|
ELMLƏR DOKTORLARI
ÇORUK QƏMƏRLİ (BOLNİSİ) BÖLGƏSİ
[A-Ə] [F-N] [O-Z]
FAMİL ÇIRAQOV
Famil Musa oğlu Çıraqov 1958-ci il iyun
ayının 30-da Gürcüstanda Bolnisi rayonunun Qoçulu
kəndində anadan olmuşdur. 8-ci sinfə kimi doğma
kəndində təhsil almış, 9-10-cu sinifləri isə Bakı
şəhəri 5 saylı kimya-biologiya təmayüllü
internat məktəbində oxumuşdur. Kimyaya olan
həvəsi onu Bakı Dövlət Universitetinin kimya
fakültəsinə gətirib çıxarmışdır. O, 1984-cü ildə
Azərbaycan Dövlət Universitetini bitirmişdir.
1987-ci ildə Azərbaycan Respublikası EA-nın
Qeyri-Üzvi və Fiziki-Kimya İnstitutunda "Benzoy
turşusu və onun para törəmələrinin Mp(II), Ca(II), Hi(II)
komplekslərinin sintezi, quruluşu və xassələri"
mövzusunda dissertasiya müdafiə edərək kimya
elmləri namizədi elmi dərəcəsini almışdır. O,
müdafiədən sonra intensiv olaraq öz elmi işini
davam etdirmiş, 1991-ci ildə Rusiya EA Ümumi və
Qeyri-üzvi Kimya İnstitutunda doktoranturaya
qəbul olunmuşdur. O, 1999-cu ilin oktyabr ayında
dissertasiya müdafiə edərək kimya elmləri
doktoru elmi dərəcəsinə layiq görülmüşdür. Famil
Çıraqov dünya miqyaslı alim, akademik
Y.N.Zolotovun elmdə yürütdüyü bə’zi
mülahizələri öz elmi işləri vasitəsilə sübut
etmişdir. O, ilk dəfə olaraq quruluş və analitik
xassə arasında asılılığı müəyyən etmişdir. Onun
gördüyü bu elmi iş bir çox xarici ölkə
alimlərinin (Almaniya, Polşa, İspaniya, İsrail)
geniş marağına səbəb olmuşdur. O, 120-dən çox elmi
məqalənin və 3 dərslik kitabının müəllifidir.
Famil Çıraqov 10-dan çox beynəlxalq, ittifaq və
respublika simpozium və elmi konfranslarda
çıxış edib, məqalələr çap etdirmişdir. Onun
gördüyü elmi işlər dünyanın bir çox ölkələrinin
elmi mətbuatlarında dərc edilmişdir. Onun
rəhbərliyi ilə 5 elmlər namizədi müdafiə
etmişdir.
Famil Çıraqov hal-hazırda Bakı Dövlət
Universitetinin kimya kafedrasının dossentidir.
FƏRMAN GÜLMƏMMƏDOV
Fərman İbrahim oğlu Gülməmmədov 1939-cu
il noyabrın 7-də Borçalının Darvaz kəndində
anadan olmuşdur.
1947-ci ildə Darvaz kənd orta məktəbinin
birinci sinfinə getmiş, 1958-ci ildə isə həmin
məktəbi bitirmişdir.
1958-ci ildə Ukraynanın Donetsk Tibb
İnstitutuna daxil olmuş, 1964-cü ildə həmin
institutu bitirmişdir.
1971-ci ildə dissertasiya müdafiə etmiş,
tibb elmləri namizədi elmi dərəcəsini almışdır.
Fərman Gülməmmədov Donetsk vilayət
xəstəxanasının klinik-cərrahiyyə şö’bəsinin
müdiri vəzifəsində işləmişdir. 1984-cü ildə "Yoğun
bağırsaq xəstəliklərində cərrahi müalicə"
mövzusunda doktorluq dissertasiyası müdafiə
edib tibb elmləri doktoru elmi dərəcəsinə layiq
görülmüşdür.
1991-1994-cü illərdə Azərbaycanda
işləmişdir. O, Azərbaycan Elmi Tədqiqat
Qastroenterologiya İnstitutunda bağırsaq
xəstəliklərinin cərrahi əməliyyatları sahəsinə
rəhbərlik etmişdir.
1995-ci ildən Donetsk Tibb
Universitetinin ümumi cərrahlıq kafdrasının
müdiri vəzifəsində işləyir.
Fərman Gülməmmədov SSRİ tibb ə’laçısı
və Ukraynanın əməkdar elm xadimi adlarına layiq
görülmüşdür.
Onun elmi və pedaqoji fəaliyyəti 300
elmi əsərdə, 2 fundamental monoqrafiyada öz
əksini tapmışdır. Onun rəhbərliyi altında 1
doktorluq və 6 namizədlik dissertasiyası müdafiə
olunmuşdur. O bu müddət ərzində 50 beynəlxalq,
ittifaq və respublika səviyyəli konqres,
müşavirə və konfranslarda çıxış edib elmi
məqalələr çap etdirmişdir.
HƏMDULLA MEHRABOV
Həmdulla Oruc oğlu Mehrabov 1952-ci ildə
Borçalının Saraclı kəndində kolxozçu ailəsində
anadan olmuşdur. Doğma kəndindəki orta məktəbi
1969-cu ildə ə’la qiymətlərlə bitirmiş və Bakı
Dövlət Universitetinin fizika fakültəsinə qəbul
olunmuşdur.
1974-cü ildə elmi təhsilini uğurla başa
vurmuş, Azərbaycan Təhsil Nazirliyinin
göndərişi ilə "bərk cisimlər fizikası"
ixtisası üzrə Lomonosov adına Moskva Dövlət
Universitetinin məqsədli aspiranturasına qəbul
olmuşdur. Dünya şöhrətli alim, MDU-nun professoru
A.A.Kasnelsonun rəhbərliyi ilə "İkiqat metal
ərintilərində atomların yaxına düzülüşünün
nəzəri və təcrübi üsullarla tədqiqi" mövzusunda
müdafiə edərək, 1978-ci ildə MDU-dan Bakı Dövlət
Universitetinə fizika-riyaziyyat elmləri
namizədi kimi qayıdan Həmdulla Mehrabov BDU-nun
"Optika və molekulyar fizika" kafedrasında
professor, kafedra müdiri vəzifələrinə qədər
yüksəlmişdir.
Pedaqoji fəaliyyəti ilə yanaşı,
elmi-tədqiqat işlərini də fasiləsiz davam
etdirmiş, MDU-nun fizika fakültəsi ilə yanaşı
keçmiş SSRİ-nin bir çox universitetləri və
elmi-tədqiqat mərkəzləri ilə davamlı birgə elmi
işlər aparmışdır. SSRİ-nin və bir çox xarici
ölkələrin elmi jurnallarında məqalələr çap
etdirməyə başlamış və bu illərdə Həmdulla
Mehrabovun adı artıq dünyada metallar fizikası
sahəsində çalışan bir çox elm mərkəzlərində
çəkilməyə başlamışdır.
Həmdulla Mehrabov 1984-1985-ci illərdə
Yaponiyada on aylıq e’zamiyyətdə olmuşdur. O,
Yaponiyanın Tokio, Osaka, Kioto, Naqoy, Xirosima,
Nara və digər şəhərlərindəki universitetlərdə
və elmi-tədqiqat mərkəzlərində mühazirələr
oxumuş, yapon alimləri ilə bərabər 8 elmi məqalə
çap etdirmiş və 2 beynəlxalq konfransda elmi
mə’ruzələrlə çıxış edərək Azərbaycanı
layiqincə təmsil etmişdir. Həmdulla Mehrabov
1989-cu ildə Tbilisi Dövlət Universitetinin
ixtisaslaşdırılmış Elmi Şurasında
müvəffəqiyyətlə dissertasiya müdafiə edib,
fizika-riyaziyyat elmləri doktoru elmi
dərəcəsinə layiq görülmüşdür.
1990-cı ildə H.Mehrabov BDU-nun "Optika
və molekulyar fizika" kafedrasına müdir
seçilmişdir.
1991-ci ildə Həmdulla Mehrabov Amerika
Birləşmiş Ştatlarına 4 aylıq elmi e’zamiyyətə
də’vət olunmuşdur. O, bu müddət ərzində
Santa-Barbara, Los-Anceles, San-Fransisko və
Mayami Universitetlərində mühazirələr oxumuş və
amerikalı həmkarları ilə bərabər elmi tədiqaqt
işləri aparmışdır.
1992-ci ildən Həmdulla Mehrabov
Türkiyədə Ankaradakı ingilisdilli Orta Doğu
Universitetində işləyir. 8 il müddətində
Həmdulla Mehrabovun rəhbərliyi altında 6 türk
aspirantı müdafiə etmiş və 30-dan artıq elmi
məqaləsi çap olunmuşdur.
Həmdulla Mehrabov respublikada və
dünyanın qabaqcıl ölkələrinin elmi
jurnallarında çap olunmuş 110-dan artıq elmi
məqalənin müəllifidir. O. 45 beynəlxalq simpozium
və konfranslarda sanballı mə’ruzələrlə çıxış
edib, məqalələr çap etdirmişdir.
İSFƏNDİYAR İSMAYILOV
İsfəndiyar Səlimxan oğlu İsmayılov
1952-ci ildə Bolnisi rayonunun İmirhəsən kəndində
anadan olmuşdur.
1958-ci ildə İmirhəsən kənd orta
məktəbinin 1-ci sinfinə getmiş, 1968-ci ildə həmin
məktəbi qızıl medalla bitirmişdir. Elə həmin il
Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki
ATU-nun) müalicə-profilaktika fakültəsinə qəbul
olmuşdur.
1974-cü ildə təhsilini başa vurub, əmək
fəaliyyətinə başlamışdır.
1975-1980-ci illərdə Bakı şəhəri tə’cili
tibbi yardım xəstəxanasında
həkim-anestezioloq-reanimatoloq,
anesteziologiya və reanimatalogiya şö’bəsinin
müdiri (1976-1981)vəzifəsində işləmişdir.
1976-cı ildən e’tibarən ADTU-nun
anesteziologiya və reanimatologiya
kafedrasında müəllim, sonra isə (1980) assistent
işləmişdir. O, 1986-cı ildə ikinci Moskva Dövlət
Tibb İnstitutunda dissertasiya müdafiə edib
tibb elmləri namizədi elmi dərəcəsi almışdır.
1989-cu ildən dosent kimi elmi-pedaqoji
fəaliyyətini davam etdirmişdir.
1999-cu ildə Azərbaycan Tibb
Untversitetinin müdafiə şurasında, "Yayılmış
irinli peritonitdə homeostazın
göstəricilərinin pozulmaları və cərrahi
müalicənin mərhələlərində onların
korreksiyası" mövzusunda dissertasiya müdafiə
edib tibb elmləri doktoru elmi dərəcəsi
almışdır.
1987-ci ildən anestizologiya və
reanimatologiya üzrə Bakı şəhərinin baş
mütəxəssisidir.
İsfəndiyar İsmayılovun elmi və
pedaqoji fəaliyyəti 72 elmi əsərdə, 1
monoqrafiyada, həkim üçün rəhbərlik kitabında, 1
dərslikdə (həmmüəllif), bir neçə metodik
göstərişdə öz əksini tapmışdır. O, eyni zamanda
çox saylı metodik işləmələrin müəllifidir.
İsfəndiyar İsmayılov 25-illik elmi
fəaliyyəti nəticəsində 30 beynəlxalq, ittifaq və
respublika səviyyəli konfranslarda çıxış etmiş,
materiallar dərc etdirmişdir. Onun əsərlərinin
əksəriyyəti xaricdə və MDB dövlətlərinin elmi
toplularında və jurnallarında nəşr edilmişdir.
O, 1999-cu ildən ADTU-nun 1 daxili xəstəliklər və
reanimatologiya kafedrasının professorudur.
LƏTİF GÜLƏHMƏDOV
Lətif Məhəmməd oğlu Güləhmədov 1940-cı
ildə Bolnisi rayonunun Kəpənəkçi kəndində
müəllim ailəsində anadan olmuşdur. 1948-ci ildə
Arıxlı kənd orta məktəbinin birinci sinfinə
getmiş, 1958-ci ildə həmin məktəbi medalla
bitirmişdir. Azərbaycan Dövlət Universitetinin
kimya fakültəsini 1963-cü ildə bitirmiş, ordu
sıralarında xidmət etmişdir. İki il yarım əsgəri
xidmətdə olan Lətif 1966-cı ildə yenidən Bakıya
qayıdıb, BDU-nun kimya faküdtəsində
aspiranturada oxumuş və 1971-ci ildə
"Alkoksitiofenollarının sintez və tədqiqi"
mövzusunda namizədlik dissertasiyası müdafiə
etmişdir. 1971-ci ildən Üzvi kimya kafedrasının
əməkdaşı olan Lətif müəllim 1991-ci ildə
"Hidroxinonun çoxfunksiyalı törəmələri"
mövzusunda doktorluq dissertasiyası müdafiə
edib kimya elmləri doktoru elmi dərəcəsinə layiq
görülmüşdür. 1993-cü ildən BDU-nun üzvi kimya
kafedrasının professorudur. Bir sıra elmi
konfranslarda, simpozium və müşavirələrdə çıxış
edib məqalələr çap etdirmişdir.
MAHMUD ALLAHVERDİYEV
Mahmud Qara oğlu Allahverdiyev 1931-ci
il may ayının 15-də Borçalı mahalının Bolus
nümayəndəliyinin (Bolnisi rayonu) İmirhəsən
kəndində anadan olmuşdur. O, orta təhsilini
Faxralı və Arıxlı məktəblərində almışdır.
1952-ci ildə Bakıya gələrək Azərbaycan
Dövlət Teatr sənəti İnstitutuna daxil olmuş,
1957-ci ildə oranı fərqlənmə diplomu ilə
bitirmişdir. Hələ institutda oxuyarkən özünü
bacarıqlı aktyor kimi tanıtdırmış və çox
çəkmədən onu Azərbaycan Dövlət Dram Teatrına
də’vət etmişlər. Mahmud Allahverdiyev teatrda
bir sıra yaddaqalan obrazlar yaratmışdır.
H.Seyidbəylinin "Uzaq sahillərdə" əsərində
Vasya, S.Vurğunun "Fərhad və Şirin"ində
Sərkərdə, C.Məcnunbəyovun "İliç buxtası"
pyesində Aslan kişi, H.Mehdinin "Cavanşir"
faciəsində Elçin, Şekspirin "Otello"sunda
Lüdoviqo, S.Rüstəmin "Qaçaq Nəbi"sində Mehdi və
bu kimi müxtəlif xarakterli obrazların
müvəffəqiyyətli ifaçısı olmuşdur.
1959-cu ildə Moskvada dekadada iştirak
etmiş və Azərbaycan SSR Ali Sovetinin Rəyasət
Hey’ətinin Fəxri Fərmanı ilə təltif olunmuşdur.
Beş ilə yaxın teatr mühitində
işlədikdən sonra Azərbaycan Elmlər
Akademiyasının Me’marlıq və İncəsənət
İnstitutunun "Teatr və kino" şö’bəsinin
aspiranturasına daxil olmuş (1962-1965) və 1965-ci ildə
namizədlik dissertasiyası müdafiə edib elmi
dərəcə almışdır.
Mahmud Allahverdiyevin ilk böyük
kitabı teatr səhnəsində çiyin-çiyinə çalışdığı
görkəmli Azərbaycan aktyoru, SSRİ xalq artisti
Ələs gər Ələkbərova həsr edilmişdir.
1965-1972-ci illərdə Mahmud Allahverdiyev
həmin şö’bədə kiçik elmi işçi, baş elmi işçi
vəzifələrində işləmişdir. 1972-ci ildən M.Əliyev
adına Azərbaycan Dövlət Teatr Sənəti
İnstitutunun "Teatr tarixi" kafedrasında
dosent, sonra isə kafedra müdiri vəzifələrində
çalışmışdır.
1982-1993-cü illərdə institutun elmi və
tədris işləri üzrə prorektoru vəzifəsində
çalışmışdır. Onun bu illərdə İncəsənət
Universitetinin tələbələri üçün hazırladığı,
dərs vəsaiti kimi nəşr olunan "Teatr tənqidi və
müasirlik", "Müasir Azərbaycan teatrında
ən’ənə və novatorluq", "Azərbaycan teatrı bu
gün", "Qaravəlli tamaşaları", "Azərbaycan xalq
teatrı tarixi", "C.Cabbarlı və müasirlik",
"M.Ağa Əliyev", "Azərbaycan komediyaları" adlı
əsərləri çapdan çıxmış, 1993-cu ildə doktorluq
dissertasiyasını müdafiə etmişdir.
1994-cü ildə Mahmud Allvahverdiyev
İstanbulun "Me’mar Sinan" Universitetinə
də’vət almış və orada mühazirələr oxumuşdur.
Burada onun "Sözüm var sizə, gənclər" adlı
kitabı nəşr edilmişdir.
300-dən çox elmi, publisistik və
pedaqoji məqalələrin, 11 samballı kitabın
müəllifi olan Mahmud Allaahverdiyev Azərbaycan
SSR Ali Soveti Rəyasət Hey’ətinin Fəxri Fərmanı
və bir neçə orden və medallarla təltif
olunmuşdur.
Məşhur teatr tənqidçisi,
ədəbiyyatşünas alim, Azərbaycan Yazıçılar
birliyinin üzvü, sənətşünaslıq doktoru,
professor Mahmud Qara oğlu Allahverdiyev 1999-cu
ilin dekabırında Bakı şəhərində vəfat etmişdir.
MƏDƏD ÇOBANOV
Mədəd Namaz oğlu Çobanov 1937-ci ilin
martında Borçalının Bolus (indiki Bolnisi)
rayonunun Darvaz kəndində anadan olmuş, 1955-ci
ildə orta məktəbi, 1960-cı ildə A.S.Puşkin adına
(indiki S.S.Orbeliani adına) Tiflis Dövlət
Pedaqoji İnstitutunun tarix-filologiya
fakültəsinin Azərbaycan bölməsini bitirmiş,
müxtəlif vaxtlarda orta məktəbdə müəllim,
Bolnisi rayon komsomol komitəsində məktəb şö’bə
müdiri, rayon partiya komitəsində tə’limatçı
işləmişdir. 1970-ci ildən 1993-cü ilin iyul ayına
qədər A.S.Puşkin adına TDPİ-nin Azərbaycan dili
və ədəbiyyatı kafedrasında müəllim, dosent,
kafedra müdiri əvəzi, metodşuranın üzvü və
sədrin müavini, 1992-ci ilin oktyabrından
professor kimi çalışmış, eyni zamanda 1974-cü ildən
1993-cü ilə kimi Gürcüstan Təhsil Nazirliyinin
Müəllimləri Təkmilləşdirmə İnstitutunda orta
məktəb müəllimlərinə, dərs hissə müdirlərinə və
direktorlarına mühazirə oxumuşdur.
Mədəd Çobanov 1973-cü ildən filologiya
elmləri namizədi, 1978-ci il may ayından dosent,
1992-ci ilin fevral ayından filologiya elmləri
doktoru, 1992-ci ilin oktyabr ayından isə
professordur. Mədəd Çobanov 1993-cü ilin iyul
ayından Azərbaycan Fasiləsiz Təhsil Kompleksi
"Futuroloq"da dillər kafedrasının müdiri,
prorektor, vitse-prezident, eyni zamanda AFTK-nın
nəzdində müstəqil fəaliyyət göstərən Azərbaycan
Elitar İnstitutunun rektoru, 1994-cü ilin sentyabr
ayından 1995-ci ilin oktyabr ayına kimi "Şimal"
Universitetinidə dillər kafedrasının müdiri,
1995-ci ilin sentyabrından 1996-cı ilin sentyabr
ayına kimi Azərbaycan Pedaqoji Kadrların
İxtisasının Artırılması və Yenidən Hazırlanması
Baş İnstitutunda Ali və Orta İxtisas Təhsil
Məktəblərində professor-müəllim hey’ətinin
ixtisasartırma fakültəsinin dekanı və Tədris
Təşkilat kabinetinin müdiri vəzifəsində
işləmişdir. 1996-cı ildən Bakı Ali Hərbi Dənizçilik
Məktəbində "Dillər" kafedrasına başçılıq edir,
Azərbaycan Onomastika Cəmiyyəti İdarə
Hey’ətinin üzvü və Elmi Əlaqələndirmə Şurası
sədrinin müavini və Azərbaycan Alimlər
İttifaqının üzvüdür.
1957-ci ildən elmi xarakterli yazıları
ilə "Şərqin Şəfəqi", "Azərbaycan gəncləri" və
digər qəzetlərdə çıxışlar etmiş, sıravi
müəllimlikdən professor elmi dərəcəsinədək
yüksəlmişdir.
O, 400-dən çox əsərin, o cümlədən 36
kitabın, ali və orta məktəblər üçün 15 proqramın,
100-ə yaxın jurnal və elmi məcmuə məqalələrinin,
170-dən çox elmi-tənqidi məqalənin, 90-a yaxın rə’y
və məruzənin müəllifidir. Onun mətbu əsərlərinin
ümumi həcmi 310 çap vərəqindən çoxdur. Ümumi həcmi
65 çap vərəqi olan 8 kitabı çapa hazırdır. Əsərləri
haqqında 110-dan çox rə’y yazılmışdır.
Professor Mədəd Çobanov Azərbaycan
dilçiliyində ilk dəfə olaraq "Mətnin linqvistik
təhlili" fənninin proqramını və dərs vəsaitini,
"Azərbaycan antroponimiyasının əsasları"
proqram və dərs vəsaitini, Gürcüstan Təhsil
Nazirliyinin göstərişi ilə orta məktəblərin X-XI
sinifləri üçün "Azərbaycan dili" proqram və
dərslikləri hazırlayıb çap etdirmişdir.
O, 1972-ci ildən beynəlxalq (8), keçmiş
ittifaq (14), respublika (51) və ali məktəblərarası
(20) elmi konfranslarda iştirak etmiş, bir sıra
elmi şuraların üzvü olmuşdur. Son illər qardaş
Türkiyə ilə elmi əlaqələrini genişləndirmiş,
elmi konfranslarda iştirak etmişdir.
Mədəd Çobanovun əsərləri
Azərbaycanda, Gürcüstanda, Ermənistanda,
Özbəkistanda, Qırğızıstanda, Başqırdıstanda,
Türkiyədə və digər ölkələrdə müxtəlif mətbuat
orqanlarında-qəzet və jurnallarda, elmi
məcmuələrdə nəşr olunmuş, kitabları müxtəlif
dillərə tərcümə olunmuşdur.
MƏMMƏD ÇIRAQOV
Məmməd İsa oğlu Çıraqov 1938-ci ildə
Borçalı mahalının Bolus (indiki Bolnisi)
rayonunun Qoçulu kəndində anadan olmuşdur.
Qoçulu kəndində səkkizillik məktəbi, Arxılı
kəndində isə orta məktəbi bitirmişdir. Həmin il
Azərbaycan Dövlət Universitetinə (indiki BDU-ya)
daxil olmuş və 1962-ci ildə kristalloqrafiya
ixtisası üzrə universiteti bitirmişdir. 1962-ci
ildən Azərbaycan Elmlər Akademiyasının Kimya
İnstitutunda Xudu Məmmədovun rəhbərlik etdiyi
kristallokimya laboratoriyasına işə
düzəlmişdir.
1965-ci ildə aspiranturaya qəbul olmuş,
SSRİ EA-nın Sibir şö’bəsinin
(Novosibirsk-Akademiya şəhərciyi) qeyri-üzvi
kimya institutuna göndərilmişdir. 1969-cu ildə
Moskva Dövlət Universitetində namizədlik
dissertasiyası müdafiə edib
geologiya-mineralogiya sahəsi üzrə elmi dərəcə
almışdır. 1969-cu ildə Bakıya qayıdıb EA Qeyri-Üzvi
və Fiziki Kimya İnstitutunda işə başlamış, 1971-ci
ildən Azərbaycan Dövlət Universitetində
(hazırkı Bakı Dövlət Universiteti) baş müəllim,
dosent, professor kimi fəaliyyət göstərmişdir.
1989-cu ildə Leninqrad Dövlət Universitetində
(indiki Sankt-Peterburq) "Kalsium və nadir
torpaq elementləri saxlayan silikatların
müqayisəli kristallokimyası" mövzusunda
kristalloqrafiya və kristallofizika ixtisası
üzrə doktorluq dissertasiyası müdafiə edib,
geologiya-minerologiya elmləri doktoru
olmuşdur. Məmməd Çıraqov 1973-cü ildən Beynəlxlaq
Kristalloqrafiya Cəmiyyətinin üzvüdür. Məmməd
Çıraqov tərəfindən 30-dan çox mürəkkəb mineralın
və onların sintetik analoqlarının quruluşu
açılmış və nəticədə 25 yeni quruluş tipi və yeni
silisium-oksigen radikalları
müəyyənləşdirilmişdir. Bunların əsasında
silikatların yeni təsnifatını vermişdir. İlk
dəfə Məmməd Çıraqov kalsium və nadir torpaq
elemetlərinin yer qabığında paylanmasının
kristallokimyəvi kriteriyalarını yaratmışdır. O
mineralların və qeyri-üzvi birləşmələrin
çevrilməsinin quruluş prinsiplərini vermiş və
bunun əsasında polisomatizm nəzəriyyəsi
yaranmışdır. Bu nəzəriyyə beynəlxalq elmi
ədəbiyyatda Çıraqov-Teylor nəzəriyyəsi adlanır.
1978-1990-cı illərdə Moskva Dövlət
Universitetinin Elmi Şurasında dəfələrlə
dissertasiya işlərində rəsmi opponent kimi
çıxış etmişdir. Məmməd Çıraqov mə’ruzə ilə
beynəlxalq konqreslərdə (Polşa, Kanada, Rusiya və
s.) çıxış etmişdir. Onun 120-dən çox elmi məqaləsi
əsasən xarici ölkələrdə çap olunmuşdur. Aldığı
elmi nəticələri Belovun, Məmmədovun, Libau,
Teylor, Qodovinov, Çuxov və b. görkəmli alimlərin
elmi işlərində istifadə olunmuşdur. Məmməd
Çıraqovun Tədqiqatları dünyada tanınmış, onun
elmi əsərləri Beynəlxalq Bank mə’lumatlarına
xüsusi şifrlə daxil edilmişdir. Məmməd Çıraqovun
elmi rəhbərliyi ilə 10 nəfərdən çox aspirant və
dissertant geologiya-mineralogiya,
fizika-riyaziyyat və kimya elmləri namizədi elmi
dərəcəsi almışdır.
1999-cu ildə Məmməd Çıraqov İngiltərə və
ABŞ alimlərinin tərtib etdiyi "Kim kimdir"
Beynəlxalq Məcmuəsinə XX əsrin 2000 görkəmli alimi
sırasına daxil edilmiş, xüsusi diplom və adlı
medalla təltif edilmişdir. O, həmçinin "Kim
Kimdir" məcmuəsinə daxil ola biləcək alimləri
seçən ekspert komissiyasnın tərkibinə daxil
edilmişdir. Məmməd Çıraqov 4 dərslik və 1
monoqrafiyanın müəllifidir.
MƏHƏMMƏDƏLİ MƏMMƏDOV
Məhəmmədəli Novruz oğlu Məmmədov 1934-cü
ildə Borçalı mahalının Bolus nümayəndəliyinin
(indiki Bolnisi) Darvaz kəndində anadan olmuşdur.
1941-ci ildə Darvaz kənd orta məktəbinin 1-ci
sinfinə getmiş, 1953-cü ildə isə həmin məktəbi
bitirmişdir.
1953-cü ildə Azərbaycan Dövlət
Universitetinin (indiki BDU-nun)
məntiq-psixologiya fakültəsinə daxil olmuş,
1958-ci ildə həmin fakültədə təhsilini başa
vurmuşdur. 1959-cu ildə BDU-nun aspiranturasına
daxil olmuş, 1968-ci ildə Leninqrad şəhərində
namizədlik dissertasiyası müdafiə edib elmi
dərəcə almışdır. 1965-ci ildən H.Zərdabi adına
Kirovabad (Gəncə) Dövlət Pedaqoji İnstitutunda
asisstent, müəllim, baş müəllim və dosent
vəzifələrində çalışmışdır. Məhəmmədəli Məmmədov
1989-cu ildə Kiyev şəhərində doktorluq
dissertasiyası müdafiə edib fəlsəfə elmləri
doktoru elmi dərəcəsi almışdır.
1994-cü ildən fəlsəfə və politologiya
kafedrasının müdiri işləmişdir.
Məhəmmədəli Məmmədovun elmi və
pedaqoji fəaliyyəti 100-dən artıq elmi əsərdə öz
əksini tapmışdır. O, cümlədən onun bir neçə
sanballı tədris kitabı, beş elmi-metodik
göstərişi, publisistik kitabçaları və onlarla
elmi publisistik iri həcmli məqalələri çap
olunmuşdur.
O, 40-dan çox beynəlxalq, keçmiş ittifaq
və respublika səviyyəli konfrans və elmi
simpoziumlarda çıxış edib məqalələr çap
etdirmişdir.
Məhəmmədəli Novruz oğlu Məmmədov 2000-ci
ildə Bakı şəhərində vəfat etmişdir.
NAMAZ BƏDƏLOV
Namaz Hüseyn oğlu Bədəlov 1932-ci il may
ayının 20-də Borçalı mahalının Bolnisi rayonunun
Faxralı kəndində anadan olmuşdur. Orta məktəbi
doğma kəndində bitirmişdir.
1954-cü ildə Azərbaycan Kənd Təsərrüfatı
İnstitutunu bitirdikdən sonra doğma yurduna
qayıdaraq, 1959-cu ilədək Faxralı kəndindəki
"Qələbə" kolxozunda aqrotexnik, baş aqronom
işləmişdir. 1959-1961-ci illərdə Azərbaycan Elmi
Tədqiqat İpəkçilik İnstitutunun aspirantı
olmuşdur. Aspiranturanı müvəffəqiyyətlə
bitirdikdən sonra o, 1961-ci ildən bu institutun
elmi katibi vəzifəsinə irəli çəkilmişdir.
Namaz Bədəlov 1964-ci ildə
"Azərbaycanda tut ipəkqurdunun damazlıq
yemləməsi üçün çəkil sortlarının seçilməsi"
adlı namizədlik dissertasiyasını
müvəffəqiyyətlə müdafiə edib, biologiya elmləri
namizədi elmi dərəcəsi almışdır. O, 1972-ci ilədək
İpəkçilik İnstitutunun elmi katibi vəzifəsində
işləmişdir.
1972-ci ildən 1990-cı ilədək Azərbaycan
Elmi Tədqiqat İpəkçilik İnstitutunda elmi işlər
üzrə direktor müavini vəzifəsində işləmişdir.
1985-ci ildə Rostov vilayətinin Don Kənd
Təsərrüfatı İnstitutunda "Tut ipəkqurdunda
yemi ödəmənin yüksəldilməsinin ekoloji və
genetik seleksiya əsasları" adlı doktorluq
dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib
kənd təsərrüfatı elmləri doktoru elmi dərəcəsi
almışdır.
O, 1990-cı ildən ömrünün sonuna kimi
institutun direktoru vəzifəsində çalışmışdır.
1964-cü ildə namizədlik müdafiəsindən
sonra Namaz Bədəlov tərəfindən tut ipəkqurdunun
seleksiyası və damazlıq işinə aid aktual
məsələlər müvəffəqiyyətlə işlənmiş, nəticələri
Ümumittifaq (keçmiş SSRİ), respublika və zona
elmi-təsərrüfat müşavirələrində mə’ruzə
edilmiş, məqalələr çap olunmuş və istehsalata
tətbiq edilmişdir.
Namaz Bədəlov 150-dən çox elmi əsərin, o
cümlədən 5 monoqrafiyanın, 6 ixtiranın müəllifi
olmuşdur. Onun rəhbərliyi altında 5 nəfər elmlər
namizədi müdafiə etmişdir. O, eyni zamanda 60-dan
çox elmi-publisistik məqalələr müəllifidir.
15 il daimi olaraq AzKTİ-da və H.Əliyev
adına özəl Aqrar Ekologiya İnstitutunda ixtisas
fənnindən mühazirə oxumuş və məşğələlər
aparmışdır.
Namaz Bədəlov keçmiş ÜKTEA
Koordinasiya Şurasının üzvü, AzSSR-də ipəkçilik
üzrə kənd təsərrüfatının idarə edilməsi
sisteminə baxan komissiyanın sədri, AzSSR Dövlət
Aqrar Sənaye Komitəsinin heyvandarlıq
problemləri üzrə elmi-metodiki Şuranın üzvü,
"Şelk" elmi-texniki Ümumittifaq məcmuəsi
redkollegiyasının üzvü kimi ipkəçiliyin inkişaf
etdirilməsi üçün tədbirlər planının
işlənməsində və elmi nailiyyətlərin həyata
keçrilməsində fəal iştirak etmişdir.
Yüksək ixtisaslı elmi kadrların
hazırlanmasında fəal iştirak etmişdir.
F.A.Məlikov adına Heyvandarlıq İnstitutunda
təşkil olunmuş ixtisaslaşmış müdafiə şurasının
bir neçə seçki üzvü seçilmiş, 12 beynəlxalq
simpozium və konfranslarda iştirak etmişdir.
Namaz Bədəlovun elmi fəaliyyəti
dövlət tərəfindən yüksək qiymətləndirilmiş,
aqrarçı alim kimi 1970-ci ildə "Rəşadətli əməyə
görə", "Lenin yubiley medalı", 2 dəfə ÜXTNS-nın
gümüş medalı və 1974-cü ildə "Əmək veteranı"
medalı ilə təltif olunmuşdur.
Namaz Bədəlov 1999-cu ildə vəfat
etmişdir.
NƏSİB NƏSİBLİ
Nəsib Loğman oğlu Nəsibli 1956-cı ilin
mayında Bolnisi rayonunun Aşağı Qoşakilsə
kəndində anadan olmuşdur. 1963-cü ildə Aşağı
Qoşakilsə məktəbinin 1-ci sinfinə daxil olmuşdur.
Bu məktəbdə 3 il oxumuş, sonra ailəsi ilə birlikdə
Bakı şəhərinə köçmüş və təhsilini Bakının 240
saylı orta məktəbində davam etdirmişdir. Bakı
Dövlət Universitetinin tarix fakültəsinə daxil
olmuş, 1978-ci ildə universiteti ə’la qiymətlərlə
bitirərək fars dilini öyrənmiş, 1979-cu ildə
Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq
İnstitutuna tə’yinatla işə götürülmüşdür.
Burada o, əvvəlcə kiçik, sonra isə baş elmi işçi
vəzifələrində çalışmışdır. Şərqşünaslıq
İnstitutunda işləyərkən onu dissertant kimi
Moskva şəhərinə göndərmişlər. Burada Cənubi
Azərbaycan mövzusunda ona verilmiş namizədlik
dissertasiyasını tamamlamış və 1985-ci ildə onu
müvəffəqiyyətlə müdafiə etmişdir. 1985-ci ildən
1992-ci ilədək Azərbaycan EA Tarix İnstitutunda
şö’bə müdiri vəzifəsində çalışmışdır. Bu
illərdə o, Azərbaycan Demokratik
Respublikasının tarixinə dair elmi axtarış
işləri aparmış və "Azərbacan Demokratik
Respublikası" kitabını yazmışdır. Həmin dövrdə
respublikanın siyasi həyatında fəal iştirak
edərək yenidən bərpa edilmiş "Müsavat"
partiyasının sədri vəzifəsinə seçilmişdir.
1992-ci ildə Nəsib Nəsibli İran İslam
Respublikasında Azərbaycan Respublikasının
fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə
tə’yin edilmişdir. 1994-cü ilin martında isə başqa
işə keçmişdir. Sonrakı illərdə o, "Müsavat"
partiyasında xarici məsələlər üzrə katib
vəzifəsində işləməklə yanaşı, həm də
elmi-pedaqoji fəaliyyətini davam etdirmişdir.
1997-ci ilin iyununda "Azərbaycanın xarici
siyasəti" mövzusunda yazdığı doktorluq
dissertasiyasını uğurla müdafiə etmişdir.
Hazırda o, "Xəzər" Universitetində dekan,
kafedra müdiri, və İnformasiya mərkəzinin rəisi
kimi vəzifələr icra edir.
Nəsib Nəsibli ingilis, rus, fars
dillərində sərbəst danışa bilir. İngilis dilində
mə’ruzə etmək üçün onu tez-tez müxtəlif
ölkələrin elmi mərkəzlərinə də’vət edirlər.
Nəsib Nəsibli 5 kitabın, 70-dən artıq
elmi və 100-dən çox elmi- populyar kitab və
məqlələrin müəllifidir.
"Azərbaycan Demokratik
Respublikası" (1990, Azərnəşr), "Azərbaycanın
xarici siyasəti" (1996, Azərnəşr), "İranda
Azərbaycan məsələsi" (1997, "Ay-Ulduz"
nəşriyyatı), "Azərbaycanın geopolitikası və
neft" (2000, Xəzər universiteti nəşriyyatı) və s.
kitabları nəşr olunmuşdur.
NƏSİB NƏSİBOV
Nəsib Ayvaz oğlu Nəsibov 1941-ci ildə
Bolnisi rayonunun Aşağı Qoşakilsə kəndində
müəllim ailəsində anadan olmuşdur. 1958-ci ildə
Saraçlı kənd orta məktəbini bitirən Nəsib
Nəsibov elə həmin il Bakıda Azərbaycan
Politexnik İnstitutunun (indiki Azərbaycan
Texniki Universiteti) mexanika fakültəsinə
qəbul olmuşdur. 1963-cü ildə ali təhsilini başa
vuraraq istehsalatda işləmiş və hərbi xidmətdə
olmuşdur. 1967-ci ildə Azərbaycan Neft və Kimya
İnstitutu (indiki ADNA) nəzdində aspiranturaya
daxil olmuş və 1970-ci ildə oranı bitirərək
Azərbaycan Politexnik İnstitutunda nəzəri
mexanika fənni üzrə müəllim işləməyə
başlamışdır.
1972-ci ildə namizədlik
dissertasiyasını müdafiə edib, texnika elmləri
namizədi elmi dərəcəsinə layiq görülmüşdür.
1998-ci ildə isə doktorluq dissertasiyasını
müdafiə edib, texnika elmləri doktoru elmi
dərəcəsi almışdır. Azərbaycanda və xaricdə
yüzdən çox elmi əsəri dərc olunmuşdur. Bir sıra
Respublika və Beynəlxalq elmi konfranslarında
mə’ruzələrlə çıxış etmişdir. Elmi əsərləri
əsasən nəzəri mexanika, maşın və mexanizmlər
nəzəriyyəsi, neftçıxarma avadanlığının nəzəri
əsasları sahəsindədir. Neft və qaz quyularının
qazılmasında işlədilən avadanlıqların
təkmilləşdirilməsinə aid mühüm təkliflər
vermişdir.
Hal-hazırda texnika elmləri doktoru
Nəsib Nəsibov Azərbaycan Texniki
Universitetinin nəzəri mexanika kafderasının
professorudur. O, 2000-ci ildən e’tibarən
namizədlik və doktorluq dissertasiyalarının
müdafiəsi üzrə Azərbaycan Neft Akademiyasının
nəzdində təşkil olunmuş İxtisaslaşdırılmış
Şuranın üzvü seçilmişdir.
Nəsib Nəsibov keçmiş SSRİ-də və
Azərbaycan Respublikasının böyük elmi
ocaqlarında keçirilən beynəlxalq və respublika
konfranslarının iştirakçısı olmuş, elmi
məqalələr çap etdirmişdir.
Nəsib Nəsibovun elmi və pedaqoji
fəaliyyəti bir neçə dərs vəsaitində, 3 metodik
göstərişdə və 30 elmi məqalədə öz əksini
tapmışdır.
NİZAMİ HƏSƏNLİ
Nizami Məhəmməd oğlu Həsənli 15
sentyabr 1941-ci ildə Bolnisi rayonunda anadan
olmuşdur. 1958-ci ildə Bolnisi orta məktəbini, 1963-cü
ildə isə Azərbaycan Dövlət Universitetinin
fizika fakültəsini bitirmişdir.
1972-ci ildə fizika üzrə dissertasiya
müdafiə edib, elmlər namizədi elmi dərəcəsinə
layiq görülmüşdür. 1973-cü ildə Azərbaycan Dövlət
Universitetinin yarımkeçiricilər kafedrasında
dosent olmuş, 1984-cü ildə Almaniyanın Reqesburq
Universitetində işləmişdir.
1986-cı ildə SSRİ Elmlər Akademiyası
nəzdində fizika elminin "Spektrokoniya"
İnstitutunda doktorluq dissertasiyası müdafiə
etmişdir. 1988-ci ildə Azərbaycan Dövlət
Universitetinin yarımkeçiricilər fizikası
kafedrasında professor, 1991-ci ildə Finlandiyanın
Turku Universitetində işləmişdir. 1992-ci ildən
Nizami Həsənli Türkiyənin Ankara şəhərində
ingilis dilində mühazirə oxuyur.
Nizami Həsənlinin elmi və pedaqoji
fəaliyyəti çap olunmuş 150 elmi məqalələrdə və bir
neçə dərs vəsaiti və metodik göstərişlərdə öz
əksini tapmışdır. Professor Həsənli Nizami
Məhəmməd oğlu Almaniyada, Böyük Britaniyada,
Yunanıstanda, ABŞ-da, Tayvanda və Müstəqil
Dövlətlər Birliyinin bir çox mərkəzi
şəhərlərində keçirilən elmi konfranslarda
iştirak etmişdir.
Bir çox aspirantların elmi rəhbəri
olmuşdur.
|