|
ELMLƏR NAMİZƏDLƏRİ
BORÇALI (MARNEULİ) BÖLGƏSİ
[A] [B-E] [Ə-G] [H-X] [İ-Q] [M-N] [R-S] [S-Ş] [T-V] [V-Z]
BƏKİR VƏLİYEV
Bəkir Səməd oğlu Vəliyev 1933-cü il may
ayının 2-də Borçalının Sadaxlı kəndində anadan
olmuşdur. O, ilk təhsilini Sadaxlı kəndində
almışdır. Azərbaycan Pedoqoji İnstitutunun
kimya-biologiya fakültəsinə daxil olmuş və 1954-cü
ildə həmin fakültəni başa vurmuşdur. Qardabani
rayonunun Qaracalar, sonra isə Kosalı orta
məktəbində (1954-1956-cı illərdə), Sadaxlı orta
məktəbində kimya-biologiya müəllimi işləmişdir.
1961-ci ildə Bakıya gəlmiş, Azərbaycan
Pedaqoji İnstitutunun (indiki APU) kimya
kafedrasının nəzdində analitik kimya ixtisası
üzrə aspiranturaya daxil olmuş və 1964-cü ildə
aspiranturanı bitirmişdir. 1966-cı ildə nadir
torpaq elementləri sırasına daxil olan
"İttiriumun areenat üsulu ilə yodometrik
tə’yini" mövzusunda namizədlik dissertasiyası
müdafiə edib kimya elmləri namizədi elmi
dərəcəsi almışdır. 1964-cü ildən indiyə kimi
Azərbaycan Respublikası EA Qeyri-Üzvi Kimya
İnstitutunda əvvəlcə laborant, sonra kimyaçı
mühəndis, daha sonra kiçik elmi işçi və 1965-ci
ildən isə baş elmi işçi vəzifəsində işləyir. Bu
müddət ərzində analitik kimya və mineral
maddələrin texnologiyası sahəsində apardığı
elmi tədqiqat işlərinin nəticəsi olaraq 60-a
yaxın elmi məqalələri işıq üzü görmüşdür.
CAVANŞİR HÜSEYNOV
Cavanşir Dilman oğlu Hüseynov 1951-ci
ildə Borçalının Qasımlı kəndində müəllim
ailəsində anadan olmuşdur.
1958-ci ildə Qasımlı kənd orta məktəbinə
getmiş və 1968-ci ildə oranı bitirib Azərbaycan
Neft və Kimya İnstitutunun neft mexanika
fakültəsinə daxil olmuşdur. 1974-cü ildə institutu
bitirib təyinatla indiki Bakı neft mə’dən
maşınqayırma zavoduna göndərilmişdir.
1974-1980-ci illərdə zavodda sex
ustasından zavodun baş mexaniki vəzifəsinə
qədər işləmişdir. 1980-ci ildə zavodun müdiriyyəti
tərəfindən o, İ.V. Qubkin adına Moskva Neft Kimya
və Qaz İnstitutuna məqsədli aspiranturaya
göndərilmişdir. 1984-cü ildə aspiranturanı
bitirib, "Çox şpindelli aqreqat dəzgahlarının
köməyi ilə kövdə detallarında deşik
sistemlərinin e’malı zamanı dəqiqliyin və
məhsuldarlığın artırılması" adlı mövzunu
müvəffəqiyyətlə müdafiə edib, texnika elmləri
namizədi elmi dərəcəsi almışdır. 1994-cü ildə
yenidən SSRİ Neft və Kimya Maşınqayırma
nazirliyi tərəfindən ikinci dəfə Bakı neft
mə’dən maşınqayırma zavoduna göndərilmişdir.
1984-1985-ci illərdə zavodda baş
konstruktorun müavini vəzifəsində işləmişdir.
1985-ci ildə "Bakneftmaş" birliyi tərəfindən
indiki 28 may adına neft mə’dən maşınqayırma
zavoduna baş mühəndis tə’yin edilmişdir.
1985-1987-ci illərdə zavodda baş mühəndis
vəzifəsində işləmişdir. 1987-ci ildə 28 may adına
neft mə’dən maşınqayırma zavodu ilə Keşlə
maşınqayırma zavodu SSRİ Neft və Kimya
Maşınqayırma Nazirliyinin əmri ilə birləşdiyi
üçün 28 may adına neft maşınqayırma zavodu Keşlə
maşınqayırma zavodunun 2-saylı istehsalat
sahəsinə çevrilmiş və o, Keşlə maşınqayırma
zavodunun texniki direktor müavini vəzifəsinə
tə’yin edilmişdir. 1988-ci ilə kimi bu vəzifədə
işləmişdir.
1988-ci ildən Montin adına Bakı neft
mə’dən maşınqayırma zavodunda (indiki Bakı neft
mə’dən maşınqayırma zavodunda) baş mühəndisin
texniki məsələlər üzrə müavini vəzifəsində
işləmişdir.
1994-cü ildən İnstrument Elmi İstehsalat
Birliyinin Baş direktoru vəzifəsində işləyir.
20-ə yaxın elmi məqaləsi çap olunmuşdur.
CÜMŞÜD ABBASOV
Cümşüd Rüstəm oğlu Abbasov 1934-cü il
aprelin 5-də Borçalının Qaçağan kəndində kəndli
ailəsində anadan olmuşdur. 1954-cü ildə Qaçağan
orta məktəbini bitirdikdən sonra həmin ildə
Azərbaycan Dövlət Universitetinin coğrafiya
fakültəsinə daxil olmuşdur. 1959-cu ildə
universiteti bitirdikdən sonra iqtisadi
coğrafiya ixtisası üzrə Azərbaycan EA Coğrafiya
İnstitutuna tə’yinat almış, institutda bir
müddət kiçik elmi işçi vəzifəsində işlədikdən
sonra 1963-cü ildə institutun nəzdindəki Xəzər
Problemləri Bölməsində əyani aspiranturaya
daxil olmuşdur. Leninqrad Elmi-Tədqiqat
Qalurgiya İnstitutunun laboratoriya müdiri,
professor A.İ. Dzens-Litovskinin rəhbərliyi
altında "Xəzər dənizinin qalurgiya
təsərrüfatının müasir vəziyyəti və inkişaf
perspektivləri" mövzusunda namizədlik
dissertasiyası müdafiə etmişdir.
O, 1968-ci ildən 1975-ci ilədək Coğrafiya
İnstitutunun Xəzər Problemləri Bölməsində baş
elmi işçi vəzifəsində işləmişdir. 1975-1977-ci
illərdə Xəzər elmi mərkəzində baş elmi işçi
vəzifəsində işləmişdir. 1977-ci ilin axırlarında
onun işlədiyi laboratoriya yenidən Coğrafiya
İnstitutuna qaytarılmışdır. 1977-ci ildən 1981-ci
ilədək İqtisadi və sosial coğrafiya şö’bəsində
baş elmi işçi vəzifəsində işləmişdir.
1981-ci ilin axırlarında müsabiqə yolu
ilə Bakı Dövlət Universitetinin iqtisadi və
sosial coğrafiya kafedrasına dosent vəzifəsinə
seçilmişdir. Hazırda fakültədə "İstehsalat
texniki-iqtisadi əsasları", "Azərbaycanın
iqtisadi və sosial coğrafiyası" və s. fənnlər
üzrə mühazirələr aparır. Bakı Dövlət
Universitetində işləyə-işləyə həm də 1995-1997-ci
illərdə Asiya Universitetində "Ekologiya"
fakültəsində dekan vəzifəsində işləmişdir.
Cümşüd Abbasovun 60-dan artıq elmi
əsəri çap olunmuşdur. O, cümlədən "İstehsalın
texniki-iqtisadi əsasları" (1991) və
"Azərbaycanın iqtisadi və sosial coğrafiyası"
(1998). Bunlardan əlavə onun "Xəzərin iqtisadi
problemləri" (1970) adlı kitabçası da nəşr
olunmuşdur. Hazırda universitetdə mühazirələr
aparmaqla yanaşı, Xəzər dənizinin iqtisadi
problemlərinə dair elmi-tədqiqat işlərini davam
etdirir.
CÜMŞÜD QABULOV
Cümşüd Mahmud oğlu Qabulov 1947-ci ildə
Borçalının Sarvan kəndində anadan olmuşdur.
1954-cü ildə 2 saylı Marneuli Azərbaycan orta
məktəbinin birinci sinfinə getmiş, 1965-ci ildə isə
1 saylı Marneuli şəhər Azərbaycan orta məktəbini
bitirmişdir. 1965-ci ildə Azərbaycan Dövlət
Universitetinin fizika fakültəsinə daxil olmuş,
1970-ci ildə isə həmin fakültəni başa vurmuş və
yarımkeçiricilər kafedrasında baş laborant
vəzifəsində saxlanılmışdır. 1972-ci ildə ADU-nun
(indiki BDU-nun) elmi şurasının qərarı ilə
AzPİ-nin (indiki ATU-nun) fizika kafedrasında
əyani aspiranturaya qəbul olunmuşdur.
Aspiranturanı bitirdikdən sonra həmin kafedrada
kiçik elmi işçi və assistent vəzifələrində
işləmişdir. 1978-ci ildə istilik fizikası üzrə
dissertasiya işini Cövhər Qala (Qroznı) neft
institutunda müdafiə edib, texnika elmləri
namizədi elmi dərəcəsi almışdır. 1980-cı ildə
çalışdığı fizika kafedrasında baş müəllim, 1982-ci
ildən isə dosent kimi fəaliyyətini davam
etdirmişdir. Cümşüd Qabulovun elmi və pedaqoji
fəaliyyəti 80-ə yaxın elmi əsərdə, beş dərs
vəsaiti, beş metodik göstərişdə öz əksini
tapmışdır. O, bir neçə dərs vəsaitinə elmi
redaktor olmuşdur.
Cümşüd Qabulov keçmiş Sovet İttifaqı
termodinamik cədvəl üzrə işçi komissiya
qrupunun üzvü olmuşdur. Onun elmi nəticələri
dövlət standartlar xidməti mə’lumatlar
bürosuna daxil olmuş və elmdə geniş tətbiqini
tapmışdır.
Cümşüd Qabulov 1984-cü ildən akademik
M.D. Milyonşikov adına Cövhər Qala Neft
İnstiututunun müdafiə Şurasının üzvü olmuşdur.
O, indiyədək 20 beynəlxalq və ittifaq, 25
dəfə isə respublika səviyyəli simpozium,
konfrans və müşavirələrdə çıxış edib, məqalələr
çap etdirmişdir. Cümşüd Qabulovun elmi və
pedaqoji fəaliyyəti bunlarla bitmir. O, Borçalı
soydaşlarının birliyi və bütövlüyü naminə
yaradılmış ictimai və mə’nəvi təşkilata
ağsaqqallıq edir.
Cümşüd Qabulov hal-hazırda ATU-nun
fizika kafedrasında dosent kimi pedaqoji
fəaliyyətini davam etdirir.
CÜMŞÜD ƏHMƏDOV
Cümşüd Süleyman oğlu Əhmədov 1939-cu il
avqustun 1-də Borçalının Keşəli kəndində
kolxozçu ailəsində anadan olmuşdur. 1946-cı ildən
1954-cü ilə qədər Keşəli 8-illik məktəbində təhsil
almışdır. 8-illik məktəbi ə’la qiymətlərlə başa
vurmuş və imtahansız Marneuli Pedaqoji
Məktəbinə qəbul olunmuşdur. 1958-ci ildə pedaqoji
məktəbi bitirdikdən sonra M.F. Axundov adına
Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı
İnstitutuna qəbul olunmuşdur. Lenin adına
təqaüdə layiq görülmüşdür. Axırıncı kursda
təhsil alarkən Respublika komsomol təşkilatının
çağırışı ilə 1962-1963-cü dərs ilində Kəlbəcər
rayonunun Aşağı Ayrım 8-illik məktəbində rus dili
və ədəbiyyatı müəllimi işləmişdir.
1963-cü ildə M.F. Axundov adına
Azərbaycan Pedaqoji Dillər İnstitutunun rus
dili və ədəbiyyatı fakültəsini fərqlənmə
diplomu ilə bitirdikdən sonra C.S. Əhmədov
məqsədli aspiranturaya göndərilmiş və Leninqrad
Dövlət Universitetinin ümumi dilçilik
kafedrasının nəzdində ümumi dilçilik ixtisası
üzrə aspiranturaya daxil olmuşdur. 1964-cü ilin
fevral ayından 1965-ci ilin avqust ayının
axırlarına kimi ordu sıralarında hərbi xidmətdə
olduqdan sonra aspiranturaya bərpa olunub
təhsilini davam etdirmişdir.
1968-ci ilin oktyabr ayının 1-dən M.F.
Axundov adına APDİ-nin rus dilçiliyi kafedrasına
müəllim vəzifəsinə işə götürülmüşdür. 1970-ci ildə
"Müasir Azərbaycan dilində predikativlər"
mövzusunda namizədlik dissertasiyası müdafiə
edib, filologiya elmləri namizədi elmi dərəcəsi
almışdır. 1970-ci ildə yeni açılmış hazırlıq
şö’bəsinə müdir tə’yin olunmuş, 1971-ci ildə baş
müəllim vəzifəsinə keçirilmişdir. 1974-cü ildən
dosentdir. 1973-cü ilin dekabrında ümumi dilçilik
kafedrasına müdir seçilmişdir. 1976-cı ildə
Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı
İnstitutunun tədris işləri üzrə prorektoru
vəzifəsinə tə’yin olunmuşdur. 1982-ci ilin
dekabrında ümumi və rus dilçiliyi kafedrasında
dosent olmuş, 1994-cü ildə həmin kafedranın müdiri
vəzifəsinə seçilmişdir. 1999-cu ildə təkrarən
həmin kafedraya müdir seçilmişdir.
Cümşüd Əhmədov 40-a yaxın elmi
məqalənin, bir neçə tədris proqramı və metodiki
vəsaitin müəllifidir. Hazırda axırıncı cildi
nəşriyyatda olan dördcildlik
"Azərbaycanca-rusca lüğət"in İnstitut Elmi
Şurası tərəfindən tə’yin olunmuş
rə’yçilərindən biridir.
CÜMŞÜD HACIYEV
Cümşüd Məhəmməd oğlu Hacıyev 1931-ci
ildə Borçalının Sarvan kəndində anadan olmuşdur.
1937-ci ildə Marneuli Pedaqoji Texnikumunun
nəzdindəki ibtidai məktəbin birinci sinfinə
getmiş, 1941-ci ildə ibtidai məktəbi bitirib,
indiki 1 nömrəli orta məktəbin 5-ci sinfinə
getmişdir. 1945-ci ildə bu məktəbin 8-ci sinifini
başa vurduqdan sonra Marneuli Pedaqoji
Texnikumuna daxil olmuş və 1949-cu ildə texnikumu
bitirmişdir. ADU-nun (indiki BDU-nun) tarix
fakültəsini fərqlənmə diplomu ilə başa
vurmuşdur.
1954-cü ildən 1963-cü ilə kimi indiki 2
saylı Marneuli orta məktəbində tarix, məntiq və
ictimaiyyət fənlərindən dərs demişdir. 1966-cı
ilin oktyabrından 1967-ci ilin dekbrına kimi
ADU-nun fəlsəfə kafedrasında fəlsəfə
kabinetinin müdiri vəzifəsində işləmişdir. 1967-ci
ilin aprelində fəlsəfə elmləri namizədi elmi
dərəcəsi almaq üçün "Şəhərlə kənd arasındakı
mühüm fərqlərin aradan qaldırmasında
şəxsiyyətin hərtərəfli inkişafı" mövzusunda
dissertasiya müdafiə etmişdir.
1967-ci ilin dekabrından 1969-cu ilin
dekabrına kimi fəlsəfə kafedrasında müəllim
işləmişdir. 1969-cu ilin dekabrından 1972-ci ilin
yanvarına kimi baş müəllim olmuşdur. 1972-ci ilin
dekabrından fəlsəfə kafedrasında dosent
vəzifəsinə keçmişdir. 1974-cü ilin sentyabrından
bu günə kimi Xarici Dillər İnstitutunun fəlsəfə
kafedrasında dosent kimi fəaliyyət göstərir.
Onun indiyə kimi 25-dən çox elmi və
elmi-publisist əsərləri işıq üzü görmüşdür.
Cümşüd Hacıyev bu müddətdə 15
beynəlxalq və respublika səviyyəli
konfranslarda çıxış edib, məqalələr çap
etdirmişdir.
DAVİD NƏSİBOV
David Nəsibov 1955-ci ildə Borçalının
Alget (Meçidli Gorarx) kəndində müəllim
ailəsində anadan olmuşdur. 1962-ci ildə doğma
kəndində 1 saylı orta məktəbə getmiş, 1972-ci ildə
həmin məktəbi bitirmiş, Azərbaycan Dövlət
Universitetinin mexanika-riyaziyyat
fakültəsinə daxil olmuşdur. 1977-ci ildə həmin
fakültəni başa vurmuşdur.
1978-1981-ci illərdə Marneuli rayonunda
"Qruz-nerud" İstehsalat Birliyində böyük
iqtisadçı vəzifəsində işləmişdir. 1981-ci ildə
Bakıya qayıtmış, Azərbaycan Politexnik
İnstitutundakı hesablama mərkəzində
riyaziyyatçı-proqramist işləmişdir. 1985-ci ildə
Politexnik İnstitutunun materiallar müqaviməti
kafedrrasının dissertantı olmuşdur. 1989-cu ildə
Bakı Dövlət Universitetinin ixtisaslaşdırılmış
Elmi Şurasında namizədlik dissertasiyası
müdafiə edib elmi dərəcə almışdır.
1992-ci ildən EHM və sistemlər
kafedrasında assistent, baş müəllim, dosent
işləmişdir.
David Nəsibovun elmi və pedaqoji
fəaliyyəti 10 elmi əsərdə öz əksini tapmışdır. O,
respublikada keçirilən bir sıra elmi
konfranslarda mə’ruzələrlə çıxış etmişdir.
Hazırda EHM və sistemləri
kafedrasının dosentidir.
DURSUN HÜMBƏTOV
Dursun Oruc oğlu Hümbətov 1930-cu il
martın 10-da Borçalının Kürtlər kəndində anadan
olmuşdur. 1945-ci ildə səkkizillik kənd orta
məktəbini ə’la qiymətlərlə bitirdikdən sonra
orta təhsilini Marneuli Pedaqoji Texnikumunda
davam etdirmişdir. 1949-cu ildə texnikumu
fərqlənmə diplomu ilə bitirərək Azərbaycan
Pedaqoji İnstitutunun (indiki ADPU)
fizika-riyaziyyat fakültəsinə qəbul olunmuşdur.
D.O.Hümbətov 1953-cü ildə institutu
bitirdikdən sonra tə’yinatla Jdanov (indiki
Beyləqan) şəhər orta məktəbində müəllimlik
etmiş, sonra doğma Borçalıya qayıdaraq, 1961-ci
ilədək əvvəlcə Gorarxı (indiki Algeti), sonra isə
Baydar kənd orta məktəblərində pedaqoji
fəaliyyətini dvam etdirmişdir.
D.O.Hümbətov 1961-ci ildə Azərbaycan SSR
EA Fizika İnstitutunun aspiranturasına daxil
olmuş və Moskva şəhərindəki Üzvi Elementlər
Birləşməsinin Kimya və Tenxnologiyası Dövlət
Elmi-Tədqiqat İnstitutuna e’zam olunmuşdur.
Burada professor V.N.Kostryukovun rəhbərliyi ilə
elmi araşdırmalara başlamış və 1965-ci ildə Minsk
şəhərində namizədlik disssertasiyası müdafiə
etmişdir. 1964-1966-cı illərdə Azərbaycan EA Fizika
İnstitutunda kiçik elmi işçi vəzifəsində
işləmiş, 1966-cı ildə M.Əzizbəyov adına Azərbaycan
Neft-Kimya İnstitutunun fizika kafedrasında
assistent vəzifəsinə keçərək ömürünün axırına
kimi bu təhsil ocağında elmi-pedaqoji
fəaliyyətini davam etdirmişdir. Dursun Hümbətov
1967-ci ildə kafedranın baş müəllimi, 1970-ci ildə isə
dosent vəzifəsinə irəli çəkilmişdir.
Dursun Hümbətov 50-dən çox elmi məqalə,
monoqrafiya və dərs vəsaitlərinin müəllifi
olmuş, onun rəhbərliyi ilə bir sıra elmlər
namizədi yetişdirilmişdir. Onun özü isə ömürünün
axırlarına yaxın "Bərk maye cisimlərin istilik
tutmunun texniki tədbirləri" mövzusunda
doktorluq dissertasiyasını tamamlamış və elmi
müzakirəyə təqdim etmişdi.
Dursun Hümbətov 9 sentyabr 1990-cı ildə
qəflətən vəfat etmişdir.
DÜNYAMALI VƏLİYEV
Dünyamalı Əmir oğlu Vəliyev 1942-ci il
martın 13-də Borçalının Qasımlı kəndində anadan
olmuşdur. 1959-cu ildə Qasımlı kənd orta məktəbini
bitirdikdən sonra indiki BDU-nun iqtisad
fakültəsinə daxil olmuşdur. Universiteti 1964-cü
ildə bitirmiş və tə’yinatla SSRİ Tikinti
Bankının Bakı şəhər idarəsində işə başlamışdır.
1971-ci ilə qədər bu idarədə müxtəlif vəzifələrdə
çalışmışdır.
Dünyamalı Vəliyev 1966-cı ildə
Azərbaycan EA-nın Şərqşünaslıq İnstitutunda
istehsalatdan ayrılmamaqla aspiranturaya daxil
olmuş və 1971-ci ildə "Müasir Türkiyənin dövlət
borcları" adlı dissertasiya müdafiə edib,
iqtisad elmləri namizədi elmi dərəcəsi almışdır.
O, 1971-1979-cu illərdə Rostov-Don Dəmir yolu
Mühəndisləri İnstitutunda dosent vəzifəsində
işləmişdir.
Dünyamalı Vəliyev 1979-1992-ci illərdə
Azərbaycan EA-nın Şərqşünaslıq İnstitutunda baş
elmi işçi, Türkiyə tarixi və iqtisadiyyatı
şö’bəsinin müdiri və institutun elmi işlər üzrə
direktor müavini işləmişdir. Bu dövrdə
"Atatürk", "Türkiyə-Turqut Özal: iqtisadi
mö’cüzələr" (həmmüəllif) və "Dövlət maliyyəsi
və Türkiyənin sosial-iqtisadi inkişafı" adlı
kitabları çap olunmuşdur.
Dünyamalı Vəliyev 1993-1994-cü illərdə
Azərbaycan Respublikası Nazirlər Kabinetində
xarici iqtisadi əlaqələr şö’bəsinin müdiri
vəzifəsində işləmişdir.
Dünyamalı Vəliyev 1995-ci ilin
yanvarından Aəzrbaycan Universitetində
İqtisadi nəzəriyyə və Beynəlxalq iqtisadi
münasibətlər kafedrasına rəhbərlik edir.
Onun 1994-cü ildə çap etdirdiyi "Erməni
terrorizmi və cinayətləri: Azərbaycanda,
Türkiyədə, Dünyada" adlı kitabı erməni
işğalçılarının vəhşiliklərinin ifşa edilməsi
məqsədinə xidmət edir. Kitab ərəb dilinə tərcümə
edilərək ərəb ölkələrində yayılmışdır.
Dünyamalı Vəliyev 7 kitab və 50-dən çox
elmi məqalənin müəllifidir. Onun əsərlərinin
ümumi həcmi 100 çap vərəqindən çoxdur. Bakı,
Moskva, Kiyev, Tbilisi, Ankara, İstanbul, Tehran
və Tokio şəhərlərində keçirilmiş konfrans,
simpozium və seminarlarda iştirak etmişdir.
ELMİRA HƏSƏNOVA
Elmira Ayat qızı Həsənova 1969-cu il
martın 7-də Moskva şəhərində ziyalı ailəsində
anadan olmuşdur. Elmira Həsənovanın atası
Borçalının Qaçağan kəndindəndir.
1976-cı ildə 195 saylı Moskva şəhər rus
orta məktəbinin 1-ci sinfinə getmiş, 1986-cı ildə
həmin məktəbi bitirmişdir.
Həmin ildə M.V. Lomonosov adına Moskva
Dövlət Universitetinin Biologiya fakültəsinə
daxil olmuş və 1991-ci ildə həmin fakültəni başa
vurmuş, tə’yinatla həmin Universitetin
biologiya kafedrasında əmək fəaliyyətinə
başlamışdır. İki il stajirovka keçdikdən sonra
Universitetin aspiranturasına daxil olmuş və
1999-cu ildə müvəffəqiyyətlə namizədlik
dissertasiyası etmiş, kimya elmləri namizədi
elmi dərəcəsi almışdır.
Elmira Həsənovanın elmi və pedaqoji
fəaliyyəti 7 elmi əsərdə və 2 elmi hesabatda öz
əksini tapmışdır.
Elmira Həsənova 10 ildir ki, elmi işlə
yanaşı pedaqoji fəaliyyət də göstərir.
Hazırda M.V. Lomonosov adına Moskva
Dövlət Universitetinin kimya fakültəsində
müəllim işləyir.
ELLARA MƏMMƏDOVA (TAĞIZADƏ)
Ellara Camal qızı Məmmədova 1949-cu ildə
Marneuli şəhərində anadan olmuşdur. 1956-cı ildə
Marneuli şəhər 2 saylı Azərbaycan orta
məktəbinin 1-ci sinfinə getmiş, 1966-cı ildə həmin
məktəbi qızıl medalla bitirmişdir. 1966-cı ildə
Azərbaycan Politexnik İnstitutunun Texnologiya
fakültəsinə daxil olmuş, ali məktəbi 1971-ci ildə
müvəffəqiyyətlə başa vurmuşdur. 1978-ci ildə yeni
təşkil olunmuş Azərbaycan İnşaat-Mühəndisləri
İnstitutunun fəaliyyətə başlaması ilə əlaqədar
Ellara Məmmədova da bu institutun nəzəri
mexanika kafedrasına işə düzəlmişdir. 1986-cı ildə
"Eninə sürüşmə deformasiyasını nəzərə almaqla
lövhələrin və az meylli örtüklərin
hesablanması" mövzusunda namizədlik
dissertasiyasını müdafiə edib,
fizika-riyaziyyat elmləri namizədi elmi
dərəcəsi almışdır.
Ellara Məmmədovanın elmi və pedoqoji
fəaliyyəti çap olunmuş 10-a qədər əsərdə öz əksini
tapmışdır. Respublikanın ali məktəblərində
keçirilmiş bir sıra konfranslarda mə’ruzələr
etmiş və məqalələr çap etdirmişdir.
Ellara Məmmədova hazırda Azərbaycan
İnşaat Mühəndisləri İnstitutunun nəzəri
mexanika kafedrasında baş müəllim vəzifəsində
çalışır.
ELXAN POLUXOV
Elxan Polux oğlu Poluxov 1971-ci ildə
Marneuli rayonunun Sadaxlı kəndində anadan
olmuşdur. Orta məktəbi 1987-ci ildə bitirib və
Leninqrad Dövlət Universitetinin tarix
fakültəsinə qəbul olmuşdur. Ali təhsili uğurla
başa vuraraq beynəlxalq münasibətlər sahəsində
gənc mütəxəssis kimi tanınmışdır.
Elxan Poluxov 1999-cu ildə
Sankt-Peterburqda dissertasiya müdafiə etmiş,
tarix elmləri namizədi elmi dərəcəsi almışdır.
Bakıda, Tbilisidə, Alma-Atıda, Budapeştdə, habelə
ABŞ-da və Kanadada elmi nəşrlərdə maraqlı
məqalələri çap olunmuşdur. Bu tədqiqatlar
qərb-şərq münasibətlərinə, beynəlxalq humanitar
təşkilatların fəaliyyətinə, ABŞ-ın Azərbaycan və
onun qonşuları barədə münasibətlərinə, başqa
mühüm problemlərə həsr edilmişdir.
O, Amerikada, Kanadada, Qazaxıstanda,
Gürcüstanda, başqa ölkələrdə 15 elmi konfransın,
beynəlxalq tədbirlərin iştirakçısı olmuş,
materiallar çap etdirmişdir.
Axır vaxtlar Elxan Poluxov ali
məktəbdə yeni tədris proqramları
hazırlanmasında yaxından çalışır. Son illər
müxtəlif ölkələrin təhsil ocaqlarında,
beynəlxalq məclislərdə E. Poluxovun
mühazirələri maraqla qarşılanır. İndi o, bir il
müddətinə yenə ABŞ-da elmi və pedaqoji
e’zamiyyətdədir.
ELŞƏN NƏSİBOV
Elşən Mustafa oğlu Nəsibov 1957-ci ildə
Borçalının Qaçağan kəndində ziyalı ailəsində
anadan olmuşdur. 1964-cü ildə Qaçağan orta
məktəbinin birinci sinfinə getmiş, 1974-cü ildə
həmin məktəbi qızıl medalla bitirmişdir. 1974-cü
ildə Azərbaycan Dövlət Universitetinin kimya
fakültəsinə daxil olmuşdur. 1979-cu ildə
tə’yinatla Azərbaycan EA-nın Biologiya
Elmi-Tədqiqatlar Mərkəzində baş laborant
vəzifəsində çalışmışdır. Göndərişlə 1980-1983-cü
illərdə Riqada Üzvi-Sintez İnstitutunda
çalışmışdır.
1983-1997-ci illərdə Azərb. EA-nın Bioloji
Mərkəzində (hazırda BİO İstehsalat Birliyi),
kiçik elmi işçi, elmi işçi və baş elmi işçi
vəzifələrini icra etmişdir. 1990-cı ildə
dissertasiya işi müdafiə edib, kimya elmləri
namizədi elmi dərəcəsini almışdır. 1997-ci ildən
Azərbaycan Dövlət Neft Akademiyasının
Üzvi-Kimya kafedrasında dosent vəzifəsində
pedoqoji fəaliyyətə başlamışdır. Elşən
Nəsibovun elmi pedaqoji fəaliyyəti 25 elmi
məqalədə və 1 metodik kitabçada öz əksini
tapmışdır. Elşən Nəsibov elmi məqalələrlə
yanaşı, elmi-populyar məqalələr də dərc
etdirmişdir. Onun 10-a yaxın məqalələri çap
olunmuşdur.
Elşən Nəsibov bir neçə beynəlxalq
simpoziuma də’vətnamələr almış və kimyanın bir
sıra (üzvi və bioloji) sahələri üzrə elmi
çıxışlar etmişdir.
Hazırda Azərbaycan Neft
Akademiyasının üzvi kimya kafedrasında dosent
vəzifəsində çalışır.
|