|
ELMLƏR DOKTORLARI
QARAÇÖP (İNDİKİ SAQARECO) BÖLGƏSİ
[A-Z]
FƏRMAN CEYRANOV
Fərman Cahan oğlu Ceyranov 1957-ci ildə
Saqareco rayonunun Ləmbəli kəndində anadan
olmuşdur. 1964-cü ildə Ləmbəli səkkizillik
məktəbinin birinci sinfinə getmiş, 1974-cü ildə
Yor-Muğanlı kənd orta məktəbini bitirmişdir.
1974-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutunun
(indiki ATU-nun) müalicə-profilaktika
fakültəsinin birinci kursuna daxil olmuş, 1980-ci
ildə Tbilisidəki 1 nömrəli şəhər klinik
xəstəxanasında cərrahiyyə üzrə internatura
keçmişdir.
1981-ci ildən 1991-ci ilədək Seçenov adına
Moskva Tibb Akademiyasında Cərrahiyyə
xəstəlikləri kafedrasında əvvəlcə baş laborant,
kiçik elmi işçi, böyük elmi işçi və sonra isə baş
elmi işçi vəzifəsində işləyərək elmi
laboratoriyaya rəhbərlik etmişdir.
1985-ci ildə "Mexaniki sarılıqlı ahıl və
orta yaşlı xəstələrin kompleks cərrahi
müalicəsində hemasorbsiyanın rolu və
xüsusiyyətləri" mövzusunda namizədlik
dissertasiyası, müdafiə edib, tibb elmləri
namizədi elmi dərəcəsinə layiq görülmüşdür.
1990-cı ildə doktorluq dissertasiyası
müdafiə etmişdir.
Fərman Ceyranov 1992-ci ildə Bakıya
köçmüş, Azərbaycan Respublikası Səhiyyə
Nazirliyinin nəzdində ilk dəfə yaranmış olan
elmi idarənin rəhbəri, sonradan akademik Mustafa
Topçubaşov adına Elmi Tədqiqat Klinik və
Ekspermental Cərrahlıq İnstitutunda elmi işlər
üzrə direktor müavini, direktor işləmişdir.
İşlədiyi bu illər ərzində Fərman Ceyranovun
respublikanın tibb və səhiyyə sahəsinə aid çox
böyük elmi-praktik fəaliyyəti olmuşdur. Onun
qayğıkeşliyi, rəhbərliyi altında dəfələrlə elmi,
elmi-praktik müşavirə və konfranslar
keçirilmişdir.
Fərman Ceyranovun xəstələr üzərində
apardığı ağır cərrahiyyə əməliyyatları haqqında
dəfələrlə qəzet və jurnallarda məqalələr çap
olunmuş, televiziya və radio verlişlərində isə
daha geniş və ətraflı mə’lumatlar verilmişdir.
İnstitutda işlədiyi müddətdə dünya
alimlərinə çatdırmış olduğu "Ürək-damar", "Döş
qəfəsi", "Endokrin", "Qastroentrologiya" və s.
elmi işləri ilə yanaşı, onun son iki ildə türk
alimləri ilə birgə aktiv bioenergetik
indofirent maddələrin tibbdəki tatbiqi
sahəsində elmi-praktik iş aparması Ceyranovun
ölkəmizin hüdudlarından kənarda da yaxşı cərrah
kimi tanınmasına misaldır.
Fərman Ceyranov 1997-ci ildən Azərbaycan
Respublikasının baş cərrahıdır.
HƏMZƏ XƏLİLOV
Həmzə Atakişi oğlu Xəlilov 1949-cu ildə
Qaraçöpün Tüllər kəndində anadan olmuşdur. 1966-cı
ildə Yor-Muğanlı kənd orta məktəbini və 1971-ci
ildə Azərbaycan Dövlət Xalq Təsərrüfatı
İnstitutunu bitirmişdir. Elə həmin ildən də
elmi-pedaqoji fəaliyyətə başlamışdır.
Həmzə Xəlilov 1976-cı ildə namizədlik,
1992-ci ildə doktorluq dissertasiyası müdafiə
etmişdir.
Həmzə Xəlilov 1993-cü ildən Bakı Dövlət
Universitetinin iqtisadi nəzəriyyə kafedrasına
rəhbərlik edir. O, elmi, elmi-pedaqoji
fəaliyyətini davam etdirir, iqtisadi
nəzəriyyəyə dair dərsliklərin hazırlanmasında
iştirak edir. Onun 60-a yaxın elmi əsəri işıq üzü
görmüşdür.
Həmzə Xəlilov bu müddət ərzində 20
ittifaq və respublika səviyyəli konfranslarda
çıxış etmiş, elmi məqalələr çap etdirmişdir.
Həmzə Xəlilov BDU-nun böyük şurasının
və müdafiə şurasının üzvüdür.
Hal-hazırda BDU-nun iqtisadi nəzriyyə
kafedrasının pofessoru və həmin kafedranın
müdiridir.
LƏTİF TALIBLI
Lətif Xəlil oğlu Talıblı 1952-ci il
dekabrın 25-də Qaraçöp nahiyəsinin Keşəli
kəndində anadan olmuşdur. 1968-ci ildə Keşəli kənd
orta məktəbini bitirmişdir. 1968-ci ildə
Azərbaycan Dövlət Universitetinin
mexanika-riyaziyyat fakültəsinə daxil olmuş,
1973-cü ildə həmin fakültəni bitirmişdir. 1973-cü
ildə tə’yinatla Azərbaycan SSR EA-nın
Riyaziyyat və Mexanika İnstitutuna işə qəbul
olunmuş, həmin ildə də əyani aspiranturaya daxil
olmuş və Lomonosov adına Moskva Dövlət
Universitetinə e’zam edilmişdir.
1979-cu ildə Kiyev şəhərində namizədlik
dissertasiyası müdafiə etmişdir. 1979-cu ildən
EA-nın Riyaziyyat-Mexanika İnstitutunda kiçik
elmi işçi, elmi işçi, baş elmi işçi vəzifələrində
işləmiş, 1996-cı ildə dissertasiya müdafiə
etmişdir. 1996-cı ildə şö’bə müdiri vəzifəsinə
seçilmişdir. Lətif Talıblının elmi və pedaqoji
fəaliyyəti 50-ə yaxın əsərdə öz əksini tapmışdır.
O, 20-yə yaxın beynəlxalq, respublika və ali məktəb
səviyyəsində keçirilən simpozium və
konfranslarda iştirak etmiş, elmi məqalələr çap
etdirmişdir.
Lətif Talıblı indiyə kimi 8 nəfər
aspiranta elmi rəhbər olmuşdur. 1999-cu ildən
Azərbaycan Respublikası Prezidenti yanında Ali
Attestasiya Komissiyasında riyaziyyat və
mexanika ixtisasları üzrə ekspert şurasının
üzvüdür. Azərbaycan EA-nın "Xəbərləri"
jurnalının "Riyaziyyat və Mexanika"
buraxılışının, Azərbaycan EA-nın "Riyaziyyat
Mexanika" jurnalının redaksiya hey’ətinin üzvü
və İnstitutunun elmi şurasının üzvüdür.
Hal-hazırda Riyaziyyat və Mexanika
İnstitutunun mexanika şöbəsində müdir
vəzifəsində çalışır. Lətif Talıblı 1996-cı ildən
həmin institutun professorudur.
LOĞMAN MƏMMƏDOV
Loğman Abbas oğlu Məmmədov 1950-ci il
iyulun 10-da Saqareco rayonunun Düzəyrəm kəndində
müəllim ailəsində anadan olmuşdur.
1967-ci ildə Düzəyrəm kənd orta
məktəbini ə’la qiymətlərlə bitirmiş, həmin ildə
də Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki
ADTU) müalicə-profilaktika fakültəsinə daxil
olmuşdur.
1973-cü ildə həmin fakültədə təhsilini
başa vurmuş, operativ cərrahlıq və topoqrafik
anatomiya kafedrasında əmək fəaliyyətinə
başlamışdır.
1974-1989-cu illərdə İ.M.Seçenov adına I
Moskva Tibb Akademiyasında elmi və əmək
fəaliyyətini davam etdirmişdir. O, bu illərdə
Akademiyanın Eksperimental cərrahlıq
laboratoriyasının elmi işçisi və rəhbəri kimi
fəaliyyət göstərmiş, 1978-ci ildə namizədlik
dissertasiyası, 1989-cu ildəsə doktorluq
dissertasiyasını uğurla müdafiə edib tibb
elmləri doktoru elmi dərəcəsi almışdır.
Loğman Məmmədov eyni zamanda Moskva
İctimai Elmlər Universitetinin fəlsəfə
fakültəsini və Moskva İctimai Patentşünaslıq
İnstitutunu bitirmiş, Ümumittifaq Elmi
-Tədqiqat Patent Ekspertizası İnstitutunun və
Dövlət Farmakologiya Komitəsinin ictimai
əsaslarla xüsusi səlahiyyətli eksperti kimi
çalışmış, Moskvada Azərbaycan diasporunun
təşkilatçılarından olmaqla onun tədbirlərində
yaxından iştirak etmişdir.
Loğman Məmmədovun elmi və pedaqoji
fəaliyyəti 100 elmi əsərdə, o cümlədən 1 kəşfdə, 6
dərman preparatında və vəsaitində, 130 elmi işdə,22
ixtirada və ümumi həcmi 100 çap vərəqi olan 6 dərs
vəsaitində öz əksini tapmışdır.
O, ixtiraçılıq fəaliyyətinə görə
"Dövlət ixtiraçısı" döş nişanı ilə təltif
olunmuş, səmərəli elmi fəaliyyəti dəfələrlə
diplom, medal, fəxri fərman və pul mükafatlarına
layiq görülmüşdür.
Loğman Məmmədov elmi əsərlərinin, kəşf
və ixtiralarının müəlliflik haqqını həmişə
Ümumdünya Uşaq fonduna köçürmüşdür.
Loğman Məmmədov 1989-cu ildə müsabiqə
yolu ilə Azərbaycan Tibb Universitetinin
Operativ Cərrahlıq və Topoqrafik anatomiya
kafedrasına professor keçmiş, 1992-ci ildə kafedra
müdiri vəzifəsinə seçilmiş və indiyədək bu
vəzifədə çalışır. O, Azərbaycan Respublikası
Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasının,
Təhsil Nazirliyinin Elmi Şurasının və onun
nəzdində fəaliyyət göstərən doktorluq müdafiəsi
üzrə ixtisaslaşdırılmış Elmi Şuranın üzvüdür.
Loğman Məmmədov elmi-pedaqoji
fəaliyyəti ilə yanaşı həm də respublikamızın
suverenliyi, ərazi bütövlüyü, milli dövlətçiliyi
yolunda ardıcıl və prinsipial mübarizə aparan
vətənpərvər alimdir.
O, bu müddət ərzində 50 beynəlxalq,
ittifaq və respublika səviyyəli konqres və
konfransların iştirakçısı olmuş, iri həcmli elmi
məqalələr çap etdirmişdir.
Loğman Məmmədov ağac mə’mulatından
düzəldilmiş tarixi-me’marlıq incilərinin
bilicisi və sənətkarıdır.
Loğman Məmmədov 2000-ci il oktyabr
ayının 17-də Gürcüstan Respublikası Kaxet
quberniyasının Saqareco şəhərinin fəxri
vətəndaşı adına layiq görülmüşdür.
VƏLİ QURBANOV
Vəli Məhərrəm oğlu Qurbanov 1962-ci il
yanvarın 22-də Saqareco rayonunun Düzəyrəm
kəndində müəllim ailəsində anadan olmuşdur.
1969-cu ildə Düzəyrəm kənd orta
məktəbinin 1-ci sinfinə getmiş, 1977-ci ildə Bakıya
gəlmiş və 1 saylı fizika-riyaziyyat təmayüllü
məktəbdə təhsilini davam etdirmişdir.
1979-cu ildə Azərbaycan Dövlət
Universitetinin (indiki BDU) tətbiqi-riyaziyyat
fakültəsinə daxil olmuş, 1982-ci ildə isə
M.V.Lomonosov adına Moskva Dövlət Unversitetində
təhsilini davam etdirmişdir. O, buranı fərqlənmə
diplomu ilə başa vurmuşdur (1985). Elə həmin ildə
ümumi riyaziyyat kafedrasının aspirantı olmuş,
1989-cu ildə MDU-da dissertasiya müdafiə edib elmi
dərəcə almışdır.
1989-cu ilin axırlarından Azərbaycan
Dövlət Pedaqoji İnstitutunun riyazi analiz
kafedrasında laborant, müəllim, baş müəllim,
dosent vəzifələrində işləmişdir.
1998-ci ildə doktorluq dissertasiyasını
tamamlamaq üçün M.V.Lomonosov adına MDU-ya e’zam
olunmuşdur. 2000-ci ilin mayında həmin
universitetdə doktorluq dissertasiyası müdafiə
etmişdir.
Vəli Qurbanovun elmi və pedaqoji
fəaliyyəti 23 elmi əsərdə öz əksini tapmışdır.
Əsərlərinin çox hissəsi mərkəzi jurnallarda çap
olunmuşdur. Bu müddət ərzində o bir neçə dəfə
beynəlxalq konfranslarda iştirak etmiş, elmi
məqalələr çap etdirmişdir.
|