|
ELMLƏR DOKTORLARI
ÇORUK QƏMƏRLİ (BOLNİSİ) BÖLGƏSİ
[A-Ə] [F-N] [O-Z]
ABDULLA MEHRABOV
Abdulla Oruc oğlu Mehrabov 1939-cu il may
ayının 1-də Borçalının Saraclı kəndində anadan
olmuşdur. O, 1957-ci ildə orta məktəbi qızıl medalla
bitirdikdən sonra, Azərbaycan Dövlət Pedaqoji
İnstitutunun Fizika fakültəsinə daxil olmuş,
1962-ci ildə "Fizika və istehsalın əsasları"
ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir.
1962-ci ildən əmək fəaliyyətinə başlamış, əvvəlcə
indiki Pedaqoji Universitetdə tədris ustası,
1963-cü il yanvar ayından isə Azərbaycan
Politexnik İnstitutunun "Fizika" kafedrasında
müəllim işləmişdir. 1963-cü ildə o, elmi staj keçmək
məqsədi ilə Leninqrad Dəqiq Mexanika və Optika
İnstitutunun istilik fizikası kafedrasına
göndərilmiş və bərk cisimlərin istilik
xassələrinin tədqiqi üçün yeni üsullarla tanış
olaraq geniş elmi-tədqiqat işləri aparmışdır.
1967-ci ildə vaxtından əvvəl "Qurğuşun-Manqan
ərintilərinin fiziki xassələrinin tədqiqi"
mövzusunda dissertasiya müdafiə edib,
fizika-riyaziyyat elmləri namizədi elmi
dərəcəsi almışdır.
1967-ci ildən 1975-ci ilədək o, Politexnik
İnstitutunun fizika kafedrasında assistent, baş
müəllim, dosent, fizika kafedrasının müdiri
işləmişdir. 1975-ci ildə Azərbaycan Politexnik
İnstitutunun bazasında yeni Azərbaycan
İnşaat-Mühəndisləri İnstitutu yaranmış və A.O.
Mehrabov burada fizika kafedrasına rəhbərlik
etmişdir.
1983-cü ildə A.O.Mehrabov "Mürəkkəb
həndəsi formalı sistemlərdə istilik ötürməsinin
bə’zi problemləri" mövzusunda doktorluq
dissertasiyası müdafiə edərək, texnika elmləri
doktoru elmi dərəcəsi almışdır. 1984-cü ildən
fizika kafedrasının professorudur.
A.O. Mehrabov "Bərk cisimlərin
fizikası", "İstilik fizikası və molekulyar
fizika" ixtisası üzrə dünya şöhrətli, tanınmış
alimdir. O, birinci dəfə bərk cisimləri,
mayelərin istilik xassələrini yüksək temperatur
və təzyiqlərdə tədqiq etmək üçün dinamik
üsulların elmi əsaslarını yaratmış və geniş
spektrli tədqiqatlar aparmışdır. O, mürəkkəb
həndəsi formalı sistemlərdə istiliyin ötrülməsi
problemlərinin fiziki-kimyəvi əsaslarını
işləmiş, yeni ortoqonal əyrixətli koordinat
sistemlərindən istifadə edərək, mürəkkəb
həndəsi formalı sistemlərdə və
konstruksiyalarda istiliyin paylanması
mexanizmini araşdıraraq kəmiyyət və keyfiyyətcə
dünyanın aparıcı elmi-tədqiqat mərkəzləri
tərfindən yüksək qiymətləndirilmiş elmi
nəticələr əldə etmişdir.
"Bərk cisimlərin fizikası" sahəsində
yüksək enerjili hissəciklərin və radiasiyanın
dəmir və nikel əsaslı ərintilərin incə
atom-kristallik quruluşuna, faza keçidlərinə,
fiziki, mexaniki və istilik xassələrinə
tə’sirini öyrənərək əldə etdiyi nəticələr prof.
A.O.Mehrabova bir alim kimi layiqli şöhrət
gətirmiş, onun əməyi elmi ictimaiyyət tərəfindən
yüksək qiymətləndirilmişdir.
A.O.Mehrabovun uzun müddət rəhbərlik
etdiyi Azərbaycan İnşaat-Mühəndisləri
Universitetinin fizika kafedrasında "Bərk
cisimlərin radiasiya fizikası" və "İstilik
fizikası və molekulyar fizika" sahələri üzrə
tanınmış elmi kollektiv yaranmışdır. Onun
rəhbərliyi altında 5 nəfər elmlər doktoru, 17
nəfər elmlər namizədi hazırlanmışdır.
A.O.Mehrabov dünyanın aparıcı elmi
jurnallarında, respublika məcmuələrində çap
olunmuş 200-dən çox elmi məqalənin, 26 elmi-metodik
vəsaitin, 5 dərslik və dərs vəsaitinin, 2
monoqrafiyanın və 12 ixtiranın müəllifidir. Onun
rus dilində çap olunmuş "Mürəkkəb həndəsi
formalı sistemlərdə istiliyin ötürülməsi"
monoqrafiyası elm aləminə layiqli töhfədir. O,
Nyu-York (ABŞ) Elmlər Akademiyasının və
Beynəlxalq Ekoenergetika Akademiyasının
akademikidir.
A.O.Mehrabov 1990-cı ildən 1992-ci ilin
sonunadək Azərbaycan Respublikası Xalq Təhsili
Nazirliyində nazir müavini vəzifəsində işləmiş,
Texniki Peşə və Ali təhsilin inkişafı,
çoxpilləli təhsilin respublikada tətbiqinə dair
xeyli işlər görmüş, yeni Təhsil Qanununun
hazırlanmasında fəal iştirak etmişdir. O, Təhsil
Nazirliyinin nəzdində fəaliyyət göstərən
"Təhsilin təşkili və idarə olunması"
Elmi-metodiki Şuranın sədridir.
Beynəlxlaq Ekoenergetika
Akademiyasının Rəyasət Hey’ətinin 5 may 1999-cu il
tarixli qərarı ilə "Mürəkkəb həndəsi formalı
konstruksiyalarda istiliyin paylanması
problemləri"nin həlli üçün yaratdığı yeni
üsulların nəzəriyyəsinə və alınmış praktiki
nəticələrə görə Amerikanın Beynəlxalq
Bioqrafiya İnstitutunun müəyyən etdiyi XX əsrin
dünya şöhrətli alimləri içərisində prof.
A.O.Mehrabovun adı 2000-ci ildə çap olunan həmin
kitaba daxil edilmiş, ona xüsusi Diplom və xatirə
qızıl medalı verilmişdir.
T.e.d., prof. A.O.Mehrabov hazırda
Azərbaycan İnşaat-Mühəndisləri Universitetində
birinci prorektor - tədris tərbiyə işləri üzrə
prorektor, fizika kafedrasının professoru
vəzifələrində elmi-pedaqoji fəaliyyətini davam
etdirir.
AĞA XƏLİLOV
Ağa İsmayıl oğlu Xəlilov 1920-ci il
yanvarın 19-da Tiflis şəhərində anadan olmuşdur.
1936-cı ildə Tiflis şəhərində 57 saylı orta məktəbi
bitirmiş, Mühəndis Tikintiləri İnstitutuna
qəbul olmuşdur. 1941-ci ildə həmin institutu
müvəffəqiyyətlə bitirmiş, əmək fəaliyyətinə
Qafqaz Trans Layihə Birliyində başlamışdır.
1945-ci ildə Mahaçqala şəhərinə köçmüş və
Mahaçqala şəhər limanının baş mühəndisi
vəzifəsinə işə düzəlmişdir. 1952-ci ildə Xəzər
dəniz yol xidmətinin rəisi vəzifəsinə irəli
çəkilmişdir. 1954-1956-cı illərdə Leninqrad Dəniz
Donanması Akademiyasında oxumuş, iki ildən sonra
ali ixtisaslı kadr kimi Bakıya qayıtmışdır. 1957-ci
ildə Bakı Xəzər dəniz yol idarəsinin rəisi, sonra
isə Xəzərdəniz Layihə Elmi Tədqiqat İnstitutuna
direktor tə’yin olunmuşdur.
1966-cı ildən 1976-cı ilədək Azərbaycan
EA-nın "Xəzər Elmi Tədqiqat Stansiyasının"
direktoru, laboratoriya və şö’bə müdiri
vəzifələrində çalışıb, doktorluq elmi işini
tamamlamışdır.
1976-cı ildə müvəffəqiyyətlə doktorluq
dissertasiyası müdafiə edib, elmi dərəcə
almışdır. Ağa İsmayıl oğlu Xəlilov işlədiyi bu
müddət ərzində 60-a yaxın elmi əsər yazmış,
onlarla simpozium və konfransların iştirakçısı
olmuşdur. Akademiyada işlədiyi müddətdə 2
monoqrafiyanın müəllifi və üç aspiranta elmi
rəhbər olmuşdur.
Ağa İsmayıl oğlu Xəlilov elmi işlərlə
yanaşı, eyni zamanda ali məktəblərdə pedaqoji
işlə də məşğul olmuşdur.
1989-cu ildə Bakıda vəfat etmişdir.
AKİF BAYRAMOV
Akif Əmirxan oğlu Bayramov 1938-ci il
fevral ayında Borçalının Arıxlı kəndində anadan
olmuşdur. O, ilk təhsilini kənd orta məktəbində
aldıqdan sora 1956-cı ildə Azərbaycan Dövlət
Pedaqoji Xarici Dillər İnstitutunun alman dili
şö’bəsinə daxil olmuşdur. Ali təhsilini başa
vurduqdan sonra vətəni Borçalıya qayıtmış,
Arıxlı kənd orta məktəbində müəllim, sonra
fəhlə-gənclər orta məktəbinin direktoru
vəzifəsində çalışmışdır.
1964-cü ildə Bolnisi rayon komsomol
komitəsinin birinci katibi seçilmiş, iki il
sonra Bakıya köçmüşdür. Bakıda o, "Aəzrbaycan
müəllimi" qəzetində xüsusi müxbir, Azərbaycan
LKGİ MK-da və Azərbaycan Daxili İşlər sistemində
işləmişdir. O, eyni zamanda elmi axtarışlar da
aparmış, 1978-ci ildə Mirzə Vazehin ədəbi irsinə
dair namizədlik dissertasiyası müdafiə
etmişdir.
1989-cu ildə o, "Azərbaycan klassik
ədəbiyyatı alman dilində" adlı doktorluq
dissertastasiyası müdafiə etmişdir.
A.Bayramov bədii tərcümə sahəsi ilə də
məşğul olmuşdur. O, alman dilindən F.Bodenştedtin
Mirzə Şəfi haqqında xatirələrini tərcümə edib
"Mirzə Şəfi haqqında xatirələr" adı altında çap
etdirmişdir. O, "Klassik irsimizdən" (1975),
"Mirzə Şəfi Vazehin ədəbi irsi"(1980),
"Azərbaycan klassik ədəbiyyatı alman dilində"
(1992) kitablarının müəllifidir.
Filologiya elmləri doktoru, professor
A.Bayramov hazırda Bakı Sosial İdarəetmə və
Politologiya İnstitutunun xarici dillər
kafedrasının müdiri vəzifəsini icra edir.
BAYRAM HACIYEV
Bayram Camal oğlu Hacıyev 1937-ci ildə
Borçalının Arıxlı kəndində ziyalı ailəsində
anadan olmuşdur. 1954-cü ildə Arıxlı kənd orta
məktəbini bitirdikdən sonra Bakıya gəlmiş və
keçmiş Azərbaycan Dövlət Teatr İnstitutunun
dram və kino aktyorluğu fakültəsinə daxil olmuş,
institutu fərqlənmə diplomu ilə bitirmişdir.
Sonra o, teatrın elmi-nəzəri məcrasına fikir
vermiş və "Aktyor sənəti" kafedrasında dərs
deyə-deyə Nizami adına Ədəbiyyat İnstitutunun
nəzəriyyə şö’bəsində aspiranturaya daxil
olmuşdur.
Bayram Hacıyev 1972-ci ildə professor
Yaşar Qarayevin rəhbərliyi altında "Tarixi dram
janrı" mövzusunda dissertasiya müdafiə edərək
Sənətşünaslıq namizədi elmi dərəcəsi almışdır.
O, 1985-ci ildən e’tibarən Azərbaycan Dövlət
Mədəniyyət və İncəsənət Universitetinin bədii
yaradıcılıq fakültəsində dekan vəzifəsinə
tə’yin olunmuşdur.
Bayram Hacıyev teatr nəzəriyyəsinə
həsr olunmuş onlarla kitabın və 35 elmi məqalənin
müəllifidir.
1998-ci il Bayram Hacıyev üçün daha
uğurlu olmuşdur. O, "Klassik Azərbaycan
dramaturgiyası və onun səhnə təcəssümü
problemi" mövzusunda doktorluq dissertasiyası
müdafiə edib sənətşünaslıq doktoru elmi
dərəcəsinə layiq görülmüşdür.
Bayram Hacıyev aktyorluq və
sənətşünaslıq sənəti üzrə 30-a yaxın beynəlxalq
ittifaq və respublika səviyyəli konqres və
konfranslarda iştirak edib, elmi məqalələr çap
etdirmişdir.
Bayram Hacıyev hal-hazırda Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət Universitetinin
"Bədii yaradıcılıq" fakültəsinin dekanı və
kafedranın professorudur. O, Universitetin böyük
şurasının və elmi-müdafiə şurasının üzvüdür.
BİNƏLİ MUSAYEV
Binəli İsa oğlu Musayev 1944-cü ildə
Bolnisi royunun Saraclı kəndində anadan
olmuşdur. 1961-ci ildə Saraclı kənd orta məktəbini
medalla bitirmiş, həmin il ADU-nun (indiki
BDU-nun) mexanika-riyaziyyat fakültəsinə daxil
olmuşdur. 1966-cı ildə təhsilini başa vurmuş və
Azərbaycan EA Kibernetika İnstitutunda əmək
fəaliyyətinə başlamışdır. 1967-ci ildə
aspiranturaya qəbul olunmuş, 1971-ci ildə
riyaziyatdan namizədlik dissertasiyası müdafiə
etmişdir. 1972-ci ildən BDU-da riyazi analiz
kafedrasında çalışmış və 1989-cu ildə A.M.Razmadze
adına Tbilisi Riyaziyyat İnstitutunda doktorluq
dissertasiyası müdafiə etmişdir.
1990-cı ildən BDU-nun riyazi analiz
kafedrasının, paralel olaraq 1995-ci ildən isə
Azərbaycan Dövlət Neft Akademiyasının tətbiqi
riyaziyyat kafedrasının professorudur.
Binəli Musayev 8 nəfər elmlər namizədi
yetişdirmişdir. 10-a qədər namizədlik və
doktorluq dissertasiyasının opponenti olmuşdur.
Onun 66 elmi əsəri Azərbaycan və xarici ölkələrdə
nəşr edilmişdir. O, elmi dərəcələr verən bir neçə
ixtisaslaşdırılmış elmi şuranın və Azərbaycan
Riyaziyyatçılar Cəmiyyətinin idarə hey’ətinin
üzvüdür.
CEYHUN NAZİYEV
Ceyhun Yaşar oğlu Naziyev 1965-ci il
martın 23-də Bakıda ziyalı ailəsində anadan
olmuşdur.
1982-ci ildə orta məktəbi bitirmiş və
Azərbaycan Dövlət Universitetinin fizika
fakültəsinə qəbul olmuşdur.
1987-ci ildə ADU-nun (indiki BDU) fizika
fakültəsini fərqlənmə diplomu ilə bitirmiş və
Azərbaycan Elmlər Akademiyasının "Dərin neft və
qaz yataqlarının problemləri" institutuna
göndərilmişdir. O, burada mühəndis, sonra kiçik
elmi işçi vəzifəsində çalışmışdır.
1989-cu ildə müsabiqə yolu ilə
Azərbaycan Dövlət Universitetinin fizika
kafedrasında aspiranturaya daxil olmuşdur. O,
namizədlik dissertasiyasını 1990-cı ildə BDU-nun
ixtisaslaşdırılmış elmi şurasında
müvəffəqiyyətlə müdafiə edib fizika-riyaziyyat
elmləri namizədi elmi dərəcəsi almışdır.
1990-cı ildə Ceyhun Naziyev Azərbaycan
Təhsil Nazirliyinin göndərişilə ADNA-nın fizika
kafedrasına assistent tə’yin edilmişdir.
1994-cü ildə həmin kafedrada dosent
seçilmişdir.
1997-ci ildə doktorluq dissertasiyası
müdafiə edib, texnika elmləri doktoru elmi
dərəcəsinə layiq görülmüşdür.
Ceyhun Naziyevin elmi işləri əsasən
karbohidrogenlərin və başqa üzvi maddələrin
sıxlığı, istilikkeçirməsi, dinamik özlülüyü və
səs sü’rətinin öyrənilməsinə həsr edilmişdir. O,
75 elmi və tədris işlərinin, 1 monoqrafiya, 5 dərs
vəsaiti, 1 metodik vəsaitin müəllifidir.
Əsərlərinin əksəriyyəti yaxın və uzaq xarici
ölkələrdə dərc edilmişdir. Xarici ölkələrdə
keçirilən beynəlxalq konqress və simpoziumlarda
dəfələrlə mə’ruzələrlə çıxış etmişdir.
Elmdə qazandığı müvəffəqiyyətlərə
görə o, 1996-cı ildə Nyu-York Elmlər Akademiyasının
həqiqi üzvü seçilmişdir.
Ceyhun Naziyev 1998-ci ildə ADNA-nın
fizika kafedrası üzrə müsabiqə yolu ilə
professor vəzifəsinə seçilmişdir.
Ceyhun Naziyev Dövlət
Universititetinin nəzdində fəaliyyyət göstərən
Müdafiə Şurasının üzvü olmuş və hal-hazırda
Azərbaycan Elmi-Tədqiqat Energetika
İnstitutunun nəzdində fəaliyyət göstərən
müdafiə Şurasının üzvüdür.
DURSUN AŞUROV
Dursun Əhməd oğlu Aşurov 1941-ci ildə
Borçalı mahalının Bolus nümayəndəliyinin
(Bolnisi rayonu) Aşağı Qoşakilsə kəndində anadan
olmuşdur. Kənddəki səkkizillik məktəbi 1956-cı
ildə bitirdikdən sonra orta təhsilini qonşu
Saraçlı kəndində davam etdirmişdir. 1958-ci ildə
orta məktəbi başa vurduqdan sonra Azərbaycan
Dövlət Universitetinin kimya fakültəsinin axşam
şö’bəsinə daxil olmuş, əmək fəaliyyətinə həmin
ildən başlamışdır. Ali məktəbin beşinci kursunda
ikən Elmlər Akademiyasının Neft-Kimya
Prosesləri institutunda kiçik elmi işçi
vəzifəsində fəaliyyətə başlamışdır. 1964-cü ildə
ali məktəbi bitirdikdən sonra həmin institutun
aspiranturasına daxil olmuş və 1970-ci ildə ADU-nun
(indiki BDU-nun) elmi şurasında namizədlik
dissertasiyası müdafiə etmiş, elmi dərəcə
almışdır. Dursun Aşurov 1977-ci ildən e’tibarən
Azərbaycan Neft-Kimya İnstitutunun (Azərbaycan
Dövlət Neft Akademiyasının) Sumqayıt filialında
(hazırda Azərbaycan Sənaye İnstitutu) baş
müəllim, az sonra dosent vəzifəsində fəaliyyət
göstərməyə başlamışdır. Pedaqoji işlə yanaşı o
eyni zamanda elmi işlərini də davam etdirmiş,
elektrokimyaçı professor Q.A.Tederadzenin
rəhbərliyi altında doktorluq işini
tamamlamışdır. Apardığı elmi işlərin
nəticələrini Moskvada, Tulada, Novaçerkasskda,
Ufada, Karqandada, Çimkənddə, Donetskdə,
Dneropetrovskda, Riqada və nəhayət Bakı və
Sumqayıt şəhərlərində beynəlxalq və ümumittifaq
elmi konfranslarda mə’ruzə edib, məqalələr çap
etdirmişdir. 1991-ci ildə Moskvada D.İ.Mendeleyev
adına Kimya-Texnologiya İnstitutunun elmi
şurasında "elektrokimya istehsalı" ixtisası
üzrə "Doymamış birləşmələrin xloridli
məhlullarda elektrokimyəvi
xlorhidrinləşdirilməsi" mövzusunda doktorluq
dissertasiyası müdafiə edib kimya elmləri
doktoru elmi dərəcəsinə layiq görülmüşdür.
O, 1992-ci ildən Azərbaycan Sənaye
İnstitutunun professorudur. 5 nəfər elmlər
namizədi hazırlamış, 130-a qədər elmi və metodik
işin, o cümlədən, respublikadan kənarda çap
olunmuş 70-dən çox elmi məqalələrin və 20-yə qədər
müəlliflik şəhadətnaməsinin və İngiltərə dövlət
patentinin müəllifidir. Hazırda bir neçə
aspiranta və magistrlərə elmi rəhbərlik edir.
ƏLİ HÜSEYNOV
Əli Məhərrəm oğlu Hüseynov 1935-ci il
dekabrın 5-də Bolus nümayəndəliyinin (Bolnisi
rayonunun) Faxralı kəndində anadan olmuşdur.
1941-ci ildə Faxralı orta məktəbinin
birinci sinfinə daxil olmuş, 1952-ci ildə XI sinfi
müvəffəqiyyətlə bitirmişdir. 1952-1953-cü illərdə
kolxoz təsərrüfatlarında işləmiş, 1954-cü ildə
Azərbaycan Dövlət Universitetinin (indiki
BDU-nun) biologiya fakültəsinə daxil olmuşdur.
1959-cu ildə universiteti ə’la və yaxşı
qiymətlərlə bitirmiş, bioloq ixtisasına
yiyələnmişdir. Həmin il Faxralı orta məktəbində
kimya və biologiya müəllimi, sonra isə direktor
müavini tə’yin edilmişdir. 1965-ci ilin noyabr
ayından Bakı Dövlət Universitetinin biologiya
fakültəsinin nəzdində biokimya ixtisası üzrə
aspiranturaya daxil olmuşdur. O, "Müxtəlif
nisbətlərdə makro və mikrogübrələrin pambıq
bitkisinin toxumlarında yağın miqdarına və
keyfiyyətinə tə’siri" mövzusunda namizədlik
dissertasiyası üzərində işləmişdir. Tədqiqat
işini keçmiş Leninqrad şəhərində aparmış və
müvəffəqiyyətlə dissertasiya müdafiə etmişdir.
Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda
(indiki ADİU-da) saathesabı müəllim, Azərbaycan
EA Botanika İnstitutunda kiçik elmi işçi
işləmişdir. 1971-ci ildən 1982-ci ilə kimi Azərbaycan
Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda baş
elmi işçi vəzifəsində çalışmışdır. 1982-ci ildə
hazırkı Azərbaycan Dövlət Pedaqoji
Universitetində dosent vəzifəsini tutmuşdur.
1995-ci ildə Bakıda "Naxçıvan" özəl
Universitetində biologiya kafedrasında
professor yerini tutmuşdur. Hal-hazırda ADPU-nun
biologiya tədrisi metodikası kafedrasının
müdiridir.
Ə.Hüseynov 1998-ci ildə "Orta məktəbdə
biologiya tədrisinin nəzəri və metodiki
əsasları" mövzusunda doktorluq dissertasiyası
yazmış və AAK-ya təqdim etmişdir.
Ə.Hüseynov elmi-pedaqoji fəaliyyəti
ilə əlaqədar olaraq ADPU-da müdafiə şurasının,
universitetin elmi şurasının, Təhsil
Nazirliyinin elmi-metodik şurasının üzvü
seçilmişdir. Əli Hüsyenov 150-dən çox elmi və elmi
metodik məqalə, kitab, dərslik və
monoqrafiyaların müəllifidir. Orta və ali
məktəblər üçün 2 dərslik və dərs vəsaiti, 10
proqram yazıb çap etdirmişdir.
"Təbiətşünaslıq" orijinal
dərsliklərinə görə 1990 və 1993-cü illərdə
Azərbaycan Təhsil Nazirliyinin və akademik Xudu
Məmmədov adına respublika mükafatına layiq
görülmüşdür.
1998-ci ildə Beynəlxalq Biologiya
Cəmiyyətinin diplomunu almışdır. İngiltərənin
Kembric Universitetində dünyanın 500 məşhur
alimləri içərisində onun ingiliscə
tərcümeyi-halı verilmişdir. Beynəlxalq
Biologiya cəmiyyətinin "Qızıl" medalına,
"Qızıl ulduz" medalına layiq görülmüşdür.
Amerika Bioqrafiya İnstitutu Kembric
Universitetindən aldığı mə’lumata əsasən onu
Amerika Bioqrafiya İnstitutunun üzvü seçmişdir.
Elmi fəaliyyətinə görə ABİ-nin "Qızıl heykəl"
və "Honor" medalına layiq görülmüşdür.
Əli Hüseynovun "Təbiətşünaslıq"
dərslikləri rus dilinə, V sinif üçün dərsliyi həm
də ingilis dilinə tərcümə olunmuşdur.
Əli Hüseynov elmi-pedaqoji
fəaliyyətini ADPU-da kafedra müdiri vəzifəsində
davam etdirir.
ƏFLATUN SARACLI
Şair, tərcüməçi, alim Əflatun Yunus
oğlu (Məmmədli) Saraclı 1936-cı il dekabrın 5-də
Borçalı mahalının Bolus bölgəsinin Saraclı
kəndində anadan olmuşdur. Ə.Y.Saraclı 1944-1952-ci
illərdə Saraclı səkkizillik məktəbində oxumuş,
1952-1956-cı illərdə Borçalı Pedaqoji Texnikumunu,
1956-1961-ci illərdə isə A.S.Puşkin adına Tbilisi
Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya
fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.
1961-1962-ci illərdə həmin institutun Azərbaycan
dili və ədəbiyyatı kafedrasında baş laborant,
müəllim kimi çalışmışdır. Rəsmi dövlət
mühazirəçisi kimi Marneuli (Sarvan), Dmanisi
(Başkeçid), Bolnisi (Bolus), Qardabani (Qarayazı)
və başqa rayonlarda şair, mühazirəçi kimi
görüşlərdə olmuş, şe’rləri, gürcü
ədəbiyyatından tərcümələri ilə çıxış etmişdir.
Gürcüstan mətbuatında, radio və televiziyada
çıxışları ilə rəğbət qazanmışdır. M.Hüseyn,
M.İbrahimov, M.Rahim, H.Arif, Ə.Kürçaylı, V.Babanlı
kimi yazıçı və şairlərlə birlikdə Gürcüstanlı
oxucularla görüşlər və şe’r, sənət məclisləri
keçirmişdir. Ə.Saraclı gürcü poeziyasının
orjinaldan Azərbaycan türkcəsinə ən yaxşı
tərcüməçisi kimi tanınır.
Əflatun Saraclı 1962-ci ilin iyulundan
ailə durumu ilə bağlı Bakıya köçmüşdür. Bir neçə
ay "Azərbaycan" qəzetində, həmin ilin
noyabrından isə Azərbaycan Elmlər Akademiyası
Nizami adına Ədəbiyyat İnstitutunda XIX-XX
yüzillər Azərbaycan Ədəbiyyatı şö’bəsində öncə
kiçik elmi işçi, sonra böyük, aparıcı, baş elmi
işçi vəzifələrində çalışmışdır. İndi həmin
institutun Yeni dövr Azərbaycan ədəbiyyatı
şö’bəsinin müdiridir.
Onun rəhbərliyi ilə xeyli elmlər
doktorları, elmlər namizədləri XIX-XX yüzillər
ədəbiyyatımızın problemlərini araşdırmışdır.
Ə.Y.Saraclı 1967-ci ildə "Azərbaycan uşaq və
gənclər mətbuatında ədəbiyyat" mövzusunda
namizədlik, 1984-cü ildə isə "XIX yüzilliyin sonu -
XX yüzilliyin əvvəllərində Azərbaycan bədii
nəsrinin inkişaf problemləri" mövzusunda
doktorluq disssertasiyası müdafiə etmişdir.
İnstitutda Gənc Alimlər Şurasına rəhbərlik
etmişdir. Azərbaycan Dövlət Pedaqoji
İnstitutunda, Gəncə Dövlət Pedaqoji
İnstitutunda, Azərbaycan Politexnik və İnşaat
İnstutlarında və başqa ali məktəblərdə dərs və
imtahanlar aparmış, dövlət imtahan
komissiyasının sədri olmuşdur. 1980-ci illərdə
Azərbaycan Dövlət Pedaqoji İnstitutunda, Nizami
Adına Ədəbiyyat İnstitutunda Elmi Şuranın,
İxtisaslaşdırılmış Müdafiə Şurasının, eləcə də
Azərbaycan Yazıçılar Birliyinin üzvü kimi
ədəbi-elmi kadrların yetişdirilməsində böyük
xidmət göstərmişdir.
Əflatun Saraclı XIX-XX yüzillər
ədəbiyyatımızın görkəmli
mütəxəssislərindəndir. 200-ə yaxın məqalənin, on
elmi, bədii kitabın müəlifidir. Onun "Azərbaycan
uşaq ədəbiyyatı" (1977), "Azərbaycan bədii
nəsri"(1983), "Abdulla Şaiq" (1984) kimi kitabları
elmi ictimaiyyət tərəfindən və xarici ölkələrdə
yüksək qiymətləndirilmişdir. Ə.Saraclının
"Zeynalabdin Marağalı" əsəri isə bu yazıçı
haqqında Azərbaycanda və Yaxın Şərqdə ilk
kitabdır və bununla "Azərbaycanın görkəmli
adamları" seriyasının əsasını qoymuşur. Hazırda
"Azərbaycan yazıçıları cümhuriyyət dövründə
(1918-1920)" elmi əsərlərini çap etdirməkdədir. Onun
Azərbaycan-gürcü ədəbi ilişgilərinə aid
araşdırmaları da öz yeniliyi, elmiliyi və çağdaş
məsələlərə yeni münasibəti ilə seçilir. Xüsusilə
Ş.Rustaveli ilə, XIX-XX yüzillər gürcü ədəbiyyatı
ilə bağlı araşdırmaları dəyərlidir.
O, Azərbaycan Xalq Cümhuriyyəti dövrü
ədəbiyyatının da ilk araşdırıcılarındandır.
İstiqlalımızın 80 illiyi münasibəti ilə çıxan (1998)
"Azərbaycan Xalq Cümhuriyyəti" fundamental
kitabının "İctimai gerçəklik və
mə’nəvi-ideoloji mühit", "Nəsr" fəsillərini də
Ə.Saraclı yazmışdır. Onun təşkilatçılığı ilə
hazırlanan bu əsər dövlət tərəfindən
mükafatlandırılmışdır.
Əflatun Saraclı Azərbaycan Yazıçılar
Birliyinin üzvü kimi də məhsuldar çalışır. Bədii
yaradıcılığa erkən başlayan müəllif 1956-cı ildən
- Borçalı Pedaqoji Texnikumunda oxuyarkən
mətbuatda çıxış etmiş, İlk şe’ri həmin rayonun
"Stalin yolu" qəzetində dərc olunmuşdur. Bundan
sonra şe’rləri və tərcümələri "Gürcüstan",
"Azərbaycan gəncləri", "Ədəbiyyat və
incəsənət", "Sovet kəndi" "Gənclik",
"Azərbaycan" qəzet və jurnallarında çap
edilmişdir. Onun "Borçalı harayı" şe’rlər
kitabı yurdumuzun dünəni, bu günü və gələcəyi,
xalq hərəkatı, azadlıq, istiqlal, yeni həyat
haqqında düşüncələrdən ibarətdir. Gürcü
ədəbiyyatından tərcümələri "Bir sinədə iki
ürək" , "Sayat Nova", "Torpaq çəkir", "Kür
Xəzərə qovuşur" və başqa kitablarda, dərgilərdə
toplanmış, "Günahsız Abdulla" (M.Cavaxişvili) və
"Kukaraça" (N.Dumbadze) povestlərinin tərcüməsi
əsasında televiziya tamaşaları hazırlanmışdır.
Şairin əsərləri Azərbaycanda, Gürcüstanda və
qardaş Türkiyədə də maraqla qarşılanır.
Şe’rləri vallara, kasetlərə yazılıb, aşıqlar
tərəfindən oxunur. Şair bu gün də öz şe’rləri ilə
mətbuat orqanlarında fəal çıxış edən qeyrətli,
milli, türkçü ziyalılarımızdandır. Türkçü şair,
türkçü alimdir. O, Azərbaycan ədəbiyyatında və
Azərbaycan yazıçılarının yaradıcılığında da
azadlıq, müstəqillik və türkçülük məsələlərinin
araşdırılmasına üstünlük verir.
C.Məmmədquluzadə, Ü.Hacıbəyli, Y.V.Çəmənzəminli,
A.Şaiq, C.Cabbarlı kimi istiqlalçı,
mollanəsrəddinçi, türkçü ustadların
yaradıcılığının bu sahəsini də ilk dəfə
Ə.Saraclı araşdırıb. İndi M.Hadi, H.Cavid və başqa
Azərbaycan romantiklərinin AXC dönəmindəki
yaradıcılığını araşdırır.
ƏFLATUN HƏSƏNOV
Əflatun Mürsəl oğlu Həsənov 1959-cu il
dekabrın 12-də Bolnisi rayonunun Faxralı kəndində
anadan olmuşdur. 1976-cı ildə Faxralı kəndində orta
məktəbi, 1980-ci ildə isə Azərbaycan Dövlət
Pedaqoji Universitetinin Fizika fakültəsini
bitirmişdir. 1981-1982-ci illərdə hərbi xidmətdə
olmuşdur. 1983-cü ildə Azərbaycan SSR Elmlər
Akademiyasının Radiasiya Tədqiqatları
Sektorunda elmi işçi vəzifəsində işləmiş, 1985-ci
ildə isə Leninqrad Dövlət Universitetində
aspiranturada oxumuşdur. 1987-ci ildə "Radiasiya
və elektrik boşalmasının tə’siri altında oksid
bor maddəsinin səthində baş verən proseslərin"
öyrənilməsinə aid namizədlik dissertasiyası,
2000-ci ildə isə bərk cisimlər ixtisası üzrə
"Geniş qadağan olunmuş zonalı dielektriklərin
iştirakı ilə radiasion və plazma heterogen
proseslərin müqayisəli qanunauyğunluqları"
mövzusunda doktorluq dissertasiyası müdafiə
etmişdir. 53 elmi əsərin müəllifidir. Bu
əsərlərdən 6-sı Rusiya dövlətinin patenti olmuş,
atom və plazma-generatorunda istifadə olunan
maddələrin köməyi ilə hidrogen-enerjidaşıyıcısı
alınmasına həsr olunmuşdur. Bir monoqrafiya,
xarici ölkələrdə çap olunan 16 əsərin
müəllifidir. (Böyük Britaniya, Almaniya,
Macarıstan, Türkiyə və s.). Onun rəhbərliyi
altında iki elmlər namizədi müdafiə etmişdir.
Hal-hazırda Azərbaycan Elmlər Akademiyasının
Radiasiya tədqiqatları bölməsinddə
laboratoriya müdiri vəzifəsində işləyir.
|