Ağbulaq     Baş keçid     Borçalı     Qarayazı     Dağ Borçalı     Qaraçop     Tiflis     Çoruk Qəmərli  
Coğrafiyası
Etimologiyası
Kəndləri
Nəqliyyatı
Tarixi
Demoqrafik quruluşu
Sənaye və kənd təssərrüfatı
Torpaq fondu
Maarifin inkişafı
Türk Pedaqoji Texnikomları
Adət ənənələri
Ədəbi mədəni əlaqələri
İctimai siyasi durum
Borçalı ziyalıları dövlət və hökümət orqanlarında
Öndər adamları
Akademik və müxbir üzvləri
Elmlər doktorları
Elmlər namizədləri
Həkimlər
El ağsaqqalları
Generallar
Hüquqsunaslar
Tarixi qəhrəmanlar
Rəssamlar
Memarlar
İncəsənət xadimləri
Jurnalistlər
Aşıq folklor örnəkləri
El sənətkarları
Xeyriyyəçilər
İdmançılar
Şəhidlər
Yaylaqlar
Xəritələr
Şəkillər
 

The Project is accomplished by the assistance of the Bureau of Educational and Cultural Affairs of the U.S. Department of State and International Research & Exchanges Board

Səhifənin yaradılmasında göstərdiyi köməkliyə görə Məmməd Sarvana təşəkkür edirik

ELMLƏR NAMİZƏDLƏRİ

QARAYAZI (QARDABANİ) BÖLGƏSİ

[A-Ə] [F-İ] [M-Z]

AYDIN PAŞACANOV

Aydın Məhəmməd oğlu Paşacanov 1949-cu il mayın 9-da Qardabani rayonunun Kosalı kəndində anadan olmuşdur.

1966-cı ildə Kosalı orta məktəbini gümüş medalla bitirmişdir.

1966-cı ildə Aydın Paşacanov Azərbaycan Dövlət Pedaqoji İnstitutunun kimya fakültəsinə daxil olmuşdur. İnstitutu ə’la qiymətlərlə bitirən Aydın Paşacanov 1970-1971-ci illərdə Zaqatala rayonunun Mosul və Qandax kəndlərində kimya müəllimi işləmişdir.

1972-ci ildən 1977-ci ilə qədər Qardabani rayonunun Kalinin Azərbaycan orta məktəbində kimya müəllimi, tədris işləri üzrə direktor müavini işləmişdir. 1977-1978-ci illərdə isə rayon xalq maarif şö’bəsinin metodisti kimi fəaliyyət göstərmişdir. 1973-1978-ci illərdə Gürcüstanda kimya üzrə keçirilən olimpiada komitəsinin üzvü olmuşdur. Kimyanın tədrisi ilə əlaqədar Gürcüstan Maarif Nazirliyi tərəfindən təşkil olunmuş komissiyanın tərkibində fəaliyyət göstərmişdir.

Aspirantura təhsilini 1979-1982-ci illərdə Moskvada, Dövlət Elmi Tədqiqat Ərintilər və Əlvan Metallar Layihə-Konstruktor İnstitutunda almışdır. Aspirantura dövründə bir neçə məqaləsi SSRİ Elmlər Akademiyasının məcmuələrində və digər mətbuat (Analitik kimya jurnallarında) orqanlarında dərc olunmuşdur.

Aydın Paşacanov "Bismutun atom-absorbasiya tə’yini sahəsindəki tədqiqatlar və onun təbii və sənaye obyektlərində tə’yininin təkmilləşdirilmiş metodlarının işlənib hazırlanması" mövzusundakı namizədlik dissertasiyasını vaxtından qabaq tamamlamış və müvəffəqiyyətlə müdafiə etmişdir. O, atom-absorbasiya spektrofotometriya sahəsində ilk azərbaycanlı alimdir.

Aydın Paşacanov 1982-ci ildən Azərbaycan Elmlər Akademiyasının Qeyri-Üzvi və Fiziki Kimya İnstitutunda kiçik elmi işçi, elmi işçi, baş elmi işçi vəzifələrində işləmiş, 1998-ci ildən isə aparıcı elmi işçi vəzifəsində işləyir. O, 50-dən çox elmi əsərin müəllifidir. Onlardan 12-si müəlliflik şəhadətnaməsidir. 10-dan çox beynəlxalq və ittifaq səviyyəli konfrans və simpoziumlarda maraqlı mə’ruzələrlə çıxış etmişdir.

 

AİDƏ MUSTAFAYEVA

Aidə Mustafayeva 1949-cu ildə Qardabani şəhərində anadan olmuşdur. 1956-cı ildə şəhər rus orta məktəbinə getmiş, 1966-cı ildə isə həmin məktəbi qızıl medalla bitirmişdir. 1966-cı ildə Aidə Mustafayeva Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Kimya fakültəsinə qəbul olunmuş, 1971-ci ildə təhsilini müvəffəqiyyətlə başa vurmuşdur. Azərbaycan EA-nın Torpaqşünaslıq və aqrokimya institutuna işə qəbul olunmuşdur. Aidə Mustafayeva Torpaqşünaslıq və Aqrokimya institutunda kiçik elmi işçi, elmi işçi və baş elmi işçi vəzifələrini icra etmişdir. 1971-ci ildə həmin institutunun müdafiə şurasında namizədlik dissertasiyası müdafiə etmişdir. 1991-1994-cü illərdə Bakı Dövlət Universitetinin qeyri-üzvi kimya kafedrasının laboratoriyasında böyük elmi işçi kimi fəaliyyət göstərmişdir. 1994-cü ildə Azərbaycan Texniki Universitetinə işə düzəlmişdir. Əvvəlcə dosent olmuş, 1997-ci ildə isə kafedra müdiri vəzifəsinə irəli çəkilmişdir.

Onun 4 elmi metodiki işi, 50-yə yaxın elmi əsəri və 2 monoqrafiyası işıq üzü görmüşdür. 2 müəlliflik şəhadətnaməsi və ixtirası vardır. Aidə Mustafayeva 10-a yaxın elmi konfransın iştirakçısı olmuşdur. Hazırda Texniki Universitetin "Sənaye ekologiyası və HFT" kafedrasına rəhbərlik edir.

 

AİDƏ ŞƏRİFOVA

Aidə Kamil qızı Şərifova 1955-ci il mayın 29-da Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Aidə Şərifovanın valideynləri Qarayazı bölgəsindəndir. 1962-ci ildə Aidə Şərifova orta məktəbin 1-ci sinfinə getmiş, 1972-ci ildə isə həmin məktəbi bitirmişdir.

1972-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinə daxil olmuş, 1977-ci ildə həmin fakültəni bitirmişdir. Tə’yinatla EA-nın Fotoelektronika institutunda elmi işçi kimi əmək fəaliyyətinə başlamışdır.

1987-ci ildə namizədlik dissertasiyası müdafiə etmişdir. 1990-cı ildən Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki Tibb Universitetinin) "Tibb və bioloji fizika ilə informatika kursu" kafedrasında müəllim kimi elmi və pedaqoji fəaliyyətini davam etdirir. Aidə Şərifovanın elmi və pedaqoji fəaliyyəti 20 elmi əsərdə və 3 metodik vəsaitdə öz əksini tapmışdır. O bir neçə beynəlxalq, keçmiş ittifaq və respublika səviyyəli elmi konfranslarda çıxış etmiş, elmi məqalələr çap etdirmişdir.

 

AFAQ HÜSEYNOVA

Afaq Cəmaləddin qızı Hüseynova 1972-ci il dekabrın 1-də Bakı şəhərində anadan olmuşdur. 1989-cu ildə Afaq Hüseynova Bakı şəhərindəki 132 saylı orta məktəbi qızıl medalla bitirmiş və elə həmin ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun (indiki ADİU-nun) İqtisadiyyatın tənzimlənməsi fakültəsinin (o zamanlar Leninqrad Maliyyə İqtisad İnstitutunun Bakı filialı adlanırdı "Qiymətin əmələ gəlməsi" ixtisasına qəbul olunmuşdur. 1994-cu ildə İnstitutu fərqlənmə diplomu ilə bitirmiş və gənc mütəxəssis kimi İnstitutda saxlanmışdır. 1999-cu ildən gənc iqtisadçı alim "İqtisadiyyatın dövlət tənzimləməsi" kafedrasında müəllim işləyir. İqtisadçı-alim A. Hüseynovanın tədqiqat işləri "Bazar münasibətlərinə keçid dövründə qiymətlərin tənzimlənməsi mexanizmi" kimi aktual bir problemə həsr olunmuşdur. Bu problemlə əlaqədar 5 elmi məqalə çap etdirmişdir. 2 metodik göstərici broşüra isə çapa hazırlanmışdır.

Afaq Hüseynova iqtisad elmləri namizədidir. Onun bu günə kimi 10 elmi məqaləsi, 1 metodiki göstərişi işıq üzü görmüşdür.

 

BƏXTİYAR ƏLİYEV

Bəxtiyar Tanrıqulu oğlu Əliyev 1936-cı ildə Qarayazı mahalının Qaratəhlə kəndində anadan olmuşdur. İbtidai məktəbi anadan olduğu kənddə, 8 illiyi Ağtəhlə kəndində, 11-ci sinfi isə 1957-ci ildə Qaracalar kəndində başa vurmuşdur. 1958-ci ildə Gəncə şəhərində İnşaat Texnikumuna daxil olmuş, 1961-ci ildə oranı bitirmiş və 1962-ci ildə Azərbaycan Politexnik İnstitutunun əyani şö’bəsinə daxil olmuşdur. 1967-ci ildə həmin institutu bitirmiş və 1969-cu ilin sentyabr ayına qədər Bakı şəhərində Tikinti-Sənaye Nazirliyinin "İntextəşkil" trestinin layihə bölməsində mühəndis işləmişdir. 1969-cu ilin sentyabrında Azərbaycan Politexnik İnstitutunun "Sutəchizat və suayırma" kafedrasına müsabiqə yolu ilə assistent keçmişdir. 1975-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutu yaranması ilə əlaqədar həmin institutun "Sutəchizat və suayırma" kafedrasına assistent vəzifəsinə tə’yin edilmişdir. Bir müddət həmin kafedranın dissertantı olmuş, 1980-cı ildə Leninqrad şəhərindəki Dəmir yolu İnstitutunda namizədlik dissertasiyası müdafiə etmişdir. Bəxtiyar Əliyev 1969-cu ildən bu vaxta qədər Azərbaycan İnşaat Mühəndisləri Universitetində assistent, baş müəllim işləmiş və hal-hazırda isə dosent vəzifəsində çalışır. Bəxtiyar Əliyev 39 elmi əsərin müəllifidir.

 

BƏHRAM MUSTAFAYEV

Bəhram Abdulla oğlu Mustafayev 1947-ci il martın 31-də Qardabani şəhərində anadan olmuşdur. 1965-ci ildə Qardabani şəhər 1 saylı rus orta məktəbini gümüş medalla bitirmiş və Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə qəbul olmuşdur. 1970-ci ildə Universiteti bitirmiş, həmin il Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda aspiranturaya daxil olmuş və 1974-cü ildə müvəffəqiyyətlə namizədlik dissertasiyası müdafiə etmişdir. 1981-ci ilə qədər Riyaziyyat və Mexanika İnstitutunda baş elmi işçi vəzifəsində çalışmış, 1981-ci ildə Azərbaycan Texnologiya İnstitutunda ali riyaziyyat kafedrasına baş müəllim tə’yin olunmuşdur. 1985-ci ildə dosent vəzifəsini tutmuşdur. 1996-cı ildən mexanika fakültəsində dekan müavini işləyir. 30 elmi və elmi metodiki göstərişlərin müəllifidir. Doktorluq dissertasiyasını tamamlamaq üzrədir.

Bəhram Mustafayev bir sıra beynəlxalq və respublika səviyyəli konfransların iştirakçısı olmuş, materiallar çap etdirmişdir.

 

BƏHRAM ƏLİYEV

Bəhram Əli oğlu Əliyev 1952-ci ildə Qarayazının Ağtəhlə kəndində anadan olmuşdur. 1959-1969-cu illərdə Ağtəhlə kənd orta məktəbində oxumuşdur. 1969-cu ildə indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin riyaziyyat fakültəsinə daxil olmuş, 1973-cü ildə həmin fakültəni bitirmişdir. 1974-1975-ci illərdə Ağtəhlə və Qaratəhlə kəndlərinin orta məktəblərində müəllim işləmişdir. 1976-cı ildə əsgəri xidmətdə olmuşdur. 1977-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin aspiranturasına qəbul olmuşdur. 1982-ci ildə fizika riyaziyyat elmləri doktoru, professor S.Y. Yaqubovun rəhbərliyi altında namizədlik dissertasiyası müdafiə etmiş, fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür. 1990-cı ildən Azərbaycan Dövlət Pedaqoji Universitetində riyazi-analiz kafedrasında baş müəllim işləyir. Bəhram Əliyevin elmi və pedaqoji fəaliyyəti 25-dən artıq elmi məqalədə öz əksini tapmışdır. Məqalələrinin əksəriyyəti keçmiş SSRİ-nin mötəbər jurnallarında nəşr edilmişdir.

Bəhram Əliyev işlədiyi müddət ərzində iki dərs vəsaitini Azərbaycan Respublikası Təhsil Nazirliyinin qrifi altında çap etdirmişdir.

 

CALAL HÜSEYNOV

Calal Əsəd oğlu Hüseynov 1947-ci il dekabrın 1-də Qarayazı (indiki Qardabani) rayonunun Ağtəhlə kəndində anadan olmuşdur. 1954-cü ildə Ağtəhlə kənd orta məktəbinə getmiş, 1965-ci ildə isə Qaracalar kənd orta məktəbini bitirmişdir.

1965-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Fizika fakültəsinə daxil olmuş, 1970-ci ildə həmin fakültəni bitirmişdir.

1970-1972-ci illərdə ordu sıralarında zabit kimi qulluq etmişdir. Ordudan tərxis olunduqdan sonra Azərbaycan Politexnik İnstitutunun Fizika kafedrasında laborant vəzifəsində əmək fəaliyyətinə başlamışdır. Calal Hüseynov 1972-ci ildən 1980-cı ilə kimi həmin kafedrada laborant, baş laborant, assistent, 1980-cı ildə namizədlik dissertasiyası müdafiə etdikdən sonra isə baş müəllim vəzifəsində işləmişdir.

Calal Hüseynov 1986-cı ildən Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki ATU) Tibb və Bioloji Fizika kafedrasında baş müəllim, 1997-ci ildən dosent vəzifəsində işləyir. Calal Hüseynovun elmi və pedaqoji fəaliyyəti 26 elmi əsərdə, o cümlədən 4 metodiki göstərişdə öz əksini tapmışdır. O, işlədiyi müddətdə 1 beynəlxalq konqresdə və 10-dan çox ittifaq və respublika səviyyəli konfranslarda iştirak etmiş, elmi məqalələr çap etdirmişdir. Hal-hazırda ATU-nun Tibbi və Bioloji Fizika kafedrasında pedaqoji fəaliyyətini davam etdirir.

 

CƏMALƏDDİN HÜSEYNOV

Cəmaləddin Əsəd oğlu Hüseynov 1944-cü il noyabrın 22-də Qarayazının Ağtəhlə kəndində anadan olmuşdur. Orta məktəbi doğma kəndində bitirmişdir. 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinə qəbul olunmuşdur. 1964-1967-ci illərdə əsgəri xidmətdə olmuşdur. 1970-1971-ci tədris ilində Bakı şəhərində orta məktəbdə fizika müəllimi işləmişdir. 1971-1974-cü illərdə aspiranturada oxumuşdur. 1974-1988-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstiututunda mühəndis, kiçik elmi işçi vəzifəsində çalışmışdır. 1977-ci ildə fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi almışdır. 1987-ci ildən baş elmi işçi, 1992-ci ildən dosentdir. 1988-ci ildən Azərbaycan Texniki Universitetində dosent vəzifəsində işləyir. 10-dan çox beynəlxalq və Ümumittifaq elmi konfrans və simpoziumlarda çıxışlar etmişdir.

Cəmaləddin Hüseynovun elmi pedaqoji fəaliyyəti 60-dan çox elmi məqalədə öz əksini tapmışdır. Hüseynovun elmi işləri dünyanın məşhur elm ocaqlarının jurnal

ları və bülletenlərində çap olunmuşdur.

Cəmaləddin Hüseynov 2000-ci ildən Texniki Universitetin texniki materiallar

fakültəsində dekan müavini vəzifəsində işləyir.

 

EMİN HACIYEV

Emin Əhməd oğlu Hacıyev 1972-ci ildə Bakı şəhərində anadan olmuşdur. Emil Hacıyevin valideynləri Qarayazı bölgəsindəndir.

1989-cu ildə Bakıdakı 260 saylı orta məktəbi bitirmiş və Azərbaycan Dövlət İqtisad İnstitutuna daxil olmuşdur. 1994-cü ildə həmin institutda təhsilini fərqlənmə diplomu ilə başa çatdırmış və aspiranturaya daxil olmuşdur.

Emin Hacıyev 1997-ci ilin mart ayında vaxtından əvvəl dissertasiya işini müdafiə edərək iqtisad elmləri namizədi elmi dərəcəsini almışdır. Emin Hacıyev institutda və aspiranturada oxuduğu dövrdə eyni zamanda bir sıra vəzifələrdə işləmiş, öz nəzəri biliyini praktika ilə əlaqələndirmişdir. Belə ki, 1993-cü ildə Bakı şəhərindəki 11 saylı tə’mir-tikinti trestində mühasib və təftişçi-mühasib, 1994-1995-ci illərdə "Privat Bank" kommersiya bankında şö’bə müdiri və İdarə Hey’əti sədrinin müavini, 1995-1996-cı illərdə "Qala" səhmdar şirkətinin baş mühasibi və 1996-1998-ci illərdə Respublika səhmdar Aqrar-sənaye Bankında baş iqtisadçı işləmişdir. Emil Hacıyev 1998-ci ilin sentyabrından Azərbaycan Kooperasiya İnstitutunda dosent vəzifəsində işləyir.

Emin Hacıyev bir sıra elmi-praktik konfrans və seminarlarda iştirak etmiş, 15 elmi əsəri dərc edilmişdir.

 

ELNUR XƏLİLOV

Elnur Həsən oğlu Xəlilov 1973-cü ildə Qardabani rayonunun Qaratəhlə kəndində ziyalı ailəsində anadan olmuşdur. O, 1988-ci ildə Qaratəhlə kənd orta məktəbində natamam orta təhsilini başa vuraraq, Bakı şəhəri 1 saylı fizika-riyaziyyat və informatika təmayüllü internat məktəbinə daxil olmuşdur. 1990-cı ildə həmin məktəbdə tam orta təhsilini başa vurmuş və BDU-nun mexanika-riyaziyyat fakültəsinə daxil olmuşdur. 1995-ci ildə BDU-nu ə’la qiymətlə bitirmişdir.

1996-cı ildə Azərbaycan Dövlət Neft Akademiyasının tətbiqi riyaziyyat kafedrasının ə’yani aspiranturasına daxil olmuşdur. 1999-cu il dekabr ayında "Səth üzrə inteqral tənliklərin konstruktiv həlli üsulları" mövzusunda vaxtından əvvəl namizədlik dissertasiyasını müdafiə etmişdir. Hal-hazırda ADNA-nın "Tətbiqi riyaziyyat" kafedrasında böyük laborant vəzifəsində çalışır.

Elnur Xəlilovun bu illər ərzində dörd elmi məqaləsi çap olunmuşdur. O, respublika və Bakı şəhərinin ali məktəblərində keçirilən elmi konfranslarda çıxış etmişdir.

 

ƏLƏDDİN HÜSEYNOV

Ələddin Əsəd oğlu Hüseynov 1935-ci il martın 10-da Qarayazının Ağtəhlə kəndində kəndli ailəsində anadan olmuşdur. 1954-cü ildə Qarayazı orta məktəbini gümüş medalla bitirmişdir. Həmin il Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olmuş və 1959-cu ildə həmin fakültəni riyaziyyat ixtisası üzrə bitirmişdir. 1959-1961-ci illərdə qapalı Elmi-Tədqiqat İnstitutunda, 1960-cı ildə Azərbaycan EA Mexanika və Riyaziyyat İnstitutunda işləmişdir. 1961-ci ildə aspiranturaya daxil olmuş, Azərbaycan Elmlər Akademiyasının prezidenti akademik Y. Məmmədəliyev və akademik Z. Xəlilovun məsləhəti ilə müasir riyaziyyatın fəlsəfi problemləri ilə məşğul olmuşdur. 1965-ci ilin mart ayında Moskva şəhərində "Mücərrəd riyazi fəzalar və onların kercəkliyə struktturlar münasibətləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.

Ələddin Hüseynov Azərbaycanda müasir təbiətşünaslığın fəlsəfi problemləri ilə məşğul olan alimlərdən biridir. Bu sahədə onun 20-dən çox elmi tədqiqat xarakterli məqaləsi çap olunmuşdur. Ələddin Hüseynov 10-a yaxın keçmiş ittifaq və respublika səviyyəli elmi konfranslarda çıxış etmiş, məqalələr çap etdirmişdir. Ələddin Hüseynov 1965-ci ildən Azərbaycan Dövlət Neft Akademiyasının Ali riyaziyyat kafedrasında, 1972-ci ildən hal-hazıradək tətbiqi riyaziyyat kafedrasında dosent vəzifəsində elmi-pedaqoji fəaliyyətini davam etdirir. Bir neçə elmi-metodik və dərs vəsaitinin müəllifidir.

 

ƏLƏSGƏR MUSTAFAYEV

Ələsgər Musa oğlu Mustafayev 1936-cı ildə Qarayazı nümayəndəliyinin Təzəkənd kəndində anadan olmuşdur. 1955-ci ildə Qardabani Azərbaycan orta məktəbini bitirmişdir. 1955-1957-ci illərdə kolxozda işləmişdir. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin İqtisadiyyat fakültəsinə daxil olmuş, 1962-ci ildə həmin fakültəni bitirmişdir. 1962-1965-ci illərdə Azərbaycan ET İqtisadiyyat və Kənd Təsərrüfatının Təşkili İnstitutunda elmi işçi vəzifəsində işləmişdir.

1965-ci ildə aspiranturaya daxil olmuş və göndərişlə Moskvada Ümumittifaq Elmi Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı İnstitutunda təhsilini davam etdirmişdir. 1969-cu ildə namizədlik dissertasiyası müdafiə etmişdir.

Ələsgər Mustafayevin 14 elmi məqaləsi işıq üzü görmüşdür.

1972-ci ildən Xalq Təsərrüfatı İnstitutunun "Əməyin İqtisadiyyatı" kafedrasında baş müəllim, 1982-ci ildə dosent seçilmiş və 1984-cü ilə qədər həmin kafedrada işləmişdir.

Ələsgər Mustafayev 1984-cü ildə vəfat etmişdir.

 

ƏSGƏR HÜSEYNOV

Əsgər İsrafil oğlu Hüseynov 1938-ci ildə Qarayazı nahiyyəsinin Ağtəhlə kəndində anadan olmuşdur. 1957-ci ildə Ağtəhlə orta məktəbini bitirdikdən sonra Bakı Statistika Texnikumuna daxil olmuşdur. 1959-cu ildə Azərbaycan Dövlət Universitetinin İqtisadiyyat fakültəsinə daxil olmuş, 1964-cü ildə oranı bitirmişdir. 1964-cü ildən 1968-ci ilə qədər Bakı Vaqon-Tə’miri Zavodunda baş mühasib işləmişdir. 1968-ci ildə Xalq Təsərrüfatı institutunun aspiranturasına qəbul olunmuş, 1973-cü ildə isə dissertasiya işini tamamlayıb müdafiə etmişdir.

1972-ci ildə müsabiqə yolu ilə "Təsərrüfat fəaliyyətinin təhlili" kafedrasına baş müəllim vəzifəsinə irəli çəkilmiş, 1979-cu ildə isə həmin kafedranın dosenti seçilmişdir.

Əsgər Hüseynovun elmi və pedaqoji fəaliyyəti 30-a yaxın elmi hesabatda, monoqrafiya və məqalədə təmsil olunmuşdur. Onun dərs vəsaiti də işıq üzü görmüşdür.

Əsgər Hüseynov 1994-cü ildə vəfat etmişdir.

 

ƏSƏD MİRZƏYEV

Əsəd Məzahim oğlu Mirzəyev 1940-cı ildə Qardabani rayonunun Qaratəhlə kəndində kolxozçu ailəsində anadan olmuşdur. 1951-ci ildə Qaratəhlə ibtidai məktəbini, 1958-ci ildə isə Qaracalar orta məktəbini qızıl medalla bitirmişdir. Üç il istehsalatda çalışdıqdan sonra 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin iqtisadiyyat fakültəsinə qəbul olunmuş, 1966-cı ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. Bir il "Azərbqalantereya"da əmtəəşünas işlədikdən sonra Moskva İqtisadiyyat-Statistika İnstitutuna məqsədli aspiranturaya qəbul olunmuşdur.

1971-ci ildə namizədlik dissertasiyası müdafiə etmişdir. 1971-ci ilin mart ayından Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda müəllim, baş müəllim və dosent vəzifələrində çalışmışdır. 1974-1978-ci illərdə "Ümumiqtisad" fakültəsinin partiya təşkilatının katibi, 1978-1983-cü illərdə isə "İqtisadi kibernetika" kafedrasının müdiri vəzifəsində çalışmışdır. 1994-cü ildən 1997-ci ilə qədər "Ödənişli təhsil" fakültəsində dekan müavini vəzifəsində işləmişdir. 1997-ci ildən Azərbaycan Dövlət İqtisad İnstitutunun tədris hissə rəisi vəzifəsini icra edir.

Əsəd Mirzəyevin pedaqoji və elmi fəaliyyəti 50 elmi əsərdə öz əksini tapmışdır. Müntəzəm olaraq respublikanın görkəmli elm və təhsil ocaqlarında keçirilən simpozium və konfranslarda elmi məruzələrlə çıxış etmiş, sanballı məqalələr çap etdirmişdir. Hal-hazırda institutun tədris hissə müdiri olmaqla yanaşı, pedaqoji fəaliyyətini davam etdirir, "İqtisadi Kibernetika" kafedrasının dosentidir.

 

 ƏSƏD TƏHLƏLİ

Əsəd Təhləli (Əsəd Tanrıverdi oğlu Əliyev) 1961-ci il iyulun 6-da Qarayazının (Qardabani) Ağtəhlə kəndində anadan olmuşdur. 1978-ci ildə kəndlərindəki orta məktəbi, 1988-ci ildə isə H.B. Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunu bitirmişdir. 1990-cı ildə Azərbaycan EA Tarix İnstitutunun etnoqrafiya ixtisası üzrə əyani aspiranturasına daxil olmuşdur. 1993-cü ildə dissertasiya mövzusunu tamamlayıb müdafiə şurasına təqdim etmişdir. İlk dəfə olaraq Gürcüstan azərbaycanlılarının mə’nəvi mədəniyyətini tarixi-etnoqrafik baxımdan araşdıran müəllif 1997-ci ildə "XIX əsr və XX əsrin əvvəllərində Gürcüstan azərbaycanlılarının mə’nəvi mədəniyyəti" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, tarix elmləri namizədi elmi dərəcəsi almışdır.

Azərbaycanda arxeoloji və etnoqrafik axtarışların yekunlarına həsr olunmuş elmi konfranslarda, sessiyalarda mə’ruzələrlə çıxış etmişdir. Mə’ruzələrinin tezisləri çap olunmuşdur. Ə. Təhləli dərc olunmuş bir çox elmi məqalələrin, "Gürcüstan azərbaycanlılarının mə’nəvi mədəniyyəti" monoqrafiyasının, "Solma, ay çiçəyim", "Yolun məndən gəlib keçdi" şe’rlər kitabının müəllifidir. "Gürcüstan azərbaycanlılarının məişəti və mədəniyyəti" mövzusunda doktorluq dissertasiyası üzərində işləyir. Hal-hazırda Azərbaycan EA Arxeologiya və Etnoqrafiya İnstitutunun böyük elmi işçisi vəzifəsində çalışır.

 

ƏHMƏD PİRİYEV

Əhməd Nəbi oğlu Piriyev 1948-ci ildə Qarayazının Kosalı kəndində anadan olmuşdur.

1956-cı ildə kənd orta məktəbinə getmiş və 1966-cı ildə müvəffəqiyyətlə həmin məktəbi bitirmişdir.

1966-cı ildə keçmiş M.F. Axundov adına Xarici Dillər İnstitutunun fransız dili fakültəsinə daxil olmuşdur.

Əhməd Piriyev Lenin adına təqaüd almış, institutu fərqlənmə diplomu ilə bitirmişdir. İnstitutun rektorluğu və elmi şurası onu xarici dillər institutunun fransız dili kafedrasında müəllim saxlamışdır. 1972-1973-cü illərdə hərbi xidmətdə olan Əhməd Piriyev tərxis olunduqdan sonra fransız dilinin fonetika və qramatikası kafedrasına müəllim düzəlmişdir. 1978-ci ildə tərcüməçi kimi Sovet mütəxəsisləri qrupunun tərkibində Qvineya Respublikasına göndərilmişdir. O, burada beş il işləmişdir.

1984-cü ildə vətənə qayıdan Əhməd Piriyev, M. Torez adına Xalqlar Dostluğu ordenli Moskva Dövlət Xarici Dillər İnstitutunun Fransız dilinin qrammatikası və tarixi kafedrasına məqsədli aspiranturaya daxil olmuşdur. 1988-ci ilin payızında müvəffəqiyyətlə dissertasiya mövzusunu müdafiə edib elmi dərəcə almışdır.

1999-cu ildə fransız dili kafedrasında dosent vəzifəsinə irəli çəkilmişdir. Onun pedaqoji və əmək fəaliyyəti 25 elmi məqalədə, 2 dərs vəsaitində və 2 metodiki göstərişdə öz əksini tapmışdır.

 

ƏHMƏD HACIYEV

Əhməd Hafiz oğlu Hacıyev 1937-ci ildə Qarayazının Qaracalar kəndində anadan olmuşdur. Orta məktəbi doğma Qaracalar kəndində bitirmiş və Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna (indiki ADİU) daxil olmuş, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda təhsilini davam etdirmişdir. Əhməd Hacıyev tə’yinatla Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunda kiçik elmi işçi kimi işə başlamış və iki ildən sonra Moskvaya aspiranturaya göndərilmişdir.

1967-ci ildə Moskvada Ümumittifaq Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı İnstitutunda namizədlik dissertasiyası müdafiə etmişdir. Bakıya qayıdan Əhməd Hacıyev doğma institutda əvvəlcə kiçik elmi işçi, sonra baş elmi işçi, 1971-ci ildən isə şö’bə müdiri vəzifəsində işləmişdir.

Əhməd Hacıyev bir neçə kitabın müəllifidir. 1980-cı ildə həmin instituta direktor tə’yin olunmuşdur.

Əhməd HacıyevÜmumittfaq miqyaslı, Zaqafqaziya və Respublika konfranslarında müvəffəqiyyətlə çıxışlar etmişdir. 14 nəfər elmlər namizədinə elmi rəhbər olmuşdur. Onun 200-ə yaxın elmi əsəri, 15 kitabı çap edilmişdir. Əhməd Hacıyev dəfələrlə SSRİ Xalq Təsərrüfatı nailiyyətləri sərgisinin iştirakçısı olmuş və sərgilərin gümüş və qızıl medallarına layiq görülmüşdür. Azərbaycan Kənd Təssərüfatı Nazirliyinin və Dövlət Plan Komitəsinin Kollegiya üzvü olmuşdur.

O, keçmiş ittifaq və respublika səviyyəsində dərc edilən jurnalların, Moskvada çıxan "Ekonomika Selsekoqo Xozyaystvo" və "Xlopkovodstva", habelə Ümumittifaq Kənd Təsərrüfatının İqtisadiyyatı İnstitutunun elmi əsərləri, Azərbaycan Elmlər Akademiyasının "İqtisadiyyat bölməsi" redkollegiyasına seçilmiş, Azərbaycan ETPTİ elmi əsərlərinin baş redaktoru, "Azərbaycanın Kənd Təsərrüfatının aparılma sistemi" (5 kitab) baş redaktorunun müavini olmuşdur.

Eyni zamanda bir sıra müdafiə şuralarının (Azərbaycan Elmlər Akademiyasının İqtisadiyyat İnstitutu, Azərbaycan Xalq Təsərrüfatı İnstitutu, Moskva İqtisadiyyatı İnstitutunun) üzvü olmuşdur.

Əhməd Hacıyev 1990-1992-ci illərdə Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili institutunda şö’bə müdiri işləmiş, 1992-ci ildən hal-hazıra kimi Azərbaycan Dövlət İqtisad İnstitutunun dosentidir.

Copyright © 2003 Borchali