Ağbulaq     Baş keçid     Borçalı     Qarayazı     Dağ Borçalı     Qaraçop     Tiflis     Çoruk Qəmərli  
Coğrafiyası
Etimologiyası
Kəndləri
Nəqliyyatı
Tarixi
Demoqrafik quruluşu
Sənaye və kənd təssərrüfatı
Torpaq fondu
Maarifin inkişafı
Türk Pedaqoji Texnikomları
Adət ənənələri
Ədəbi mədəni əlaqələri
İctimai siyasi durum
Borçalı ziyalıları dövlət və hökümət orqanlarında
Öndər adamları
Akademik və müxbir üzvləri
Elmlər doktorları
Elmlər namizədləri
Həkimlər
El ağsaqqalları
Generallar
Hüquqsunaslar
Tarixi qəhrəmanlar
Rəssamlar
Memarlar
İncəsənət xadimləri
Jurnalistlər
Aşıq folklor örnəkləri
El sənətkarları
Xeyriyyəçilər
İdmançılar
Şəhidlər
Yaylaqlar
Xəritələr
Şəkillər
 

The Project is accomplished by the assistance of the Bureau of Educational and Cultural Affairs of the U.S. Department of State and International Research & Exchanges Board

Səhifənin yaradılmasında göstərdiyi köməkliyə görə Məmməd Sarvana təşəkkür edirik

ELMLƏR DOKTORLARI

BAŞKEÇİD (DMANİSİ) BÖLGƏSİ

[A-Z]

EMİN NAMAZOV

Emin Mahmud oğlu Namazov 1936-cı il mayın 5-də Başkeçid rayonunun Saatlı kəndində fəhlə ailəsində anadan olmuşdur. İbtidai təhsilini doğma kəndində, orta təhsilini isə Dağ Borçalısının Loru bölgəsində (Ermənistan ərazisində), İlməzli orta məktəbində almışdır. 1954-1959-cu illərdə H. Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsində oxumuş, 1959-1962-ci illərdə Başkeçid rayonunda müəllim işləmişdir. 1963-cü ildə Gəncə şəhərinə köçmüşdür. Politexnik Texnikumda müəllimlik etməklə bərabər, Azərbaycan KT İnstitutunda təhsilini davam etdirmişdir. 1967-ci ildə elektrik mühəndisi ixtisasını almış və həmin ildə Azərbaycan Elmlər Akademiyası Fizika İnstitutunun aspiranturasına qəbul olmuşdur.

1970-ci ildə Azərbaycan Politexnik İnstitutunun Gəncə filialının fizika kafedrasında baş müəllim vəzifəsində işə başlamışdır. 1973-cü ildə "Yarımkeçirici minerallar əsasında günəş termoelektrik generatoru" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib, texnika elmləri namizədi elmi dərəcəsi almışdır.

Emin Namazov termoelektrik materiallarının bir sıra sün’i birləşmələrinin sintezi problemi ilə məşğul olmuş, istilik-elektrik enerjiçeviricilərinin xüsusi konstruksiyalarının hərbi texnikaya tətbiqinə nail olmuşdur. Bu sahədə Moskvanın Kosmik-Tədqiqat İnstitutu, Sevastopolun Ali Hərbi Mühəndislər Məktəbi, Aşqabadın "Günəş" Elmi-İstehsalat Birliyi ilə elmi və təsərrüfat əsaslı əməkdaşlığı, onun istilik fizikası mütəxəsisi kimi məşhurlaşmasına, fizika kafedrası nəzdində elmi-tədqiqat laboratoriyasının yaranmasına, elmi-texniki bazanın genişlənməsinə səbəb olmuşdur.

1989-cu ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1991-ci ildən professordur.

Azərbaycanda istilik fizikasının inkişafında xüsusi əməyi olan alim, yüzdən artıq elmi məqalənin, "Yarımkeçirici materiallar və cihazlar", "Tətbiqi günəş energetikası" adlı monoqrafiyaların, "Fizika praktikumu" kimi üç hissədən ibarət dərs vəsaitinin, bir sıra elmi-metodiki məqalələrin müəllifidir. Onun elmi məqalələri Moskva "Elm" nəşriyyatının "Kosmik texnologiya və enerji çevriciləri" adlı elmi toplusunda çap olunmuşdur. Hazırda professor Emin Namazov Azərbaycan Texnologiya İnstitutunda və Azərbaycan Ekologiya İnstitutunda çalışaraq elmi fəaliyyətini davam etdirir.

 

ƏZİZXAN TANRIVERDİYEV

Əzizxan Vəli oğlu Tanrıverdiyev 1959-cu il yanvar ayının 1-də Başkeçid rayonunun Aşağı Qarabulaq kəndində anadan olmuşdur. 1965-1973-cü illərdə Aşağı Qarabulaq kənd səkkizillik, 1973-1975-ci illərdə isə Kirovisi kənd orta məktəbində oxumuşdur.

1977-ci ildə keçmiş V.İ. Lenin adına APİ-nin (indiki ADPU) filologiya fakültəsinə qəbul olunmuşdur. Təhsilini 1981-ci ildə fərqlənmə diplomu ilə başa çatdırmışdır. Təyinatla 1981-1983-cü illərdə Dəvəçi rayonu Dağquşu kənd orta məktəbində, 1983-1985-ci illərdə isə Çayqaraqaşlı kənd səkkizillik məktəbində müəllim işləmişdir.

Əzizxan Tanrıverdiyev 1985-ci ildə V.İ. Lenin adına APİ-nin (indiki ADPU) Azərbaycan dilçiliyi kafedrasına əyani aspiranturaya qəbul olunmuşdur. Aspiranturanı vaxtından 1 il 6 ay əvvəl qurtararaq "XVII-XIX əsr Azərbaycan antroponimləri (ədəbi-bədii materiallar əsasında)" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.Tədqiqat işini davam etdirən Ə.V. Tanrıverdiyev 1998-ci ildə "Türk mənşəli Azərbaycan antroponimlərinin tarixi-linqvistik tədqiqi" adlı doktorluq dissertasiyası müdafiə etmişdir.

Əzizxan Tanrıverdiyev ADPU-da laborant, baş laborant, müəllim, baş müəllim, dosent vəzifələrində işləmişdir. Hazırda həmin universitetin Azərbaycan dilçiliyi kafedrasının professorudur.

Əzizxan Tanrıverdiyev 8 kitab, 7 proqram, 100-ə qədər məqalə müəllifidir. Elmi əsərləri Bakı, Təbriz, Tehran, Tbilisi, Daşkənd və başqa şəhərlərdə çap olunmuşdur. Azərbaycan dilçiliyinin müxtəlif problemlərinə həsr olunmuş bir neçə monoqrafiya onun redaktorluğu ilə nəşr olunmuşdur.

 

ƏLİŞİR MUSAYEV

Əlişir Veys oğlu Musayev 1949-cu il dekabrın 4-də Başkeçid rayonunun Qızılkilsə kəndində müəllim ailəsində anadan olmuşdur. Orta təhsilini (1955-1966) Qızılkilsə kənd orta məktəbində almışdır. Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Universiteti) müalicə-profilaktika fakültəsinə daxil olmuş, 1972-ci ildə isə həmin fakültəni başa vurmuşdur. Sonra o, 2 il Jitomir şəhərində Sovet ordusu sıralarında polk tibb məntəqəsinin rəisi vəzifəsində çalışmışdır. 1974-cü ildə ordudan tərxis olunduqdan sonra Moskva şəhərində Mərkəzi Elmi-Tədqiqat Kurortologiya və Fizioterapiya İnstitutunda "Sinir xəstəlikləri" ixtisası üzrə aspiranturaya daxil olmuş və 1978-ci ildə "Bel osteoxondrozunun nevroloji təzahürləri olan xəstələrdə müxtəlif konsentrasiyalı radon vannalarının sinir-əzələ aparatına tə’siri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Elə həmin ildə Azərbaycan Elmi-Tədqiqat Kurortologiya və Fizioterapiya İnstitutunda kiçik elmi işçi vəzifəsinə tə’yin edilmiş, 1981-ci ildə müsabiqə yolu baş elmi işçi vəzifəsinə seçilmişdir.

Ə.V. Musayev 1982-1986-cı illərdə Moskva şəhərində Mərkəzi Elmi-Tədqiqat Kurortologiya və Fizioterapiya İnstitutunun sinir xəstəlikləri şö’bəsində doktoranturada olmuşdur. 1987-ci ilin fevral ayında "Sinir sisteminin müxtəlif səviyyəli zədələnmələri olan xəstələrdə müalicəvi fiziki amillərin tətbiq edilməsinin kliniki-neyrofizioloji əsasları" mövzusunda dissertasiya müdafiə edərək, tibb elmləri doktoru elmi dərəcəsi almışdır. Həmin ildən 1988-ci ilədək Azərbaycan ET Kurortologiya və Fizioterapiya İnstitutunda baş elmi işçi vəzifəsində çalışmış, 1988-ci ildə həmin instituta Elmi-Tədqiqat Tibbi Bərpa və Təbii Amillərlə Müalicə İnstitutu adı verilmiş və Ə.V. Musayev direktorun elmi işləri üzrə müavini tə’yin edilmişdir.

Ə.V. Musayev 1993-cü ildə həmin instituta direktor vəzifəsinə tə’yin edilmişdir.

Professor Ə.V. Musayevin əsərləri əsasən fiziki və balneoloji amillərin müxtəlif xəstəliklər zamanı orqanizmə tə’sirinin nəzəri əsaslarını açmağa və praktik müalicə üsullarının hazırlanmasına həsr olunmuşdur. Apardığı elmi tədqiqatlar içərisində periferik sinir sisteminin ən çox yayılmış xəstəliklərinin, həmçinin odlu silah yaralanmalarının, baş beyin və onurğa beyinin damar xəstəliklərinin fiziki üsullarla müalicə və reabilitasiyasına həsr olunmuş işlər xüsusi əhəmiyyət kəsb edir. O, 212 elmi əsərin, o cümlədən, 2 monoqrafiyanın, sinir sistemi xəstəliklərinin yeni müalicə üsullarını təklif edən 4 ixtiranın və 3 patentin, 8 səmərələşdirici təklifin, 14 metodik tövsiyyənin müəllifidir. Müəllifi olduğu məqalələrin çoxu Moskva şəhərində nəşr olunan jurnallarda, xarici ölkələrdə konqres materiallarında dərc edilmişdir. Dəfələrlə xarici ölkələrdə fiziki təbabət, reabilitasiya və nefrologiya üzrə keçirilən Beynəlxalq konqreslərdə (Rusiya, Türkiyə, Avstriya, İspaniya, İsrail və s.) mə’ruzalərlə çıxış etmişdir. 2000-ci ildə onun göndərdiyi tezislər dörd Beynəlxalq konqresin (Afina, Nissa, Antalya, Kopenhagen şəhərlərində keçirilən) proqramlarına daxil edilib. MDB ölkələri və başqa xarici ölkələrlə sıx elmi əlaqələr yaratmış, Beynəlxalq reabilitoloqlar və fizioterapevtlər Assosiasiyasının idarə hey’ətinin üzvü seçilmişdir. Ümumdünya "Ağrı ilə mübarizə" Elmi Cəmiyyətinin üzvüdür. Onun redaktorluğu altında 1995-ci və 1996-cı illərdə institutun əsərlər toplusu nəşr olunmuşdur.

Onun rəhbərliyi altında 8 namizədlik dissertasiyası müdafiə olunmuş, 3 doktorluq dissertasiyası bitmək üzrədir və 4 namizədlik dissertasiyası üzərində iş aparılır.

Ə.V. Musayev 1994-cü ildə Azərbaycan Tibb Universitetinin fizioterapiya və kurortologiya kursuna rəhbər seçilmişdir. O, hal-hazırda kurortologiya-fizioterapiya, sinir xəstəlikləri və psixiatriya ixtisasları üzrə yaradılmış ixtisaslaşdırılmış müdafiə şurasının sədridir. "Voprosı kurortoloqii i fizioterapii i LFK" jurnalının, "Azərbaycan tibb jurnalı"nın redaksiya şurasının üzvüdür. "Azərbaycan kurortoloqlar və fizioterapevtlər" cəmiyyətinin sədri, Tibb Universitetinin böyük elmi şurasının, problem komissiyasının üzvüdür. Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasının, Elm və Texnika Komitəsinin təbabət və biologiya elmləri üzrə şurasının üzvüdür. Ə.V. Musayev yüksək ixtisaslı klinisist-nevropatoloq kimi də fəaliyyət göstərir. O, Səhiyyə Nazirliyinin baş nevrapotoloqudur, nevropotoloqların attestasiya komissiyasının, Respublika Hərbi Komissarlığının çağırış komissiyasının üzvüdür.

Əlişir Musayev işlədiyi bu müddət ərzində 50-yə qədər beynəlxalq konqreslərdə, ittifaq müşavirə və qurultaylarında və respublika səviyyəli elmi-pedaqoji konfranslarda çıxışlar etmiş, geniş həcmli məqalə və materiallar çap etdirir.

Əlişir Veys oğlu Musayev Azərbaycan respublikasının Əməkdar elm xadimidir.

 

FAİQ MƏMMƏDOV

Faiq İsmayıl oğlu Məmmədovun soykökü və hər iki valideyni Başkeçid rayonunun Şahmarlı kəndindən olmuşdur. O, 1929-cu il noyabrın 27-də Gəncə şəhərində anadan olmuşdur. 1936-cı ildə M.Ə. Sabir adına Gəncə şəhər 5 saylı orta məktəbin 1-ci sinfinə getmiş, 1946-cı ildə həmin məktəbi bitirmişdir. Həmin il AKTİ-nin aqronomluq fakültəsinə qəbul olunmuş, ali məktəbi 1951-ci ildə fərqlənmə diplomu ilə başa vurub "alim-aqronom" ixtisası almışdır. 1951-ci ildə AKTİ-nin aspiranturasına qəbul olunmuş, 1954-cü ildə oranı bitirmişdir. 1955-ci ildə həmin ali məktəbdə assistent işləmişdir. 1957-ci ildə kənd təsərrüfatı elmləri namizədi elmi dərəcəsi almışdır. 1955-1959-cu illərdə AKTİ-də assistent vəzifəsində işləmişdir. 1959-1962-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyində toxumçuluq və kadrlar hazırlığı idarəsinin rəisi vəzifəsində çalışmışdır. 1962-ci ildə dosent olmuşdur. 1964-1966-cı illərdə K.A. Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyasının doktorantı olmuşdur. 1972-1973, 1982-1986-cı illərdə AKTİ-nin ümumi əkinçilik kafedrasının müdiri vəzifəsində işləmişdir. 1967-1969-cu illərdə AKTİ partiya komitəsinin katibi seçilmiş və həmin illərdə Gəncə şəhər Sovetinin deputatı olmuşdur. 1973-1980-ci illərdə aqronomluq fakültəsinin dekanı işləmişdir. 1974-cü ildə kənd təsərrüfatı elmləri doktoru elmi dərəcəsi almış, 1979-cu ildə professor olmuşdur. 1980-cı ildə "Azərbaycanın əməkdar aqronomu" fəxri adına layiq görülmüşdür. 1986-1987-ci illərdə AKTİ-nin qiyabi təhsil üzrə prorektoru vəzifəsində işləmişdir. Əməkdar aqronom, kənd təsərrüfatı elmləri doktoru, professor Faiq İsmayıl oğlu Məmmədov 1987-ci ildə ömrünün 58-ci ilində vəfat etmişdir. 1988-ci ildə (ölümündən sonra) ÜİXTN sərgisinin gümüş medalına layiq görülmüşdür.

 

GÜLMƏMMƏD SÜLEYMANOV

Gülməmməd Ziyəddin oğlu Süleymanov 1948-ci il sentyabrın 15-də Başkeçid rayonunun Muğanlı kəndində anadan olmuşdur. 1954-cü ildə Muğanlı yeddiillik məktəbinin birinci sinfinə getmiş və həmin məktəbi 1962-ci ildə bitirmişdir. Orta təhsilini 1962-1965-ci illərdə Dağ Borçalının (Ermənistan Respublikası Kalinino rayonunun) İlməzli kəndində almışdır. 1965-1971-ci illərdə Azərbaycan Dövlət Neft və Kimya İnstitutunda kimya-texnologiya fakültəsinin tələbəsi olmuş, 1971-1973-cü illərdə ordu sıralarında zabit kimi qulluq etmişdir. 1974-cü ildən əmək və elmi fəaliyyətə Azərbaycan Elmlər Akademiyası (EA) Qeyri-üzvi və Fiziki Kimya İnstitutunda (QÜFKİ) başlamışdır. 1979-cu ildə M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin kimya fakültəsinin Elmi Şurasında "Platin nulvalent kompleksləri ilə civə üzvi birləşmələri arasında reaksiyaların sintetik və stereokimyəvi tədqiqi" mövzusunda namizədlik, 1987-ci ildə isə SSRİ EA Element Üzvi Birləşmələr İnstitutunun İxtisaslaşmış Elmi Şurasında "İki və üçvalentli lantanoidlərin yeni üzvi və metalkarbonil törəmələrin sintezi, qurluşu və xassələri" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1992-ci ildən professordur.

Gülməmməd Süleymanov 1974-1987-ci illərdə Azərbaycan EA QÜFKİ-də mühəndis, kiçik və böyük elmi işçi vəzifələrində işləmiş, 1987-ci ildən "Metal üzvi kataliz" sektorunun, 1996-cı ildən isə "Koordinasion birləşmələri kimyası" laboratoriyasının müdiridir. Onun tədqiqat obyekti lantanoidlərin və keçid elementlərinin koordinasion və metal üzvi birləşmələrin kimyasıdır. Apardığı elmi-tədqiqatlar nəticəsində iki və üçvalentli nadir torpaq elementlərinin metalkarbonil törəmələri koordinasion birləşmələrinin sintezi, quruluşu və xassələri ilə bağlı yeni elmi istiqamət müəyyənləşdirilib və inkişaf etdirilmişdir. Onun yuxarıda qeyd edilən elmi-tədqiqat işlərinin nəticələri 150 elmi əsərdə, o cümlədən 14 müəlliflik şəhadətnaməsində öz əksini tapmışdır. Yaponiya, İtaliya, İsveçrə, Hollandiya, İngiltərə və digər ölkələrdə nəşr olunan 9 məcmuədə əsərləri çap edilmişdir. Onun rəhbərliyi ilə 1 elmlər doktoru, 16 elmlər namizədi yetişdirilmişdir.

O, bir sıra beynəlxalq konfrans və simpoziumların iştirakçısı olmuş, o cümlədən, İtaliyada keçirilən "Karbon-2 - oksidin təkrar e’malı" na həsr olunmuş beynəlxalq konfransda mə’ruzə etmişdir.

Onun Moskvada "Elm" nəşriyyatında "Üzvi və metalkarbonillidli nadir torpaq elementlərinin törəmələri" adlı 20 çap vərəqi həcmində monoqrafiyası çap olunmuşdur.

 

XALƏDDİN İBRAHİMLİ

Xaləddin Cəlal oğlu İbrahimli 1958-ci ildə Gürcüstan Respublikasının Başkeçid rayonunun Gəyliyən kəndində anadan olmuşdur. 1974-1978-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsində təhsil almışdır. 1978-ci ildən indiyə qədər fasiləsiz pedaqoji fəaliyyətdədir. Hazırda Xəzər Universitetində hüquq və sosial elmlər fakültəsində dekan müavini vəzifəsində çalışır.

Xaləddin İbrahimli 1991-ci ildə "Ünsiyyət mədəniyyəti" problemi üzrə namizədlik, 2000-ci ildə "Azərbaycan siyasi mühacirəti" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. İki kitab ("Azərbaycan siyasi mühacirəti 1990-1991-ci illərdə", "Yeni Avrasiya Qafqazı") müəllifidir. Bir sıra kitab və topluların elmi redaktəsində, çapa hazırlanmasında yaxından iştirak etmişdir. Azərbaycanda, eləcə də xarici ölkələrdə dərc edilən qəzet və jurnallarda yüzdən artıq elmi, publistik məqalələri dərc edilmişdir. O, indiyədək 20 ittifaq və respublika səviyyəli kofranslarda iştirak edib, elmi məqalələr çap etdirmişdir.

X. İbrahimli 1992-1993-cü illərdə "Yeni Müsavat" qəzetinin redaktoru olmuşdur. 1997-ci ildə "Sabah" qəzetinin yenidən nəşrində yaxından iştirak etmiş və qəzetinin baş redaktoru, 1997-1998-ci illərdə işıq üzü görən "Kavkaz" jurnalının ideya müəllifi, yaradıcısı və baş redaktoru olmuşdur. Bu jurnal Qafqazın tarixində ilk Ümumqafqaz dərgisi olmuş, jurnalın 8 Qafqaz cümhuriyyətində redaksiyaları qurulmuşdur.

X. İbrahimli "Çənlibel" ədəbi-bədii birliyinin yaranmasında yaxından iştirak etmiş, bu birliyin fəallarından olmuşdur. "Borçalı" cəmiyyətinin yaradıcılarından biri olmuşdur. AXC-nin qurulmasında yaxından iştirak etmişdir. 1991-ci ildə Müsavat Partiyasının bərpasına qoşulub, təşkilatın Azərbaycanda bərpaçılarındandır. 1992-1996-cı illərdə Müsavat Divanının üzvü, Milli Tənasüd komissiyasının sədri olmuşdur. 1997-ci ildə öz ərizəsi ilə Müsavatın sıralarını tərk etmiş və elə həmin il AXCP sıralarına daxil olmuşdur. Hazırda AXCP Ali Məclisinin və onun Rəyasət heyətinin üzvü, Rəyasət heyəti Analitik Mərkəzinin rəhbəridir.

 

İSA ÖMƏROV

İsa Abdulla oğlu Ömərov 1936-cı il noyabr ayının 25-də Başkeçid rayonunun Səfərli kəndində kolxozçu ailəsində anadan olmuşdur. 1944-cü ildə Başkeçid rayonunun Hamamlı kənd orta məktəbini qızıl medalla bitirmişdir.

1954-cü ildə ADU-nun (indiki BDU-nun) biologiya fakültəsinə daxil olmuş və 1959-cu ildə universiteti bitirmiş və aspiranturada saxlanılmışdır. Aspirantura müddətində (1959-1962) akademik A.İ. Qarayevin rəhbərliyi altında "Naftalan turşuları natrium duzunun canlı membranların keçiriciliyinə tə’siri" mövzusunda dissertasiya işini başa çatdırmış, 1964-cü ildə müvəffəqiyyətlə müdafiə edib, biologiya elmləri namizədi elmi dərəcəsi almışdır. 1962-ci ildən 1989-cu ilin dekabrına qədər ADU-nun elmi-tədqiqat biostimulyatorlar problem laboratoriyasında böyük elmi işçi vəzifəsində çalışmaqla yanaşı, bir çox illər ərazində paralel olaraq laboratoriya müdiri vəzifəsini icra etmişdir.

1990-ci ildən BDU-nun insan və heyvan fiziologiyası kafedrasında çalışır. 1994-cü ildə professor seçilmişdir. İsa Ömərov 1991-ci ildə Moskvada Ümumi Patologiya və Patofiziologiya İnstitutunda insan və heyvan fiziologiyası ixtisası üzrə Naften turşuları və neften karbohidrogenlərinin fizioloji tə’siri mexanizmləri mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Bu elmi tədqiqat əsəri beynəlxalq elmi mübadilə fonduna daxil edilmişdir. Müxtəlif illər ərzində İsa Ömərov bir sıra elmi-ictimai təşkilat və cəmiyyətlərin üzvü olmuş, Fəxri fərmanlarla təltif edilmişdir. Beynəlxalq və respublika miqyaslı konfranslarda, simpozium və konqreslərdə mə’ruzələrlə çıxış etmişdir. 60-dan çox elmi iş və metodik göstərişin müəllifidir.

 

NİZAMİ NƏBİYEV

Nizami Həmzə oğlu Nəbiyev 1957-ci il fevralın 15-də Borçalının Qullar kəndində anadan olmuş, 1974-cü ildə Başkeçid rayonunun Az.Kəyliyən kənd orta məktəbini bitirmişdir. 1978-ci ildə APRDƏİ-nun hazırlıq şö’bəsinə daxil olmuş, 1979-cu ildə həmin instituta qəbul olunmuşdur. 1984-cü ildə həmin institutu bitirmişdir. 1984-1987-ci illərdə tə’yinatla Ağdam rayonunun Qəribli kəndində müəllim işləmişdir. 1987-1990-cı illərdə APRDƏİ-nun əyani aspirantura şö’bəsində təhsilini davam etdirmişdir. 1991-ci ildə "A.P.Çexovun yaradıcılığında şəxsiyyət problemi" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib, filologiya elmləri namizədi elmi dərəcəsi almışdır.

Nizami Nəbiyev BSU-nun Klassik rus ədəbiyyatı kafedrasının dosentidir. 18 elmi əsərin müəllifidir. Moskva şəhərində "L.N.Tolstoy yaradıcılığında insan problemləri" adlı iri həcmli monoqrafiya çap etdirmişdir.

2001-ci ildə Nizami Nəbiyev "L.N.Tolstoy yaradıcılığında insan problemi" mövzusunda Moskva şəhərində doktorluq dissertasiyası müdafiə etmişdir.

Hazırda BSU-da dekan vəzifəsində çalışır.

 

ZAHİD QARALOV

Zahid İbrahim oğlu Qaralov 1934-cü il iyulun 10-da Başkeçid (indiki Dmanisi) rayonunun Ormeşən kəndində anadan olmuşdur.

1940-cı ildə Ormeşən kənd səkkizillik məktəbinin birinci sinfinə getmiş, 1948-ci ildə həmin məktəbi bitirib, 1948-1950-ci illərdə qonşuluqdakı Qızılkilsə kənd orta məktəbində təhsilini davam etdirmişdir. Bir müddət kolxozda işlədikdən sonra Bakıya gəlmiş və indiki ADPU-nun fizika-riyaziyyat fakültəsinə daxil olmuşdur. 1956-cı ildə həmin fakültəni bitirib tə’yinatla doğma kəndlərindəki məktəbə direktor tə’yin edilmişdir. Dörd il məktəbdə işlədikdən sonra 1959-cu ildə ali təhsil aldığı institutda aspiranturanın qiyabi şö’bəsinə daxil olmuşdur.

1961-ci ilin dekabr ayından elmi-pedaqoji fəaliyyətə başlamış, 1964-cü ildə Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutunun politexnik tə’lim şö’bəsinə kiçik elmi işçi tə’yin olunmuşdur. 1965-ci ildə isə institutun ilk partiya təşkilatının sədri seçilmiş, namizədlik dissertasiyası müdafiə etmişdir.

1967-ci ildə institutun fizika-riyaziyyat tədrisi metodikası bölməsinin müdiri tə’yin olunmuş, eyni zamanda Bakı şəhər 26 Bakı komissarı (indiki Səbayel) rayon Sovetinə deputat seçilmişdir. 1985-ci ildə "Fizika-riyaziyyat tədrisi" jurnalına redaktor tə’yin olunmuşdur.

1977-ci ildə isə institutun direktoru vəzifəsinə seçilmişdir.

1976-cı ildə Ümumittifaq Pedaqoji-Psixoloji Tədqiqatları Əlaqələndirmə Şurasının üzvü, 1978-ci ildə isə SSRİ müəllimləri qurultayına nümayəndə seçilmişdir. 1976-cı ildən 1994-cü ilə kimi onun elmi rəhbərliyi altında onlarla namizədlik dissertasiyaları müdafiə edilmişdir.

1982-ci ildə ADPU-nin pedaqogika, dil-ədəbiyyat və fizikanın tədrisi metodikası üzrə ixtisaslaşdırılmış müdafiə şurasına, 1988-ci ildə direktor işlədiyi institutda yeni yaradılmış ixtisaslaşdırılmış müdafiə şurasına sədr seçilmişdir.

Zahid Qaralovun elmi və pedaqoji fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, 1981-ci ildə "Qırmızı Əmək Bayrağı" Ordeni ilə təltif edilmiş, "Respublikanın əməkdar müəllimi" fəxri adına layiq görülmüşdür. 1983-cü ildə isə "Əmək veteranı" medalı ilə təltif olunmuşdur.

1985-ci ildə Zahid Qaralov Ümumdünya Sülhü Müdafiə Komitəsi Azərbaycan şö’bəsi idarə hey’ətinin üzvü seçilmişdir. 1987-ci ildə SSRİ müəllimlərinin ikinci qurultayında mə’ruzə ilə çıxış etmişdir.

Zahid Qaralov 1989-cu ildə doktorluq dissertasiyası müdafiə etmişdir. O, 1990-cı ildən pedaqoji elmləri doktoru və professordur.

1995-cı ildən Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclisin Yerli özünüidarəetmə məsələləri komissiyasının sədridir.

Onun elmi və pedaqoji fəaliyyəti 62 monoqrafiyada, 200-dən artıq elmi əsərdə, dərslik və dərs vəsaitlərində öz əksini tapmışdır.

O, 60-dan çox beynəlxalq, keçmiş ittifaq və respublika səviyyəli konqres, simpozium və konfranslarda çıxış edib materiallar çap etdirmişdir.

Copyright © 2003 Borchali