Ağbulaq     Baş keçid     Borçalı     Qarayazı     Dağ Borçalı     Qaraçop     Tiflis     Çoruk Qəmərli  
Coğrafiyası
Etimologiyası
Kəndləri
Nəqliyyatı
Tarixi
Demoqrafik quruluşu
Sənaye və kənd təssərrüfatı
Torpaq fondu
Maarifin inkişafı
Türk Pedaqoji Texnikomları
Adət ənənələri
Ədəbi mədəni əlaqələri
İctimai siyasi durum
Borçalı ziyalıları dövlət və hökümət orqanlarında
Öndər adamları
Akademik və müxbir üzvləri
Elmlər doktorları
Elmlər namizədləri
Həkimlər
El ağsaqqalları
Generallar
Hüquqsunaslar
Tarixi qəhrəmanlar
Rəssamlar
Memarlar
İncəsənət xadimləri
Jurnalistlər
Aşıq folklor örnəkləri
El sənətkarları
Xeyriyyəçilər
İdmançılar
Şəhidlər
Yaylaqlar
Xəritələr
Şəkillər
 

The Project is accomplished by the assistance of the Bureau of Educational and Cultural Affairs of the U.S. Department of State and International Research & Exchanges Board

Səhifənin yaradılmasında göstərdiyi köməkliyə görə Məmməd Sarvana təşəkkür edirik

ELMLƏR DOKTORLARI

BORÇALI (MARNEULİ) BÖLGƏSİ

[A-M] [N-Z]

ABBAS HACIYEV

Abbas Məhəmməd oğlu Hacıyev 1933-cü il yanvarın 1-də Borçalı rayonunun Sarvan kəndində (indiki Marneuli rayonunun mərkəzi) kəndli ailəsində anadan olmuşdur. Orta pedaqoji təhsilini Marneuli şəhərində almış, 1952-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuşdur. Abbas Hacıyev universiteti fərqlənmə diplomu ilə bitirmişdir.

Abbas Hacıyev 1958-1961-ci illərdə Marneuli şəhərində müəllim işləmiş, sonralar rayon komsomol komitəsinin birinci katibi və rayon partiya komitəsinə büro üzvü seçilmişdir. 1961-ci ildə ona Gürcüstan SSR Ali Sovetinin Fəxri Fərmanı verilmiş və rayon sovetinə deputat seçilmişdir. Elə həmin ilin sonunda Azərbaycan EA-nın Nizami adına Ədəbiyyat və Dil İnstitutunda görkəmli yazıçı-alim Şıxəli Qurbanovun başçılıq etdiyi ədəbi əlaqələr şö’bəsinə aspiranturaya daxil olmuşdur. Burada prof. Mir Cəlalın elmi rəhbərliyi ilə "Tiflis ədəbi mühiti" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.

Abbas Hacıyev 1964-cü ilin dekabrından Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda müəllim, baş müəllim və kafedra müdiri işləmişdir. Özünün xahişi ilə 1979-cu ildə Azərbaycan Pedaqoji İnstitutuna köçürülmüşdür. O, burada əvvəlcə professor, sonra isə kafedra müdiri seçilmiş və hazırda "Müasir Azərbaycan və dünya ədəbiyyatı" kafedrasının müdiri işləyir.

Abbas Hacıyev 1970-ci ildən filologiya elmləri doktoru, 1973-cü ildən professordur. 1983-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. O, bir sıra elmi və ədəbi-tənqidi məqalənin müəllifidir. Onun "Tiflis ədəbi mühiti", "Tiflis Azərbaycan teatrı", "Mirzə İbrahimov", "Yazıçı şəxsiyyəti və bədii qanunauyğunluq", "Ədəbiyyatşünaslığın əsasları", "Sənətkarın yaradıcılıq birliyi", "Bədii əsərin strukturu", "Ədəbi növlər və janrlar" adlı kitabları ədəbiyyatşünaslıq elmini zənginləşdirmişdir.

Abbas Hacıyev hazırda "Ədəbiyyat nəzəriyyəsi" dərsliyi üzərində işləyir. Onun elmi və pedaqoji fəaliyyəti 100 elmi əsərdə, bir neçə dərs vəsaitində və metodik göstərişdə öz əksini tapmışdır.

 

ASƏF SÜLEYMANOV

Asəf Səməd oğlu Süleymanov 1936-cı ildə Borçalının Ağqula kəndində anadan olmuşdur. 1943-cü ildə Ağqula kənd ibtidai məktəbinin birinci sinfinə getmiş və 1955-ci ildə Sadaxlı kənd orta məktəbini bitirmiş və ADU-nun (indiki BDU-nun) fizika fakültəsinə qəbul olunmuşdur.

1960-cı ildə Universiteti ə’la qiymətlərlə bitirib, tə’yinatla Azərbaycan EA-nın Fizika institutuna göndərilmiş, akademik Xudu Məmmədovun məsləhəti ilə rentgen şüalarının emissiya və udulma spektrlərini alıb və bu metoddan istifadə edərək katalizatorların tədqiqinə aid namizədlik dissertasiyası müdafiə etmişdir.

Asəf Süleymanov 1990-cı ildə "Karkasında izomorf əvəzləyici elemntlər olan seolit katalizatorlarının sintezinin fiziki-kimyəvi əsasları" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək kimya elmləri doktoru elmi dərəcəsi almışdır.

Asəf Süleymanov fiziki kimya və kataliz sahəsində 100-ə qədər elmi əsərin müəllifidir. O, 30-dan çox beynəlxalq və respublika miqyaslı elmi konfransların iştirakçısı olmuş, məqalələr çap etdirmişdir.

 

ASİF HACILI (HACIYEV)

Asif Abbas oğlu Hacılı 1960-cı ildə Marneuli şəhərində anadan olmuş, orta təhsilini Bakıda almışdır. 1982-ci ildə BDU-nun filologiya fakültəsini fərqlənmə diplomu ilə başa vurub, C. Naxçıvanski adına hərbi təmayüllü internat məktəbində əmək fəaliyyətinə başlamışdır. 1986-cı ilin sentyabr ayınadək C. Naxçıvanski adına məktəbdə tərbiyəçi-tağım komandiri vəzifəsində çalışmış, məktəbin müəllim komsomol komitəsinin katibi, Xətai rayon gənc müəllimlər şurasının sədri olmuşdur. 1986-cı ilin sentyabr ayından APRDƏİ-də rus ədəbiyyatı kafedrasında çalışmışdır. 1992-ci ildən ədəbiyyat nəzəriyyəsi kafedrasında işləyir. Ədəbiyyat nəzəriyyəsi, ədəbiyyatşünaslığa giriş və rus ədəbi tənqidi tarixindən mühazirələr oxuyur, xüsusi kurslar aparır. Uzun müddət institut gənc alimlər şurasının, tələbə elmi cəmiyyətinin sədri olmuşdur. Fakültə və institut Elmi Şuralarının, EA Nizami adına Ədəbiyyat İnstitutu nəzdində doktorluq dissertasiyalarının müdafiəsi üzrə ixtisaslaşdırılmış şuranın üzvüdür. Eyni zamanda Nizami adına Ədəbiyyat İnstitutunun Tarixi poetika şö’bəsinin əməkdaşıdır. 1987-ci ildə namizədlik, 1998-ci ildə doktorluq dissertasiyaları müdafiə etmişdir. Filologiya elmləri doktoru, professordur.

Asif Hacılı onlarla elmi-nəzəri məqalənin və altı kitabın müəllifidir. Bir neçə ümumittifaq və beynəlxalq elmi konfransın iştirakçısı olmuşdur. Bir sıra əsərləri Türkiyə, Rusiya, Özbəkistan və Tacikistanda çap olunmuşdur. Əsasən mifologiya, folklorşünaslıq, ədəbiyyat nəzəriyyəsi, poetika məsələlərinin tədqiqiylə məşğul olur, mətbuatda ədəbi-tənqidi məqalələrlə çıxış edir. Elmi fəaliyyətində Ahısqa türkləri folklorunun toplanması, tədqiqi və nəşri xüsusi yer tutur. Ahısqa türklərinin mifologiyasına, folkloruna, etnik tarix və etnoqrafiyasına həsr olunmuş kitabı türkologiyanın bu sahəsinə aid ilk sanballı əsər kimi yüksək qiymətləndirilmişdir. Dərslik, dərs vəsaiti, tədris proqramlarının müəllifi, bir neçə kitabın elmi redaktoru, tərtibçisi və rə’yçisidir.

"Borçalı", "Qaraçöp" xeyriyyə cəmiyyətləri idarə hey’ətinin üzvü olmuş, Ahısqa türkləri "Vətən" cəmiyyəti idarə hey’ətinin üzvüdür.

Asif Hacılı 2000-ci ilin sentyabrından Bakı Slavyan Universitetinin tə’lim və təhsil üzrə prorektorudur.

 

BAXIŞ BAYRAMOV

Baxış Xəlil oğlu Bayramov 1944-cü il iyunun 1-də Borçalının Sarvan kəndində anadan olmuşdur. İbtidai təhsili Marneuli şəhər rus orta məktəbində almış, 1961-ci ildə isə Tbilisi Maşınqayırma Texnikumunu fərqlənmə diplomu ilə bitirmişdir.

Əmək fəaliyyətinə 1961-ci ildə Tbilisi Təyyarə Zavodunda texnik-konstruktor vəzifəsində başlamışdır.

1969-cu ildə Leninqrad Politexnik İnstitutunun radiotexnika fakültəsinin "Dielektrik və yarımkeçiricilər" ixtisasını bitirmişdir. Həmin ildə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunun aspiranturasına daxil olmuş, Leninqrada (indiki Sankt-Peterburq) A.F.İoffe adına Fizika-Texnika İnstitutuna e’zam edilmişdir.

1972-ci ildə namizədlik, 1991-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir.

1998-ci ildən professordur. Baxış Bayramov 1969-cu ildən bu günə kimi A.F. İoffe adına Leninqrad Fizika-Texnika İnstitutunda zəngin elmi-yaradıcılıq yolu keçərək aparıcı-professor vəzifəsinə qədər yüksəlmişdir.

Baxış Bayramovun elmi-pedaqoji fəaliyyəti 250-dən çox elmi əsərdə, 5 kitabda, 14 müəlliflik şəhadətnaməsində və patentdə öz əksini tapmışdır.

Baxış Bayramov 2 monoqrafiyanın həmmüəllifi və 1 kitabın isə ingilis dilindən rus dilinə tərcüməçisidir.

Son 10 ildə ABŞ, İngiltərə, Almaniya, Finlandiya, Türkiyə və başqa ölkələrin elm mərkəzlərinə də’vət olunmuş və sanballı elmi-tədqiqat işləri aparmışdır.

B. Bayramov elmi işlə yanaşı, xarici ölkələrin məşhur universitetlərində aspirant və tələbələr qarşısında fizikanın yarımkeçiricilər sahəsində, o sıradan yarımkeçiricilər strukturunda işıq elektronunun qeyri-elastik materialda lazer spektroskopiyasının istifadəsi kimi problemlərdən mühazirələr demişdir.

1986-cı ildən 1999-cu ilə qədər İngiltərənin Kembric, (1993-1994), Bilkent Universitetində (Ankara), Almaniyanın Dağ Akademiyasında (Freyberq). ABŞ-ın İllinoy Universitetində (Urbona), ABŞ-ın Şimali Karolina, Raley universitetində əməkdaşlıq etmişdir.

Onun ixtiraları 1986-cı ildə A.F. İoffe adına İnstitut rəhbərliyi tərəfindən FTİ mükafatına, 1992, 1996 və 1999-cu illərdə Avropa Aerokosmik Tədqiqatlar Elmi Birliyinin mükafatına layiq görülmüşdür.

1999-cu ildə elmdə və pedaqoji fəaliyyətdə göstərdiyi yüksək nəticələrə görə Baxış Bayramov "Kim kimdir" dünya ensiklopediyasına daxil edilmişdir.

 

CAVİD XIDIROV

Cavid Nəbi oğlu Xıdırov 1933-cü ildə Borçalının Kəpənəkçi (Kürüstü Kəpənəkçi) kəndində anadan olmuşdur. Səkkizillik məktəbi doğma kənddə bitirib, 1946-cı ildə Marneuli Pedaqoji Texnikumuna daxil olmuş və oranı ə’la qiymətlərlə bitirmişdir.

1951-ci ildə Azərbaycan Dövlət Pedoqoji İnstitutunun (indiki ADPU) təbiət fakültəsinə daxil olmuşdur.

Cavid Xıdırov 1955-cı ildə İnstitutu fərqlənmə diplomu ilə bitirib elmi şuranın zəmanəti ilə kimya kafedrasının aspiranturasına daxil olmuşdur. O, 1959-cu ildə Azərbaycan Elmlər Akademiyasının nəzdində yenicə yaranmış, hazırda akademik Y.H.Məmmədəliyevin adını daşıyan Neft-Kimya Prosesləri İnstitutunda baş elmi işçi vəzifəsində çalışmışdır. Burada o, namizədlik dissertasiyası müdafiə etmiş, 1979-cu ildən indiyə qədər həmin institutun bioloji fəal maddələrin sintezi və texnologiyası laboratoriyasına rəhbərlik edir.

Cavid Xıdırov 1988-ci ildə Moskvada Bitkilərin Kimyəvi Mühafizəsi Vasitələri Ümumittifaq Elmi Tədqiqat İnstitutunda "Bioüzvi kimya, təbii və fizioloji fəal maddələrin kimyası" ixtisası üzrə doktorluq dissertasiyası müdafiə edərək kimya elmləri doktoru elmi dərəcəsi almış və 1992-ci ildə professor seçilmişdir.

Cavid Xıdırovun 160 elmi məqaləsi keçmiş SSRİ-nin elmi jurnallarında və respublika mətbuatında çap olunmuşdur. O, 40-dan çox elmi ixtiranın müəllifidir. Onların bə’zilərinə ABŞ, İngiltərə, Fransa və Almaniya kimi qabaqcıl ölkələrdən patentlər alınmışdır. Onun rəhbərliyi altında çoxlu ixtisaslı elmi kadrlar hazırlanmışdır. Öz elmi istiqamətində tanınmış mütəxəssis olan C.Xıdırov zərif üzvi sintez və bioloji fəal maddələrin kimyası üzrə beynəlxalq simpozium və konfranslarda, əlaqələndirmə müşavirələrində fəal iştirak edir, əldə etdiyi elmi nəticələr haqqında mə’ruzələrlə çıxış edir. O, respublika Elmlər Akademiyasının nəzdində yaranmış "Neft e’malı və neft kimyası" üzrə şuranın, Neft-Kimya Prosesləri İnstitutunda fəaliyyət göstərən namizədlik və doktorluq üzrə ixtisaslaşmış müdafiə şurasının üzvüdür.

Kimya elminin inkişafındakı roluna görə prof. Cavid Xıdırov keçmiş SSRİ-nin "Fəxri kimyaçı" diplomuna layiq görülmüş və "Kimya sənayesinin ə’laçısı" döş nişanı ilə təltif edilmişdir.

 

ƏLİYAR QARABAĞLI

Əliyar Məmməd oğlu Qarabağlı 1901-ci ildə Borçalının Lejbəddin kəndində anadan olmuş, orta məktəbi və seminariyanı Qazaxda bitirmişdir.

1921-ci ildə Əliyar Qarabağlı Lejbəddin kəndində ilk dünyəvi məktəb açmışdır.

1926-cı ildə Bakıya gəlmiş, pedaqoji təmayüllü məktəbə daxil olmuş, 1928-ci ildə Türk Pedaqoji Texnikumunu bitirmişdir.

1931-ci ildə Pedaqoji İnstitutu - indiki ADPU-nu bitirdikdən sonra elmi fəaliyyətə başlamışdır. 1934-1954-cü illərdə Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutunda şö’bə müdiri vəzifəsində çalışmışdır. Əliyar Qarabağlı həm də görkəmli pedaqoq kimi tanınmışdır. 1939-cu ilə kimi Bakının 1 saylı məktəbində ədəbiyyat müəllimi olmuşdur. 1941-ci ildən ömrünün axırına qədər Azərbaycan Dövlət Universitetində Azərbaycan ədəbiyyatı və onun tədrisi metodikasından mühazirə oxumuş, tələbələrin pedaqoji təcrübəsinə rəhbərlik etmişdir. O, Azərbaycanın müqtədir ədəbiyyat metodikası mütəxəsisi, hərarətli mühazirəçi və iste’dadlı alimi olmuşdur. 1967-ci ildə ona professor adı verilmişdir.

Onun elmi yaradıcılıq fəaliyyətinin bir şaxəsi də "Azərbaycan məktəbi" jurnalı ilə bağlıdır. 1943-1947-ci illərdə jurnalın redaktor müavini olmuşdur.

1935-1936-cı illərdə bir-birinin ardınca yazdığı "Xalq ədəbiyyatını öyrənənlər", "Aşıq Mirzə", "Türk qadını folklorda", "İnqilabi folklorumuz", daha sonralar "Aşıq el anasıdır", "Şifahi xalq ədəbiyyatına qayğı ilə yanaşmalı", "Xalq ədəbiyyatı və məktəb", "Məktəbdə atalar sözü, məsəllər və tapmacaların öyrənilməsinin tə’lim-təhsil əhəmiyyəti" və başqa məqalələr onun bu sahədə apardığı böyük işlərdən xəbər verir.

1946-cı ildə ibtidai məktəbin ikinci sinfi üçün "Ana dili" kitabını yazmışdır. Bu kitab 1960-cı ilədək təkrar nəşrləri ilə ikinci sinif üçün əsas dərslik olmuşdur. Ə. Qarabağlı orta məktəblər üçün beş dərs kitabının müəllifidir.

1941-ci ildə "Orta məktəbdə rus ədəbiyyatı" kitabını çap etdirmişdir. Bir il sonra onun "Ədəbiyyat dərslərində vətənə məhəbbət və düşmənə nifrət hissinin tərbiyə edilməsi" kitabı nəşr olunmuşdur. M.A. Quluzadə və S. Əfəndiyevlə birlikdə hazırladığı "Ədəbiyyat metodikası" adlı vəsait 1952-ci ildə nəşr edilmişdir.

"Azərbaycan məktəblərində rus ədəbiyyatının tədrisinə dair" kitabı 1958-ci ildə nəşr olunmuşdur. Hələ gəncliyindən şifahi xalq yaradıcılığına bağlanan tədqiqatçı "Məktəbdə şifahi xalq ədəbiyyatının tədrisi" adında mükəmməl bir əsər yazmışdır.

Alimin "Azərbaycan ədəbiyyatının tədrisi metodikası" (1968) kitabı ilə ədəbiyyat metodikası məhz müstəqil elm sahəsi kimi inkişaf etməyə başlamışdır.

Əliyar Qarabağlı 1969-cu ilin may ayının 1-də Bakı şəhərində vəfat etmişdir.

 

ƏMİRXAN XƏLİLOV

Əmirxan Məhərrəm oğlu Xəlilov 1937-ci il fevralın 23-də Borçalının Sarvan kəndində anadan olmuşdur. Marneuli şəhər orta məktəbinin 10-cu sinfində oxuya-oxuya şəhərdəki Fəhlə-Gənclər məktəbində dərs demişdir. 1956-1961-ci illərdə Bakı Dövlət Universitetinin filologiya fakültəsində oxumuşdur.

1961-1962-ci illərdə Abşeron rayonunun Güzdək qəsəbəsindəki orta məktəbdə və internatda müəllim-tərbiyəçi işləmişdir.

1963-1966-cı illərdə Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında oxumuşdur. 1967-1968-ci illərdə "Ədəbiyyat və İncəsənət" qəzetində ədəbi işçi vəzifəsində çalışmışdır.

1968-ci ildə akademik M.Arif Dadaşzadənin rəhbərliyi altında "C. Cabbarlının ədəbi-tənqidi görüşləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Böyük dramaturqun məktublarını, ayrı-ayrı məqalə və resenziyalarını ilk dəfə geniş araşdırmış, ərəb əlifbası ilə dərc olunmuş 50-dən çox məqaləsini yenidən dövri mətbuatda çap etdirmişdir. Ədibin "Ədəbi mübahisələr" adı altında silsilə məqalələri (7 məqalə) ilk dəfə geniş tədqiqata cəlb olunmuşdur. 1970-1980-cı illərdə Azərbaycan Yazıçılar Birliyinin üzvü kimi tez-tez rayonlara e’zam olunmuş, müasir ədəbiyyatımızın təbliğində fəal çalışmışdır. Moskva, Leninqrad, Riqa, Yerevan şəhərlərində elmi konfranslarda iştirak və çıxışlar etmişdir. 1975-1976-cı illərdə Daşkənd Universitetində Azərbaycan ədəbiyyatından mühazirələr oxumuşdur. 1987-ci ildə "1920-1970-ci illərdə Azərbaycan-rus ədəbi əlaqələrinin inkişaf mərhələləri" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

Filologiya elmləri doktoru, professor kimi BDU-nun filologiya, jurnalistika və kitabxanaçılıq fakültələrində "Şərqi slavyan və türk xalqları ədəbiyyatı" fənni üzrə mühazirələr oxuyur.

Ali məktəblər üçün nəşr edilən "Rus sovet ədəbiyyatı tarixi" dərsliyinin (1976) əsas müəlliflərindən biridir. 1992-ci ildə isə Azərbaycan dilində ilk dəfə olaraq "XX əsr rus ədəbiyyatı tarixi" dərslik kitabını (prof. A. Almammədovla birgə) nəşr etdirmişdir. Onun dərslik, proqram və dərs vəsaitləri indi də ali məktəblərdə tədris işində istifadə olunur. Əmirxan Xəlilov tənqidçi-ədəbiyyatşünas kimi 200-ə qədər elmi və ədəbi-tənqidi məqalələrin müəllifidir.

 

ƏHƏD HÜSEYNOV

Əhəd Şeyx Məhəmməd Əli oğlu Hüseynov 1920-ci ilin iyun ayında Borçalının Sarvan kəndində (indiki Marneuli) ruhani ailəsində anadan olmuşdur.

1937-ci ildə Pedaqoji Texnikumu bitirib müəllimliyə başlamışdır. Əvvəlcə rayonun Gorarxı kəndində ibtidai məktəb müəllimi, sonra Daştəpə natamam orta məktəbində müdir, Aşağı Saral orta məktəbində dərs hissə müdiri (1937-1940) olmuşdur. 1940-cı ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuş, ailə vəziyyətinə görə birinci kursdan sonra təhsili müvəqqəti dayandırmışdır. Marneuli rayonunun Böyük Muğanlı və Qızılhacılı natamam orta məktəblərində dərs hissə müdiri (1941-1945) olmuşdur. Müharibədən sonra təhsilini davam etdirmişdir. Tələbəlik illərində ədəbi tənqidi məqalələr yazmağa başlamışdır.

Universiteti bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun kitabxanasında müdir (1949-1950), rus ədəbiyyatı kafedrasında rus ədəbiyyatı tarixi müəllimi (1950-1953), "Azərbaycan" jurnalı redaksiyasında tənqid şö’bəsinin müdiri (1953-1957), ömrünün axırınadək APİ-də dosent kimi çalışmışdır.

Əhəd Hüseynovun elmi fəaliyyəti ədəbi tənqid və ədəbiyyatşünaslıqla bağlıdır. Ədəbi-elmi ictimaiyyətdə o, əsasən ədəbiyyat tənqidçisi kimi tanınmışdır.

Əhəd Hüseynov ayrıca elmi-tədqiqat əsərlərinin də müəllifidir. O, yazıçı Mir Cəlalın yaradıcılığı ilə bağlı dissertasiya yazıb, filologiya elmləri namizədi elmi dərəcəsi almışdır.. C. Məmmədquluzadənin yaradıcılığına dair mükəmməl bir monoqrafiya yazmışdır. Bu monoqrafiyanı Əhəd Hüseynov doktorluq dissertasiyası kimi işləmişdir. Monoqrafiya "Sənət yanğısı" adı ilə kitab şəklində nəşr olunub oxuculara çatdırılmışdır.

1973-cü il sentyabr ayının 9-da Bakıda vəfat etmişdir.

 

FAZİL ƏLİYEV

Fazil İsa oğlu Əliyev 1937-ci ildə Borçalı mahalının eyni adlı nümayəndəliyinin (Marneuli rayonunun) Qaçağan kəndində anadan olmuşdur. 1955-ci ildə Qaçağan orta məktəbini ə’la qiymətlərlə bitirib ADU-nun (indiki BDU) fizika-riyaziyyat fakültəsinə daxil olmuş və oranı 1960-cı ildə fizika ixtisası üzrə başa vuraraq tə’yinatla Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutuna göndərilmişdir. Burada o, baş laborant, kiçik elmi işçi, baş elmi işçi, aparıcı elmi işçi və nəhayət, elektronoqrafiya laboratoriyasının müdiri vəzifələrində çalışmışdır.

Fazil Əliyevin ilk elmi uğuru 1961-ci ildə Leninqradda Ümumittifaq konfransında yarımkeçirici maddələrin, o cümlədən infraqırmızı şüalara çox həssas olan, bununla da mərmilərin və raketlərin tuşlandırılması və başqa məqsədlər üçün istifadə olunan GaSe maddəsinin monokristal nazik lövhələrinin alınmasına həsr etdiyi mə’ruzəsi idi. Bu, onun Lenin mükafatı laureatı, professor D.N. Nasledov və professor H.Ə. Əfəndiyevin rəhbərliyi ilə aldığı ilk sanballı nəticə idi.

Fazil Əliyevin elmi tədqiqatlarının nəticəsi kimi 100-ə yaxın məqaləsi respublikamızda və xaricdə çap olunmuşdur.

1969-cu ildə fizika-riyaziyyat elmləri namizədi, 1995-ci ildə isə fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsi almışdır. İki müəlliflik şəhadətnaməsi almışdır.

Fazil Əliyev Beynəlxalq Kristalloqraflar İttifaqının və Amerika Elmlər Akademiyasının, Azərbaycan EA Fizika İnstitutunun Elmi Şurasının üzvüdür. Hazırda elektronoqrafiya laboratoriyasının rəhbəri kimi elmi fəaliyyətini davam etdirir.

 

HƏSƏN ƏLİYEV

Həsən Rəfi oğlu Əliyev 1936-cı ildə Borçalının Dəmyə Gorarxı kəndində anadan olmuşdur.

1943-cü ildə ibtidai sinfə getmiş, 1955-ci ildə keçmiş Barana (indiki Noyemberyan) rayonunun Yuxarı Körpülü kənd orta məktəbini bitirmişdir. Həmin ildə Xarici Dillər İnstitutunun alman dili fakültəsinə daxil olmuş, 1960-cı ildə həmin fakültəni başa vurmuşdur. Əmək fəaliyyətinə 1960-cı ildə komsomoldan başlamışdır. 1960-1964-cü illərdə komsomol təşkilatlarında müxtəlif vəzifələrdə işləmişdir.

Həsən Əliyev 1973-cü ildə dissertasiya müdafiə edib elmlər namizədi, 1990-cı ildə isə doktorluq dissertasiyası müdafiə edib, filologiya elmləri doktoru elmi dərəcəsi almışdır. Həsən Əliyev 1960-cı ildən bu günə qədər Azərbaycan Dövlət Universitetinin Xarici Dillər kafedrasında assistent, müəllim, baş müəllim, dosent, 1990-cı ildən isə professor kimi fəaliyyət göstərir. 20 ildir ki, həmin kafedranın müdiridir.

Həsən Əliyevin elmi və pedaqoji fəaliyyəti 88 elmi əsərdə: o cümlədən, 6 metodik göstərişdə, 2 monoqrafiyada, 1 kitabda öz əksini tapmışdır. O, 12 namizədlik, 4 doktorluq dissertasiyasına elmi opponent olmuşdur. Onun rəhbərliyi altında 2 elmlər namizədi yetişdirilmişdir.

Həsən Əliyev 1988-ci ildən indiyə qədər təbiət fakültələri üzrə Qərbi-Avropa dilləri kafedrasına rəhbərlik edir. O, 1986-cı ildən universitetin filologiya fənni üzrə müdafiə şurasının üzvüdür. 1997-ci ildən Ukrayna Respublikasının Dnepropetrovsk Dövlət Universitetinin Bakı filialına rəhbərlik edir.

O, 20 beynəlxalq və respublika səviyyəli elmi konfranslarda çıxış edib, məqalələr çap etdirmişdir.

 

HİDAYƏT NURİYEV

Hidayət Rəhim oğlu Nuriyev 1941-ci ildə Borçalının Sarvan kəndində (indiki Marneuli şəhəri) anadan olmuşdur.

1957-ci ildə Marneuli şəhər 1 saylı Azərbaycan orta məktəbini gümüş medalla bitirib, Azərbaycan Dövlət Pedoqoji İnstitutunun (indiki ADPU) fizika-riyaziyyat fakültəsinə daxil olmuşdur. 1962-ci ildə fizika və istehsalat əsasları ixtisası qazanaraq, Marneuliyə qayıtmış, Marneuli şəhər fəhlə-gənclər orta məktəbində fizika-riyaziyyat müəllimi kimi pedoqoji fəaliyyətə başlamışdır.

1963-1973-cü illərdə Azərbaycan EA Fizika İnstitutunda çalışmış və bu müddət ərzində baş laborantdan baş elmi işçi vəzifəsinədək yüksəlmişdir. 1973-cü ildən keçmiş Sovetlər İttifaqının Hərbi Sənaye Nazirliyinin Bakıda təşkil etdiyi xüsusi tə’yinatlı institutda (indiki Azərbaycan EA Fotoelektronika İnstitutu) əmək fəaliyətinə başlamışdır.

Hidayət Nuriyevin əsas elmi istiqaməti darzolaqlı yarımkeçiricilərin epitaksial təbəqələrinin müxtəlif altılıqlar üzərində böyümə xüsusiyyətlərinin, kristallik quruluşunun və möhkəmliyinin elektrofiziki və fotoelektrik xassələrilə əlaqəli öyrənilməsi, bu təbəqələrdə fotohəssas R-p homo və hetero keçidlərin alınmasından və onların əsasında spektrin İQ oblastında işləyən fotoqəbuledicilərin yaradılmasından ibarətdir.

Nuriyevin elmi və pedoqoji fəaliyyəti 100 elmi əsərdə və 10 ixtirada öz əksini tapmışdır. Onun rəhbərliyi altında 9 elmlər namizədi müdafiə etmişdir. Hidayət Nuriyev 30-dan artıq beynəlxalq qurltay, simpozium və respublika konfranslarında çıxış etmiş, materiallar çap etdirmişdir.

Hazırda EA-nın bir-neçə müdafiə şurasının, Təhsil Nazirlyinin doktorluq və namizədlik dərəcəsi verən ixtisaslaşdırılmış müdafiə şuralarının elmi katibidir.

 

XALİD TANRIVERDİYEV

Xalid Kazım oğlu Tanrıverdiyev 1936-cı il yanvarın 15-də Borçalının Böyük Muğanlı kəndində anadan olmuşdur. İlk təhsilini 1944-1952-ci illərdə Böyük Muğanlı səkkizillik məktəbində almış, 1952-ci ildə Marneuli Pedaqoji Texnikumuna qəbul olunmuşdur. 1956-cı ildə texnikumu bitirəndən sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun biologiya-coğrafiya fakültəsinin coğrafiya-biologiya şö’bəsinə daxil olmuşdur. 1959-cu ildə həmin şö’bə Bakı Dövlət Universitetinin geoloji-coğrafiya fakültəsinə köçürülmüşdür. 1961-ci ildə coğrafiya-biologiya ixtisası üzrə universiteti bitirmişdir. 1961-ci ildə - hələ tələbəykən Azərbaycan EA-nın Bakı Torpaq Ekspedisiyasında əmək fəaliyyətinə başlamışdır. Universiteti bitirdikdən sonra orada öz işini davam etdirmişdir.

1963-cü ilə qədər burada əvvəlcə mühəndis-torpaqşünas, sonra isə dəstə rəisi vəzifəsində işləmişdir. 1963-cü ildə Azərbaycan EA Coğrafiya İnstitutunun nəzdində geomorfologiya ixtisası üzrə əyani aspiranturaya qəbul olunmuşdur. 1968-ci ildə "Həkəri hövzəsinin geomorfologiyası" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.

Aspiranturanı bitirdikdən sonra (1966) Azərbaycan EA Coğrafiya İnstitutunda mühəndis, kiçik elmi işçi, 1969-cu ildən 1988-ci ilə qədər isə böyük elmi işçi vəzifələrində işləmişdir. 1988-ci ildən institutun geomorfologiya şö’bəsinə rəhbərlik edir. Xalid Tanrıverdiyev 1968-1980-ci illərdə Azərbaycan Respublikası ərazisinin böyük bir hissəsini təşkil edən və əsas təsərrüfat vilayəti hesab edilən Kür-Araz düzənliyinin və Abşeron yarımadasının iri miqyaslı geomorfoloji xəritələşdirilməsi ilə məşğul olmuşdur.

Xalid Tanrıverdiyev 1981-ci ildən 1990-cı ilə qədər keçmiş geoloji dövrələrdə mövcud olmuş geomorfoloji şəraiti öyrənmək məqsədilə Kür çökəkliyində palegeomorfoloji tədqiqatlar aparmışdır. O, apardığı təqiqat işlərinin nəticəsində 1994-cü ildə "Yeni tektonik mərhələdə Kür çökəkliyinin palemorfologiyası" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.

Xalid Tanrıverdiyev geomorfologiya elminin müxtəlif sahələrinə həsr edilmiş elmi və təcrübi əhəmiyyət kəsb edən 120-dən çox elmi məqalənin müəllifidir. O, beş monoqrafik əsərin müəlliflərindən biridir.

3 cildlik "Azərbaycan konstruktiv coğrafiyası" kimi fundamental monoqrafiyanın müəlliflərindən biridir.

 

XALİD-PAŞA XUBANOV

Xalid-Paşa İsa oğlu Xubanov 1945-ci il dekabrın 28-də Borçalının Sarvan kəndində anadan olmuşdur. 1963-cü ildə Marneulidə 1 saylı orta məktəbi qızıl medalla bitirib Azərbaycan Politexnik institutuna daxil olmuşdur. 1968-ci ildə Azərbaycan Politexnik İnstitutunun texnologiya fakültəsinin "lifli materialların ilkin e’malı" ixtisasını başa vurmuş və Azərbaycan Politexnik İnstitutunda assistent vəzifəsində elmi-pedaqoji fəaliyyətə başlamışdır.

1969-1974-cü illərdə Daşkənd Toxuculuq və Yüngül Sənaye İnstitutunda aspiranturada oxumuş, sonra isə kiçik və baş elmi işçi işləmişdir.

1968-1980-cı illərdə Azərbaycan Politexnik İnstitutunun lifli materialların texnologiyası kafedrasında assistent, dosent vəzifələrində işləmiş, 1978-1979-cu illərdə texnologiya fakültəsinin dekanı vəzifəsini icra etmişdir. 1980-ci ildən Azərbaycan Texniki Universitetinin mühəndis qrafikası kafedrasında dosent, 1984-cü ildən isə bu günə qədər həmin kafedranın müdiri vəzifəsində işləyir.

Xalid-Paşa Xubanov 1980-cı ildən dosent, 1993-cü ilin yanvar ayından isə professordur. Əsas elmi-tədqiqat və metodiki işləri pambığın ilkin e’malı texnologiyasının maşın və avadanlıqlarına, pnevmatik nəqledici qurğulara, tərsimi həndəsə, mühəndis və maşın qrafikası məsələlərinə və s. aiddir. İlk dəfə pambıq çiyidinin pnevmatik üsulla nəql edilməsi prosesini kompleks surətdə nəzəri və təcrübi tədqiq etmişdir. O, 100-dən çox elmi-tədqiqat və elmi-metodiki əsərin, məqalənin, dərslik, dərs və metodiki vəsaitlərin müəllifidir.

 

İMİR ƏLİYEV

İmir İlyas oğlu Əliyev 1949-cu il yanvarın 6-da Borçalının Qasımlı kəndində müəllim ailəsində anadan olmuşdur.

1956-cı ildə Qasımlı kənd orta məktəbinin birinci sinfinə getmiş və orta məktəbi 1966-cı ildə bitirmişdir. 1967-ci ildə Bakı DövlətUniversitetinin (BDU) kimya fakültəsinin axşam şö’bəsinə daxil olmuşdür. Təhsil almaqla yanaşı, 1967-ci ildə Bakı Gön-Dəri Zavodunda fəhlə, 1969-cu ildə Maşınqayırma Zavodunda çilingər vəzifəsində işləmişdir. 1971-ci ildən Azərbaycan Elmlər Akademiyasının (EA) Qeyri-Üzvi və Fiziki-Kimya İnstitutunda (QÜFKİ) laborant, baş laborant, kiçik elmi işçi vəzifələrində çalışmışdır. 1973-cü ildə ordu sıralarında olmuşdur. Hərbi xidmətdən tərxis olunduqdan sonra yenidən Azərbaycan EA-nın QÜFK İnstitutunda yarımkeçiricilərin kimyası laboratoriyasına işə düzəlmiş və hazırda laboratoriya müdiri vəzifəsində işləyir.

1981-ci ildə "A52X3-cdx (A111-Jn, Tl; x-S, Se, Te) sistemlərində qarşılıqlı tə’sirin xarakteri və şüşəəmələgəlmə" mövzusunda namizədlik, 1992-ci ildə doktorluq dissertasiyasını müdafiə edib kimya elmləri doktoru elmi dərəcəsi almışdır.

İmir Əliyev xolkogenidli yarımkeçirici şüşələrin alınma şəraiti, kinetikası və onların fiziki-kimyəvi xassələri sahəsində elmi tədqiqat işləri aparmışdır. O, üçlü və daha mürəkkəb tərkibli yarımkeçirici xalkogenli birləşmələrin alınmasının fiziki-kimyəvi əsaslarını işləyib hazırlamışdır.

İmir Əliyevin apardığı elmi-tədqiqat işinin nəticələri 1 monoqrafiyada, 115 elmi əsərdə, o cümlədən 3 müəlliflik şəhadətnaməsində öz əksini tapmışdır. Onun rəhbrliyi ilə 2 elmlər namizədi hazırlanmış, bir sıra dissertasiyalara opponentlik etmişdir.

İmir Əliyev dəfələrlə beynlxalq və ümumittifaq konfranslarda elmi mə’ruzə ilə çıxış etmişdir. O, qeyri-üzvi kimya üzrə müdafiə şurasının üzvüdür.

 

İSMAYIL MURSAQULOV

İsmayıl Həsən oğlu Mursaqulov 1939-cu ilin noyabrında Borçalının Qızılhacılı kəndində anadan olmuşdur.

1946-cı ildə Qızılhacılı kəndində səkkizillik məktəbin birinci sinfinə getmiş, iki ildən sonra isə Marneuli rus orta məktəbinin ikinci sinfinə daxil olub, 1957-ci ildə kamal attestatı almışdır. Orta məktəbi qızıl medalla bitirən İsmayıl elə həmin tədris ilində Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə daxil olmuş, 1962-ci ildə tam kursu bitirmişdir. İsmayıl Mursaqulov 1962-ci ilin sentyabr ayından tə’yinatla Azərbaycan SSR EA-nın Neft-Kimya Prosesləri İnstitutuna kiçik elmi işçi göndərilmişdir. Üç aydan sonra isə Moskvada əyani aspiranturaya daxil olmuş, iki il altı aydan sonra namizədlik dissertasiyası müdafiə etmişdir.

Əvvəlcə Azərbaycan EA Aşqarlar İnstitutunda elmi işçi, daha sonra isə Sumqayıt Xlor-Üzvi Sintez İnstitutunda laboratoriya müdiri vəzifəsinə irəli çəkilmişdir. 1985-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. İsmayıl Mursaqulov 1985-ci ilin payızında Sumqayıt Xlor-Üzvi Sintez İnstitutuna şö’bə müdiri vəzifəsinə irəli çəkilmişdir. Son illərdə (1987-1989) onun tərəfindən üzvi kimya nəzəriyyəsinə dair stereokimya sahəsində Moskva və dünya şöhrətli Amerika alimləri ilə birgə tədqiq etdiyi fundamental işlər ona dünya şöhrəti qazandırmışdır.

İsmayıl Mursaqulovun elmi və pedaqoji fəaliyyəti 70 elmi əsərdə, o cümlədən 2 monoqrafiyada öz əksini tapmışdır. O, 35 beynəlxalq, ittifaq və respublika səviyyəli simpozium və konfranslarda iştirak etmiş, məqalələr çap etdirmişdir. 1990-cı ilin yanvarında rus qoşunları Bakıya hərbi təcavüz edərkən İsmayıl Mursaqulov vəhşicəsinə qətlə yetirilmişdir. Rus tankı içərisində bir neçə nəfər azerbaycanlı alim olan minik avtomobilini əzmiş və Azərbaycan elmi fikrinin görkəmli nümayəndələrinin həyatına qəsd edilmişdir. Məzarı Şəhidlər xiyabanındadır.

 

QƏHRƏMAN BİNNƏTOV

Qəhrəman Hümmət oğlu Binnətov 1942-ci il martın 7-də Borçalının Kürüstü Kəpənəkçi kəndində doğulmuşdur. 1949-cu ildə Kəpənəkçi 8 illik məktəbinin 1-ci sinfinə daxil olmuş, 1955-ci ildə ailələrinin Dağ Borçalısına (indiki Ermənistan Respublikasının Kalinino rayonuna) köçməsi ilə əlaqədar olaraq Soyuqbulaq kənd 8 illik məktəbində təhsilini davam etdirmiş, 1958-ci ildən həmin bölgənin İlməzli kənd orta məktəbində oxumuş, 1959-cu ildə bu məktəbi qızıl medalla bitirmişdir. 1959-cu ildə Azərbaycan Pedaqoji İnstitutunun (indiki ADPU) fizika-riyaziyyat fakültəsinin fizika bölməsinə daxil olmuş, 1964-cü ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. Elə həmin ildə tə’yinat üzrə Azərbaycan Politexnik İnstitutunun (indiki ATU) fizika kafedrasına işə götürülmüşdür. 1964-1967-ci illərdə həmin kafedrada laborant, baş laborant, assistent vəzifələrində çalışmışdır.

1968-ci ildə Moskvadakı Mərkəzi Elmi Tədqiqat Qara Metallurgiya İnstitutunun nəzdindəki Bərk Cisimlər Fizikası İnstitutunda məqsədli aspiranturaya daxil olmuş, 1972-ci ildə "Nikel-xrom və nikel-dəmir-xrom ərintilərində atomların nizamlanmasının tədqiqi" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, 1973-cü ildə AzTU-nun fizika kafedrasında assistent kimi fəaliyyətini davam etdirmiş, 1974-cü ildə isə kafedranın dosenti vəzifəsinə seçilmişdir.

1975-ci ildə Azərbaycan İnşaat Mühəndisləri Universitetinin yaradılması ilə əlaqədar olaraq həmin universitetin dosenti kimi fəaliyyətini davam etdirmişdir.

1990-cı ildə "Dəmir və mis əsaslı ərintilərin kimyəvi tərkibinə, faza çevrilmələrinə və xassələrinə radiasiya-termik tə’sirlərin qanunauyğunluqları" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş və fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsi almışdır. 1991-ci ildə həmin kafedranın professoru seçilmiş, 1992-ci ildən AzİMU-nun fizika kafedrasının müdiri vəzifəsinə irəli çəkilmişdir. 1991-ci ildən kafedrada fəaliyyət göstərən "Nüvə qrammarezonansı spektroskopiyası" elmi-tədqiqat laboratoriyasının elmi rəhbəridir.

Bu müddət ərzində Qəhrəman Binnətov 190 elmi məqalə dərc etdirmiş, praktik əhəmiyyətə malik olan 13 ixtiranın müəllifidir. Həmin dövrdə o, həm də bir sıra dərslik, dərs vəsaiti, elmi-populyar kitablar çap etdirmişdir.

Elmi fəaliyyəti dövründə Qəhrəman Binnətov Amerikada, Çində, İtaliyada, Çexoslovakiyada, Türkiyədə və keçmiş Sovetlər İttifaqında bərk cisimlər fizikası, nüvə fizikası, kalometriya üzrə keçirilən konqress və simpoziumlarda mə’ruzələrlə çıxış etmişdir.

Dünyanın bir sıra elmi mərkəzləri ilə yaxın əlaqələr yaratmış, seminarlar keçirmişdir. 1996-cı ildə Türkiyə Respublikasının Kütahya şəhərindəki Dumlupınar Universitetinin də’vəti ilə bir il müddətində silsilə mühazirələr oxumuş, seminarlar aparmışdır. O, müxtəlif zamanlarda Türkiyənin Cümhuriyyət Universitetində və baş elmi-tədqiqat mərkəzi olan TÜBİTAK-da elmi məsləhətçi kimi seminarlar aparmışdır.

1997-ci ildən Türkiyə Respublikasının Azərbaycanda tə’sis etdiyi Qafqaz Universitetində prorektor vəzifəsində çalışır.

Elmi-pedaqoji fəaliyyəti dövründə Qəhrəman müəllim 10 nəfər elmlər namizədinin elmi rəhbəri, 2 nəfərin isə doktorluq dissertasiyasının məsləhətçisi olmuşdur.

Hazırda Azərbaycan İnşaat Mühəndisləri Universitetində Fizika kafedrasının müdiridir.

 

LƏTİF VƏLİYEV

Lətif Xındı Məmməd oğlu Vəliyev 1934-cü ildə Borçalının Böyük Muğanlı kəndində anadan olmuşdur. İlk təhsilini kənd səkkizillik məktəbində aldıqdan sonra 1949-cu ildə Marneuli Türk Pedaqoji Texnikumuna daxil olmuş, 1952-1955-ci illərdə ordu sıralarında qulluq etmiş, tərxis olunduqdan sonra 1956-cı ildə texnikumu fərqlənmə diplomu ilə bitirmişdir. 1956-cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) fizika-riyaziyyat fakültəsinə daxil olmuş və oranı 1961-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir.

Lətif Vəliyev 1961-1963-cü illərdə Azərbaycan Neft və Kimya İnstitutunda (indiki ADNA) assistent vəzifəsində çalışdıqdan sonra 1963-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyası Fizika İnstitutunun aspiranturasına daxil olmuş və aşağı temperaturlar laboratoriyasında maqnetizm üzrə tədqiqat işlərinə başlamışdır.

Lətif Vəliyev 1969-cu ildə namizədlik, 1982-ci ildə isə doktorluq dissertasiyası müdafiə etmişdir. 1990-cı ildən professordur.

Lətif Vəliyevin 100-dən çox elmi əsəri dünyanın aparıcı elmi jurnallarında, çap olunmuş, müəlliflik şəhadətnamələri qazanmışdır. Beynəlxalq konfranslarda mə’ruzələrlə çıxış etmişdir. 1975- 1985-ci illərdə hər iki ildən bir Sverdlovsk şəhərində keçirilən maqnit yarımkeçiricilərinə həsr edilən "qış məktəbləri"nin fəal iştirakçısı və təşkilat komitəsinin üzvü olmuşdur.

Lətif Vəliyev elmi kadrlar hazırlanması sahəsində də mühüm işlər görmüş, onun rəhbərliyi altında 5 elmlər namizədi, 1 elmlər doktoru yetişdirilmişdir. O, həmçinin Azərbaycan dilində fizika elminin müxtəlif sahələrinə aid onlarla elmi əsər, o cümlədən "Maqnetizm" monoqrafiyasını çap etdirmişdir. Ali məktəblərdə (ADPU, Texniki Universitet, Tibb Universiteti və s.) geniş pedaqoji fəaliyyətlə məşğul olmuşdur.

1991-ci ildə Fizika İnstitutunda yeni "Maqnit yarım keçiriciləri" şö’bəsi yaradılmışdır və hazırda həmin şö’bəyə Lətif Vəliyev rəhbərlik edir.

Lətif Vəliyev fizika elmi sahəsində sırf fundamental elmi axtarışlarla yanaşı, Azərbaycan və dünya elminin dahiləri Nizami Gəncəvi və Bəhmənyar əl-Azərbaycaninin elmi görüşləri haqqında səmərəli tədqiqatlar apararaq mühüm nəticələr əldə etmişdir. O, Nizami Gəncəvinin "materiyanın quruluşu", "hərəkət və sükunət", "istilik və enerji", "cazibə qüvvələri" və s. haqda fikirlərini aşkarlayaraq 10-dan çox elmi əsər, o cümlədən "Nizami Gəncəvinin elm dünyası" monoqrafiyasını çap etdirmişdir. Onun "Bəhmənyarın fizikası" adı altında bir sıra elmi araşdırmaları da işıq üzü görmüşdür.

 

MAHAL MƏMMƏDLİ

Mahal Səməd oğlu Məmmədli 1933-cü ildə Borçalının Qaçağan kəndində anadan olmuşdur. 1949-cu ildə Qaçağan orta məktəbini bitirmiş, 1954-cü ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini fərqlənmə diplomu ilə başa vurmuşdur.

1954-1958-ci illərdə Bakı Kitabxanaçılıq Texnikumunda tarix müəllimi işləmişdir. 1958-1961-ci illərdə Bakı Dövlət Universitetinin Sov. İKP tarixi kafedrasında kabinet müdiri vəzifəsində, 1961-ci ildən isə həmin kafedrada müəllim, baş müəllim, dosent, 1977-ci ildən Bakı Dövlət Universitetinin tarix fakültəsində dekan vəzifəsində işləmişdir.

1983-cü ildə Mahal Məmmədli Azərbaycan Texniki Universitetinin "Elmi kommunizm" kafedrasının müdiri tə’yin edilmişdir. 1988-ci ildən isə Azərbaycan Dövlət Xarici Dillər İnstitutunun Azərbaycan tarixi və siyasi tarix kafedrasına müdir vəzifəsinə keçmişdir.

1961-ci ildə "Azərbaycan kommunist iməcilikləri (1920-1971-ci illər)" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1976-cı ildə o, "Fəhlə sinfini əməyə kommunist ruhunda tərbiyə etmək sahəsində Azərbaycan Kommunist Partiyasının fəaliyyəti (1959-1970-ci illər)" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

1979-cu ildən professordur. 8 monoqrafiya və yüzə qədər elmi-nəzəri, ideya-siyasi yönümlü məqalə yazmış, radio və televiziyada tez-tez çıxışlar etmişdir.

Pedaqoji fəaliyyəti dövründə Mahal Məmmədli bir neçə doktorluq müdafiə şurasının üzvü olmuşdur. Mahal Məmmədli son 5 ildə tələbələr üçün (mühazirə mətnləri) 4 dərslik çap etdirmişdir.

 

MƏMMƏD BAYRAMOĞLU

Məmməd Bayramoğlu 1939-cu il dekabrın 18-də Borçalının Görarxı kəndində anadan olmuşdur.

1946-cı ildə kənd orta məktəbinin 1-ci sinfinə getmiş, 1957-ci ildə həmin məktəbi bitirmişdir.

1957-1962-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunda (indiki ADPU) oxumuşdur.

1962-ci ildə riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə başa vurmuş, 1962-1964-cü illərdə hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən tərxis olunduqdan sonra Azərbaycan EA Riyaziyyat və Mexanika İnstitutunda aspiranturaya daxil olmuş (1964), 1969-cu ildə müvəffəqiyyətlə namizədlik dissertasiyası müdafiə etmişdir.

1970-ci ildə baş elmi işçi seçilmiş və 1977-ci ildən həmin institutun "Diferensial-Operator Tənlikləri" şö’bəsinin müdiri tə’yin olunmuşdur. 1987-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1989-cu ildən professordur.

Məmməd Bayramoğlu 20 nəfər aspiranta elmi rəhbər olmuşdur. Onun 70-dən çox elmi əsəri işıq üzü görmüş və 5 dərs vəsaitinin və metodik göstərişin müəllifi olmuşdur. Onun əsərləri xarici (Moskva, Kiyev, Minsk, Alma-Ata, Tbilisi, Ulyanovsk şəhərlərində, ABŞ, Çili, Hindistan, Türkiyə, Polşa və s.) ölkələrin elmi jurnalarında nəşr olunmuşdur. 1993-cü ildən indiyədək Türkiyənin İstanbul şəhərindəki Yıldız Texniki Universitetində professor kimi elmi və pedaqoji fəaliyyətini davam etdirir.

Məmməd Bayramoğlu 50 beynəlxalq və respublika səviyyəli simpozium və konfranslarda çıxış edib, riyaziyyat elminin bir sıra müasir problemləri haqqında elmi məqalələr çap etdirmişdir.

 

MƏHƏBBƏT MƏMMƏDOV

Məhəbbət Aşır oğlu Məmmədov 1952-ci il iyunun 8-də Borçalıda anadan olmuşdur. 1974-cü ildə Azərbaycan Neft və Kimya institutuna daxil olmuş və mühəndis-iqtisadçı ixtisasını almışdır. Əmək fəaliyyətinə Respublika Hesablama Mərkəzində başlamışdır. 1980-1992-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyində müxtəlif rəhbər vəzifələrdə işləmişdir. Eyni zamanda Azərbaycan İnşaat-Mühəndisləri və Moskva İnşaat-Mühandisləri Universitetində elmi araşdırmalar aparıb, 1988-ci ildə Moskva İnşaat-Mühəndisləri Universitetində namizədlik dissertasiyasını müdafiə etmişdir. Rusiya Federasiyası Elm, Ali Təhsil və Texniki Siyasət Nazirliyi və Azərbaycan Respublikası Ali Attestasiya Komissiyası ona dosent və Ukrayna Beynəlxalq İdarəetmə Akademiyası isə menecment ixtisası üzrə professor elmi rütbəsi vermişdir. 70-ə yaxın elmi, elmi-metodik dərslik və dərs vəsaitlərinin və "Tikinti səmərəliliyi və vaxt amili" adlı monoqrafiyanın müəllifidir. Məhəbbət Məmmədov 26 illik əmək və pedaqoji fəaliyyəti müddətində 20-dən çox beynəlxalq, keçmiş ittifaq və respublika səviyyəli simpoziumlarda, konfrans və müşavirələrdə elmi və idarəetmə yönümündə çıxışlar edib, materiallar çap etdirmişdir.

Hazırda İnşaat-Mühəndisləri Universitetində menecment və marketinq kafedrasının professoru və həmin kafedranın müdiri vəzifəsində işləyir.

 

MİKAYIL CƏFƏROV

Mikayıl Məmməd oğlu Cəfərov 1939-cu il iyul ayının 7-də Borçalının Dəmyə-Görarxı kəndində anadan olmuşdur. 1946-cı ildə məktəbə getmiş, ancaq üç ildən sonra ailəliklə represiyaya mə’ruz qaldığından, ana dilində təhsilini davam etdirə bilməmişdir. Uzaq Qazaxıstanın Cambul rayonunun Amangəldi kənd məktəbində ibtidai təhsilini rus dilində davam etdirmişdir.

Cəfərovlar ailəsi 1956-cı ildə bəraət qazanıb öz doğma vətəninə, Borçalıya qayıtmışdır. Mikayıl Cəfərov Şulaver qəsəbəsindəki rus məktəbində təhsilini davam etdirmiş və 1960-cı ildə məktəbi bitirmişdir.

1961-ci ildə M.F. Axundov adına APİ-nin rus dili və ədəbiyyatı fakültəsinə qəbul olmuş və ikinci kursda oxuyarkən hərbi xidmətə çağırılmış, 3 il hərbi xidmətdə olmuşdur.

Bakıya qayıdandan sonra Mikayıl Cəfərov institutda təhsilini davam etdirib və 1969-cu ildə oranı bitirmişdir. Mikayıl Cəfərovu institutda saxlamışlar. O, laborant və müəllim vəzifəsində çalışmışdır. 1973-1976-cı illərdə əyani aspiranturada oxumuş, namizədlik dissertasiyasını 1980-cı ildə Tbilisi şəhərində müvəffəqiyyətlə müdafiə etmişdir.

1979-cu ildə Mikayıl Cəfərov Azərbaycan Dövlət Universitetinə işə də’vət olunmuşdur. 1984-cü ildən bu günə qədər o, təbiət elmləri fakültələri üzrə rus dili kafedrasının müdiri vəzifəsində çalışır. 1998-ci ildə o, rus dilində mürəkkəb sözlərin tarixinə dair doktorluq dissertasiyasını müdafiə etmişdir. O, orta məktəbin 6-cı sinifi üçün "Rus dili" dərsliyinin müəlliflərindən biridir. Onun rəhbərliyi altında ali məktəblər üçün "Rus dili" dərs vəsaiti də hazırlanıb 1997-ci ildə çapdan çıxmışdır.

Mikayıl Cəfərov 50-dən çox elmi, elmi-metodik və b. əsərlər çap etdirmişdir. Onun 3 monoqrafiyası, 3 dərsliyi və metodik göstərişləri işıq üzü görmüşdür.

 

MÜRSƏL HƏKİMOV

Mürsəl İsmayıl oğlu Həkimov 1929-cu il mayın 20-də, Azərbaycan Respublikasının Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur. 1946-cı ildə Kəmərli orta məktəbini bitirmiş, 1947-1949-cu illərdə Qazax iki illik Müəllimlər İnstitutunda tələbə olmuşdur. 1949-1950-ci illərdə Ermənistan, Gürcüstan respublikalarında müəllim işləmişdir. 1950-1953-cü illərdə əsgəri xidmətdə olmuşdur. 1953-1955-ci illərdə Marneuli rayonunun Aşağı Saral kəndində müəllim işləmişdir. 1955-1960-cı illərdə Azərbaycan Dövlət Universitetinin tarix-filologiya fakültəsində oxumuşdur.

1965-ci ildə "Aşıq Hüseyn Cavanın həyat və yaradıcılığı" mövzusunda namizədlik, 1986-cı ildə "Orta əsrlər Azərbaycan aşıq yaradıcılığı" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1960-cı ildən hal-hazıra qədər Pedaqoji Universitetin Azərbaycan və dünya ədəbiyyatı kafedrasında laborant, müəllim, baş müəllim, dosent və 1989-cu ildən professor kimi elmi pedaqoji fəaliyyətini davam etdirir. Mürsəl Həkimovun elmi və pedaqoji fəaliyyəti 100 elm əsərdə öz əksini tapmışdır. Onun 15 iri həcmli monoqrafiyası və kitabları, 4 toplu və almanaxı, həmmüəllif olduğu 3 kitabı çap olunmuşdur.

Mürsəl Həkimov bir neçə namizədlik və iki doktorluq dissertasiyasına rəhbərlik və oppnentlik etmişdir.

Mürsəl Həkimov eyni zamanda "Dədə Qorqud" elmi-tədqiqat laboratoriyasının da elmi rəhbəridir.

Mürsəl Həkimovun Borçalı mahalı ilə qan qohumluğu vardır (Saral kəndi).

Copyright © 2003 Borchali