|
ELMLƏR NAMİZƏDLƏRİ
DAĞ BORÇALI BÖLGƏSİ
(indiki Ermənistan Respublikası ərazisi)
[A-K] [L-Z]
AZƏR ƏBDÜRƏHMANOV
Azər Sə’di oğlu Əbdürəhmanov 1972-ci
ildə Marneuli şəhərində ziyalı ailəsində anadan
olmuşdur.
1979-cu ildə Bakı şəhərində orta
məktəbin 1-ci sinfinə getmiş, 1990-cı ildə həmin
məktəbi ə’la qiymətlərlə başa vurmuşdur.
1990-cı ildə Azərbaycan Dövlət İqtisad
Universitetinin menecment fakültəsinə daxil
olmuş, 1995-ci ildə həmin fakültəni fərqlənmə
diplomu ilə bitirmiş və İqtisad Universitetinin
menecment ixtisası üzrə əyani aspiranturasına
daxil olmuş, 1999-cu ildə aspiranturanı
bitirmişdir.
Azər Əbdürəhmanovun son 4 ildə 5 elmi
əsəri çap olunmuşdur. "Birgə müəssisələrin
idarə edilməsi problemləri" üzrə namizədlik
dissertasiyasını müdafiə şurasına təqdim
etmişdir.
Bu müddət ərzində elmi konfranslarda
çıxış etmiş, məqalələr çap etdirmişdir.
ALI HƏSƏNOV
Alı Niftalı oğlu Həsənov 1935-ci il
sentyabrın 30-da Dağ Borçalının (indiki
Ermənistan)Allahverdi bölgəsinin Ayrım kəndində
anadan olmuşdur.
1943-cü ildə Ayrım kənd yeddiillik
məktəbinin birinci sinfinə getmiş və 1949-cü ildə
7-ci sinfi bitirmişdir. Alı Həsənov ailə
vəziyyəti ilə əlaqədar bir il oxumaqdan qalmış
və 1950-1951-ci illərdə Borçalının Sadaxlı kəndində
bir il oxuduqdan sonra təhsilini Ləmbəli kənd
orta məktəbində davam etdirmiş və 1954-cü ildə
həmin məktəbi bitirmişdir.
Alı Həsənov 1954-cü ildə Azərbaycan
Politexnik institutunun inşaat fakültəsinə
daxil olmuş, 1959-cü ildə İnstitutu bitirmiş və
tə’yinatla Azərbaycan Dövlət Baş Layihə
institutuna işə göndərilmişdir. Burada o, qısa
müddətdə texnik vəzifəsindən emalatxananın baş
konstruktoru vəzifəsinə qədər yüksəlmişdir.
1961-1964-cü illərdə Alı Həsənov Moskvada
Me’marlıq və İnşaat Akademiyasının Mərkəzi
İnşaat konstruksiyaları Elmi-Tədqiqat
İnstitutunda aspiranturada oxumuş və "Böyük
aşırımlı asma örtüklərin zəlzələyə davamlığı"
mövzusunda namizədlik dissertasiyası müdafiə
etmişdir.
Alı Həsənov 1964-1975-ci illərdə
Azərbaycan Politexnik İnstitutunun "İnşaat
mexanikası" kafedrasında assistent, baş müəllim
və dosent vəzifəsində işləmiş, 1975-ci ildən yeni
yaranmış Azərbaycan İnşaat Mühəndisləri
institutunda eyni adlı kafedraya dosent
vəzifəsinə keçmişdir.
1990-cı ildə Alı Həsənovun gərgin əməyi
və şəxsi təşəbbüsü ilə AzMİU-da "Qurğuların
sınağı və zəlzələyə davamlığı" kafedrası
yaranmış və həmin kafedraya bu günə kimi o
rəhbərlik edir.
Alı Həsənov çoxlu sayda elmi əsərin
müəllifidir. Onun aldığı elmi nəticələr bir çox
ölkə alimlərinin elmi işlərində istifadə
edilmiş və Moskvada 1969-cu ildə nəşr olunmuş
"Stroitelğnaə mexanika v SSSR" kitabına və
1971-ci ildə Moskvada alimlər kollektivi
tərəfindən nəşr olunmuş "Seysmostoykoe
stroitelğstvo zdaniy" dərsliyinə daxil
edilmişdir.
Alı Həsənov Moskvada nəşr olunmuş
"Qabıqlara və asma örtüklərə tə’sir edən
zəlzələ qüvvələrinin tə’yini" adlı
monoqrafiyanın müəlliflərindən biridir.
Alı Həsənovun rəhbərliyi ilə
"Qurğuların zəlzələyə davamlığı"
istiqamətində bir neçə alim hazırlanmışdır.
Alı Həsənovun şəxsi təşəbbüsü ilə
kafedra nəzdində qurğularının statistiki və
dinamiki sınaqlarını aparmaq üçün tədris
laboratoriyası yaradılmışdır.
Alı Həsənov bir sıra elmi şuraların və
komissiyaların üzvüdür.
CAVANŞİR XƏLİLOV
Cavanşir Həmid oğlu Xəlilov 1955-ci il
fevralın 13-də Qərbi Azərbaycanın Dağ Borçalısı
bölgəsinin Körpülü kəndində ziyalı ailəsində
anadan olmuşdur. 1962-ci ildə Bakı şəhərindəki 100
saylı orta məktəbin birinci sinfində oxumuş,
sonra təhsilini 30 saylı orta məktəbin rus
bölməsində davam etdirmişdir. 1972-ci ildə
M.V.Lomonosov adına Moskva Dövlət
Universitetinin fizika fakültəsinə daxil olmuş,
1978-ci ildə həmin təhsil ocağını müvəffəqiyyətlə
bitirmişdir. 1978- 1980-ci illərdə ordu sıralarında
leytenant, baş leytenant kimi qulluq etmiş, bir
qədər sonra isə mayor rütbəsi almışdır. Əsgəri
xidmətdən tərxis olunduqdan sonra Bakıya
qayıtmış, 1980-1986-cı illərdə Azərbaycan LKGİ-də
müxtəlif vəzifələrdə çalışmış, üç ildən çox
həmin təşkilatın məktəbli və pionerlər
şö’bəsinin müdiri olmuşdur. Həmin illərdə
indiki "Günəş" ("Pioner") jurnalının redaksiya
hey’ətinin üzvü seçilmişdir.
Cavanşir Xəlilov 1986-1988-ci illərdə Ali
Partiya Məktəbini fərqlənmə diplomu ilə
bitirmiş, 1988-1990-cı illərdə partiya işində
çalışmışdır. 1991-1994-cü illərdə indiki Rusiya
Dövlət Xidməti Akademiyasının aspiranturasında
oxumuşdur. 1994-cü ildə "Keçid mərhələsində
əmtəə-xammal birjalarının inkişafı" mövzusunda
namizədlik dissertasiyasını müdafiə etmiş,
iqtisad elmləri namizədi elmi dərəcəsi almışdır.
1994-1997-ci illərdə Rusiya
Federasiyasının Prezidenti nəzdində fəaliyyət
göstərən Rusiya Akademiyasında
stajor-tədqiqatçı olmuşdur.
Cavanşir Xəlilov Azərbaycanla sıx
əlaqə saxlayır, doktorluq dissertasiyasında
Rusiya və Azərbaycan iqtisadiyyatının
qarşılıqlı inkişaf mərhələlərini araşdırır. O bu
müddət ərzində 30 elmi əsər çap etdirmişdir. 20
beynəlxalq və respublika səviyyəli
konfranslarda çıxış etmiş və elmi məqalələr çap
etdirmişdir.
CAHANGİR HACIYEV
Cahangir Əhməd oğlu Hacıyev 1949-cu il
martın 26-da Qərbi Azərbaycanın (Dağ Borçalısı)
Ləmbəli kəndində anadan olmuşdur. 1966-cı ildə kənd
orta məktəbini bitirmişdir. İki il kənddə fəhlə
işlədikdən sonra ordu sıralarında olmuş və
1968-1970-ci illərdə hərbi xidməti başa vurub Bakıya
gəlmişdir. 1970-ci ildə Azərbaycan Politexnik
İnstitutuna daxil olmuş, 1975-ci ildə oranı
bitirmişdir.
Cahangir Hacıyev 1975-1980-ci illərdə
tə’yinatla Sumqayıt üst trikotaj fabrikində
işləmişdir. 1980-1983-cü illərdə Moskvada Tekstil
İnstitutunun aspiranturasında təhsil almış və
"Özüburulan saplardan trikotaj hörülməsi
texnologiyasının işlənilməsi" mövzusunda
dissertasiya yazmışdır. 1984-cü ildə institutun
ixtisaslaşmış Elmi Şurasında dissertasiya
müdafiə etmiş, texnika elmləri namizədi elmi
dərəcəsi almışdır.
1984-cü ilin sentyabrından e’tibarən
tə’yinatla Azərbaycan Texnologiya İnstitutuna
assistent vəzifəsinə göndərilmiş, 1986-cı ilin
dekabrında dosent vəzifəsinə seçilmişdir.
Hazırda Azərbaycan Texnologiya Universitetində
dosent vəzifəsində çalışır.
O. keçmiş SSRİ ixtiraçısıdır (1988), 1989-cu
ildə SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri
Sərgisinin gümüş mükafatına layiq görülmüşdür.
50-dən çox elmi məqalənin, iki kitabın, bir neçə
dərs vəsaitinin, 15 ixtiranın və 100-dən çox
publisistik məqalənin müəllifidir.
1988-ci ildən azadlıq hərəkatına
qoşulmuşdur. 1989-cu ildən AXC-nin üzvüdür. Gəncə
şö’bəsindən AXC Ali Məclisinin üzvü
seçilmişdir. Hazırda AXCP-nin Nəsimi rayon
şö’bəsində fəaliyyətini davam etdirir.
Bu müddət ərzində 10 respublika
konfransında elmi mə’ruzələrlə çıxış etmişdir.
DİLARƏ İSAYEVA
Dilarə Məhəmməd qızı İsayeva 1958-ci il
aprelin 25-də Qərbi Azərbaycanın Dağ Borçalısı
bölgəsində Ləmbəli kəndində anadan olmuşdur.
Doğma kənddə beşinci sinfi qurtardıqdan sonra
ailələri Bakı şəhərinə köçmüş və Bakıda 99 saylı
orta məktəbi bitirmiş, M.V. Lomonosov adına
Moskva Dövlət Universitetinin biologiya
fakültəsinə daxil olmuşdur.
O, 1982-ci ildə universiteti bitirib
Bakıya qayıtmış və Azərbaycan Elmlər
Akademiyasında işə düzəlmişdir. O, müxtəlif
vəzifələrdə çalışmışdır. Moskvada Elmlər
Akademiyasının Bioüzvikimya İnstitutunda 2 il
təkmilləşmə kursu keçmiş və 1984-cü ildə həmin
institutun aspiranturasına qəbul olunmuş,
molekulyar biologiya problemləri ilə bağlı
tədqiqatlar aparmışdır. Elmi işi ilə bağlı bir
neçə dəfə beynəlxalq simpoziumlarda çıxış etmiş,
elmi jurnallarda çap olunmuşdur.
Dilarə İsayeva Bioüzvikimya
İnstitutunda keçirilən gənc elmi işçilərin
müsabiqəsində birinci diploma layiq
görülmüşdür. 1993-cü ildə Rusiya Elmlər
Akademiyasının Bioüzvikimya İnstitutunda elmi
işini müdafiə edib biologiya elmləri namizədi
elmi dərəcəsi almışdır.
Dilarə İsayevanın elmi-pedaqoji
fəaliyyəti 15 elmi əsərdə öz əksini tapmışdır. O,
bir neçə beynəlxalq və ittifaq əhəmiyyətli
konfranslarda iştirak etmiş, elmi məqalələr çap
etdirmişdir.
ELMİRA PƏNAHOVA
Elmira Sə’di qızı Pənahova 1952-ci ildə
Qərbi Azərbaycanda Dağ Borçalının Kalinino
rayonunda anadan olmuşdur. 1969-cu ildə Kalinino
rus orta məktəbini ə’la qiymətlərlə
bitirmişdir. Elə həmin il Azərbaycan Dövlət Tibb
İnstitutunun (indiki ATU-nun) pediatriya
fakültəsinə daxil olmuş, 1976-cı ildə oranı
fərqlənmə diplomu ilə bitirərək uşaq cərrahı
ixtisasını almışdır.
İnstitutu bitirdikdən sonra (1976) uşaq
cərrahlığı kafedrasında işləyir. 1986-cı ildə
RSFSR Elmi-Tədqiqat Pediatriya və Uşaq
Cərrahlığı institutunda "Uşaqlarda yanıq şoku
zamanı ağciyərlərdə regional
mikrosirkulyasiyanın vəziyyəti" mövzusunda
namizədlik dissertasiyası müdafiə etmişdir.
"Uşaqlarda yanıq şokunun kompleks müalicəsində
yara səthinin soyudulmasının əhəmiyyəti"
mövzusunda doktorluq dissertasiyasının sınaq
müdafiəsini etmişdir.
E.S. Pənahova 70 elmi işin müəllifidir.
"Uşaqlarda yanıq şoku" və "Uşaqlarda
yanıqların müalicəsinə dair rəhbərlik" adlı iki
monoqrafiyanın, "Uşaq cərrahlığı" adlı
tələbələr və praktiki həkimlər üçün rəhbərliyin
(rus dilində), 4 metodik vəsaitin, 3 ixtiranın, 5
səmərələşdirici təklifin müəllifidir.
Uşaqlarda yanıq şoku zamanı şok
əleyhinə tədbirlər kompleksi işlədiyi üçün SSRİ
XTNS-nin gümüş medalını almışdır.
Pedaqoji, elmi və həkimlik fəaliyyəti
ilə yanaşı ictimai işlərlə də məşğul olmuşdur.
Tibb Universitetinin həmkarlar komitəsinin sədr
müavini, tələbə həmkarlar komitəsinin sədri,
pediatriya fakültəsinin dekanı kimi vəzifələrdə
işləmişdir.
Elmira Pənahova beynəlxalq, keçmiş
ittifaq və respublika səviyyəli 20 konqres,
simpozium və konfranslarda iştirak etmiş elmi
məqalələr çap etdirmişdir.
Hal-hazırda uşaq cərrahlıq
kafedrasında dosent vəzifəsində çalışır.
ELŞAD BALIYEV
Elşad Alı oğlu Balıyev 1940-cı il martın
1-də Dağ Borçalısının Noyemberyan rayonunun
Ləmbəli kəndində anadan olmuşdur. 1957-ci ildə
Ləmbəli kənd orta məktəbini ə’la qiymətlərlə
bitirmişdir. 1959-cu ildə AzPİ-nin "Avtomatika və
hesablama texnikası" fakültəsinə qəbul
olunmuşdur.
1964-cü ildə institutu bitirmişdir.
1965-1970-ci illərdə Dövlət Plan Komitəsi nəzdindəki
elmi-tədqiqat institutunda çalışmışdır. 1971-1973-cü
illərdə Moskva İqtisadi Statistika İnstitutunun
İqtisadi kibernetika kafedrasında professor M.A.
Korolyovun rəhbərliyi ilə namizədlik
dissertasiyası müdafiə etmişdir. 1973-1979-cu
illərdə Dövlət Plan Komitəsindəki AİS-in alt
sisteminə aid elmi-tədqiqat işlərinə görə Xalq
Təsərrüfatı Nailiyyətləri Sərgisinin bürünc
medalına layiq görülmüşdür. 1979-1980-cı illərdə
Dövlət Kənd Təsərrüfatı Texnikası Elmi-Tədqiqat
Hesablama Mərkəzinin direktoru vəzifəsində
çalışmışdır. 1980-cı ilin sentyabr ayından
Azərbaycan Texniki Universitetinin "EHM və
sistemləri" kafedrasının dosentidir. 100-ə qədər
elmi əsərin, 10-a yaxın metodiki göstərişin və bir
dərs vəsaitinin (2 hissədən ibarət) müəllifidir.
Əsərləri xarici ölkələrdə dərc olunmuşdur. Uzun
müddətdir ki, "Avtomatika və hesablama
texnikası" fakültəsinin dekan müavini
vəzifəsində çalışır.
HÜMBƏT VƏLİYEV
Hümbət Ömər oğlu Vəliyev 1953-cü ildə
Qərbi Azərbaycanın (indiki Ermənistan
Respublikasının) Allahverdi rayonunun Böyük
Ayrım kəndində anadan olmuşdur. Kənd 8 illik
məktəbini ə’la qiymətlərlə başa vurmuş və 1968-ci
ildə Bakı Plan Uçot texnikumunun "Yerquruluşu"
şö’bəsinə daxil olmuşdur. Texnikumu ə’la
qiymətlərlə bitirdikdən sonra Azərbaycan Elmlər
Akademiyasının Coğrafiya İnstitutuna işə qəbul
olunmuşdur. 1972-ci ildə Azərbaycan Neft və Kimya
İnstitutuna daxil olmuş və 1978-ci ildə
geoloji-kəşfiyyat fakültəsinin "dağ
mühəndisi-geofizik" ixtisasını fərqlənmə
diplomu ilə bitirmiş və Azərbaycan Geologiya
İdarəsinə işə göndərilmişdir.
1984-cü ilə kimi çöl tədqiqatlarında
müxtəlif geofiziki metodlarla-maqnit
kəşfiyyatı, elektrik, seysmik kəşfiyyat planlama
işləri aparmış və seysmoloji tədqiqatlarla
məşğul olmuşdur. "Çerepaxa" tipli cihazların
ilk dəfə işə salınmasında və alınan
materialların analizində aparıcı mütəxəssis
kimi yaxından iştirak etmişdir.
1982-ci ildə Azərbaycanda EA Geologiya
İnstitutunda istehsalatdan ayrılmadan
aspiranturaya daxil olmuş və 1988-ci ildə
"Şamaxı-İsmayıllı zonasında dərinlik quruluşu
və geofiziki, geokimyəvi sahələrin variasiyası"
mövzusunda namizədlik dissertasiyası müdafiə
etmiş, geologiya-minerologiya elmləri namizədi
elmi dərəcəsini almışdır.
1984-1993-cü illərdə Azərbaycan EA
Geologiya İnstitutunun "Zəlzələ mənbələrinin
tədqiqi" laboratoriyasında baş mühəndis, elmi
işçi, baş elmi işçi vəzifəsində işləmişdir.
1993-cü ildən Geofizika Elmi-Tədqiqat
İnstitutunun baş elmi işçisi vəzifəsində
işləyir. Bu müddətdə 5 hesabatın müəllifi
olmuşdur.
Hümbət Vəliyev 35-ə qədər elmi
məqalənin və 13 elmi-tədqiqat hesabatının və bir
elmi-istehsalat ixtirasının müəllifidir.
"Cənubi Xəzər menaçökəkliyinin
dərinlik quruluşu və neftli-qazlı zonalarda
geofiziki, geokimyəvi sahələrin variasiyası
qanunauyğunluğu" mövzusunda doktorluq
dissertasiyasını tamamlamış və müdafiə şurasına
təqdim etmişdir.
Hümbət Vəliyev Azərbaycan Milli
Geofizika Komitəsinin büro üzvüdür.
KAMANDAR ŞƏRİFOV
Kamandar Kazım oğlu Şərifov 1940-cı il
yanvarın 20-də Qərbi Azərbaycanın Dağ Borçalısı
bölgəsinin Ləmbəli kəndində anadan olmuşdur.
1959-cu ildə Ləmbəli orta məktəbini bitirdikdən
sonra fəhləlik etmiş, 1959-1962-ci illərdə hərbi
xidmətdə olmuş, 1963-cü ildə ADU-nun (indiki BDU-nun)
şərqşünaslıq fakültəsinin ərəb dili şö’bəsinə
daxil olmuş, 1966-1967-ci illərdə Qahirə şəhrində
təhsilini tamamlamışdır.
BDU-nu bitirdikdə ona zabit rütbəsi
verilmiş, hərbi xidmətə çağrılaraq Misir Ərəb
Respublikasının hərbi hissələrinin birində
müşavir kimi işləməyə başlamışdır.
1970-ci ildə Bakıya qayıtmış və müsabiqə
yolu ilə Azərbaycan EA-nın Əlyazmalar
İnstitutuna işə qəbul edilmişdir. Həmin ildən
başlayaraq orta əsr yazılı abidələri əsasında
klassik irsimizin tədqiqinə başlamışdır.
Kamandar Şərifov Azərbaycan
ədəbiyyatşünaslığı tarixində ilk dəfə olaraq XIX
əsr Azərbaycan alimi, pedaqoqu və
kitabxanaşünası Şəmsəddin Əbdülqəni Nuxəvi
Məhəmməd Əfəndi oğlu Xalisəqarızadənin elmi
irsini toplayıb tədqiq etmiş və 1985-ci ildə
"Əbdülqəni Nuxəvi Xalisəqarızadə və onun
mətnşünaslıq fəaliyyəti" mövzusunda namizədlik
dissertasiyası müdafiə etmişdir. O, Azərbaycanda
ilk dəfə olaraq mətnşünaslıq elminin nəzəri
məsələlərini öyrənmiş və 1996-cı ildə "Azərbaycan
mətnşünaslığının təşəkkülü və inkişafı"
monoqrafiyasını nəşr etdirmişdir. 1977-1981-ci və
1988-1990-cı illərdə İraq və Yəmən Respublikalarında
e’zamiyyətdə olmuşdur.
Erməni deportasiyası ilə bağlı olan
Mir Möhsün Nəvvabın "1905-1906-cı illərdə
erməni-müsəlman davası" adlı yeganə avtoqraf
nüsxəsini hazırlayıb 1993-cü ildə ilk dəfə nəşr
etdirmişdir. Onun orta əsr ərəbdilli Azərbaycan
yazılı abidələrinin araşdırmaları da az
əhəmiyyət kəsb etmir. XIII-XIY əsrlərdə İsa
təxəllüsü ilə yazmış şairin "Mehri və Vəfa"
məsnəvisini nəşr etdirmişdir. Hal-hazırda
N.Tusinin "Ədəb-əlmütə’əllimin" adlı əsərini
ərəb dilindən tərcümə edir.
Ali məktəblərdə ərəb dili və
ədəbiyyatından dərs deyir. Kamandar Şərifov
hazırda Əlyazmalar İnstitutunun "Ərəbdilli
yazılı abidələrin tədqiqi və nəşri" şö’bəsinin
müdiridir.
KƏRƏM BAYRAMOV
Kərəm Bayram oğlu Bayramov 1953-cü ildə
Qərbi Azərbaycanın Dağ Borçalı bölgəsinin
Ləmbəli kəndində anadan olmuşdur.
1959-1960-cı tədris ilində Ləmbəli orta
məktəbinin birinci sinfinə qəbul olunmuş və
1971-ci ildə buranı müvəffəqiyyətlə bitirmişdir.
İki il təsərrüfatda işlədikdən sonra əsgəri
xidmətə çağırılmışdır. 1975-ci ildə Çita
vilayətində xidmətini başa vurub vətənə qayıdan
Kərəm ali təhsil almaq üçün sənədlərini indiki
ADPU-nun coğrafiya fakültəsinə təqdim etmiş və
qəbul olunmuşdur.
ADPU-da oxuyarkən coğrafiya
fakültəsində komsomol komitəsinin katibi,
1981-1986-cı illərdə isə institutun komsomol
komitəsi katibi vəzifəsində çalışaraq həm də
rayon komsomol komitəsinin büro üzvü
seçilmişdir.
Kərəm Bayramov 1986-1990-cı illərdə
ADPU-nun "İqtisadi coğrafiya" kafedrasında
elmi tədqiqat işinə başlamış, baş laborant,
müəllim, baş müəllim və dosent vəzifəsində
çalışmışdır. 1991-ci ildə Kiyev Dövlət
Universitetində "Şəhərətrafı aqrar-sənaye
komplekslərinin səmərəli ərazi təşkili
problemləri" mövzusunda dissertasiya müdafiə
edərək coğrafiya elmləri namizədi elmi dərəcəsi
almışdır.
Kərəm Bayramov hal-hazırda ADPU-nun
"İqtisadi coğrafiya və coğrafiyanın tədrisi
metodikası" kafedrasının dosenti, dekan müavini
vəzifəsində çalışır.
|