|
ELMLƏR NAMİZƏDLƏRİ
BORÇALI (MARNEULİ) BÖLGƏSİ
[A] [B-E]
[Ə-G] [H-X] [İ-Q] [M-N] [R-S] [S-Ş] [T-V] [V-Z]
TAPDIQ OSMANOV
Tapdıq Omar oğlu Osmanov 1955-ci ildə
Mollaoğlu kəndində anadan olmuşdur. 1972-ci ildə
Sadaxlıda orta məktəbi bitirmişdir. 1982-ci ildə
Azərbaycan Dövlət Universitetinin
geologiya-coğrafiya fakültəsini bitirərək,
tə’yinatla Türkmənistana göndərilmişdir. O,
Aşqabaddakı hidrometeorologiya mərkəzində
mühəndis-
hidroloq, baş mühəndis-hidroloq və
şö’bə müdiri işləmişdir.
Tapdıq Osmanov 1985-ci ildə Türkmənistan
Elmlər Akademiyasının Çöllər İnstitutunda
qiyabi aspiranturaya daxil olmuş, 1991-ci ildə isə
orada "Kopetdağın sel axınları" mövzusunda
dissertasiya müdafiə etmiş, coğrafiya elmləri
namizədi elmi dərəcəsi almışdır. 23 elmi məqaləsi
çap olunmuşdur. 1996-cı ildə ailəsi ilə Aşqabaddan
Bakıya köçmüşdür. Hazırda Azərbaycan Dövlət
Hidrometeorologiya Komitəsində
hidrometeoroloji fəaliyyət dövlət nəzarət
qrupunun rəisidir.
TAHİR HACIYEV
Tahir Sə’di oğlu Hacıyev 1958-ci ildə
Bakı şəhərində anadan olmuşdur. 1975-ci ildə Bakı
şəhərinin 225 saylı məktəbini qızıl medalla
bitirmiş və həmin ildə Azərbaycan Dövlət
Universitetinin (indiki BDU-nun)
mexanika-riyaziyyat fakültəsinə daxil olmuşdur.
1980-1982-ci illərdə Ukrayna Elmələr Akademiyasının
Riyaziyyat və Mexanika İnstitutuna işə daxil
olmuşdur. 1980-1982-ci illərdə Ukrayna Elmlər
Akademiyasının Riyaziyyat və Mexanika
İnstitutunda elmi e’zamiyyətdə olmuş və 1982-ci
ildə həmin institutun məqsədli aspiranturasına
daxil olmuşdur. 1985-ci ildə aspiranturanı
müvəffəqiyyətlə bitirmiş, 1986-cı ildə namizədlik
dissertasiyasını müdafiə etmiş və
fizika-riyaziyyat elmləri namizədi elmi
dərəcəsi almışdır. 1987-ci ildən indiyə qədər
Azərbaycan EA-nın Riyaziyyat və Mexanika
İnstitutunda aparıcı elmi işçi vəzifəsində
çalışır.
1991-ci ildə xüsusi də’vətlə ABŞ-da
Nyu-York Universitetində, 1994-cü ildə İranda
Təbriz və Zəncan Universitetində elmi
mə’ruzələr oxumuşdur.
Rusiyada, Ukraynada, ABŞ-da, İranda,
Türkiyədə, Azərbaycanda 33 adda 60,0 ç.v. həcmində
elmi əsər çap etdirmişdir. 1999-cu ildə ingilis
dilində 24,0 çap vərəqi həcmində elmi monoqrafiya
çap etdirmişdir. Bu kitab hazırda dünyanın bir
sıra ölkələrinin qabaqcıl Universitetlərinin
kitabxanasında özünə layiqli yer tapmışdır.
TƏRLAN TOPÇİYEVA
Tərlan Ağabəy qızı Topçiyeva 1930-cu il
iyulun 26-da Bakıda anadan olmuşdur. Onun
valideyinlərinin hər ikisi Borçalıdandır.
Tərlan Topçiyeva orta təhsilini və
pedaqoji texnikumu bitirdikdən sonra, 1945-ci ildə
APİ-nin (indiki ADPU-nun) xarici dillər
fakültəsinin ingilis dili bölməsinə daxil
olmuşdur. Sonradan Xarici Dillər İnstitutunun
yaradılması ilə əlaqədar bu instituta
köçürülmüş və 1949-cu ildə oranı bitirmişdir.
Universiteti bitirdikdən sonra
"Paris Kommunası" adına zavodun nəzdindəki 17
saylı fəhlə-gənclər məktəbində işləmiş, 1951-ci
ildə isə tə’yinatla Az.XTİ-nin (indiki ADİU-nun)
xarici dillər kafedrasına göndərilmişdir.
1959-cu ildə bu institutun bağlanması və
bütün kollektivin ADU-ya köçürülməsi ilə
əlaqədar olaraq, əmək fəaliyyətini bu
universitetin Qərbi Avropa dilləri kafedrasında
davam etdirmişdir.
1966-cı ilin mayında yenidən Az.XTİ-nin
açılması ilə əlaqədar olaraq, Tərlan Topçiyeva
bu ali məktəbə də’vət olunmuşdur. 1967-ci ildən
indiyədək hazırda Azərbaycan Dövlət İqtisad
Universiteti adlanan həmin institutun xarici
dillər kafedrasının baş müəllimidir.
1955-ci ildə Sov. İKP sıralarına daxil
olmuşdur. İnstitut partiya komitəsinin katibi
olmuşdur.
1953-1955-ci illərdə Bakı şəhər sovetinə
deputat seçilmişdir.
1970-ci ildə V.İ.Leninin anadan olmasının
100 illiyi ilə bağlı "Yubiley medalı", 1985-ci ildə
isə "Əmək veteranı" medalı ilə təltif
edilmişdir.
Son 3 ildə ingilis dilinin tədrisi
metodikası sahəsində təkmilləşmək məqsədilə iki
dəfə Britaniya Şurasının Azərbaycanda fəaliyyət
göstərən seminarlarında iştirak etmiş və
müvafiq şəhadətnamə almışdır.
Tərlan Topçiyeva paralel olaraq,
1992-1993-cü illərdə Xəzər Universitetində, 1994-1998-ci
illərdə isə Tibb Universitetində ingilis dilini
tədris etmişdir.
Son 10 il ərzində Beynəlxalq iqtisadi
münasibətlər fakültəsində məşğələlər aparır.
Tərlan Topçiyeva 2001-ci ildə Bakı
şəhərində vəfat etmişdir.
TOFİQ MƏMMƏDLİ
Tofiq Səməd oğlu Məmmədli 1938-ci ildə
Borçalının Qaçağan kəndində anadan olmuşdur.
1955-ci ildə Qaçağan orta məktəbini bitirmiş,
Azərbaycan Dövlət Universitetinin
geoloji-coğrafiya fakültəsinə daxil olmuşdur.
1962-ci ildə mühəndis-geoloq ixtisası üzrə tam
kursu başa vurmuşdur. Tə’yinatla bir müddət
Şimali Qazaxıstan Mərkəzi Geologiya İdarəsində
işləmişdir. 1962-ci ildə ailə vəziyyəti ilə
əlaqədar olaraq Azərbaycana qayıtmış, ADU-nun
(indiki BDU-nun) geoloji-coğrafiya fakültəsinin
minerologiya və kristalloqrafiya kafedrasında
baş laborant olmuş, kristalloqrafiya və
kristallokimya fənnlərindən təcrübə
dərslərinin tədrisi ilə məşğul olmuşdur. 1964-cü
ildə Azərbaycan EA-nın Geologiya İnstitutu
nəzdində əyani aspiranturaya daxil olmuşdur.
Azərbaycanda ilk dəfə mineral kristallarının
morfologiyasının qanunauyğunlarını öyrənmək
məqsədi ilə filiz və qeyri-filiz yataqlarının
axtarışında yeni metodların tətbiqi ilə ciddi
elmi-araşdırmalarla məşğul olmuşdur.
Bu elmi araşdırmaların nəticəsi
olaraq Tofiq Məmmədli 1968-ci ilin dekabrında
namizədlik dissertasiyası müdafiə edərək
geologiya minerologiya elmləri namizədi elmi
dərəcəsi almışdır. Bu elmi araşdırmaların
nəticələri 45-dən çox elmi məqalədə öz əksini
tapmışdır. Bu məqalələr Moskva, Leninqrad, Lvov
və Bakı şəhərlərində, EA-nın konfrans və
müşavirələrində tezis xarakterli təqdim
edilmişdir.
1968-1971-ci illər kiçik elmi işçi, 1971-1978-ci
illər qrup rəhbəri, 1978-1982-ci illər baş elm işçi,
1982-1986-cı illərdə laboratoriya rəhbəri
işləmişdir. 1986-cı ildə Azərbaycan Dövlət Təbiəti
Mühafizə Komitəsi rəhbərliyinin də’vəti ilə
orada respublika Aqrokimya laboratoriyasına
rəhbərlik etmişdir.
Hal-hazırda doktorluq dissertasiyası
üzərində son işləri aparır.
TOFİQ MİRZƏYEV
Tofiq Mürsəl oğlu Mirzəyev 1940-cı il
noyabrın 20-də Borçalının Böyük Bəylər kəndində
anadan olmuşdur. Azərbaycan Dövlət
Universitetinin (indiki BDU) iqtisad fakültəsini
bitirmişdir.
Maliyyə sistemində müxtəlif məs’ul
vəzifələrdə çalışmış, 1976-1992-ci illərdə
Azərbaycan Respublikası maliyyə nazirinin
müavini olmuşdur. 1988-1992-ci illərdə xidməti işi
ilə yanaşı, Milli məsələlər üzrə Dövlət
Komissiyasının üzvü, Azərbaycan KP MK və
Azərbaycan SSR Nazirlər Sovetinin köçkünlərlə
əlaqədar məsələləri həll etmək səlahiyyəti olan
nümayəndəsi kimi fəaliyyət göstərmişdir.
Ermənistandan deportasiya olunmuş
azərbaycanlıların və onların qalan əmlaklarının
dövlət səviyyəsində uçota alınmasını təşkil
etmiş və Ermənistana qarşı mərkəzdə iddia
qaldırılmasının fəal iştirakçısı olmuş,
köçkünlərə maddi yardımedilmə modulunu və icra
mexanizmini hazırlamışdır.
Gürcüstanda yaşayan
azərbaycanlıların köçürülmə təhlükəsinin (1989-1993)
qarşısının alınmasını da Azərbaycan dövlətinin
tapşırığı ilə yerində təşkil etmişdir.
Sərhədyanı rayonlara edilən təcavüzlə
əlaqədar milli ordunun ilk dəfə yaradılması
məqsədilə milis işçilərinin sayının 22 min nəfər
artırılmasının mümkünlüyü barədə təklifi (1990)
Azərbaycan Dövləti tərfindən nəzərə alınmışdır.
60 çap vərəqindən çox ayrı-ayrı
tə’limatları, metodiki göstərişləri rus
dilindən Azərbaycan dilinə tərcümə və redaktə
etmişdir. Həlli tələb olunan müxtəlif aktual
iqtisadi məsələlərə dair 4 cildlik elmi
tədqiqatların və praktiki mə’ruzələrin
müəllifidir: "İdarə sistemində rəhbərin rolu"
(1977), "Fəal həyat mövqeyinin formalaşdırılması
təcrübə və mə’nəvi tərbiyənin aktual
problemidir" (1979), "Kənd təsərrüfatının
ixtisaslaşdırılması, üzümçülüyün və
şərabçılığın inkişaf etdirilməsi" (1979), "Pul
tədavülü sahəsində işlərin yaxşılaşdırılması
yolları" (1982), "Sosial-tə’minat tədbirləri və bu
məqsədlə ayrılan vəsaitə nəzarətin
gücləndirilməsi" (1983), "Ərzaq proqramı və
maliyyə orqanlarının vəzifələri" (1983),
"Müəssisələrdə mühasibat uçotu, onun
mexanikləşdirilməsi və əmək intizamı" (1984),
"Qadın azadlığı və asudə vaxta qayğı sosial
iqtisadi inkişafın mənbəyidir" (1985), "Kadr
kriteriyasının qiymətləndirilməsində həlledici
əsas - onların yeniliyə münasibətləri, bu işdə
aktiv və yaradıcı iştiraklarıdır" (1986),
"Yenidənqurma tə’xirəsalınmazdır, o hər yerdə
hamıya aiddir" (1986), "Dövlətin, ictimai və
təsərrüfat həyatının hüquqi əsaslarının
möhkəmləndirilməsi" (1986), "Zəhmətsiz gəlirlərə
qarşı mübarizə tədbirləri və fərdi əmək
fəaliyyətinin təşkili vəzifələri" (1987),
"İqtisadiyyatı idarədə radikal islahat
yenidənqurmanın sür’əti üçün əsas açardır" (1987),
"Mənzil probleminin həlli taleykülü vacib
məsələdir" (1987), "İqtisadiyyatın yenidən
qurulmasının əsas istiqamətləri barədə" (1988) və
i.a.
Qəzetlərdə və jurnallarda elmin və
ictimai prosesin bu və ya digər problemlərinə
dair 100-ə qədər məqalələri və müsahibələri dərc
olunmuşdur .
1979-cu ildə SSRİ Xalq Təsərrüfatı
Akademiyasının Xalq təsərrüfatının idarəetmə
institutunda Akademiyanın tövsiyəsi ilə
buraxılış işi üzrə hazırladığı nümünəvi
təhliletmə metodikası SSRİ Maliyyə Nazirliyi
tərəfindən qəbul olunmuş və o zaman ölkə
məkanında xalq təsərrüfatı sahələrində maliyyə
təsərrüfat fəaliyyətinin təhlilini aparmaq üçün
metodiki göstəriş kimi istifadə edilmişdir.
1998-ci ildə Azərbaycan Respublikası Ağsaqqallar
Şurası tərəfindən buraxılmış "Ağsaqqal sözü"
kitabında onun "Tarix və şəxsiyyət" adlı
məqaləsi çap edilmişdir.
Azərbaycan Elmlər Akademiyası
Akademik H.Ə. Əliyev adına Coğrafiya
İnstitutunun çap etdirdiyi "Nurlu ömür" toplu
kitabında (1999) elmi, pedaqoji və ictimai
fəaliyyətlə bağlı məqaləsi də çap olunmuşdur.
VAQİF NƏBİYEV
Vaqif Rəşid oğlu Nəbiyev 1947-ci il
noyabrın 30-da Borçalının Marneuli şəhərində
müəllim ailəsində anadan olmuşdur. 1966-cı ildə
Marneuli şəhər 1 saylı Azərbaycan orta məktəbini
bitirmişdir. 1967-ci ildə Azərbaycan Dövlət
Universitetinin jurnalistika fakültəsinə daxil
olmuş, 1973-cü ildə həmin fakültəni bitirmişdir.
1973-cü ilin aprelindən 1974-cü ilin fevralınadək
"Maarif" nəşriyyatında korrektor işləmişdir.
1974-cü ildən Azərbaycan Dövlət
Universitetinin (indiki BDU-nun) Sov.İKP tarixi
kafedrasında laborant, 1975-ci ilin sentyabrından
isə baş laborant işləmişdir. 1982-ci ildən 1989-cu
ilədək həmin kafedrada saathesabı müəllim, 1990-cı
ilin mart ayından isə humanitar fakültələr üzrə
siyasi tarix kafedrasında müəllim, 1999-cu ilin
sentyabr ayından isə Azərbaycan tarixi
kafedrasında baş müəllim işləyir.
"Azərbaycan xalq nəzarəti
orqanlarının fəaliyyəti (1976-1980-ci illər)"
mövzusunda namizədlik dissertasiyasını başa
çatdırmışdır.
30 elmi məqaləsi ayrı-ayrı jurnallarda
dərc olunmuşdur. 1998-ci ildə nəşr olunmuş "Siyasi
tarix" (2-ci cild) dərsliyinin müəlliflərindən
biridir.
VALEH ƏHMƏDOV
Valeh Səməd oğlu Əhmədov 1943-cü il
avqustun 1-də Borçalının Keşəli kəndində anadan
olmuşdur. Keşəli 8 illik məktəbini bitirdikdən
sonra orta təhsilini Marneuli 1 saylı Azərbaycn
orta məktəbində və 1960-cı ildə yenicə açılmş
Kəpənəkçi orta məktəbində davam etdirmişdir.
1960-cı ildə Azərbaycan Dövlət Pedaqoji
İnstitutunun (indiki APU-nun) biologiya-kimya
fakültəsinə daxil olmuşdur. 1965-ci ildə həmin
institutu bitirərək Kəpənəkçi orta məktəbində
biologiya-kimya müəllimi işləmiş, hərbi
qulluqdan tərxis olunduqdan sonra 1968-ci ildə
Azərbaycan SSR EA-nın Neft-Kimya Prossesləri
İnstitutunun aspiranturasına qəbul olunmuşdur.
1972-1975-ci illərdə Moskva şəhərində SSRİ
EA-nın Element Üzvi Birləşmələr İnstitutunda
"Atmosfer azotunun fiksə edilməsi" mövzusunda
elmi iş aparmış və 1975-ci ildə Bakıda namizədlik
dissertasiyasını müdafiə edərək kimya elmləri
namizədi elmi dərəcəsi almışdır.
16 elmi ixtiranın, 2 patentin, 70-dən çox
elmi məqalənin, Azərbaycan Sovet
Ensiklopediyasının VI-X cildlərində dərc olunmuş
60-dan çox məqalənin və 1999-cu ildə işıq üzü görmüş
"Bakılı keşləlilər" adlı ilk sorğu
kitabçasının müəllifidir.
Hazırda Azərbaycan Elmlər
Akademiyasının Neft-Kimya Prosesləri
İnstitutunda aparıcı elmi işçi vəzifəsində
çalışır.
|