|
ELMLƏR DOKTORLARI
QARAYAZI (QARDABANİ) BÖLGƏSİ
[A-Z]
ADİLXAN ABDULLAYEV
Adilxan Məhəmməd oğlu Abdullayev 1936-cı
ildə Qarayazı nümayəndəliyinin Nəzərli kəndində
anadan olmuşdur. 1956-cı ildə Kosalı kənd orta
məktəbini qızıl medalla bitirdikdən sonra, 1957-ci
ildə Azərbaycan Dövlət Universitetinin kimya
fakültəsinə daxil olmuşdur. 1962-ci ildə həmin
fakültəni bitirdikdən sonra Universitetin kimya
fakültəsinin "qeyri-üzvi kimya" kafedrasında
əyani aspiranturaya daxil olmuş, 1967-ci ildə "Mis,
manqan və nikel neftenantlarının sintezi və
xassələrinin tədqiqi" mövzusunda dissertasiya
müdafiə etmişdir. 1966-cı ildən Qeyri-üzvi kimya
kafedrasında əvvəlcə müəllim, 1969-cü ildən baş
müəllim vəzifəsində çalışmışdır. 1973-cü ildən
dosentdir. 1990-cı il noyabr ayının 2-də Daşkənddə
Özbəkistan Elmlər Akademiyası Kimya
İnstitutunda "Keçici metal neftenantlarının
sintezi, xassələri və tətbiqi" mövzusunda
doktorluq dissertasiyası müdafiə etmişdir.
1993-cü ildən professordur, 1993-cü il
sentyabr ayından Türkiyə Yüuksək Öyrətim Kurulu
(YÖK) tərəfindən rəsmi də’vət olunaraq Ədirnə
şəhərində Trakya Universitəsi fənn-ədəbiyyat
fakültəsinin kimya bölümündə professor
vəzifəsində çalışır.
Bu müddət ərzində onun 80-ə yaxın elmi
əsəri "Koordinasyon kimyası", "Ümumi və
qeyri-üzvi kimya" məcmuələrində (Moskva şəhəri),
Azərbaycan Dövlət Universiteti və Özbəkistan
Elmlər Akademiyasının, Özbəkistan Elmlər
Akademiyasının Kimya İnstitutunun
məcmuələrində, Türkiyədəki kimya məcmuələrində
və konfrans materiallarında çap edilmişdir.
1990-cı ildə "Sintetik naftenantlar"
adlı kitabı Moskvada, "Təməl koordinasyon
kimyası" kitabı Ədirnədə (Türkiyə) çap
olunmuşdur. "Qeyri-üzvi kimyada seçilmiş
bəhslər", "Qeyri-metal kimyası" və "Ümumi
kimya" dərslikləri isə çapa təqdim olunmuşdur.
1989-cu ildə Azərbaycan Təhsil Nazirliyi
tərəfindən "Maarif ə’laçısı" adına layiq
görülmüşdür. Dəfələrlə Azərbaycan Dövlət
Universiteti (indiki BDU), Azərbaycan Maarif
Nazirliyi və Azərbaycan Kimya Olimpiadası
Şurası tərəfindən fəxri fərmanlar və
təşəkkürnamələrlə təltif edilmişdir.
CABBAR MƏMMƏDOV
Cabbar Mirzə oğlu Məmmədov 1932-ci ildə
Qarayazıda anadan olmuşdur.
1941-ci ildə Qarayazı Azərbaycan orta
məktəbinin 1-ci sinfinə daxil olmuş 1951-ci ildə
həmin məktəbi bitirmişdir.
1951-ci ildə Azərbaycan Politexnik
institutunun "Maşınqayırmanın Texnologiyası"
fakültəsinə daxil olmuş, 1956-cı ildə həmin
fakültəni bitirmiş və tə’yinatla Tbilisi
şəhərinə - S.M. Kirov adına dəzgahqayırma
zavoduna göndərilmişdir. O, zavodda 2 il mühəndis
vəzifəsində çalışmışdır. 1958-1959-cu illərdə
Qardabani (Qarayazı) şəhərində Maşın Tə’miri
Stansiyasında mühəndis vəzifəsində, 1959-1960-cı
illərdə isə Rustavi Yol Nəqliyyatının
Lahiyə-Konstruktor İnstitutunda işləmişdir.
1960-cı ilin mart ayında AzPİ-nin
Maşınqayırmanın Texnologiyası fakültəsinə
assistent vəzifəsinə işə qəbul olunmuşdur. 1962-ci
ildə Cabbar Məmmədov Moskva Dəzgah alətləri
institutunun aspiranturasına daxil olmuşdur.
1964-cü ildə burada baş müəllim vəzifəsinə irəli
çəkilmişdir.
1965-ci ildə namizədlik dissertasiyası
müdafiə etmişdir, 1968-ci ildə Maşınqayırma
Texnologiyası kafedrasında dosent vəzifəsində
çalışmışdır. Həmin ildə Cabbar Məmmədov
institutun mexanika fakültəsində dekan müavini
vəzifəsinə tə’yin olunmuş, bu vəzifədə 7 il
işlədikdən sonra Maşınqayırma fakültəsinin
metalkəsmə və dəzgahlar kafedrasına başçılıq
etmişdir. 1981-ci ildən 1993-cü ilə qədər "Metal
kəsən dəzgahlar və alətlər" kafedrasında dosent
vəzifəsində çalışmışdır. 1991-ci ildə Bauman adına
Moskva Ali Texniki Məktəbində doktorluq
dissertasiyası müdafiə etmişdir. Cabbar
Məmmədovun elmi və pedaqoji fəaliyyəti 50-dən çox
elmi əsərdə öz əksini tapmışdır. Onun bir neçə
vəsaiti və metodiki göstərişi, 3 kitabı və bir
monoqrafiyası çapdan çıxmışdır. Beynəlxalq,
ittifaq və respublika səviyyəli 20-dən çox
konfransda çıxış etmiş, məqalə çap etdirmişdir.
Cabbar Məmmədov 1993-cü ildə Bakı
şəhərində vəfat etmişdir.
CAMAL MUSTAFAYEV
Camal Vəli oğlu Mustafayev 1928-ci ildə
Qarayazının (indiki Qardabani) Kosalı kəndində
anadan olmuşdur. 1935-ci ildə Kosalı kənd orta
məktəbinin birinci sinfinə getmiş, 1945-ci ildə
həmin məktəbi bitirmişdir.
1952-ci ildə Moskva Dövlət
Universitetinin fəlsəfə fakültəsini
bitirmişdir. İki il Qarayazı rayonunda pedaqoji
fəaliyyətlə məşğul olmuşdur.
1954-cü ildə SSRİ EA Fəlsəfə
İnstitutunun əyani aspirantı olmuşdur.
Aspirantura illərində onun elmi araşdırmaları
"Nizaminin fəlsəfəsi, etik görüşləri"
mövzusuna aid olmuşdur. O bu mövzuda
dissertasiya müdafiə etmişdir.
1957-1968-ci illərdə C. Mustafayev
Azərbaycan EA Fəlsəfə və Hüquq İnstitutunda
kiçik elmi işçi, elmi işçi və baş elmi işçi
vəzifələrində işləmişdir.
1968-ci ildə o, Azərbaycan Dövlət
Universitetinin müdafiə şurasında "Nizaminin
ideyalar aləmi, müasirlik" mövzusunda doktorluq
dissertasiyası müdafiə edib, fəlsəfə elmləri
doktoru elmi dərəcəsinə layiq görülmüşdür.
1968-1976-cı illərdə Azərbaycan Pedaqoji
Xarici Dillər İnstitutunda fəlsəfə kafedrasının
müdiri işləmişdir.
1976-cı ildən indiyədək Azərbaycan
Dövlət Universitetinin (indiki Bakı Dövlət
Universiteti) professorudur. 1985-1991-ci illərdə
universitetdə etika-estetika kafedrasının
müdiri vəzifəsində çalışmışdır.
1981-ci ildə ona Azərbaycan SSR Əməkdar
elm xadimi fəxri adı verilmişdir.
C. Mustafayev orta əsrlər Azərbaycan
fəlsəfi fikri sahəsində bir sıra samballı
əsərlər çap etdirmişdir. Xüsusən onun Nizami
fəlsəfəsinə, XII əsr Azərbaycan düşüncəsinə aid
əsərləri geniş oxucu kütləsinə bəllidir. Moskva
və başqa şəhərlərin nüfuzlu jurnallarında
əsərləri çap olunmuşdur. Onun Müsəlman şərq
sosial utopiyasına aid tədqiqat işləri və s.
əsərləri xarici dillərə tərcümə olunmuşdur.
C. Mustafayev Azərbaycan fəlsəfəsi,
etika və estetikası sahəsində neçə-neçə elmlər
namizədi, elmlər doktoru yetişdirmişdir. O. Eyni
zamanda müasir Azərbaycan şe’rinin əsas
tədqiqatçılarındandır.
C. Mustafayevin elmi və pedaqoji
fəaliyyəti 200 elmi əsərdə və 100-dən çox
publisistik materialda, 10 kitabda, 5 fundamental
monoqrafiyada öz əksini tapmışdır. O, 100-dən artıq
beynəlxalq, ittifaq, respublika səviyyəli
konqresdə, simpozium və konfransda iştirak
etmiş, məqalələr çap etdirmişdir.
C. Mustafayev BDU-nun, Azərbaycan
EA-nın Fəlsəfə və Hüquq İnstitutunun müdafiə
şuralarının üzvü olmuşdur. 2000-ci ildən e’tibarən
isə Xəzər Universitetində tərcümə mərkəzinin
direktoru və həmin Universitetin professorudur.
ƏKBƏR ƏLİYEV
Əkbər Bayram oğlu Əliyev 1950-ci ildə
Qarayazı (Qardabani) rayonunun Qaracalar
kəndində müəllim ailəsində anadan olmuşdur.
1967-ci ildə Qaracalar orta məktəbini
ə’la qiymətlərlə bitirmiş və həmin ildə
Azərbaycan Dövlət Universitetinin (indiki
BDU-nun) mexanika-riyaziyyat fakültəsinə qəbul
olunmuşdur. 1972-ci ildə universiteti fərqlənmə
diplomu ilə bitirmiş və tə’yinatla
universitetin hesablama mərkəzinə
göndərilmişdir. O, 1972-ci ildə Azərbaycan EA
Riyaziyyat və Mexanika institutunun
aspiranturasına qəbul olmuş, 1976-cı ildə
"Evolyusion tənliklərin və xüsusi törəməli
hiperbolik tənliklərin həllərinin xarakteri"
mövzusunda namizədlik dissertasiyası müdafiə
etmişdir.
1975-1980-ci illərdə Əkbər Əliyev
Azərbaycan EA Riyaziyyat və Mexanika
institutunda kiçik elmi işçi və sonra baş elmi
işçi vəzifələrində çalışmışdır. 1976-cı ildən
pedaqoji fəaliyyətə başlamış və 1981-ci ildən 1989-cu
ilədək Azərbaycan Politexnik İnstitutunda
(indiki Azərbaycan Texniki Universitetində)
dosent vəzifəsini icra etmişdir. Əkbər Əliyev
doktorluq işini tamamlamaq üçün 1985-1987-ci illərdə
Moskva Energetika İnstitutuna e’zam olunmuş və
1988-ci ildə Razmadze adına Tbilisi riyaziyyat
institutunda "Hiperbolik operatorlar üçün
qlobal həll olunan məsələlər" adlı doktorluq
dissertasiyasını müdafiə etmişdir.
Əkbər Əliyev 1989-cu ildən Azərbaycan
Texniki Universitetində "Riyaziyyat 2"
kafedrasına rəhbərlik etmişdir. O eyni zamanda
"Bə’zi qeyri stasionar proseslərin riyazi
modelləşməsi" elmi tədqiqat laboratoriyasına
rəhbərlik edir və paralel olaraq Azərbaycan EA
Riyaziyyat və Mexanika İnstitutunda baş elmi
işçi vəzifəsində çalışır.
Əkbər Əliyev 1996-cı ildə Türkiyədə elmi
ezamiyyətdə olmuş və NATO Doproq proqramı
çərçivəsində elmi tədqiqat işi aparmışdır.
70-dən artıq elmi məqalənin müəllifi
olan Əkbər Əliyev namizədlik və doktorluq elmi
dərəcəsi verən elmi şuraların üzvü olmuş və
hal-hazırda Bakı Dövlət Universitetinin
nəzdində fəaliyyət göstərən doktorluq elmi
dərəcəsi verən şuranın üzvüdür.
1993-1994-cü illərdə Azərbaycan Təhsil
nazirliyi yanında "Vahid elmi metodiki
şura"nın riyaziyyat bölməsinə rəhbərlik
etmişdir və hazırda həmin bölmədə sədr müavini
kimi fəaliyyət göstərir. O, 1994-1996-cı illərdə
Azərbaycan Respublikası Prezidenti yanında Ali
Atestasiya Komisiyasının riyaziyyat və mexanika
bölməsi üzrə ekspert komisiyasının üzvü
olmuşdur.
O, AzTU-nin elmi metodika
komissiyasının, Azərbaycan Riyaziyyat
cəmiyyətinin idarə hey’ətinin üzvüdür.
ƏLƏDDİN MAHMUDOV
Ələddin Pirqasım oğlu Mahmudov 1934-cü
ildə Qarayazı bölgəsinin Təzəkənd kəndində
anadan olmuşdur. 1959-cu ildə Azərbaycan Dövlət
Universitetinin fizika-riyaziyyat fakültəsini
bitirmiş və təhsilini aspiranturada davam
etdirmişdir. 1963-cü ildə dissertasiya müdafiə
edərək fizika-riyaziyyat elmləri namizədi elmi
dərəcəsi almışdır.
Ələddin Mahmudov 1960-1970-ci illərdə
qeyri-xətti Hammerşteyn tipli inteqral
tənliklərin həllərinin varlığı haqqında məşhur
alman riyaziyyatçısı H. Şeferin verdiyi üsulu
ilk dəfə inkişaf etdirmişdir.
Ələddin Mahmudov 1985-ci ildə Moskvada
"Qeyri-xətti tənliklərin məxsusi
elementlərinin tamlığı" mövzusunda
dissertasiyanı uğurla müdafiə etmiş,
fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsi
almışdır.
Ələddin Mahmudov riyaziyyat elmi
sahəsində göstərdiyi xidmətlərə görə keçmiş
ittifaqın müxtəlif orden və medalları ilə təltif
olunmuş, 1994-cü ildə nüfuzlu Amerika
Riyaziyyatçılar Cəmiyyətinin üzvü, 1995-ci ildə
isə Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü
seçilmişdir.
Ələddin Mahmudov 50-yə qədər elmi
məqalənin, bir neçə monoqrafiyanın müəllifidir.
Keçmiş ittifaqın nüfuzlu elmi nəşrlərində,
Rumıniya, Amerika, Almaniya və İranda çap olunmuş
elmi məqalələri ona geniş şöhrət qazandırmışdır.
Ələddin Mahmudov uzun illər Bakı
Dövlət Universitetinin mexanika-riyaziyyat
fakültəsinin dekan müavini və 6 ilə qədər dekanı
vəzifəsində işləmişdir. O, 10 ildən yuxarı həmin
fakültədə mexanika-riyaziyyat üzrə namizədlik
və doktorluq müdafiə şurasının üzvü olmuşdur.
Ələddin Mahmudovun çoxillik
fəaliyyətinin əsas yekunları onun 1997-ci ildə
"Elm" nəşriyyatı tərəfindən 25 çap vərəqi
həcmində nəşr olunmuş "Qeyri-xətti məxsusi
qiymətlər məsələsi və bifurkasiya nəzəriyyəsi"
adlı monoqrafiyasında öz əksini tapmışdır.
HAMLET İSAXANLI (İSAYEV)
Hamlet Abdulla oğlu İsaxanlı 1948-ci il
martın 2-də Qarayazı bölgəsində anadan olmuşdur.
1965-ci ildə Kosalı kənd orta məktəbini qızıl
medalla bitirmişdir. 1965-1970-ci illərdə Azərbaycan
Dövlət Universitetinin mexanika-riyaziyyat
fakültəsində oxumuş və oranı fərqlənmə diplomu
ilə bitirmişdir. Əmək fəaliyyətinə Azərbaycan
Elmlər Akademiyasının Riyaziyyat və Mexanika
İnstitutunda baş laborant kimi başlamışdır.
1970-1973-cü illərdə Moskva Dövlət
Universitetində aspiranturada oxumuşdur. 1973-cü
ildə müvəffəqiyyətlə namizədlik dissertasiyası
müdafiə etmiş, elmi dərəcə almışdır.
1973-1988-ci illərdə Azərbaycan Elmlər
Akademiyasının Riyaziyyat və Mexanika
İnstitutunda kiçik elmi işçi, baş elmi işçi,
aparıcı elmi işçi, qrup rəhbəri vəzifələrində
işləmişdir.
1975-1976-cı illərdə Moskva Dövlət
Universitetində elmi tədqiqat işi aparmışdır.
1979-1981-ci illərdə Azərbaycan Dövlət
Universitetinin funksiyalar və funksional
analiz kafedrasında baş müəllim işləmişdir.
1981-1982-ci illərdə SSRİ Elmlər
Akademiyası V.A. Steklov adına Riyaziyyat
İnstitutunda (Moskva) elmi tədqiqat işi aparmış,
1983-cü ildə doktorluq dissertasiyası müdafiə
etmişdir.
1987-ci ildən Leninqrad Maliyyə və
İqtisadiyyat İnstitutunun Bakı filialında
kafedra müdiri vəzifəsində işləmişdir.
1990-1991-ci illərdə Azərbaycan
Respublikası Nazirlər Kabinetinin sərəncamına
əsasən Bakıda ingilisdilli universitetin
yaradılması üçün sənədləşmə işləri aparmışdır.
1991-ci ildən e’tibarən Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 41 saylı qərarına əsasən
yaradılan ingilisdilli Azərbaycan
Universitetinə (indiki Xəzər Universitetinə)
rəhbərlik etməyə başlamışdır.
1991-ci ilin axırlarında Türkiyənin
İstanbul və Mərmərə universitetlərinin
professoru olmuşdur.
1992-ci ildən Xəzər Universitetinin
tə’sisçisi və rektorudur.
1993-cü ildən "Xəzər" Teleşirkətinin
prezidenti və 1995-ci ildən isə "Xəzər-Xəbər"
jurnalının baş redaktorudur.
Riyaziyyat, riyazi-fizika, riyazi
iqtisadiyyat, təhsil, siyasi elmlər, tarix və
mədəniyyət problemləri istiqamətində
tədqiqatlar aparmış, nəticələr əldə etmişdir.
Hamlet İsaxanlı "Çoxparametrli spektral
nəzəriyyə haqqında mühazirələr" (1985, ingilis
dilində) adlı monoqrafiyanın, 65 elmi məqalənin,
30-a qədər elmi-populyar və publisistik
materialların müəllifidir. O, 20-yə qədər
beynəlxalq, 30-a qədər ittifaq, 50-yə qədər isə
respublika səviyyəli konqres, simpozium və
konfransların iştirakçısı olmuş, məqalələr çap
etdirmişdir.
Hamlet İsaxanlı 1970-2000-ci illərdə ABŞ,
İngiltərə, Kanada, Şotlandiya, Almaniya,
Hollandiya, Fransa, Avstriya, Polşa, Bolqarıstan,
Türkiyə, İran, Hindistan, Çin, Rusiya, Ukrayna,
Belarus, Litva, Latviya, Estoniya, Gürcüstan,
Qazaxıstan, Türkmənistan və s. ölkələrdə elmi və
pedaqoji e’zamiyyətlərdə olmuşdur.
1976-1983-cü illərdə Hamlet İsaxanlının
elmi əsərləri SSRİ Elmlər Akademiyasında bir
neçə dəfə ən yaxşı elmi-tədqiqat işləri
siyahısına daxil edilmişdir.
1994-cü ildə Y. Məmmədəliyev adına
mükafata layiq görülmüşdür.
1994-cü ildə Qlobal Keyfiyyət Menecmenti
(London) mükafatına layiq görülmüş, Londan-Debret
"Keçmiş Sovet İttifaqında Kim Kimdir"
ensiklopediyasına daxil edilmiş, haqqında geniş
yazı verilmişdir.
1995-ci ildə Amerika İctimai İdarəetmə
Cəmiyyətinin üzvü, 1996-cı ildə Azərbaycan
Rektorlar Şurasının sədr müavini, 1997-ci ildə
Avro-Asiya fondu Qafqaz direktorlar şurasının
üzvü, 1998-ci ildə Açıq Cəmiyyət İnstitutu (Soros
fondu) Azərbaycan idarə hey’ətinin üzvü, Milli
Coğrafiya Cəmiyyətinin (ABŞ) üzvü seçilmiş, 1999-cu
ildə Amerika Bioqrafiya İnstitutunun Beynəlxalq
Şərəf ordeni mükafatına layiq görülmüşdür. 2000-ci
ildə Beynəlxalq Bioqrafiya Mərkəzinin
(İngiltərə, Kembric) vitse prezidenti seçilmiş,
xüsusi səlahiyyəi diplomu almışdır.
Hamlet İsaxanlı 2001-ci ildən özəl ali
təhsil müəssisələri Assosiasiyasının
prezidentidir.
Hamlet İsaxanlı eyni zamanda 1999-cu
ildən Azərbaycan Çempionatının yüksək liqasında
çıxış edən "Xəzər Universitəsi" professional
futbol klubunun prezidentidir.
Hazırda H. İsaxanlı ingilisdilli Xəzər
Universitetinin rektorudur.
HİDAYƏT HÜSEYNOV
Hidayət Məhəmməd oğlu Hüseynov 1952-ci
ildə Qardabani rayonunun Ağtəhlə kəndində
anadan olmuşdur. Orta təhsilini doğma kəndində
aldıqdan sonra, 1968-ci ildə Azərbaycan Dövlət
Universitetinin mexanika-riyaziyyat
fakültəsinə daxil olmuşdur. 1973-cü ildə oranı
bitirmiş, 1978-ci ildə "Dirak sistem tənlikləri
üçün səpilmənin tərs məsələsi" mövzusunda
namizədlik dissertasiyası müdafiə etmişdir.
1998-ci ildə "Adi differensial tənliklər üçün Yost
həllərinin göstərilişi və tərs məsələlər"
mövzusunda doktorluq dissertasiyası müdafiə
etmişdir. 50-dən çox elmi məqaləsi çap olunmuşdur.
Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat
kafedrasının professorudur. Şredinger və Dirak
tənlikləri üçün spektral analizin və səpilmə
nəzəriyyəsinin tərs məsələləri sahəsində uzun
müddət açıq qalmış, bə’zi mühüm məsələləri həll
etmişdir. Onun rəhbərliyi altında 5 nəfər
namizədlik dissertasiyası müdafiə etmişdir.
Elmi əsərləri tanınmış elmi jurnallarda çap
olunmuşdur.
10-dan çox beynəlxalq, keçmiş İttifaq və
respublika konfranslarının iştirakçısı
olmuşdur.
Hidayət Hüseynov bu müddət ərzində bir
neçə metodiki göstəriş və dərs vəsaiti çap
etdirmişdir.
XƏMMƏD GÖZƏLOV
Xəmməd Bayram oğlu Gözəlov 1937-ci ildə
Borçalı mahalının Qarayazı nümayəndəliyinin
Birlik kəndində kolxozçu ailəsində anadan
olmuşdur.
O, 1945-ci ildə orta məktəbin birinci
sinfinə getmiş, 1956-cı ildə orta məktəbi
bitirmişdir. 1956-cı ildə Azərbaycan Dövlət
Universitetinin fizika fakültəsinə daxil olmuş,
təhsilini 1957-ci ildə Leninqrad Dövlət
Universitetində davam etdirmişdir. 1962-ci ildə
Xəmməd Gözəlov həmin universiteti bitirmiş, və
Azərbaycan Elmlər Akademiyasının Fizika
İnstitutunda elmi fəaliyyətə başlamışdır. Bir
müddət burada çalışdıqdan sonra 1963-cü ildə
keçmiş SSRİ Elmlər Akademiyasının Fizika
İnstitutunda Nobel mükafatı laureatı, akademik
A.M. Proxorovun yanında kurs keçmiş, 1964-cü ildə
professor L.S. Kompaneesin Nəzəri və Riyazi
Fizika üzrə aspirantı olmuşdur. 1968-ci ildə fizika
riyaziyyat elmləri namizədi elmi dərəcəsi
almışdır. Həmin ildən İ.V. Kurçatov adına Atom
Enerjisi İnstitutunun aparıcı rəhbərlərindən
biri olan akademik V.A. Leqasovun bilavasitə
rəhbərliyi altında "Hidrogen enerjisinin bərk
cisimlərə radiasiya tə’siri problemləri"
üzərində çalışaraq 1981-ci ildə elmlər doktoru
elmi dərəcəsinə layiq görülmüşdür.
Bu müddətdən e’tibarən
fizika-riyaziyyat elmləri doktoru Xəmməd
Gözəlov Azərbaycan Elmlər Akademiyasında
Kimyəvi-fizika laboratoriyasının təşkilatçısı
və rəhbəri kimi fəaliyyət göstərmişdir. Bu illər
ərzində 18 elmlər namizədi və üç elmlər doktoru
yetişdirmişdir.
Xəmməd Gözəlovun bu günə qədər 250 elmi
əsəri, o cümlədən 35 müəlliflik şəhadətnaməsi
işıq üzü görmüşdür, üç fundamental elmi kitabın
müəllifidir. O, 1983-cü ildə SSRİ-nin əməkdar
ixtiraçısı adına layiq görülmüşdür. Onun elmi
əsərləri Amerika, İngiltərə və Almaniyanın
jurnallarında, SSRİ-nin isə mərkəzi və mö’təbər
jurnallarında çap olunmuşdur. İxtiralarından
üçü keçmiş SSRİ xalq təsərrüfatında, o cümlədən
Azərbaycanda çox geniş tətbiq olunmuşdur.
KAMİL QƏHRƏMANOV
Kamil Şamil oğlu Qəhrəmanov 1937-ci ildə
Qarayazı (indiki Qardabani) rayonunun Soğanlıq
kəndində anadan olmuşdur. 1956-cı ildə Marneuli
rayonunda rus orta məktəbini bitirmiş və Bakı
Dövlət Universitetinin fizika fakültəsinə daxil
olmuşdur. 1962-ci ildə həmin fakültəni bitirmiş və
Tbilisi Elektroqaynaq zavodunda işə
düzəlmişdir. 1962-ci ilin dekabrında yenidən
Bakıya qayıtmış və Elmlər Akademiyasının Fizika
institutunda əmək fəaliyyətinə başlamışdır.
1963-1964-cü illərdə Leninqrad Yarımkeçiricilər
institutuna e’zam olunaraq elmi işlərini orada
davam etdirmişdir.
1969-cu ildə namizədlik, 1983-cü ildə
doktorluq dissertasiyasını müdafiə etmişdir.
1985-ci ildən professordur. 1963-cü ildən 1968-ci ilə
kimi elmi işçi, 1968-1977-ci illərdə laboratoriya
müdiri, 1977-1992-ci illərdə "Tellur" xüsusi
konstruktor bürosunun müdiri vəzifəsini icra
etmişdir. 1992-ci ildən indiyə kimi "Selen" ETB
baş direktorunun elmi işlər üzrə müavini
işləyir. Kamil Qəhrəmanov 150-yə yaxın elmi əsərin
müəllifidir. O, dəfələrlə Beynəlxalq,
ümumittifaq və respublika elmi
simpoziumlarında, konfrans və elmi
müşavirələrdə çıxışlar etmiş, fundamental
problemlər haqqında materiallar çap
etdirmişdir.
Kamil Qəhrəmanov sırf elmi
problemlərlə yanaşı, elmi-kütləvi kitablar da
çap etdirmişdir.
Kamil Qəhrəmanov hazırda ETB-nin baş
direktorunun müavini, mərkəzin böyük şurasının
və elmi müdafiə şurasının üzvüdür.
KAMİL ŞƏRİFOV
Kamil Əli oğlu Şərifov 1919-cu il
noyabrın 12-də Qarayazıda yoxsul kəndli ailəsində
anadan olmuşdur. İbtidai təhsilini Qarayazı
məktəbində aldıqdan sonra 1937-ci ildə Tbilisi
Azərbaycan Pedaqoji Məktəbində oxumuş və həmin
məktəbi fərqlənmə diplomu ilə bitirmişdir. Bir
neçə il doğma Qarayazı bölgəsinin Kosalı
kəndində müəllimlik etmiş, 1939-cu ildə isə
Azərbaycan Dövlət Universitetinin (indiki BDU)
kimya fakültəsinə daxil olmuşdur. Lakin Böyük
Vətən müharibəsi başqaları kimi onu da təhsildən
uzaqlaşdırmış, o, müharibəyə getmişdir.
Müharibədən qayıtdıqdan sonra Qarayazıda bir il
rus məktəbində kimya fənnindən dərs demişdir.
Kamil Şərifov yenidən Bakıya qayıtmış,
yarımçıq qalmış təhsilini davam etdirmişdir.
1947-ci ildə universitetin rektorluğu qabaqcıl
tələbə kimi onu M.V. Lomonosov adına Moskva
Dövlət Universitetinin kimya fakültəsində
təhsilini davam etdirməyə göndərmişdir. O, 1949-cu
ildə Moskva Dövlət Universitetinin kimya
fakültəsini fərqlənmə diplomu ilə başa
vurmuşdur. Kamil Şərifov Moskvada aspiranturanı
bitirmiş, namizədlik dissertasiyası müdafiə
etmişidr.
1955-ci ildə SSRİ Ali Attestasiya
Komissiyası ona baş elmi işçi diplomu təqdim
etmişdir.
1958-1970-ci illərdə Kamil Şərifov
Azərbaycan Respublikası EA Fizika İnstitutunda
yarımkeçiricilər kimyası laboratoriyasına
rəhbərlik etmişdir.
1969-cu ildə Kamil Şərifov
"Yarımkeçiricilərin termodinamik xassələri ilə
qadağan olunmuş zonanın eni arasında qarşılıqlı
əlaqə" mövzusunda doktorluq dissertasiyası
müdafiə etmişdir. Həmin ildən professordur.
Kamil Şərifov elmdə birtipli
maddələrin entiropiyasını hesablamaq üçün
düstur təklif etmişdir ki, bu da hesabatlar
metodunun inkişafı üçün mühüm töhfədir. Onun
elmi və pedaqoji fəaliyyəti 100-dən çox elmi
məqalədə və 10 müəlliflik şəhadətnaməsində öz
əksini tapmışdır. Kimyanın tədrisi metodikasına
dair kitabçaları və proqramları çap olunmuşdur.
Kamil Şərifov beynəlxalq və keçmiş
SSRİ məkanında 20-yə yaxın elmi simpozium və
konfranslarda çıxış etmiş və irihəcmli
materiallar dərc etdirmişdir.
MƏHƏD SOFİYEV
Məhəd Mahmud oğlu Sofiyev 1932-ci ildə
Qarayazının Qaracalar kəndində anadan olmuşdur.
1948-ci ildə Qarayazının Qaracalar
kəndində 8 illik orta məktəbi bitirmişdir. Həmin
ilin sentyabrında Marneuli Pedaqoji məktəbinə
daxil olmuşdur.
1952-1957-ci illərdə Azərbaycan Dövlət
Universitetinin (indiki BDU-nun) tarix fakültəsi
nəzdində olan Yaxın Şərq tarixi şö’bəsində
təhsil almışdır.
1961-1963-cü illərdə BDU-nun aspirantı
olmuşdur.
1965-ci ildə BDU-nun Müdafiə Şurasında
"1918-1923-cü illərdə Türkiyədə milli-azadlıq
hərəkatı" mövzusunda namizədlik dissertasiyası
müdafiə etmişdir.
1986-cı ildə BDU-da "SSRİ-Türkiyə
əlaqələrində Zaqafqaziya respublikalarının
iştirakı (1922-1936-cı illər)" mövzusunda doktorluq
dissertasiyası müdafiə etmişdir.
1968-ci ildə dosent vəzifəsinə
snçilmişdir.
1987-ci ildən tarix elmləri doktoru,
professor, 1991-ci ildən Asiya və Afrika ölkələri
tarixi kafedrasının müdiridir.
Bir neçə tarix elmləri namizədi
hazırlamışdır. Əsasən Türkiyə tarixinin
problemləri ilə məşğul olur. Türkiyə-Azərbaycan
əlaqələrinin keçmiş və bu günkü durumu ilə bağlı
məsələləri araşdırır. 1981-ci ildə İstanbulda
YUNESKO xətti ilə keçirilən M.K. Atatürkün anadan
olmasının 100 illiyinə həsr edilmiş beynəlxalq
elmi konfransda mə’ruzə etmişdir.
1997-ci ildə Bakıda "Azərbaycan və qonşu
ölkələr: XX əsrin əvvələrində ictimai-siyasi
fikir və ideoloji reallıqlar" mövzusunda
keçirilən beynəlxalq elmi konfransda mə’ruzə
etmşdir.
1998-ci il dekabrın 10-12-də Ankarada
Türkiyə Respublikasının 75-ci ildönümünə həsr
olunmuş beynəlxalq elmi konfransda mə’ruzə
etmişdir.
Bunlardan başqa Moskva və Tbilisidə
təşkil olunmuş bir sıra elmi konfranslarda da
mə’ruzə ilə çıxış etmişdir.
Məhəd Sofiyevin elmi və pedaqoji
fəaliyyəti, 3 kitabda, 35-dən artıq məqalədə və bir
neçə proqramda öz əksini tapmışdır.
NAMİQ MEHDİYEV
Namiq Murad oğlu Mehdiyev 1956-cı il
avqustun 27-də Qarayazı (indiki Qardabani)
rayonunun Qaracalar kəndində anadan olmuşdur.
1964-1974-cü illərdə Qaracalar kənd orta
məktəbində təhsil almışdır.
1974-1980-ci illərdə Kuybışev şəhərində
Tibb İnstitutunun Müalicə fakültəsində
oxumuşdur. 1987-1989-cu illərdə Başqırdıstan Tibb
institutunun 2 saylı cərrahiyyə kafedrasında 2
illik ordinaturada təhsilini davam etdirmişdir.
1991-ci ildə namizədlik dissertasiyası müdafiə
etmişdir. 1995-ci ildən Başqırdıstanda işləmişdir.
1996-cı ildə AO "Kauçuk" Tibbi sanitariya
hissəsinin bazası əsasında Başqırdıstan Tibb
Universitetinin cərrahiyyə kafedrasının
filialı təşkil edilmişdir və Namiq Mehdiyev
həmin gündən kafedranın asisstenti, 2000-ci ildən
isə dosenti vəzifəsində çalışır. Namiq Mehdiyev
pedaqoji fəaliyyətlə yanaşı həm də elmi işini
davam etdirir. 1999-cu ildə o, doktorluq
dissertasiyası müdafiə etmişdir. Namiq
Mehdiyevin elmi və pedaqoji fəaliyyəti 7 kəşf, 23
təklif, 65 elmi əsər və 1 mə’lumat kitabçasında öz
əksini tapmışdır.
1997-ci ildən şəhərin baş cərrahı, eyni
zamanda Başqırdıstan respublikasının Cərrahlar
Asossiyasiyasının üzvüdür.
RZA MAHMUDOV
Rza Nadir oğlu Mahmudov 1952-ci il yanvar
ayının 23-də Qardabani rayonunun Kosalı kəndində
anadan olmuşdur. 1968-ci ildə Kosalı kənd orta
məktəbini bitirmiş, 1970-ci ildə Azərbaycan Dövlət
Universitetinin Coğrafiya fakültəsinə daxil
olmuşdur. 1975-ci ildə Universiteti fərqlənmə
diplomu ilə bitirmiş və Zaqafqaziya
Elmi-Tədqiqat Hidrometeorologiya institutunun
Bakı Bölməsinə tə’yinatla işə göndərilmişdir.
İşlədiyi müddətdə texnikdən,
laboratoriya müdiri vəzifəsinə qədər
yüksəlmişdir. 1983-cü ildə namizədlik, 1997-ci ildə
doktorluq dissertasiyası müdafiə etmişdir. Əsas
işləri təhlükəli hidrometeoroloji hadisələrin
tədqiqinə, müasir iqlim dəyişmələrinə və onun
hidrometeoroloji ünsürlərə göstərdiyi tə’sirin
tədqiqinə həsr olunmuşdur.
Rza Mahmudov uzun müddət respublika
televiziyasında "İdrak", "Amal", "İşıq", "Elm
və həyat" kimi elmi-kütləvi verilişlər
aparmışdır. O, 1990-cı ildən müsabiqə yolu ilə
BDU-nun Hidrometeorologiya kafedrasının dosenti
vəzifəsinə keçmiş, hazırda isə həmin kafedranın
professorudur. O, Azərbaycan Dövlət
Hidrometeorologiya institutunun direktoru,
komitənin Elmi Metodiki Şurasının sədri,
"Hidrometeorologiya və ətraf mühitin
monitorinqi" jurnalının baş redaktorunun
müavini, Respublikanın fövqaladə hallar
komissiyasının Ekspertlər Şurasının üzvü və bir
sıra müdafiə şuralarının və elmi-populyar
jurnalların redaksiya heyətinin üzvüdür. 75-ə
qədər elmi əsərin, bir dərslik və bir
monoqrafiyanın müəllifidir.
Hidrometeorologiyanın müxtəlif sahələrinə həsr
olunmuş respublika və beynəlxalq əhəmiyyətli
konfranslarda iştirak etmiş, "Böyük İpək
Yolunun hidrometeoroloji təhlükəsizliyinin
tə’minatı" bukletini hazırlamışdır.
SABİR ƏLİYEV
Sabir Xəlil oğlu Əliyev 1935-ci ildə
Qarayazı (Qardabani) rayonunun Qaracalar
kəndində anadan olmuşdur. 1944-1952-ci illərdə
Qaracalar səkkizillik məktəbində, 1952-1955-ci
illərdə Qardabani Azərbaycan orta məktəbində
oxumuşdur. 1955-ci ildən 1960-cı ilədək ADU-nun
(indiki BDU-nun) filologiya fakültəsinin
Azərbaycan dili və ədəbiyyatı şö’bəsində təhsil
almışdır.
1960-cı ilin sentyabr ayından 1967-ci ilin
dekabr ayına kimi Azərbaycan SSR Elmlər
Akademiyasının Nizami adına Ədəbiyyat və Dil
institutunda əvvəlcə kiçik elmi işçi, sonra
aspirant olmuş, 1966-cı ildə akademik H. Araslının
rəhbərliyi altında "Klassik Azərbaycan
şe’rinin şəkilləri" mövzusunda namizədlik
dissertasiyası müdafiə etmişdir.
1967-ci ilin dekabrından indiyə kimi H.
Zərdabi adına Gəncə Dövlət Pedaqoji
institutunun Azərbaycan ədəbiyyatı
kafedrasında işləyir. 1990-cı ildə filologiya
elmləri üzrə doktorluq işini müdafiə etmiş, 1993-cü
ildən kafedranın professorudur. 1994-cü ildə Sabir
Əliyevə birinci dərəcəli Beynəlxalq Füzuli
mükafatı verilmişdir.
Sabir Əliyev institut müdafiə
şurasının və böyük şuranın üzvüdür. 50-yə qədər
məqalənin və bir neçə metodiki göstərişin, 4 iri
həcmli kitabın müəllifidir.
ŞƏRİF ƏFƏNDİYEV
Şərif Mürsəl oğlu Əfəndiyev 1940-cı il
oktyabrın 25-də Qarayazı bölgəsinin Qaratəpə
qəsəbəsində müəllim ailəsində anadan olmuşdur.
1959-cu ildə Qardabani rus orta
məktəbini bitirmiş, Azərbaycan Dövlət
Universitetinin (BDU) fizika fakültəsinə daxil
olmuş və həmin fakültəni 1964-cü ildə
müvəffəqiyyətlə bitirmişdir. Tə’yinatla BDU-nun
fizika fakültəsində laborant vəzifəsində
saxlanmışdır. 1965-ci ildə A.F. İoffe adına
Leninqrad Fizika-Texnika İnstitutunun
aspiranturasına qəbul olunmuşdur.
Aspiranturanı bitirdikdən sonra
BDU-nun elmi-tədqiqat sektorunda kiçik elmi işçi
vəzifəsində işləmişdir. 1970-ci ildə Kişinyov
Dövlət Universitetində (Moldaviya) "Amorf
yarımkeçiricilərdə elektroudulma hadisəsi"
mövzusunda namizədlik dissertasiyası müdafiə
etmişdir.
1970-ci ildən BDU-nun yarımkeçiricilər
fizikası Elmi-Tədqiqat Problem
laboratoriyasında (ETPL) kiçik elmi işçi, 1971-ci
ildən isə həmin laboratoriyada baş elmi işçi,
1981-ci ildən 1987-ci ilədək şö’bə müdiri, 1987-1989-cu
illərdə isə həmin laboratoriyada aparıcı elmi
işçi vəzifəsində çalışmışdır.
1989-cu ildən Azərbaycan Texniki
Universitetinin fizika kafedrasında dosent,
1993-cü ildən isə həmin kafedrada professor
vəzifəsində çalışır.
1992-ci ildə Bakı Dövlət Universitetinin
İxtisaslaşdırılmış Elmi Şurasında "Keçid
metalların oksid birləşmələri əsasında geniş
zolaqlı kristalların elektron və rəqs
hallarının spektroskopiyası" mövzusunda
doktorluq dissertasiyası müdafiə etmişdir.
1973-1974 və 1984-1985-ci illərdə İtaliyada
(Roma Universiteti, Roma şəhərində, İtaliya Nüvə
Mərkəzi, Fraskati şəhərində) elmi ezamiyyətdə
olmuşdur.
Xarici və ölkə elmi jurnallarında çap
olunmuş 150-dən çox elmi məqalənin müəllifidir.
Bir çox Beynəlxalq, Ümumittifaq və Respublika
elmi konfranslarının iştirakçısıdır.
1988-ci ildə "Halkoqenid və oksid
yarımkeçiricilərin elektron rəqs hallarının
spektroskopiyası. Elektrik və deformasiya
sahələrinin tə’siri" işlər silsiləsi üçün Elm
və Texnika üzrə Azərbaycan Respublikasının
Dövlət mükafatına layiq görülmüşdür.
1993-cü ildə Beynəlxalq Soros Qrantını
almışdır.
1995-ci ildə Nyu-York Akademiyasının
həqiqi üzvü seçilmişdir.
1999-cu ildən Lütfi-zadə adına
Beynəlxalq Müasir Elmlər Akademiyasının həqiqi
üzvüdür.
7 aspirant yetişdirmiş, 3 doktorluq
dissertasiyalarının məsləhətçisi olmuşdur.
VƏLİ MUSAYEV
Vəli Mustafa oğlu Musayev 1941-ci ildə
Qarayazının (indiki Qardabani) Ağtəhlə kəndində
anadan olmuşdur. Orta məktəbi 1958-ci ildə gümüş
medalla bitirmiş və həmin il Azərbaycan Dövlət
Universitetinin mexanika-riyaziyyat
fakültəsinə qəbul olunmuşdur. 1963-cü ildə bu
fakültəni müvəffəqiyyətlə başa vurub elmi
şuranın qərarı ilə universitetin nəzdində
aspiranturaya daxil olmuş və 1967-ci ildə
aspiranturanı müvəffəqiyyətlə bitirərək
namizədlik dissertasiyası müdafiə etmişdir.
Vəli Musayev 1967-ci ildən Azərbaycan
Dövlət Pedaqoji İnstitutunda (indiki ADPU-da)
əvvəlcə müəllim, dosent olmuş, professor
vəzifəsinə qədər yüksəlmişdir.
1995-ci ildə Kiyev şəhərində doktorluq
dissertasiyası müdafiə etmiş, fizika-riyaziyyat
elmləri doktoru elmi dərəcəsi almışdır. 60 elmi
məqalənin, 2 monoqrafiya, 5 tədris vəsaiti, 3
metodiki göstərişin müəllifidir. Hazırda
Pedaqoji Universitetdə hesablama riyaziyyatı və
ehtimal nəzəriyyəsi kafedrasının müdiri
vəzifəsində çalışır. İndiyədək beynəlxalq və
respublika səviyyəli 20 konfransda iştirak edib
məqalələr çap etdirmişdir.
VÜQAR VÜQARLI (ƏLİYEV)
Vüqar Əmir oğlu Vüqarlı (Əliyev) 1955-ci
il avqust ayının 28-də Qardabani rayonunun
Soğanlıq kəndində anadan olmuşdur.
1971-ci ildə Soğanlıq kənd orta
məktəbini ə’la qiymətlərlə bitirmiş, Azərbaycan
Dövlət Universitetinin fizika fakültəsinə daxil
olmuşdur.
1976-cı ildə universitetin Elmi
Şurasının qərarı ilə Azərbaycan Elmlər
Akademiyasının aspiranturasına göndərilmişdir.
Erkən elmi fəaliyyətə başlayan Vüqar Vüqarlının
ilk elmi əsəri tələbəlik illərində işıq üzü
görmüşdür.
Aspirant olduğu illərdə Bakı, Moskva,
Leninqrad və Kiyev şəhərlərindəki elmi
mərkəzlərdə tədqiqatlar aparmış və dissertasiya
müdafiə edərək fizika-riyaziyyat elmləri
namizədi elmi dərəcəsi almışdır (1983). Namizədlik
dissertasiyasında aldığı mühüm nəticələr SSRİ
Kosmonavtika Federasiyasının Fəxri Fərmanı ilə
təltif olunmuşdur (1983). Bundan sonra elmi
tədqiqat işlərini davam etdirməklə bərabər ali
məktəblərdə pedaqoji fəaliyyət də göstərmişdir.
Vüqar Vüqarlı 1991-1995-ci illərdə
Belorusiya Elmlər Akademiyasının Bərk cisimlər
və yarımkeçiricilər fizikası institutunda
doktorantura hazırlığı keçdikdən sonra
dissertasiya işini müdafiə edərək,
fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsi
almışdır (1998).
Hazırda Vüqar Vüqarlı dünyanın 15
ölkəsində çap olunmuş 110 elmi əsərin müəllifidir.
Amerika Fizika Cəmiyyətinin və Nyu-York Elmlər
Akademiyasının həqiqi üzvü seçilmiş Vüqar
Vüqarlı öz ixtiralarına görə SSRİ İxtiralar və
Kəşflər Komitəsinin 4 şəhadətnaməsini almışdır.
Vüqar Vüqarlı Azərbaycan Yazıçılar
Birliyinin üzvüdür, böyük gürcü şairi Şota
Nişnianidzenin şe’rlərini, Revaz Mişveladzenin
novellalarını Azərbaycan dilinə çevirmiş və
kitab şəklində nəşr etdirmişdir.
İ. Məmmədovun psixologiyaya dair
monoqrafiyasını isə Azərbaycan dilindən gürcü
dilinə çevirmişdir.
Vüqar Vüqarlının 10-dan çox elmi,
elmi-populyar kitabları çapdan çıxmışdır.
Vüqar Vüqarlı Azərbaycan Jurnalistlər
Birliyinin üzvüdür.
Vüqar Vüqarlının filologiya sahəsində
tədqiqatları xüsusi maraq doğurur. O, aşıq
poeziyasında işıq, od, səma cisimləri
obrazlarını tədqiq etmiş, "Aşıq poeziyasında
çıraq obrazı" fundamental monoqrafiyasını və
"Günəş, od, ocaq, məş’əl, şam, çıraq" folklor
toplusunu nəşr etdirmişdir.
Vüqar Vüqarlının "Soğanlıq kənd
şivəsinin lüğəti" kitabı türkoloq alimlərin
böyük marağına səbəb olmuşdur.
Vüqar Vüqarlı nankorluğun
psixologiyası sahəsində apardığı maraqlı
tədqiqatlarına görə, görkəmli alim, professor
Bivarın təqdimatı ilə Böyük Britaniya və
İrlandiya Asiya Kral Cəmiyyətinin üzvü
seçilmişdir.
Vüqar Vüqarlının bioqrafiyası
İngiltərədə nəşr olunan "Beynəlxalq
intelektuallar: Kim kimdir?" ensiklopediyasının
13-cü nəşrinə daxil edilmiş və çoxşaxəli elmi
fəaliyyətinə görə Beynəlxalq Bioqrafiya
Mərkəzinin Qızıl Medalı ilə təltif olunmuşdur
(1998).
Xalqımızın taleyinə qaçqınlıq düşdüyü
vaxtdan əsl vətənpərvər kimi Vüqar Vüqarlı
xeyriyyəçilik fəaliyyətinə başlamış, qaçqın
uşaq bağçalarına, qaçqın uşaqların təhsil aldığı
məktəblərə, həmçinin bir sıra mətbuat
orqanlarına və kitab nəşrinə mütamadi olaraq
xeyriyyə köməyi göstərir.
Təsadüfi deyildir ki, BMT-nin
Qaçqınların İşləri Üzrə Ali Komissarlığının
rəhbərliyi Vüqar Vüqarlıya xüsusi minnətdarlıq
məktubu göndərmişdir. Onun xeyriyyəçilik
fəaliyyəti qədirbilən xalqımız tərəfindən
yüksək qiymətləndirilmiş və H.Z. Tağıyev adına
Fəxri mükafata layiq görülmüşdür (1997).
Vüqar Vüqarlı ölkəmizi beynəlxalq
elmi məclislərdə ləyaqətlə təmsil edir. O,
Beynəlxalq Ekoenergetika Akademiyasının və
Gürcüstanın Milli Akademiyasının akademikidir.
Vüqar Vüqarlı Y.Məmmədəliyev adına Fəxri
mükafata və Medala layiq görülmüşdür (1998). 2000-ci
ildə bədii tərcümə sahəsində "Humay"
mükafatının laureatıdır.
Hazırda Vüqar Vüqarlı Azərbaycan
EA-nın Fizika İnstitutunda "İnformasiya və
beynəlxalq əlaqələr" şö’bəsinin müdiri, Bakı
Dövlət Universitetinin "Ətraf mühiti mühafizə
və təbii sərvətlərdən səmərəli istifadə"
kafedrasının müəllimidir.
ZİYƏDDİN SADIQOV
Ziyəddin Əjdər oğlu Sadıqov 1934-cü il
dekabrın 22-də Qarayazının Qaratəhlə kəndində
qulluqçu ailəsində anadan olmuşdur. 1941-ci ildə
Qaratəhlə kənd orta məktəbinin birinci sinfinə
daxil olmuş, 1954-cü ildə oranı qızıl medalla
bitirmişdir. Həmin il Azərbaycan Dövlət
Universitetinin (indiki BDU) kimya fakültəsinə
daxil olmuş, 1959-cu ildə oranı Fərqlənmə diplomu
ilə başa vurmuşdur. Fakültə elmi şurasının
qərarı ilə aspiranturada saxlanılmışdır.
1959-1962-ci illərdə BDU-nun kimya fakültəsinin
aspiranturasında oxumuşdur. Aspiranturanı
bitirdikdən sonra BDU-nun üzvi kimya
kafedrasında assistent, baş müəllim
vəzifələrində işləmişdir. 1965-ci ildən "Yüksək
molekullu birləşmələr kimyası" kafedrasının
dosenti olmuş, 1965-1983-cü illərdə isə həmin
kafedraya rəhbərlik etmişdir.
1963-cü ildə namizədlik, 1980-cı ildə isə
Moskva şəhərində doktorluq dissertasiyasını
müdafiə etmişdir.
Ziyəddin Sadıqovun elmi-tədqiqat
işləri əsasən stirol və onun bə’zi
törəmələrinin izobutilen ilə birgə
sopolimerləşmə reaksiyasına, alınmış
məhsulların özlülük aşqarı kimi tədqiqinə və
alınmış sopolimerlərin destruksiyasının
qanunauyğunluqlarına həsr edilmişdir. Onun
elmi-pedaqoji fəaliyyəti 60 məqalədə, o cümlədən 3
müəlliflik şəhadətnaməsində əks olunmuşdur.
Onun rəhbərliyi ilə 6 elmlər namizədi
hazırlanmışdır.
O dəfərlərlə beynəlxalq və
ümumittifaq elmi konfrans və simpoziumlarında
iştirak etmişdir.
Ziyəddin Sadıqov kimya fakültəsinin
ictimai həyatında fəal iştirak etmiş, fakültə
partiya bürosunun katibi, BDU-nun "Elmi
əsərləri" kimya seriyasının mə’sul katibi və
redaktor müavini olmuşdur.
Onun əməyi "Əməkdə fərqlənməyə görə"
medalı, "Ə’laçı ali məktəb işçisi" fəxri döş
nişanı, Elmi biliklərin təbliği və yayılması
sahəsindəki səmərəli fəaliyyətinə görə
Respublika "Bilik" cəmiyyətinin Fəxri Fərmanı
ilə təltif edilmişdir.
Ziyəddin Sadıqov 1983-cü il yanvarın 9-da
vəfat etmişdir.
|