Ağbulaq     Baş keçid     Borçalı     Qarayazı     Dağ Borçalı     Qaraçop     Tiflis     Çoruk Qəmərli  
Coğrafiyası
Etimologiyası
Kəndləri
Nəqliyyatı
Tarixi
Demoqrafik quruluşu
Sənaye və kənd təssərrüfatı
Torpaq fondu
Maarifin inkişafı
Türk Pedaqoji Texnikomları
Adət ənənələri
Ədəbi mədəni əlaqələri
İctimai siyasi durum
Borçalı ziyalıları dövlət və hökümət orqanlarında
Öndər adamları
Akademik və müxbir üzvləri
Elmlər doktorları
Elmlər namizədləri
Həkimlər
El ağsaqqalları
Generallar
Hüquqsunaslar
Tarixi qəhrəmanlar
Rəssamlar
Memarlar
İncəsənət xadimləri
Jurnalistlər
Aşıq folklor örnəkləri
El sənətkarları
Xeyriyyəçilər
İdmançılar
Şəhidlər
Yaylaqlar
Xəritələr
Şəkillər
 

The Project is accomplished by the assistance of the Bureau of Educational and Cultural Affairs of the U.S. Department of State and International Research & Exchanges Board

Səhifənin yaradılmasında göstərdiyi köməkliyə görə Məmməd Sarvana təşəkkür edirik

ELMLƏR NAMİZƏDLƏRİ

BAŞKEÇİD (DMANİSİ) BÖLGƏSİ

[A-F] [H-S] [Ş-Z]

AĞAMALI QARALOV

Ağamalı Məhəmmədəli oğlu Qaralov 1934-cü il martın 28-də Başkeçid rayonunun Ormeşən kəndində anadan olmuşdur. 1958-ci ildə Kirovisi orta məktəbini bitirmişdir. 1963-cü ildə ADU-nun (indiki BDU) geologiya-coğrafiya fakültəsinin coqrafiya-biologiya şö’bəsini fərqlənmə diplomu ilə başa vurub, 1969-cu ilə kimi Ormeşən orta məktəbində müəllim, gecə orta məktəbində isə direktor işləmişdir.

1969-cu ildən e’tibarən Azərbaycan SSR EA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda elmi işçi işləməklə bərabər, 1975-ci ildə qiyabi aspiranturanı bitirmiş və 1978-ci ildə "Cənubi Muğan torpaqlarının aqrofiziki səciyyəsi, hava, su, temperatur rejimləri və səmərəli istifadə olunması" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş və kənd təsərrüfatı elmləri namizədi elmi dərəcəsi almışdır.

1981-ci ildən 1991-ci ilə qədər keçmiş Sovet İttifaqının Dövlət Elmi Tədqiqat Torpaq Sərvətləri İnstitutunun Azərbaycan şö’bəsində baş elmi işçi vəzifəsində çalışmış və burada Azərbaycanın neft məhsulları ilə çirklənmiş torpaqlarının ekoloji vəziyyətini tədqiq etmişdir. Çöl tədqiqatları və laboratoriya analizləri ilə neft-mə’dən torpaqlarının çoxkomponentli neft məhsulları ilə çirklənməsi dərəcəsini və səciyyəsini aqrofiziki və fiziki-kimyəvi üsullarla dəqiqləşdirmişdir. O, neftlə çirklənmiş torpaqları tədqiq edərək elmi jurnallarda və tezislərdə tövsiyə xarakterli onlarca məqalə dərc etdirmişdir.

Onun tədqiqat işləri dəfələrlə istehsalata tətbiq üçün vəsiqə almışdır.

A.M. Qaralov Azərbaycan EA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda fəaliyyət göstərdiyi zaman institutun digər qabaqcıl alimləri ilə birlikdə Abşeron yarımadasında neftlə çirklənmiş torpaqların xəritələşdirilməsi ilə məşğul olmuşdur.

A.M. Qaralov 1991-ci ilin may ayından indiyə kimi Dövlət Yer Quruluşu Layihə İnstitutunda aparıcı mühəndis işləyir.

O, 35 elmi əsərin müəllifidir. Bu əsərlərin əksəriyyəti şoran-şorakət torpaqların fiziki və kimyəvi xassələrinə, onların meliorativ yaxşılaşdırılmasına və neftlə çirklənmiş torpaqların rekultivasiya edilməsinin təbliğinə həsr edilmişdir.

 

HÜSEYN ARTIKOĞLU (XƏLİLOV)

Hüseyn Artıkoğlu 1950-ci il 5 oktyabrında Başkeçid rayonunun Qəmərli kəndində anadan olmuşdur. 1957-ci ildə Qəmərli 8 illik məktəbinə daxil olmuş, 1967-ci ildə isə 1 saylı Marneuli Azərbaycan orta məktəbini bitirmişdir.

1967-ci ildə indiki ADPU-nun İnşaat fakültəsinə daxil olmuş, 1973-ci ildə həmin universiteti bitirərək Sənaye və Mülki Tikinti ixtisası üzrə inşaatçı-mühəndisi peşəsinə yiyələnmişdir.

Əmək fəaliyyətinə 1967-ci ildə DİN-nin YMİ-də başlamışdır. 1971-77-ci illərdə "Azərdövlətlayihə" institutunda texnik, mühəndis və baş konstruktor vəzifələrində çalışmışdır.

1977-80-ci illərdə Moskvada V.A.Kuçerenko adına İnşaat Konstruksiyalarının Mərkəzi Elmi Tədqiqat İnstitutunun aspirantı olmuşdur. 1981-ci ildə Texnika elmləri namizədi alimlik dərəcəsini almaq üçün dissertasiya müdafiə etmişdir. 1981-84-cü illərdə Bakının layihə institutlarında çalışmışdır. 1984-cü ildən Azərbaycan İnşaat Mühəndisləri Universitetinin Dəmir-beton konstruksiyaları kafedrasının dosentidir.

Hüseyn Artkoğlunun elmi-pedoqoji fəaliyyəti 20-yə qədər elmi əsərdə, 100-dən çox mülkü binaların layihələndirilməsində və tikintisində, 50-dən çox tarixi abidələrin bərpa layihəsində və bərpa işlərində, eləcə də, dəmir-beton konstruksiyaların hesablanmasına dair bir neçə metodik göstərişlərdə və dərs vəsaitində öz əksini tapmışdır.

Hüseyn Artkoğlu elmi və pedoqoji fəaliyyəti ilə yanaşı 1988-ci ildən Azərbaycanın müstəqilliyi uğrunda xalq hərəkatında iştirak etmişdir. O, Xalq Cəbhəsinin yaradıcılarından biri olmuşdur.

Hüseyn Artkoğlu 1990-93-cü illərdə Birlik Partiyasının sədri olmuşdur. Hal-hazırda pedoqoji fəaliyyətlə yanaşı, tikinti firmasının rəhbəri olaraq Bakı şəhərində bir sıra tikililəri həyata keçirmişdir.

 

AKİF İSMAYILOV

Akif Ömər oğlu İsmayılov 1957-ci ildə Başkeçid rayonunun Səfərli kəndində anadan olmuşdur. 1964-1974-cü illərdə Səfərli kənd orta məktəbində oxmuşdur. 1974-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) fizika fakültəsinə daxil olmuş, 1979-cu ildə həmin fakültəni başa vurmuşdur. 1979-cu ildə tə’yinatla Azərbaycan EA-nın Fizika İnstitutuna aşağı temperaturlar fizikası laboratoriyasına mühəndis vəzifəsində işə düzəlmişdir. 1981-ci ildə Fizika İnstitutunda aspiranturaya daxil olmuş, 1987-ci ildə dissertasiya müdafiə edib fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi almışdır. 1985-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) mexanika və molekulyar fizika kafedrasında laborant, baş laborant işləmişdir. 1988-ci ildən elektroradiotexnika kafedrasında müəllim, baş müəllim və dosent vəzifələrini icra etmişdir. O, eyni zamanda mühəndis-pedaqoji fakültəsinin dekan müavini vəzifələrində də çalışmışdır.

Akif İsmayılovun elmi-pedaqoji fəaliyyəti 30-a yaxın elmi əsərdə öz əksini tapmışdır. Onlardan 1 dərs vəsaiti və 1 metodik göstərişi kitab şəklində işıq üzü görmüşdür. Elmi əsərlərinin əksəriyyəti xarici dövlətlərdə (Almaniyada, Rusiyada, Gürcüstanda) çap olunmuşdur. O, bu müddət ərzində 10-a yaxın beynəlxalq və respublika səviyyəli elmi konfranslarda çıxış edib məqalələr çap etdirmişdir. 1978-ci ildə Azərbaycan LKGİ-nin Fəxri fərmanı ilə təltif olunmuşdur.

Hazırda Pedaqoji Universitetin elektroradiotexnika kafedrasının dosentidir.

 

ELDAR NƏBİYEV

Eldar Hüseyn oğlu Nəbiyev 1948-ci il oktyabr ayının 20-də Başkeçid rayonunun Ormeşən kəndində müəllim ailəsində anadan olmuşdur. 1955-ci ildə Ormeşən kənd orta məktəbinə daxil olmuş və 1963-cü ildə həmin məktəbin 8-ci sinfini başa vurmuşdur. 1963-1966-cı illərdə təhsilini Bolnisi şəhər Azərbaycan orta məktəbində davam etdirmiş və 1966-cı ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. 1967-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) geoloji-coğrafiya fakültəsinin coğrafiya ixtisası üzrə I kursuna daxil olmuş və 1972-ci ildə coğrafiya müəllimi ixtisası üzrə həmin fakültəni başa vurmuşdur. 1972-ci ildə tə’yinatla Qəbələ (Qutqaşen) rayonunda, 1973-1976-cı illərdə isə doğma kəndində müəllim işləmişdir. 1977-ci ildə Azərbaycan Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əyani aspiranturasına daxil olmuşdur.

"Böyük Qafqazın şimal-şərq zonasının torpaqlarının aqrofiziki xassələri və torpaq proseslərinin dinamikası" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş və kənd təsərrüfatı elmləri namizədi elmi dərəcəsi almışdır. Bir müddət institutun torpaq fizikası laboratoriyasında elmi işçi, və baş elmi işçi vəzifələrində işləmişdir. Hazırda həmin institutda aparıcı elmi işçi vəzifəsində çalışır. O, keçmiş SSRİ-nin bir çox şəhərlərində Azərbaycanda torpaqşünaslıq elminin inkişafı haqqında çıxışlar etmişdir. Eldar Nəbiyevin 40-dan çox elmi məqaləsi dövri mətbuatda dərc olunmuşdur. O, 1996-cı ildən Azərbaycan Respublikası Milli Məclisinin yerli özünüidarə məsələləri daimi komissiyasında ekspert işləyir və bələdiyyələrə aid qanunların hazırlanmasında iştirak edir.

 

FARİZ MİKAYIL (MİKAYILOV)

Fariz Dünyamalı oğlu Mikayıl 1948-ci il avqustun 18-də Başkeçid (indiki Dmanisi) rayonunun Yuxarı Qarabulaq kəndində anadan olmuşdur.

1955-1963-cü illərdə Yuxarı Qarabulaq kənd 8 illik məktəbində oxumuş, 1966-cı ildə Marneuli şəhər 1 saylı orta məktəbini qızıl medalla bitirmişdir.

1966-1971-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) mexanika-riyaziyyat fakültəsində təhsil almışdır.

1971-1973-cü illərdə Sovet ordusunda zabit kimi xidmətdə olmuşdur.

1973-cü ildə əmək fəaliyyətinə başlamış, 1973-1975-ci illərdə Azərbaycan Avtomobil Nazirliyi nəzdindəki hesablama mərkəzində riyazi-proqramçı və böyük mühəndis vəzifələrində çalışmışdır.

1975-ci ildən Azərbaycan Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutunun torpaq meliorasiyası laboratoriyasında riyaziyyatçı mühəndis vəzifəsində işləmişdir.

1980-ci ildə tədqiq etdiyi nəzəri və təcrübi elmi işləri yekunlaşdırıb aspiranturaya qəbul olunmuşdur.

1989-cu ildə baş elmi işçi, 1995-ci ildə isə aparıcı elmi işçi seçilmişdir.

1996-cı və 1997-ci illərdə iki dəfə Türkiyənin Bilimsəl Araşdırma təşkilatında (TUBITAK) təcrübə keçmişdir. Konya şəhərindəki Selçuk universitetindəki təcrübədən sonra 1997-ci ilin noyabr ayından e’tibarən bu şəhərdə elmi-pedaqoji fəaliyyətini davam etdirir.

Fariz Mikayılın elmi və pedaqoji fəaliyyəti 60 elmi əsərdə öz əksini tapmışdır.

Bu elmi əsərlərin çoxu beynəlxalq konqres və simpoziumların materialları kimi jurnallarda dərc olunmuşdur.

İsrail, Rusiya və Almaniyanın elmi dərkilərində onun əsərlərinə yer ayrılmışdır.

1998-ci ildə Beynəlxalq Ekoenergetika Akademiyasının fəxri doktoru adına layiq görülmüşdür.

Fariz Mikayılın elmi istiqaməti "Su-Torpaq-Bitki-Atmosfer" ekoloji sistemdə baş verən hidrodinamik, geokimyəvi, kütlə transferi, kütlə mübadiləsi, fermentlərin biokimyəvi və fiziki xassələrinin matematik modellənməsi və proqnozlaşdırılması kimi aktual problemlərdir.

 

FƏXRƏDDİN YUSİFOV

Fəxrəddin Allahverdi oğlu Yusifov 1956-cı ildə Başkeçid rayonunun Muğanlı kəndində anadan olmuşdur. 1963-cü ildə Muğanlı kənd orta məktəbinin birinci sinfinə daxil olmuş, 1973-cü ildə həmin məktəbi ə’la qiymətlərlə bitirmişdir. 1973-cü ildə Gəncə Dövlət Pedaqoji İnstitutuna daxil olmuş, 1977-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1977-1980-ci illərdə Füzuli rayonu Böyük Bəhmənli kəndində ixtisası üzrə müəllim işləmişdir. 1980-ci ildə APİ-nin aspiranturasına sənəd vermiş, ədəbiyyatın tədrisi metodikası ixtisası üzrə əyani təhsil almış və aspiranturanı 1983-cü ildə bitirmişdir. 1983-cü ildən ədəbiyyatın tədrisi metodikası kafedrasında baş laborant kimi əmək fəaliyyətinə başlamış, 1988-ci ildə "Folklorun tədrisi prosesində şagirdlərin şifahi nitqinin inkişaf etdirilməsi yolları (IV-VII siniflər)" adlı namizədlik dissertasiyası müdafiə etmişdir. 1989-cu ildən Ədəbiyyatın tədrisi metodikası kafedrasının müəllimi kimi fəaliyyət göstərmişdir. Hazırda həmin kafedranın dosentidir. 30-a yaxın elmi-metodik məqalənin və "Orta məktəbdə S.Ə. Şirvani əsərlərinin dilinin öyrədilməsi" adlı metodik göstərişlərin müəllifidir.

 

FƏXRƏDDİN HƏMİDOV

Fəxrəddin Camal oğlu Həmidov 1954-cü il aprelin 8-də Başkeçid rayonunun Şindilər kəndində müəllim ailəsində anadan olmuşdur. 1971-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Politexnik İnstitutunun metallurgiya fakültəsinin metalların təzyiqlə e’malı ixtisasına qəbul olunmuşdur. 1976-cı ildə tə’yinatla Sumqayıt şəhərində Azərbaycan Boru Prokatı Zavoduna işə göndərilmiş, boruyayma sexində usta köməkçisi kimi əmək fəaliyyətinə başlamışdır.

1986-cı ildən müxtəlif vəzifələrdə çalışmış (usta, sexin texnoloqu, sex rəisinin müavini), sonra sex rəisi seçilmişdir. Daha sonra o, zavodun baş direktoru vəzifəsinə tə’yin edilmişdir.

1989-cu ildə o, Ukrayna Respublikasının Dnepropetrovsk şəhərində Ümumittifaq Elm İstehsalat Boruyayma İnstitutunda qiyabi aspiranturaya qəbul olunmuşdur. 1992-ci ildə müvəffəqiyyətlə dissertasiya müdafiə edərək texnika elmləri namizədi elmi dərəcəsi almışdır. 1993-cü ildə Fəxrəddin Həmidov Respublika Prezidentinin Fərmanı ilə Metallurgiya Dövlət Şirkətinin Prezidenti vəzifəsinə tə’yin edilmişdir.

1993-cü ildə Fəxrəddin Həmidov dünya metallurqlarının ikinci qurultayında nümayəndə kimi iştirak etmişdir. Metallurqların mərkəzi şurasının üzvü seçilmişdir. Fəxrəddin Həmidov MDB ölkələrinin "Metallurgiya sənayesinin inkişafı və inteqrasiyası haqqında" aparılan danışıqlarda dövlət nümayəndə hey’ətinə başçılıq etmişdir.

1996-cı ildən bu günə kimi o, Sumqayıt şəhərində yerləşən Azərbaycan Sənaye İnstitutunda çalışır. Bir müddət konstruksiya etmənin əsasları və maşın hissələri kafedrasında dosent əvəzi çalışmışdır.

Fəxrəddin Həmidov metalşünaslıq və metalların təzyiqlə e’malı və texniki məişət xidmətində servis ixtisasları əsasında Təhsil Nazirliyinin köməyi ilə xüsusi kafedra təşkil etmişdir. Fəxrəddin Həmidov 1999-cu ildən texniki məişət xidmətində servis kafedrasının müdiri vəzifəsində çalışır,dosentdir.

O, 44 elmi məqalənin və 4 elmi kəşfin müəllifidir. Bu məqalələr Rusiya, Ukrayna, Gürcüstan və Türkiyə mətbutında çap olunmuşdur.

Copyright © 2003 Borchali