|
ELMLƏR NAMİZƏDLƏRİ
BAŞKEÇİD (DMANİSİ) BÖLGƏSİ
[A-F] [H-S] [Ş-Z]
ŞABAN QARALOV
Şaban İbrahim oğlu
Qaralov 1931-ci il may ayının 5-də Başkeçid
rayonunun Ormeşən kəndində anadan olmuşdur. İlk
təhsilini kənd 8 illik məktəbində almış, 1946-cı
ildə Bolnisi rayonunun Darbaz orta məktəbini
bitirmiş, həmin ildən Ormeşən 8 illik məktəbində
ibtidai sinif müəllimi işləmişdir.
1949-cu ildə Azərbaycan Dövlət Pedaqoji
İnstitutunun Azərbaycan dili və ədəbiyyatı
fakültəsinin əyani şö’bəsinə daxil olmuş, 1953-cü
ildə oranı müvəffəqiyyətlə bitirib, orta
məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi
ixtisasını almışdır.
1958-ci ildən 1978-ci ilə kimi Dmanisi
rayonunda orta məktəb direktoru, rayon xalq
maarif şö’bəsində inspektor vəzifələrində
çalışmışdır.
1978-ci ildə Bakı şəhərinə köçmüş və
hazırda Bakı Slavyan Universitetinin Azərbaycan
dili və ədəbiyyatı kafedrasında dosent kimi
fəaliyyt göstərir.
Şaban Qaralov 1984-cü ildə "İbtidai
siniflərdə orfoqrafik səhvlər üzərində iş
şagirdlərin savadlılığının artırılmasının
mühüm vasitəsi kimi" mövzusunda namizədlik
dissertasiyasını müdafiə edib, pedaqoji elmlər
namizədi elmi dərəcəsi almışdır. O, 60-a qədər
qəzet, 50-dən çox jurnal məqalələrinin və 13
dərslik və proqramın müəllifidir.
Azərbaycanın tarixində ilk dəfə
olaraq Şaban Qaralov tə’lim gürcü dilində olan
məktəblərin V-VI, X-XI sinifləri üçün "Azərbaycan
dili", II sinif üçün "Əlifba" dərsliklərini,
zəifeşidən və sonradan karlamış uşaqlar
internat məktəbi üçün 9 çap vərəqində Azərbaycan
dili proqramı və I sinif üçün "Əlifba" dərsiyini
yazmışdır. Hazırda tə’lim gürcü dilində olan
məktəblərin IV, VII-VIII, IX sinifləri üçün
"Azərbaycan dili" dərslikləri üzərində
işləyir.
1990-cı ildən Bakı Slavyan
Universitetində müəllim işləyir. 1996-cı ildən
dosentdir.
ŞAHBAZ ŞAMIOĞLU
Şahbaz Şamı oğlu
Musayev 1961-ci il aprel ayının 20-də Başkeçidin
Qızılkilsə kəndində ziyalı ailəsində anadan
olmuşdur. 1978-ci ildə Qızılkilsə kənd orta
məktəbini ə’la qiymətlərlə bitirmişdir. Onuncu
sinifdə oxuyarkən Azərbaycan dili və ədəbiyyatı
fənni üzrə keçirilən respublika miqyaslı
olimpiadada birinci yeri tutmuş və xüsusi
diploma layiq görülmüşdür.
Ş. Şamıoğlu 1979-1983-cü illərdə indiki
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
filologiya fakültəsində oxumuşdur.
1988-ci ildə Azərbaycan EA Nəsimi adına
Dilçilik İnstitutunun türk dilləri üzrə
aspiranturasına daxil olmuş, sonra elmi
yaradıcılığını Azərbaycan EA Milli Münasibətlər
İnstitutunda (indiki Azərbaycan EA Beynəlxalq
Münasibətlər İnstitutu) davam etdirmişdir.
Azərbaycan EA Beynəlxalq Münasibətlər
İnstitutunun direktoru, filologiya elmləri
doktoru, professor Vaqif Arzumanlının
rəhbərliyi altında "Gürcü ədəbi qaynaqları və
Borçalıda gedən etno-siyasi proseslər (XIX-XX
əsrlər)" mövzusunda dissertasiya işini başa
vurmuşdur.
Ş. Şamıoğlu Borçalışünas tədqiqatçı
kimi tanınır. Borçalı tarixi, etnoqrafiyası,
şivəsi və ədəbi-mədəni mühitinə, regiondakı
milli münasibətlərə dair 50-dən çox elmi
məqalənin müəllifidir. Onomastika,
terminologiya, dialektologiya və filologiyanın
müxtəlif sahələrinə dair qiymətli tədqiqatları
vardır
Ş. Şamıoğlu "Borçalıda etnik
proseslər və millətlərarası münasibətlər (XIX-XX
əsrlər)" monoqrafiyasının müəllifi, "Müstəqil
Azərbaycan 80 il tarix səhnəsində" kitabının
müəlliflərindən biridir. Müxtəlif dərgi və
toplularda Azərbaycan, rus, ingilis və türk
dillərində elmi əsərləri dərc olunmuşdur.
"Etno-siyasi proseslər və Borçalı ədəbi-mədəni
mühiti" adlı növbəti monoqrafiyası çap
ərəfəsindədir.
Ş. Şamıoğlu bədii yaradıcılıqla da
məşğul olur. Povest və hekayələri dərc
edilmişdir.
TAMİLLA ƏLİYEVA
Tamilla İsrafil qızı Əliyeva 1965-ci
ildə Başkeçid rayonunun Dmanisi şəhərində
anadan olmuşdur. 1972-ci ildə Dmanisi şəhər orta
məktəbinin birinci sinfinə getmiş, 1983-cü ildə
həmin məktəbi bitirmişdir.
Orta məktəbi bitirdikdən sonra, 1984-cü
ildə M.F. Axundov adına APRDƏİ-na daxil olmuş və
1989-cu ildə həmin institutu fərqlənmə diplomu ilə
bitirmişdir. 1991-1994-cü illərdə həmin institutun
əyani aspiranturasında oxumuş, 1994-cü ildən
ədəbiyyat nəzəriyyəsi kafedrasında çalışmışdır.
1998-ci ildə namizədlik dissertasiyası müdafiə
etmişdir.
TAHİR SÜLEYMANOV
Tahir Süleyman oğlu
Süleymanov 1956-cı il avqustun 9-da Başkeçid
rayonunun Səfərli kəndində anadan olmuşdur.
1963-cü ildə Səfərli kənd orta məktəbinin birinci
sinfinə getmiş və 1973-cü ildə həmin məktəbi
bitirmişdir. 1973-cü ildə Azərbaycan Dövlət Neft və
Kimya İnstitutunun istehsal proseslərinin
avtomatlaşdırılması fakültəsinə daxil olmuşdur.
1978-ci ildə akademiyanı bitirdikdən sonra
tə’yinatla respublika maddi-texniki təchizat
idarəsinin hesablama mərkəzinə göndərilmişdir.
1978-1983-cü illərdə həmin idarədə
mühəndis-proqramçı, böyük mühəndis-riyaziyyatçı
vəzifələrində çalışmışdır. 1983-cü ildə "Maye, qaz
və plazma mexanikası" ixtisası üzrə ADNA-nın
aspiranturasının əyani şö’bəsinə daxil
olmuşdur. 1986-cı ildə aspiranturanı ə’la
qiymətlərlə başa vurmuş, 1991-ci ildə
namizədlik dissertasiyası müdafiə etmişdir.
1986-cı ildən Azərbaycan Dövlət Neft
Akademiyasının nəzəri mexanika kafedrasında
assistent kimi çalışmışdır. 1995-ci ildən həmin
kafedranın dosentidir.
O, 20-yə qədər elmi-metodiki əsərin, 3
müəlliflik şəhadətnaməsinin və bir patentin
müəllifidir. Azərbaycan Respublikası Təhsil
Nazirliyi tərəfindən təsdiq edilmiş və 1999-cu
ildə dərs vəsaiti kimi çap olunmuş irihəcmli
kitabın müəlliflərindən biridir. Ən yaxşı elmi
nəticələrinə görə keçmiş SSRİ-nin Xalq
Təsərrüfatı Nailiyyətləri Sərgisinin bürünc
medalını almışdır. Onun əsərləri Rusiya, İran və
Çexoslovakiyada çap olunmuşdur.
Hazırda doktorluq dissertasiyasını
tamamlamaq üzrədir. Tahir Süleymanov
nailiyyətlərinə görə - atası və müəllimi
Süleyman müəllimə minnətdardır. Süleyman
müəllim hazırda ömrünün ahıl vaxtında Səfərli
səkkizillik məktəbinin direktorudur.
Tahir Süleymanov 1999-cu il dekabrın 12-də
ilk dəfə keçirilmiş bələdiyyə seçkilərində
qalib gəlmiş və Xətai bələdiyyəsinin üzvüdür.
TOFİQ ƏLİYEV
Tofiq Məmməd oğlu
Əliyev 1956-cı il sentyabrın 7-də Başkeçid
rayonunun Səfərli kəndində anadan olmuş, 1973-cü
ildə Səfərli kənd orta məktəbini başa vurmuşdur.
Həmin il Azərbaycan Xalq Təsərrüfatı
İnstitutunun (indiki ADİU) ümumi iqtisad
fakültəsinə qəbul olunmuşdur. 1978-ci ildə həmin
institutu siyasi iqtisad müəllimi ixtisası üzrə
fərqlənmə diplomu ilə bitirmişdir.
1978-ci ildə Azərbaycan Respublikası Ali
Təhsil Nazirliyinin tə’yinatı ilə Azərbaycan
Politexnik İnstitutunun (indiki ATU) elmi
kommunizm kafedrasına göndərilmişdir. 1979-cu ilin
mayından 1980-ci ilin oktyabrına qədər Ordu
sıralarında xidmət etmişdir. O, Azərbaycan
Texniki Universitetində müəllim, baş müəllim
işləmişdir, hazırda fəlsəfə və politologiya
kafedrasının dosenti vəzifəsində çalışır.
Texniki Universitetdə politologiya və
sosiologiya fənnini tədris edir.
Tofiq Əliyev Azərbaycan Dövlət
Universitetinin elmi kommunizm kafedrasının
aspirantı olmuş və 1989-cu ildə "İstehsal
kollektivlərində əmək intizamının
möhkəmləndirilməsinin sosial amilləri"
mövzusunda namizədlik dissertasiyası müdafiə
etmişdir. 1998-ci ildə isə "Keçid dövründə sosial
idarəetmə və intizamın qarşılıqlı əlaqəsi
(sosial-fəlsəfi təhlil)" mövzusunda fəlsəfə
elmləri doktoru elmi dərəcəsi almaq üçün
dissertasiyanı yekunlaşdırıb müdafiəyə təqdim
etmişdir.
Tofiq Əliyev 60-dan çox elmi məqalənin,
dərs vəsaitinin, dərsliyin və monoqrafiyanın
müəllifidir. O, "Politologiya" fənninə dair iki,
"Sosiologiya" fənninə dair bir dərs vəsaitinin,
"Politologiya fənninin tədrisinə dair metodik
göstərişlər" və fəlsəfə fənninə dair dərsliyin
müəlliflərindəndir.
VAHİD ŞƏRİFOV
Vahid Sə’di oğlu Şərifov 1945-ci ildə
Gürcüstanın Başkeçid rayonunun Armudlu kəndində
kəndçi ailəsində anadan olmuşdur.
1952-ci ildə kənd orta məktəbinin 1-ci
sinfinə getmiş, 1962-1963-cü tədris ilində həmin
məktəbi qızıl medalla bitirmişdir.
1963-cü ildə indiki Azərbaycan Dövlət
Neft Akademiyasının neft-kimya fakültəsinə
daxil olmuş, 1968-ci ildə həmin fakültəni fərqlənmə
diplomu ilə başa vurmuşdur. Tə’yinatla keçmiş
SSRİ-nin Yaroslavl şəhərinə göndərilmişdir. Bir
müddət bu şəhərdə işlədikdən sonra. Onu
Volqlqrad vilayətinin Volsk şəhərinin neft
bazası işə göndərilir.
Vahid Şərifov neft bazasında direktor
vəzifəsini icra edir. Əmək fəaliyyətilə yanaşı o
həm də elmi işini də davam etdirir.
1980-ci illərin ortalarında namizədlik
dissertasiyasını tamamlamış və 1987-ci ildə
müdafiə edib elmlər namizədi adına layiq
görülmüşdür. Bir müddətdən sonra ittifaq
məhsullarının baş mühəndisi, Volqoqrad
şəhərində neft məhsullarının baş mühəndisi
vəzifəsinə irəli əçkilmişdir. Sonra isə yüksək
Neft-qaz sənayesinin ali mütəxəssisi kimi üç
illiyə Anqola dövlətinə e’zam olunmuşdur.
1993-cü ildə Anqoladan Volqaqrada
qayıdan Vahid Şərifov "LUKOYL" şirkətinə baş
direktor tə’yin olunmuşdur.
1995-ci ildə o, Moskvaya də’vət almış və
Moskva şəhərində Neft-qaz sahəsində yeni bir
vəzifəyə tə’yin edilmişdir. Həmin ildə Rusiya
dövlətinin əməkdar neftçisi kimi ada layiq
görülmüşdür.
Vahid Şərifovun əmək və elmi
fəaliyyəti üç fundamental elmi kitabda, 100-ə
qədər elmi qəzet və jurnal məqalələrində öz
əksini tapmışdır. O, 20 beynəlxalq, ittifaq
simpozium və konfranslarda çıxış edib
materiallar çap etdirmişdir.
Vahid Şərifov hazırda neft-qaz
sahəsində geniş fəaliyyət göstərən ilk Borçalı
ziyalısıdır ki, "LUKOYL" şirkətinin
vitse-prezidenti vəzifəsini icra edir.
VƏLİ PAŞAYEV
Vəli Möylə oğlu
Paşayev 1940-cı il iyunun 25-də Başkeçid rayonunun
Məmişli kəndində anadan olmuşdur. 1947-ci ildə orta
məktəbin 1-ci sinfinə getmiş, 1958-ci ildə həmin
məktəbi bitirib Sovet Ordusu sıralarına
çağırılmışdır. 1962-ci ildə baş leytenant
rütbəsində ordudan tərxis olunmuşdur.
1963-cü ildə keçmiş M.F. Axundov adına
ADPİ-nin rus dili və ədəbiyyatı fakültəsinə
daxil olmuş, 1969-cu ildə isə həmin institutu
bitirmişdir.
Əmək fəaliyyətinə Tovuz rayonunda
başlamış, sonra isə anadan olduğu kənd orta
məktəbində müəllim işləmişdir. Bir neçə il həmin
məktəbdə tədris işləri üzrə direktor müavini
vəzifəsində çalışmışdır.
1973-cü ildən 1984-cü ilə qədər Bakı
şəhərində kimya-biologiya təmayüllü 5 saylı
respublika internat məktəbində müəllim, 1984-cü
ildən 1991-ci ilə qədər həmin məktəbdə
tə’lim-tərbiyə işləri üzrə direktor müavini
işləmişdir. 1989-cu il fevral ayından 1991-ci il
fevral ayına qədər Azərbaycan Politexnik
İnstitutunun Azərbaycan və rus dilləri
kafedrasında saat hesabı müəllim işləmişdir.
1991-ci il fevral ayında isə Azərbaycan Texniki
Universitetinə müsabiqə yolu ilə müəllim
keçmişdir.
1992-ci ilin aprel ayından Azərbaycan
Texniki Universitetinin Azərbaycan dili
kafedrasında baş müəllim, 1994-cü ilin noyabr
ayından indiyə qədər dosent vəzifəsində çalışır,
1985-ci ildən filologiya elmləri namizədidir. Vəli
Paşayevin elmi-pedaqoji fəaliyyəti 30-dan artıq
elmi-əsərdə öz əksini tapmışdır. O, cümlədən 1
metodik məcmuənin, 2 metodik vəsaitin və bir dərs
vəsaitinin müəllifidir.
VİDADİ ORUCOV
Vidadi Ömər oğlu
Orucov 1956-cı il mayın 12-də Başkeçid rayonunun
Qızılkilsə kəndində anadan olmuşdur.
1973-cü ildə kənd orta məktəbini
bitirmişdir. 1974-cü ildə Azərbaycan Dövlət
Universitetinin (indiki BDU) fizika fakültəsinə
daxil olmuş, 1982-ci ildə həmin fakültəni başa
vurmuşdur.
1998-ci ildə "Karbon və azot atomlarının
dəmir-nikel və dəmir-manqan ərintilərində
atomların paylanmasına, faza keçidlərinə və
xassələrinə tə’siri" mövzusunda namizədlik
dissertasiyası müdafiə edib, fizika-riyaziyyat
elmləri namizədi elmi dərəcəsi almışdır. Əmək
fəaliyyətinə 1973-cü ildə Bakı Tunel-Tikinti
İdarəsində fəhləliklə başlamışdır. 1983-cü ildə
Bakı şəhər 25 saylı texniki-peşə məktəbinin azad
komsomol təşkilatı katibi, 1990-cı ildə Nizami
rayon "Bilik" cəmiyyətinin mə’sul katibi, 1992-ci
ildən Təhsil Nazirliyinin ali və orta ixtisas
təhsili idarəsində çalışmışdır.
1997-ci ildən Bakı Sənaye-Pedaqoji
Texnikumunun direktorudur.
1983-cü ildə Bakı şəhər Nizami rayon Xalq
Deputatları Sovetinin deputatı seçilmişdir.
Onun elmi-pedaqoji fəaliyyəti 12 elmi
əsərdə öz əksini tapmışdır.
Vidadi Orucov 10-a qədər beynəlxalq və
respublika səviyyəli elmi konfranslarda iştirak
edib, məqalələr çap etdirmişdir.
YASİN QARAMƏMMƏDLİ (İSMAYILOV)
Yasin Alı oğlu
Qaraməmmədli 1938-ci il dekabrın 1-də Başkeçid
rayonunun Muğanlı kəndində anadan olmuşdur.
Səkkizillik təhsilini (1946-1954-cü illər) doğma
kəndlərində almış, 1954-1958-ci illərdə Marneuli
Dövlət Pedaqoji Məktəbində oxumuş, 1963-cü ildə
APİ-nin tarix-filologiya fakültəsini fərqlənmə
diplomu ilə bitirmişdir.
Saatlı rayonunun Krasnoselsk və
Sabirabad rayonunun Aleksandrovsk kəndlərində
müəllim və tədris hissə müdiri işləmiş, 1964-cü
ilin yanvarında Bakıya qayıdaraq burada
fəaliyyətini davam etdirmiş - 19 nömrəli şəhər
texniki peşə məktəbində tərbiyəçi, Azərbaycan
SSR Nazirlər Soveti Dövlət Mətbuat Komitəsinin
Baş Mətbuat İdarəsində (Qlavlit) senzor işləmiş,
həmin ilin noyabrından Azərbaycan Dövlət Radio
və Televiziya Verlişləri Komitəsinə işə də’vət
olunmuş, 20 ildən artıq bir müddət ərzində burada
tərcüməçi, şərhçi, böyük redaktor və baş
redaktorun müavini vəzifələrində çalışmışdır.
Mətbuat sahəsində çalışdığı illərdə
elmi-pedaqoji fəaliyyətindən ayrılmamış,
Azərbaycan SSR EA Fəlsəfə və Hüquq İnstitutunda
"Bədii xarakter anlayışı" mövzusunda tədqiqat
işi aparmış, bir sıra elmi nəşrlərdə məqalələr
dərc etdirmiş, 1978-ci ildə dissertasiya müdafiə
edərək estetika ixtisası üzrə fəlsəfə elmləri
namizədi elmi dərəcəsi almışdır. Eyni zamanda
1975-ci ildən Azərbaycan Xarici Dillər
İnstitutunda, 1978-ci ildən APİ-də müəllimlik
fəaliyyətinə başlamışdır. 1984-cü ilin noyabrında
müsabiqə yolu ilə APİ-nin fəlsəfə kafedrasında
baş müəllim vəzifəsini tutmuş, kafedranın
dosenti seçilmiş, 1986-cı ilin mayından 1990-cı ilin
dekabrına qədər həmin kafedranın, sonra isə
institutda onun təşəbbüsü ilə təzə yaradılan
mədəniyyətşünaslıq kafedrasının müdiri, 1996-1998-ci
illərdə Pedaqoji Universitetin tərbiyə işləri
üzrə prorektoru vəzifələrində çalışmışdır.
Hazırda ADPU-nun fəlsəfə kafedrasının dosenti
kimi elmi-pedaqoji fəaliyyətini davam etdirir,
fəlsəfə, estetika, etika, mədəniyyətşünaslıq,
habelə Bakıdakı bir sıra özəl universitetlərdə
konfliktologiya və müasir dünya siyasəti
fənlərini tədris edir.
Y.A. Qaraməmmədli geniş profilli
mütəxəssis kimi xüsusilə ümummarif xarakterli
nəşrlərə daha çox meyl edir: "Azərbaycan Sovet
Ensiklopediyası"nın IX-X cildlərinin, "Fəlsəfə
ensiklopedik lüğəti"nin (1997)
müəlliflərindəndir, "Davranış estetikası"
kitabını tərcümə edərək ön sözlə nəşr etdirmiş
(1978), orta məktəb üçün bir sıra tarix
dərsliklərinin tərcüməçmsi və elmi redaktoru
olmuşdur.
ZAHİD AŞUROV
Zahid Gülməmməd oğlu Aşurov 1942-ci ildə
Başkeçid rayonunun Qəmərli kəndində anadan
olmuşdur. 1949-cu ildə orta məktəbin 1-ci sinfinə
getmiş, 1960-cı ildə həmin məktəbi bitirmişdir.
1962-ci ildə Azərbaycan Neft Kimya İnstitutunun
mühəndis-iqtisad fakültəsinə daxil olmuş, 1967-ci
ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu
bitirmişdir.
1969-cu ildə Azərbaycan EA İqtisadiyyat
İnstitutunun aspiranturasına qəbul olmuş, 1973-cü
ildə namizədlik dissertasiyası müdafiə
etmişdir. Həmin ildən 1985-ci ilə kimi Azərbaycan
SSR EA İqtisadiyyat İnstitutunda elmi işçi və
baş elmi işçi işləmişdir. 1985-ci ildən indiyə
qədər Azərbaycan Dövlət Neft Akademiyasında
Mühəndis-İqtisad və Beynəlxalq iqtisadi
əlaqələr və Menecment fakültəsinin dosentidir.
Zahid Aşurovun elmi pedaqoji
fəaliyyəti 50-dən çox elmi-pedaqoji məqalədə əks
olunmuşdur. O, çap olunmuş 1 monoqrafiyanın
müəllifidir.
ZİYƏDDİN QURBANOV
Ziyəddin Qara oğlu
Qurbanov 1938-ci il oktyabrın 3-də Başkeçid
rayonunun Lök-Candar kəndində anadan olmuşdur.
Səkkizillik məktəbi öz kəndlərində, orta məktəbi
isə Hamamlı kəndində bitirmişdir. Bir il
kolxozda işləmiş, 1959-cu ildə indiki Bakı Dövlət
Universitetinin filologiya fakültəsinə daxil
olmuş və 1964-cü ildə oranı bitirmişdir. 1964-cü ilin
sentyabrından 1966-cı ilin noyabr ayına qədər
Goranboy rayonunun Borsunlu kənd orta
məktəbində müəllim işləmişdir. 1966-cı ilin
noyabrından 1968-ci ilə qədər Gəncə Dövlət
Pedaqoji İnstitutunun istehsal təcrübəsinin
rəhbəri vəzifəsində işləmişdir. 1968-ci ilin
sentyabrından indiyə qədər institutun
Azərbaycan dili kafedrasında müəllim, baş
müəllim işləmiş, indi isə həmin kafedranın
dosentidir.
1972-ci ildə "XVII əsr Azərbaycan ədəbi
dilinin leksikası" mövzusunda namizədlik
dissertasiyasını müdafiə edib filologiya
elmləri namizədi elmi dərəcəsi almışdır. 1984-cü
ildən kafedranın dosentidir.
"XVII əsr Azərbaycan ədəbi dili"
mövzusunda doktorluq işini tamamlayıb
müzakirəyə təqdim etmişdir. 29 jurnal, onlarca
qəzet məqaləsinin müəllifidir.
"XVII əsr Azərbaycan ədəbi dili və
üslubu" (1995), "Azərbaycan ədəbi dilinin XVII əsr
mərhələsi" (1997) kitablarının və "Yazılı
abidələrin dilində fonetik, leksik və qrammatik
fərqlər" adlı dərsliyin müəllifidir.
|