|
ELMLƏR NAMİZƏDLƏRİ
TİFLİS (TBİLİSİ) BÖLGƏSİ
[A-İ] [M-R]
[S-Z]
MZİYA MİRZƏYEVA
Mziya Əli qızı Mirzəyeva 1945-ci il
oktyabrın 14-də Tbilisi şəhərində qulluqçu
ailəsində anadan olmuşdur.
1963-cü ildə 49 saylı orta məktəbi
bitirmiş və həmin ildə Azərbaycan Neft və Kimya
İnstitutunun kimya-texnologiya fakültəsinin
axşam şö’bəsinə qəbul olmuşdur. 1966-cı ildən
Azərbaycan EA Aşqarlar Kimyası İnstitutunda
əmək fəaliyyətinə başlamış və baş laborant,
mühəndis, böyük mühəndis, kiçik elmi işçi
vəzifələrində çalışmışdır.
1981-ci ildə "Merkaptosirkə turşusunun
bə’zi törəmələrin sintezi və onların sürtgü
yağlarına aşqarlar kimi tədqiqi" mövzusunda
namizədlik dissertasiyası müdafiə etmiş, neft
kimaysı ixtisası üzrə kimya elmləri namizədi
dərəcəsinə layiq görülmüşdür. Mziya Mirzəyeva
hal-hazırda həmin institutun "Metalların
korroziyaya qarşı davamlılığını artıran
inkibitorların sintezi və tədqiqi"
laboratoriyasında böyük elmi işçi vəzifəsində
çalışır. Mziya Mirzəyevanın apardığı elm
tədqiqat işlərinin əsas istiqaməti tərkibində
kükürd, azot saxlayan müxtəlif üzvi
birləşmələrin sintezi və onların sürtkü
yağlarına aşqar kimi və eləcə də müxtəlif
aqressiv mühitlərdə korroziyaya qarşı
inkibitorların tədqiqinə həsr olunmuşdur. Onun
bilavasitə iştirakı və rəhbərliyi ilə sürtkü
yağlarının keyfiyyətini yaxşılaşdıran İXP-401
polifunksional aşqar işlənib hazırlanmış, geniş
laboratoriya və sənaye sınaqlarından keçirilmiş
və istehsalata tətbiq üçün tövsiyə edilmişdir.
M.Mirəzyeva 40-dan artıq elmi əsərin, o
cümlədən 11 müəlliflik şəhadətnaməsinin
(ixitarnın) müəllifidir. Onun elmi əsərləri
Moskva, Leninqrad, Kazan, Ufa və başqa şəhərlərdə
çıxan kitab və jurnallarda çap olunmuşdur. O, bir
çox beynəlxalq və respublika elmi
konfranslarının aktiv iştirakçısı olmuş və elmi
ictimaiyyətin qarşısında maraqlı mə’ruzələrlə
çıxış etmişdir.
MİRVARİ NAİBOVA
Mirvari Kəyan qızı Naibova 1946-cı ildə
Dağ Borçalısının Başkeçid (Dmanisi) yaylağında
anadan olmuşdur. Valideynləri Tbilisi şəhərində
yaşadığından, orta təhsilini Tbilisi şəhərinin 66
saylı rus məktəbində almışdır. 1964-cü ildə
Azərbaycan Dövlət Universitetinin (indiki BDU)
mexanika-riyaziyyat fakültəsinə daxil olmuşdur.
1969-cu ildə həmin fakültəni bitirib, Azərbaycan
Neft və Kimya İnstitutunun (ADNA) ali riyaziyyat
kafedrasında assistent vəzifəsinə işə
düzəlmişdir. 1972-ci ildən tətbiqi riyaziyyat
kafedrasında çalışır. O, 1972-ci ildə qiyabi
aspiranturaya daxil olmuş, 1976-cı ildə Azərbaycan
EA-nın Riyaziyyat İnstitutunda namizədlik
dissertasiyası müdafiə etmişdir.
1976-cı ildə Mirvari Naibova Varşava
Universitetində 10 aylıq elmi-pedaqoji
e’zamiyyətdə olmuşdur. 1977-ci ildən baş müəllim,
sonra isə dosent vəzifəsində çalışır. Onun elmi
və pedaqoji fəaliyyəti 12 elmi əsərdə öz əksini
tapmışdır. Bu müddət ərzində Mirvari Naibovanın 5
metodik vəsaiti çap olunmuşdur.
Elmi məqalələri əsas ittifaq və
respublikanın məşhur elm ocaqlarında keçirilmiş
konfransların materiallarında nəşr olunmuşdur.
NAMİQ ƏLİYEV
Namiq Həsən oğlu Əliyev 1956-cı il mayın
19-da Bakı şəhərində anadan olmuşdur. Namiq
Əliyevin valideynləri Tbilisi şəhərindəndir.
1963-1973-cü illərdə Bakı şəhərindəki 160 saylı orta
məktəbdə təhsil almışdır. 1978-ci ildə Azərbaycan
Dövlət Universitetinin hüquq fakültəsini
fərqlənmə diplomu ilə bitirmişdir.
Əmək fəaliyyətinə 1978-ci ildə
Azərbaycan nəqliyyat prokurorluğunun
müstəntiqi vəzifəsində başlamışdır. Namiq
Əliyev 1989-cu ildə aspirantura yolu ilə Moskvada
dissertasiya müdafiə edib, huquq elmləri
namizədi elmi dərəcəsi almışdır. 1979-1991-ci illərdə
Bakı Ali Partiya Məktəbində kiçik elmi işçi,
müəllim, baş müəllim, dosent, dekan, dövlət
quruculuğu və hüquq kafedrasının müdiri, 1992-ci il
yanvarın 10-dan Azərbaycan Respublikası Ali
Soveti Katibliyinin hüquq mühafizə orqanları və
müdafiə məsələləri şö’bəsinin müdiri
vəzifələrində çalışmışdır. 1993-cü il dekabrın
1-dən Azərbaycan Respublikası Milli Məclisi
Katibliyinin Konstitusiya qanunvericiliyi
şö’bəsinin müdiri olmuşdur. 1996-cı il fevralın
27-dən Azərbaycan Respublikası Milli Məclisi
Aparatının Dövlət quruculuğu üzrə
qanunvericilik şö’bəsinin müdiri işləmişdir.
Namiq Əliyevin elmi-pedaqoji
fəaliyyəti beş dildə və dörd ölkədə çap olunmuş
doqquz monoqrafiyada, səksən məqalədə və yüzdən
artıq (həmmüəllif) qanun layihəsinin
hazırlanmasında öz əksini tapmışdır. O, 1999-cu
ildə ABŞ-ın Nebraska və Linkoln ştatlarının
fəxri vətəndaşı seçilmişdir.
Namiq Əliyev 1996-cı ildə Azərbaycan
Respublikasının Fəxri ovçusu adına layiq
görülmüşdür.
2000-ci il dekabrın 20-dən Bakı Dövlət
Universitetinin hüquq fakültəsinin dekanı
vəzifəsində çalışır.
NAĞI YAQUBOV
Nağı İbrahim oğlu Yaqubov 1955-ci il
mayın 5-də Ermənistan Respublikası Spitak
rayonunun Qursalı kəndində anadan olmuşdur. Ulu
babası IV Sultan Muradın vaxtında Sultanın əmri
ilə Tiflis qiyamını yatırtmaq üçün oraya
göndərilmişdir. Uzun müddət onlar Tbilisidə
yaşamışlar. Sonra XIX əsrin ortalarından Marneuli
rayonunun Ağəmmədli kəndinə köçmüşlər. XX əsrin
əvvəllərindən isə mə’lum dövlət çevrilişi ilə
əlaqədar Qursalı kəndinə köçmüşlər. 1973-cü ildə
orta məktəbi bitirmişdir. Azərbaycan Dövlət
Universitetinin Kimya fakültəsinə qəbul olmuş,
1978-ci ildə həmin universitetin kimya
fakültəsinin ümumi və qeyri-üzvi kimya
kafedrasına laborant vəzifəsinə tə’yin
olunmuşdur. 1980-ci ildə BDU-da qiyabi
aspiranturaya daxil olmuş və 1990-cı ildə
namizədlik dissertasiyası müdafiə edib, kimya
elmləri namizədi elmi dərəcəsi almışdır. 1980-ci
ildən BDU-da dosent vəzifəsində çalışır. Hazırda
BDU-nun ümumi və qeyri-üzvü kimya kafedrasının
dosentidir, 1999-cu ildən kimya fakültəsinin dekan
müavini vəsifəsini icra edir.
Nağı Yaqubovun elmi və pedaqoji
fəaliyyəti 20 elmi əsərdə öz əksini tapmışdır. O,
ittifaq və respublika konfranslrında iştirak
etmiş, məqalələr çap etdirmişdir.
NƏRİMAN NƏRİMANOV
Nəriman Rüstəm oğlu Nərimanov 1940-cı
ildə Bakı şəhərində anadan olmuşdur. Orta
məktəbi 1958-ci ildə bitirmişdir.
1958-ci ildən 1963-cü ilə kimi Azərbaycan
Neft və Kimya İnstitutunun tələbəsi olmuşdur.
Tə’yinatla Türkmənistanda, Azərbaycanda
geoloji xəritəalma partiyalarında fəhlə, texnik
və Özbəkistanda dərin kəşfiyyat qazması
ekspedisyasında geoloq kimi fəaliyyət
göstərmişdir. 1964-cü ildən isə indiki Azərbaycan
Dövlət Neft Akademiyasında (ADNA) işləmişdir. O,
burada mühəndis, aspirant, assistent və baş
müəllim vəzifəsində işləmişdir. 1972-1977-ci illərdə
Əlcəzairin Bumerdes şəhərində yerləşən Milli
Karbohidrogenlər İnstitutunda və 1983-1986-cı
illərdə Bamako şəhərində (Mali Respublikası)
Mühəndislər məktəbində dosent işləmişdir.
1973-cü ildə dissertasiya müdafiə edib,
geologiya-minerologiya elmləri namizədi elmi
dərəcəsinə layiq görülmüşdür. Nəriman Nərimanov
istər Azərbaycanda və istərsə də xarici
dövlətlərdə işlədiyi müddətdə də beynəlxalq və
respublika tabeliyində keçirilən konfranslarda
yaxından iştirak etmiş, məqalələr çap
etdirmişdir. Nəriman Nərimanovun elmi pedaqoji
fəaliyyəti 60-a yaxın elmi məqalədə, o cümlədən 1
dərs vəsaiti, 1 metodik göstəriş (fransız dilində)
və 1 kitabında öz əksini tapmışdır. Onun əsas
tədqiqat obyekti Fatmayı-Zığ, Sənkəçal-dəniz,
Duvannı-dəniz, Bulla adası, Balaxanı, Sabunçu,
Ramana və bütün Abşeron arxipelaqı bölmələri
olmuşdur. Nəriman Nərimanovun elmi məqalələri
əsasən "Neft və Qaz" jurnalında, "Azərbaycan
neft məhsulları" jurnalında və s. dərc
olunmuşdur.
NİZAMİ NƏBİYEV
Nizami Nəbi oğlu Nəbiyev 1961-ci ildə
Tbilisi şəhərində anadan olmuşdur. 1968-ci ildə
Bolnisi şəhəri rus orta məktəbinə getmiş, 1978-ci
ildə həmin məktəbi ə’la qiymətlərlə
bitirmişdir.
Həmin il Azərbaycan Dövlət Tibb
İnstitutunun (indiki ATU-nun)
müalicə-profilaktika fakültəsinə daxil
olmuşdur. 1985-ci ildə Universiteti bitirmiş,
tə’yinatla Respublika dispanserinin nəzdində
əhalinin əmək və ekspertizası və Əlillərin
sosial-əməyinin bərpası idarəsində həkim, sonra
isə kabinet müdiri, 1987-ci ildən isə bərpa
şö’bəsinin müdiri vəzifəsində işləmişdir. 1988-ci
ildə müsabiqə yolu ilə Təbii bitki faktorlarının
Tibbi bərpa elmi tədqiqat İnstitutunun
əsəb-sinir xəstəlikləri şö’bəsinə kiçik elmi
işçi vəzifəsinə keçmişdir.
1998-ci ildə Nizami Nəbiyev dissertasiya
işini yekunlaşdırıb müdafiə etmiş, Tibb elmləri
namizədi elmi dərəcəsi almışdır. Nizami
Nəbiyevin elmi və praktik fəaliyyəti 30-dan çox
elmi əsərdə öz əksini tapmışdır. 3 təklif və
metodik göstərişin müəllifidir.
Nizami Nəbiyev 1997-ci ildən Respublika
Təbii Bitkilərlə bərpa Elmi Tədqiqat
İnstitutunda fizioterapiya şö’bəsində müdir
vəzifəsini icra edir.
O, ittifaq və respublika səviyyəli 10
konfransda çıxış etmiş, məqalələr çap
etdirmişdir.
OKTAY MƏMMƏDOV
Oktay Qulamzadə oğlu Məmmədov 1926-cı
ildə Tiflis şəhərində qulluqçu ailəsində anadan
olmuşdur. 1945-ci ildə Tiflisdə orta məktəbi
bitirmiş, Sovet ordusu sıralarına səfərbər
olunmuşdur. 1952-ci ildə Gürcüstan Kənd
Təsərrüfatı İnstitutuna daxil olmuşdur. 1956-cı
ildə həmin institutu fərqlənmə diplomu ilə
bitirmişdir. Həmin ildə Bakıya gəlmiş və
Azərbaycan Elmlər Akademiyasının
Torpaqşünaslıq və Aqrokimya İnstitutunda kiçik
elmi işçi vəzifəsində işə başlamışdır.
1962-ci ildə dissertasiya müdafiə
etmişdir. 1971-ci ildə baş elmi işçi, 1975-ci ildən
1991-ci ilədək laboratoriya müdiri vəzifəsində
çalışmışdır. 1991-ci ildən baş elmi işçi
vəzifəsində işləyir. 1963-cü ildə Kuba
Respublikasında bir il müddətində ixtisası üzrə
elmi e’zamiyyətdə olmuşdur. 1968-ci ildən 1971-ci
ilin fevral ayına qədər Birma dövlətində elmi
e’zamiyyətdə olmuş, Birləşmiş Millətlər
Təşkilatının eksperti vəzifəsini icra etmişdir.
Oktay Məmmədovun elmi fəaliyyəti 100-dən çox elmi
məqalədə, 5 kitabçada və 5 cildlik Terminalogiya
kitabında öz əksini tapmışdır. Oktay Məmmədov
işlədiyi 40 ildə 60-dan çox beynəlxalq, keçmiş
ittifaq, respublika və zona simpozium, qurultay
və konfranslarında çıxışlar etmiş və məqallər
çap etdirmişdir.
SSRİ silahlı qüvvələrinin 30 illiyi
medalı, Leninin 100 illiyi medalı, "Əmək
rəşadəti" və "Əmək veteranı" medalları ilə
təltif olunmuşdur.
ORXAN ƏFƏNDİYEV
Orxan Ziyadətdin oğlu Əfəndiyev 1946-cı
il fevralın 8-də Tbilisi şəhərində ziyalı
ailəsində anadan olmuşdur.
1952-ci ildə Tbilisi şəhəri 73 saylı orta
məktəbinin 1-ci sinfinə getmiş və həmin məktəbi
1962-ci ildə bitirmişdir. Elə həmin il Azərbaycan
Politexnik İnstitutunun "Avtomatika və
hesablama texnikası" fakültəsinə daxil
olmuşdur. 1962-ci il oktyabr ayından 1964-cü il yanvar
ayına kimi Maşınqayırma Zavodunda tornaçı
işləmişdir.
1967-ci ildə institutu bitirmiş və
tə’yinatla Politexnik institutunun hesablama
texnikası və istehsalat proseslərinin
avtomatlaşdırılması kafedrasında baş laborant
vəzifəsinə tə’yin olunmuşdur. 1968-ci ilin
noyabrından 1969-cu ilin dekabrına kimi hərbi
xidmətdə olmuşdur. Hərbi xidmətdən tərxis
olunduqdan sonra əvvəlki işinə bərpa olunmuşdur.
1970-ci ilin sentyabrında müsabiqə yolu ilə
"Hesablama texnikası və istehsalat
proseslərinin avtomatlaşdırılması"
kafedrasına assistent vəzifəsinə keçmiş, 1980-ci
il yanvar ayından isə müsabiqə yolu ilə həmin
kafedrada baş müəllim vəzifəsinə keçmişdir.
1984-cü ildə qiyabi aspiranturaya qəbul
olunmuş və 1987-ci ildə Moskva Maşınqayırma
İnstitutunda dissertasiya müdafiə etmişdir.
1988-ci il mart ayından 1993-cü il dekabr
ayına kimi "Avtomatika və hesablama texnikası"
fakültəsində dekan müavini vəzifəsində
çalışmışdır. 1996-cı ilin sentyabrına kimi
Azərbaycan Texniki Universitetində "İstehsal
Proseslərinin avtomatlaşdırılması və
robottexnik sistemlər" kafedrasında dosent
vəzifəsində işləmişdir.
1996-cı ilin sentyabrında Milli Aviasiya
Akademiyasına də’vət olunmuşdur. Həmin vaxtdan
"Avtomatika və aviasiya cihazları"
kafedrasının müdiri və 1998-ci ilin dekabr ayından
indiyə kimi tədris işləri üzrə prorektor
vəzifəsində çalışır.
İki dəfə Moskva Avtomexanika
İnstitutunun ixtisasartırma fakültəsində
təhsilini artırmışdır. 40-a qədər elmi və metodik
əsərlərin müəllifidir. SSRİ Xalq Təsərrüfatı
Nailiyyətləri Sərgisində qızıl medal və
Budapeşt şəhərindəki sərgidə hazırladığı
eksponata görə diplomla təltif olunmuşdur.
Orxan Əfəndiyev bir sıra beynəlxalq,
ittifaq və respublika səviyyəli konfranslarda
çıxış etmiş, elmi məqalələr çap etdirmişdir.
PƏRVİZ TAĞIZADƏ
Pərviz Əli oğlu Tağızadə 1919-cu ildə
Tiflisdə anadan olmuşdur. İbtidai məktəbin
dördüncü sinfinə qədər Tiflisdəki 97 saylı
məktəbdə oxumuşdur. 1929-cu ildə Zaqafqaziya Ölkə
Partiya Komitəsinin qərarı ilə atası
Ermənistana mə’sul vəzifəyə tə’yin
edildiyindən, 1933-1937-ci illərdə Yeravan Pedaqoji
Texnikumunda təhsil almışdır. 1937-ci ildə xüsusi
qərarla Pərviz Tağızadə Volsk hərbi hava donanma
məktəbinə göndərilmişdi. 1940-cı ildə həmin
məktəbi bitirdikdən sonra 1948-ci ilə qədər Sovet
ordusu sıralarında zabit kimi xidmət etmişdir.
1941-ci il iyun ayının 22-dən müharibənin sonuna
qədər əvvəl qərb cəbhəsində, sonra isə 3-cü
Belarusiya cəbhəsində döyüşlərdə iştirak
etmişdir. 1945-ci il iyun ayında hərbi hava donanma
alayında Monqolustana göndərilmişdir.
Döyüşlərdə fəal iştirak etdiyinə görə orden və
medallarla təltif olunmuşdur. 1948-ci ilin dekabr
ayında Tağızadə ailəsilə Ermənistandan məcburi
olaraq köçürülmüş və həmin ildən Bakı şəhərində
yaşayırlar. Pərviz Tağızadə 1949-cu ilin sentyabr
ayında Azərbaycan Sənaye İnstitutuna daxil
olmuş və 1954-cü ildə geofizika ixtisası üzrə
diplom almışdır. Həmin ildən o, geoloji kəşfiyyat
fakültəsinin axtarış və kəşfiyyat kafedrasına
assistent vəzifəsinə qəbul edilmişdir. 1955-ci
ildə aspiranturaya daxil olmuşdur. 1958-ci ildə
Pərviz Tağızadə aspiranturanı bitirmişdir. 1959-cu
ildə namizədlik dissertasiyası müdafiə edərək
geologiya-minerologiya elmləri namizədi elmi
dərəcəsi almışdır. Həmin ildən kafedranın
dosenti vəzifəsinə seçilmiş və hazırda geoloji
kəşfiyyat fakültəsinin neft-qaz mə’dən
geologiyası kafedrasında dosent vəzifəsində
çalışır. Geoloji kəşfiyyat məsələlərinin mə’dən
geofizika üsulları ilə öyrənilməsi ilk dəfə
Pərviz Tağızadə tərəfindən işlənilmişdir.
Pərviz Tağızadənin 40-dan artıq elmi
əsəri dərc olunmuşdur. Zaqafqaziya ali
məktəblərinin elmi konfranslarında elmi
mə’ruzələrlə çıxış etmiş, məqalələr çap
etdirmişdir. Pərviz Tağızadə Ali texniki
məktəblər üçün üç dərs vəsaitinin müəllifidir.
1961-1973-cü illərdə geoloji kəşfiyyat fakültəsinin
dekanı, sonralar axşam və qiyabi şö’bələr üzrə
dekan vəzifəsində çalışmışdır. Sovet
Səfirliyinin göstərişi ilə ilk azərbaycanlı
mütəxəssisi kimi Əfqanıstanın qaz yataqlrının
istismarı üçün elmi-tədqiqat işləri aparmış və
yeni neft yataqlarının aşkar edilməsi üçün
xüsusi məsləhətlər vermişdir.
O, institutun partiya komitəsinin
katibi, dəfələrlə institutun qəbul
komissiyasının mə’sul katibi, şəhər partiya
komitəsinin üzvü və dəfələrlə rayon sovetinə
deputat seçilmişdir. Müharibədən sonra
institutda bərpa edilmiş çoxtirajlı "Neft
kadrları uğrunda" qəzetinin ilk redaktoru
olmuşdur.
Hazırda ADNA-da veteranlar şurasının
sədridir.
ROZA ƏLİYEVA
Roza Əliqulu qızı Əliyeva 1946-cı ilin
dekabr ayının 14-də Tbilisi şəhərində qulluqçu
ailəsində anadan olmuşdur. 1965-ci ildə Tbilisi
şəhərindəki 101 saylı orta məktəbi bitirdikdən
sonra Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna
daxil olmuşdur. 1966-cı ildə təhsilini davam
etdirmək üçün Azərbaycan Dövlət Universitetinin
iqtisadiyyat fakültəsinə (1970) keçmiş, "Xalq
təsərrüfatının planlaşdırılmsı" ixtisası
kursunu başa vurmuşdur. 1970-1972-ci illərdə
Politexnik İnstitutunun siyasi iqtisad
kafedrasında baş laborant vəzifəsində
işlədikdən sonra Moskva Dövlət Universitetinin
əyani aspiranturasına qəbul olunmuş və 1976-cı
ildə namizədlik dissertasiyasını müdafiə
etmişdir. 1975-ci ildən başlayaraq Politexnik
İnstitutunda (indiki Texniki Universitetdə) elmi
kommunizm kafedrasının baş laborantı,
istehsalatın iqtisadiyyatı və
planlaşdırılması" kafedrasının assistenti (1977),
avtomobil nəqliyyatının və rabitənin idarə
olunmasının təşkili və planlaşdırılması
kafedrasının assistenti (1980) və baş müəllim
vəzifələrində işləmişdir. 1988-ci ildən indiyədək
həmin kafedrada dosent vəzifəsində işləyir.
25-ə yaxın elmi-təcrübi məqalələr çap
etdirmişdir. Onun 2000-ci ildə monoqrafiyası
çapdan çıxmışdır. Roza Əliyeva respublikada
təşkil olunan Asiya-Avropa (Yevroasiya) fondunun
"İşçi qadın" kursunu bitirmişdir. 2000-ci ildə isə
ona ikinci belə bir sertifikat sənədi Bakı
Dövlət Unqiversiteti tərəfindən təqdim
olunmuşdur. Hal-hazırda Roza Əliyeva Respublika
Qadınlar Şurasının üzvüdür.
|