|
ELMLƏR NAMİZƏDLƏRİ
AĞBULAQ, ASPİNDZA, ADIGÜN,
AXALSIX BÖLGƏLƏRİ
[A-Z]
ADİL QƏHRƏMANOV
Adil Şamil oğlu Qəhrəmanov 1942-ci ildə
Gürcüstanın Adıgün rayonunun Mlaşe kəndində
anadan olmuşdur.
1961-ci ildə 66 nömrəli Tbilisi rus orta
məktəbini qızıl medalla bitirmiş və Azərbaycan
Dövlət Universitetinin mexanika-riyaziyyat
fakültəsinə daxil olmuşdur. 1966-cı ildə
universiteti bitirib Azərbaycan Elmlər
Akademiyasının Riyaziyyat İnstitutunun
aspiranturasına daxil olmuş və 1972-ci ildə
dissertasiya müdafiə edərək fizika-riyaziyyat
elmləri namizədi elmi dərəcəsi almışdır. 1976-cı
ildən pedaqoji fəaliyyətə başlamışdır. 1980-cı
ildən Bakı Dövlət Universitetində müəllim, baş
müəllim, 1983-cü ildən isə dosent vəzifəsində
çalışır. Adil Qəhrəmanov 35 illik elmi-pedaqoji
fəaliyyəti ərzində 30-a yaxın elmi məqalə çap
etdirmişdir.
Hazırda M.Ə. Rəsulzadə adına Bakı
Dövlət Universitetinin dosentidir.
ASLAN ASLANOV
Aslan Murtuz oğlu Aslanov 1941-ci ildə
Ağbulaq rayonunun Kosalar kəndində anadan
olmuşdur. 1948-ci ildə onun ailəsi Bolnisi
rayonunun Həsənxocalı kəndinə köçmüşdür.
1950-ci ildə Arıxlı kənd orta məktəbini
bitirmiş və ADU-nun iqtisadiyyat fakültəsinə
daxil olmuş, 1965-ci ildə oranı bitirmişdir.
İqtisadçı kimi Lənkəran şəhər bankına
tə’yinat almışdır. 1965-ci ilin noyabrından 1966-cı
ilin dekabrınadək ordu sıralarında xidmətdə
olmuşdur. Ordudan tərxis olunandan sonra yenidən
bank sistemində iqtisadçı vəzifəsində
işləmişdir.
1969-cu ildə Azərbaycan Xalq Təsərrüfatı
İnstitutu nəzdində statistika üzrə
aspiranturaya daxil olmuş və 1972-ci ildə
aspiranturanı bitirmişdir. Həmin ildən
e’tibarən institutda əvvəlcə assistent, sonra
baş müəllim və dosent vəzifələrində çalışmışdır.
1977-ci ildə Moskva şəhərində namizədlik
dissertasiyası müdafiə etmiş və iqtisad elmləri
namizədi elmi dərəcəsi almışdır. Alimin 20-dən çox
elmi əsəri çap olunmuşdur.
Hazırda Azərbaycan Dövlət İqtisad
Universitetində statistika kafedrasının
dosentidir.
QASIM MƏMMƏDOV
Qasım Hümbət oğlu
Məmmədov 1930-cu il aprelin 12-də Ağbulaq
nahiyəsinin Kosalar kəndində anadan olmuş, ilk
təhsilini kənddəki 7 illik məktəbdə almışdır.
1942-ci ildə 7-ci sinifi bitirdikdən sonra 1948-1949-cu
tədris ilində kənddəki 8 illik məktəbin axırıncı
sinfində oxumuş və məktəbi bitirdikdən sonra
Marneuli rayonundakı Pedaqoji Texnikuma daxil
olmuşdur.
Pedaqoji texnikumu bitirdikdən sonra
1953-cü ildə Bakı şəhərində K.Marks adına Xalq
Təsərrüfatı İnstitutunun mühasibat uçotu
fakültəsinə daxil olmuşdur. Qasım Məmmədov
institutu fərqlənmə diplomu ilə bitirdikdən
sonra Azərbaycan KP Mərkəzi Komitəsinin
nəzdində fəaliyyət göstərən Bakı Ali Partiya
Məktəbində əvvəlcə Sovet iqtisadiyyatı
kafedrasında kabinet müdiri, sonralar isə baş
müəllim vəzifəsində çalışmışdır. Qasım Məmmədov
1961-ci ildə Elmi-Tədqiqat Kənd Təsərrüfatının
İqtisadiyyatı İnstitutunda məqsədli
aspiranturaya daxil olmuş və Moskva şəhərinə
göndərilmiş, 1964-cü ildə dissertasiyası müdafiə
etmişdir. Sonra Bakıya qayıtmış və 1965-1966-cı
illərdə AzETKİ-də baş elmi işçi və əməyin təşkili
və ödənişi şö’bəsinin müdiri vəzifəsində
işləmişdir. Qasım Məmmədov eyni zamanda
institutunun Həmkarlar İttifaqı Komitəsinin
sədri olmuşdur.
Qasım Məmmədov 1967-ci ildən indiyədək
ADİU-də dosentdir. Onun 160 çap vərəqi həcmində 155
elmi əsəri, o cümlədən 7 kitabı işıq üzü
görmüşdür. Statistika fənni üzrə 6 tədris
vəsaitinin müəlliflərindən biri və elmi
redaktorudur. Onun rəhbərliyi altında bir neçə
namizədlik dissertasiyası müdafiə edilmişdir.
İSA MUSAYEV
İsa Kərim oğlu
Musayev 1947-ci ildə Ağbulaq (indiki Tetriskaro)
rayonunun Kosalar kəndində anadan olmuşdur.
1954-cü ildə Bolnisi rayonunun Kolagir 8-illik
məktəbinin 1-ci sinfinə daxil olmuş, 1959-1961-ci
illərdə Kosalar 7-illik məktəbində oxumuş, 1965-ci
ildə Bolnisi rayonunun Arıxlı orta məktəbini
ə’la qiymətlərlə bitirmişdir.
1965-ci ildə indiki Azərbaycan Dövlət
Universitetinin iqtisad fakültəsinə daxil olmuş
və 1970-ci ildə fərqlənmə diplomu ilə bitirərək
"iqtisadçı-mühəndis" ixtisası almışdır.
1970-ci ildə D. Bunyadzadə adına
AzXTİ-nin (indiki ADİU-nun) iqtisadi kibernetika
kafedrasında assistent vəzifəsinə də’vət
olunmuşdur.
1982-ci ildə "Mürəkkəb iqtisadi
sistemlərin modelləşdirilməsi və
optimallaşdırılması (pambığın ilkin e’malı
misalında)" mövzusunda namizədlik
dissertasiyası müdəfiə edərək iqtisad elmləri
namizədi elmi dərəcəsi almışdır.
1994-cü ildə Azərbaycan Dövlət İqtisad
Universitetinin iqtisadi informatika və AİS
kafedrasının dosenti vəzifəsinə seçilmişdir.
İsa Musayev ümumi həcmi 60 çap
vərəqindən çox olan 40-dan artıq elmi əsərin, o
cümlədən, 7 dərs vəsaiti və 3 monoqrafiyanın
müəllifidir.
MAHAL QACARLI
Mahal İbrahimxəlil
oğlu Qacarlı 1938-ci il sentyabr ayının 12-də
Ağbulaq rayonunun (indiki Tetriskaro rayonunun)
Kosalar kəndində anadan olmuşdur.
İlk təhsilini 1947-1955-ci illərdə Kosalar
kənd səkkizillik məktəbində almış, sonra
Marneuli Pedaqoji Texnikumuna daxil olmuşdur.
Mahal Qacarlı texnikumu 1959-cu ildə
bitirdikdən sonra Kosalar kənd məktəbində
müəllimlik etmiş və oradan da ordu sıralarına
getmişdir. Əsgəri xidmətdən tərxis olunduqdan
sonra, kəndlərində müəllim işləmişdir.
1963-cü ildə Mahal Qacarlı Qorki (indiki
Nijni-Novqorod) şəhərinə getmiş və N.İ.
Lobaçevski adına Dövlət Universitetinin tarix
fakültəsinə daxil olmuşdur. 1967-ci ildə
Universiteti bitirib yenidən doğma Kosalar
kəndinə gəlmiş və məktəbdə tarix müəllimi
işləmişdir.
1973-cü ildə o, Bakıya köçmüş və keçmiş
M.F. Axundov adına APRDƏİ-nin tarix kafedrasında
əmək fəaliyyətinə bişlamışdır.
Mahal Qacarlının elmi məqalələri 1975-ci
ildən çap edilməyə başlamışdır.
1983-cü ildə ADU-nun (indiki BDU) birillik
aspiranturasına göndərilmiş və 1984-cü ildə
"Yerli Sovetlərin işinə Azərbaycan KP-nın
rəhbərliyi (1966-1975-ci illər)" mövzusunda
namizədlik dissertasiyası müdafiə etmişdir.
Dosentdir.
Mahal Qacarlı 1978-ci ildə Daşkənd
Dövlət Universitetində, 1987-ci ildə M.V. Lomonosov
adına Moskva Dövlət Universitetində
ixtisasartırma kurslarının dinləyicisi
olunmuşdur. O, 15 elmi məqalənin və bir çox metodik
vəsaitlərin müəllifidir.
Mahal Qacarlı fakültə partiya
komitəsinin katibi, 1972-1975-ci illərdə yerli
Sovetin deputatı olmuşdur. O, 2000-ci ildə "Nalto-Press"
nəşriyyatında çap olunmuş "Elimizin fəxri,
elmimizin fədaisi" adlı sənədli povestin
müəllifidir.
1987-1989-cu illərdə Siyasi Elmlərin Sovet
Assosiasiyası Cəmiyyətinin (Moskva) üzvü
olmuşdur.
MƏMMƏD ƏLİYEV
Məmməd Arif oğlu Əliyev 1962-ci il
sentyabrın 18-də Bakı şəhərində anadan olmuşdur.
Valideynləri Axalsixe şəhərində yaşamışlar.
O, 1969-cu ildə Bakı şəhər 16 saylı orta
məktəbin birinci sinfinə getmiş, 1979-cu ildə həmin
məktəbi bitirmişdir.
1979-1980-ci illərdə Bakıdakı Mərkəzi
Hövzə Poliklinikasında sanitar işləmişdir.
1980-1985-ci illərdə Azərbaycan Dövlət
Universitetinin filologiya fakültəsində
oxumuşdur.
1985-1987-ci illərdə M.F. Axundov adına
APRDƏİ-nin (indiki Bakı Slavyan Universiteti)
fəlsəfə kafedrasında laborant, 1987-1988-ci illərdə
fakültə komsomol komitəsinin katibi, 1988-ci ildə
institutun komsomol komitəsi katibinin müavini,
1989-1994-cü illərdə fəlsəfə kafedrasında baş
laborant işləmişdir.
1992-ci ildə namizədlik dissertasiyası
müdafiə etmişdir.
Hazırda Bakı Slavyan Universitetində
elmi-pedaqoji fəaliyyətlə məşğuldur.
Məmməd Əliyevin elmi və pedaqoji
fəaliyyəti 18 elmi əsərdə, o cümlədən, 3 metodik
işləmədə, 6 məqalə və 9 tezisdə öz əksini
tapmışdır. O, pedaqoji fakültənin Elmi Şurasının
üzvü və kafedra müdirinin müavinidir.
SAMİR MUSAYEV
Samir Bədirxan oğlu
Musayev 1966-cı ildə Bakı şəhərində anadan
olmuşdur. 1973-cü ildə Bakıdakı 91 saylı orta
məktəbə daxil olmuş və 1983-cü ildə həmin məktəbi
qızıl medalla bitirmişdir. 1983-cü ildə Moskva
Dövlət Universitetinin fizika-riyaziyyat
fakültəsinə qəbul olmuş, 1989-cu ildə fərqlənmə
diplomu ilə bitirmişdir. Həmin il Moskva Dövlət
Universitetinin aspiranturasına daxil olmuş,
1992-ci ildə namizədlik dissertasiyasını müdafiə
edib, fizika-riyaziyyat elmləri namizədi elmi
dərəcəsini almışdır. 1992-ci ildən Bakı Dövlət
Universitetinin nəzəri fizika kafedrasında
müəllim işləyir. Xarici dövlətlərdə 10-a yaxın
elmi məqalə nəşr etdirmişdir. Elm sahəsində
xidmətlərinə görə 1997-ci ildə Nyu-York
Akademiyasının həqiqi üzvü seçilmişdir. 1995-ci
ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun
maliyyə-kredit ixtisasının qiyabi şö’bəsinə
daxil olmuş və ikinci ali təhsili 1999-cu ildə
fərqlənmə diplomu ilə bitirib, ali təhsilli
iqtisadçı peşəsinə yiyələnmişdir.
Hazırda BDU-da elmi-pedaqoji
fəalyyətini davam etdirir.
SEVİNC MUSAYEVA
Sevinc Bədirxan qızı Musayeva 1970-ci
ildə Bakı şəhərində anadan olmuşdur.Əslən
Borçalıdandır. 1977-ci ildə Bakıdakı 21 saylı orta
məktəbə daxil olmuş və oranı 1987-ci ildə qızıl
medalla bitirmişdir. Həmin ildə Azərbaycan
İqtisad institutuna daxil olmuş və 1992-ci ildə
fərqlənmə diplomu ilə bitirmişdir. 1992-1995-ci
illərdə Respublika Dövlət Plan Komitəsində
aparıcı və daha sonra baş iqtisadçı vəzifəsində
işləmişdir. 1992-ci ildən Azərbaycan Dövlət
İqtisad İnstitutunun qiyabi aspiranturasına
daxil olmuş və oranı 1995-ci ildə bitirib,
namizədlik dissertasiyası müdafiə etmişdir.
1995-1998-ci illərdə İngiltərənin Notinqem-Trent
Universitetində idarəetmə ixtisası üzrə
təhsilini davam etdirmiş və menecer ixtisası
üzrə mütəxəsis diplomu almışdır. 1997-ci ildə
Azərbaycan Respublikası Nazirlər Kabineti
yanında Xalq Təsərrüfatı Sahələrinin İdarəetmə
İnstitutunun prorektoru vəzifəsinə tə’yin
edilmişdir.
10-dan çox elmi məqalələr nəşr
etdirmişdir. İngilis, Fransız, Rus və Türk
dillərində sərbəst danışır və yazır. Hazırda
Xalq Təsərrüfatı Sahələrinin İdarəetmə
İnstitutunda prorektor vəzifəsini icra edir.
Doktorluq dissertasiyası müdafiə ərəfəsindədir.
SİMA AĞAYEVA
Sima Abbas qızı
Ağayeva 1932-ci il martın 15-də Axalsix şəhərində
qulluqçu ailəsində anadan olmuşdur. Orta
məktəbin 8-ci sinfini Tbilisi şəhərində başa
vurmuş, 1952-ci ildə ailəsi Bakı şəhərinə köçmüş və
həmin ildə Əzim Əzimzadə adına Azərbaycan
Rəssamlıq məktəbinə daxil olmuş, 1957-ci ildə oranı
bitirmişdir.
1957-ci ildə Tbilisi Rəssamlıq
Akademiyasına qəbul olunmuş və 1964-cü ildə həmin
Akademiyanı bitirmişdir. Bir müddət tələbəlik
illərində Tbilisi şəhər Azərbaycan orta
məktəblərində rəsmxətt müəllimi işləmişdir.
1964-cü ildə yenidən Bakıya qayıtmışdır.
1967-ci ildə Sima Ağayeva Azərbaycan
Rəssamlar İttifaqının üzvü olmuşdur.
1972-ci ildə Azərbaycan Rəssamlar
İttifaqı Rəyasət He’yətinin üzvü seçilmişdir.
1962-ci ildən Ümumittifaq, Respublika və
xarici ölkələr sərgilərində çıxış edir.
Sima Ağayeva 40 ildən artıqdır ki,
Azərbaycan ali məktəblərində pedaqoji
fəaliyyətlə məşğul olur. Onun 40-dan artıq
yaradıcılıq əsəri işıq üzü görmüşdür.
Sima Ağayeva 1964-cü ildən bu vaxta kimi
indiki ADPU-nun təsviri sənət kafedrasının
dosentidir.
VİLAYƏT QACAROV
Vilayət İbrahimxəlil
oğlu Qacarov 1940-cı il dekabrın 15-də Ağbulaq
(indiki Tetriskaro) rayonunun Kosalar kəndində
anadan olmuşdur. 1957-ci ildə Kosalar kənd
səkkizillik məktəbini ə’la qiymətlərlə
bitirmiş, 1957-1960-cı illərdə Marneuli şəhər 1¹-li
Azərbaycan orta məktəbində təhsilini davam
etdirmişdir. Orta məktəbi gümüş medalla
bitirmişdir.
1961-ci ildə Vilayət Qacarov keçmiş M.F.
Axundov adına Azərbaycan Pedaqoji Dillər
İnstitutunun rus dili və ədəbiyyatı fakültəsinə
daxil olmuşdur. İnstitut illərində ordu
sıralarına çağırılmış, üç il xidmət etdikdən
sonra yenidən təhsilini davam etdirmiş və 1969-cu
ildə institutu bitirib Tər-tər rayonunun Söylən
orta məktəbində rus dili müəllimi işləməyə
başlamışdır. 1971-1973-cü illərdə Bakıya qayıtmış və
daxili işlər orqanlarında və başqa
təşkilatlarda çalışmışdır.
1973-cü ilin aprel ayında o, doğma
instituta qayıtmış və laborant vəzifəsində işə
başlamışdır. 1975-ci ilin noyabrında Vilayət
Qacarov M.V. Lomonosov adına Moskva Dövlət
Universitetinin Sovet ədəbiyyatı kafedrasında
məqsədli aspiranturaya daxil olmuşdur. Moskva
Dövlət Universitetində onun elmi rəhbəri
görkəmli tədqiqatçı, Azərbaycanın əməkdar elm
xadimi, professor Əziz Şərif olmuşdur. Vilayət
Qacarov "Azərbaycan şifahi xalq
yaradıcılığının tədqiqi" mövzusunda
dissertasiya müdafiə edərək filologiya elmləri
namizədi elmi dərəcəsi almışdır.
1981-ci ildən rus ədəbiyyatı tarixi
kafedrasının baş müəllimi olmuş, sonra dosent
seçilmiş və ömrünün axırına kimi burada
çalışmışdır.
Vilayət Qacarov 1994-cü ilin iyun ayında
Bakıda vəfat etmişdir.
ZAHİD MUSTAFAYEV
Zahid Hacıəli oğlu
Mustafayev 1941-ci il aprelin 8-də Gürcüstanın
Axalsixe rayonunun Ani kəndində müəllim
ailəsində anadan olmuşdur. 1944-cü ildə məshəti
türklərinin həmin ərazidən məcburi
köçürülməsindən sonra valideynləri ilə birgə
Qarayazı (indiki Qardabani) rayonunun Qara Təhlə
kəndinə, 1948-ci ildə isə Birlik kəndinə köçmüşdür.
1952-ci ildə Birlik kənd ibtidai
məktəbini, 1956-cı ildə həmin rayonda Kalinin
natamam orta məktəbini, 1958-ci ildə Qardabani orta
məktəbini bitirmişdir. 1959-cu ildə Bakıda
Azərbaycan Dövlət Pedaqoji İnstitutunun
fizika-riyaziyyat fakültəsinə daxil olmuş və
oranı 1964-cü ildə bitirmişdir. Tə’yinatla
institutda saxlanılsa da, Bakı şəhərindəki 31
¹-li orta məktəbə işə keçmiş, həmin məktəbdə dərs
hissə müdiri və fizika müəllimi işləmişdir.
1966-cı ildə Azərbaycan EA Fizika
İnstitutunun aspiranturasına daxil olmuş,
Leninqraddakı A.F. İoffe adına
Aqrofizika İnstitutunun yarımkeçiricilər
fizikası bölməsinə məqsədli aspiranturaya
göndərilmişdir. Elmi rəhbəri A.F. İoffenin
tanınmış tələbələrindən biri - professor A.F.
Çudnovski olmuşdur. 1971-ci ildə "Nazik
təbəqələrdə ginetik hadisələr" adlı
dissertasiya müdafiə etmişdir.
Fizika-riyaziyyat elmləri namizədidir. 1976-cı
ilədək Azərbaycan EA Fizika İnstitutunda kiçik
elmi işçi, böyük elmi işçi vəzifələrində
işləmişdir. 1976-cı ildən Azərbaycan
Ensiklopediyasında işləyir. 1976-1991-ci illərdə
Azərbaycan Ensiklopediyası baş redaksiyasında
fizika, riyaziyyat və kimya elmləri
redaksiyasının müdiri, 1992-1993-cü illərdə
"Azərbaycan Ensiklopediyası"
Nəşriyyat-Poliqrafiya Birliyində təbiət elmləri
üzrə baş redaktor olmuş, 1993-cü ildən baş
direktorun müavinidir. Bir sıra elmi
məqalələrin, VI siniflər üçün "Təbiətşünaslıq"
dərsliyinin (Ə. Hüseynovla birlikdə) müəllifidir.
Y. Pompeyevin "Qarabağ qan içində" kitabını
Azərbaycan dilinə tərcümə etmişdir. Azərbaycan
EA Fizika İnstitutunun nəşri olan iki toplunun
tərtibçilərindəndir. Üç kitabın elmi redaktoru
olmuşdur. Dövrü mətbuatda müntəzəm çıxış edir.
Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
1981-ci ildə Moskvada Ensiklopediyaçıların
Ümumittifaq müşavirəsində, 1982-ci ildə Bakıda
Zaqafqaziya Ensiklopediyaçılarının
müşavirəsində iştirak etmişdir. Azərbaycan
Respublikası Ali Sovetinin Fəxri Fərmanı ilə
təltif olunmuşdur.
ZİYƏDDİN ORUCOV
Ziyəddin Həsənəli
oğlu Orucov 1946-cı il avqustun 8-də Ağbulaq
(Tetriskaro) rayonunun Kosalar kəndində müəllim
ailəsində anadan olmuşdur. 1959-cu ildə yeddiillik
məktəbi Kosalar kəndində bitirdikdən sonra
təhsilini Bolnisi rayonunun Arıxlı orta
məktəbində davam etdirmiş, 1963-cü ildə həmin
məktəbi bitirmişdir.
1963-1965-ci illərdə Kosalar məktəbində
pioner baş dəstə rəhbəri işləmişdir. 1965-ci ildə
Azərbaycan Politexnik İnstitutunun texnologiya
fakültəsinə daxil olmuş və oranı 1971-ci ildə
bitirmişdir. 1973-1974-cü illərdə ordu sıralarında
xidmət etmişdir. 1974-1983-cü illərdə Bakıda 26 saylı
texniki-peşə məktəbində tə’lim-tərbiyə işləri
üzrə direktor müavini işləmişdir. 1983-1988-ci
illərdə Dövlət Texniki Peşə Təhsili Komitəsində
metodist vəzifəsində çalışmışdır.
1986-cı ildə "Şagirdin peşə
hazırlığında təbiət-riyaziyyat və texniki peşə
biliklərinin qarşılıqlı əlaqələrinin tə’min
edilməsi" mövzusunda Tbilisi şəhərində
namizədlik dissertasiyası müdafiə etmişdir. 60-a
qədər elmi əsərin müəllifidir. Dərslik, dərs
vəsaiti, tədris plan və proqramların və metodiki
tövsiyyələrin müəllifidir. 1988-ci ildən Pedaqoji
Kadrların İxtisasartırma və Yenidən
Hazırlanması Baş İnstitutunda baş müəllim,
dosent, fakültə dekanı işləmişdir. Hazırda
Müəllimlər İnstitutunda kafedra müdiri
vəzifəsində işləyir.
|