|
ELMLƏR DOKTORLARI
TİFLİS (TBİLİSİ) BÖLGƏSİ
[A-Z]
AKİF QULİYEV
Akif Ələkbər oğlu Quliyev 1942-ci il
martın 20-də Gəncə şəhərində anadan olmuşdur.
1949-cu ildə o, Gəncə şəhərində 4 saylı məktəbə
daxil olmuş və 1959-cu ildə oranı müvəffəqiyyətlə
bitirmişdir.
Elə həmin ildə Akif Quliyev Azərbaycan
Kənd Təsərrüfatı İnstitutunun aqronomluq
fakültəsinə qəbul olmuş və 1961-ci ilədək orada
təhsil almışdır. Sonra, təhsilini Azərbaycan
Dövlət Universitetinin (indiki Bakı Dövlət
Universiteti) biologiya fakültəsində davam
etdirmişdir. Axırıncı kursda təhsil alarkən, o,
həm də bitki fiziologiyası kafedrasında
laborant vəzifəsində işləmişdir.
Akif Quliyev 1964-cü ildə BDU-nun
biologiya fakültəsini bitirmiş və fakültənin
Elmi Şurasının zəmanəti ilə aspiranturaya daxil
olmuşdur.
1966-cı ilin dekabr ayından o, Praqa
Universitetinə göndərilmiş və 1967-ci ilin oktyabr
ayında Bakıya qayıtdıqdan sonra, bitki
fiziologiyası kafedrasına assistent vəzifəsinə
tə’yin edilmiş, 1968-ci ilin fevral ayında isə
müvəffəqiyyətlə namizədlik dissertasiyası
müdafiə etmişdir.
Kafedrada assistent, sonra isə baş
müəllim (1969) və dosent (1972) vəzifələrində
işləyərək Akif Quliyev problem laboratoriyası
yaratmış və bir qrup gənc mütəxəssislərin
məhsuldar fəaliyyətini təşkil etmişdir. Bu
mütəxəssislər sonralar 1972-ci ildə yaradılmış
biokimya kafedrasının özəyini təşkil etmişlər.
Yaradıldığı gündən hal-hazıra qədər bu kafedraya
Akif Quliyev rəhbərlik edir.
Onun rəhbərliyi altında 7 namizədlik
dissertasiyası müdafiə edilmişdir. O, xarici və
respublika elmi jurnallarında 60-dan çox elmi
məqalələr nəşr etdirmişdir. Akif Quliyev bir
neçə müəlliflik şəhadətnaməsinin müəllifidir.
Akif Quliyev 1989-cu ildə doktorluq
dissertasiyasını müvəffəqiyyətlə müdafiə
etmişdir.
Akif Quliyev 1988-ci ildə fakültə dekanı
seçilmişdir. 1990-cı ildən isə Akif Quliyev
professordur.
Akif Quliyev 1990-cı ildə Bakı Dövlət
Universitetinin I prorektoru vəzifəsinə tə’yin
edilmiş və bu vəzifədə 1992-ci ilədək işləmişdir.
Akif Quliyev hazırda respublika
biokimyaçılar cəmiyyətinin üzvüdür. O, həm də EA
Nəbatat İnstitutu nəzdində fəaliyyət göstərən
elmlər namizədi və elmlər doktoru elmi dərəcəsi
almaq üçün xüsusiləşdirilmiş elmi şuranın üzvü
və həmsədridir.
Akif Quliyevin valideynləri Tiflis
şəhərindən olmuşlar.
AYDIN MƏMMƏDOV
Aydın İsmayıl oğlu Məmmədov 1924-cü ildə
Tiflis şəhərində anadan olmuşdur. Orta məktəbi
bitirdikdən sonra bir müddət istehsalatda
işləmişdir. 1946-cı ildə Azərbaycan Dövlət
Universitetinin geoloji-coğrafiya fakültəsinə
daxil olmuş, 1951-ci ildə isə geoloq-geokimyaçı
ixtisası üzrə bitirmişdir. Əmək fəaliyyətinə
1951-ci ildə Azərbaycan EA-nın Geologiya
institutunda başlamış və böyük elmi işçi,
laboratoriya rəhbəri, aparıcı elmi işçi, baş elmi
işçi vəzifələrində işləmiş, 1955-ci ildə
namizədlik dissertasiyası müdafiə edib, elmi
dərəcə almışdır. 1973-cü ildə doktorluq
dissertasiyası müdafiə etmişdir.
Aydın Məmmədovun elmi fəaliyyəti 80-dən
çox elmi əsərdə, o cümlədən 2 monoqrafiyada, 5
müəlliflik şəhadətnaməsində öz əksini
tapmışdır. O, üç faydalı qazıntı yatağı və
müəyyən təzahürlər aşkarlamış, 1:50000 miqyaslı
geoloji xəritənin müəllifi olmuşdur. Onun elmi
tədqiqatlarının nəticələri dəfələrlə keçmiş
SSRİ-nin müxtəlif şəhərlərində və Bakıda EA-nın
illik hesabatlarında, müxtəlif elmi jurnallarda
çap olunmuşdur. Aydın Məmmədov 30-a yaxın
Beynəlxalq və respublika simpozium və
konfranslarında çıxışlar etmiş, elmi məqalələr
çap etdirmişdir. Onun rəhbərliyi ilə iki elmlər
namizədi hazırlanmış və bir doktorluq işinə
məsləhət vermişdir. O, xüsusiləşdirilmiş elmi
şuranın üzvü olmuşdur.
Aydın Məmmədov 1993-cü il mart ayında
Bakıda vəfat etmişdir.
DİLARƏ ƏLİYEVA
Dilarə Ələkbər qızı Əliyeva 1929-cu il
dekabırın 14-də Tbilisi şəhərində dəmirçi
ailəsində anadan olmuşdur. Burada 97 nömrəli
şəhər Azərbaycan orta məktəbini bitirdikdən
sonra ADU-nun (indiki BDU-nun) şərqşünaslıq
fakültəsində təhsil almışdır (1945-1950). 1950-ci ildə
Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat
İnstitutunun aspiranturasına daxil olmuş, sonra
Gürcüstan EA-nın Şota Rustaveli adına Ədəbiyyat
İnstitutuna e’zam olunmuşdur. Burada
"Azərbaycan-gürcü ədəbi əlaqələrinin XIX əsr
ədəbiyyatında in’ikası" mövzusunda namizədlik
dissertasiyasını tamamlamış, 1954-cü ildə müdafiə
etmişdir. Azərbaycan EA Nizami adına Dil və
Ədəbiyyat İnstitutunda elmi işçi, Nizami adına
Ədəbiyyat Muzeyində baş elmi işçi (1957-1959), qədim
və orta əsrlər ədəbiyyatı şö’bəsində müdir
(1959-1972), sonra Nizami adına Ədəbiyyat
İnstitutunun ədəbi əlaqələr şö’bəsində böyük
elmi işçi (1972-1979), nizamişünaslıq şö’bəsində
böyük elmi işçi (1979-1986), institutun ədəbi əlaqələr
şö’bəsində aparıcı elmi işçi (1986-cı ildən) olmuş,
eyni zamanda bölmə müdiri kimi də fəaliyyət
göstərmişdir.
"Nizami və gürcü ədəbiyyatı"
mövzusunda doktorluq dissertasiyası müdafiə
etmişdir.
Dilarə Ələkbər qızı Əliyeva
ədəbiyyatşünas, tərcüməçi, 1960-cı ildən Yazıçılar
Birliyinin üzvü, Gürcüstanın əməkdar mədəniyyət
işçisi (1980), filologiya elmləri doktoru (1985),
aparıcı elmi işçi (1987), Azərbaycan Respublikası
Ali Sovetinin deputatı (1990) olmuşdur.
1991-ci il aprelin 19-da avtomobil
qəzasında faciəli şəkildə həlak olmuş, Bakıda
Fəxri Xiyabanda dəfn edilmişdir.
Xatirəsini əbədiləşdirmək üçün bir
sıra tədbirlər həyata keçirilmişdir. Yaşadığı
evin qarşısında xatirə lövhəsi vurulmuşdur.
Qadın hüquqlarını müdafiə cəmiyyəti onun adını
daşıyır.
ELDAR İSMAYILOV
Eldar Məmməd oğlu İsmayılov 1954-cü il
sentyabrın 1-də Tbilisi şəhərində anadan
olmuşdur. 1961-1971-ci illərdə 72 saylı Tbilisi orta
məktəbində təhsil almışdır. 1971-1976-cı illərdə
Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun
tələbəsi olmuşdur. 1976-1980-ci illərdə SSRİ EA-nın
Mərkəzi İqtisadi Riyaziyyat İnstitutunun
aspiranturasında oxumuşdur. 1981-1985-ci illərdə
Azərbaycan EA-nın İqtisadiyyat İnstitutunda
kiçik elmi işçi vəzifəsində çalışmışdır. 1984-cü
ildə Moskva şəhərində SSRİ EA-nın Mərkəzi
Riyaziyyat və İqtisadiyyat İnstitutunun müdafiə
şurasında namizədlik dissertasiyası müdafiə
edib elmi dərəcə almışdır. 1985-1991-ci illərdə Bakı
Ali Partiya Məktəbinin Tikinti və Sənaye
məhsullarının təşkili və iqtisadiyyatı
kafedrasında baş müəllim və dosent
vəzifələrində işləmişdir. 1991-1997-ci illərdə Bakı
Politologiya və Sosial İdarəetmə İnstitutunda
menecment və Sosial İdarəetmə kafedrasının
müdiri vəzifəsində işləmişdir. 1992-1995-ci illərdə
"Renassans" Kommersiya Bankının Prezidenti
vəzifəsini icra etmişdir. 1996-cı ildən "Qafqaz
İnkişaf" Birgə Kommersiya Bankının Prezidenti
vəzifəsini icra edir.
1999-cu ildən Azərbaycan "Qafqaz
Strateji İnkişaf Tədqiqatları" İnstitutunun
elmi şurasının sədridir.
Eldar İsmayılovun 30-dan çox elmi əsəri
çap olunmuşdur. Bu elmi məqalələr iqtisadiyyata,
maliyyəyə və menecmentə həsr olunmuşdur.
HAMLET İSMAYILOV
Hamlet Yəhya oğlu İsmayılov 1945-ci ildə
Tbilisi şəhərində anadan olmuş, 1962-ci ildə 72
saylı Tbilisi orta məktəbini bitirmişdir. 1968-ci
ildə Azərbaycan XTİ-ni bitirmiş, 1977-ci ildə
namizədlik dissertasiyası müdafiə edərək
iqtisad elmləri namizədi elmi dərəcəsi almışdır.
1988-ci ildə Moskva şəhərində doktorluq
dissertasiyası müdafiə etmişdir. 1989-cu ildən
professordur. 25 ilə qədər Dövlət Plan
Komitəsində mə’sul vəzifədə işləmiş və
Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunun elmi
işlər üzrə direktor müavini, normativ tədqiqat
mərkəzinin direktoru olmuşdur. Hazırda
Azərbaycan Dövlət Neft Akademiyasında kafedra
müdiri vəzifəsində işləyir. 12 monoqrafiya, 7 dərs
vəsaiti, 150-dən çox elmi məqalə çap etdirmişdir.
Respublika və beynəlxalq səviyyədə
mikro və makro iqtisadiyyat üzrə tanınmış
mütəxəssis olmaqla elmi kadrların
hazırlanmasında fəal iştirak edir. 1981-1991-ci
illərdə İqtisadçıların Avropa Assosiasiyasının
üzvü olmuş, 1998-ci ildə Almaniya İqtisadiyyat
Akademiyasının həqiqi üzvü seçilmişdir.
Hamlet İsmayılovun elmi və pedaqoji
fəaliyyəti 50 elmi əsərdə öz əksini tapmışdır. O,
beynəlxalq, ittifaq və respublika səviyyəli 20
simpozium, konqres və konfranslarda çıxış etmiş,
geniş həcmli məqalələr çap etdirmişdir.
Hamlet İsmayılov 2000-ci ilin noyabrında
respublikanın əməkdar elm xadimi adına layiq
görülmüşdür.
TAHİR HÜSEYNOV
Tahir İsmayıl oğlu Hüseynov 1939-cu il
aprelin 16-da Tbilisi şəhərində qulluqçu
ailəsində anadan olmuşdur.
Tbilisi şəhərində 73 saylı orta məktəbi
bitirdikdən sonra ordu sıralarında xidmət
etmişdir.
Hərbi qulluğu başa vurduqdan sonra
1961-ci ildə Azərbaycan Dövlət Universitetinin
(ADU) kimya fakültəsinə qəbul olmuş və 1966-cı ildə
oranı bitirdikdən sonra neft sənayesində əmək
fəaliyyətinə başlamışdır. 1966-cı ildən e’tibarən
Azərbaycan Elmi-Tədqiqat Qazma İnstitutunda
mühəndis vəzifəsində çalışmışdır. 1970-1973-cü
illərdə Azərbaycan EA Qeyri-Üzvi və Fizika Kimya
İnstitutu "Kolloid kimya" laboratoriyasının
ə’yani aspirantı olmuşdur.
1974-cü ildə kimya elmləri namizədi elmi
dərəcəsini almaq üçün dissertasiya müdafiə
etmişdir. Həmin ildən "Dənizneftqazlayihə"
Dövlət Elmi-Tədqiqat və Layihə İnstitutunda
(DETLİ) "Dispers sistemlərinin fiziki-kimyəvi
üsullarla təmizlənməsi və işlədilməsi"
laboratoriyasının müdiri vəzifəsində
çalışmışdır.
Onun rəhbərliyilə işlənib hazırlanmış
SBOU 6.25/6-İ1 aqreqat dünya analoqları ilə müqayisə
edilə bilən ixtira olmuş, Leypsik yarmarkasının
Qızıl medalına layiq görülmüşdür.
Onun Çexiyanın Kutno-Qora şəhərində
fəaliyyət göstərən elmi mərkəzlərin birində
dərc edilmiş "Mineral sərvətlərin istifadəsi
məqsədi ilə dəniz və okeanların tədqiq
edilməsi" informasiya toplusu tədqiqatçı
alimlərin böyük marağına səbəb olmuşdur.
O, İqtisadi Əməkdaşlıq Birliyi
Ölkələrinin "Dəniz və okeanların mühafizəsi"
daimi komissiyasının Fəxri eksperti
seçilmişdir.
1994-cü ildə "Qazma məhlullarının
xassələrini tənzim etmək üçün neft e’malı
sənayesinin əlavə məhsulları əsasında yeni
kimyəvi reagentlərin alınması" mövzusunda
doktorluq dissertasiyası müdafiə etmişdir.
Tahir Hüseynov 2 monoqrafiyanın, 120-dən
çox elmi əsərin, o cümlədən 24 müəlliflik
şəhadətnaməsinin, 3 patentin müəllifidir.
Tahir Hüseynovun rəhbərliyi altında 3
elmlər namizədi və 1 elmlər doktoru müdafiə
etmişdir.
Tahir Hüseynov Beynəlxalq Əməliyyat
Şirkəti nəzdində fəaliyyət göstərən
"Günəşli-Azəri-Çıraq, Şah-Dəniz"
proyektlərinin, Azərbaycan Dövlət Neft
Şirkətinin "Quyuların qazılması" bölməsinin,
Azərbaycan Respublikası Dövlət Ekologiya və
Ətraf Mühitin Mühafizəsi Komitəsinin
ekspertidir, "Dənizneftqazlayihə" DETLİ-nin
Elmi Şurasının üzvüdür.
|