalq simpozium və konfranslarda (Ankara, Bursa, Tehran,. Bağdad, İsfahan, Moskva, Tbilisi, Daşkənd və Düşənbə) iştirak etmiş, Daşkənd və Tbilisi ali məktəblərində Azərbaycan ədəbiyyatından dərs demişdir. Şamil Qurbanov 1980-ci ildən BDU-nun professorudur.

22 kitabın, 300-dən çox məqalənin müəllifidir. Məqalələri İran, İraq, Türkiyə, Gürcüstan və s. ölkələrdə çap olunmuşdur. 1995 və 2000-ci ildə majoritar yolla Bakı şəhərinin Nizami rayonundakı 12 saylı seçki dairəsindən Milli Məclisə deputat seçilmişdir. O, hazırda Bakı Dövlət Universitetinin "Türk və Şərqi slavyan xalqları ədəbiyyatı" kafedrasının müdiridir, millət vəkili kimi respublika Parlamentində fəal iştirak edir.

 

ŞƏMİSTAN MİKAYILOV

Şəmistan Abdu oğlu Mikayılov 1929-cu ilin oktyabr ayında Borçalı mahalının Faxralı kəndində anadan olmuşdur. İbtidai sinfə doğma Faxralı kəndində getmiş, 1944-1945-ci tədris ilində məktəbin 10-cu sinfində təhsilini davam etdirmiş, lakin riyaziyyat, fizika və kimya müəllimləri olmadığı üçün buraxılış imtahanı götürülməmişdir. Bu səbəbdən ona orta təhsil haqqında sənəd verilməmişdir.

Şəmistan Mikayılov X sinifdə oxuduğu barədə arayışla Marneulli qəsəbəsində fəaliyyət göstərən Borçalı Türk Pedaqoji Texnikumunun son kursuna daxil olmuşdur. 1947-ci ildə Pedaqoji Texnikumu bitirdikdən sonra tə’yinatla doğma Faxralı orta məktəbinə sinif müəllimi tə’yin olunmuşdur.

1948-ci ilin avqust ayında Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsinin məntiq-psixologiya şö’bəsinə daxil olmuşdur. Ə’la qiymətlərlə Universiteti bitirmiş, tə’yinatla Faxralı kənd orta məktəbində məntiq psixologiya və ədəbiyyat müəllimi kimi pedaqoji fəaliyyətə başlamışdır. 1958-ci ilin payızında Azərbaycan Elmi-Tədqiqat Pedaqogika İnstitutunda (indiki ETPEİ-nin) ədəbiyyatın tədrisi metodikası üzrə aspiranturaya daxil olmuşdur. Şəmistan Mikayılov prfessor Əliyar Qarabağlının elmi rəhbərliyi ilə "V-VIII siniflərdə ədəbiyyat nəzəriyyəsi anlayışlarının öyrədilməsi" mövzusunda namizədlik dissertasiyasını tamamlayıb, 1963-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU-nun) elmi şurasında müdafiə etmiş və elmi dərəcə almışdır. Şəmistan Mikayılov tədris metodikası probleminə dərindən nüfuz etmək məqsədilə Bakının 31 saylı məktəbində (ETPEİ-nin baza məktəbi) ədəbiyyat nəzəriyyəsi üzrə fakültativ kurs aparmış, Naxçıvanda, Bakıda, Yerevanda ədəbiyyat müəllimlərinin təkmilləşdirmə kurslarında mühazirələr oxumuşdur. Şəmistan Mikayılov namizədlik dissertasiyasını müdafiə etdikdən sonra on il ardıcıl olaraq tədqiqat aparmış və 1974-cü ildə doktorluq dissertasiyası müdafiə edib, filologiya elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür.

1974-1975-ci illərdə Şəmistan Mikayılov ETPEİ-də ədəbiyyatın tədrisi metodikası şö’bəsinə müdir tə’yin olunmuşdur.

Şəmistan Mikayılovun ədəbiyyatın tədrisi metodikası üzrə fəaliyyəti çoxşaxəli olmuşdur. "Orta məkətbdə ədəbiyyat tədrisi" kitabı böyük uğur qazanmışdır. Bu kitabın 2-ci hissəsi Ş.Mikayılovun rəhbərliyi altında 1976-cı ildə işıq üzü görmüşdür. Şəmistan Mikayılovun elmi-pedaqoji fəaliyyətinin bir istiqamətini ədəbiyyat proqramlarının təkmilləşdirilməsi təşkil etmişdir. 1977-1994-cü illər arasında ədəbiyyatdan proqram və dərsliklərin hazırlanmasına rəhbərlik etmişdir. 1995-ci ildə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sifarişi ilə ədəbiyyat üzrə test proqramı hazırlamışdır. Şəmistan Mikayılovun tədqiqatının mərkəzi xəttini ədəbiyyat nəzəriyyəsi tədrisinin nəzəri-metodik problemlərinin öyrənilməsi təşkil etmişdir. Onun "Ədbiyyat nəzəriyyəsi" kitabı hər bir orta məktəb şagirdinin və müəlliminin stolüstü kitabına çevrilmişdir. Şəmistan Mikayılovun elmi yaradıcılığı 12 proqram, 7 dərslik və dərs vəsaiti, 20-yə yaxın metodik kitab və kitabçalarda öz əksini tapmışdır. Şəmistan Mikayılovun 200-ə yaxın elmi məqaləsi çap olunmuşdur. Şəmistan Mikayılovun rəhbərliyi və oppanentliyi nəticəsində 5 nəfər elmlər doktoru, 30-a yaxın elmlər namizədi müdafiə etmişdir. O, 20-yə yaxın beynəlxalq və keçmiş SSRİ-nin mərkəzi şəhərlərində keçirilən konfranslarda yaxından iştirak etmiş və məqalələr çap etdirmişdir. Hal-hazırda ETPEİ-də direktor vəzifəsini icra edir.

 

TAHİR PƏNAHOV

Tahir Musa oğlu Pənahov 1936-cı il iyunun 10-da anadan olmuşdur. 1955-ci ildə Faxralı orta məktəbini bitirmişdir. 1960-cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsini bitirmiş və tə’yinatla Azərbaycan Politexnik İnstitutunun fizika kafedrasına işə göndərilmişdir. 1962-ci ildə Azərbaycan EA-nın Fizika İnstitutunda aspiranturaya qəbul olunmuş, maqnit hadisələri, metallar fizikası və dəqiq ərintilərin fiziki metalşünaslığı istiqamətində elmi işlər aparmış, 1966-cı ildə namizədlik dissertasiyası müdafiə etmiş, fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi almışdır. 1988-ci ildə "Nikel əsasında ikiqat və üçqat ərintilərin strukturası və fiziki xassələri" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1989-cu ildən professordur. Müxtəlif tərkibli poladların fiziki xassələrinin tədqiqi ilə əlaqədər olaraq bir neçə elmi mərkəz və zavodlarla təsərrüfat hesablı müqavilələr əsasında tədqiqat işləri aparmış, 18 elmi işinin nəticəsi istehsalata tətbiq edilmiş və böyük iqtisadi səmərə vermişdir. 40-dan çox beynəlxalq və respublika konfranslarında mə’ruzələr etmişdir. Onun 7-dən çox müəlliflik şəhadətnaməsi vardır, 150-dən çox elmi məqaləsi çap edilmişdir. 10-dan çox aspirant və tədqiqatçının elmi işlərinə rəhbərlik və opponentlik etmiş, elmlər namizədi yetişdirmişdir. Hazırda çoxkomponentli yumşaq və bərk maqnit materialların texnologiyası, struktur və fiziki xassələrinin kompleks öyrənilməsi ilə bağlı, müasir avadanlıqlarla təchiz edilmiş "Metal və ərintilərin fizikası" elmi-tədqiqat laboratoriyasına rəhbərlik edir. 1965-1993-cü illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində aspirantura, doktorantura keçmişdir. Amorf materialların texnologiyası sahəsində tədqiqatlar aparmaq üçün Budapeşt Texniki Universitetində e’zamiyyətdə olmuş və elmi mühazirələr oxumuşdur.

Son beş ildə 10-dan çox elmi konfranslarda çıxış etmişdir. AzTU-nun "metallurgiya" fakültəsində 1991-ci ildə "Metalların fizikası" ixtisasının açılmasının təşəbbüskarı olmuş və tədris planına uyğun olaraq, "Metal və ərintilərin fiziki xassələri", "Eksperimentin texnikası", "Eksperimentin təşkili", "Dəqiq ərintilərin fiziki metalşünaslığı" və s. proqramları tərtib edib çapdan çıxarmışdır. "Metal və ərintilərin fiziki xassələri", "Dəqiq ərintilərin fiziki metalşünaslığı" dərs vəsaitlərini çap etdirmişdir.

İxtisaslışdırılmış müdafiə şurasının, Universitet və fakültə elmi şuralarının üzvü olmuşdur. Bir neçə elmi yaradıcılıq Akademiyasının üzvüdür. Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutu və digər elmi mərkəzlərdə 1960-cı ildən indiyə qədər birgə elmi tədqiqat işləri aparır və təcrübə mübadilələrində iştirak edir.

 

VALEH HACIYEV

Valeh Əlipaşa oğlu Hacıyev 1951-ci ildə Bolnisi rayonunun Darvaz kəndində qulluqçu ailəsində anadan olmuşdur. Darvaz kənd orta məktəbini ə’la qiymətlərlə başa vuraraq 1968-ci ildə Azərbaycan Dövlət Pedaqoji Dillər (indiki ADDU-nun) İnstitutunun rus-Azərbaycan filologiyası fakültəsinə daxil olmuşdur. İlk elmi əsərləri və bədii yazıları da tələbəlik dövrünün məhsulları kimi məcmuələrdə və mətbuatda işıq üzü görmüşdür. Bakıda və Tbilisidə keçirilən tələbə elmi konfranslarında Azərbaycan-gürcü ədəbi əlaqələrinə dair etdiyi mə’ruzələrdə dəfələrlə birinci mükafata layiq görülmüş, gürcü və rus dillərindən poetik tərcümələri ilə diqqəti cəlb etmişdir. Odur ki, ali məktəbi bitirən kimi Azərbaycan və Gürcüstan yazıçılar İttifaqlarının zəmanətləri və İmran Qasımov, Qriqol Abaşidze, Rəsul Rza və Revaz Markianinin şəxsi təşəbbüs və qayğıları sayəsində ədəbi əlaqələr və bədii tərcümə məsələləri üzrə gənc mütəxəssis kimi Tbilisiyə göndərilmiş, 1973-cü ilin sentyabrından A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunda elmi əməkdaş, sonra isə İnstitutun Azərbaycan dili və ədəbiyyatı kafedrasının müəllimi kimi pedaqoji fəaliyyətə başlamışdır. Bədii yaradıcılığı ilə yanaşı, ədəbi əlaqələr və folklorşünaslıq sahəsində əhatəli elmi tədqiqat işləri aparmış, müxtəlif dillərdə sanballı elmi əsərlər nəşr etdirmişdir. 1985-ci ildə professor Pənah Xəlilovun rəhbərliyi ilə "Azərbaycan dilində şe’r qoşan gürcü aşıqları" mövzusunda namizədlik dissertasiyasını tamamlayıb, Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunda müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsi almış və kafedranın dosenti seçilmişdir. 1993-cü ilin fevralında Respublika EA Nizami adına Ədəbiyyat İnstitutunun İxtisaslaşdırılmış Müdafiə Şurasında "Gürcüstandakı türkdilli folklor örnəklərinin səciyyəvi xüsusiyyətləri" mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, filologiya elmləri doktoru elmi dərəcəsi almışdır. 1989-cu ilin mayında Tbilisi Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri və professor seçilmişdir. Universitetin böyük elmi şurasının və müdafiə şurasının üzvüdür. Azərbaycan-Gürcüstan dövlətlərarası münasibətlərinin formalaşmasında və inkişafında özünə məxsus xüsusi rolu vardır. Dövlətlərarası diaspora şurasının, Gürcüstan Dövlət başçısı yanında Milli Şuranın və Fəxri vətəndaşlıq verən komissiyanın üzvüdür. Gürcüstan Yazıçılar İttifaqı Azərbaycan bölməsinin mə’sul katibidir. Mö’təbər Beynəlxalq və respublika elmi simpozium və konfranslarının iştirakçısı olmuş, Azərbaycan, Gürcü, Rus və Türk dillərində çap edilmiş yüzdən çox elmi əsər və məqalənin müəllifidir. Ədəbi əlaqələr və folklorşünaslıq sahəsində Valeh Hacıyevin indiyədək 13 kitabı işıq üzü görmüşdür. 1997-ci ildə elm və təhsil sahəsindəki xidmətlərinə görə Gürcüstan Prezidenti Valeh Hacıyevə təşəkkür e’lan etmişdir. O, 2000-ci ildə Gürcüstan EA-nın həqiqi üzvü seçilmişdir.

 

VEYSƏL İSAYEV

Veysəl İlyas oğlu İsayev 1933-cü ildə Borçalının Arıxlı kəndində anadan olmuşdur. 1938-ci ildə doğma kəndinin orta məktəbinə getmiş, 1948-ci ildə isə müvəffəqiyyətlə həmin məktəbi bitirmişdir. 1949-cu ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki ADİU-nun) uçot-iqtisad fakültəsinə daxil olmuş, 1953-cü ildə həmin fakültəni fərqlənmə diplomu ilə başa vurmuşdur. 1954-cü ildə həmin İnstitutun Mühasibat Uçotu kafedrasında baş laborant, sonra isə müəllim işəlmişdir.

1954-cü ildə Moskvada K.A. Timiryazev adına Kənd Təsərrüfatı Akademiyasının Mühasibat uçotu və Statistika kafedrasında aspiranturaya daxil olmuş, 1958-ci ildə elmi işini tamamlayıb, dissertasiya müdafiə edərək elmi dərəcə almışdır. 1957-1958-ci illərdə Moskva şəhərində Ümumittifaq Elmi Tədqiqat İqtisadiyyat İnstitutunda kiçik elmi işçi işləmişdir. 1958-1962-ci illərdə Azərbaycan Xalq Təsərürfatı İnstitutunda (indiki ADİU) və Azərbaycan Neft və Kimya İnstitutunda (indiki ADNA) baş müəllim işləmişdir. 1962-ci ildən 1975-ci ilə qədər Azərbaycan ETKT İqtisadiyyatı və Təşkili İnstitutunda şö’bə müdiri işləmişdir. 1972-ci ildə mühasibat uçotu ixtisası üzrə doktorluq işini müdafiə edib, iqtisad elmləri doktoru elmi dərəcəsi almışdır. 1976-cı ildə mühasibat uçotu kafedrasının professoru seçilmişdir.

1981-ci ildən 1986-cı ilə qədər iqtisad fakültəsinin dekanı olmuşdur. 1986-1987-ci illərdə həmin kafedranın professoru, 1987-1993-cü illərdə müdiri tə’yin olunmuşdur. 1983-cü ildən 1998-ci ilə qədər mühasibat uçotu və maliyyə kafedrasında professor vəzifəsini icra etmişdir. Veysəl İsayevin elmi pedaqoji fəaliyyəti 88 elmi əsər - o cümlədən 12 monoqrafiya və bir kitabçada təmsil olunmuşdur. O, bir neçə tədris kitabını Azərbaycan dilinə tərcümə etmiş və 2 dərs vəsaitini redaktə etmişdir.

Veysəl İsayev 1998-ci ildə vəfat etmişdir.

 

VƏLİ İSMAYILOV

Vəli Aslan oğlu İsmayılov 1943-cü il yanvarın 11-də Bolnisi rayonunun Qoçulu kəndində anadan olmuşdur.

1960-cı ildə Qoçulu kənd orta məktəbini bitirmiş, Bakı Kooperativ Texnikumuna daxil olmuşdur. 1961-1962-ci tədris ilində həmin texnikumu fərqlənmə diplomu ilə bitirib Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) iqtisad fakültəsinin maliyyə iqtisad şö’bəsinə daxil olmuşdur.

1966-1967-ci tədris ilində Vəli İsmayılov Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki ADİU-nun) maliyyə-statistika fakültəsinin maliyyə-kredit şö’bəsini bitirmişdir. Həmin ildə tə’yinatla Azərbaycan Respublikası Maliyyə Nazirliyinə mütəxəssis kimi işə göndərilmişdir.

Vəli İsmayılov nazirlikdə bir müddət fəaliyyət göstərdikdən sonra, rəhbrlik onu Sumqayıt şəhər maliyyə şö’bəsinə müdir göndərmişdir. Burada 1970-ci ilə kimi işləmiş və eyni zamanda Azərbaycan Tibb İnstitutunun (indiki ATU-nun) siyasi iqtisad kafedrasında saat hesabı dərs demişdir. Pedaqoji işə olan həvəs Vəli İsmayılovu 1970-ci ildən 1985-ci ilə kimi Tibb Universitetinin siyasi iqtisad kafedrasında müəllim, baş müəllim və dosent vəzifələrində işləməyə vadar etmişdir.

1976-cı ildə "Əhalinin sağlamlığının qorunub saxlanmasının sosial və iqtisadi problemləri" adlı dissertasiya işini tamamlayıb müdafiə şurasına təqdim etmiş və həmin ildə də müdafiə edib, iqtisad elmləri namizədi elmi dərəcəsi almışdır.

1985-ci ildə Təhsil Nazirliyinin göstərişi ilə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun siyasi iqtisad kafedrasına müdir göndərilmiş, seçki yolu ilə müdir seçilmişdir.

1988-ci ildən professordur. 1990-cı ildə doktorluq dissertasiyası müdafiə etmişdir.

Vəli İsmayılovun elmi və pedaqoji fəaliyyəti 40 elmi əsərdə, o cümlədən 4 monoqrafiyada, 5 kitabda, 7 metodik göstərişdə, ümumi həcmi 100 çap vərəqindən artıq elmi əsər və hesabatlarda öz əksini tapmışdır.

Vəli İsmayılov bu müddət ərzində 10 beynəlxalq və keçmiş ittifaq, 30 respublika səviyyəli konqres və konfransların iştirakçısı olub, elmi məqalələr çap etdirmişdir.

Vəli İsmayılov hazırda Azərbaycan İnşaat Mühəndisləri Uniersitetinin Marketinq və menecment kafedrasının professorudur.

 

YAŞAR NAZİYEV

Yaşar Mövlud oğlu Naziyev 1933-cü ildə Borçalı mahalının Bolus nümayəndəliyinin (Bolnisi) Saraclı kəndində anadan olmuşdur. Orta məktəbi doğma kəndində bitirmişdir.

1952-ci ildə Azərbaycan Sənaye İnstitutuna qəbul olmuş və energetika ixtisası üzrə institutu fərqlənmə diplomu ilə başa vurmuş, Azenerji sistemində mühəndis və sonra isə orta məktəbdə müəllim işləmişdir.

1958-1961-ci illərdə Moskva şəhərində Dövlət Azot Sənayesi İnstitutunun aspiranturasında elmi işini tamamlamış və 1962-ci ildə müvəffəqiyyətlə namizədlik dissertasiyası müdafiə edib, elmi dərəcə almışdır. Səkkiz ildən sonra SSRİ EA-nın Q.M.Krjijanovski adına Energetika İnstitutunda doktorluq dissertasiyası müdafiə etmişdir.

360-dan çox elmi əsərin müəllifidir, o cümlədən 2 monoqrafiya (Moskva şəhəri), 4 dərs kitabı (Azərbaycan dilində), bir çox dərs vəsaiti və mühazirələr konspekti, 26 məqaləsi uzaq xarici ölkələrdə (ABŞ, Almaniya, Rumıniya, Türkiyə) çap olunmuşdur.

Bir çox xarici ölkələrdə keçirilən beynəlxalq simpozium və konfransların iştirakçısıdır (ABŞ, Rusiya, Almaniya, Fransa, İsveç Türkiyə və s.).

1995-ci ildə Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü seçilmiş, elm və texnika üzrə Z.Tağıyev adına mükafat almış, "Şərəf" ordeni ilə təltif edilmişdir.

5 elmlər doktoru və 30-a yaxın elmlər namizədi yetişdirmiş, respublika termodinamika sahəsində yeni elmi məktəb yaratmışdır.

IUPAC (Nəzəri və Tətbiqi Kimya üzrə Beynəlxalq Birlik) Sovet komissiyasının uzun müddət, Qroznı şəhərində ixtisaslaşdırılmış şuranın 10 il üzvü, Bakıda isə sədr müavini olmuşdur.

Azərbaycan AAK-ın ekspertidir, AzTU nəzdində olan ixtisaslaşdırılmış Müdafiə Şurasının üzvüdür. Azərbaycan Təhsil Nazirliyinin Elmi-metodik Şurasının "Energetika" bölməsinin 10 il sədri olmuşdur (1988-1998).

Bir çox dərsliklərə və kitablara redaktorluq, dissertasiyalara opponentlik etmişdir.

19 adda monoqrafiyalarda, dərsliklərdə, sorğu kitabçalarında və bir sıra elmi məqalələrdə onun əsərlərinə istinad edilmişdir.

O, sür’ətli və qeyri-stasionar üsulla işləyən yeni prisizion cihazlar işləyib hazırlayıb ki, onlar indi də keçmiş SSRİ-nin müxtəlif şəhərlərində istifadə edilir. Bə’zi ölçmə metodları üçün nəzəri məsələlərə baxmış və onları həll etmişdir.

Onun başçılıq etdiyi kafedra bir sıra xarici universitetlərlə sıx əlaqə saxlayır.

O, rus alimi İ.F.Qolubev, Hollandiya alimi Miçels, Amerika alimi Quldnerlə bir vaxtda dünyada birinci dəfə olaraq (1961) istilikkeçirmənin böhran nöqtəsi ətrafında ekstremal dəyişməsini müşahidə etmiş və onun isbatının sinqulyar hissəsinin olmasını dünyanın məşhur alimləri qəbul etmişlər.

Bir çox maye və qazlar üçün eksperimental yolla yüksək hal parametrlərində istilik-nüvə xassələrinin (sıxlıq, özlülük, istilikkeçirmə, istilik tutumu, diffuziya) tədqiq etmiş və alınan nəticələr məsləhət görülən sorğu mə’lumatları (RSD) kimi attestasiya edilmiş və xarici ölkələrin sorğu kitablarına daxil edilmişdir.

1974-cü ildən professor və 1975-ci ildən AzTU-nun "İstilik texnikası və istilik qurğuları" kafedrasının müdiridir. Kafedra nəzdində yeni elmi tədqiqat laboratoriyaları yaratmışdır.

 

ZÜLÜMXAN MUSAYEV

Zülümxan Əhməd oğlu Musayev 1937-ci ildə Borçalı mahalının Bolus rayonunun Saraçlı kəndində anadn olmuşdur. 1944-cü ildə Saraçlı kənd orta məktəbinə getmiş və həmin məktəbi 1955-ci ildə müvəffəqiyyətlə bitirmişdir. 1955-ci ildə Azərbaycan Politexnik İnstitutuna daxil olmuş, 1960-cı ildə həmin institutu fərqlənmə diplomu ilə bitirmiş və hidrotexniki qurğular kafedrasında assistent vəzifəsində saxlanmışdır. O, 1963-cü ildə kafedranın zəmanəti ilə Moskva şəhərindəki Ümumittifaq Hidrotexniki və Meliorasiya Elmi -Tədqiqat İnstitutuna aspiranturaya göndərilmişdir. 1965-ci ildə aspiranturanı vaxtından əvvəl bitirmiş və namizədlik dissertasiyasını müdafiə edib elmi dərəcə almışdır. Həmin ildə keçmiş SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyinin göndərişi ilə AzPU hidrotexniki qurğular kafedrasına işə göndərilmişdir. 1966-cı ildə o, dosent seçilmişdir. 1989-cu ildə Zülümxan Musayev Gürcüstan Energetika və Hidrotexniki Qurğular Elmi-Tədqiqat İnstitutunda "Çay hidrodüyümünün əsas qurğularının yeni konstruksiyalarının təklif edilməsi və onların nəzəri cəhətdən əsaslandırılması" mövzusunda doktorluq dissertasiyası müdafiə edib texniki elmlər doktoru elmi dərəcəsini almışdır.

1992-ci ildən professordur. Zülümxan Musayev 90 elmi məqalənin, ali məktəb tələbələri üçün dərsliyin və 10 ixtiranın müəllifidir. Onun təklif etdiyi səthi su tullayıcı, suqəbuledici qurğuların və su durulducuların yeni konstruksiyaları Azərbaycan Respublikasının su təsərrüfatı obyektlərində geniş surətdə tətbiq edilmişdir.

Hazırda Zülümxan Musayev Azərbaycan İnşaat-Mühəndisləri Universitetinin hidrotexniki qurğular və hidravlika kafedrasında professor kimi pedaqoji fəaliyyətini davam etdirir.

Copyright © 2003 Borchali