|
ELMLƏR NAMİZƏDLƏRİ
BORÇALI (MARNEULİ) BÖLGƏSİ
[A] [B-E]
[Ə-G] [H-X] [İ-Q] [M-N] [R-S] [S-Ş] [T-V] [V-Z]
SALMAN CULFAYEV
Salman Əsgər oğlu Culfayev 1933-cü il
mayın 9-da Borçalının Əzizkənd kəndində anadan
olmuşdur. 1952-ci ildə orta məktəbi bitirmiş, 1953-cü
ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun
(indiki Dövlət Kənd Təsərrüfatı Akademiyası)
baytarlıq fakültəsinə daxil olmuşdur. 1958-ci ildə
həmin fakültəni müvəffəqiyyətlə bitirib və
institutun baytarlıq fakültəsinin
epizootologiya kafedrasında ordinator
vəzifəsində saxlanılmışdır. 1961-ci ildə
aspiranturanı bitirib, namizədlik
dissertasiyası müdafiə etmişdir. 1968-ci ildən
dosentdir. 1965-ci ildən doktorluq dissertasiyası
üzrərində işləmişdir. Hazırda epizootologiya
kafedrasında dosent işləyir. İndiyə qədər 80-dən
çox elmi məqalə, kitab, kitabça, təlimat və s. çap
etdirmişdir.
SƏ’Dİ İSMAYILOV
Sə’di Binnət oğlu İsmayılov 1956-cı ildə
Borçalının Əzizkənd kəndində fəhlə ailəsində
anadan olmuşdur.
1963-cü ildə Əzizkənd kənd orta
məktəbinin 1-ci sinfinə daxil olmuş və 1973-cü ildə
həmin məktəbi bitirmişdir.
1974-cü ildə Gəncə şəhrində Azərbaycan
Kənd Təsrrüfatı İnstitutunun kənd
təsərrüfatının mexanikləşdirilməsi fakültəsinə
daxil olmuş və həmin institutu 1979-cu ildə
fərqlənmə diplomu ilə bitirmişdir.
1979-cu ilin dekabr ayında tə’yinat üzrə
Azərbaycan Elmi-Tədqiqat Tərəvəzçilik
İnstitutuna (AzETTİ) işə göndərilmişdir.
1979-cu ilin dekabrından 1986-cı ilin
fevralınadək həmin institutda elmi işçi
vəzifəsində çalışmışdır.
1980-ci ildə qiyabi aspiranturaya daxil
olmuş və Moskva şəhərində Ümumittifaq
Elmi-Tədqiqat Kənd Təsərrüfatı Maşınqayırma
İnstitutuna (VİSXOM) e’zam edilmişdir.
Həmin institutda "Azərbaycan SSR-in
subtropik zonasında faraş ağbaş kələmyığan
maşının və yığım texnologiyasının
əsaslandırılması" mövzusu üzrə elmi-tədqiqat
işi aparmışdır. O, 1983-cü ildə elmi-tədqiqat işini
vaxtından əvvəl yerinə yetirmiş və xüsusi
mükafata layiq görülmüşdür. 1984-cü ildə
elmi-tədqiqat işini müvəffəqiyyətlə müdafiə
etmiş və texnika elmləri namizədi elmi dərəcəsi
almışdır.
1986-1987-ci illərdə Azərbaycan Dövlət
Aqrar-Sənaye Komitəsinin baş elmi idarəsində baş
mühəndis-iqtisadçı vəzifəsində çalışmışdır.
1987-ci ilin fevralından hal-hazıradək
Gəncə şəhərində yerləşən Azərbaycan Dövlət Kənd
Təsərrüfatı Akademiyasının maşın hissələri
kafedrasında dosent kimi fəaliyyət göstərir.
1988-ci ildən "Azərbaycan
Respublikasında qarpız toxumunun tullantısız
texnologiya ilə istehsalı üçün mexanikləşdirmə
vasitələrinin və maşınlar sisteminin işlənib
hazırlanması" mövzusunda doktorluq
dissertasiyası üzərində çalışır.
O, 70 elmi əsərin, o cümlədən 25-ədək
ixtiranın, patentin, dərslik və dərs vəsaitinin
müəllifidir.
Sə’di İsmayılov 15-ə qədər beynəlxalq
və respublika səviyyəli konfranslarda iştirak
edib məqalələr çap etdirmişdir.
SEYRAN BABAYEV
Seyran Xoca oğlu Babayev 1942-ci il iyul
ayının 2-də Borçalının Ağqula kəndində anadan
olmuşdur. Orta məktəbi Sadaxlı kəndində
bitirmişdir. 1959-cu ildə Azərbaycan Dövlət
Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət
Pedaqoji Universiteti) fizika-riyaziyyat
fakültəsinə daxil olmuşdur. 1964-cü ildə təhsilini
başa vurub bir müddət Xaçmaz rayonunun Xudat
şəhər məktəbində ixtisası üzrə müəllim
işləmişdir. 1970-ci ildə Azərbaycan EA-nın Fizika
İnstitutunun aspiranturasına qəbul olmuşdur.
1975-ci ildə "Yarımkeçiricilər və dispektriklər"
sahəsində namizədlik dissertasiyasını müdafiə
edib elmi dərəcə almışdır. Bir müddət
akademiyanın fizika institutunda işləmiş, sonra
Neft və Kimya institutunun (indiki ADNA) Sumqayıt
filialında dərs demiş, daha sonra isə "AZON"
zavodunda laboratoriya rəisi işləmişdir. Bakı,
Moskva, Leninqrad, Kiyev və keçmiş SSRİ-nin digər
aparıcı elm mərkəzlərində 40-dan artıq elmi
məqaləsi dərc olunmuşdur.
Seyran Babayev 1991-ci ildə vəfat
etmişdir.
SEYFƏDDİN TAĞIYEV
Seyfəddin Rəhim oğlu Tağıyev 1953-cü il
martın 15-də Borçalının Əzizkənd kəndində anadan
olmuşdur. Seyfəddin Tağıyev 1969-cu ildə Əzizkənd
orta məktəbini bitirmiş, iki il sovxozda fəhlə
işləmişdir. 1971-ci ilin mayından 1973-cü ilin may
ayınadək hərbi xidmətdə olmuşdur. Ordudan tərxis
olunduqdan sonra yenə həmin sovxozda fəhlə
işləmişdir.
1974-cü ildə APİ-nin (indiki ADPU-nun)
coğrafiya fakültəsinə daxil olmuş və 1978-ci ildə
həmin fakültəni başa vurmuşdur.
1978-1981-ci illərdə tə’yinatla İsmayıllı
rayonunun Ağbulaq kəndində coğrafiya müəllimi
işləmişdir.
1981-1985-ci illərdə Azərbaycan
Respublikası EA-nın Coğrafiya İnstitutunun
aspirantı olmuşdur. 1991-ci ildə "Böyük Qafqazın
Cənub Şərq hissəsinin Şimal-Şərq yamacının dağ
meşə landşaftlarının keyfiyyət cəhətdən
qiymətləndirilməsi" mövzusunda namizədlik
dissertasiyası müdafiə etmiş və kənd
təsərrüfatı elmləri namizədi elmi dərəcəsi
almışdır.
1992-ci ildə Dövlət Torpaq Komitəsinə
işə cəlb olunmuşdur. Ali məktəb tələbələri üçün
"Meşəşünaslıq" adlı dərslik yazmış və onu çapa
təqdim etmişdir. "Böyük Qafqazın meşə
torpaqlarının keyfiyyət cəhətdən
qiymətləndirilməsi" adlı monoqrafiya üzərində
işləyir. 30-dan çox elmi əsərin müəllifidir.
Seyfəddin Tağıyev hal-hazırda Dövlət
Torpaq Komitəsində torpaqşünas alim kimi
fəaliyyət göstərir.
SƏYYAD VƏLİYEV
Səyyad Həsən oğlu Vəliyev 1920-ci ildə
Borçalı mahalının Qaçağan kəndində anadan
almuşdur. 1937-ci ildə Azərbaycan Respublikasının
Zaqatala rayonundakı pedaqoji texnikumu
bitirdikdən sonra, həmin rayonun Mosul kəndinə
müəllim tə’yin edilmişdir. 1941-1945-ci illərdə
Böyük Vətən müharibəsində sıravi əsgərdən
polkovnik rütbəsinə qədər yüksəlmişdir. İlk
döyüşə 1942-ci ilin əvvəlində Krasnodar ölkəsinin
Kerç boğazı sahilindəki Teymuruk uğurunda gedən
döyüşlərdən başlayan S.Vəliyev, düşmənə qarşı
mübarizəni Novorossiyskdə, Rjev, Velikiye Luki
şəhərləri uğurunda gedən döyüşlərdə davam
etdirmişdir. Müharibə illərində 1-ci və 3-cü
Ukrayna cəbhələrində Rumıniya, Bolqarıstan,
Macarıstan, Avstriyanın azad olunması uğurunda
gedən ağır döyüşlərdə igidlik göstərmişdir.
Avstriyanın paytaxtı Vyananın azad olunması
uğrunda gedən dörd illik ağır döyüşün
iştirakçısı olmuşdur. Vətən uğrunda apardığı
uzun döyüş yolunu S.Vəliyev 1945-ci il mayın 9-da
Avstriya altında qələbə ilə başa vurmuşdur.
Müharibədən sonrakı illərdə S.Vəliyev polk
komandiri, Qırmızı Bayraqlı Belarusiya hərbi
Dairəsində şö’bə müdiri vəzifələrində
çalışmışdır. S.Vəliyev pedaqoji fəaliyyəilə də
məşğul olmuş, ömrünün son günlərinə kimi baş
müəllim kimi hərbi texnikanın sirlərini Minsk
Politexnik İnstitutunda təhsil alan gənclərə
həvəslə öyrətmişdir. Cəbhə yollarındakı
igidliklərinə görə S. Vəliyev Qırmızı Bayraq,
Aleksandr Nevski, dörd II dərəcəli "Vətən
müharibəsi", iki Qırmızı Ulduz, "dövlət
sentyabr" (Bolqarıstan) ordenləri, 14 medal və
Belarusiya SSR Ali Sovetinin Rəyasət hey'ətinin
fəxri fərmanı ilə təltif olunmuşdur.
Səyyad Vəliyev 1985-ci ildə 65 yaşında
qəflətən vəfat etmişdir.
SÖHBƏT TAĞIYEV
Söhbət İmran oğlu Tağıyev 1950-ci il may
ayının 20-də Borçalının Qasımlı kəndində anadan
olmuşdur. 1967-ci ildə Qasımlı kənd orta məktəbini
bitirmişdir.
1972-ci ildə Azərbaycan Dövlət
Universitetinin fizika fakültəsini başa
vurmuşdur. 1972-ci ildən 1977-ci ilə qədər Quba
rayonunun İslik kənd orta məktəbində ixtisası
üzrə müəllim işləmişdir. 1977-ci ildən indiyə qədər
Azərbaycan Texniki Universitetinin fizika
kafedrasında (laborant, baş laborant və baş
müəlim vəzifəsində) işləmişdir.
1988-ci ildə fizika kafedrasında
aspiranturaya daxil olmuş və 1992-ci ildə
aspiranturanı bitirmişdir.
1997-ci ildə "Maleinat və Benzoatların
geniş hal parametrlərində istilikkeçirmə və
sıxlığı" mövzusunda texnika elmləri namizədi
elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə
etmişdir.
25 elmi məqalənin müəllifidir. Elmi
əsərləri Rusiyanın və Respublikanın nüfuzlu
jurnallarında çap olunmuşdur. Söhbət Tağıyev
hazırda ADPU-nun fizika-2 kafedrasında baş
müəllim kimi fəaliyyət göstərir.
SÖHRAB MURADOV
Söhrab Sədrəddin oğlu Muradov 1948-ci
ildə Borçalının Kosalı kəndində müəllim
ailəsində anadan olmuşdur. 1965-ci ildə Tbilisi
şəhərinin Samqori rayonunda orta məktəbi
bitirmiş və həmin il Kuybışev (indiki Samara)
Tibb institutuna qəbul olmuşdur. 1971-ci ildə həmin
ali məktəbdə təhsilini müvəffəqiyyətlə başa
vurduqdan sonra səhiyyə nazirliyinin tə’yinatı
ilə Çuvaş Muxtar Vilayətinə işə göndərilmiş və
orada cərrah işləmişdir. 1970-1980-ci illərdə Qorki
şəhərində ordinatura keçmiş, sonralar Çeboksarı
şəhərində xəstəxanada cərrahiyyə şö’bəsinin
müdiri vəzifəsində çalışmışdır. Vətəndən
uzaqlarda işlədiyi dövrdə Söhrab Muradov
birinci dərəcəli cərrah adına layiq görülmüşdür.
1982-ci ildən isə Marneuli şəhər mərkəzi
xəstəxanasında çalışır.
Söhrab Muradov 2000-ci ildə Tbilisi Tibb
Akademiyasında tibb elmləri namizədi elmi
dərəcəsi almaq üçün dissertasiya müdafiə
etmişdir. Müdafiə Gürcüstan səhiyyə işçilərinin
böyük marağına səbəb olmuşdur. Gürcüstan Tibb
Elmləri Akademiyasının professoru, tibb elməlri
doktoru B.K.Arçvadze Söhrab Muradovun elmi işini
yüksək qiymətləndirərək tibb sahəsində əvəzi
olmayan yenilik adlandırmışdır. Söhrab
Muradovun elmi və cərrahi fəaliyyəti 10 elmi
əsərdə öz əksini tapmışdır.
Söhrab Muradov 15 beynəlxalq və
respublika səviyyəli elmi-praktik konfransların
iştirakçısı olmuş, elmi materiallar dərc
etdirmişdir.
ŞƏMMƏD İBRAHİMOV
Şəmməd İdris oğlu İbrahimov 1933-cü ildə
Borçalının Sarvan kəndində (indiki Marneuli
şəhərində) kəndli ailəsində anadan olmuşdur.
Şəmməd İbrahimov 1950-ci ildə Marneuli orta
məktəbini bitirib və həmin ildə ADU-nun (indiki
BDU-nun) fizika-riyaziyyat fakültəsinin
riyaziyyat bölməsinə daxil olmuşdur. Oranı 1955-ci
ildə başa vurub H.B. Zərdabi adına Pedaqoji
İnstitutda assistent və sonra isə baş müəllim
işləmişdir. Şəmməd İbrahimov 1959-1962-ci illərdə
Bakıya qayıdıb ADU-nun Funksiyalar nəzəriyyəsi
və funksional analiz kafedrasının əyani
aspirantı olmuşdur.
1962-ci ildə həmin kafedranın assistenti
vəzifəsində saxlanılmış, 1964-1966-cı illərdə isə baş
müəllim olmuşdur. Şəmməd İbrahimov 1966-cı ildə
yeni yaradılmış riyazi analiz kafedrasına
müəllim keçmiş və bu günə kimi oranın dosentidir.
1964-cü ildə akademik Z.İ. Xəlilovun elmi
rəhbərliyi altında "Abstrakt fəzalarda
düzxətli metodu" mövzusunda dissertasiya
müdafiə edib, riyaziyyat elmləri namizədi elmi
dərəcəsinə layiq görülmüşdür. O, 16 elmi məqalənin
müəllifidir.
ŞƏMİSTAN BAĞIROV
Şəmistan Namaz oğlu Bağırov 1931-ci il
aprel ayının 24-də Borçalının Ağməmmədli kəndində
anadan olmuşdur. O, ilk təhsilini Ağməmmədli
kəndində aldıqdan sonra 1948-1951-ci illərdə Qaçağan
orta məktəbində oxumuş və oranı ə’la
qiymətlərlə bitirmişdir.
1951-ci ildə Azərbaycan Politexnik
İnstitutuna qəbul olunmuş, 1956-cı ildə isə
fərqlənmə diplomu ilə oranı bitirmişdir. 1956-1957-ci
illərdə Azərbaycan respublikasının su
təsərrüfatı və meliorasiya tikinti obyektində
mühəndis kimi əmək fəaliyyətinə başlamışdır.
1958-ci ildən Azərbaycan Politexnik institutunda
meliorasiya kafedrasında müəllim işləmiş, 1959-cu
ildə isə Azərbaycan EA-nın nəzdində əyani
aspiranturaya daxil olmuş və 1962-ci ildə
müvəffəqiyyətlə namizədlik dissertasiyası
müdafiə etmişdir. 1963-cü ildən bu vaxta qədər
Şəmistan Bağırov öz elmi pedaqoji fəaliyyətini
baş müəllim və dosent kimi Azərbaycan Politexnik
institutu (indiki ATU-nun) "Meliorasiya"
kafedrasında, sonralar isə (1976-cı ildən)
Azərbaycan İnşaat Mühəndisləri institutunda
davam etdirmişdir.
1988-ci ildə SSRİ Nazirlər Soveti
nəzdində Dövlət Attestasiya Komissiyası
tərəfindən Şəmistan Bığırovun çox illik
elmi-pedaqoji fəaliyyəti və ali texniki
məktəblər üçün nəşr etdirdiyi çox saylı dərslik,
dərs vəsaiti və elmi məqalələrinə görə ona
professor adı verilmişdir.
Azərbaycan İnşaat Mühəndisləri
Universitetində işlədiyi dövrdə təhsil və xalq
təsərrüfatı üçün əhəmiyyəti olan 2 dərslik, 8 dərs
vəsaiti və metodik göstrişlər, 80-a yaxın elmi
məqalə nəşr etdirmişdir. Bu elmi məqalələrin
bə’ziləri xarici ölkələrdə - Avstraliya,
Türkiyə, İsraildə nəşr olunmuşdur. O,
Universitetin Elmi Şurasının, Su təsərrüfatı
tikintisi və ekologiya fakültəsinin Elmi
şurasının bir sıra metodik və nəşriyyat
şurasının üzvüdür. V.İ. Lenin anadan olmasının 100
illiyi yubiley medalı ilə təltif olunmuşdur.
ŞƏMİSTAN ƏLİYEV
Şəmistan İlyas oğlu Əliyev 1937-ci ildə
Borçalının Əzizkənd kəndində anadan olmuşdur.
1952-ci ildə Əzizkənd 8-illik məktəbini bitirmiş,
orta təhsilini, Azərbaycanın Qazax şəhərində
tamamlamışdır. 1955-ci ildə Azərbaycan Dövlət Xalq
Təsərrüfatı İnstitutunun (indiki ADİU-nun)
"Sənayenin İqtisadiyyatı" fakültəsinə daxil
olmuş, 1959-cu ildə isə Azərbaycan Dövlət
Universitetinin eyni adlı fakültəsini başa
vurmuşdur. Əmək fəaliyyətinə 1959-cu ildə Marneuli
rayonun yerli sənaye kombinatında böyük
mühəndis vəzifəsində başlamışdır. 1960-1964-cü
illərdə Bakıda mühəndis, baş mühəndis və rəis
vəzifələrində işləmişdir. 1964-1966-cı illərdə
Azərbaycan Dövlət Universitetinin (indiki
BDU-nun) aspirantı olmuşdur. 1966-cı ildə
Azərbaycan SSR Yüngül sənaye nazirliyinin əmək,
məişət və əmək haqqı şö’bəsinin rəis müavini
vəzifəsində işləmişdir. 1966-1967-ci illərdə
Azərbaycan Xalq Təsərrüfatı (indiki ADİU-nun)
institutunda baş müəllim, 1967-1968-ci illərdə isə
dekan müavini işləmişdir. 1967-ci ildə namizədlik
dissertasiyası müdafiə edib elmi dərəcə
almışdır. 1968-ci ildə "Sənayenin İqtisadiyyatı"
fakültəsində dosent vəzifəsinə seçilmişdir.
1974-cü ildən 1978-ci ilə qədər sənaye iqtisadiyyatı
fakültəsində dekan vəzifəsində işləmişdir.
Şəmistan Əliyevin elmi və pedaqoji
fəaliyyəti 24 elmi məqalədə, monoqrafiyada və
elmi hesabatlarda öz əksini tapmışdır.
1990-cı ildə vəfat etmişdir.
ŞƏMİSTAN MƏMMƏDOV
Şəmistan Fərəməz oğlu Məmmədov 1926-cı
ildə Borçalının Sarvan kəndində anadan olmuşdur.
Sarvan yediillik məktəbinə getmiş, 1944-cü ildə isə
tam orta məktəbini bitirmişdir. Şəmistan
Məmmədov 1947-ci ildə Kirovabadda (indiki Gəncə
şəhərində) Həsənbəy Zərdabi adına Azərbaycan
Dövlət Pedaqoji İnstitutuna qəbul olunmuşdur.
1951-ci ildə həmin fakültəni
müvəffəqiyyətlə başa vurub Borçalıya qayıtmış,
əvvəlcə Sadaxlı orta məktəbinə işə düzəlmiş,
sonra isə Marneuli 1 saylı orta məktəbində
riyaziyyatdan dərs deməyə başlamışdır.
Şəmistan Məmmədov orta məktəbdə dərs
deməklə yanaşı həm də elmi işlə yaxından məşğul
olmuşdur. 1963-cü ildə yenidən Bakıya qayıtmış
Azərbaycan Pedaqoji İnstitutunda (indiki
ADPU-nun) aspiranturaya daxil olmuşdur. 1966-cı
ilin noyabrında "Sərhəd funksiyaların
mə’nasında daxil olma teoremlərinin dəqiqliyi"
mövzusu üzrə namizədlik dissertasiyası müdafiə
edib elmi dərəcəsi almışdır. O, 1967-ci ildən 1998-ci
ilə kimi riyazi-analiz kafedrasında müəllim, baş
müəllim və dosent işləmişdir.
Onun 18 elmi əsəri, bir neçə dərs
vəsaiti və metodiki göstərişləri işıq üzü
görmüşdür. Onun əsərləri respublikamızda,
Moskvada və xarici mətbuatda çap olunmuşdur. O,
iyirmi il fakültənin partiya təşkilatının
katibi vəzifəsində işləmişdir.
Şəmistan Məmmədov 2000-ci ildən təqaüdə
çıxmışdır.
ŞƏRƏF CƏLİLLİ
Şərəf Məhəmməd qızı Cəlilli 1971-ci ildə
Marneuli rayonunun İmir kəndində anadan
olmuşdur. Orta məktəbi doğma kəndlərində
bitirmişdir. 1990-cı ildə indiki BDU-nun
jurnalistika fakültəsinə daxil olmuşdur. 1994-cü
ildə isə jurnalistika fakültəsini bitirmişdir.
1997-ci ildə Azərbaycan Milli Elmlər
Akademiyasının Beynəlxalq Münasibələr
İnstitutunda aspriranturanı bitirmiş və elmi
işçi kimi həmin institutda saxlanmışdır.
"Azərbaycan-Türküstan ədəbi əlaqələri"
namizədlik dissertasiyası müdafiə üçün Ali
Attestasiya Komissiyasına təqdim etmişdir.
Əmək fəaliyyətinə 1989-cu ildə
Azərbaycan Dövlət Teleradio Verilişləri
Şirkətində başlamışdır. Öncə televiziyanın
"Xəbərlər", "Xoş gördük" proqramlarında
redaktor, sonralarsa radionun Güney Azərbaycana
verilişləri baş redaksiyasında, "Gənclik"
redaksiyasında işləmişdir. Uzun müddət
"Tələbəlik", "Represiya burulğanı", "Türkün
söz yaddaşı", "Elin yaddaşı", "Borçalı"
verililərinin aparıcı müəllifi, həm də redaktoru
olmuşdur. Özünün ideyası ilə yaradılan bu
verilişlərin sırasına 1993-cü ildən "Səhər"
informasi proqramı əlavə olunub. "Kitabi
Dədə-Qorqud", "Xoca Yunus İmrə", "Bəktaşlik və
bəktaşilər", "Xocalıdan ucalan dərd", "Murovda
girov dərdim" , "Sənsiz" telefilmlərinin
müəllifidir. 1993-1998-ci illərdə müxtəlif
fasilələrlə "Ana Vətən" qəzetində redaktor və
baş redaktor vəzifələrində çalışmışdır.
"Azərbaycan-Türküstan ədəbiyyatından milli
azadlıq ideyaları" monoqrafiyasının, "Ömür
dedikləri…", "Ömür yolu" elmi-publisistik,
"Könül Tanrı dərgahıdır", "Tanrı duaları"
şe’r kitablarının müəllifi və adlarını
sadalamadığımız bir neçə kitabın redaktoru
olmuşdur. Bunlarla yanaşı, müxtəlif ali təhsil
ocaqlarında türk xalqların ədəbiyyatından
mühazirələr oxuyur. Kütləvi infonrmasiya
vasitələrindəki xidmətlərinə, publisistik
yazılarına görə, on doqquz mükafata layiq
görülüb. Qopub gəldiyini Tanrı, inam yerini BOZ
QURD, güman yerini səsini bir də qələmini sayır.
Şərəf Cəlillinin elmi və publisistik
fəaliyyəti 5 elmi məqalədə, 100-dən artıq
publisistik materiallarda öz əksini tapmışdır.
Hal-hazırda "Xəbərlər" baş
redaksiyasında redaktor vəzifəsində elmi və
yaradıcılıq fəaliyyətini davam etdirir.
|