Ağbulaq     Baş keçid     Borçalı     Qarayazı     Dağ Borçalı     Qaraçop     Tiflis     Çoruk Qəmərli  
Coğrafiyası
Etimologiyası
Kəndləri
Nəqliyyatı
Tarixi
Demoqrafik quruluşu
Sənaye və kənd təssərrüfatı
Torpaq fondu
Maarifin inkişafı
Türk Pedaqoji Texnikomları
Adət ənənələri
Ədəbi mədəni əlaqələri
İctimai siyasi durum
Borçalı ziyalıları dövlət və hökümət orqanlarında
Öndər adamları
Akademik və müxbir üzvləri
Elmlər doktorları
Elmlər namizədləri
Həkimlər
El ağsaqqalları
Generallar
Hüquqsunaslar
Tarixi qəhrəmanlar
Rəssamlar
Memarlar
İncəsənət xadimləri
Jurnalistlər
Aşıq folklor örnəkləri
El sənətkarları
Xeyriyyəçilər
İdmançılar
Şəhidlər
Yaylaqlar
Xəritələr
Şəkillər
 

The Project is accomplished by the assistance of the Bureau of Educational and Cultural Affairs of the U.S. Department of State and International Research & Exchanges Board

Səhifənin yaradılmasında göstərdiyi köməkliyə görə Məmməd Sarvana təşəkkür edirik

ELMLƏR NAMİZƏDLƏRİ

BORÇALI (MARNEULİ) BÖLGƏSİ

[A] [B-E] [Ə-G] [H-X] [İ-Q] [M-N] [R-S] [S-Ş] [T-V] [V-Z]

ƏMİR BAYRAMOV

Əmir Hümbət oğlu Bayramov 1937-ci ildə Borçalının Qaçağan kəndində anadan olmuşdur. 1944-cü ildə Qaçağan orta məktəbinin birinci sinfinə getmiş, 1951-ci ilin dekabr ayında valideyinləri ilə birlikdə represiyaya mə’ruz qalaraq Cənubi Qazaxıstan vilayətinə sürgün edilmişdir. Orada o, rus orta məktəbinə gedib təhsilini rus dilində davam etdirmişdir. 1953-cü ildə Stalinin ölmündən sonra vətənə qayıtmışlar. İki illik fasiləyə baxmayaraq Əmir yenidən orta məktəbin 7-ci sinfində təhsilini davam etdirmiş, məktəbi qızıl medalla bitirmişdir. Sonra Moskva şəhərinə gedib Tibb İnstitutuna daxil olmuşdur. Əmir Bayramov əyani oxuya-oxuya eyni zamanda müxtəlif tibb müəssisələrində işləmişdir. Ali təhsil aldıqdan sonra o tə’yinatla Skilofosovski adına Elmi-Tədqiqat İnstitutuna (Mərkəzi tibbi yardım) həkim göndərilmiş, şö’bə rəisi vəzifəsinə tə’yin olunmuşdur. İnstitutun partiya təşkilatının katibi seçilmişdir.

O, bir neçə orden və medallarla təltif edilmiş, institutun rəhbərliyi tərəfindən diplom və Fəxri fərmanlar verilmişdir. Əmir Bayramov hazırda Moskva şəhərinin mərkəzi xəstəxanasında şö’bə müdiri vəzifəsində öz elmi və əmək fəaliyyətini davam etdirir.

 

ƏLİ ALLAHVERDİYEV

Əli Aydın oğlu Allahverdiyev 1958-ci ildə Borçalının Dəmyə Korarxı kəndində anadan olmuşdur.

1975-ci ildə Dəmyə Gorarxı kənd orta məktəbini bitirmişdir. 1976-cı ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun sənayenin iqtisadiyyatı fakültəsinə qəbul olmuş və 1980-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə başa vurmuşdur. İnstitutu bitirdikdən sonra tə’yinatla Gəncə Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinə göndərilmiş və 1984-cü ilədək Gəncə Şəhər Plan Komissiyasında iqtisadçı vəzifəsində işləmişdir. 1981-1982-ci illərdə hərbi xidmətdə olmuşdur.

1984-cü ildə müsabiqə yolu ilə Azərbaycan Texnologiya İnstitutunun istehsalatın iqtisadiyyatı, təşkili, planlaşdırılması və idarə edilməsi kafedrasında assistent, sonralar isə həmin kafedrada baş müəllim və dosent vəzifəsində işləmişdir. 1990-cı ildə Leninqrad Maliyyə-İqtisad institutunda namizədlik dissertasiyası müdafiə edib, iqtisad elmləri namizədi elmi dərəcəsi almışdır.

Hazırda Azərbaycan Texnologiya İnstitutunun biznesin idarə edilməsi kafedarsının dosentidir. 30-dan çox elmi-metodik əsərlərin müəllifidir.

Əli Allahverdiyev bir sıra beynəlxalq və respublika səviyyəli konfransların iştirakçısı olmuş, məqalələr çap etdirmişdir.

 

ƏLİ ƏLİYEV

Əli Əsəd oğlu Əliyev 1929-cu il dekabrın 24-də Borçalının Baydar kəndində qulluqçu ailəsində anadan olmuşdur. İbtidai məktəbi doğma kəndlərində oxumuş, 1943-1944-cü illərdə kolxozda işləmiş, təhsilini isə axşam məktəbində davam etdirmişdir. 1947-ci ildə qonşu Bolus rayonunun Bolnisi Kəpənəkçi (Kvemo Bolnisi) orta məktəbini bitirmişdir.

1947-1949-cu illərdə Puşkin adına Tbilisi Pedaqoji İnstitutunun nəzdində ikiillik Azərbaycan Müəllimlər İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsini başa vurmuşdur. 1949-1953-cü illərdə Marneuli rayonunun Baydar kənd orta məktəbində müəllim işləmişdir.

1958-ci ildə Voronej Dövlət Universitetinin tarix fakültəsini başa vurmuşdur. O, bir müddət Voronej şəhərində təhsildən ayrılmamaq şərtilə inşaatçı, fəhlə yataqxanasında tərbiyəçi işləmişdir. 1958-1960-cı illərdə Voronej vilayətinin Rossoşka orta məktəbində direktor işləmişdir. 1960-cı ildə Bakıya gəlmiş, Azərbaycan Xalq Maarif Nazirliyinin Dövlət Muzeyində elmi işçi olmuş, Ümumittifaq Tədris Kursunun Bakı filialında mühazirələr oxumuşdur.

1960-1962-ci illərdə Azərbaycan EA Fəlsəfə sektorunda kiçik elmi işçi vəzifəsində işləmişdir. 1962-1965-ci illərdə Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsinin əyani aspirantı olmuş və 1965-ci ilin aprel ayında Azərbaycan Dövlət Universitetində humanizm probleminə dair namizədlik dissertasiyası müdafiə etmişdir.

1965-1967-ci illərdə Gəncə Kənd Təsərrüfatı İnstitutunun fəlsəfə kafedrasının dosenti olmuşdur. Eyni zamanda Azərbaycan EA Təbiətşünaslığın və Texnikanın tarixi şö’bəsində baş elmi işçi işəlmişdir.

1968-1976-cı illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun fəlsəfə kafedrasında dosent işləmişdir.

Əli Əliyev 1965-ci ildən fəlsəfə elmləri namizədi, 1967-ci ildən dosent, 1984-cü ildən psixologiya elmləri üzrə də dosent olmuşdur. O, 1976-cı ildə Bakıda-Respublika Prokurorluğunda işləyən erməni lobbisinin təşkil etdiyi qəsdçilik və qərəzlik nəticəsində 5 nəfər erməni tələbəsinin böhtan xarakterli ifadələri ilə bağlı 1981-ci ilədək Azərbaycandan uzaqlaşdırılmışdır.

1981-1982-ci illərdə Bakı inşaat idarələrində fəhlə işləmişdir. 1983-cü ildə onun məhkumluğu ləğv olunmuş və alimlik rütbəsi özünə qaytarılmışdır.

1984-1991-ci illərdə texniki-peşə təhsili rəhbər işçilərin ixtisasını artıran Leninqrad Dövlət İnstitutunun pedaqogika və psixologiya kafedrasının Azərbaycan filialında dosent işləmişdir. 1991-ci ildən Pedaqoji Kadrların İxtisasını Artıran və Yenidən Hazırlayan baş institutun psixologiya kafedrasının, Bakı Biznes Universiteti, Azərbaycan İqtisad Universiteti fəlsəfə kafedrasının dosenti kimi fəaliyyət göstərmişdir.

Əli Əliyevin elmi və pedaqoji fəaliyyəti 50-dən çox elmi əsərdə, bir neçə dərs vəsaitində və metodik göstərişdə öz əksini tapmışdır. İndiyədək 30 beynəlxalq və ittifaq səviyyəli konfranslarda çıxış etmiş, elmi məqalələr çap etdirmişdir.

Hazırda Azərbaycan Texniki Universitetinin dosentidir.

 

ƏNVƏR SADIXOV

Ənvər Məhərrəm oğlu Sadıxov 1927-ci ildə Borçalının Sarvan kəndində anadan olmuşdur.

Ənvər Sadıxov orta məktəbi bitirdikdən sonra (1943-1944) Tbilisi Müəllimlər İnstitutuna daxil olmuşdur.

1948-ci ildə Leninqrad Ali Milis Məktəbinə daxil olmuş və 1952-ci ildə həmin məktəbi müvəffəqiyyətlə başa vurmuşdur. 1953-cü ildə Azərbaycan Politexnik İnstitutunun avtomobil fakültəsinə daxil olmuşdur. 1958-ci ildə bu fakültəni bitirib Karyagin (indiki Füzuli) rayonunda işləməyə göndərilmişdir. Bir müddət orada işlədikdən sonra Bakıya qayıdan Ənvər Sadıxov Bakı nəqliyyat və sərnişindaşıma Agentliyində, Bakı poçt və rabitə avtobazasında çalışmışdır. Onun təşəbbüsü ilə Bakı şəhərində 5 nömrəli sərnişindaşıma parkı açılmış, özü parkda direktor, sonra isə respublika avtomobil nazirinin müavini olmuş, iki il respublika avtomobil-nəqliyyat vasitələrinin satışında baş direktor vəzifəsində işləmişdir. On beş ildir ki, Azərbaycan Texniki Universitetində dosent vəzifəsində çalışır. Ənvər Sadıxovun elmi və pedaqoji fəaliyyəti 22 elmi əsərdə öz əksini tapmışdır. 10-dan çox elmi konfransda iştirak edib, material dərc etdirmişdir.

ƏSGƏR ƏLİYEV

Əsgər Teymur oğlu Əliyev 1941-ci ildə Borçalının Qırıxlı kəndində anadan olmuşdur. 1958-ci ildə Qaçağan orta məktəbini bitirmiş, 1961-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki ADKTA) meyvə-tərəvəzçilik və üzümçülük fakültəsinə daxil olmuş, 1966-cı ildə həmin institutu fərqlənmə diplomu ilə bitirmişdir.

Əsəgr Əliyev 1966-cı ildə Azərbaycan Elmi-Tədqiqat Meyvəçilik, Üzümçülük və Subtropik Bitkilər İnstitutunda kiçik elmi-işçi vəzifəsində işləmiş və 1968-ci ildə həmin institutda üzümçülük üzrə aspiranturaya daxil olmuşdur. 1971-ci ildə aspiranturanı qurtardıqdan sonra Gəncə üzümçülük və şərabçılıq təcrübə stansiyasında elmi işçi vəzifəsində işə başlamış və həmin dövrdə "Azərbaycan SSR Gəncə-Qazax zonasında İtaliya Rislinqi üzüm sortundan kondisiyalı məhsul almaq üçün əsas becərmə üsulu" mövzusunda dissertasiya müdafiə edərək kənd təsərrüfatı elmləri namizədi elmi dərəcəsi almışdır. Hazırda o, Gəncə şərabçılıq təcrübə stansiyasında aparıcı elmi-işçi vəzifəsində işləyir. 15-ə qədər elmi məqalənin və tövsiyənin müəllifidir.

 

ƏSGƏR HƏSƏNOV

Əsgər Adilxan oğlu Həsənov 1955-ci il iyunun 28-də Borçalının Ağməmmədli kəndində anadan olmuşdur. 1962-ci ildə Ağməmmədli kənd orta məktəbinə daxil olmuş, 1972-ci ildə həmin məktəbi bitirmişdir. 1973-cü ildə Azərabycan Dövlət Universitetinin (indiki BDU-nun) fizika fakültəsinə daxil olmuşdur. Universitetin yarımkeçiricilər fizikası kafedrasında elektrotexnik vəzifəsində çalışmış, Kosmik Tədqiqatlar İnstitutuna işə girmiş, əvvəlcə mühəndis, kiçik elmi işçi, elmi işçi və nəhayət, 1990-cı ildə institutun nəzdində təşkil olunmuş "Asiman" Elmi Texniki Kompleksdə direktor müavini, 1994-cü ildən isə direktor vəzifəsində çalışmıdır.

1986-cı ildə qiyabi aspiranturaya daxil olmuşdur. 1992-ci ildə dissertasiya müdafiə edib texnika elmləri namizədi elmi dərəcəsi almışdır. Əsgər Həsənovun elmi fəaliyyəti 12 əsərdə öz əksini tapmışdır. 6 müəlliflik şəhadətnaməsinin müəllifidir. Dissertasiyasının elmi tədqiqi əsasında Kosmik Tədqiqatlar İnstitutunun Təcrübə Zavodunda Leninqraddakı (Sank-Peterburq) Kosmik Tədqiqatlar İnstitutunun sifarişilə temperatur çeviriciləri hazırlanaraq çox yüksək səviyyədə Leninqradda sınaqdan keçirilmiş, yerin sü’ni peykində yerləşdirilmişdir. 1989-cu ildə "Birkeçidli tranzistor" priboru müəlliflik şəhadətnaməsini almışdır.

Hazırda elmi nəticələrin nailiyyətindən və məhsulundan Rusiya Fedrasiyasının bir çox şəhərlərinin institut və zavodları istifadə edir. Əsgər Həsənov idarə rəisi vəzifəsində çalışır.

 

ƏHMƏD BƏLƏGÖZOV

Əhməd Məhəmməd oğlu Bələgözov 1939-cu ildə Borçalının Kürtlər kəndində anadan olmuşdur. İbtidai məktəbi doğma kəndində, səkkizillik məktəbi Baydarda, orta məktəbi isə Böyük Muğanlı kəndində bitirmişdir. Həmin il Bolnisi Kənd Təsərrüfatı Texnikumuna daxil olmuş, 3 aydan sonra hərbi qulluğa çağırılmışdır.

Ordudan tərxis olunduqdan sonra (1961) Azərbaycan Politexnik İnstitutuna daxil olmuşdur. 1966-cı ildə həmin institutda sənaye və mülki tikinti ixtisasına yiyələnmişdir.

1967-1972-ci illərdə Sənaye Tikintisi Nazirliyinin müxtəlif sahələrində mühəndis, texniki şö’bənin müdiri, baş mühəndis vəzifəsində çalışmışdır. Onun bu sahədə 100-dən artıq səmərəli təklifi istehsalatda geniş tətbiq olunmuşdur. 1973-1980-ci illərdə elmlə məşğul olmuş, 1981-ci ildə Moskvanın "Dəmir-beton Elmi Tədqiqat İnstitutunda" dissertasiya müdafiə edib elmi dərəcə almışdır. "Bakı monolit beton və dəmir-beton" laboratoriyasında baş elmi işçi, sonralar AzİMU-nin baş müəllimi və 1992-ci ildən AZİMU-nun dosentidir. Onun 70-dən çox elmi məqalələri keçmiş ittifaqın müxtəlif elmi mərkəzlərində və konfranslarında dinlənilmiş və çap olunmuşdur.

Əhməd Bələgözovun elmi və pedoqoji fəaliyyəti tikinti istehsalatının texnologiyası üzrə bir dərslik, bir patent, dörd metodik göstəriş və iki ixtirada öz əksini tapmışdır. Bir nəfər elmlər namizədi yetişdirmişdir.

Əhməd Bələgözovun rəhbərliyi altında dörd nəfər magistr dissertasiya işini tamamlamışdır.

 

ƏHMƏD İMANOV

Əhməd Süleyman oğlu İmanov 1965-ci ildə Borçalının Sadaxlı kəndində anadan olmuşdur. 1973-cü ildə Sadaxlı 2 saylı orta məktəbinin birinci sinfinə getmiş və 1983-cü ildə həmin məktəbi ə’la qiymətlərlə bitirmişdir. 1983-cü ildə Azərbaycan Politexnik İnstitutunun maşınqayırma fakültəsinə daxil olmuşdur. 1984-1986-cı illərdə orduda xidmət etmiş və 1990-cı ildə mühəndis mexanik ixtisası üzrə, fərqlənmə diplomu ilə təhsilini başa çatdırmış, mühəndis qrafikası kafedrasında baş laborant vəzifəsində saxlanılmışdır. İşlədiyi qısa müddət ərzində 30-a yaxın elmi məqaləsi çap olunmuşdur. Nəşr olunmuş elmi əsərləri istilik texnikasının nəzəri əsasları, tərsimi həndəsə və maşın qrafikasına həsr olunmuşdur.

1992-ci ildən Texniki Universitetin istilik texnikası və istilik qurğuları kafedrasının dissertantı olmuşdur. 1998-ci ildə Əhməd İmanov müvəffəqiyyətlə müdafiə edərək texnika elmləri namizədi elmi dərəcəsi almışdır.

Hazırda AzTU-nun mühəndis qrafikası kafedrasında dosent vəzifəsində işləyir və istilik texnikasının nəzəri əsasları ixtisası üzrə elmi fəaliyyətini davam etdirir.

 

FƏRHAD AYVAZOV

Fərhad Dursun oğlu Ayvazov 1955-ci il iyulun 22-də Borçalının Sadaxlı kəndində anadan olmuşdur.

1961-1972-ci illərdə Sadaxlı 1 saylı orta məktəbində oxumuşdur.

1972-1974-cü illərdə Sadaxlı tütünçülük sovxozunda fəhlə işləmişdir.

1974-1978-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil almış, biologiya-coğrafiya fakültəsini bitirərək, coğrafiya müəllimi ixtisasına yiyələnmişdir.

1978-1984-cü illərdə tə’yinatla Göyçay rayonuna göndərilmiş, Çaxırlı kənd məktəbində müəllim, direktor müavini və direktor vəzifəsində işləmişdir.

1984-1991-ci illərdə Kənd təsərrüfatının kimyalaşdırılması üzrə Bakı layihə-axtarış stansiyasında aparıcı mütəxəssis işləmişdir.

1991-1997-ci illərdə Azərbaycan EA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi və laboratoriya rəhbəri vəzifələrində çalışmışdır.

1997-ci ildən hal-hazıra kimi Dövlət Torpaq Komitəsində baş idarə rəisi vəzifəsində işləyir. Kollegiya üzvüdür.

Fərhad Ayvazov 1984-1989-cu illərdə Kənd Təsərrüfatı Akademiyasının aspirantı olmuş, 1989-cu ildə "Acınohur düzü qış otlaq torpaqlarının aqroekoloji səviyyəsi, bonitirovkası və ondan səmərəli istifadə olunma yolları" mövzusunda dissertasiya müdafiə edərək kənd təsərrüfatı elmləri namizədi elmi dərəcəsi almışdır.

O, 30-dan artıq elmi əsər, o cümlədən 2 monoqrafiya, 4 metodik tövsiyə, tə’limat və digər kitabların müəlliflərindən biridir.

Hazırda EA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda aparıcı elmi işçi kimi fəaliyyətini davam etdirir.

"Bazar iqtisadiyyatı dövründə xırda mülkiyyətçi torpaqlarının qiymətləndirilməsi" mövzusunda elmi iş aparır.

 

 FƏRHAD BAYRAMOV

Fərhad Hüseynəli oğlu Bayramov 1947-ci ildə Borçalının Sadaxlı kəndində anadan olmuşdur. 1965-ci ildə Sadaxlı kənd orta məktəbini qızıl medalla bitirmiş, Azərbaycan Neft və Kimya İnstitutuna (indiki Neft Akademiyası) daxil olmuşdur. Tələbəlik illərində Azərbaycan Elmlər Akademiyasının Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutunda əmək fəaliyyətinə başlamışdır. Ali təhsilini başa vurduqdan sonra işlədiyi institutun aspiranturasına daxil olmuş, sonra isə orduda xidmət etmişdir.

1979-cu ildə dissertasiya işini müdafiə edərək kimya elmləri namizədi elmi dərəcəsi almışdır.

50-dən çox elmi məqalənin müəllifidir. Elmi araşdırmalarına görə dörd dəfə keçmiş SSRİ Kəşflər və İxtiralar Komitəsinin müəlliflik şahədətnaməsini almışdır. "Müxtəlif qaz qarışıqlarının tərkibində azot oksidlərinin tə’yini" mövzusunda araşdırmalarının nəticələri keçmiş SSRİ-nin qapalı kimya zavodlarının birində tətbiq olunmuş, müəllif özü isə "SSRİ ixtiraçısı" fəxri adına və döş nişanına layiq görülmüşdür.

Fərhad Bayramov hazırda Azərbaycan Respublikası EA Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutunun aparıcı elmi əməkdaşıdır. O, fiziki kimyaya aid yeni araşdırmalar aparır.

 

FƏRHAD EMİNOV

Fərhad Bayram oğlu Eminov 1953-cü il iyul ayının 28-də Borçalının Qaçağan kəndində anadan olmuşdur.

1961-1971-ci ildərdə Qaçağan kənd orta məktəbində təhsil almışdır.

1971-ci ildə Azərbaycan Dövlət Universitetinin geoloji-coğrafiya fakültəsinə daxil olmuşdur.

1976-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) geoloji-coğrafiya fakültəsinin hidrometeorologiya şö’bəsini başa vurub tə’yinatla Azərbaycan Elmlər Akademiyasının Coğrafiya İnstitutuna göndərilmişdir.

İnstitutda əvvəlcə baş laborant vəzifəsində işləmiş, sonra isə mühəndis vəzifəsinə keçirilmişdir. 1979-cu ilin iyun ayından 1988-ci ilin dekabrınadək mikroiqlim sektorunda kiçik elmi işçi vəzifəsində çalışmış və 1989-cu ilin yanvar ayında elmi işçi vəzifəsinə keçirilmişdir.

1979-cu ilin payızında istehsalatdan ayrılmamaqla iqlimşünaslıq ixtisası üzrə aspiranturaya daxil olmuş və 1987-ci ilin may ayında "Ceyrançölün iqlimi və mikroiqlim variasiyası" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib coğrafiya elmləri namizədi elmi dərəcəsi almışdır.

1989-cu ilin iyul ayında müsabiqə yolu ilə Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsinin Elmi-Tədqiqat İqtisadiyyat institutunun "Ətraf mühitin mühafizəsi və təbiətdən istifadənin problemləri" şö’bəsində baş elmi işçi vəzifəsinə işə qəbul olunmuşdur.

1992-ci ilin iyul ayından Azərbaycan Respublikası Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsinin aparatına işə keçirilmiş və təbiətdən istifadə və ekologiya şö’bəsində aparıcı mütəxəssis vəzifəsində çalışmışdır.

1992-ci ilin noyabr ayında Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsi Sədrinin köməkçisi vəzifəsinə tə’yin edilmişdir.

1993-cü ilin fevral ayında Azərbaycan Respublikası Nazirlər Kabinetinə məs’ul işə keçirilmiş və Baş Nazirin köməkçisi vəzifəsində çalışmışdır.

1993-cü ilin aprel ayından yenidən Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsi Sədrinin köməkçisi vəzifəsində çalışmışdır.

1993-cü ilin iyun ayından Regional inkişaf toplu şö’bəsinin rəis müavini - regional iqtisadi orqanlarla iş bölməsinin rəisi vəzifəsinə tə’yin edilmişdir.

Hal-hazırda İqtisadiyyat Nazirliyinin Regional inkişaf şö’bəsinin rəis müavini vəzifəsində çalışır.

İndiyədək iqlim və mikroiqlim, ətraf mühitin mühafizəsi və təbiətdən istifadə sahəsində 40-dək çap olunmuş məqalənin müəllifidir.

Eyni zamanda Coğrafiya institutunda işlədiyi dövrdə hər biri 10 çap vərəqi həcmində olan 3 mövzunun əsas müəlliflərindən olmuşdur.

Elm sahəsində çalışdığı müddətdə həm Azərbaycanda, həm də SSRİ-nin digər respublikalarında elmi konfrans və simpoziumlarda iştirak etmişdir.

O, həmçinin Bakı Biznes və Azərbaycan Universitetlərində müəllimlik fəaliyyəti ilə də məşğuldur.

 

FUAD HÜMBƏTOV

Fuad Dursun oğlu Hümbətov 1969-cu il sentyabrın 10-da Bakı şəhərində anadan olmuşdur. 1976-cı ildə Bakı şəhər 39 saylı orta məktəbinin 1-sinfinə qəbul olunmuş, 1986-cı ildə həmin məktəbi qızıl medalla bitirmişdir. Həmin ildə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olmuşdur. Tələbə ikən bir neçə elmi məqaləsi mərkəzi elmi mətbuatda dərc edilmişdir. 1991-ci ildə o, universiteti fərqlənmə diplomu ilə bitirərək tə’yinatla Azərbaycan EA Riyaziyyat və Mexanika İnstitutunda əmək fəaliyyətinə başlamışdır. 1991-1994-cü illərdə Fuad Hümbətov Azərbaycan Elmlər Akademiyasının aspiranturasında təhsil almış, professor V. Kələntərovun rəhbərliyi ilə elmi araşdırmalar aparmışdır. 1994-cü ildə o, aspiranturanı vaxtından əvvəl bitirərək, "Qeyri-lokal qeyri-xəttilikləri olan yarımxətti diferensial-operator tənliklər üçün Koşi məsələsinin həllərinin qlobal davamiyyəti" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş və fizika-riyaziyyat elmləri namizədi adına layiq görülmüşdür.

Fuad Hümbətov 1994-cü ildən Azərbaycan EA RMİ-də "Riyazi-fizika tənlikləri" şö’bəsində kiçik elmi işçi vəzifəsindən aparıcı elmi işçi vəzifəsinə qədər ucalmışdır. O, eyni zamanda 1994-cü ildən "Azərbaycan" universitetində dosent vəzifəsində çalışır. Fuad Hümbətov həm respublikamızda, həm də xarici elmi mətbuatda dərc edilmiş 30-a yaxın elmi məqalə və monoqrafiyanın müəllifidir, bir çox elmlər namizədlərinin müdafiəsində rəsmi opponent olmuşdur. O, hal-hazırda doktorluq dissertasiyasını tamamlamaq üzrədir.

Fuad Hümbətov 1994-cü ildə ikinci ali təhsil almaq üçün yenidən M.Ə. Rəsulzadə adına BDU-nun hüquq fakültəsinə qəbul olunmuş, 1999-cu ildə fərqlənmə diplomu ilə universiteti bitirmişdir. Hal-hazırda Fuad Hümbətov beynəlxalq cinayət hüququna dair yeni elmi məqalələr üzərində işləyir.

Fuad Hümbətov 1998-ci ildə BDU və Azərbaycan Beynəlxalq Əməliyyatlar Şirkəti tərəfindən təşkil olunmuş və AR Prezidenti H. Əliyevin 75 illiyinə həsr edilmiş ümumrespublika gənc alimlər müsabiqəsinin qalibi olmuşdur.

 

GÜMRAH CƏFƏRLİ

Gümrah Əli oğlu Cəfərli 1929-cu ildə Borçalının Sarvan kəndində anadan olmuşdur. 1936-cı ildə Sarvan səkkizillik məktəbinin birinci sinfinə getmiş və 1947-ci ildə Marneuli Azərbaycan orta məktəbini bitirmişdir. Gümrah Cəfərli 1947-ci ildə Azərbaycan Dövlət Universitetinin riyaziyyat fakltəsinə qəbul olunmuşdur. 1952-ci ildə mexanika-riyaziyyat fakütəsini bitirmiş, Azərbaycan Pedaqoji İnstitutuna (indiki ADPU) əyani aspiranturaya daxil olmuşdur. Gümrah Cəfərli 1956-cı ildə dissertasiya müdafiə edib, fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi almışdır.

1956-65-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunun riyaziyyat fakültəsində dosent vəzifəsində işləmişdir. 1965-1976-cı illərdə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunda (indiki ATU) dosent, 1976-cı ildən bu günə qədər isə Azərbaycan Neft Akademiyasında dosent vəzifəsində çalışır. Üç sanballı tədris kitabının, on tədris metodik vəsaitinin və 30-a yaxın elmi məqalənin müəllifidir.

Gümrah Cəfərlinin çoxdan tamamlanmış, lakin hələlik işıq üzü görməyən 15 çap vərəqi həcmində monoqrafiyası və ali məktəblər üçün tədris kitabı - "Analitik həndəsə və xətti cəbrin elementləri" əsərləri vardır.

Gümrah Cəfərlinin ali təhsilli yetirmələrindən on nəfəri elmlər doktoru, 30 nəfərə yaxın isə elmlər namizədidir.

 

GÜLTƏKİN ABBASOVA

Gültəkin Cümşüd qızı Abbasova 1962-ci ildə Bakı şəhərində anadan olmuşdur, valideynləri Borçalının Qaçağan kəndindəndir. 1970-ci ildə Yasamal rayonundakı 158 saylı orta məktəbə getmiş, 1980-ci ildə həmin məktəbi bitirmişdir. Ümumi təhsillə yanaşı, musiqi təhsili də almışdır. 1980-ci ildə Bakı Dövlət Universitetinin fizika fakültəsinə daxil olmuş, 1985-ci ildə Universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 1985-ci ildən 3 il müddətində Bakı Dövlət Hidrometeorologiya Komitəsində işlədikdən sonra Bakı Dövlət Universitetinin fizika fakültəsinin optika və molekulyar fizika kafedrasında hazırkı dövrə kimi çalışır. 1994-1999-cu illərdə Universitetin nəzdində dissertant olmuş, 1999-cu ildə "Herpes virusu ribonukleotidreduktaza molekulu və onun analoqlarının fəza quruluşu" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş, fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi almışdır. İşlədiyi illər ərzində 12 elmi əsəri Bakıda və xarici ölkələrdə nəşr olunmuşdur.

 

GÜLNARƏ HACIYEVA

Gülnarə Sə’di qızı Hacıyeva 1960-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1967-1977-ci illərdə 225 saylı orta məktəbdə oxumuşdur. 1977-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki ADİU) uçot iqtisad fakültəsinə daxil olmuş və oranı 1982-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir. 1982-1985-ci illərdə Azərbaycan Respublikası Elmlər Akademiyasının İqtisad İnstitutunda aspiranturada oxumuşdur. 1986-cı ildə "Azərbaycan Elektrotexnika sənayesində əmək məhsuldarlığının artırılması yolları" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib, iqtisadi elmləri namizədi elmi dərəcəsi almışdır. Hal Hazırda AEA İqtisadiyyat İnstitutunun demoqrafiya və iş qüvvəsinin təkrar istehsalı şö’bəsində baş elmi işçi vəzifəsində işləyir.

1999-cu ilin avqust-noyabr aylarında ABŞ-ın Oklaxoma ştatında təhsilin inkişafı akademiyası tərəfindən aparılmış "Təbii resursların iqtisadiyyatı" proqramında iştirak etmiş və Oklaxoma Universitetinin sertifikatını almışdır.

Gülnarə Hacıyeva elmi tədbirlərdə yaxından iştirak etmiş, elmi məqalələr çap etdirmişdir.

Gülnarə Hacıyevanın elmi fəaliyyəti 10 çap vərəqi həcmində olan 13 elmi məqalədə öz əksini tapmışdır.

Copyright © 2003 Borchali