Ağbulaq     Baş keçid     Borçalı     Qarayazı     Dağ Borçalı     Qaraçop     Tiflis     Çoruk Qəmərli  
Coğrafiyası
Etimologiyası
Kəndləri
Nəqliyyatı
Tarixi
Demoqrafik quruluşu
Sənaye və kənd təssərrüfatı
Torpaq fondu
Maarifin inkişafı
Türk Pedaqoji Texnikomları
Adət ənənələri
Ədəbi mədəni əlaqələri
İctimai siyasi durum
Borçalı ziyalıları dövlət və hökümət orqanlarında
Öndər adamları
Akademik və müxbir üzvləri
Elmlər doktorları
Elmlər namizədləri
Həkimlər
El ağsaqqalları
Generallar
Hüquqsunaslar
Tarixi qəhrəmanlar
Rəssamlar
Memarlar
İncəsənət xadimləri
Jurnalistlər
Aşıq folklor örnəkləri
El sənətkarları
Xeyriyyəçilər
İdmançılar
Şəhidlər
Yaylaqlar
Xəritələr
Şəkillər
 

The Project is accomplished by the assistance of the Bureau of Educational and Cultural Affairs of the U.S. Department of State and International Research & Exchanges Board

Səhifənin yaradılmasında göstərdiyi köməkliyə görə Məmməd Sarvana təşəkkür edirik

ELMLƏR NAMİZƏDLƏRİ

BORÇALI (MARNEULİ) BÖLGƏSİ

[A] [B-E] [Ə-G] [H-X] [İ-Q] [M-N] [R-S] [S-Ş] [T-V] [V-Z]

VAHİD HÜSEYNOV

Vahid Hüseyn oğlu Hüseynov 1948-ci ildə Borçalının Əzizkənd kəndində anadan olmuşdur. Orta təhsilini 1955-1965-ci illərdə Böyük Muğanlı kənd orta məktəbində almışdır.

1965-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun (indiki APU-nun) riyaziyyat fakültəsinə daxil olmuş, 1969-cu ildə həmin fakültəni bitirmişdir.

1969-cu ildə Azərbaycan EA Riyaziyyat və Mexanika İnstitutunda əmək fəaliyyətinə başlamışdır. O, əvvəlcə baş laborant və elmi işçi vəzifələrində çalışmışdır. Elmi axtarışlarını davam etdirmiş, dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi almışdır.

Əmək fəaliyyətini 1986-1991-ci illərdə Azərbaycan EA Riyaziyyat və Mexanika İnstitutu nəzdində xüsusi konstruktor vəzifəsində davam etdirmişdir. 1991-ci ildə Texniki Unversitetin Mingəçevir filialında baş müəllim, dosent işləmişdir.

1992-ci ildən 1994-cü ilə qədər müxtəlif ali məktəblərdə işləmişdir. Hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin ali riyaziyyat kafedrasında dosent vəzifəsində çalışır.

Vahid Hüseynovun elmi və pedaqoji fəaliyyəti 21 elmi əsərdə öz əksini tapmışdır. O bu müddət ərzində 20 beynəlxalq və respublika səviyyəli konfranslarda iştirakçı olmuş, məqalələr çap etdirmişdir.

 

VAHİR HÜMBƏTOV

Vahir İmran oğlu Hümbətov 1956-cı il noyabr ayının 7-də Borçalıda, Sarvan qəsəbəsində fəhlə ailəsində anadan olmuşdur. 1972-ci ildə Marneuli şəhərinin 2 saylı Azərbaycan orta məktəbini ə’la qiymətlərlə başa vurmuş, 1972-ci ildə Az.KTİ-nun mexanikləşdirmə fakültəsinə daxil olmuşdur. 1977-ci ildə fərqlənmə diplomu ilə həmin fakültəni başa vurmuşdur. Həmin ili tə’yinatla Abşeron quşçuluq sovxozuna göndərilmiş, 1978-ci ildə Az.ETKTME institutunda aspiranturaya qəbul olunub və Kişniyov şəhərinə göndərilmişdir. 1985-ci ildə dissertasiya müdafiə etdikdən sonra həmin institutda baş elmi işçi işləmiş, 1987-ci ildən 1997-ci ilədək Gəncə Avtomobil texnikumunda şö’bə müdiri vəzifəsində çalışmışdır. 1998-ci ildən Az.Tİ-da assistent vəzifəsində işləyir. O, 10-dan çox ixtiranın və 50-dən çox elmi əsərin müəllifidir. Vahir Hümbətov 15-ə qədər beynəlxalq və respublika səviyyəli konfranslarda iştirak edib məqalələr çap etdirmişdir.

 

VƏKİL HACILI

Vəkil Məhəmməd oğlu Hacılı 1936-cı il martın 6-da Borçalının Sarvan qəsəbəsində mə’mur ailəsində anadan olmuşdur. O, Azərbaycan orta məktəbinin 8-ci sinfini bitirdikdən sonra Marneuli Dövlət Pedaqoji Texnikumuna daxil olmuşdur.

Vəkil Hacılı təhsil illərində bu məşhur maarif müəssisəsində Mədəd Muradov, Rza Darğallı, Rizvan Əliyev, Rüxsarə Əliyeva, Abbas Kərimov, Marklen Vasiliadi, Kamal Məmmədov, Məmməd Səlimov kimi görkəmli ziyalı və müəllimlərdən dərs almışdrır.

1955-1960-cı illərdə təhsilini ADU-nun (indiki BDU-nun) filologiya fakültəsində davam etdirmişdir.

Universiteti bitirdikdən sonra O, ADU-nun aspiranturasına daxil olmuş və Mirzə İbrahimovun rəhbərliyi ilə 1965-ci ildə "Gənc Şillerin dramaturgiyası" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, 1965-ci ildən 1989-cu ilə qədər filologiya fakültəsində xarici ölkələr ədəbiyyatından dərs demişdir. 1978-1980-ci illərdə Türkiyə Respublikasında e’zamiyyətdə olmuş və İsgəndərun metallurgiya kombinatının inşaatında mütərcim sifətilə yaxından fəaliyyət göstərmişdir.

1970-ci ildə o, Azərbaycan Yazıçılar İttifaqına üzv seçilmiş, 1971-ci ildə Sovet İttifaqı Kommunist partiyasına daxil olmuşdur.

Vəkil Hacılı yüzdən artıq elmi-tədqiqat əsərinin, tənqidi məqalənin müəllifidir. Onun Qərb ölkələrinin, rus, türk və Azərbaycan ədəbiyyatının müxtəlif nəzəri məsələləri və şəxsiyyətləri haqqında əsərləri ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmışdır.

Erməni qəsbkarlığı və şovnizmi əleyhinə yönəldilmiş "Xalqın səsi-haqqın səsi" kitabının müəlliflərindən biridir. Əsər Azərbaycan, rus və ingilis dillərində nəşr edilmişdir.

V.Hacılı 1992-ci ildə Ədliyyə Nazirliyi tərəfindən təsdiqlənmiş "Milli Qeyrət təşkilatı"nın rəhbəri, BDU-nun müəllimi, Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan-Gürcüstan Dostluq Cəmiyyəti İdarə Hey’ətinin üzvü kimi fəaliyyət göstərməkdədir. Rus və alman dillərində sərbəst danışır.

 

VİDADİ MUSTAFAYEV

Vidadi Kamal oğlu Mustafayev 1951-ci ildə Borçalının Ağqula kəndində anadan olmuşdur. 1958-ci ildə kənd orta məktəbinin 1-ci sinfinə getmiş, daha sonra Marneuli internat məktəbində oxumuşdur. 1968-ci ildə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinə daxil olmuş, 1974-cü ildə fars filologiyası ixtisasına yiyələnmişdir. Bir il Əfqanıstanda tərcüməçi işləmişdir.

1974-1976-cı illərdə Sovet Ordusu sıralarında tərcüməçi-zabit kimi fəaliyyət göstərmişdir. Əsgəri xidmətdən tərxis olunduqdan sonra 2 il (1976-1978) Əfqanıstanda hərbi tərcüməçi kimi əmək fəaliyyətini davam etdirmişdir.

1979-cu ildə Azərbaycan EA Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan tarixi şö’bəsinə baş laborant vəzifəsinə işə qəbul edilmişdir.

1981-1983-cü illərdə SSRİ EA Şərqşünaslıq İnstitutunda fəaliyyətini davam etdirmişdir.

1983-cü ildən 1991-ci ilədək Cənubi Azərbaycan tarixi şö’bəsində elmi işçi olmuş, dissertasiya işini tamamlayıb, 1992-ci ildə namizədlik dissertasiyası müdafiə etmişdir.

1992-ci ildən İran tarixi və iqtisadiyyatı şö’bəsinə müdir əvəzi, 1994-cü ildən isə müdir tə’yin edilmişdir.

1992-ci ildən baş elmi işçi vəzifəsini daşıyır.

1993-1995-ci illərdə müharibə zonasında hərbi xidmətdə olmuşdur.

Vidadi Mustafayevin elmi və pedaqoji fəaliyyəti 10 elmi əsərdə, 1 monoqrafik kitabda və 20 elmi-publistik məqalələrdə öz əksini tapmışdır. Bu müddət ərzində 3 elmi konfransda çıxış edib, məqalələr çap etdirmişdir.

 

ZABİT MUSAYEV

Zabit Səməd oğlu Musayev 1950-ci il martın 15-də Borçalıda, Marneuli şəhərində anadan olmuşdur. Orta təhsilini Marneuli internat məktəbində almış və məktəbi qızıl medalla bitirmişdir. 1974-cü ildə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsini bitirərək bərk cisimlər fizikası ixtisasına yiyələnmişdir. Tə’yinatla Saatlı rayonunun Sarıcalar qəsəbəsinə göndərilmiş və 1974-1976-cı illərdə orta məktəbdə fizika müəllimi işləmişdir. Sonra Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutuna baş laborant vəzifəsinə işə düzəlmişdir. 1978-1980-ci illərdə Moskva Dövlət Universitetinin maqnetizm kafedrasında elmi ixtisasartırmada olmuşdur. Bu müddət ərzində metal və ərintilərin optik və maqnitooptik xassələrinin öyrənilməsi ilə məşğul olmuş, elmi məqalələr çap etdirmişdir. 1980-ci ildə Azərbaycan EA Fizika İnstitutunun əyani aspiranturasına daxil olmuş və elmi işini davam etdirmək üçün yenidən Moskva Dövlət Universitetinə dördillik (1981-1984) e’zam olunmuşdur. Aspiranturanı bitirdikdən sonra 1986-cı ildə bərk cisimlər fizikası ixtisası üzrə namizədlik dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmələri namizədi elmi dərəcəsi almışdır. 1986-cı ildən Azərbaycan Texniki Universitetində işləyir, makroelektronika və tətbiqi fizika kafedrasının dosentidir. 40-dan çox elmi məqalənin müəllifidir. "Hibrid inteqral sxemlər" dərs vəsaitinin müəlliflərindən biridir.

 

ZAKİR SEYİDOV

Zakir Cəlal oğlu Seyidov 1954-cü il avqustun 16-da Borçalının Qaçağan kəndində anadan olmuşdur.

1961-ci ildə Qaçağan orta məktəbinin birinci sinfinə daxil olmuş, 1972-ci ildə həmin məktəbi bitirmişdir. 1972-ci ildə Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmuş, 1976-cı ildə isə həmin institutun kimya-texnologiya fakültəsini bitirmişdir.

Əmək fəaliyyətinə həmin ildən gənc mütəxəssis kimi Yeni Bakı Neftayrıma Zavodunda (indiki "Azərneftyanacaq" İstehsalat Birliyi) texnoloji qurğuların operatoru vəzifəsindən başlamışdır.

Sonra isə texnoloji qurğunun rəisi, istehsalat şö’bəsinin rəisi, baş mühəndisin müavini, direktorun müavini, baş mühəndis, 1994-cü ilin fevral ayından "Azərneftyanacaq" İstehsalat Birliyinin baş direktorudur.

1979-1983-cü illərdə elmi fəaliyyəti ilə əlaqədar "Təbii qazın hazırlanması, e’malı və nəql edilməsi" üzrə Ümumittifaq İnstitutunda qrup rəhbəri vəzifəsində çalışmışdır.

Elmi işlərini davam etdirmiş və 1990-cı ildə namizədlik dissertasiyasını uğurla müdafiə etmişdir.

Zakir Seyidov neftin e’malı sahəsində 5 müəlliflik şəhadətnaməsi, 2 patent, 10-a qədər ixtiranın, 50-yə qədər səmərələşdirici təklifin və 7 kitabın müəllifidir.

1995-ci ildə neft və neftayırma sənayesində görülmüş tədqiqat və elmi-praktik işlərinə, xarici dövlətlərin institutlarında elmi çıxışlarına və mə’ruzələrinə görə Beynəlxalq Ekoenergetika Akademiyasının qərarı ilə doktor elmi dərəcəsinə layiq görülmüşdür.

1987-ci ildə İngiltərənin London şəhərində Adam Smit İnstitutunun keçirdiyi beynəlxalq konfransda və bundan başqa bir sıra konfransların, seminarların işində iştirak etmiş və respublikanın neftayırma sənayesinə aid olan problemlərə dair elmi mə’ruzələr etmişdir.

Zakir Seyidov "Azərneftyanacaq" İstehsalat Birliyinin baş direktoru kimi bazar iqtisadiyyatının ağır şərtləri, iqtisadi əlaqələrin pozulduğu bir şəraitdə respublikanın yanacağa olan tələbatının tam ödənilməsi üçün elmi axtarışlarını həmin səmtə yönəltmişdir.

 

ZAHİD BAYRAMOV

Zahid Rəhim oğlu Bayramov 1937-ci il dekabrın 22-də Borçalının Marneuli şəhərində anadan olmuşdur.

1944-cü ildə Marneuli Azərbaycan orta məktəbinə daxil olmuş və həmin məktəbi 1955-ci ildə bitirmişdir. 1955-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) geoloji-coğrafiya fakültəsinə daxil olmuş, 1960-cı ildə həmin fakültəni başa vurub fiziki coğrafiya ixtisasına yiyələnmişdir.

1960-cı ildə axırıncı kursda oxuyarkən 6 aylıq torpaqşünas-aqrokimya kursunu bitirmişdir. Universiteti bitirdikdən sonra tə’yinatla Azərbaycan Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutunun torpağın coğrafiyası və genezisi laboratoriyasında baş mühəndis vəzifəsinə tə’yin olunmuşdur. 1965-1968-ci illərdə institutun əyani aspiranturasında təhsil almışdır.

1970-ci ildə namizədlik dissertasiyası müdafiə edərək kənd təsərrüfatı elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür.

1973-cü ildə müsabiqə yolu ilə Elmi Tədqiqat Hidrotexnika və Meliorasiya İnstitutuna baş elmi işçi vəzifəsinə qəbu olunmuşdur.

1979-cu ildə Azərbaycanda açılmış Ümumittifaq Torpaq Sərvətləri İnstitutunun Bakı filialında şö’bə rəisinin müavini vəzifəsində çalışmışdır. Neftlə çirklənmiş torpaqlar haqqında Moskvada dəfələrlə elmi konfranslarda çıxış etmişdir. SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri sərgisində Zahid Bayramov Mərkəzi sərginin "bürünc" medlına layiq görülmüşdür. İlk dəfə neftlə çirklənmiş torpaqların təsnifatı və bioloji bərpası haqqında Moskva şəhərində monoqrafiya çap etdirmişdir. 1991-ci ildən Torpaq Komitəsinin nəzdində olan "Azdövyerqurlayihə" institutunda "partiya rəisi" vəzifəsində çalışır. Həmin institutun torpaqların qanuni yolla paylanması üçün dəqiq torpaq və şorlaşma xəritələrinin tərtibində iştirak edir. Hal-hazırda həmin institutda şö’bə müdiri vəzifəsində işləyir.

Zahid Bayramovun əmək və elmi fəaliyyəti 45 elmi məqalədə əks olunmuşdur.

 

ZAHİD NAMAZOV

Zahid Mustafa oğlu Namazov 1933-cü ildə Borçalının Ağqula kəndində kolxozçu ailəsində anadan olmuşdur. İbtidai təhsilini Ağqula kəndində almış, Muğanlı kəndində 8 illik məktəbi bitirmişdir. Sonra Borçalı Türk Pedaqoji Texnikumuna daxil olmuşdur. Texnikumu bitirdikdən sonra Ağməmmədli kənd 8 illik məktəbində müəllim işləmişdir. 1955-ci ildə Pedaqoji İnstitutun (indiki APU-nun) fizika-riyaziyyat fakültəsinə daxil olmuşdur. 1960-cı ildə institutu bitirdikdən sonra Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutuna işə qəbul olunmuşdr. 1963-cü ildə Azərbaycan Politexnik İnstitutunda (indiki ATU-nun), 1975-ci ildən isə İnşaat Mühəndislri İnstitutunun (indiki Az.İMU) fizika kafedrasında işləyir.

1976-cı ildə Tbilisi Politexnik İnstitutunda "Xromun misli və dəmirli xolkoqonidlərində yükdaşıma hadisələrinin tədqiqi" mövzusunda dissertasiya müdafiə etmiş, fizika-riyaziyyt elmləri namizədi elmi dərəcəsi almışdır.

1979-cu ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun dosenti seçilmişdir. İşlədiyi dövrdə 50 elmi əsəri respublika və xarici ölkələrin aparıcı jurnallarında nəşr olunmuşdur.

 

ZƏRİFƏ QURBANOVA

Zərifə Hacı qızı Qurbanova 1950-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1957-ci ildə orta məktəbin 1-ci sinfinə getmiş, 1968-ci ildə məktəbi qızıl medalla bitirmişdir. Sonra Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə qəbul olunmuşdur. 1973-cü ildə həmin fakültəni fərqlənmə diplomu ilə başa vurmuşdur. Əmək fəaliyyətinə 1974-cü ildə Elmi-Tədqiqat Tikinti Materialları İnstitutunda baş texnik vəzifəsində başlamış, 1975-ci ildən mühəndis, 1982-ci ildən kiçik elmi işçi, 1987-ci ildən isə elmi işçi vəzifəsində çalışmışdır. 1991-ci ildə müsabiqə yolu ilə baş elmi işçi vəzifəsinə keçmişdir. İnstitutun elmi-tədqiqat işlərinin yerinə yetrilməsi nəticəsində o, 1982-ci ildə "Tikinti materiallarının istehsalında enerji məsrəfinin aşağı salınması" nailiyyətinə görə Azərbaycan Lenin komsomolu mükafatına layiq görülmüşdür. 1990-cı ildə Gürcüstan Politexnik institutunda "Yarozittərkibli xammal və sənaye tulantılarından istifadə etməklə çoxkomponentli sementlərin öyrənilməsi və tədqiq edilməsi" mövzusu üzrə namizədlik dissertasiyası müdafiə etmişdir. 1993-cü ildə apardığı elmi-tədqiqat işlərinin nəticələri bir çox konfranslarda, o cümlədən Tbilisi, Moskva, Belqorod və Bakıda keçirilən konfranslarda dinlənilmiş, materialları bu konfransların məcmuələrində çap olunmuşdur. Zərifə Qurbanovanın elmi fəaliyyəti 18 elmi-tədqiqat işi üzrə hesabatda, 24 elmi məqalədə və 7 müəlliflik şəhadətnaməsində öz əksini tapmışdır.

Zərifə Qurbanova Azərbaycan EA-nın Elmi-Tədqiqat Tikinti Materialları İnstitutunun baş elmi işçisi vəzifəsində elmi fəaliyyətini davam etdirir.

 

ZİYƏDDİN BAYRAMOV

Ziyəddin Nəbi oğlu Bayramov 1938-ci ildə Borçalı nümayəndəliyinin Sadaxlı kəndində anadan olmuşdur. 1957-ci ildə kənd orta məktəbini, 1960-cı ildə isə Bakı Statistika Texnikumunun mühasibatlıq fakültəsini bitirmişdir.

1960-1963-cü illərdə Sverdlovsk Kənd Təsərrüfatı İnstitutunu bitirmişdir. 1977-ci ilə qədər həmin vilayətdə böyük heyvandarlıq sovxozunda baş baytar həkimi işləmiş, sonra isə dissertasiya müdafiə edərək, baytarlıq elmləri namizədi elmi dərəcəsi almışdır.

1977-ci ildə Gürcüstana köçərək, orada bir ilə yaxın sovxozun baş baytar həkimi işləmişdir. 1978-ci ildə Bakıya köçmüşdür.

1978-ci ildə Kənd Təsərrüfatı Nazirliyinin "Təsərrüfatlararası heyvandarlıq sənaye birliyində" əvvəlcə şö’bə müdiri vəzifəsində çalışmış, sonra idarə rəisi və sədrin birinci müavini və sədr əvəzi də işləmişdir.

1983-cü ildə nazirlik tərəfindən Moskva şəhərində Kənd Təsərrüfatının idarə olunması üzrə ali məktəbdə təhsilini davam etdirmişdir.

1988-ci ildə "Azərdamazlıq birliyi"ndə şö’bə müdiri, 1989-1992-ci illərdə Respublika Elmi-İstehsalat Mərkəzində direktor vəzifəsində çalışmışdır. 1992-ci ildən bu günə qədər yenidən "Azərdamazlıq birliyi"ndə (Kənd Təsərrüfatı Nazirliyi) şö’bə müdiri vəzifəsində işləyir.

 

ZİYƏDDİN MƏMMƏDOV

Ziyəddin Mahmud oğlu Məmmədov 1952-ci ildə Borçalının Marneuli şəhərində anadan olmuşdur. 1969-cu ildə Marneuli 1 saylı Azərbaycan orta məktəbini ə’la qiymətlərlə bitirmiş, elə həmin ildə də Azərbaycan Dövlət Universitetinə (indiki BDU) daxil olmuş və 1974-cü ildə fərqlənmə diplomu ilə başa vurmuşdur. 1974-cü ildə Moskva şəhərində SSRİ Elmlər Akademiyasının Biokimya institutunun aspiranturasına qəbul olunmuş və 1977-ci ildə başa vurmuşdur. 1979-cu ildə biokimya sahəsi üzrə dissertasiya müdafiə edib, kimya-biologiya elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür. 1979-cu ildən Bakı Dövlət Universitetində assistent, baş müəllim və sonra isə dosent kimi pedaqoji fəaliyyət göstərmişdir. İngilis və fransız dillərində sərbəst danışır və yazır. 1986-1989-cu illərdə Qvineya Respublikasında fransız dilində biokimyadan mühazirələr oxumuşdur. Fransızca yazılan bir dərs vəsaitinin, 30-dan çox elmi əsərin müəllifidir. Onların çoxu Moskvanın mərkəzi jurnallarında, bə’ziləri isə ingilis və fransız dillərində beynəlxalq jurnallarda dərc olunmuşdur.

 

ZİYA SÜLEYMANOV

Ziya Qasım oğlu Süleymanov 1929-cu ildə Borçalının Kürtlər kəndində anadan olmuşdur. İbtidai təhsilini Kürtlər kəndində almış, 1945-ci ildə Marneuli Pedaqoji Texnikumunda davam etdirmiş və 1949-cu ildə müvəffəqiyyətlə həmin texnikumu bitirmişdir. 1950-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) tarix fakültəsinə daxil olmuş, 1955-ci ildə həmin fakültəni başa vurub tə’yinatla Marneuli rayonunun Baydar kəndində tarix müəllimi işləmişdir (1955-1963).

1964-cü ildə Universitetin tarix kafedrasında əyani aspiranturaya daxil olmuş, 1969-cu ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. Ziya Süleymanov bir müddət müəllim, baş müllim işlədikdən sonra dosent dərəcəsi almış və ömrünün axırına qədər həmin kafedranın dosenti olmuşdur. Ziya Süleymanovun elmi və pedaqoji fəaliyyəti 10 elmi əsərdə öz əksini tapmışdır. O, dəfələrlə Borçalı bölgəsində orta məktəb müəllimləri qarşısında çıxışlar etmişdir. Respublika səviyyəli elmi konfrans və müşavirələrdə elmi çıxışlar edib məqalələr çap etdirmişdir.

Ziya Süleymanov 1997-ci ildə vəfat etmişdir.

 

ZÖHRAB ƏLİYEV

Zöhrab İlyas oğlu Əliyev 1951-ci il may ayının 10-da Borçalının Əzizkənd kəndində anadan olmuşdur. 1968-ci ildə həmin kənddə orta məktəbi bitirib və Xalq Təsərrüfatı İnstitutunun (indiki ADİU) xalq təsərrüfatının planlaşdırılması fakültəsinə daxil olmuşdur. Oxuduğu müddətdə o, Lenin təqaüdü almış və 1972-ci ildə ali məktəbi fərqlənmə diplomu ilə başa vurmuşdur.

1972-ci il sentyabr ayının 1-dən 1973-cü il yanvar ayının 2-nə qədər xalq təsərrüfatının planlaşdırılması kafedrasında baş laborant işləmişdir. 1973-cü il yanvar ayının 2-də həmin institutun əyani aspiranturasına daxil olmuşdur. 1973-cü ilin may ayından 1974-cü ilin may ayına qədər hərbi xidmətdə olmuşdur. 1978-ci ildə "Yüngül sənayedə kapital qoyuluşunun iqtisadi səmərəliliyinin yüksəldilməsi yolları" mövzusunda dissertasiyanı müdafiə edib iqtisad elmləri namizədi elmi dərəcəsi almışdır. 1979-cu ildə Təhsil Nazirliyinin göndərişi ilə gənc alim kimi Neft-Kimya İnstitutuna (indiki ADNA) göndərilmişdir. Əvvəlcə sənayenin iqtisadiyyatı, təşkili və planlaşdırılması kafedrasının problem laboratoriyasında baş mühəndis işləmiş, 1981-ci ildə isə həmin kafedraya assistent vəzifəsinə seçilmişdir. 1984-cü ildən dosentdir. 1995-ci ilin may ayından 1996-cı ilin mart ayına qədər Elm və Təhsil Mərkəzi "Təfəkkür" Unversitetində tədris işləri üzrə prorektor vəzifəsində çalışmışdır. Sonra o, kafedra müdiri seçilmiş və 2000-ci ilin mart ayından isə Unversitetin iqtisadiyyat və idarəetmə fakültəsində dekan vəzifəsində işləyir. Bir neçə dərsliyin, metodik vəsaitin və 60-dan çox elmi məqalənin müəllifidir. O, ictimai işlərdə də yaxından iştirak etmişdir.

Zöhrab Əliyev 10-dan çox beynəlxalq və respublika səviyyəli konfranslarda çıxış edib, elmi məqalələr çap etdirmişdir.

 

ZÜLFİQAR ZÜLFİQAROV

Zülfiqar Məhərrəm oğlu Zülfiqarov 1938-ci ildə Borçalının Ulaşlı kəndində kəndli ailəsində anadan olmuşdur.

1946-1947-ci tədris ilində Ulaşlı ibtidai məktəbinə getmiş, 1953-1954-cü ildə Qasımlı kənd 8 illik məktəbini, daha sonra (1956) Ermənistan SSR Kirovakan rayonunun Arçut kəndində orta məktəbi bitirmişdir.

1957-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) fizika-riyaziyyat fakültəsinə qəbul olmuşdur. 1962-ci ildə həmin fakültəni bitirmişdir.

1962-ci ildə tə’yinatla işləmiş, 1963-cü ildə Azərbaycan EA-nın Riyaziyyat və Mexanika İnstitutunda aspiranturaya daxil olmuşdur. 1971-ci ildə müvəffəqiyyətlə dissertasiya müdafiə edib elmi dərəcə almışdır. 1979-cu ildə müsabiqə yolu ilə Azərbaycan Politexnik (indiki ATU) İnstitutunun tətbiqi riyaziyyat kafedrasında assistent, baş müəllim, sonra isə dosent olmuşdur.

Hazırda Azərbaycan Texniki Universitetinin "Riyaziyyat-2" kafedrasının dosentidir.

Elmi-pedaqoji fəaliyyəti dövründə Zülfiqar Zülfiqarov bir sıra elmi konfranslarda çıxış etmiş, mə’ruzələr söyləmişdir. Daşkənd, Kişinyov, Lvov, Vladivostok və s. şəhərlərdə elmi e’zamiyyətlərdə olmuşdur. Zülfiqar Zülfiqarovun indiyə qədər 17 elmi məqaləsi, metodik göstərişi və 1 dərs vəsaiti çap olunmuşdur.

"Ali riyaziyyatın seçilmiş bölmələri" üzrə monoqrafiyası çap ərəfəsindədir.

Copyright © 2003 Borchali