|
ELMLƏR DOKTORLARI
BORÇALI (MARNEULİ) BÖLGƏSİ
[A-M] [N-Z]
NOVRUZ HÜSEYNOV
Novruz İsmayıl oğlu
Hüseynov 1928-ci il martın 21-də Borçalının Qasımlı
kəndində anadan olmuşdur. 1943-cü ildə doğma kənddə
orta məktəbin 7-ci sinfini başa vurub, 1944-cü ildə
Bolnisi rayonunda Kənd Təsərrüfatı Texnikumuna
daxil olmuşdur. 1947-ci ildə texnikumu ə’la
qiymətlərlə bitirmiş və həmin ildə Marneuli
RİK-i yanında torpaq şö’bəsində aqronom
vəzifəsində işə düzəlmişdir. 1948-ci ildə
Azərbaycan Dövlət Universitetinin kimya
fakültəsinə qəbul olunmuş və ali məktəbi 1954-cü
ildə bitirmişdir.
1954-1958-ci illərdə keçmiş SSRİ Kimya
Sənayesi Nazirliyinin müəssəsində, sintetik
spirtlərin və üzvi birləşmələrin elmi tədqiqat
institutunda böyük mühəndis və kiçik elmi işçi
vəzifəsində işləmişdir. 1958-1961-ci illərdə
Azərbaycan EA Neft Kimya Prosesləri
İnstitutunun (NKPİ) aspirantı olmuş və
namizədlik dissertasiyası müdafiə edib, kimya
elmləri namizədi elmi dərəcəsi almışdır. 1961-ci
ildən Azərbaycan EA NKPİ "oliqomerlərin kimyası
və texnologiyası" laboratoriyasında böyük elmi
işçi vəzifəsində işləyir.
1992-ci ildə doktorluq dissertasiyası
müdafiə edib, kimya elmləri doktoru elmi
dərəcəsi almışdır. O, 100 elmi əsərin, 33 müəlliflik
şəhadətnaməsinin, ABŞ, İngiltərə, Fransa,
Almaniya və Azərbaycan respublikasında alınan 10
patentin müəllifidir. Onun rəhbərliyi altında 4
nəfər elmlər namizədi hazırlanmışdır.
Hazırda Azərbaycan EA NKPİ-da böyük
elmi işçi vəzifəsində çalışır.
NURƏDDİN BABAYEV
Nurəddin Bərgah
oğlu Babayev 1935-ci ildə Borçalının Ağqula
kəndində anadan olmuşdur. 1942-ci ildə Ağqula kənd
orta məktəbinin 1-ci sinfinə daxil olmuş,
təhsilini Sadaxlı orta məktəbində bitirmişdir.
1954-1957-ci illərdə hərbi xidmətdə olmuşdur.
1965-ci ildə Azərbaycan Neft və Kimya
İnstitutunu (indiki ANA) bitirmişdir. 1958-ci ildən
1975-ci ilə kimi Sumqayıt Kimya zavodunda maşinist,
növbə rəisi, texnoloq, sex rəisi, baş mühəndis və
zavod direktoru vəzifələrində çalışmışdır. 1975-ci
ildə Üzvi Sintez Zavodunda direktor işləmişdər.
1987-ci ildə Birliyin Baş direktoru tə’yin
edilmişdir. 1966-cı ildə Nurəddin Babayev
"SSRİ-nin Kimya ə’laçısı", 1985-ci ildə isə
"Fəxri kimyaçı" adına layiq görülmüşdür.
1990-1995-ci illərdə Azərbaycanın Ali Sovetinin
deputatı olmuşdur. 1995-1998-ci illərdə "Azərkimya"
Dövlət Şirkəti prezidentinin müavini
işləmişdir. Nurəddin Babayev on il Sumqayıt
Şəhər Partiya Komitəsinin büro üzvü, beş il şəhər
Soveti İcraiyyə Komitəsinin üzvü olmuşdur. O,
1990-cı ildən texnika elmləri namizədidir, 1991-ci
ildə Azərbaycan Milli Yaradıcılıq
Akademiyasının doktoru adına layiq görülmüşdür.
Nurəddin Babayev dəfələrlə Azərbaycan KP və Sov.
İKP Qurultaylarına nümayəndə, AKP-nin XXXII
Qurultayında Partiya Nəzarət - Təftiş
Komissiyasının üzvü seçilmişdir. Nurəddin
Babayevin səmərələşdirici təklifləri qəbul
edilmişdir. O, 54 elmi əsərin müəllifidir, 20
beynəlxalq və respublika səviyyəli konfrans və
müşavirələrin iştirakçısı olmuşdur. Nurəddin
Babayev "V.İ. Leninin anadan olmasının 100
illiyi" və "Əmək rəşadətinə görə" medalları,
1975-ci ildə "Şərəf Nişanı", 1971-ci ildə "Qırmızı
Əmək Bayrağı", 1981-ci ildə "Xalqlar Dostluğu",
1986-cı ildə Lenin ordenləri ilə təltif olunmuşdur.
1979-cu ildə ona Azərbaycan SSR-in "Fəxri
Səmərələşdiricisi" adı verilmişdir.
ÖMƏR OSMANLI
Ömər Osmanlı 1913-cü
ildə Borçalı mahalının Lejbəddin kəndində
anadan olmuşdur. Müxtəlif səbəblərdən Lejbəddin,
Qaçağan, Sarvan orta məktəblərində oxuduqdan
sonra Tiflis şəhərində N.Nərimanov adına Türk
Pedaqoji Texnikumunu bitirmişdir. Bir müddət
Borçalıda müəllimlik etmiş, 1949-cu ildə
Azərbaycan Dövlət Universitetinin tarix
fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.
Onu universitetin aspiranturasında saxlamışlar.
Aspiranturanı müvəffəqiyyətlə başa vurmuş və
1956-cı ildə dissertasiya işini müdafiə edib, tarix
elmləri namizədi elmi dərəcəsi almışdır. 1966-cı
ildə universitetdə dosent seçilmişdir. Həmin
ildə Azərbaycan EA-nın Tarix İnstitutuna baş
elmi işçi vəzifəsinə keçmişdir. 1972-ci ildə indiki
ADPU-nun Azərbaycan tarixi kafedrasına
müəllimliyə də’vət olunmuş, ömrünün sonunadək
orada dosent və professor əvəzi işləmişdir. Dərs
deməklə yanaşı o, tarix fənni üzrə dərs
vəsaitlərinin hazırlanması ilə məşğul olmuşdur.
Azərbaycan tarixinə aid "Azərbaycan
tarixi üzrə xronologiya"nı (1979) yazıb çap
etdirmişdir. Onun ən böyük fəaliyyətlərindən
biri də Azərbaycan tarixi tədrisinin yenidən
qurulması ideyasını ortaya qoymasıdır. On il
Borçalıda maarif işində, otuz il ali məktəbdə
(onun altı ilini Akademiyada) pedaqoji sahədə
çalışmışdır. Ömər Osmanlının Respublikanın
tarix fonduna daxil olan onlarla sırf
elmi-tədqiqat işinin nəticələri haqqında çap
etdirdiyi "Sovet hakimiyyəti illərində
sənayesinin inkişafı" (1961) monoqrafiyası,
"Daşkəsən rayonunun dağ-mə’dən sənayesinin
inkişafı" (1956), "Kiçik Qafqazın şimal-şərq
zolağında dağ-mə’dən sənayesi tarixindən" (1959),
"Azərbaycanın alüminium sənayesi tarixindən"
(1960) və üçcildlik tədqiqat əsəri "Azərbaycan
filiz-mə’dən sənayesi və əlvan metallurgiyanın
inkişafı" (1984) və s. məqalə və kitablarını qeyd
etmək olar.
Azərbaycan Sovet
Ensiklopediyasındakı Borçalı məqaləsinin
müəllifidir. Məqalənin ensiklopediyaya
salınması böyük mübahisələrə səbəb olmuşdur.
Mühafizəkarlar "Bolşaya Sovetskaya
Ensiklopediya"ya daxil edilməyən mövzuların
çap edilməsini məqsədəuyğun saymırdılar. Ömər
Osmanlı yuxarı təşkilatlara müraciət edib
məqalənin çapına nail olmuşdur.
Ömər Osmanlının doktorluq işi
yarımçıq qalmışdır. O, 1984-cü ildə Bakı şəhərində
vəfat etmiqdir.
PƏNAH XƏLİLOV
Pənah İmran oğlu
Xəlilov 1923-cü ilin mayında Borçalının Sadaxlı
kəndində anadan olmuşdur. Kənddə ibtidai məktəbi
bitirdikdən sonra valideynləri ilə birlikdə
Gəncə şəhərinə köçmüş, orta təhsilini əvvəlcə
Gəncədəki 21 saylı orta məktəbdə, sonra isə 5 saylı
M.Ə. Sabir adına orta məktəbdə davam etdirmişdir.
Pənah Xəlilov XX əsrin 30-40-cı illərində
Bakıda ali təhsil almışdır. 1954-cü ildə
namizədlik, 1971-ci ildə doktorluq dissertasiyası
müdafiə edib, filologiya elmləri doktoru elmi
dərəcəsi almışdır.
1973-cü ildə çalışdığı kafedranın
professoru seçilmişdir.
Onlarla elmi məqalənin müəllifidir.
Elmi məqalələri Azərbaycanda və Türkiyədə çap
edilmişdir.
"Kitabi-Dədə Qorqud" intibah abidəsi,
çap prosesində olan "N. Gəncəvi və türk
folkloru", "Türk xalqlarının və şərqi
slavyanların ədəbiyyatı" adı ilə 3-cü nəşr çap
olunan ali məktəb dərsliyi, "SSRİ xalqlarının
ədəbiyyatı (I-II hissələr)" və s. elmdə yenilik
sayıla bilər.
Pənah Xəlilov tərcümə sahəsində də
uğurlar qazanmışdır. Dünya ədəbiyyatının bir
sıra bədii və tarixi incilərini ana dilimizə
tərcümə etmişdir. İspan intibah dövrü
ədəbiyyatının müqtədir xadimi Migel de
Servantes Saavedranın "Lamançlı Don Kixot"
romanı bu qəbildəndir.
Pənah Xəlilovun ikinci böyük dəyərli
tərcümə əsəri "tarixin atası" adlanan
Herodotun "Tarix"idir. Bu tərcümə əsərinin bir
hissəsi artıq çapdan çıxmışdır.
Pənah Xəlilovun elmi və pedaqoji
fəaliyyəti 100 elmi əsərdə, dərsliklərdə, dərs
vəsaitlərində, yüzdən artıq elmi,
elmi-publisistik məqalələrdə, 10 roman və
samballı tərcümə əsərlərində öz əksini
tapmışdır.
Pənah Xəlilov son 2-3 ildə gərgin
elmi-pedaqoji fəaliyyət göstərərək 30-a yaxın
böyük həcmli elmi məqalə, tövsiyələr yazmış və
müxtəlif nüfuzlu jurnal və qəzetlərdə çap
etdirmişdir.
SAHİB MUSAYEV
Sahib Kazım oğlu
Musayev 1952-ci ildə Qazaxıstan Respublikasının
Çimkənd vilayətində anadan olmuşdur. Sahibin ata
və anası Borçalının Mameyi kəndindən olmuşlar.
Sahib Musayev 1954-cü ildə bəraət
qazanmış valideynləri ilə birlikdə sürgündən
doğma Borçalıya qayıtmışdır.
Orta məktəbi Qərbi Azərbaycanın Loru
bölgəsinin Ləmbəli kəndində bitirmişdir.
1969-1975-ci illərdə Azərbaycan Tibb İnstitutunun
(indiki ATU) müalicə-profilaktika fakültəsində
təhsil almış, 1981-ci ilə qədər Bakı şəhər
tə’cili-tibbi yardım stansiyasında
kardioloq-həkim vəzifəsində çalışmışdır.
1981-ci ildə Moskvadakı Revmatologiya
İnstitutunun aspiranturasına daxil olmuş və
1984-cü ildə "Sistem oklerodermiyasının klinik və
immunoloji xüsusiyyətləri" mövzusunda
namizədlik dissertasiyası müdafiə etmişdir.
Müdafiədən sonra beş il indiki ATU-nun daxili
xəstəliklər kafedrasında assistent işləmiş,
sonra isə yenidən Moskvaya getmiş və
Revmatologiya İnstitutunun doktoranturasına
qəbul olunmuşdur. 1991-ci ildə "Beta talessemiya
xəstəliyində revmatoloji sindromlar"
mövzusunda doktorluq dissertasiyası müdafiə
etmişdir.
Sahib Musayev indiki ATU-nun daxili
xəstəliklər kafedrasında professor kimi yenidən
əmək fəaliyyətinə başlamışdır.
Sahib Musayevin elmi və pedaqoji
fəaliyyəti 100-ə qədər elmi əsərdə öz əksini
tapmış, 10-dan çox konqres və simpoziumda çıxış
etmişdir. Onun Avropa revmatoloqlarının 1983-cü
ildə keçirilmiş V konqresində elmi məqalə ilə
çıxışı beynəlxalq elmi məclisdə aktiv
iştirakına görə Avropa Antirevmatik Liqanın
qırmızı diplomuna layiq görülmüşdür.
1990-cı ildə XXIII Skandinaviya
ölkələrinin revmatoloji konqresində
(Finlandiya), 1991-ci ildə XII Avropa revmatoloji
konqresində (Macarıstan), II, III, IV Ümumittifaq
revmatoloji qurultaylarında, 1995-ci ildə
İstanbulda keçirilən Avropa və Asiya
Ölkələrinin XIII Beynəlxalq Hemotoloji və
kardioloji konqresində, 1997-ci ildə III (İsrail),
1998-ci ildə IV (Antalya - Türkiyə), 1999-cu ildə isə V
beynəlxalq İmmunoreabilitasiya konqresində
(İspaniya), Kanar adalarında qan xəstəliklərinin,
revmatik və ürəyin zədələnməsinin müasir aktual
problemləri haqda elmi çıxışlar etmiş,
materiallar dərc etdirmişdir.
SƏ’Dİ HACIYEV
Sə’di Məmməd oğlu
Hacıyev 1930-cu ildə Borçalının Qaçağan kəndində
anadan olmuşdur. 1947-ci ildə Qaçağan orta
məktəbini bitirmiş və 1947-1948-ci tədris ilində
həmin məktəbin ibtidai sinfində müəllimlik
etmişdir.
1948-ci ildə Azərbaycan Dövlət Xalq
Təsərrüfatı (indiki ADİU) İnstitutuna daxil
olmuş və 1952-ci ildə həmin institutu fərqlənmə
diplomu ilə bitirmişdir. 1952-1953-cü tədris ilində
indiki Azərbaycan Dövlət İqtisad
Universitetinin statistika kafedrasında
müəllim işləmişdir.
1953-cü ildə Moskva İqtisadi Statistika
İnstitutunun statistikanın ümumi nəzəriyyəsi
kafedrasında aspiranturaya daxil olmuş və 1956-cı
ildə aspiranturanı bitirdikdən sonra tə’yinat
əsasında Azərbaycan DXTİ-nun (indiki ADİU)
Statistika kafedrasında müəllim işləmişdir.
1958-ci ildə Moskva İqtisadi-Statistika
İnstitutunda namizədlik dissertasiyasını
müdafiə etmiş və Azərbaycan Respublikasında
statisika ixtisası üzrə ilk iqtisad elmləri
namizədi elmi dərəcəsi almışdır. 1959-cu ildən
Azərbaycan Dövlət Universitetinin (indiki BDU)
iqtisad kafedrasında statistika ixtisası üzrə
baş müəllim, 1963-cü ildən isə dosent kimi
fəaliyyət göstərmişdir.
1964-cü ildə indiki Bakı Dövlət
Universitetinin iqtisad kafedrasından ayrılmış
və yeni təşkil edilmiş statistika kafedrasına
müdir vəzifəsinə seçilmişdir. 1966-cı ildə yenidən
təşkil olunmuş keçmiş Azərbaycan XTİ-nun (indiki
ADİU) Statistika kafedrasında (1966-1970-ci illərdə)
müdir vəzifəsində işləmişdir.
1964-cü ildə statistikanın ümumi
nəzəriyyəsinə dair tədris vəsaiti, 1969-cu ildə
"Statistika lüğəti", iqtisadi statistika üzrə
dərs vəsaiti nəşr etdirmişdir. Statistikanın
ümumi nəzəriyyəsinə dair - dərs vəsaitləri çap
etdirmişdər.
50 illik elmi-pedaqoji iş stajı olan
Sə’di Hacıyev bu müddət ərzində 150 adda 270 çap
vərəqi həcmində elmi-metodik işlər yerinə
yetirmiş və onları xaricdə və Azərbaycanda çap
etdirmişdir. 1987-ci ildə "Statistikanın ümumi
nəzəriyyəsi" adlı dərslik çap etdirmişdir. 1989-cu
ildə Moskvada "Statistika lüğəti" kitabının
əsas müəlliflərindən biri olmuşdur.
"Qarşılıqlı əlaqələrin statistik
öyrənilməsi", "Dinamika sıraları",
"Statistikanın tarixi", "Statistika indeks
metodu" adlı dərs vəsaitləri çap etdirmişdir.
1968-ci ildə Sovet Dövlət
Statistikasının 50 illiyi ilə əlaqədar SSRİ
Mərkəzi Statistika İdarəsinin Kollegiyasının
fəxri yubiley fərmanı ilə təltif edilmişdir.
Sə’di Hacıyev hazırda Azərbaycan
İqtisad Universitetinin Statistika
kafedrasının professorudur.
SƏLAHƏDDİN XƏLİLOV
Səlahəddin
Sədrəddin oğlu Xəlilov 1952-ci il fevralın 22-də
Marneuli şəhərində müəllim ailəsində anadan
olmuş, 1968-ci ildə orta məktəbi qızıl medalla
bitirərək Azərbaycan Dövlət Universitetinin
fizika fakültəsinə daxil olmuş və 1973-cü ildə
həmin fakültəni fərqlənmə diplomu ilə başa
vurmuşdur. Tə’yinat üzrə Universitetdə
saxlanılmış, aspiranturaya daxil olmuş və 1976-cı
ildə elmin fəlsəfi problemləri üzrə -
"Elmi-texniki tərəqqinin sistem struktur
təhlili" mövzusunda namizədlik dissertasiyası
müdafiə etmişdir.
1977-ci ilin yanvarından 1992-ci ilin
axırınadək Azərbaycan Dövlət Pedaqoji
İnstitutunun (indiki APU) fəlsəfə kafedrasında
laborant, assistent, baş müəllim, dosent,
professor və kafedra müdiri vəzifələrində
çalışmışdır.
1990-cı ildə fəlsəfə üzrə "Elmi-texniki
tərəqqinin məntiqi-qnoseoloji aspektləri"
mövzusunda doktorluq dissertasiyası müdafiə
etmişdir.
Azərbaycanda və xarici ölkədərdə 11
kitabı və 200-ə qədər məqaləsi çap olunmuşdur.
Səlahəddin Xəlilovun fəlsəfi əsərləri
ölkəmizin elmi ictimaiyyəti tərəfindən XX əsr
Azərbaycan fəlsəfi fikrində yeni söz, yeni
dəst-xətt kimi qiymətləndirilir. Onun əsərləri
milli-fəlsəfi fikrin, Şərq təfəkkür üslubunun
ən’ənələrini yaşatmaq və davam etdirməklə
yanaşı, Qərb fəlsəfəsinin ən yeni
nailiyyətlərinə istinad edir.
O, uzun müddət Qərb fəlsəfi fikrində
aparıcı istiqamətlərdən birini təşkil edən
postpozitivizm, ssientizm, texnisizm, tənqidi
rasionalizm cərəyanlarının, bir sözlə, müasir
elm fəlsəfəsinin tədqiqatçılarından biri olmuş,
elmi forumlarda öz konsepsiyası ilə çıxış
etmişdir.
Səlahəddin Xəlilov ölkəmizi dəfələrlə
beynəlxalq elmi konfranslarda yüksək səviyyədə
təmsil etmişdir.
Qahirədə İslam ölkələri
universitetlərinin beynəlxalq konfransında,
İstanbul Türk xalqlarının qurultayında,
Moskvada elmşünaslıq üzrə beynəlxalq
konfransda, Tehranda İran - Azərbaycan
münasibətlərinə həsr olunmuş simpoziumda,
Vaşinqtonda Dünya azərbaycanlarının II
konqresində, Brüsseldə Beynəlxalq Rektorlar
Şurasının konqresində, Budapeştdə "Dünya
universitetləri demokratiya uğrunda
alyansı"nın yubiley yığıncağında mə’ruzələrlə
çıxış etmişdir.
Beynəlxalq Rektorlar Şurasının,
Avropa Ali Təhsil Cəmiyyətinin, Dünya
Azərbaycanlılarının Hüquqlarını Müdafiə
Komitəsinin, Mərkəzi Avrasiya Tədqiqatları
Cəmiyyətinin, Amerika Fəlsəfə Cəmiyyətinin üzvü,
Rusiya Ekologiya Akademiyası və Nyu-York Elmlər
Akademiyasının akademiki, "Dünya Filosofları
Sülh Uğrunda" alyansının iştirakçısıdır. Bu
yaxınlarda ABŞ Bioqrafiya İnstitutunun
Azərbaycanda məşvərətçisi tə’yin olunmuş və
Beynəlxalq Bioqrafiya Mərkəzinin qərarı ilə "XX
əsrin görkəmli alimləri" siyahısına daxil
edilmişdir.
Ölkəmizin müstəqillik əldə etməsi və
yeni ictimai-iqtisadi sistemə qədəm qoyması
sayəsində Səlahəddin Xəlilov maarifçilik
fəaliyyətini genişləndirmiş, nəzəri fikirlərini
real həyata tətbiq edərək qısa müddət ərzində
özünü təhsil sahəsində bacarıqlı təşkilatçı
kimi göstərmiş, Azərbaycanda yeni tipli təhsil
konsepsiyasının yaradıcılarından biri olmuşdur.
1991-ci ilin iyun ayından ADPU nəzdində Ali
Humanitar Kolleci, 1993-cü ildə isə
respublikamızda ilk ingilisdilli gimnaziyanı
(5-11-ci siniflər) tə’sis etmişdir. Tə’sis
olunduğu gündən o, Azərbaycan Universitetinin
rektorudur.
Azərbaycan Universitetinin nəzdində
respublikamızda bu gün ən zəngin
kitabxanalardan birinin tə’sisçi və
təşkilatçısı olan Səlahəddin Xəlilov
Respublikamızda reklam olunmayan geniş
xeyriyyəçilik və maarifçilik fəaliyyəti ilə
məşğul olur. Onun təşkil etdiyi "İste’dad
klubu" Azərbaycan Universitetinin hüdudlarını
aşaraq təhsil və xeyriyyəçilik sahəsində
analoqu olmayan bir hadisədir.
Səlahəddin Xəlilov "İpək yolu"
jurnalının baş redaktoru, "Şərq-Qərb" tədqiqat
mərkəzinin rəhbəridir.
Yeni Azərbaycan Partiyasının Siyasi
Şurasının üzvüdür. 1998-ci il prezident
seçkilərində cənab Heydər Əliyevin
vəkillərindən biri olmuşdur.
Bəhmənyar və Yusif Məmmədəliyev adına
mükafatların laureatı, A. Bakıxanov və Hüseyn
Cavid adına Mükafat komissiyalarının
həmsədridir.
Səlahəddin Xəlilov 5 noyabr 2000-ci il
tarixində Azərbaycan Respublikasının Milli
Məclisinə üzv seçilmişdir.
ŞAKİR NAĞIYEV
Şakir Məmməd oğlu
Nağıyev 1949-cu il martın 15-də Borçalının Qasımlı
kəndində müəllim ailəsində anadan olmuşdur.
Qasımlı kənd orta məktəbini qızıl medalla
bitirmişdir. 1966-cı ildə Azərbaycan Dövlət
Universitetinin fizika fakültəsinə daxil olmuş
və ali məktəbi 1971-ci ildə nəzəri və riyazi fizika
ixtisası üzrə fərqlənmə diplomu ilə başa
vurmuşdur. Həmin ildən tə’yinatla Azərbaycan
Elmlər Akademiyasının Fizika İnstitutunda
işləyir. Azərbaycan EA Fizika İnstitutunda və
Beynəlxalq Birləşmiş Nüvə Tədqiqatları
İnstitutunda aspirant olmuşdur. Elementar
zərrəciklər fizikası və kvantlaşmış sahələr
nəzəriyyəsi, relyativistik kvant mexanikası,
dinamik simmetriyalar və cəbri üsullar,
sonlu-fərq tənlikləri və ortoqonal çoxhədlilər
sahəsində tədqiqatlar aparmışdır.
1979-cu ildə "Relyativistik Hamilton
nəzəriyyəsinin işıq konusu üzərində kovariant
formalaşması və onun bə’zi tətbiqləri"
mövzusunda namizədlik dissertasiyası, 1995-ci ildə
"Relyativistik bağlı halların sonlu-fərq
modelləri" mövzusunda doktorluq dissertasiyası
müdafiə etmişdir.
Hazırda Azərbaycan EA Fizika
İnstitutunda nüvə tədqiqatları
laboratoriyasının müdiri vəzifəsində çalışır.
Fizika İnstitutunun Elmi Şurasının, BDU
nəzdindəki nəzəri fizika və astrofizika
ixtisasları üzrə müdafiə şurasının, TQDK-nın
fizika üzrə ekspertlər şurasının üzvüdür.
20 ildən çoxdur ki, pedoqoji
fəaliyyətlə də məşğul olur. Hazırda Azərbaycan
Dövlət Pedoqoji Universitetində tələbələrə və
magistrlərə nəzəri fizikanın müxtəlif bölmələri
üzrə mühazirələr oxuyur.
60-a yaxın elmi və 20-dən çox elmi-kütləvi
məqalə çap etdirmişdir. Elmi məqalələrinin
yarıdan çou xarici ölkələrin (Amerika ,
İngiltərə, Almaniya, Rusiya, Hollandiya və s.)
nüfuzlu elmi fizika və riyaziyyat jurnallarında
çap olunmuşdur.
Şakir Nağıyevin rəhbərliyi ilə 2
elmlər namizədi hazırlanmışdır. O, 15-dən çox
keçmiş Ümumittifaq, beynəlxalq elmi konfrans və
simpoziumlarda mə’ruzələrlə çıxış etmişdir.
1997-ci ildə Meksika Avtonom Milli
Universitetində elmi e’zamiyyədə olmuş,
universitetin elmi semnarlarında çıxışlar
etmişdir. Birləşmiş Nüvə Tədqiqatları İnstitutu
və Meksika Avtonom Universiteti ilə sıx elmi
əlaqələr saxlayır.
TEYMUR İLYASOV
Teymur Məhəmməd
oğlu İlyasov 1948-ci ilin oktyabr ayında
Borçalının Kürtlər (Qurdlar) kəndində anadan
olmuşdur. 1955-ci ildə kənd məktəbinin birinci
sinfinə gedib, 1966-cı ildə Baydar (Paydar) kənd
orta məktəbini bitirmişdir.
Həmin il APİ-nin (indiki ADPU) kimya
fakültəsinə daxil olmuş, 1970-ci ildə ali məktəbi
müvəffəqiyyətlə başa vurmuşdur.
1970-1971-ci illərdə Dəvəçi rayonunun
Dağbılıcı kəndində kimya müəllimi işləmişdir.
Sonra ordu sıralarına çağırılmış və hərbi-dəniz
donanmasında qulluq etmişdir.
1974-cü ildə ordudan tərxis olunduqdan
sonra Azərbaycan EA-nın Qeyri-Üzvi və Fiziki
Kimya İnstitutunda aspiranturaya daxil olmuş,
1979-cu ildə dissertasiya müdafiə edərək kimya
elmləri namizədi elmi dərəcəsi almışdır. 1983-cu
ildə Azərbaycan Dövlət Universitetində işə
başlamışdır. O, burada mühəndis və laboratoriya
müdiri vəzifələrində çalışaraq 1988-ci ildə
qeyri-üzvi materialşünaslıq elmi-tədqiqat
laboratoriyasını təşkil edib, ona rəhbərlik
etmişdir. 1992-ci ildə doktorluq dissertasiyası
müdafiə etmişdir. Həmin ildən professordur.
Teymur İlyasov şüşəvari
yarımkeçiricilər sahəsinin tədqiqatçısıdır.
Onun bu sahədə 180 elmi əsəri işıq üzü görmüşdür. O
cümlədən 5 dərs vəsaiti və tələbələr üçün
metodiki göstərici kitablarını çap etdirmişdir.
Teymur İlyasov 10 müəlliflik
şəhadətnaməsinə layiq görülmüşdür. O, eyni
zamanda Amerikada çap olunmuş XX əsrin görkəmli
adamı kitabına düşmüşdür. Teymur İlyasov 1979-cu
ildən beynəlxalq elmi konfranslarda iştirak
edib, məqalələr çap etdirmişdir. O, ardıcıl
olaraq 1979-cu ildə İsveçdə, 1981-ci ildə
Macarıstanın Balaton şəhərində, 1993-cü ildə
Türkiyənin İzmir şəhərinin Egey
Universitetində, 1998-ci ildə Türkiyənin Bursa
şəhərində və s. çıxışlar etmişdir. Onun
məqalələri Çin Xalq Respublikasında, Amerikada
və İranda dərc olunmuşdur.
Teymur İlyasov 1992-1999-cu illərdə
Universitetin doktorluq müdafiə şurasının elmi
katibi olmuşdur. Respublikada Qeyri-Üzvi Kimya
sahəsinin doktorluq müdafiə şurasının üzvüdür.
Teymur İlyasovun elmi rəhbərliyi ilə
bir neçə aspirant və dissertant elmi dərəcə
almışdır. O, hazırda BDU-nun kimya fakültəsində
ümumi və qeyri-üzvi kimya kafedrasının
professoru olmaqla yanaşı həm də, kimya
fakültəsinin dekan müavini vəzifəsində çalışır.
TEYMURAZ CƏFƏRLİ
Teymuraz Məmməd
oğlu Cəfərli 1922-ci ildə Tiflis şəhərində ziyalı
ailəsində anadan olmuşdur. Atası Məmməd
Borçalının Sarvan kəndindən idi. Borçalının son
yüzillikdə ən qabqcıl ziyalılarından olub,
ömrünün sonunadək Borçalıda qəza, rayon partiya
komitəsinin birinci katibi işləmişdir.
Teymurazın valideynləri 1937-ci ildə
represiya qurbanı olmuşlar.
Teymuraz Cəfərli qohumlarının
himayəsi altında orta məktəbi Tiflis şəhərində
bitirib. Tbilisi Dövlət Universitetinin
filologiya fakültəsinə daxil olmuşdur. Həmin
fakültəni 1945-ci ildə bitirmiş, müxtəlif mətbuat
orqanlarında çalışmışdır.
1952-ci ildə Tbilisi şəhər sovetinə
tə’limatçı vəzifəsinə işə qəbul olunmuşdur.
Həmin vaxtdan paralel olaraq pedaqoji sahədə də
çalışmağa başlamışdar. A.S. Puşkin adına Tbilisi
Dövlət Pedaqoji İnstitutunda estetika və etika
kafedrasının müdiri olmuşdur.
1961-ci ildə Azərbaycan Dövlət
Nəşriyyatı onun "Kommunizm quruluşu hər
cəhətdən gözəl olmalıdır" kitabını çapdan
buraxmışdır. Üç il sonra "Böyük dostluq
səhifələri" kitabı oxucuların ixtiyarına
verilmişdir.
1970-ci ildə "Marksist-leniniçi etika
məsələləri", "Marksizmədək etik fikir
tarixindən" kitabları çapdan çıxmışdır.
1972-ci ildə "Etika kateqoriyaları,
tarixi və ümumi nəzəriyyə məsələləri"
mövzusunda doktorluq dissertasiyası müdafiə
edərək fəlsəfə elmləri doktoru elmi dərəcəsi
almışdır.
Teymuraz Cəfərli 1974-1981-ci illərdə
Gürcüstan KP MK-da təbliğat şö’bəsi müdirinin
müavini işləmişdir. Onun sonrakı fəaliyyəti
Borçalı türklərinin Gürcüstandakı nüfuzlu
mətbuat orqanı "Sovet Gürcüstanı" -
"Gürcüstan" qəzeti ilə bağlı olmuşdur. O, 1984-cü
ildən ömrünün axıranadək həmin qəzetin
redaktoru işləmişdir.
Teymuraz Cəfərlinin elmi-pedaqoji
fəaliyyəti 100 elmi və elmi-kütləvi xarakterli
məqalələrdə, 20 elmi-siyasi yönümlü və 5 iri həcmli
kitabda öz əksini tapmışdır. O, 60 beynəlxalq və
respublika səviyyəli konqres və konfransda
çıxışlar edib, elmi, siyasi məqalələr çap
etdirmişdir.
Teymuraz Cəfərli 1988-ci ildə Tbilisi
şəhərində vəfat etmişdir.
VAQİF SADIXOV
Vaqif Ənvər oğlu
Sadıxov 1951-ci il yanvarın 15-də Marneuli şəhərində
ziyalı ailəsində anadan olmuşdur. İbtidai
məktəbin 1-ci sinfinə 1 saylı Marneuli şəhər orta
məktəbində getmiş, 1967-ci ildə valideynlərinin
Bakıya köçməsi ilə əlaqədar olaraq təhsilini
Bakı şəhərində 49 saylı məktəbdə davam etdirmiş
və 1969-cu ildə həmin məktəbi bitirmişdir.
1969-cu ildə Azərbaycan Dövlət
Universitetinin (indiki BDU) mexanika riyaziyyat
fakültəsinə daxil olmuş, 1974-cü ildə isə həmin
fakültəni başa vurmuş, 1974-cü ilin sentyabrından
Azərbaycan SSR EA Kibernetika İnstitutunda baş
laborant kimi əmək fəaliyyətinə başlamışdır.
1976-cı ildə köçürmə yolu ilə Azərbaycan Dövlət
Universitetində baş elmi işçi işləmiş, sonra isə
Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun
(indiki ADİU) riyaziyyat kafedrasında saathesabı
dərs demiş, 1977-ci ildə Azərbaycan Politexnik
İnstitutunun (indiki ATU) əyani aspiranturasına
daxil olmuşdur. Vaxtından 1 il əvvəl namizədlik
dissertasiyası müdafiə edib elmi dərəcə
almışdır. Rektorluğun məsləhəti ilə riyaziyyat
kafedrasında assistent vəzifəsində
saxlanmışdır. 1981-ci ildə ikiilliyə Yuqoslaviyaya
elmi-pedaqoji e’zamiyyətə göndərilmişdir. 1982-ci
ildən isə Azərbaycan İnşaat-Mühəndisləri
İnstitutunun riyaziyyat kafedrasında assistent,
sonra isə baş müəllim vəzifələrində çalışmışdır.
1990-cı ildə Vaqif Sadıxov doktorluq
elmi işini tamamlamış, Tbilisi şəhərində (TDU)
müdafiə edib fizika-riyaziyyat elmləri doktoru
elmi dərəcəsi almışdır. Həmin ildən kafedranın
professorudur.
Vaqif Sadıxovun elmi-pedaqoji
fəaliyyəti 45 elmi əsərdə, 1 kitab, 4 metodik
göstəriş kitabında öz əksini tapmışdır. O, bu
müddət ərzində 10 beynəlxalq və keçmiş ittifaq, 11
respublika səviyyəli simpozium və konfranslarda
çıxış edib, elmi materiallar çap etdirmişdir.
Vaqif Sadıxov 1999-cu ildən İnşaat-Mühəndisləri
Universitetinin nəzdində fəaliyyət göstərən
xarici tələbələrin hazırlıq fakültəsində
kafedra müdiridir. O, Universitetin böyük elmi
şurasının üzvü və riyaziyyat kafedrasının
professorudur.
VƏLİ OSMANLI
Vəli Musa oğlu
Osmanlı 1935-ci ildə Borçalının Lejbəddin kəndində
anadan olmuşdur. Kəndlərindəki ibtidai məktəbi
bitirdikdən sonra təhsilini qonşu Böyük
Muğanlıdakı səkkizillik məktəbdə davam
etdirmişdir. 1949-cu ildən Marneuli Pedaqoji
Texnikumunda təhsil almışdır. 1954-cu ildə
Azərbaycan Dövlət Universitetinin jurnalistika
fakültəsinə imtahan versə də, Pedaqoji İnstituta
qəbul edilmişdir. Azərbaycan Dövlət Pedaqoji
İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir.
1959-cu ildə "Azərbaycan gəncləri" qəzeti
redaksiyasında ədəbi işçi kimi fəaliyyətə
başlamışdır. 1963-cü ildə Azərbaycan KP MK-da
işləmişdir. 1965-ci ildə aspiranturanın qiyabi
şö’bəsinə daxil olmuş, üç il sonra Azərbaycan
Elmlər Akademiyası Nizami adına Ədəbiyyat
İnstitutuna kiçik elmi işçi vəzifsinə keçmişdir.
Ədəbiyyat İnstitutunda 1974-cü ildə
"Azərbaycan sovet nəsrində üslub müxtəlifliyi"
adlı namizədlik dissertasiyası müdafiə
etmişdir.
On ildən çoxdur ki, XX əsr Azərbaycan
romantizmi problemi ilə məşğuldur. 1985-ci ildə
onun "Azərbaycan romantikləri" kitabı çapdan
çıxmışdır. Həmin mövzuda doktorluq
dissertasiyası müdafiə etmişdir. Hazırda
institutda aparıcı elmi işçi vəzifəsində
çalışır.
Ədəbiyyat nəzəriyyəsinin psixoloji
təhkiyə, təsvir kimi problemlərini
araşdırmışdır.
Vəli Osmanlı ədəbi tənqidlə və
tənqidin nəzəriyyəsi ilə də məşğul olmuşdur.
Elmi fəaliyyətinin on ildən çox
dövrünü o, XX əsr Azərbaycan romantizminə həsr
etmişdir. "Azərbaycan romantizminin
bədii-estetik xüsusiyyətləri" mövzusunda
doktorluq dissertasiyası müdafiə etmişdir.
Vəli Osmanlının "Azərbaycan
romantikləri" kitabı romantizmin
öyrənilməsində yeni istiqamətli tədqiqatlardan
hesab olunur.
"Məhəmməd Hadinin romantizmi"
monoqrafiyasını çapa təqdim etmişdir.
Vəli Osmanlının ədəbiyyat tariximizin
yeni bir dövrünü ortaya çıxaran dəyərli bir
kitabı "Türk xalqları ədəbiyyatlarının ortaq
başlanğıcı" Türkiyədə (Ərzurum, 1996) nəşr
olunmuşdur.
ZAKİR MƏMMƏDOV
Zakir Qasım oğlu
Məmmədov Borçalının Qasımlı kəndində anadan
olmuşdur. 1957-ci ildə orta məktəbi, 1963-cü ildə isə
Azərbaycan Politexnik İnstitutunun mexanika
fakültəsini müvəffəqiyyətlə başa vurub,
mühəndis-metallurq ixtisasına yiyələnmişdir.
Gənc mütəxəssis kimi tə’yinatla leytenant Şmidt
adına (indiki Səttarxan adına) Maşınqayırma
Zavoduna usta köməkçisi göndərilmiş, bir müddət
burada işlədikdən sonra o, köçürmə yolu ilə Bakı
Dövlət Yastıqlar Zavoduna gətirilmiş və orada
sex rəisi, zavodun baş metallurqu vəzifələrində
işləmişdir.
Zakir Məmmədov təhsilini davam
etdirmək üçün 1969-cu ildə Moskva şəhərinə getmiş
və orada SSRİ Avtomobil Nazirliyi nəzdindəki
Ümumittifaq Elmi-Tədqiqat Yastıqlar İstehsalı
İnstitutunun aspiranturasına daxil olmuşdur.
1972-ci ildə Lixaçov adına Moskva Avtomobil Zavodu
yanında Texniki Ali məktəbdə "Qazma
avadanlıqlarının ağır yüklənən yastıqları üçün
poladların işlənməsi və tədqiqi" mövzusunda
namizədlik dissertasiyası müdafiə edib, texnika
elmlər namizədi elmi dərəcəsi almışdır.
Zakir Məmmədov sonralar Ümumittifaq
Elmi Tədqiqat Elektrik Maşınqayırma
İnstitutunun Bakıda yeni təşkil olunmuş
filialına də’vət almış və əmək fəaliyyətini
orada davam etdirərək, baş elmi işçi,
laboratoriya rəhbəri, şö’bə müdiri
vəzifələrində çalışmışdır. Müəllifi olduğu bir
neçə yüksək möhkəmlikli yeni ştamp poladları və
texnologiyaları Moskva vilayəti "Elektrostal"
Metallurgiya Zavodunda istehsal üçün
mənimsənilmiş və 1977-ci ildən istehsalatda tətbiq
edilmişdir.
Z. Məmmədov "SSRİ ixtiraçısı" döş
nişanına layiq görülmüş və dəfələrlə SSRİ
Elektrotexnika Sənayesi Nazirliyinin
"Soyuzelektrotexnologiya" idarəsinin
texniki-iqtisadi şurasına üzv seçilmişdir.
Z. Məmmədov istehsalatdan ayrılmadan
uzun müddət (1967-ci ildən) Azərbaycan Politexnik
İnstitutunda (indiki AzTU) saathesabı dərs demiş,
1987-1989-cu illərdə metallurgiya və metalşünaslıq
kafedrasına rəhbərlik etmişdir və 1992-ci ildən
həmin kafedranın professorudur.
Z. Məmmədov 1997-ci ildə soyuq
deformasiyaedici ştamp poladlarının rasional
legirlənməsi və möhkəmləndirilməsinin əsas
prinsiplərinin işlənməsi mövzusunda
müvəffəqiyyətlə doktorluq dissertasiyası
müdafiə edib, texnika elmləri doktoru elmi
dərəcəsi almışdır.
Z. Məmmədov 120-dən çox elmi məqalənin, o
cümlədən 5 elmi ixtiranının, 4 metodik vəsaitin, 4
dərs vəsaitinin, 3 elmi monoqrafiyanın
müəllifidir. Onun "Elm" nəşriyyatında çap
olunmuş 24 çap vərəqi həcmində "Rasional
legirlənmiş ştamp poladları" adlı
monoqrafiyası və "Xüsusi poladlar və
ərintilər" dərsliyi tələbələr və elmi işçilər
üçün böyük əhəmiyyət kəsb edir. Metallurgiya
fakültəsinin Elm Şurasının üzvüdür. Dəfələrlə
universitetin elmi-metodik bölməsinin, Təhsil
Nazirliyi Vahid Elmi-Metodik Şurasının
metallurgiya bölməsinin üzvü seçilmişdir.
Hazırda AzTU nəzdindəki müdafiə şurasının
üzvüdür.
|