Ağbulaq     Baş keçid     Borçalı     Qarayazı     Dağ Borçalı     Qaraçop     Tiflis     Çoruk Qəmərli  
Coğrafiyası
Etimologiyası
Kəndləri
Nəqliyyatı
Tarixi
Demoqrafik quruluşu
Sənaye və kənd təssərrüfatı
Torpaq fondu
Maarifin inkişafı
Türk Pedaqoji Texnikomları
Adət ənənələri
Ədəbi mədəni əlaqələri
İctimai siyasi durum
Borçalı ziyalıları dövlət və hökümət orqanlarında
Öndər adamları
Akademik və müxbir üzvləri
Elmlər doktorları
Elmlər namizədləri
Həkimlər
El ağsaqqalları
Generallar
Hüquqsunaslar
Tarixi qəhrəmanlar
Rəssamlar
Memarlar
İncəsənət xadimləri
Jurnalistlər
Aşıq folklor örnəkləri
El sənətkarları
Xeyriyyəçilər
İdmançılar
Şəhidlər
Yaylaqlar
Xəritələr
Şəkillər
 

The Project is accomplished by the assistance of the Bureau of Educational and Cultural Affairs of the U.S. Department of State and International Research & Exchanges Board

Səhifənin yaradılmasında göstərdiyi köməkliyə görə Məmməd Sarvana təşəkkür edirik

ELMLƏR NAMİZƏDLƏRİ

BORÇALI (MARNEULİ) BÖLGƏSİ

[A] [B-E] [Ə-G] [H-X] [İ-Q] [M-N] [R-S] [S-Ş] [T-V] [V-Z]

İBRAHİM MƏMMƏDOV

İbrahim Hadı oğlu Məmmədov 1941-ci il yanvarın 25-də Borçalının Qırıxlı kəndində fəhlə ailəsində anadan olmuşdur. İbtidai təhsilini öz doğma kəndində aldıqdan sonra Araplı 8 illik məktəbini btirmiş və orta təhsilini Böyük Muğanlıda başa vurmuşdur. Bir il öz doğma kəndində kolxozda işlədikdən sonra Bakıya gəlmiş, sənədlərini Xarici Dillər İnstitutunun Qərbi Avropa dilləri fakültəsinin alman dili şö’bəsinə vermiş, lakin müsabiqədən keçməmişdir. Bundan sonra Bakı şəhər 2 saylı texniki peşə məktəbində oxumuş, neft quyularının yeraltı tə’miri ustası peşəsinə yiyələnmişdir. Həmin məktəbi 1961-ci ildə fərqlənmə diplomu ilə bitirərək Balaxanıneftdə bir müddət tərcüməçi işləmiş və 1961-ci ildə həmin institutun alman dili şö’bəsinə daxil olmuşdur. 1963-cü ildən 1966-cı ilədək orduda xidmət etmişdir. 1970-ci ildə İnstitutu fərqlənmə diplomu ilə bitirərək institutda müəllim saxlanılmışdır.

1971-1974-cü illərdə həmin institutun əyani aspiranturasında oxumuş və aspiranturanı 1977-ci ildə bitirmişdir. 1986-cı ildə Moskvada dissertasiya müdafiə edərək pedaqoji elmlər namizədi elmi dərəcəsi almışdır. O, xarici dillərin tədrisi metodikası kafedrasında dosent vəzifəsini tutmuş və 1988-1993-cü illərdə alman dili fakültəsinə dekan vəzifəsinə seçilmişdir. İbrahim Məmmədov 20-yə yaxın elmi məqalənin müəllifidir. Almaniya və ABŞ-da olmuş, beynəlxalq konfranslarda çıxış etmişdir. Respublikamızda və onun hüdudlarından kənarda onun müəllifi olduğu VII sinif alman dili dərsliyi istifadə edilməkdədir.

 

İLQAR GƏNCƏYEV

İlqar Fərhad oğlu Gəncəyev 1957-ci il oktyabrın 17-də Marneuli rayonunun Qızılhacılı kəndində ziyalı ailəsində anadan olmuşdur. 1974-cü ildə Marneuli şəhərinin 1 saylı rus orta məktəbini bitirdikdən sonra Marneuli qeyri-filiz zavodunda fəhlə işləmişdir. 1975-ci ildə İvanovo Kənd Təsərrüfatı İnstitutunun baytarlıq fakültəsinə daxil olmuş və 1980-ci ildə həmin institutu bitirmişdir. 1980-1983-cü illərdə İvanovo vilayətinin Furmanov rayonunda "Rossiya" sovxozunda baş baytar həkimi vəzifəsində işləmişdir. 1981-1983-cü illərdə Moskvada K.İ.Skryabin adına Baytarlıq Akademiyasının yoluxmayan daxili xəstəliklər kafedrasında aspiranturada oxumuş və 1986-cı ildə "İri ixtisaslaşdırılmış heyvandarlıq fermalarında doğumdan sonra hipokalsemiyanın etiolokiya, patogenez, müalicə və profilaktikası" mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir.

1986-1987-ci illərdə Kaluqa vilayətinin Borovsk şəhərindəki Ümumittifaq Elmi Tədqiqat Fiziologiya, Biokimya və İaşə institutunda elmi işçi vəzifəsində çalışmışdır. 1987-1988-ci illərdə Marneuli rayonunun "Kartofçuluq" sovxozunda baş baytar həkim vəzifəsində işləmişdir. 1988-ci ildə Müsabiqə yolu ilə əvvəlcə assistent və 1994-cü ildən Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının Baytarlıq-Təbabət fakültəsinin yoluxmayan daxili xəstəliklər, klinik diaqnostika, cərrahiyyə və radiobiologiya kafedrasında dosent vəzifəsində çalışır.

1989-cu ildən Azərbaycan Respublikasının ixtisaslaşdırılmış camışçılıq təsərrüfatında "Getoz xəstəliyinin etiologiya, patogenez, diaqnostika, müalicə və profilaktikası" mövzusunda elmi-tədqiqat işi aparır.

50-dən çox metodik göstərişin, dərs vəsaiti və elmi məqalənin müəllifidir.

 

İLQAR MƏMMƏDOV

İlqar Mahal oğlu Məmmədov 1960-cı il martın 26-da Bakı şəhərində anadan olmuşdur. Valideynləri Borçalıdandır.

1977-ci ildə Bakıda orta məktəbi bitirmiş və həmin ildə M.V. Lomonosov adına MDU-nun tarix fakültəsinə daxil olmuşdur.

1982-ci ildə Moskvada təhsilini başa vurduqdan sonra Bakıya qayıtmış və 1994-cü ilə kimi Azərbaycan İnşaat-Mühəndisləri Universitetinin tarix kafedrasında müəllim işləmişdir.

1994-1995-ci illərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Beynəlxalq təşkilatlar idarəsində şö’bə müdiri, 1995-2001-ci illərdə Azərbaycan Respublikasının Avstriyadakı Səfirliyində müşavir vəzifəsində işləmişdir.

2001-ci ildən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Təhlükəsizlik problemləri idarəsinin rəisidir.

BMT-nin Ümumi Assambleyasının 45-ci sessiyasında, ATƏT-in Budapeşt (1994) və İstanbul (1999) zirvə görüşlərində, ATƏT-in Nazirlər şurasının görüşlərində, bir sıra digər beynəlxalq səviyyəli konfranslarda iştirak etmişdir.

İlqar Məmmədov diplomatik fəaliyyətlə yanaşı elmi işlə də məşğul olur. O, 1990-cı ildə namizədlik dissertasiyası müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür. Respublika və beynəlxalq səviyyəli elmi konfranslarda iştirak etmiş, elmi məqalələr çap etdirmişdir.

Azərbaycanın Siyasi tarixinə həsr olunmuş 8 elmi əsəri Azərbaycan, Rus, ingilis və alman dillərində çap olunmuşdur. Rus, ingilis, və alman dillərində bilir.

 

İLDIRIM TALIBZADƏ

İldırım Abdulla Şaiq oğlu Talıbzadə 1930-cu il oktyabrın 10-da Bakı şəhərində anadan olmuşdur. Onun atası Abdulla Şaiq əslən Borçalının Sarvan kəndindən idi. Orta təhsilini Bakıda almış, 1940-cı illərdə Azərbaycan Pedaqoji İnstitutunun (indiki ADPU) tarix fakültəsində ali təhsil almışdır. Bir müddət müəllimlik etdikdən sonra Azərbaycan EA Tarix İnstitutunda əmək fəaliyyətini davam etdirmişdir.

1952-1956-cı illərdə aspiranturada oxumuş, namizədlik dissertasiyası müdafiə edib, elmi dərəcə almışdır.

İldırım Talıbzadə 1965-ci ildə baş elmi işçi vəzifəsini icra etmiş və həmin ildən müsabiqə yolu ilə baş elmi işçi seçilmişdir.

İldırım Talıbzadənin elmi və pedaqoji fəaliyyəti 20 elmi əsərdə və bir monoqrafiyada öz əksini tapmışdır.

Bu müddət ərzində 5 ittifaq və respublika səviyyəli konfranslarda iştirak edib elmi məqalələr çap etdirmişdir.

İldırım Talıbzadə 1969-cu ildə Bakı şəhərində vəfat etmişdir.

 

İSMİXAN İSMAYILOV

İsmixan Hacıxəlil oğlu İsmayılov 1941-ci il noyabrın 25-də Borçalının Alket kəndində anadan olmuşdur.

1948-ci ildə Alket kənd orta məktəbinin 1-ci sinfinə getmiş, 1959-cu ildə həmin məktəbi bitirmişdir. 1959-cu ildə Azərbaycan Neft və Kimya (indiki Neft Akademiyasının) İnstitutunun mühəndis-iqtisad fakültəsinə daxil olmuşdur. 1964-cü ildə həmin fakültəni başa vurub, tə’yinatla sənayenin iqtisadiyyatı kafedrasının nəzdində olan sahə laboratoriyasında texnik, mühəndis-iqtisadçı, kiçik elmi işçi vəzifələrində çalışmışdır. 1966-cı ildən indiki Texniki Universitetin sənaye iqtisadiyyatı kafedrasına assistent vəzifəsində işə düzəlmişdir. 1985-ci ildə "Elmi texniki tərəqqi şəraitində istehsalın və əməyin təşkilinin bə’zi məsələləri" mövzusunda dissertasiya müdafiə edib elmi dərəcə almışdır. 1990-cı ildən 1999-cu ilə qədər Texniki Universitetin sənayenin iqtisadiyyatı və menecment kafedrasında dosent kimi fəaliyyət göstərmişdir. 1999-cu ilin yanvarından Milli Aviasiya Akademiyasının "Mülki Aviasiyanın iqtisadiyyatı və menecment" kafedrasına də’vət olunmuşdur.

26 elmi-metodik əsərin müəllifidir. 1978-1980-ci illərdə sənayenin iqtisadiyyatı kafedrasının müdiri işləmişdir.

Hazırda Milli Aviasiya Akademiyası "İqtisadiyyat və hüquq" fakültəsinin dekanı vəzifəsində çalışır.

 

YUSİF İSMAYILOV

Yusif Əli oğlu İsmayılov 1930-cu il oktyabrın 5-də Borçalının Kürtlər kəndində qulluqçu ailəsində anadan olmuşdur.

1937-ci ildə Kürtlər ibtidai məktəbinə getmiş, 1941-1942-ci illərdə Baydar 8 illik məktəbində təhsilini davam etdirmişdir. 1945-1947-ci illərdə kolxozda işləmiş, 1947-1948-ci illərdə isə Sadaxlı orta məktəbində oxuyub, orta təhsil almışdır. 1950-ci ildə APİ-nin (indiki ADPU) kimya-biologiya fakültəsinə daxil olmuş, 1954-cü ildə həmin fakültəni başa vurmuşdur.

1954-55-ci tədris ilində, Saqareco rayonunun Yormuğanlı orta məktəbində kimya-biologiya müəllimi, 1955-1957-ci illərdə Qardabani (Qarayazı) rayonunun Qaracalar kənd orta məktəbində, 1957-1959-cu illərdə Marneuli rayonunun Baydar kənd orta məktəbində kimya biologiya fənlərindən dərs demişdir. 1961-ci il oktyabr ayından ADPU-nun ümumi kimya kafedrasında aspiranturaya daxil olmuş, 1964-cü ildə aspiranturanı başa vurmuşdur. Namizədlik dissertasiyasından sonra bir müddət Bakı Elektrik Ştamp Zavodunda mərkəzi zavod laboratoriyasının rəis müavini, sonra isə rəisi vəzifəsində işləmişdir. 1965-ci ildən Sov.İKP-nin üzvü olmuşdur. 1972-ci ilə qədər kimya kafedrasının dosenti olmuşdur. Onun 10 elmi işi və 1 dərs vəsaiti çap olunmuşdur.

Yusif İsmayılov 1972-ci ildə vəfat etmişdir.

 

YASİN ƏFƏNDİYEV

Yasin Əhməd oğlu Əfəndiyev 1939-cu ildə anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1959-cu ildə Gəncədə Azərbaycan Kənd Təssərüfatı İnstitutuna qəbul olunmuşdur. 1964-cü ildə ali təhsili başa vurub, zootexnik diplomu almışdır. 4 il Oğuz (Vartaşen) rayonunda Toxumçuluq sovxozunda zootexnik-direktor müavini işləmişdir. Sonralar istehsalatdan ayrılmaqla Kənd Təsərrüfatı İnstitutu nəzdində genetika ixtisası üzrə aspiranturanı bitirmiş və 1974-cü ildə dissertasiya müdafiə edib, biologiya elmləri namizədi elmi dərəcəsi almışdır. O vaxtdan həmin institutda kənd təsərrüfatı heyvanlarının yetişdirilməsi və genetikası kafedrasında elmi işçi, assistent, baş müəllim işləmişdir. 1996-cı ildən heyvandarlıq məhsulları əmtəəşünaslığı kafedrasına keçmişdir. Hazırda zoomühəndislik fakültəsində dekan müavinidir. 50-dək dərslik, dərs vəsaiti, proqram, tövsiyə və elmi məqalə çap etdirmişdir.

 

KAMAL ƏMİRASLANOV

Kamal Şamil oğlu Əmiraslanov 1938-ci il avqustun 25-də Borçalının Beytərəbçi kəndində anadan olmuşdur. 1945-ci ildə orta məktəbə getmiş, 1955-ci ildə bitirmişdir.

1960-cı ildə Azərbaycan Dövlət Uinversitetinə (indiki BDU) daxil olmuş və 1967-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki ADİU) xalq təsərrüfatının planlaşdırılması ixtisasını başa vurmuşdur.

Kamal Əmiraslanov 1976-cı ildə namizədlik dissertasiyasını müdafiə etmiş və iqtisad elmləri namizədi elmi dərəcəsi almışdır. O elmi fəaliyyətini əsasən Azərbaycanda miqrasiya və demoqrafiya problemlərinin tədqiqinə həsr etmişdir. 50-dən çox elmi məqaləsi çap olunmuşdur.

Əmək fəaliyyətinə 1960-cı ildə Azərbaycan EA İqtisadiyyat İnstitutunun laborantı kimi başlamışdır. 1968-ci ilədək həmin institutda baş laborant və kiçik elmi işçi vəzifələrində çalışmışdır. Daha sonra əmək fəaliyyətini 1968-ci ildən 1991-ci ilədək Azərbaycan Dövlət Plan Komitəsinin İqtisadiyyat İnstitutunda iqtisadçı, kiçik elmi işçi, baş elmi işçi, bölmə və şö’bə müdiri kimi davam etdirmişdir.

Kamal Əmiraslanov 1991-ci ildə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin müşavirlər qrupunda baş iqtisadçı vəzifəsinə tə’yin edilmişdir. Nazirlikdə 7 il müxtəlif vəzifələrdə işlədikdən sonra, 1997-ci ildə Azərbaycan Respublikasının Auditorlar Palatasının departament direktorunun müavini vəzifəsində çalışmışdır.

Kamal Əmiraslnov pedaqoji fəaliyyətilə yanaşı iqtisadçı kadrların hazırlanması ilə də məşğul olmuşdur. O, Azərbaycan Dövlət Neft Akademiyasında iqtisadi fənləri tədris etmişdir.

Kamal Əmiraslanov həm də Azərbaycan Dövlət Plan Komitəsinin İqtisadiyyat İnstitutunda və Auditorlar Palatasında Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifələrini icra etmişdir.

Çexoslavakiya, Macarıstan, Polşa, Yuqoslaviya, Rumıniya və Almaniya kimi xarici ölkələrdə olmuşdur.

1999-cu ilin may ayında Bakı şəhərində vəfat etmişdir.

 

KAMANDAR TÜKƏNLİ

Kamandar Abbas oğlu Tükənli 1942-ci ildə Borçalının Ağməmmədli kəndində anadan olmuşdur. İki il Sarvanda, sonra Ağməmmədli kənd orta məktəbində oxumuşdur. Orta məktəbi qızıl medalla bitirmiş və həmin il Azərbaycan Tibb İnstitutuna (indiki ADTU) daxil olmuşdur. 1966-cı ildə İnstitutu bitirmiş və Cəbrayıl rayon xəstəxanasında işləməyə başlamışdır. 1970-ci ildə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə institutuna müsabiqə yolu ilə aspirant qəbul edilmişdir. Həmin ildən Bakı şəhrində işləyir. Kamandar Tükənli əvvəl M.Nağıyev adına Klinik Təcili Tibbi yardım xəstəxanasında cərrah-ordinator vəzifəsində çalışmış, 1977-ci ildən isə Azərbaycan Dövlət Tibb Universitetində uşaq cərrahlığı kafedrasına assistent keçmişdir. Həmin vaxtdan əmək fəaliyyətini bu kafedrada davam etdirir. Moskvada, Sankt-Peterburqda və keçmiş SSRİ-nin başqa şəhərlərində bir sıra elmi konfranslarda iştirak etmişdir. 20-dən artıq elmi əsərlərin müəllifidir. Kamandar Tükənlinin uşaqlarda ağır xəstəlik sayılan "Kəskin hemotogen osteomielit" və onun ağırlaşmalarında apardığı təkmilləşdirilmiş yeni kompleks müalicənin nəticəsində xəstələrdə ölüm faizi sıfıra düşmüşdür.

Kamandar Tükənli 10 beynəlxalq və 10 respublika səviyyəli konfranslarda çıxış edib məqalələr çap etdirmişdir.

 

QƏZƏNFƏR ORUCOV

Qəzənfər Heydər oğlu Orucov 1952-ci ildə Marneuli rayonunun Qaçağan kəndində anadan olmuşdur. 1969-cu ildə Qaçağan orta məktəbini bitirmiş, Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmuşdur. 1972-ci ildən isə təhsilini Moskva Energetika İnstitutunda (MEİ) davam etdirmişdir. 1976-cı ildə MEİ-ni bitirərək gənc mütəxəssis kimi SSRİ Aviasiya Sənayesi Nazirliyinin Ramenskoye Cihazqayırma konstruktor bürosuna tə’yinat almış və 1993-cü ilə qədər burada çalışmışdır. 1993-cü ildə SSRİ Dövlət Aviasiya Sistemləri Elmi-Tədqiqat İnstitutunda xüsusi mövzu üzrə namizədlik dissertasiyası müdafiə etmiş, texnika elmləri namizədi elmi dərəcəsi almışdır. 1993-cü ildən Azərbaycan Elmələr Akademiyasının İnformasiya-Telekommunikasiya Elmi Mərkəzində xüsusi tə’yinatlı laboratoriyaya rəhbərlik edir. Qəzənfər Orucovun elmi fəaliyyəti 21 elmi məqalədə və 24 ixtirada öz əksini tapmışdır.

 

QİYAS HÜMBƏTOV

Qiyas Müseyib oğlu Hümbətov 1926-cı ildə Borçalının Sarvan kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1941-1943-cü illərdə Gürcüstan LKGİ-nin Borçalı rayon Komitəsində uçot şö’bəsinin müdiri, 1943-1945-ci illərdə Sarvan kəndində orta məktəb müəllimi işləmişdir. 1945-ci ildə Gəncə şəhərində Pedaqoji İnstituta daxil olmuş, 1949-cu ildə həmin institutu fərqlənmə diplomu ilə bitirmişdir. 1949-1950-ci illərdə Gəncə Pedaqoji İnstitutunun tarix kafedrasında assistent, 1950-1955-ci illərdə baş müəllim, 1955-1957-ci illərdə Azərbaycan Kommunist Partiyasının Gəncə şəhər Komitəsində Kabinet müdiri, 1957-1962-ci illərdə təbliğat-təşviqat şö’bəsinin müdiri olmuşdur. 1962-ci ildə bir müddət "Mübariz" qəzetinin redaktor müavini işlədikdən sonra 1962-1963-cü illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun tarix kafedrasında təbliğat-təşviqat şö’bəsinin müdiri və 1975-ci ildən ömrünün sonunadək Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun tarix kafedrasında baş müəllim vəzifəsində işləmişdir. 1967-ci ildə namizədlik dissertasiyasını müdafiə etmiş və tarix elmləri namizədi elmi dərəcəsi almışdır. Qiyas Hümbətov 50 məqalənin müəllifidir. O, 20-yə yaxın elmi idarəçilik yönümlü müşavirə və konfransların iştirakçısı olmuş, məqalələr çap etdirmişdir.

 

QULU QURBANOV

Qulu Baba oğlu Qurbanov 1945-ci il mayın 2-də Borçalının Araplı kəndində anadan olmuşdur.

1964-cü ildə Marneuli şəhər 1 saylı orta məktəbini qızıl medalla bitirib, Bakı Dövlət Universitetinin kimya fakültəsinə daxil olmuş və oranı 1970-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir.

1970-1971-ci illərdə tə’yinatla Gəncə Pedaqoji İnstitutunun üzvi kimya və kimya texnologiyası kafedrasında müəllim işləmişdir.

1971-1974-cü illərdə həmin institut tərəfindən Üzvi kimya ixtisası üzrə məqsədli aspirant kimi Bakı Dövlət Universitetinin kimya fakültəsinin əyani aspiranturasına qəbul olunmuşdur. 1976-cı ildə BDU-nun İxtisaslaşmış Elmi Şurasında namizədlik dissertasiyası müdafiə etmişdir.

1980-ci ilə qədər Gəncə Pedoqoji İnstitutunda, həmin ildən indiyə qədər isə Azərbaycan Dövlət Kənd Təsərrüfatı Akademiyasının kimya kafedrasında dosent vəzifəsində çalışır.

Qulu Qurbanovun elmi fəaliyyətində azot və kükürdlü üzvi bioloji fəal birləşmələrin sintezi, çevrilmələri, onların antioksidləşdirici və antikorroziyası əleyhinə aid xassələrinin tədqiqi mühüm yer tutur.

Onun elmi və pedaqoji fəaliyyəti 130-a qədər elmi əsərdə, o cümlədən 4 şəhadətnamədə, 20 dərslik və dərs vəsaitində əks etdirilmişdir. O, 20-dən çox beynəlxalq və respublika səviyyəli simpozium və konfranslarda çıxış etmiş, məqalələr çap etdirmişdir.

 

QURBAN YETİRMİŞLİ

Qurban Cəlal oğlu Yetirmişli 1953-cü il sentyabrın 4-də Borçalının Marneuli şəhərində anadan olmuşdur. 1959-cu ildə 1 saylı Marneuli şəhər Azərbaycan orta məktəbinin 1-ci sinfinə getmiş, 1969-cu ildə həmin məktəbi bitirmiş və Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) geoloji-coğrafiya fakültəsinin geologiya şö’bəsinə daxil olmuş, 1974-cü ildə universiteti bitirmişdir. 1975-ci ildə Azərbaycan SSR EA-nın Geologiya İnstitutunda işə qəbul olmuş, laborant, mühəndis, aparıcı mühəndis, 1980-ci ildən EA-nın Təcrübə-Metodiki Geofizika Ekspedisiyasında rəis müavini işləmişdir. 1999-cu ildən e’tibarən Respublika Seysmoloji Xidmət Mərkəzi baş direktorunun birinci müavini vəzifəsində çalışır.

1976-1978-ci illərdə "Geofizika" Elmi Mərkəzində Komsomol katibi, 1978-1984-cü illərdə EA-nın Komsomol katibinin müavini, 1985-1988-ci illərdə EA-nın Xalq Nəzarəti Komitəsi sədrinin müavini işləmiş, 1988-ci ildən Nazirlər Kabineti yanında zəlzələlərin proqnozu üzrə şuranın üzvü, Milli Geofizika Komitəsinin üzvüdür.

Qurban Yetirmişlinin elmi və praktik işi 30-dan çox elmi əsərdə öz əksini tapmışdır. Onun elmi əsərlərinin çoxu Almaniya, Çexoslavakiya, Macarıstan, İran, Rusiya və Türkiyə dövlətlərində keçirilmiş sessiya və simpoziumların gündəliklərində çap olunmuşdur.

Qurban Yetirmişlinin seysmodinamik və ümumiyyətlə, zəlzələlər haqqında elmi-təcrübi konsepsiyası ilk dəfə Aşağı Kür çökəkliyinin neftlik-qazlıq prespektivliyi geoloji-tektonik amillərlə yanaşı, geodinamik, seysmoaktivlik və geoterialların kompleks interpretasiyası prosesində yeni yanaşma metodikası tətbiq olunmuşdur.

Qurban Yetirmişlinin dissertasiya mövzusu da elə bu sahəyə həsr olunmuşdur. Dissertasiyasının nəticələri hal-hazırda geniş şəkildə həyatda tətbiq olunur.

Qurban Yetirmişli 2000-ci ildə namizədlik dissertasiyası müdafiə etmişdir.

Copyright © 2003 Borchali