Ağbulaq     Baş keçid     Borçalı     Qarayazı     Dağ Borçalı     Qaraçop     Tiflis     Çoruk Qəmərli  
Coğrafiyası
Etimologiyası
Kəndləri
Nəqliyyatı
Tarixi
Demoqrafik quruluşu
Sənaye və kənd təssərrüfatı
Torpaq fondu
Maarifin inkişafı
Türk Pedaqoji Texnikomları
Adət ənənələri
Ədəbi mədəni əlaqələri
İctimai siyasi durum
Borçalı ziyalıları dövlət və hökümət orqanlarında
Öndər adamları
Akademik və müxbir üzvləri
Elmlər doktorları
Elmlər namizədləri
Həkimlər
El ağsaqqalları
Generallar
Hüquqsunaslar
Tarixi qəhrəmanlar
Rəssamlar
Memarlar
İncəsənət xadimləri
Jurnalistlər
Aşıq folklor örnəkləri
El sənətkarları
Xeyriyyəçilər
İdmançılar
Şəhidlər
Yaylaqlar
Xəritələr
Şəkillər
 

The Project is accomplished by the assistance of the Bureau of Educational and Cultural Affairs of the U.S. Department of State and International Research & Exchanges Board

Səhifənin yaradılmasında göstərdiyi köməkliyə görə Məmməd Sarvana təşəkkür edirik

ELMLƏR DOKTORLARI

DAĞ BORÇALI BÖLGƏSİ
(indiki Ermənistan Respublikası ərazisi)

[A-Z]

ADIGÖZƏL DOSUYEV

Adıgözəl Əhməd oğlu Dosuyev 1948-ci il fevralın 2-də Qərbi Azərbaycanın Dağ Borçalısı (indiki Ermənistan) bölgəsinin Ləmbəli kəndində anadan olmuşdur.

Adıgözəl Dosuyev 1954-cü ildə Ləmbəli orta məktəbinin birinci sinfinə daxil olmuş, 1964-1965-ci tədris ilində isə Gürcüstanın Marneuli rayonunda orta məktəbi qızıl medalla bitirmişdir. Həmin ildə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olmuş, 1970-ci ildə Universiteti bitirərək aspiranturaya qəbul olunmuşdur. 1974-cü ildə "Qarışıqtipli tənliklər üçün qoyulmuş sərhəd məsələlərinin şəbəkə üsulu ilə tədqiqi" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.

Adıgözəl Dosuyev 1974-1978-ci illərdə Kibernetika İnstitutunda kiçik elmi işçi işləmişdir. 1978-ci ildə müsabiqə yolu ilə ADU-nun (indiki BDU-nun) hesablama-riyaziyyat kafedrasının assistenti, 1980-ci ildə baş müəllim, 1984-cü ildə isə dosent vəzifəsinə seçilmişdir.

Adıgözəl Dosuyev 1981-ci ilin sentyabr ayından 1982-ci ilin iyul ayına qədər Böyük Britaniyada e’zamiyyətdə olmuş, beynəlxalq konfranslarda (Macarıstanda, ABŞ-da) çıxış etmişdir. Onun rəhbərliyi ilə 4 namizədlik dissertasiyası müdafiə edilmiş, birinin isə opponenti olmuşdur.

Elmi axtarışlarını davam etdirən Adıgözəl Dosuyev 1999-cu ilin iyul ayında Tbilisi şəhərində doktorluq dissertasiyası müdafiə etmişdir.

Hal-hazırda o, Şimali Kipr Türk Respublikasında - Akdəniz Universitetində işləyir.

Adıgözəl Dosuyev beynəlxalq, ittifaq və respublika səviyyəli 50 konqres və konfranslarda çıxış etmiş, elmi məqalələr çap etdirmişdir.

 

İSMAYIL VƏLİYEV

İsmayıl Ömər oğlu Vəliyev 1951-ci il martın 18-də Ermənistanın Allahverdi rayonunun (keçmiş Loru nahiyəsinin) Böyük Ayrum kəndində anadan olmuş, orada 8 illik məktəbi, sonra isə Noyemberyan rayonunun Yuxarı Körpülü kəndində orta məktəbi ə’la qiymətlərlə bitirmiş, Çöçkən və Şınıq sovxozlarında, sonra isə Ağtala tikinti mə’mulatları kombinatında fəhlə işləmişdir. Bakıda 8 nömrəli texniki-peşə məktəbində təhsil almış, oranı fərqlənmə diplomu ilə bitirdikdən sonra "Leninneft" trestinin neft və qazçıxarma idarəsində elektrik montyoru olmuşdur.

1970-1975-ci illərdə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil almışdır. 1975-ci ildən Azərbaycan Dövlət Nəşriyyatında korrektor və redaktor vəzifəsində işləmişdir. 1976-cı ildə Moskva Poliqrafiya İnstitutunda baş redaktor və redaksiya müdirlərinin ixtisasartırma kursunda oxumuş və oranı "ə’laçı" diplomu ilə bitirmişdir. 1978-ci ildən "Yazıçı" nəşriyyatında ədəbiyyatşünaslıq və publisistika redaksiyasında redaktor, incəsənət və klassik ədəbiyyat redaksiyasının müdiri, 1980-ci ildən Azərbaycan Dövlət Nəşriyyat, Poliqrafiya və Kitab Ticarəti İşləri Komitəsində Nəşriyyatlar İdarəsinin rəisi, 1984-cü ildən Azərbaycan KP Mərkəzi Komitəsinin təbliğat və təşviqat şö’bəsində tə’limatçı (1984-1987), təbliğat və təşviqat şö’bəsi müdirinin mətbuat məsələləri üzrə müavini (1987-1989) vəzifələrində işləmişdir. Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasında baş redaktorun birinci müavini (1989-1991), baş redaktor (1991-1992), Azərbaycan-Türkiyə birgə müəssisəsi "Göytürk" Nəşriyyat, Poliqrafiya və Ticarət Şirkətinin Baş direktoru (1991-1992) olmuşdur. 1993-cü ildən "Azərbaycan Ensiklopediyası" Nəşriyyat-Poliqrafiya Birliyinin Baş direktoru və Baş redaktorudur.

1971-ci ildən Azərbaycan Radio və Televiziyası ilə əməkdaşlıq edərək on ilə yaxın "Bulaq" folklor verlişlərinin daimi müəlliflərindən biri olmuşdur. Bundan əlavə "Zəka" radio elmi proqramı və televiziyada vaxtilə populyar olan "İdrak" proqramı da İ. Vəliyevin ideyası əsasında yaradılmış və uzun müddət onun müəllifliyi və aparıcılığı ilə davam etdirilmişdir.

İsmayıl Vəliyev bədii yaradıcılığa 1965-ci ildə "Azərbaycan pioneri" qəzetində dərc etdirdiyi kiçik sənədli hekayə ilə başlamışdır. O vaxtdan ədəbi-bədii, publisistik yaradıcılıqla və tərcümə işi ilə ardıcıl məşğul olur. Qədim Şumerlərin məhşur "Bilqamıs dastanı"nı, "Avesta"dan parçaları, Qədim Misir ədəbiyyatı nümunələrini, rus, litva, ukrayna, türk, türkmən və b. dillərdən bir sıra elmi və bədii əsərləri tərcümə etmişdir. Onun redaktəsi və rəhbərliyi ilə Azərbaycanda ilk dəfə olaraq fundamental həcmdə "Qədim Şərq ədəbiyyatı" (müntəxabat) (1999) kitabı nəşr olunmuşdur. 1983-cü ildə "Ədəbi portret: onun funksiyası və tipologiyası" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsi almışdır. 1999-cu ildə "Ədəbiyyatda insan konsepsiyası. Tarixi təşəkkülü və inkişaf mərhələləri" mövzusunda doktorluq işini başa çatdırmış və monoqrafiya şəklində nəşr etdirmişdir. Həmin monoqrafiya müəyyən ixtisarlarla Ankarada nəşr olunmuşdur.

İ. Vəliyev 1979-cu ildən Azərbaycan Jurnalistlər Birliyinin, 1985-ci ildən isə Yazıçılar Birliyinin üzvüdür. 21 kitabın, 300-dən çox elmi, 500-dən çox elmi və publisistik məqalənin, elmi mə’ruzə və çıxışın müəllifi, 9 kitabın tərcüməçisidir. Onlarla iri həcmli ensiklopedik, elmi və bədii kitabın redaktoru, tərtibçisi və naşiri olmuşdur. İ. Vəliyevin bə’zi əsərləri ingilis alman, türk, ukrayna, rus və ərəb dillərinə tərcümə olunmuşdur. Xarici ölkələrdə, o cümlədən Almaniya, Macarıstan, Türkiyə, İran, Rusiya, Ukrayna, Qazaxıstan, Litva, Gürcüstan və b. ölkələrdə keçirilmiş elmi konfrans və tədbirlərdə mə’ruzə və çıxışlar etmiş, məruzələri və çıxışlarının tezisləri elmi əsrlərdə və mətbuatda dərc olunmuşdur.

İ. Vəliyev Qafqazda və keçmiş sovetlər Birliyi məkanında baş verən siyasi hadisələr, milli münaqişələr, qaçqınlıq problemi və onların həlli yolları, insan hüquqları, müasir konfliktologiya məsələləri ilə də məşğul olmuş, SSRİ-nin dağılması prosesi və onunla bağlı regionda və dünyada baş verən hadisələrin elmi-nəzəri təhlili ilə bağlı "Dünya susur, tarix susmur", "Burulğanlar içində", "Qaçqınlıq", "Qara gündəlik" kitablarını nəşr etdirmiş, bu mövzuda yüzə yaxın məqaləsi dərc olunmuşdur. Onun rəhbərliyi və müəllifliyi ilə iri həcmli "Deportasiya" adlı kitab nəşr edilmişdir.

İ. Vəliyev kitab nəşri və yayımı, mətbuatın nəzəri və praktiki məsələləri ilə də ciddi məşğul olur. Beynəlxalq kitab sərgi və yarmarkalarında dəfələrlə ölkəmizi təmsil etmiş mükafatlar almış, elmi seminar və simpoziumlarda mə’ruzələrlə çıxış etmişdir. Kitab nəşri və mətbuat məsələləri ilə bağlı tədris proqramlarının və elmi məqalələrin müəllifidir. Bakı Dövlət Universitetində və digər ali məktəblərdə "Mətbuat tarixi", "Redaktənin nəzəriyyə və təcrübəsi", "Nəşriyyat işinin təşkili və idarə edilməsi", "Mətnşünaslıq" və s. fənlərdən mühazirələr aparır.

İ. Vəliyev 1995-ci ildə ictimai-siyasi mövzuda yazdığı publististik əsərlərə görə "Qızıl qələm" mükafatına, 1998-ci ildə uşaq hekayələrinə görə Açıq Cəmiyyət İnstitutu - Beynəlxalq Soros fondunun qrantına layiq görülmüşdür. Bir çox elmi, siyasi və ədəbi qəzet və jurnal redaksiya hey’ətlərinin, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının idarə hey’ətinin (1998-ci ildən) üzvüdür.

İ. Vəliyev 1991-ci ildə Ensiklopediyaya işə gəldiyi vaxtdan indiyədək bu elmi-nəşriyyat müəssisəsinin təsərrüfat problemlərini uğurla həll etmiş, onu maliyyə böhranından çıxarmaq üçün bir ildə "Rusca-azərbaycanca lüğət"in hər üç cildinin çapına nail olmuş, çətinliklərə baxmayaraq "Qısa iqtisadi lüğət", "Hüquq Ensiklopedik lüğəti", "Azərbaycan" soraqçası (azərbaycan və rus dillərində; həm də tərtibçilərindən biridir), "Fəlsəfə ensiklopedik lüğəti", "Dünya xalqları", "Dünya dövlətləri", "Şəfa ensiklopediyası", "Kütləvi tibb ensiklopediyası", "Azərbaycan toponimləri ensiklopedik lüğəti" və s. kimi iri həcmli, böyük əhəmiyyətli ensiklopedik kitabların baş redaktoru olmuş və onların yüksək səviyyədə nəşrini tə’min etmişdir. "Türküstan" ensiklopediyasının redaksiya hey’ytinin üzvüdür. Türkiyə, Azərbaycan və Orta Asiya respublikalarının iştirakı ilə hazırlanan "Türk xalqlarının görkəmli adamları" ensiklopediyasının ideya müəllifi və baş redaktorudur.

2001-ci ildə İ. Vəliyev filologiya üzrə doktorluq dissertasiyası müdafiə etmişdir.

Hazırda "Azərbaycan Ensiklopediyası" Nəşriyyat-Poliqrafiya Birliyinin baş direktorudur.

 

 MƏHBUBƏ VƏLİYEVA

Məhbubə Nəbi qızı Vəliyeva 1949-cu il aprelin 10-da Qərbi Azərbaycanın Dağ Borçalısı bölgəsinin Kalinino rayonunda anadan olmuşdur. Kalinino şəhər rus orta məktəbini 1966-cı ildə medalla bitirmiş, həmin ildə Azərbaycan Tibb İnstitutunun əczaçılıq fakültəsinə daxil olmuşdur.

1971-ci ildə fərqlənmə diplomu ilə institutu bitirdikdən sonra farmokologiya və toksikoloji kimya kafedrasında baş laborant vəzifəsində saxlanmış, sonralar müsabiqə yolu ilə assistent, baş müəllim, dosent işləmiş, sonra isə seçki yolu ilə kafedra müdiri seçilmişdir.

1987-ci ildə Pyatiqorsk şəhərində namizədlik dissertasiyası müdafiə etmiş, əczaçılıq elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür. 1998-ci ildə Moskva şəhərində doktorluq dissertasiyasını müdafiə etmiş, əczaçılıq elmləri doktoru elmi dərəcəsi almışdır.

Məhbubə Vəliyeva 200-dən çox elmi işin, o cümlədən 7 patent, 22 səmərələşdirici təklif, bir monoqrafiya, bir sıra elmi-metodiki göstərişlərin müəllifidir. Elmi-tədqiqat işləri Azərbaycanda geniş yayılan şirin biyandan təcrid edilən preparatların alınmasına aiddir. Həmin fitopreparatların qana və limfaya tə’siri öyrənilmiş, əczaçılıq və tibb təcrübəsində işlənməsinə köməklik göstərmişdir, hətta Avropa Birliyi texnologiyası tərəfindən tətbiq edilmişdir.

Məhbubə Vəliyeva bu müddət ərzində beynəlxalq, keçmiş ittifaq və respublika səviyyəli 30-dan çox konqres və elmi konfranslarda çıxış etmiş, məqalələr çap etdirmişdir.

Məhbubə Vəliyeva hal-hazırda Azərbaycan Tibb Universitetinin Əczaçılığın texnologiyası, təşkili və iqtisadiyyatı kafedrasının müdiri vəzifəsində çalışır. O, Azərbaycan Əczaçılar Federasiyasının üzvüdür. Tibb elmləri doktoru, professordur.

 

VAHİD NOVRUZOV

Vahid Tapdıq oğlu Novruzov 1950-ci il yanvarın 7-də Qərbi Azərbaycanın Dağ Borçalısı bölgəsinin (indiki Ermənistan) Allahverdi rayonunda qulluqçu ailəsində anadan olmuşdur.

1964-cü ildə ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüşdür. 1966-cı ildə Bakı şəhəri 31 saylı orta məktəbi bitirmiş və həmin il Azərbaycan Dövlət Universitetinə (indiki BDU) daxil olmuşdur.

1971-ci ildə Bakı Dövlət Universitetini, 1999-cu ildə isə Bakı Asiya Universitetini bitirmişdir.

1978-ci ildə Q.V. Plexanov adına Moskva Xalq Təsərrüfatı İnstitutunda "Xidmət sferasının maddi-texniki təchizatının planlaşdırılmasının normativ bazasının təkmilləşdirilməsi" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək iqtisad elmləri namizədi, 1990-cı ildə isə həmin İnstitutda "Müttəfiq respublikalarda sosial-məişət infrastrukturunun inkişaf problemləri" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək iqtisad elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür.

1972-1992-ci illərdə Dövlət Plan Komitəsi yanında Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunda laborant, iqtisadçı, kiçik elmi işçi, bölmə müdiri və şö’bə müdiri vəzifələrində çalışmışdır.

1979-1981-ci illərdə Əhaliyə Məişət Xidməti Nazirliyi yanında Layihə Konstruktor Texnologiya İnstitutunda elmi işlər üzrə direktor müavini vəzifəsində işləmişdir.

1992-1996-cı illərdə Milli Məclis Aparatının İqtisadi qanunvericilik şö’bəsində bölmə müdiri, şö’bə müdirinin birinci müavini və şö’bə müdiri vəzifələrində çalışmışdır.

Vahid Novruzov 1996-cı ilin aprel ayından Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Azərbaycan Respublikası Auditorlar Palatasına sədr vəzifəsinə tə’yin olunmuşdur. İşlədiyi müddət ərzində onun rəhbərliyi və iştirakı ilə Azərbaycanda audit sisteminin inkişafına və tənzimlənməsinə dair bir sıra xüsusi ədəbiyyat, metodik göstəriş, tövsiyyə və standartlar işlənib hazırlanmış və audit praktikasında tətbiq edilmişdir. Bunlara misal olaraq "Auditin əsasları", "Audit (izahlı lüğət)", "Audit. Qanunvericilik və normativ sənədlər" toplusunu, 30-dan artıq normativ sənədi göstərmək olar.

Vahid Novruzov müəlliflər qrupu ilə birlikdə 1998-ci ildə "Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı" kitabını, "Tikintidə mühasibat uçotu və audit" və "Auditin əsasları" fənlərinin tədris proqramını işləyib hazırlamışdır.

Vahid Novruzov Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 29 dekabr tarixli Fərmanına uyğun olaraq yaradılmış Audit sisteminin islahatı üzrə İşçi Qrupunun tərkibinə daxil edilmiş və onun rəhbərliyi altında "Azərbaycan Respublikasında audit sisteminin konsepsiyası" işlənib hazırlanmışdır.

Vahid Novruzov elmi konfrans və seminarlarda fəal iştirak edir. 80-dən artıq əsərin müəllifidir. 2000-ci ildən professorudur.

Vahid Novruzov Audit və bazar iqtisadiyyatı infrastrukturunun problemləri üzrə dissertant və magistrlərə elmi rəhbərlik edir.

Vahid Novruzov ABŞ-ın Daxili Auditorlar İnstitutunun ölkəmizdə yaradılmış "Audit-Azərbaycan" bölməsinin prezidenti və Mühasiblərin və Auditorların "AVROASİYA" Regional Federasiyası Şurasının idarə hey’ətinin üzvüdür.

1994-cü ildə Beynəlxalq Ekoenergetika Akademiyasının həqiqi üzvü seçilmişdir.

Copyright © 2003 Borchali