|
ELMLƏR NAMİZƏDLƏRİ
BORÇALI (MARNEULİ) BÖLGƏSİ
[A] [B-E]
[Ə-G] [H-X] [İ-Q] [M-N] [R-S] [S-Ş] [T-V] [V-Z]
HAMLET MƏMMƏDOV
Hamlet Mehdi oğlu Məmmədov 1939-cu il
noyabrın 18-də Borçalının Sarvan qəsəbəsində
ziyalı ailəsində anadan olmuşdur. 1946-cı ildə
1saylı Marneuli rus orta məktəbinin 1-ci sinfinə
getmiş, 1958-ci ildə həmin məktəbi bitirmişdir.
Həmin ildə M.F. Axundov adına rus dili və
ədəbiyyatı İnstitutuna daxil olmuş və 1963-cü ildə
həmin institutu bitirmişdir. Tə’yinatla
Kəlbəcər rayon məktəbinə müəllim
göndərilmişdir. Hamlet Məmmədov bir il
Kəlbəcərdə işlədikdən sonra Marneuliyə qayıtmış
və pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 1965-ci
ildə Bakıya qayıtmış və Azərbaycan Tibb
İnstitutunun rus dili və ədəbiyyatı kafedrasına
müəllim düzəlmişdir. 1966-cı ildən isə Azərbaycan
Pedaqoji İnstitutuna işə düzəlmişdir. 1973-cü ildə
namizədlik dissertasiyası müdafiə edib
filologiya elmləri namizədi elmi dərəcəsi
almışdır. 1976-cı ildən indiki ADPU-nun rus dili və
ədəbiyyatı kafedrasında asisstent, baş müəllim
və dosent kimi fəaliyyət göstərmişdir. 1985-ci ildə
həmin kafedranın müdiri vəzifəsinə keçmiş və 10
il bu vəzifədə işləmişdir. Hal-hazırda
kafedranın professorudur. Hamlet Məmmədovun
elmi və pedaqoji fəaliyyəti 30 elmi əsərdə, 3 dərs
vəsaitində, metod göstərişdə və 1 fundamental
"Rus dilinin ibtidai siniflərdə tədrisi
metodikasına" dair dərslikdə öz əksini
tapmışdır.
HƏMİD ABBASOV
Həmid Murtuzəli oğlu Abbasov 1938-ci
ildə Borçalının Ağməmmədli kəndində kəndli
ailəsində anadan olmuşdur. 1957-ci ildə Qaçağan
orta məktəbini gümüş medalla bitirərək,
Azərbaycan Neft Kimya İnstitutunun (İndiki Neft
Akademiyası) mühəndis-iqtisad fakültəsinə daxil
olmuşdur. 1962-ci ildə "Neft və qaz sənayesinin
iqtisadiyyatı və təşkili" ixtisasını fərqlənmə
diplomu ilə başa vurmuşdur. 1962-ci ildən Neft
Akademiyasında işləyir. 1971-ci ildə "Elektrik
maşınqayırma müəssisələri rentabelliyinin
yüksəldilməsi ehtiyatları" mövzusunda
namizədlik dissertasiyası müdafiə edib, iqtisad
elmləri namizədi elmi dərəcəsi almışdır.
1976-cı ildən maşınqayırma sənayesinin
iqtisadiyyatı və menecment kafedrasının dosenti
olmuşdur. 1974-1984-cü illərdə Azərbaycan Dövlət Neft
Akademiyasının mühəndis-iqtisad fakültəsinin
dekanı, 1984-1998-ci illərdə Universitetin Elmi işlər
üzrə prorektorunun müavini və 1999-cu ildən 2001-ci
ilin iyununa qədər həmin Universitetin
tədris-metodiki şö’bəsinin müdiri işləmişdir.
Hal-hazırda ADNA-da fakültə dekanı işləyir
Respublikanın iqtisadiyyatına həsr
olunmuş 45 elmi iş nəşr etdirmişdir, onlardan 6-sı
dərs vəsaitidir.
Həmid Abbasov respublikanın ali
məktəblərində keçirilən elmi, metodiki və
pedaqoji konfranslarında mütamadi çıxış edib,
elmi məqalələr çap etdirmişdir.
Həmid Abbasov 2000-ci ilin noyabrından
respublikanın Əməkdar müəllimi adına layiq
görülmüşdür.
Həmid Abbasov 2001-ci ildə ADNA-da
fakültə dekanı seçilmişdir.
HƏMİD VƏLİYEV
Həmid Alı oğlu Vəliyev 1939 il iyulun
15-də Borçalının Sadaxlı kəndində anadan
olmuşdur. 1960-1966-cı illərdə Azərbaycan Dövlət
Universitetinin filologiya fakültəsinin
jurnalistika bölməsində qiyabi təhsil almış,
1975-1978-ci illərdə Moskvada Ali Partiya Məktəbində
təhsilini qiyabi davam etdirmişdir. Azərbaycan
EA Nizami adına Ədəbiyyat İnstitutunda
namizədlik dissertasiyası müdafiə etmişdir (1980),
filologiya elmləri namizədidir. Əmək
fəaliyyətinə 1958-ci ilin noyabr ayından başlamış,
doğma kənddəki məktəbdə pioner baş dəstə rəhbəri
işləmiş, bir neçə aydan sonra Gürcüstanın
Marneuli rayon qəzetində korrektor vəzifəsinə
keçmişdir. 1960-cı ildən "Sovet Gürcüstanı"
qəzetində korrektor, baş korrektor, şö’bə
müdiri, 1973-cü ildən 1991-ci ilədək həmin qəzetdə
redaktor müvaini işləmiş, 1991-ci ildə Bakıya
köçmüş və iyul ayından respublika prezidentinin
himayəsi ilə nəşrə başlayan "Yurd" jurnalının
(Azərbaycan dilində buraxılışının) redatkoru
tə’yin olunmuş, Bakıda işlədiyi dövrdə "El
qəzeti"nin və "Mübarizə" qəzetinin baş
redaktoru olmuşdur. "Azərbaycan folkloru və
ədəbiyyatı gürcü mənbələrində" kitabının
("Yazıçı", 1984), müəllifi, "Dni Qruzii" və
"Deleqat prişel na sjezd" kitablarının şərikli
müəllifi (Tbilisi, 1981), Amerika yazıçısı və
publisisti Deyl Karneginin "Dostu necə
qazanmalı" kitabının ("İşıq", 1993)
tərcüməçisidir. Satirik hekayələri də çap
edilmişdir. Gürcü-Azərbaycan ədəbi əlaqələri,
jurnalistikanın bu və ya digər problemləri,
xüsusilə beynəlxalq jurnalistika məsələllərinə
dair 160-dan artıq çap olunmuş məqalənin
müəllifidir. "Şərq ölkələrinin mətbuatı" və
"Gürcüstanda Azərbaycan dilli mətbuat"
kitablarını nəşrə hazırlamışdır.
Həmid Vəliyev jurnalistika ilə məşğul
olmaqla yanaşı, pedaqoji fəaliyyətini də davam
etdirir. 1991-ci ildən Bakı Dövlət Universitetində
beynəlxalq jurnalistika üzrə dərs deyir. 1997-ci
ildən universitetin beynəlxalq münasibətlər və
beynəlxalq hüquq fakültəsində beynəlxalq
jurnalistika bölməsinin aparıcı
müəllimlərindən biridir. 1999-cu ilin
sentyabrından e’tibarən jurnalistika
fakültəsinin dosenti və Azərbaycan Səhiyyə
Nazirliyinin "Şəfqət" qəzetinin baş
redaktorudur.
Gürcüstan Respublikasının Əməkdar
jurnalisti fəxri adına layiq görülmüş (1988),
Gürcüstan Ali Soveti Rəyasət Hey’ətinin fəxri
fərmanı, "Əməkdə fərqlənməyə görə" medalı ilə
təltif olunmuşdur.
HƏMZƏ ƏZİZBƏYOV
Həmzə Ömər oğlu Əzizbəyov 1961-ci ildə
Borçalının Sadaxlı kəndində anadan olmuşdur.
1967-ci ildə 2 saylı Sadaxlı kənd orta
məktəbinin birinci sinfinə getmiş, 1977-ci ildə
həmin məktəbi ə’la qiymətlərlə bitirmişdir.
1978-ci ildə Azərbaycan Tibb İnstitutunun (indiki
ADTU-nun) pediatriya fakültəsinə daxil olmuş,
1984-cü ildə isə həmin fakültəni fərqlənmə diplomu
ilə başa vurmuşdur. Bir il internatura keçmiş və
sonra tə’yinatla Sumqayıt şəhər
poliklinikasına göndərilmişdir.
Həmzə Əzizbəyov Sumqayıtda 2 il 6 ay
çalışmışdır.
1989-cu ildə Tibb Universitetinin uşaq
cərrahlıq kafedrasında aspiranturaya qəbul
olunmuş, 1994-cü ildə "Uşaqlarda yanıq yaralarının
dinamikasına maqnit şüasının tə’siri"
mövzusunda dissertasiya müdafiə edib tibb
elmləri namizədi elmi dərəcəsi almışdır.
Həmzə Əzizbəyovun elmi və pedaqoji
fəaliyyəti 32 elmi əsərdə, o cümlədən ingilis
dilində çıxmış bir elmi əsərdə və "Uşaqlarda
yanıqdan sonrakı cərrahi əməliyyat" adlı
kitabda öz əksini tapmışdır.
Həmzə Əzizbəyov bu müddət ərzində 15
beynəlxalq, ittifaq və respublika səviyyəli
konfrans və müşavirələrdə çıxış edib, elmi
məqalələr çap etdirmişdir. O, 1989-cu ildən
e’tibarən M. Nağıyev adına Tə’cili Tibbi Yardım
Xəstəxanasında uşaq cərrahı ixtisası üzrə
işləyir.
HƏSƏN VƏLİYEV
Həsən Paşa oğlu Vəliyev 1948-ci il
dekabrın 21-də Borçalının Qaçağan kəndində fəhlə
ailəsində anadan olmuşdur. 1966-cı ildə Qaçağan
orta məktəbini qızıl medalla bitirmiş və həmin
il ADU-nun mexanika-riyaziyyat fakültəsinin
birinci kursuna daxil olmuşdur. 1971-ci ildə Həsən
Vəliyev indiki BDU-nun mexanika-riyaziyyat
fakültəsini uğurla başa vurmuşdur.
1971-1987-ci illərdə Azərbaycan EA
Kibernetika İnstitutunda çalışmış və təhsilini
aspiranturanın qiyabi şö’bəsində davam
etdirmişdir. 1983-cü ildə Tbilisidə namizədlik
dissertasiyasını müdafiə edib,
fizika-riyaziyyat elmləri namizədi elmi
dərəcəsi almışdır. 1987-ci ildən Azərbaycan
Texniki Universitetində işləyir. Hazırda
"Riyaziyyat-2" kafedrasının dosentidir.
33 elmi-metodiki əsərin müəllifidir.
Elmi işləri əsasən "bir və çoxölçülü çanta
məsələsinin dəqiq və təqribi həlli"
problemlərinə həsr edilmişdir.
HƏSƏN XEYİRLİ (XEYİR-ZADƏ)
Həsən Məhəmməd oğlu Xeyirli (Həsən
Xeyir-zadə) 1908-ci ildə Borçalının Kürtlər
kəndində anadan olmuşdur.
Həsən Xeyirli ilk təhsilini ibtidai
məktəbdə almışdır.1923-cü ildə Qocoridə, sonra
1925-ci ildə Başkeçiddə müəllimlik kurslarında
təhsilini davam etdirmişdir. 15 yaşında ikən 1923-cü
ildə Kürtlər kəndində ibtidai əmək məktəbini
açmış, 1924-cü il sentyabrın 1-də Tbilisi Türk
Pedaqoji Txnikumuna göndərilmiş və 1928-ci ildə
oranı bitirmişdir. Həmin ildə texnikumun
buraxılış məclisinin qərarı əsasında
Respublikanın Maarif komisarlığı onu təhsilini
artırmaq üçün Bakıya, Azərbaycan Dövlət
Universitetinə göndərmişdir. Orada oxuyarkən
Azərbaycan Tikinti Sənayesi kombinatında
müəllimlik etmişdir. 1932-ci ildə
tarix-ictimaiyyət fakültəsini bitirmiş və
Tbilisiyə qayıtmışdır.
1933-1935-ci illərdə Müəllimlərin
İxtisasartırma İnstitutunun türk şö’bəsində və
Tbilisi Pedaqoji texnikumunda, 1936-1945-ci illərdə
isə Tbilisi Dövlət Universitetinin nəzdində
olan Azərbaycan şö’bəsində (4 fakültə) müdir
vəzifəsində işləmiş və dosent elmi dərəcəsinə
layiq görülmüşdür.
Həsən Xeyirli Zaqafqaziya Kənd
Təsərrüfatı Texnikumunda, Tbilisi Yol
Nəqliyyatı Mühəndislər institutunda, Gürcüstan
Kommunist Universiteti və Ali Kommunist
Məktəbində dərs deyib müəllimlik etmişdir.
1941-1952-ci illərdə Puşkin adına Tbilisi
Dövlət Pedaqoji İnstitutunda Azərbaycan
şö’bəsinin dekanı vəzifəsində işləmiş və SSRİ
tarixi fənnindən dərs demişdir. 1956-cı ildə Bakıya
köçərək 1971-ci ilə kimi Azərbaycan Dövlət
Universitetinin Siyasi iqtisad kafedrasında və
Xalq Təsərrüfatı İnstitutunun (indiki ADPU-nun)
iqtisadi tarix kafedrasında baş müəllim, dosent
kimi işləmişdir.
Həsən Xeyirlinin elmi və pedaqoji
fəaliyyəti bir neçə metodik göstərişdə, dərs
vəsaitində və iri həcmli elmi məqalələrdə öz
əksini tapmışdır.
Həsən Xeyirli 1979-cu ildə vəfat
etmişdir.
HƏSƏN HƏSƏNOV
Həsən Mehdi oğlu Həsənov 1940-cı ildə
Borçalının Qasımlı kəndində kolxozçu ailəsində
anadan olmuşdur. 1958-ci ildə Qasımlı kənd orta
məktəbini qızıl medalla bitirmiş və Azərbaycan
Politexnik İnstitutunun hidromeliorasiya
fakültəsinə daxil olmuşdur. 1963-cü ildə İnstitutu
fərqlənmə diplomu ilə bitirdikdən sonra,
Azərbaycan Elmi-Tədqiqat Hidrotexnika və
Meliorasiya İnstitutunda kiçik elmi işçi kimi
fəaliyyətə başlamışdır.
1966-cı ildə Moskva Hidromeliorasiya
İnstitutunun nəzdində məqsədli aspiruanturaya
daxil olmuş və 1970-ci ildə namizədlik
dissertasiyası müdafiə etmişdir.
1970-ci ildən Azərbaycan Elmi-Tədqiqat
Hidrotexnika və Meliorasiya İnstitutunda baş
elmi işçi kimi fəaliyyət göstərmiş və 1978-ci ildə
müsabiqə yolu ilə hidrotexniki laboratoriyanın
müdiri seçilmişdir.
Həsən Həsənov bir çox orden və
medallarla təltif edilmişdir. 1975-ci ildə
Moskvada keçirilən "İrriqasiya və drenaj-75"
beynalxalq sərgidə "Balıqqoruyucu qurğunun"
yeni konstruksiyası müvəfəqqiyyətlə nümayiş
etdirilmiş, Həsən Həsənov sərginin "gümüş"
medalı ilə təltif edilmişdir. 1981-ci ildə SSRİ Ali
Sovetinin fərmanı ilə xalq təsərrüfatının
inkişafında əldə etdiyi nailiyyətə görə "Şərəf
nişanı" ordeni ilə təltif edilmişdir. 1985-ci ildə
Moskva Xalq Təsərrfüfatı Nailiyyətləri
sərgisində nümayiş etdirilmiş "Balıqqoruyucu
qurğunun" təkmilləşdirilmiş konstruksiyasına
görə həmin sərginin "bürünc" medalına layiq
görülmüşdür.
Həsən Həsənovun rəhbərliyi ilə
hidrotexniki laboratoriya quraşdırılmış və yeni
avadanlıqla təchiz olunmuşdur.
Müxtəlif illərdə keçmiş SSRİ-nin bir
çox şəhərlərində - Moskva, Kiyev, Aşqabad,
Həştərxan, Novoçerkassk, Saratov, Mahaçkala,
Tbilisidə konfranslarda iştirak etmiş,
elmi-praktik məqalələr çap etdirmişdir.
Həsən Həsənov 66 elmi işin və
monoqrafiyaların müəllifi olmuşdur. Eyni
zamanda H.Həsənov 4 ixtiraya görə müəlliflik
şəhadətnaməsi almışdır.
Həsən Həsənov 1966-cı ildə "Suvarma
sistemlərinin suburaxıcı və balıqqoruyucu
qurğularının layihələşdirilməsinin elmi
əsasları" mövzusunda doktorluq dissertasiyası
müdafiə etmişdir.
Onun rəhbərliyi altında bir çox
aspirantlar namizədlik dissertasiyası müdafiə
etmişlər.
Həsən Həsənov 1999-cu ildə vəfat
etmişdir.
HÜSEYN SƏMƏDZADƏ
Hüseyn Səməd oğlu Səmdzadə 1957-ci ildə
Borçalının Sarvan kəndində anadan olmuşdur.
1964-cü ildə 1 saylı Marneuli rus orta
məktəbinə getmiş və 1974-cü ildə həmin məktəbi
bitirmişdir.
1974-cü ildə Daşkənd Yüngül Sənaye və
Toxuculuq İnstitutuna daxil olmuş və 1978-ci ildə
həmin institutu bitirmişdir.
1978-1980-ci illərdə hərbi xidmətdə
olmuşdur.
1980-cı ildən Moskva Toxuculuq
Kombinatında mühəndis vəzifəsində əmək
fəaliyyətinə başlamışdır.
1984-cü ildə indiki Azərbaycan Dövlət
İqtisad Universitetinə daxil olmuş və 1987-ci ildə
həmin universiteti bitirmişdir.
1988-1990-cı illərdə Çin Xalq
Respublikasında "Stonkogksport"un sədr
müavini işləmişdir.
1990-cı ildə SSRİ Diplomatiya
Akademiyasına daxil olmuş, sonra isə Almaniyanın
Hamburq şəhərində təhsilini davam etdirmişdir.
1991-ci ildə Hüseyn Səmədzadə "Çinin
iqtisadiyyatı" mövzusunda namizədlik
dissertasiyası müdafiə edib elmi dərəcə
almışdır.
1991-ci ildən SSRİ Diplomatiya
Akademiyasının nəzdində təşkil olunmuş "XXI
əsrin liderləri" Beynəlxalq humanitar
təşkilatının Azərbaycan şö’bəsinin prezidenti
tə’yin olunmuşdur.
1994-cü ildə "Azərbaycan-Çin"
federasiyası beynəlxalq ictimai təşkilatının
Prezidenti seçilmişdir.
1996-cı ildən Ümumdünya İqtisadçılar
Assosiasiyasının üzvü seçilmişdir.
2001-ci ildə "Azərbaycan-Yaponiya"
Beynəlxalq İqtisadi fondunun Prezidenti
seçilmişdir.
Hüseyn Səmədzadə bir neçə elmi
hesabatın və elmi əsərin müəllifidir. O, 10
beynəlxalq konqres və simpoziumların
iştirakçısı olmuşdur.
Hüseyn Səmədzadə hazırda
"Azərbaycan-Çin" beynəlxalq ictimai
təşkilatının Prezidenti və Azərbaycan-Yaponiya
əməkdaşlıq fondunun prezidentidir. O, eyni
zamanda "Azərbaycan işgüzarlar"
kompaniyasının təşkilatçısı və rəhbəri kimi öz
fəaliyyətini davam etdirir.
O. Həm də "Bakılı" ictimai-siyasi
qəzetinin baş direktoru və xeyriyyəçisidir.
XALİD ƏLİZADƏ
Xalid Şəmsi oğlu Əlizadə 1934-cü il may
ayının 24-də Borçalının Lecbəddin kəndində ziyalı
ailəsində anadan olmuşdur. Atası Şəmsi Əlizadə
Borçalıda böyük nüfuza malik qabaqcıl maarif
xadimlərindən olmuşdur. Anası Həcər xanım
Birinci Kosalı Mədəd ağanın qızı, məşhur Əhməd
Soltanın qız nəticəsi idi.
Xalid Əlizadə ibtidai məktəbə doğma
kəndlərində getmiş, natamam orta məktəbi isə
Muğanlı kəndində bitirmişdir. Sonra isə
təhsilini davam etdirmək üçün Marneuli Pedaqoji
Texnikumuna daxil olmuş, 1952-ci ildə həmin
texnikumu bitirmişdir.
1952-ci ildə Azərbaycan Dövlət
Universitetinin (indiki BDU-nun)
geoloji-coğrafiya fakültəsinə daxil olmuş, 1957-ci
ildə isə fərqlənmə diplomu ilə geologiya
ixtisası üzrə bitirmişdir. Tə’yinatla
Orconikidze (indiki Suraxanı) rayonunun nəzdində
olan 6-cı neft mə’dənində əmək fəaliyyətinə
başlamışdır. O, eyni zamanda Marksizm-Leninizm
Universitetini də bitirmişdir.
Xalid Əlizadə elmi axtarışlarla
yanaşı, ingilis və rus dillərini mükəmməl
öyrənmişdir. Müəyyən kursları bitirdikdən sonra
hər iki dili öz ana dili kimi mənimsəmişdir.
Xalid 1960-cı illərdə yerli komsomol
təşkilatının katibi seçilmiş, plenum və
konfranslarda, respublika daxili istehsalat və
təsərrüfat müşavirələrində elmi əsaslarla çıxış
edib, materiallar dərc etdirmişdir.
1958-ci ildə Xalid Əlizadə Orconikidze
rayon Komsomol Komitəsinin birinci katibi
vəzifəsinə seçilmişdir. Bir müddət sonra partiya
sıralarına daxil olmuş, dəfələrlə rayon Xalq
Deputatları Sovetinə deputat seçilmişdir.
1960-cı ilin əvvəlində Azərbaycan Dövlət
Universitetinin rektoru, akademik Şəfayət
Mehdiyevə ərizə ilə müraciət edib geologiya üzrə
aspiranturaya daxil olmuşdur. Aspirant dövründə
Xalid Əlizadə rus və ingilis dillərində elmi
konfranslarda çıxış etmiş, elmi məqalələr çap
etdirmişdir.
1961-ci ildə Xalid Əlizadə "Assimetrik
neft yataqlarının geoloji quruluşu və
xüsusiyyətləri" adlı dissertasiya işini
tamamlamışdır. Onun elmi nəticələri Elmi Şuranın
üzvləri tərəfindən yüksək qiymətləndirilmişdir.
İntellektual biliyə və dərin savada
malik olan alim-geoloq Xalid Əlizadə son illərdə
həyatla barışmaz olmuşdur. Onun özünəməxsus
həyat tərzi və həyata baxışı var idi.
Xalid Əlizadə 1961-ci ildə Bakıda vəfat
etmişdir.
|