|
ELMLƏR NAMİZƏDLƏRİ
TİFLİS (TBİLİSİ) BÖLGƏSİ
[A-İ] [M-R] [S-Z]
SƏMAYƏ BEKTAŞİ (XEYİR-ZADƏ)
Səmayə Həsən qızı Bektaşi 1935-ci il
sentyabrın 10-da Tbilisi şəhərində müəllim
ailəsində anadan olmuşdur. Əvvəlcə Tbilisi
şəhərinin 3 saylı orta məktəbində oxumuş, 1959-cu
ildə Bakı şəhərində 85 saylı məktəbi bitirmişdir.
Həmin il Azərbaycan Dövlət Universitetinin
kimya fakültəsinə daxil olmuş və 1964-cü ildə
universiteti bitirmişdir.
1964-1969-cu illərdə EA Y.Məmmədəliyev
adına Neft Kimya Prosesləri İnstitutunda kiçik
elmi işçi vəzifəsində çalışmışdır.
1969-cu ildən 1982-ci ilə kimi Azərbaycan
Dövlət Universitetində yüksək molekullar
birləşmələri kafedrasında işləmişdir. 1982-1984-cü
illərdə Politexnik Texnikumunda müəllim
işləmişdir.
1984-cü ildə "Polixerftal turşuların
sintezi və onların çevrilməsi" mövzusunda
namizədlik dissertasiyası müdafiə etmişdir.
1984-cü ildən 1995-ci ilə qədər EA Qeyri-Üzvi və
Fiziki Kimya İnstitutunda elmi işçi vəzifəsində
çalışmışdır.
Səmayə Bektşinin elmi fəaliyyəti 20
elmi əsərdə və bir neçə ixtiralarda əks
olunmuşdur.
SƏMAYƏ İBRAHİMOVA (ƏLİYEVA)
Səmayə Əli qızı İbrahimova (Əliyeva)
1939-cu il sentyabrın 17-də Tbilisi şəhərində anadan
olmuşdur. 1946-cı ildə Tbilisi şəhərindəki 64 saylı
rus orta məktəbinə getmiş, 1957-ci ildə oranı
bitirmişdir. 1966-cı ildə Tbilisi Dövlət
Universitetinin iqtisadiyyat fakültəsini
qiyabi bitirmişdir. 1965-ci ildə Bakıya köçmüş,
Dövlət Plan Komitəsinin nəzdində olan
Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunda kiçik
elmi işçi vəzifəsindən bölmə müdiri vəzifəsinə
qədər yüksəlmişdir. 1968-ci ildə əyani
aspiranturaya daxil olmuş və 1973-cü ildə
"Azərbaycan SSR-də yeyinti sənayesinin sahə və
ərzaq sutrukturunun təkmilləşdirilməsi
məsələləri" mövzusunda namizədlik
dissertasiyası müdafiə etmişdir. 1979-1980-ci
illərdə Azərbaycan Dövlət Plan Komitəsinin
nəzdindəki Elmi-Tədqiqaqt İqtisadiyyat
İnstitutunun mühəndis qüvvələrinin inkişafı və
yerləşdirilməsi bölməsinin müdiri olmuşdur.
1982-1984-cü illərdə Azərbaycan Texnologiya
İnstitutunda müəllim, 1984-cü ildən Azərbaycan
Dövlət Plan Komitəsinin İqtisadiyyat
İnstitutunda baş müəllim, sonradan dosent
vəzifəsini tutmuşdur. 60-a qədər əsəri çap
olunmuşdur (o cümlədən 7 kitabça və 1 dərs
vəsaiti).
SƏİD SULTANOV
Səid Heydər oğlu Sultanov 1921-ci ildə
Tiflis şəhərində qulluqçu ailəsində anadan
olmuşdur. 1928-ci ildə Tiflis şəhər orta məktəbinin
1-ci sinfinə daxil olmuş, 1938-ci ildə həmin məktəbi
bitirmişdir. 1938-ci ildə Tbilisi Politexnik
İnstitutunun maşınqayırma texnologiyası
fakültəsinə daxil olmuş, 1943-cü ildə həmin
fakültəni bitirmişdir. Əmək fəaliyyətinə
Tbilisi 13 saylı avtonəqliyyat tə’miri zavodunda
mühəndis-mexanik vəzifəsində başlamış, burada
1945-ci ilə qədər işləmişdir. 1948-ci ildə namizədlik
dissertasiyası müdafiə etmişdir.
1948-ci ildən tə’yinatla Bakı şəhərinə
göndərilmiş, 1950-ci ilə qədər Neft və Kimya
İnstitutunda (indiki ADNA) assistent işləmişdir.
1950-ci ildən 1958-ci ilə qədər Azərbaycan Politexnik
İnstitutunda müəllim, sonra dosent vəzifəsində
çalışmışdır. 1958-ci ildə müsabiqə yolu ilə L.Şmidt
adına maşınqayırma (indiki Səttərxan) zavodunda
SKB-yə rəis vəzifəsinə göndərilmiş, 1961-ci ildə
isə həmin zavodun baş mühəndisi, 1962-ci ildə elmi
hissə üzrə direktor müavini vəzifəsinə irəli
çəkilmişdir. 1964-cü ildən 1973-cü ilin sonuna kimi
Ümumittifaq Layihə-Texnologiya elmi-tədqiqat
institutunda (indiki Azərbaycan Maşınqayırma
Texnologiyası institutunda) elmi işlər üzrə
direktor müavini işləmişdir.
Səid Sultanov 1958-ci ildən 1968-ci ilə
qədər mütəmadi olaraq xarici dövlətlərdə elmi və
praktiki e’zamiyyələrdə (Bolqarıstan,
Yuqoslaviya, Polşa, İtaliya və s.) olmuşdur.
Səid Sultanov Respublikada
Maşınqayırmanın Texnologiyasına dair iki
sanballı kitab və onlarla elmi məqalələr çap
etdirmişdir.
O, 50-ə yaxın beynəlxalq və respublika
səviyyəli simpozium və konfransların
iştirakçısı olmuş, elmi məqalələr çap
etdirmişdir.
Səid Sultanov 1981-ci ildə Bakıda vəfat
etmişdir.
SİYAVUŞ ALXAZOV
Siyavuş Məmmədiyə oğlu Alxazov 1935-ci
ildə hərbi qulluqçu ailəsində anadan olmuşdur.
1943-cü ildə Tbilisinin Ortaçala məhəlləsində
yerləşən 31 saylı kişi beynəlmiləl məktəbində 1-ci
sinfə daxil olmuşdur. Siyavuş Alxazov 1949-cu ildə
təhsilini 37 saylı Azərbaycan orta ümumtəhsil
məktəbində (indiki 73 saylı) davam etdirmiş, 1954-cü
ildə orta məktəbi qızıl medalla bitirmişdir.
1959-cu ildə Azərbaycan Neft və Kimya
İnstitutunun (indiki ADNA) geoloji-kəşfiyyat
fakültəsinin "Faydalı qazıntı yataqlarının
axtarışı və kəşfiyyatının geofiziki üsulları"
ixtisası üzrə bitirmiş, Neft Daşlarında, Dəniz
Mə’dən-Geofizikası Ekspedisiyasında
texnik-operator, mühəndis-operator, dəstə rəisi
və ekspedisiya rəisinin müavini vəzifələrində
işləmişdir. Onun beş səmərələşdirici təklifi
tətbiq olunmuş və beş elmi işi dərc edilmişdir.
Neft Daşlarında işlədiyi müddətdə
burada "Xəzərin səsi" yerli radiostudiyası
yaratmış, ona rəhbərlik etmiş, "Neft Daşları" və
"Neftənie Kamni" çoxtirajlı qəzetlərin
açılmasının (1967) təşəbbüskarı və onların
redaksiya hey’ətlərinin üzvü olmuşdur.
"Xəzərfilm" studiyası yaratmış (1975) və iki il
onun kinorejissoru vəzifəsində işləmişdir. 1969-cu
ildən SSRİ Jurnalistlər İttifaqının üzvü
olmuşdur. O, 1962-ci ildə 73 saylı fəhlə-gənclər
məktəbində, 1967-ci ildə isə Bakı Axşam Neft
Texnikumunun filialında Geologiya və
Geodeziyadan dərs deməyə də’vət olunmuşdur. 30 il
iqtisadi məktəbin rəhbəri, 10 il partiya
təşkilatı katibi olmuşdur. Sonrakı illərdə
Bakının 214 saylı orta ümumtəhsil məktəbində
fizikadan və Bakı Kompüter Litseyində
coğrafiyadan dərs demişdir. Ali kateqoriyalı
müəllimdir.
1990-cı ildə elmi işə keçən Siyavuş
Alxazov əvvəlcə Ümumittifaq Neft Elmi-Tədqiqat
Təhlükəsizlik Texnikası İnstitutunda, 1994-cü ildə
isə "Dənizneftqazlayihə" Dövlət Elmi-Tədqiqat
və Layihə İnstitutunda böyük elmi işçi
vəzifəsində işləmişdir.
Hazırda "Dənizneftqazlayihə" DETLİ
neftqazmə’dən geofizikası laboratoriyasının
aparıcı elmi işçisi, texnika elmləri namizədi və
institutun doktorantıdır. 100-ə qədər elmi işin, o
cümlədən 5 ixtiranın, 25 elmi mə’ruzənin
müəllifidir. Azərbaycan Milli Geofiziklər
Komitəsinin, Azərbaycan Jurnalistlər Birliyinin
üzvüdür. "Rəşadətli əməyə görə" və "Əmək
veteranı" medalları ilə təltif olunmuşdur.
SİYAVUŞ MAHMUDOV
Siyavuş Əli oğlu Mahmudov 1933-cü il
aprelin 12-də Naxçıvan şəhərində anadan olmuşdur.
Onun soykökünün Tiflis-Borçalı ilə sıx bağlılığı
vardır.
1940-cı ildə Tbilisi Azərbaycan orta
məktəbinin 1-ci sinfinə daxil olmuş, 1950-ci ildə
həmin məktəbi bitirmişdir. 1951-1956-cı illərdə
Azərbaycan Dövlət Universitetinin
geoloji-coğrafiya fakültəsinin təlbəsi olmuş və
geoloji-kəşfiyyat mühəndisi ixtisasına
yiyələnmişdir. 1956-cı ildə Azərbaycan EA
Geologiya İnstitutunun geoloji-kəşfiyyat
şö’bəsində laborant işləmiş, sonralar kiçik
elmi işçi, aspirant, baş elmi işçi, riyazi
metodların geologiyaya tətbiqi qrupuna və
mineral laboratoriyasına rəhbərlik etmişdir.
1962-ci ildə namizədlik dissertasiyası
müdafiə etmişdir. Onun elmi fəaliyyəti 80 elmi
əsərdə, o cümlədən üç monoqrafiya və bir
müəlliflik şəhadətnaməsində öz əksini
tapmışdır. Siyavuş Mahmudovun elmi
fəaliyyətinin nəticələri 2 dəfə SSRİ EA-nın baş
elmi katibi tərəfindən illik hesabatın ən aktual
işi kimi qeyd olunmuş və müəllif rəhbərlik
tərəfindən mükafata layiq görülmüşdür.
Dəfələrlə institutun elmi şurasının üzvü
olmuşdur. 1989-1994-cü illərdə BDU-da pedaqoji
fəaliyyətlə də məşğul olmuşdur. İki namizədlik
işinə rəhbərlik etmişdir.
SOLMAZ ƏLİYEVA
Solmaz Əli qızı Əliyeva 1929-cu il
fevralın 9-da Tiflis şəhərində qulluqçu
ailəsində anadan olmuşdur.
1938-ci ildə 94 saylı Tiflis rus orta
məktəbinin 1-ci sinfinə daxil olmuş, 1949-cu ildə
isə həmin məktəbi bitirmişdir.
1950-ci ildə Azərbaycan Dövlət Tibb
İnstitutunun pediatriya fakültəsinə qəbul
olmuş, 1956-cı ildə ə’la qiymətlərlə həmin
fakültəni bitirmişdir. Əmək fəaliyyətinə 1956-cı
ildə Bakı şəhər uşaq klinik xəstəxanasında
həkim-pediatr kimi başlamışdır.
1963-1966-cı illərdə Azərbaycan Tibb
İnstitutunun (indiki ADTU-nun) aspiranturasında
oxumuşdur. 1967-ci ildə dissertasiya müdafiə edib
tibb elmləri namizədi elmi dərəcəsi almışdır.
1967-ci ildə Azərbaycan Tibb
İnstitutunun uşaq xəstəlikləri kafedrasında
assistent işləmiş, 1971-ci ildə dosent seçilmişdir.
Solmaz Əliyeva 1974-cü ildə "Əmək
rəşadəti" medalı ilə təltif olunmuşdur. Onun
elmi və pedaqoji fəaliyyəti 68 elmi əsərdə öz
əksini tapmışdır. Bu müddət ərzində beynəlxalq,
ittifaq və respublika səviyyəli 20 simpoziumda və
konfranslarda çıxış edib, elmi məqalələr çap
etdirmişdir.
Solmaz Əliyevanın elmi əsərləri 40-a
yaxın tibb jurnallarında və bülletenlərində
dərc edilmişdir.
Solmaz Əliyeva hal-hazırda uşaqlarda
xroniki xəstəliklərin müalicəsi kafedrasında
dosent vəzifəsində işləyir.
SÜRƏYYA QASIMOVA
Sürəyya Məcid qızı Qasımova 1934-cü ilin
sentyabrında Tbilisi şəhərində anadan olmuşdur.
Sürəyya Qasımova 1953-cü ildə 49 nömrəli
Tbilisi qadın rus orta mətəbini ə’la
qiymətlərlə bitirmiş, həmin ildə də Azərbaycan
Xarici Dillər İnstitutunun alman dili
fakültəsinə daxil olmuşdur.
Oxuduğu illərdə Bakı şəhərində
keçirilən bir sıra elmi-praktik konfranslarda
yaxından iştirak edib, mə’ruzələrlə çıxış
etmişdir.
Sürəyya Qasımova hələ Tbilisidə orta
məktəbdə oxuduğu vaxt 5 ilə yaxın Gürcüstan
SSR-nin gənclərdən ibarət yığma basketbol
komandasının ən fəal oyunçusu, sonra isə
kapitanı olmuşdur.
Respublikanın tələbələrdən ibarət
yığma komandasının tərkibində Sürəyya Qasımova
Moskva, Sankt-Peterburq, Tbilisi, Bakı, Gəncə və s.
şəhərlərdə oynamışdır.
O, Moskvada VI Ümumdünya Mahnı və Rəqs
Olimpiadasında uğurla çıxış etmişdir.
1958-ci ildə Sürəyya institutu ə’la
qiymətlərlə bitirib laborant vəzifəsində işə
başlamışdır. Bir müddət sonra həmin kafedrada
alman dilinin qrammatikası və leksikası üzrə
müəllim tə’yin edilmişdir. Burada işləyə-işləyə
Bədən Tərbiyəsi İnstitutunda, Tibb
Universitetində alman dilini tədris etmişdir.
1961-1966-cı illərdə Azərbaycan Dövlət
Universitetində, 1966-cı ildən isə Azərbaycan Xalq
Təsərrüfatı İnstitutunda fəaliyyət
göstərmişdir.
Sürəyya Məcid qızı Qasımova hazırda
Bakı Dövlət İqtisadiyyat Universitetinin baş
müəllimidir. O, 25 elmi əsərin və 2 dərsliyin
müəllifidir.
ŞƏFİQƏ TOPÇİYEVA
Şəfiqə Ənvər qızı Topçiyeva 1951-ci ildə
Tbilisi şəhrində anadan olmuşdur.
1958-ci ildə 63 saylı Tbilisi rus orta
məktəbinin 1-ci sinfinə getmiş, 1968-ci ildə həmin
məktəbi ə’la qiymətlərlə bitirmişdir. 1970-ci ildə
Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki
ADTU-nun) əczaçılıq fakültəsinə daxil olmuş,
1975-ci ildə həmin fakültəni bitirmişdir. 1975-ci
ildə tə’yinatla Naxçıvan şəhərindəki 3 saylı
əczaxanada işə düzəlmişdir. 1976-cı ilin mart
ayından Azərbaycan Baş Apteklər idarəsində
inspektor-müfəttiş vəzifəsində işə cəlb
olunmuşdur.
1976-cı ilin may-iyun aylarında Tbilisi
şəhərinin baş apteklər idarəsində
mühəndis-əczaçı vəzifəsində işə düzəlmişdir.
1980-ci ildən Tbilisi Dövlət Tibb İnstitutunun
əczaçılıq kimyası kafedrasında kiçik elmi işçi
vəzifəsinə işə qəbul olunmuşdur. 1989-cu ildən
Seçenov adına Moskva şəhəri 1 saylı Tibb
İnstitutunun elmi şurasında namizədlik
dissertasiyası müdafiə etmişdir. Ailə vəziyyəti
ilə əlaqədar olaraq 4 il əmək fəaliyyətindən
kənar olmuşdur.
1993-cü ildən Azərbaycan
Respublikasının EA Zoologiya İnstitutunda elmi
işçi, baş elmi işçi vəzifələrində elmi
fəaliyyətini davam etdirmişdir. Şəfiqə
Topçiyevanın bu müddət ərzində 40-dan çox elmi
əsəri, o cümlədən 2 metodik göstərişi, 1
müəlliflik şəhadətnaməsi, 4 prioriteti işıq üzü
görmüşdür. Bu elmi məqalələrin əksəriyyəti
beynəlxalq jurnal və məcmuələrdə (Afina,
İstanbul, Ankara, Osaka, Moskva, Tbilisi və s.) çap
olunmuşudr.
1994-1995-ci tədris ilində Azərbaycan
Dövlət Tibb Universitetinin Tibbi-Biologiya
fakültəsində müəllim işləmişdir. Hazırda
Azərbaycan EA Zoologiya İnstitutunda böyük elmi
işçi vəzifəsində çalışır. Doktorluq işini elmi
şuraya təqdim etmişdir.
ŞƏFİQƏ HƏMİDOVA
Şəfiqə Paşa qızı Həmidova 1934-cü ildə
Tbilisi şəhərində anadan olmuşdur. 1943-cü ildə 37
saylı orta məktəbi bitirmiş, 1954-cü ildə Tbilisidə
A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji
İnstitutunun Azərbaycan bölməsinnin tarix-dil
və ədəbiyyat fakültəsinə daxil olmuş, 1959-cu ildə
həmin fakültəni bitirmişdir. 1959-1961-ci illərdə
həmin institutun tarix kafedrasında laborant
vəzifəsində işləmişdir. 1961-ci ilin martında
Azərbaycan EA Tarix İnstitutunun tələbi ilə
gürcü dilini bilən mütəxəssis kimi Bakı şəhərinə
də’vət olunmuşdur. Həmin vaxtdan "Orta əsrlər
tarixi" şö’bəsində kiçik elmi işçi kimi
çalışmışdır. 1963-1965-ci illərdə Azərbaycan EA Tarix
İnstitutu və EA Rəyasət Hey’ətinin məsləhəti
ilə qədim gürcü dilini öyrənmək üçün Gürcüstan
EA Dil və Ədəbiyyat İnstitutunda baş elmi işçi
vəzifəsində işləyir. 1961-ci ildən bu günə qədər
Azərbaycan-Gürcüstan əlaqələri üzrə elmi
fəaliyyətini davam etdirir. 15 elmi məqalənin və
çapdan çıxmış bir kitabın, iki monoqrafiyanın
müəllifidir.
TAMİLƏ ƏMİRASLANOVA
Tamilə İsmayıl qızı Əmiraslanova 1937-ci
il fevral ayının 16-da Tiflis şəhərində anadan
olmuşdur.
1944-cü ildə Tiflisdəki 73 saylı şəhər
Azərbaycan orta məktəbinin 1-ci sinfinə getmiş,
1956-cı ildə həmin məktəbi bitirmişdir. 1956-cı ildə
Azərbaycan Dövlət Universitetinin biologiya
fakültəsinə daxil olmuş, 1960-cı ildə həmin
fakültəni müvəffəqiyyətlə bitirmişdir.
Tamilə Əmiraslanova əmək fəaliyyətinə
Universitetin dördüncü kursunda oxuyarkən
Azərbaycan EA nəzdində fəaliyyət göstərən
mikrobiologiya şö’bəsində başlamışdır.
1963-cü ildə əyani aspiranturaya daxil
olmuş və Daşkənd şəhərinə e’zam olunmuşdur.
1967-ci ildə namizədlik dissertasiyası müdafiə
etmişdir.
1974-cü ildə müsabiqə yolu ilə xarici
dillər institutunun "Psixologiya" kafedrasına
baş müəllim vəzifəsinə keçmişdir. 1976-cı ildə
həmin kafedranın dosenti seçilmişdir. 1982-ci ildə
Moskvada Müəllimlərin Təkmilləşdirilməsi
İnstitutunda 3 aylıq kurs bitirmişdir. O, Bakıda
və keçmiş ittifaqın bir sıra mərkəzi
şəhərlərində keçirilən elmi konfranslarda çıxış
etmiş, biologiya və psixologiya elmlərinə aid
məqalələr nəşr etdirmişdir.
Tamillə Əmiraslanova pedaqoji
fəaliyyətini davam etdirir.
TAHİRƏ ƏFƏNDİYEVA
Tahirə Ziyəddin qızı Əfəndiyeva 1941-ci
ildə Tbilisi şəhərində müəllim ailəsində anadan
olmuşdur. Orta təhsilini Tbilisi şəhər 73 saylı
orta məktəbdə almışdır. 1958-ci ildə həmin məktəbi
qızıl medalla bitirmiş və Azərbaycan Tibb
İnstitutunun (indiki ADTU-nun) pediatriya
fakültəsinə daxil olmuş, 1964-cü ildə institutu
bitirdikdən sonra əvvəlcə Gəncə şəhərində
yaşamış, 1965-ci ilin may ayından 1970-ci ilin iyun
ayına kimi isə Belarusiyanın Qomel şəhərində,
1970-ci ilin avqust ayından 1985-ci ilə kimi
Azərbaycanın müxtəlif müalicə-profilaktika
müəssisələrində, o cümlədən 1970-1971-ci illərdə
Sabirabad Mərkəzi rayon xəstəxanasında, 1971-1972-ci
illərdə Respublika Klinik xəstəxanasında,
1973-1978-ci illərdə Azərbaycan Tibb İnstitutunda
(kafedranın assissenti), 1978-1981-ci illərdə uşaq
nevroloji xəstəxanasında, 1981-1985-ci illərdə ET
Pediatriya İnstitutunda işləmişdir. 1985-ci ildən
Səhiyyə Nazirliyində inspektor, idarə rəisinin
müavini, baş mütəxəssis vəzifəsində çalışmış və
hazırda ana və uşaqlara müalicə -pofilaktika
yardım şö’bəsinin rəisi vəzifəsində işləyir.
1994-1999-cu illərdə ÜST və YUNİSEF
tərəfindən təşkil edilmiş beynəlxalq
seminarlarda iştirak etmiş və inspektor kimi
müvafiq sertifikatlar almışdır.
1997-ci ildə türkdilli ölkələrin
Azərbaycanda keçirilmiş 4-cü regional
konqresinin iştirakçısı olmuşdur. 2000-ci ildə
Azərbaycan Respublikası Prezidenti yanında
İdarəçilik Akademiyasında "Dövlətin sosial
siyasəti: mahiyyət, prioritetlər və həyata
keçirilmə mexanizmləri" üzrə ixtisasartırma
kursu keçmişdir.
1994-cü ildən başlayaraq Səhiyyə
Nazirliyi ilə BMT-nin Uşaq Fondu YUNİSEF-in birgə
iş planına müvafiq olaraq "KRİ və diareyalı
xəstəliklərlə mübarizə" proqramı üzrə
respublikanın şəhər və rayonlarında fasilitator
kimi seminar məşğələləri keçirir, İMSİ proqramı
işçi qurpunun üzvü, "Təhlükəsiz analıq və
yenidoğulmuşlara qulluq" proqramının milli
koordinatorudur.
Çap olunmuş 2 elmi məqalənin
müəllifidir. ÜST və YUNİSEF-in çap etdiyi "Döşlə
düzgün əmizdirmə" broşürasını və "Kiçik yaşlı
uşaqlarda kəskin respirator infeksiyaların
ambulator müalicəsi" vəsaitini Azərbaycan
dilinə tərcümə etmişdir. Hal-hazırda ÜST və
YUNİSEF-in təqdim etdiyi "Təhlükəsiz analıq və
yenidoğulmuşlara qulluq" proqramının
respublika şəraitinə uyğunlaşdırılması və
tərcüməsi üzərində işləyir.
VAHİD MURSAQULOV
Vahid Rüstəm oğlu Mursaqulov 1931-ci
ildə Tiflis şəhərində anadan olmuşdur. Orta
məktəbi Gəncə şəhərində bitirmiş, 1950-ci ildə
H.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji
İnstitutunun Azərbaycan dili və ədəbiyyatı
fakültəsinə daxil olmuş və 1954-cü ildə həmin
institutu fərqlənmə diplomu ilə bitirmişdir. O,
1954-1964-cü illərdə Səfərəliyev rayonu və Kirovabad
(Gəncə) şəhəri orta məktəblərində dil-ədəbiyyat
müəllimi və dərs hissə müdiri vəzifələrində
çalışmışdır.
Vahid Mursaqulov 1962-1964-cü illərdə
Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun dillər
kafedrasında müəllim, 1964-cü ildən isə H.Zərdabi
adına KDPİ-nin Azərbaycan dilçiliyi
kafedrasında assistent, dosent (1964-1978) kafedra
müdiri (1978-1984) və sonrakı dövrlərdə kafedranın
dosenti vəzifəsində işləmişdir.
Vahid Mursaqulov 1970-ci ildə Azərbaycan
Respublikası EA Dilçilik İnstitutunda
"Azərbaycan sovet romanlarında dialektizmlər"
mövzusunda namizədlik dissertasiyası müdafiə
etmiş və filologiya elmləri namizədi elmi
dərəcəsi almışdır. Onun qəzet və jurnallarda
60-dan çox elmi məqaləsi, 3 metodik vəsaiti nəşr
olunmuşdur. O, 1979-cu ildə "Sosializm yarışının
qalibi" döş nişanı, 1989-cu ildə isə "Əmək
veteranı" medalı ilə təltif olunmuşdur.
YAŞAR İSMAYILOV
Yaşar Kərim oğlu İsmayılov 1949-cu il
iyunun 20-də Tbilisi şəhərində anadan olmuşdur.
1956-cı ildə Tbilisi şəhərinin 72 saylı orta
məktəbinin 1-ci sinfinə getmiş, 1966-cı ildə həmin
məktəbi bitirmişdir. Həmin il Azərbaycan Dövlət
Universitetinin şərqşünaslıq fakültəsinə daxil
olmuşdur. III kursu bitirdikdən sonra 1970-1972-ci
illərdə İranda tərcüməçi işləmişdir. 1971-ci ildə
İranda "Rusca-farsca dağ mə’dən istilahlarına"
dair lüğət çap etdirmişdir. Xarici
e’zamiyyətdən vətənə qayıtdıqdan sonra BDU-da
təhsilini davam etdirmiş, 1973-cü ildə oranı
bitirmişdir. 1973-1975-ci illərdə Əfqanıstanda hərbi
xidmətdə olmuşdur. 1975-ci ilin dekabrından 1980-ci
ilin avqustuna qədər Azərbaycan EA-nın elmi
mə’lumat mərkəzində kiçik elmi işçi işləmişdir.
1978-ci ildə Azərbaycan EA-nın Şərqşünasılıq
İnstitutunun aspiranturasına qəbul olunmuşdur.
1980-ci ilin avqustunda yenidən
Əfqanıstana SSRİ Səfirliyinə II katib
vəzifəsində işləməyə e’zam edilmişdir. 1982-ci
ilin iyununda Azərbaycana qayıtmışdır. 1983-cü
ilin yanvarından 1998-ci ilin aprelinə qədər
Azərbaycan EA-nın Şərqşünasılıq İnstitutunda
kiçik elmi işçi, elmi işçi, baş elmi işçi
vəzifələrində çalışmışdır. 1985-ci ildə
"Əfqanıstanda mütləqiyyətin süqutu"
mövzusunda namizədlik dissertasiyasını müdafiə
edərək, tarix elmləri namizədi elmi dərəcəsi
almışdır. Əfqanıstanın müasir tarixində (1960-1970-ci
illərdə) gedən mürəkkəb ictimai-siyasi
proseslərə aid bir sıra elmi əsərlərin
müəllifidir. Bu əsərlər Moskvada nəşr
olunmuşdur.
1999-cu ilin avqustundan indiyə kimi
Təhsil Nazirliyi təhsil problemləri üzrə elmi
metodik mərkəzində baş metodist vəzifəsində
çalışır.
YUNİS NƏSİBLİ
Yunis Məsmalı oğlu Nəsibli 1953-cü ildə
Tbilisidə anadan olmuşdur. Orta məktəbi 1970-ci
ildə Tbilisidə bitirmiş, 1970-ci ildə indiki Bakı
Dövlət Universitetinin tarix fakültəsinə daxil
olmuşdur. 1975-ci ildə Azərbaycan Respublikası EA
Tarix İnstitutuna işə də’vət olunmuşdur.
1976-1978-ci illərdə Azərbaycan EA-nın göndərişi
əsasında SSRİ EA Şərqşünaslıq İnstitutunda
(Leninqradq bölməsi) araşdırıcı - stajer
vəzifəsində çalışmışdır.
1979-cu ildə Azərbaycan EA Tarix
İnstitutunun aspiranturasına qəbul olunmuş və
1980-ci ildə Gürcüstan EA Tarix, Arxelogiya və
Etnoqrafiya İnstitutuna e’zam olunmuşdur. Orta
çağ gürcü mənbələrindən tərcümələr etmiş və bir
neçə elmi məqalə çap etdirmişdir. Y.Nəsibli 1985-ci
ildə "Azərbaycan V-XII əsrin birinci yarısında
(qədim gürcü mənbələri üzrə)" adlı namizədlik
dissertasiyasını müdafiə etmiş, tarix elmləri
namizədi elmi dərəcəsinə layiq görülmüşdür.
Y.Nəsibli 1992-ci ildən Bakı Dövlət
Universitetinin Azərbaycan tarixi kafedrasında
pedaqoji fəaliyyətlə məşğuldur. Eyni zamanda
Azərbaycan EA "Etnososiologiya" şö’bəsində
aparıcı elmi işçi vəzifəsini icra edir.
1988-1990-cı illər "Elm" qəzetinin
redaksiya şurasının üzvü, 1997-ci ildə "Kavkaz"
analitik jurnalının redaktoru olmuşdur. Bir çox
elmi konfransların (Moskva, Tiflis, Ankara,
Alma-Ata) iştirakçısı olmuşdur. 50-yə yaxın elmi
məqəalə müəllifidir. Azərbaycan Sovet
Ensiklopediyasında məqalələr və çoxcildli
"Azərbaycan tarixi"ndə (II cild) iki bölümün
müəllifidir.
Hal hazırda BDU-da elmi-pedaqoji
fəaliyyətini davam etdirir.
ZAKİR MURSAQULOV
Zakir Əli oğlu Mursaqulov 1934-cü ildə
Tiflis şəhərində anadan olmuşdur.
1953-cü ildə Tbilisi şəhərinin 30 saylı
orta məktəbini bitirmişdir.
1958-ci ildə Moskva Dövlət
Universitetinin Geologiya fakültəsini
bitirmişdir. Əmək fəaliyyətinə Neft sənayesi
sistemində başlamışdır.
1972-ci ildə "Manqışlaqneft",
"Türkmənneft", "Azneft", "Gürcüstanneft",
"Xəzərdənizneft", "Dağneft", "Qrozneft",
"Krasnodarneftqaz", "Stavropolneftqaz"
ərazilərinin neftqazlılığının tədqiqi əsasında
"Cənubi-Xəzər çökəkliyinin və ətraf neftqazlı
ərazilərin qaz ehtiyatlarının təqsim
olunmasının xüsusiyyətləri" mövzusunda
dissertasiya müdafiə edib elmi dərəcə almışdır.
Sonrakı illərdə Zakir Mursaqulovun fəaliyyəti
neftqaz sahəsinin müxtəlif iqtisadi məsələləri
ilə bağlı olmuş və dərc etdirdiyi elmi işlər
əsasında ona 1987-ci ildə Ali Attestasiya
Komissiyası "Sənayenin və onun sahələri üzrə
iqtisadiyyatı planlaşdırma və idarəetmənin
təşkili" ixtisası üzrə "Baş elmi işçi" diplomu
vermişdir. 1988-1993-cü illərdə Zakir Mursaqulov
Azərbaycan Neft Akademiyasının
Mühəndis-iqtisadiyyatı fakültəsinin dossenti
olmuşdur. 1993-cü ilin mart ayından başçılıq etdiyi
kollektivdə 60-dan çox elmi əsər çap etdirmişdir.
Zakir Mursaqulovun əsərlərindən 15 elmi məqaləsi
xarici dövlətlərdə keçirilən beynəlxalq elmi
simpoziumların və konfransların
materiallarında çap olunmuşdur.
Zakir Mursaqulov hal-hazırda
"Dənizneftqaz layihə" DETLİ laboratoriyasının
müdiri və ADNA-da dosent vəzifəsində çalışır.
|