Ağbulaq     Baş keçid     Borçalı     Qarayazı     Dağ Borçalı     Qaraçop     Tiflis     Çoruk Qəmərli  
Coğrafiyası
Etimologiyası
Kəndləri
Nəqliyyatı
Tarixi
Demoqrafik quruluşu
Sənaye və kənd təssərrüfatı
Torpaq fondu
Maarifin inkişafı
Türk Pedaqoji Texnikomları
Adət ənənələri
Ədəbi mədəni əlaqələri
İctimai siyasi durum
Borçalı ziyalıları dövlət və hökümət orqanlarında
Öndər adamları
Akademik və müxbir üzvləri
Elmlər doktorları
Elmlər namizədləri
Həkimlər
El ağsaqqalları
Generallar
Hüquqsunaslar
Tarixi qəhrəmanlar
Rəssamlar
Memarlar
İncəsənət xadimləri
Jurnalistlər
Aşıq folklor örnəkləri
El sənətkarları
Xeyriyyəçilər
İdmançılar
Şəhidlər
Yaylaqlar
Xəritələr
Şəkillər
 

The Project is accomplished by the assistance of the Bureau of Educational and Cultural Affairs of the U.S. Department of State and International Research & Exchanges Board

Səhifənin yaradılmasında göstərdiyi köməkliyə görə Məmməd Sarvana təşəkkür edirik

ELMLƏR NAMİZƏDLƏRİ

QARAYAZI (QARDABANİ) BÖLGƏSİ

[A-Ə] [F-İ] [M-Z]

 MEHMAN ŞAHVERDİYEV

Mehman Ələkbər oğlu Şahverdiyev 1959-cu il oktyabrın 11-də Qardabani rayonunun Təzəkənd kəndində anadan olmuşdur. 1967-ci ildə Təzəkənd 8-illik məktəbinin 1-ci sinfinə getmiş, 1977-ci ildə isə Qardabani rayonu Kalinin kənd orta məktəbini bitirmişdir. 1977-ci ildə APİ-nin (indiki ADPU) riyaziyyat fakültəsinə daxil olmuş, 1981-ci ildə oranı bitirmişdir.

1981-1983-cü illərdə hərbi xidmətdə olmuş, 1983-1986-cı illərdə Bakı şəhərində 105 saylı orta ümumtəhsil məktəbində riyaziyyat müəllimi işləmişdir.

1986-1989-cu illərdə Azərbaycan Politexnik İnstitutunda (indiki AzTU) əyani aspiranturada oxumuşdur. 1990-cı il dekabrın 30-da Azərbaycan Dövlət Universitetində (indiki BDU) professor M.X. İlyasovun rəhbərliyi altında "Yan səthində yüklə paylanma nəticəsində qalın ortotron özlüelastik silindrin dinamik burulması" mövzusunda müvəffəqiyyətlə namizədlik dissertasiyası müdafiə etmişdir. 1990-1996-cı illərdə AzTU-nun "Riyaziyyat 2" kafedrasında baş laborant, 1996-cı ildən isə baş müəllim vəzifəsində çalışır.

İndiyədək çap olunmuş 14 elmi-metodik əsərin müəllifidir.

 

MƏMMƏD ƏLİYEV

Məmməd Məşədi oğlu Əliyev 1954-cü dekabrın 25-də Qardabani rayonunun Qaratəhlə kəndində anadan olmuşdur. 1963-1967-ci illərdə həmin kənddə ibtidai, 1967-1973-cü illərdə isə qonşu Qaracalar kəndində orta təhsil almışdır. 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) fizika fakültəsinə daxil olmuşdur. 1975-1977-ci illərdə Sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Ordudan tərxis olunduqdan sonra təhsilini əyani davam etdirərək 1981-ci ildə həmin fakültəni ə’la qiymətlərlə başa vurmuşdur. Həmin ildə göndərişlə Azərbaycan Elmlər Akadmiyası Radiasiya tədqiqatları bölməsində elmi fəaliyyətə başlamışdır. 1985-1989-cu illərdə Moskvada İ.V. Kurçatov adına Atom enerjisi institutu ilə radiasiya tədqiqatları bölməsinin qiyabi aspirantı olmuşdur. 1993-cü ildə Moskvada həmin institutda namizədlik dissertasiyasını müdafiə etmiş və fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür. 1994-cü ildən Radiasiya tədqiqatları bölməsində baş elmi işçi vəzifəsində çalışır.

Plazmanın və qamma şüalarının tə’sirindən bərk oksid dielektriklərlə generasiya olunan qeyri tarazlı yükdaşıyıcıların lokallaşması, kinetik qanunauyğunluqları və köçürülməsi nəticəsində dielektriklərdə baş verən fiziki və kimyəvi proseslərin dəyişməsinin tədqiqi ilə məşğul olmuşdur. Bu sahə üzrə 4 müəlliflik şəhadətnaməsi və 38 elmi məqalənin müəllifidir. 1991-ci ildə rus dilində nəşr olunmuş "Radiasiya tədqiqatlarının aktual məsələləri" elmi məqalələr toplusunun (kitabının) məs’ul redaktoru olmuşdur.

M. Əliyevin müstəqil qoyduğu problemlər və tədqiqat işləri elmin iki müxtəlif sahəsini - plazma fizikası və kimyası ilə bərk cisimlər fizikasının qovuşmasını əhatə edir. Tədqiqatçı alim heterogen sistemlərinin plazma fizikası və kimyası sahəsində Azərbaycan Respublikasında perspektivli və nadir ixtisasçılardan biridir.

Məmməd Əliyev bu vaxtadək 16-ya qədər beynəlxalq, ittifaq və respublika səviyyəli elmi konfranslarda iştirak etmiş, məqalələr çap etdirmişdir.

 

NƏSİB MUSTAFAYEV

Nəsib Məhəmməd oğlu Mustafayev 1941-ci ildə Qardabani rayonunun Kosalı kəndində anadan olmuşdur.

1958-ci ildə orta məktəbi, 1964-cü ildə Azərbaycan Politexnik İnstitutunu (indiki Azərbaycan Texniki Universiteti) bitirmişdir. 1965-ci ildən Azərbaycan Dövlət Plan Komitəsi nəzdində Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunda kiçik elmi işçi, baş elmi işçi, bölmə müdiri, şö’bə müdiri vəzifələrində çalışmışdır. İnstitutun ictimai həyatında fəal iştirak etmiş, əvvəlcə həmkarlar ittifaqının sədri, sonra isə partiya təşkilatının katibi vəzifələrində işləmişdir. 1970-1973-cü illərdə aspiranturada oxumuşdur. 1974-cü ildə dissertasiya müdafiə etmiş, iqtisad elmləri namizədi elmi dərəcəsi almışdır. 1981-ci ildə baş elmi işçi, 1983-cü ildən Azərbaycan Texniki Universitetində "Nəqliyyatın və rabitənin" iqtisadiyyatı (indiki "Xidmət sahələrinin iqtisadiyyatı və menecment") kafedrasında assistent, dosent vəzifəsində işləmişdir. 1986-cı ildən 1996-cı ilə qədər Nəqliyyat fakültəsinin dekan müavini, dekan vəzifəsində çalışmışdır. Bir sıra elmi seminar və konfranslarda çıxış etmişdir. 55 elmi əsərin, o cümlədən 4 dərslik və dərs vəsaitinin, 1 monoqrafiyanın və 8 elmi-metodik vəsaitin müəllifidir.

Nəsib Mustafayev 2000-ci ildən "Xidmət sahələrinin iqtisadiyyatı və menecment" kafedrasının dosentidir.

 

PİROĞLAN ABDULLAYEV

Piroğlan Əhməd oğlu Abdullayev 1960-cı il yanvarın 1-də Qardabani rayonunun Nəzərli kəndində anadan olmuşdur. 1967-1971-ci illərdə Nəzərli kənd ibtidai məktəbində, 1971-1978-ci illərdə isə Kosalar kənd orta məktəbində təhsil almışdır. 1978-1980-ci illərdə Nəzərli toxumçuluq sovxozunda fəhlə işləmişdir.

1980-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki ATU-nun) pediatriya fakültəsinə daxil olmuş, 1986-cı ildə həmin fakültəni fərqlənmə diplomu ilə başa vurmuşdur. 1986-1987-ci illərdə M.Nağıyev adına təcili Tibbi Yardım Xəstəxanasında internatura keçmişdir. 1987-ci ilin sentyabr ayından bu günə kimi 1-ci dərəcəli uşaq cərrahı kimi fəaliyyət göstərir.

Piroğlan Abdullayevin 15 illik həkimlik elmi və praktiki əməyi respublika səviyyəli 5 konfransda çıxışları və çap etdirdikləri məqalə və praktiki göstərişləri ilə diqqəti cəlb edir.

Piroğlan Abdullayevin elmi və praktiki təcrübəsi bir neçə min ağır və yüngül cərrahi əməliyyatların onun tərəfindən müsbət həllində öz əksini tapmışdır. Həkim-alim-anestezioloq Piroğlan Abdullayev öz elmi işini davam etdirir.

 

RAHAD QƏRİBOV

Rahad Tanrıverdi oğlu Qəribov 1957-ci ildə Qardabani rayonunun Qaratəhlə kəndində anadan olmuşdur. 1964-cü ildə Qaratəhlə kənd orta məktəbinin 1-ci sinfinə getmiş, 1974-cü ildə isə Qaracalar orta məktəbini bitirmişdir. 1974-cü ildə Politexnik İnstitutunun sənaye, mülki tikinti fakültəsinə daxil olmuşdur. 1979-cu ildə təhsilini fərqlənmə diplomu ilə başa vurmuş, 1980-1981-ci illərdə hərbi xidmətdə olmuşdur. 1982-1986-cı illərdə aspiranturada oxumuşdur. 1986-cı ilin yanvarında Moskva inşaat institutunda "İnşaat mexanikası" ixtisası üzrə dissertasiya müdafiə etmişdir.

1989-cu ildən İnşaat Mühəndisləri Universitetində dosent vəzifəsində çalışır. 30-dan çox elmi məqalənin müəllifi, 5 aspirantın elmi rəhbəri olmuşdur.

Rahad Qəribovun elmi və pedaqoji fəaliyyəti 40 elmi əsərdə və 2 metodiki göstərişdə öz əksini tapmışdır. O, respublikanın bir çox elm və təhsil ocaqlarında keçirilən konfrans və müşavirələrin iştirakçısı olmuş, elmi məqalələr çap etdirmişdir. Hazırda İnşaat Mühəndisləri Universitetinin İnşaat Mühəndisləri kafedrasının dosentidir.

 

SAMİR HƏSƏNOV

Samir Tapdıq oğlu Həsənov 1963-cü ilin may ayında Bakı şəhərində anadan olmuşdur. Onun valideynlərinin hər ikisi Borçalı mahalındandır. Samir Həsənov orta məktəbi Bakı şəhərində bitirmişdir. 1981-1986-cı illərdə Samir Həsənov T. Şevçenko adına Kiyev Dövlət Universitetinin fəlsəfə fakültəsində oxumuşdur. O, universiteti müvəffəqiyyətlə bitirib filosof ixtisasına yiyələnmişdir. Təhsilini aspiranturada davam etdirmiş, 1990-cı ildə dissertasiya müdafiə etmiş, elmi dərəcə almışdır. 1990-cı ildən bu günə kimi Azərbaycan Texniki Universitetinin Fəlsəfə kafedrasında dosent vəzifəsində işləyir.

Samir Həsənovun iştirakı ilə respublikada birinci dəfə olaraq "Politologiya" dərsliyi (Azərb. dilində) çap olunmuşdur. Onun 30-dan çox elmi məqaləsi respublikanın ali məktəb ocaqlarında keçirilmiş konfransların materiallarında çap olunmuşdur. Samir Həsənov ali məktəb tələbələri üçün dərs vəsaiti də çap etdirmişdir.

 

 SƏİDƏ ŞƏRİFOVA

Səidə Kamil qızı Şərifova 1958-ci il mayın 11-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Səidə Şərifovanın valideynləri Borçalının Qarayazı bölgəsindən olmuşlar. 1965-ci ildə orta məktəbin 1-ci sinfinə getmiş, 1975-ci ildə həmin məktəbi ə’la qiymətlərlə bitirmişdir. 1975-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) kimya fakültəsinə qəbul olunmuş, Lenin adına təqaüdçü olmuş, 1980-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. Həmin ildən EA-nın Aşqarlar Kimyasının texnologiyası institutunda elmi fəaliyyətə başlamışdır

1992-ci ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. Səidə Şərifovanın elmi fəaliyyəti 30 elmi əsərdə və 1 kitabda əks olunmuşdur. O, bir neçə beynəlxalq və respublika səviyyəli elmi konfranslarda iştirak etmiş, elmi məqalələr çap etdirmişdir. Səidə Şərifova hal-hazırda KTNPİ-da aparıcı elmi işçi vəzifəsini icra edir.

 

ŞAHMƏRDAN ƏLİYEV

Şahmərdan Ramazan oğlu Əliyev 1942-ci ildə Gürcüstanın Qarayazı rayonunun Ağtəhlə kəndində anadan olmuşdur. 1950-ci ildə Ağtəhlə yeddiillik məktəbinin birinci sinfinə getmiş və oranı bitirdikdən sonra orta təhsilini Qaracalar orta məktəbində davam etdirmişdir. 1960-cı ildə orta təhsilini müvəffəqiyyətlə başa vurmuş, Rustavi şəhərində əmək fəaliyyətinə başlamışdır.

1962-ci ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə daxil olmuş və oranı 1967-ci ildə müvəffəqiyyətlə bitirmişdir. Universiteti bitirdikdən sonra tə’yinatla Sumqayıt Kimya Zavoduna göndərilmiş və orada mühəndis vəzifəsində çalışmışdır. 1968-ci ildə neft üzrə AzETLİ-yə böyük mühəndis vəzifəsinə qəbul edilmiş və 1971-ci ilə qədər orada işləmişdir. 1971-ci ildə Azərbaycan EA Aşqarlar Kimyası İnstitutunda aspiranturaya daxil olmuş və oranı 1974-cü ildə bitirmişdir. 1977-ci ildə namizədlik dissertasiyası müdafiə edərək kimya elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür.

1977-ci ildən baş elmi işçi vəzifəsinə keçmişdir. 1985-ci ildən onun rəhbərliyi altında yaradılmış İXP-15A ingibitoru "Xəzərneftqazdonanma" idarəsinin Xəzərdə üzən gəmilərin daxili yanma mühərriklərində sınaqdan keçirilmiş və onun xalq təsərrüfatına külli miqdarda iqtisadi səmərə verməsi təsdiq edilmişdir. Onun yaratdığı AzK-15 konservasiya sürtkü yağı Xalq Təsərrüfatının bir çox sahələrində müvəffəqiyyətlə tətbiq edilir.

Şahmərdan Əliyevin rəhbərliyi altında iki nəfər namizədlik dissertasiyası müdafiə etmişdir.

Şahmərdan Əliyev respublikamızda və eləcə də xarici ölkələrdə keçirilmiş bir sı-

ra elmi konfransların iştirakçısı olmuş və maraqlı elmi mə’ruzələrlə çıxış etmiş, Mendeleyev adına Ümumittfaq Kimya Cəmiyyəti tərəfindən mükafatlandırılmışdır. Respublikamızda və eləcə də xaricdə çıxan bir sıra elmi jurnalların səhifələrində işıq üzü görmüş 80 məqalənin və 10 müəlliflik şəhadətnaməsinin (ixtiranın) müəllifidir.

 

TAPDIQ HƏSƏNOV

Tapdıq Güləhməd oğlu Həsənov 1937-ci il martın 23-də Qarayazının Təzəkənd kəndində anadan olmuşdur.

Tapdıq Həsənov 1945-1956-cı illərdə Təzəkənd ibtidai və Qardabani orta məktəblərini bitirmişdir.

1961-ci ildə Azərbaycan Dövlət Universitetinin (Bakı Dövlət Universiteti) geologiya-coğrafiya fakültəsinin coğrafiya şö’bəsini fərqlənmə diplomu ilə başa vurmuşdur.

1961-1962-ci illərdə Azərbaycanın Balakən rayonunun Sarıbulaq kəndində coğrafiya müəllimi işləmişdir. 1962-1964-cü illərdə Azərbaycan EA İqtisadiyyat İnstitutunun "Məhsuldar qüvvələrin yerləşdirilməsi" şö’bəsində kiçik elmi işçi vəzifəsində işləmiş, institutun göndərişi ilə 1964-1967-ci illərdə Moskva Yanacaq Qazıntı Maddələri İnstitutunun aspiranturasında oxumuş, 1968-ci ildə "Zaqafqaziya iqtisadi rayonunda mineral gübrələr sənayesinin inkişafı və yerləşdirilməsi problemləri" mövzusunda dissertasiya işi müdafiə edib iqtisad elmləri namizədi elmi dərəcəsi almışdır.

1967-1969-cu illərdə Azərbaycan Respublikası Dövlət Plan Komitəsi nəzdindəki Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunda şö’bə müdiri vəzifəsində çalışmışdır.

1969-cu ildən Azərbaycan Dövlət Universitetinin iqtisadi və sosial coğrafiya kafedrasına keçmiş və əvvəlcə assistent, baş müəllim işləmiş, 1979-cu ildən isə dosent seçilmişdir. 1991-ci ildən iqtisadi və sosial coğrafiya kafedrasının müdiri vəzifəsində çalışır.

İqtisadi və sosial coğrafiya elminin problemləri üzrə 80-dən çox elmi əsər, tədris-metodiki vəsaitlərin müəllifidir. Onların arasında Azərbaycan Respublikasının iqtisadi (iqtisadi-coğrafi) rayonlaşdırılmasının nəzəri və praktiki problemlərinə aid əsərləri daha əhəmiyyətlidir.

Azərbaycan Respublikasının yeni təklif olunmuş iqtisadi (iqtisadi-coqrafi) rayon şəbəkəsinin müəlliflərindən biridir.

1998-ci ildən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının qərarı ilə Azərbaycanın regional inkişaf proqramını hazırlayan komissiyanın üzvüdür.

Tapdıq Həsənovun müəllifliyi və iştirakı ilə orta və ali məktəblər üçün bir sıra dərsliklər, dərs vəsaitləri və proqramlar çap olunmuşdur. Onun 1990-cı ildə çap olunmuş "Coğrafiyanın tədqiqat metodları" (iqtisadi coğrafiya hissəsi) dərs vəsaiti ali məktəb tələbələri və magistrlər üçün nəzərdə tutulmuşdur. Orta məktəblərin 9-10-cu sinifləri üçün yazılmış "Dünyanın iqtisadi və sosial coğrafiyası" dərsliyinin

müəlliflərindən biri olmuşdur.

 

 TAHİR QASIMOV

Tahir Əjdər oğlu Qasımov 1949-cu ildə Qardabani (Qarayazı) rayonunun Sartiçala-Muğanlı kəndində anadan olmuşdur. 1971-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun (indiki ADNA) "İstehsal proseslərinin avtomatlaşdırılması" fakültəsini bitirmişdir.

1971-1974-cü illərdə həmin institutun "Mə’lumatölçü və hesablama texnikası" kafedrasında mühəndis, sonra baş mühəndis vəzifəsində işləmişdir. 1978-ci ildə kafedranın əyani aspiranturasını bitirmiş, sonradan həmin kafedrada baş elmi işçi vəzifəsində çalışmışdır. 1980-cı ildən isə institutun İnformasiya-hesablama mərkəzinin direktoru və dosent kimi pedaqoji fəaliyyətini davam etdirmişdir. 1994-1995-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasının prorektoru və İHM-in direktoru işləmişdir. Hazırda dosent, İHM-in direktorudur.

1983-cü ildə iki ixtisas üzrə - İnformasiya-mə’lumat sistemləri, idarəetmə, avtomatika elementləri, hesablama texnikası üzrə texnika elmləri namizədi elmi dərəcəsini almışdır. 60-dan artıq elmi əsərin müəllifidir, hesablama texnikası və proqramlaşdırma üzrə 9 dərs vəsaiti və metodik kitabları nəşr olunmuşdur.

Tahir Qasımov 1978-ci ildən Beynəlxalq, Ümumittifaq və respublika elmi konfranslarında elmi əsərlərin tezisləri ilə çıxış etmiş, məqalələr çap etdirmişdir.

Tahir Qasımov Fəxri fərmanla və SSRİ Xalq Təsərrüfatı nailiyyətləri sərgisinin gümüş və bürünc medalı və Kubada keçirilən XI Ümumdünya Gənclər festivalının medalı ilə təltif olunmuşdur. Tahir Qasımov Azərbaycan Respublikası Milli Məclisinin kompyüter səsvermə sisteminin yaradılmasında yaxından iştirak etmişdir. Tahir Qasımov hal-hazırda doktorluq işini başa çatdırıb müdafiə şurasına təqdim etmişdir.

 

ÜLVİYYƏ HƏSƏNOVA

Ülviyyə Tapdıq qızı Həsənova 1969-cu il oktyabr ayının 9-da Bakıda ziyalı ailəsində anadan olmuşdur.

Ülviyyə Həsənova 1976-cı ildə orta məktəbin birinci sinfinə getmiş, 1986-cı ildə isə Bakı şəhərinin 248-saylı məktəbini bitirmişdir. 1986-cı ildə Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinə qəbul olunmuş, 1991-ci ildə həmin fakültəni bitirib, tə’yinatla Azərbaycan Respublikası Elmlər Akademiyasının Coğrafiya İnstitutunun "İqtisadi və sosial coğrafiya" şö’bəsində kiçik elmi işçi vəzifəsinə işə düzəlmişdir. Həmin ilin payızında institutun əyani aspiranturasına daxil olmuş, aspiranturanı bitirdikdən sonra bir müddət Geologiya İnstitutunun nəzdindəki təbii ehtiyatlardan kompleks istifadə sektorunda (KEPS) kiçik elmi işçi vəzifəsində işləmişdir. 1991-ci ildən Bakı Dövlət Universitetinin "Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə" kafedrasında baş laborant vəzifəsində çalışır. 1999-cu ildə keçid şəraitində "Mil-Qarabağ zonası təsərrüfatının ərazi təşkili problemləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Mövzuyla bağlı 12 elmi əsəri çap olunmuşdur. Başlıca elmi istiqaməti təsərrüfatın ərazi təşkili və onun iqtisadi rayonlar üzrə fərqli xüsusiyyətlərinin tədqiqidir.

 

ZEYVƏR NURİYEV

Zeyvər Vədut oğlu Nuriyev 1942-ci il martın 12-də Qardabani (keçmiş Qarayazı) rayonunun Qaracalar kəndində müəllim ailəsində anadan olmuşdur. 1958-ci ildə orta məktəbi bitirmiş, həmin il Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olmuş, 1963-cü ildə oranı bitirmişdir. 1963-1967-ci illərdə Moskvada aspiranturada oxumuş və 1968-ci ildə namizədlik dissertasiyası müdafiə etmişdir. 1968-ci ildən Azərbaycan Politexnik İnstitutunda (indiki ATU-da), sonra yeni təşkil olunmuş Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda ali riyaziyyat kafedrasında işləmişdir. Hazırda Azərbaycan İnşaat Mühəndisləri Universitetinin dosentidir. O, 18 elmi məqalənin və tələbələr üçün yazılmış "Ali riyaziyyat" dərsliyinin müəllifidir.

Zeyvər Nuriyevin məqalələri keçmiş Sovetlər İttifaqında və Respublikanın elm ocaqlarında keçirilən mötəbər konfransların materiallarında nəşr olunmuşdur.

Zeyvər Nuriyev hazırda Azərbaycan İnşaat Mühəndisləri Universitetinin Ali Riyaziyyat kafedrasının dosentidir.

 

ZEYNUL NURİYEV

Zeynul Vədut oğlu Nuriyev 1946-cı il oktyabrın 10-da Qarayazının Qaracalar kəndində müəllim ailəsində anadan olmuşdur. 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsinə daxil olmuş, 1967-ci ildə oranı bitirərək hərbi xidmətə getmişdir. Əmək fəaliyyətinə 1968-ci ildə - hərbi xidmətdən qayıtdıqdan sonra Qaracalar orta məktəbində kimya müəllimi kimi başlamışdır.

Zeynul Nuriyev 1987-ci ildə namizədlik dissertasiyası müdafiə etmişdir. O, 10-dan çox elmi və metodik tövsiyyələrin müəllifidir. Zeynul Nuriyev işlədiyi bu illərdə keçmiş ittifaqın və respublikanın elmi konfranslarında məruzələr etmiş, nüfuzlu elmi jurnallarda məqalələri çap olunmuşdur.

Copyright © 2003 Borchali