|
BORÇALIDA SƏNAYENİN VƏ KƏND
TƏSƏRRÜFATININ İNKİŞAF MƏRHƏLƏLƏRİ
Borçalı mahalının xalq təsərrüfatı
iki istiqamətdə inkişaf etmişdir. Zəngin yeraltı
sərvətlərinin bolluğu nəticəsində dağ-mə'dən
sənayesi, bol suya və münbit əkinə yararlı torpaq
sahəsində isə kənd təsərrüfatı.
Borçalıda sənaye və onun müxtəlif
sahələri təbii-coğrafi şəraitə uyğun olaraq
inkişaf etmişdir. Əlbəttə, ərazinin spesifik
landşaft quruluşuna və təbii-xammal
ehtiyatlarına görə özünəməxsus inkişaf
səviyyəsinə malikdir. Mahalda sənaye təxminən
1800-cü illərdən inkişaf etməyə başlamışdır. Bu
illərdə Zaqafqaziyanın bir sıra mahal və
bölgələrində olduğu kimi, bu mahalda da dövrün
bir neçə im-kanlı ziyalı adamları və dövlət
adamları ərazinin xammal ehtiyatlarından
istifadə məsələsindən kənarda qalmamışdılar.
Onlar öz kapitallarını daha da artırmaq və
xarici bazarlara çıxmaq üçün əl-ayağa
düşmüşdülər. Belə adamlardan knyaz Mamuki
Orbeliani, K.K.Sulkidze, qvardiya polkovniki
Maslov, Kuçenbax, Melikov və b. qeyd etmək olar. Bu
baxımdan knyaz Orbelianinin əməyi çox olmuşdur.
Onun təşəbbüskarlığı nəticəsində mahalın Loru,
Pəmbək və Borçalı nümayəndəliyinin ərazisində
geniş miqyaslı geoloji-kəşfiyyat işləri
aparılmış və yüksək bəhrə əldə edilmişdir.
1800-1820-ci illərə qədər yuxarıda adları qeyd olunan
adamların səyi nəticəsində onlarla zəngin mis,
qızıl-gümüş qarışıq metal yataqları kəşf olundu.
Həmin illərdə bu yataqların üstündə xırda
zavodlar quraşdırılaraq istifadəyə verildi.
Belə zavodların gəlirlərindən kifayətlənməyən
knyazlar və onların himayədarları öz axtarış və
kəşfiyyat işlərini davam etdirirdilər. Bir qayda
olaraq bu zəngin yataqlar ərazidə olan Pəmbək,
Borçalı (Debed), Maşaver, Alket çaylarının
ətrafında və Çatak, Ləlvər dağlıq massivinin
ərazisində tapılmışdır. Beləliklə, Borçalı
mahalında ən zəngin və şöhrət qazanmış
Allahverdi mis yataqlarını (zavod) qeyd etmək
olar. Düzdür, bu zavod mahalda ən qədimi sayılmır,
bu zavod işə düşənə qədər (1880) ətrafda bir neçə
xırda mədən artıq 1804-1815-ci illərdən fəaliyyət
göstərirdi. Allahverdi zavodu Ləlvər dağının
cənub hissəsində eyni adlı yaşayış məntəqəsinin
ətrafında salınmışdır. 1884-cü ilin məlumatına
görə, zavodun 92 fəhləsinin iş qüvvəsilə ildə 11235
pud mis istehsal edilib, Tiflis və Bakı
quberniyalarına göndərmişdi. Zavoddan gəlirin
əks-sədası və ümumiyyətlə, Allahverdi misinin
şöhrəti mahaldan çox-çox uzaq ellərə də yayıldı.
Buna görə də zavod istər Türkiyə və istərsə də
digər ölkələrdən buraya gələn mütəxəssislərin
diqqət mərkəzinə çevrildi. Bir müddətdən sonra
Türkiyədən yunan mütəxəssisləri gəlmiş, tez bir
zamanda torpaq və zavod sahibkarlarına
çevrilmişdilər.
Allahverdi zavodu işə başladıqdan
cəmi iki il sonra daha bir mədən-zavod fəaliyyətə
başladı. Bu Şambluq və ya Şamlıq zavodudur. Bu
zavod Allahverdi zavodundan 8 km aralı, Ləlvər
dağının cənub-şərq ətəklərində açılmışdır.
1884-1885-ci illərdə bu zavodun 17 nəfər
fəhləsi olmuşdur ki, onlar da ildə 1200 pud filiz
istehsal edib mərkəzi şəhərlərə göndərmişdilər.
Maraqlıdır ki, bu hər iki zavoda 1800-cü illərin
əvvəlində Türkiyədən gəlmiş iqtisadi cəhətcə
imkanı olan yunanlılar rəhbərlik edirdilər (iki
yunan qardaşları).
Regionda bu zavodlardan başqa, çox da
uzaqda olmayan Axtala mis mədəni də fəaliyyət
göstərməyə başladı. Bu zavodun sahibi knyaz
Məlikov olmuşdur. Düzdür, bu zavod istifadəyə tez
verilib və tez də bağlanmışdır (1869). Öz dövrünə
görə bu zavod çox qiymətli hesab olunurdu.
Gürcüstan üçün bu zavodda gümüş və qızıl pul
istehsal olunurdu. Zavod öz fəaliyyətinə 1866-1867-ci
illərdən başlamışdır. 2-3 il fəaliyyət göstərən bu
zavodun cəmi 14 nəfər işçisi olmuşdur ki, onlar da
iki il müddətində 18000 pud filiz çıxarmış, ondan
isə 240 pud xalis mis istehsal olunmuşdur. Borçalı
mahalının qazıntı sərvətlərinin istehsalı
yuxarıda qeyd etdiyimiz mədən və zavodlarla
bitmir. 1870-1875-ci illərdən başlayaraq, 1890-1895-ci
illərə qədər 10-a yaxın zəngin ehtiyata malik olan
qızıl, gümüş, mis, dəmir və s. nadir və əlvan
metallar yataqları aşkar edilmiş və müəyyən
quruculuq işləri aparıldıqdan sonra öz
fəaliyyətlərinə başlamışdı. Belə yataqlardan
Borçalı çayının sağ sahilində İnəkli dərəsinin
Kərinc kəndi ilə Xaçıgöy kəndi yanında, Pəmbək
çayının sol sahilində Zamanlı adlı və ən zəngin
Damblutu göstərmək olar. Bu yataqlar məşhur
Çatax zavodundan təxminən 11-12 km aralı məsafədə
yerləşmiş və knyaz Orbelianinin adına məxsus
idi. Bu yataqlardan gürcü çar və knyazları özləri
üçün qızıl, gümüş pul istehsalında istifadə
etmişlər. Bundan başqa Mamuki Orbelianinin adına
Cambağça yataqları olmuşdur və o baron
Kuçenbaxın şüşə zavodu yaxınlığında
yerləşmişdir. Bu zavoddan ildə 600 pud filiz
çıxarılıb, 25 pud saflaşdırılmış xalis mis
alınmışdır. Əmbülmülk kəndi yaxınlığında
Maşaveri çayının sol sahilində Orbeliani adına
"Əmbülmülk" zavodundan 1830-cu illərdə güclü
istifadə olunmağa başlanmışdır. Qeyd etməliyik
ki, bəzi arxiv materiallarının verdiyi məlumata
görə, bu zavod öz xammalını hələ 1800-1804-cü illərdə
tərkibi qızıl-gümüş metalları ilə zəngin olan
yataqlardan götürmüşdür. İstifadə vaxtı xeyli
qızıl tozu alınmışdır. Tərkibində qızıl, gümüş
qarışıqlı metal hissəciklərinin və tozunun
geniş yayıldığı yataqlardan Allahverdi, Axtala,
Damblut kimi zəngin gümüş mədənlərini qeyd etmək
olar. Bu cür yataqlar bir qayda olaraq yuxarıda
qeyd etdiyimiz kimi, Borçalı, Pteqovan, Xram
çaylarının fəaliyyəti nəticəsində meydana
gəlmişdir. Məlumdur ki, bu çaylar əsasən axan dağ
çaylarıdır. Bu yataqlar 1875-ci ildən knyaz
Sulkidze və qvardiya polkovniki Maslov
tərəfindən açılmış və onların rəhbərliyi
altında fəaliyyətə başlamışdı.
Maslovun qəfil ölümü geniş
perspektivə malik olan bir sıra yataqların
istismarını ləngitmiş, sonradan bu yarımçıq
işləri knyaz Sulkidze davam etdirmişdi. Knyaz
Sulkidze bundan başqa 1885-ci ildən etibarən
onlarla (Maşaver çayının orta axarında Kazret və
Baliç kəndləri arasında Dəmir dağdan başlayan
Kazret çayının Maşaverə birləşən yerində,
Binazor kəndi ətrafında) yataqlara və mədənlərə
də rəhbərlik edirdi.
Borçalı mahalının sənayesi heç də
bunlarla tamamlanmır. O, qiymətli metal və mis
mədənləri ilə yanaşı, həm də zəngin və çox
qiymətli tikinti materialları xammalı (qum, gil,
əhəng, çay daşları və yer altından çıxarılan qara
və ağ rəngli sal daşlar), dünya şöhrəti qazanmış
qara mər-mər və plitə-psamit yataqları ilə də
zəngindir. Bu zəngin yataqlar Borçalı çayının
dərəsində yerləşən Uzunlar kəndi yaxınlığında
cəmləşmişdir. Bu barədə akademik Abix öz
əsərlərinin birində belə yazmışdır: Yaxşı olar
ki, "Tiflis aləmi bu zəngin və qiymətli
sahibsiz xəzinəyə meyl göstərsin", çünki çox
böyük imkanlara malik olan bu təbii sərvətlər
xalq üçün həm xeyirli və həm də yararlı sahədir.
Bu yataqlar Tiflis mühitindən cəmi 60-70 km
məsafədə yerləşmişdir.
Xalq təsərrüfatı əhəmiyyətli bu
psamit yataqları daha sonra Maşaver çayı
mənsəbində Y. Yekaterinenfeld (Bolnisi şəhəri)
yaxınlığında aşkar olundu. Sonralar bu tikinti
materialı Tiflis mühitində "Bolnis" adlı
daş kimi şöhrət tapmışdır. Məlumat üçün qeyd
etməliyik ki, Borçalı bu sənaye və tikinti
əhəmiyyətli materiallarla yanaşı, yeraltı
mineral suları ilə də nəzər-diqqəti cəlb
etmişdir. Lakin o vaxtlar bu sərvətdən nə
fermerlər, nə də yerli əhali belə istifadə
etmirdilər. Üstəlik, mahalın bu təbii sərvətə
ehtiyacı daha yüksək idi.
Ümumiyyətlə, ərazidə əhalinin içməli
suya tələbatı gundən-günə pisləşirdi. Daha
doğrusu, əhali içməli sudan bir qayda olaraq axar
çaylardan, gölməçələrdən (dağlıq ərazilər bura
daxil olunmur) istifadə edirdilər. Mahalın bir
sıra dağlıq, dağətəyi bölgələrində və bəzən
meşəətrafı sahələrdə keyfiyyətli suyu olan
bulaq və kəhrizlər də fəaliyyət göstərirdi. Belə
sulardan (bulaq) mahalın Trialet
nümayəndəliyinin dövlət tabeliyində olan Ayazma
dövlət kilsəsinin içərisindən qaynayıb-coşan
bulağı (1950-ci illərdən bulağa xüsusi qayğı
göstərilib, kəhriz formasına salındı), Loru
nümayəndəliyinin tabeliyində olan bir neçə
bulağı və Arduvi kəndində fəaliyyətdə olan
kəhriz quyusunu misal göstərmək olar. Bu suların
tərkibi yod-brom, dəmir, mis və s. mineral
birləşmələri ilə zəngin olub, insan və heyvanat
aləminin dəri-zöhrəvi və bir sıra
xəstəliklərində müalicəvi əhəmiyyəti vardır.
Borçalı nümayəndəliyinin Opret kəndində
fəaliyyət göstərən bulaq. Bu bulağın suyundan
nəinki yerli əhali, hətta 10-20 km-dəki qonşu
kəndlərin əhalisi də istifadə edirdilər. Bu
suyun tərkibində qaz, yod, brom, dəmir və s.
mineral birləşmələri vardır. Arxiv
materiallarının məlumatına görə, Opret
bulağının suyu öz keyfiyyətinə görə, məşhur
"Zelter" mineral suyundan da üstün tutulur.
Borçalı mahalının nümayəndəliyinin
mərkəzi Sarvan, ona qonşu hallavar kəndlərində
məşhur içməli su quyuları və kəhrizləri ərazidə
öz sərinliyi, tamı, şirinliyi və büllur kimi
saflığına görə heç də dağ sularından
fərqlənmirdi. Bu quyular "Ağalıq",
"Şeyx" nəslinin həyətində, Hallavar
kəndində isə kəndin tən ortasında İsrafil
kişinin çəpərində fəaliyyət göstərirdi.
Ümumiyyətlə, belə bulaqlara Borçalının onlarca
kəndlərində rast gəlmək olurdu. Lakin elə
kəndlər var idi ki, son 200-250 ildə onların
ərazisində bir dənə də olsun içməli su quyusu və
ya kəhriz olmamışdır. Belə kəndlərdən Alket
çayının aşağı axarı istiqamətində məskunlaşmış
Korarxı, Muğanlı, Candar, Sarvanın bir hissəsi,
Kürtlər, Təkəli, Xancığazlı, Quşçu, Qarayazı
böl-gəsinin isə kəndlərinin 70-80 faizi bu gündə
idi.
Bu illərdə mahalın bütün aran
kəndlərində içməli su problemi bir nömrəli
sayılırdı. Mahalın Qızılhacılı, Candar, Gorarxı
və s. kəndlərinin əhalisi uzunqulaq və atların
tərkində qonşu kəndlərdən su daşıyırdılar.
Əhalinin içməli suya tələbatının
ödənilməyən bir vaxtında hakim dairələr içməli
sudan sənayedə və kənd təsərrüfatında da geniş
istifadə edirdilər. Bu neqativ məsələləri qismən
aradan götürmək üçün imkanlı fermerlər və icarə
rəhbərləri öz vəsaitləri hesabına bir neçə
təsərrüfat əhəmiyyətli su kanalları
çəkdirmişlər. Belə kanallara Qarayazı
nümayəndəliyində və Borçalı bölgəsində rast
gəlinir.
Borçalı özünün daş karxanaları və qara
mərmər yataqları ilə də zəngindir. Bu daş
karxanalarından lap qədim vaxtlardan bir
tikinti materialı kimi istifadə olunurdu. Belə
karxanalardan Başkeçid bölgəsində (Qarabulaq,
Qəmərli), Çoruk Qəmərlidə, İmir Kəsən, Qoçulu,
Arıxlı və s., Borçalı bölgəsində zəngin
"Qara-dağ" Qızılhacılı, Şüləver, "Qızıl
daş", Zəlyə bölgəsində olan saysız-hesabsız
böyük ehtiyata malik daş karxanaları və sarı
rəngli vulkanik gil çöküntüləri yataqlarını,
Ağbulaq bölgəsində Kosalar, Dağet Xaçınlı,
Tsintskaro, Dürnük və s., Qarayazı, Karel, Kaspi,
Saqareco və Telavi bölgəlörindəki yerli
tələbatı ödəyən daş karxanalarını da qeyd etmək
olar. Bundan başqa ən qiymətli qara mərmər
yataqlarına-Tsop, onun ətraf ərazilərində Opret
və s. Zəngin əhəng və gəc materiallarına
Borçalının Candar, Kirənc Muğanlı, Ağbulaq,
Bolnis və s. məntəqələri göstərmək olar. Evtikmə,
yolsalma və kanal-bəndlər çəkmək işlərində
Təvədöy (Xram), Borçalı çaylarının qumundan və
çınqıl daşlarından geniş istifadə olunur.
O dövrdə yeganə şüşə istehsal olunan
Kuçenbaxın (Baş-keçid məntəqəsinin yaxınlığında)
şüşə zavodunu qeyd etmək olar. Bu adları çəkilən
yeraltı sərvətlərin zənginliyi nəticəsində
mahalda sənaye sahələri ildən-ilə inkişaf etməyə
başladı.
Müasir dövrdə, yəni 1959-1960-cı illərdən
başlayaraq mahalda qədim sənaye obyektləri ilə
yanaşı, onlarca böyük çeşidli yeni sənaye
obyektləri və sahələri ilə yanaşı, onlarca böyük
çeşidli yeni sənaye obyektləri və sahələri
yaradıldı. Yeni yaradılmış sənaye sahələri bütün
mahalın mərkəzi şəhər, qəsəbə və geniş iqtisadi
imkanı olan iri və böyük kənd yaşayış
məntəqələrində inkişaf etdirilməyə başlandı.
Mütəxəssislərin fikrincə, sənayecə inkişaf
etmiş region və bölgələrin ərazisində sənaye
təmayüllü kənd təsərrüfatı sahələri də inkişaf
edir. Bu baxımdan Borçalı və digər bölgələrin
kənd təsərrüfatı sahələri özünəməxsus spesifik
quruluşa malikdir.
Borçalının və s. bölgələrin kənd
təsərrüfatı digər mahallarda olduğu kimi, burada
da əsasən torpaq-iqlim şəraitindən çox asılı
olmuşdur. Mahalın ərazisinin 3/2 hissəsi dağlıq,
dağətəyi və xırda təpəlik massivlərindən ibarət
olduğu üçün özünəməxsus təsərrüfat sahələrinə
malikdir. Əvvəllər Borçalıda əkinə yararlı
torpaq sahələri çox az idi. Olan torpaqlar da
əsasən icarəyə götürülmüş yerli zəhmətkeşlərin
həyətyanı sahəsi, qismən isə dövlət
mülkiyyətinin tabeliyində olmuşdur. Buna
baxmayaraq, Borçalı ən qədimdən belə dadlı
meyvələri, keyfiyyətli tərəvəz və bostan
bitkiləri, hələ çar hökumətinin stolunu bəzəyən
yüksək kaloriyə malik keyfiyyətli buğdası
(çörəyi), zərif yunlu heyvandarlığı və
atcılığı-ilxıçılığı ilə məşhurlaşmışdır.
Əlbəttə, kənd təsərrüfatının belə bir zirvəyə
qalxmasında ərazidən axan və özü ilə müxtəlif
dağ çöküntüləri gətirən Borçalı çay (Debed),
Cağala (Maşaver), Alget, Pəmbək və on-larca xırda
çay və arxların rolu çox böyük olmuşdur. Bir
sözlə, mahalın kənd təsərrüfatı bu çayların
aqibətindən çox asılı olmuşdur. Bu baxımdan
Borçalı mahalı özünün axar-baxarlı təbiəti,
çayları, kanalları (arx) ilə çox məşhurdur.
Mənbəyini dağların qar və buzlaq
sularından, yeraltı gölməçələrdən götürən Xram
(Təvədöy), Alget, onlara birləşən Maşaver (Cağala),
Debed (Borçalı) və s. çaylar Borçalının tarixi
qədər qədim olmuş və onun yaşamasında və
təsərrüfatının inkişafında əvəzsiz rol
oynamışdır. Borçalı çayının uzunluğu təxminən 150
km olub, öz mənbəyini İrəvan quberniyasının
dağlıq ərazisinin ətəklərindən götürüb, Xram
çayının sağ qolunu təşkil etmişdir. Borçalı çayı
aşağı aran ərazisində Kür çayının sağ tərəfi ilə
axaraq Qırmızı (sınıq) körpü ətrafında Kürə
tökülür. Bu çaya sonra da bir neçə ad verilib,
yəni yuxarı axarında Pəmbək, aşağı axarında
Debed və s. adlanır (1600-1880-ci illərdə).
Borçalı çayının suları ilə Loru
çölünün və nümayəndəliyinin torpaqları
suvarılır.
Alget çayı öz mənbəyini Trialeti sıra
dağlarının Mzisskviri yüksəkliyindən götürüb,
Qırmızı körpü (Borçalı ərazisində) yanında
Təvədöylə (Xramla) birləşib, Kür çayına qarışır.
Bu çay mənbəyindən mənsəbinə qədər qarşısına
çıxan (yaz, payız vaxtı) bütün maneələri dəf
edərək, torpaqları yuyub (Sarı qaya adlanan
ərazi) özü ilə üzüaşağı min tonlarla torpağa
çöküntü hopdurur. Alget Məngilis məntəqəsindən
axaraq Bedən sırasından çıxıb, Boqva kəndi
yaxınlığında Tiflis bloklyuç yolunu kəsib,
Borçalı bölgəsi istiqamətində axaraq, Marabda
kəndinin alt yanından Sarvan ərazisini tən
yarıya bölüb, 25-30 km məsafəni Borçalı
düzənliyinin ərazisindən axıb keçir. Alget çayı
yaz və payız aylarında suyu çox çoşqun olur. Odur
ki, ətraf sahələri suvarmaq məqsədilə 24 kanal
çəkilmişdir. Düzdür, bu kanallar təkcə suvarmaq
üçün yox, eyni zamanda torpaq qoruyucu, yuyulma
proseslərinin qarşısını almaq üçün də nözərdə
tutulmuşdur.
İcarəçi Veys-Fon-Veysenqafa görə, bu 24
kanalın yalnız ikisindən suvarma üçün istifadə
olunurdu. Bu kanallardan əsasən müsəlman
(Azərbaycan türkləri) kəndləri istifadə
edirdilər.
Mahal üçün ikinci böyük əhəmiyyətli
olan çay Təvədöydür (Xramdır), Xram çayından bir
qayda olaraq əhalinin içməli su ehtiyacı
ödənilir. Barmaqsız bölgəsində isə qismən
təsərrüfatda istifadə edilir. Xram çayı öz
mənbəyini Borçalı mahalının dağlıq
Tsxra-Tskaros-Mta dağının aşağı ətəklərindən
götürüb, 15-20 km axaraq sonra mahalın ərazisinə
Tav-Koteli yüksəkliyinin şimal hissəsindən
daxil olur. Burada çay özünün ikinci tarixi adına
Ktsiyə (gürcücə) çevrilir. Dağlıq Ərçivan
silsiləsindən axan Pene çayı Ktsiylə birləşir,
Əvrənli kəndinin ərazisindən keçib, Zəlyə
düzənliyi ilə axaraq geniş bataqlıq sahələr
yaradır. Yeddi kilsə kəndi yaxınlığında Ktsiy
çayı soldan Cins, sağ-dan Nərdivan, Ayazma kimi
xırda çayları birləşdirib Zəl-yənin Quniya-Qala
və ya Günlü-qala (Günəşli qala.) ətrafında
Xram adını daşıyır. Barmaqsız körpüsünə qədər
Xramın keçmiş qərargahı (ipab kvartir) ətrafında,
sağdan, soldan bir sıra xırda çayların bu çaya
birləşməsinə baxmayaraq, onun subasar hövzəsi
çox dərin dərələrdən keçdiyinə görə lazımi
təsərrüfat əhəmiyyətinə malik deyildir. Çayın
dərin dərələrdən, sıldırım qayalıq ərazilərdən
keçdiyinə görə onun suyundan kənd
təsərrüfatında demək olar ki, heç istifadə
olunmurdu. Yalnız Barmaqsız körpüsü yanında
yerli əhali çayın qarşısına bəndlər çəkərək
balıq ovu ilə məşğul olurdular. Xram çayı
Nərdivan kəndi ərazisindən Bar-maqsız körpüsünə
qədər (30 km) ərazi başdan-başa düzən sahə olmasına
baxmayaraq, burada suvarma əkinçiliyi demək olar
ki, yox dərəcəsindədir. Səbəbi ərazinin əkinə
yararlı torpaq sahəsinin olmaması, xırda
çayların daşıb ətrafı basması, bataqlıq
ərazilərin üstünlüyü və iqlimin həddən artıq
soyuq olmasıdır. Burada Dərəköy, Cins, Ayazma,
Barmaqsız və s. kəndlərin əhalisi həmişə bu
subasar sahələrin yararsızlığından şikayət
edirdilər (1850-1900). Beləliklə, Xram təxminən 100 km-ə
qədər bir məsafəni qət edib, Borçalı mahalının
Kolagir kəndinin taxtalı körpüsündən axıb,
Arıxlı düzənliyinə istiqamət götürür. Çayın
suyundan bu ərazidə su çiləyici nasosların işə
salınması nəticəsində qismən də olsa, kənd
təsərrüfatı sahələrində istifadə olunur.
Xram çayının təsərrüfat fəaliyyətinin
aşağı olmasına baxmayaraq, onun sularından
tutulan balıqlar keyfiyyətinə görə Qafqazda və
onun bölgələrində məşhur idi. Bu balıq növünün
adı məşhur "Xramuli"dir. Xramulinin
ovlanması hələ o vaxtlar qanunsuz hesab
edilirdi. Bunun dövlət tərəfindən ovu təşkil
olunmamışdır. "Xramuli" balığının
qeyri-qanuni ovlanması 200 ildən artıqdır ki,
davam edir. Çox qəribədir ki, Xram çayının
Borçalının düzən ərazisindən axarkən Kür çayına
ucsuz-bucaqsız sürülər şəklində
"Xramuli-Murtsa" balığı keçir. Lakin bu
çayın mənbə his-səsində olan "Dağ
Sarvan-Qaranlıq dərə" dağlıq massivində isə
"qızıl" və ya farel balıq kimi adlanır.
Təbiət doğrudan da möcüzələr yaradır. Çayın
başlanğıcında "Qızıl balıq", qurtaracağında
(mənsəbində) isə "Xramuli".
Borçalının torpaqları təbii şərait
baxımından çox müxtəlifdir. Belə ki, onun kənd
təsərrüfatının inkişafı ərazidən axan çayların,
əkinə yararlı torpaq sahələrinin və meşə
sərvətlərinin zənginliyindən çox asılıdır.
Borçalıda qarlı günlərin sayı cəmisi 5-6, bəzi
illərdə 10-a çatır. Qədimdən Borçalının dağlıq və
sıldırım qayalıq hissələrində qeyri-müsəlman
xalqları, düzənlik ərazilərdə isə bir qayda
olaraq Azərbaycan türkləri yaşayıb yaradırlar.
Loru düzənliyindən başlayaraq Ağkörpü, Şüləver,
Bolnis-kənd və Xatis-sopelidən Çatax zavoduna
kimi Azərbaycan türkləri kənd təsərrüfatı ilə
məşğul olurlar.
Bu ərazinin torpaqları sarımtıl,
bozqır və bəzi yerlərdə isə qara torpaq
tiplərindən ibarətdir. Əsasən tütünçülük,
üzümçülük-bağçılıqla məşğul olurlar. Yüksək
dağlıq Somxeti qırışıqları Şərq küləklərinin
qarşısını kəsərək, birbaşa Loru və Zəlyə
düzənliyinə daxil olmağa imkan vermir. Eyni
olaraq bu proses Başkeçid vadisinə də aiddir.
Başkeçid vadisi geniş üzümçülük zolağının keçid
mərhələsində olub, ortaq mövqe tutur. Baş keçid
vadisi dedikdə əsasən Lök dağının şimal ərazisi
və Maşaveri, Çoçiyan çaylarının yuxarı
hissəsinin torpaq sahələri nəzərdə tutulur. Bu
yerlərin torpaqları kənd təsərrüfatına yararlı
olub, çaylar boyunca bataqlıq və bəzi yerlərdə
isə əhəng qarışıqlı ağ rəngə çalan münbit qatdan
ibarətdir. Başkeçid vadisinin iqlimi mülayim və
yumşaq olub, çox sağlamdır. İnsan orqanizmi üçün
əvəzolunmazdır. Axırıncı iki plato özünün
torpaq-iqlim şəraitinə görə bir-birinin
davamıdır. Yəni oxşarlıq hər ikisində eynidir.
Belə ki, Loru çölü Zəlyə düzənliyinin davamı
olub, ikinci plato birincidən özünün 500 fut ortaq
mütləq yüksəkliyindən yuxarı olması və iqlim
şəraitinin kəskin sərtliyi ilə fərqlənir.
Zəlyə düzənliyinin torpaqları iqlim
şəraitinə uyğun olaraq, ərazi üzrə paylanmışdır.
Belə ki, buranın torpağı əsasən vulkanik
tərkibli olub, üst qatı qara torpaqdan
iba-rətdir. Bu torpaqda əsasən təbii yem
bitkiləri və mədəni kartofçuluq inkişaf
etmişdir. Son vaxtlar bu torpaqlarda
tərəvəzçilik (kələm) və taxıl bitkilərinin əkin
sahələri də inkişaf etdirilir.
Onu qeyd etmək lazımdır ki, bu
bölgələrdə əkinə yararlı və əkin altında qalan
torpaq sahələri çox azlıq təşkil edib, kənd
əhalisinin isə həyətyanı torpaq sahəsi demək
olar ki, yox dərəcəsində, yəni hər adambaşına
cəmi 0,19 desyatin düşürdü.
Loru çölünün (düzənliyinin) torpaqları
vulkanik tipli olub, kəvd təsərrüfatı baxımından
demək olar ki, yararsızdır. Buranın
torpaqlarından ən qədim dövrlərdən bəri mal-qara
üçün otaracaq, örüşlər və biçənək kimi istifadə
edilir. Son vaxtlar bu çölün çay yataqlarının
yerində və çay ətraflarında meşənin qırılmış
hissələrində sahələr əkinə yararlaşdırılıb,
dənli bitkilər əkilir. Bu bölgədə Zəlyə
bölgəsinə nisbətən bir sıra dənli bitkilər
vaxtında əkilib becərilir. Buna ərazinin iqlim
şəraiti də yol verir.
Əhalinin və yaşayış məntəqələrinin
milli tərkibinə və təsərrüfat fəaliyyətinə görə,
mahalın strukturu aşağıdakı qayda üzrədir.
Mahalın ən ucqar şimal-qərbində dağlar arasında
Zəlyə düzənliyi yerləşmişdir. Burada bütün
torpaqlar dövlət tərəfindən idarə olunub, yalnız
şimal-şərq hissəsinin kiçik bir ucqar sahəsi
şəxsi üzvlərə mənsubdur. Bura cəmisi 5
azərbaycanlı ailəsindən ibarət Minasaz-kənd
məntəqəsinin sakinləri daxildir. Bunun
ətrafında dövlət tabeliyində olan dörd
Azərbaycan kəndi məskunlaşmışdır. Düzənliyin
qalan hissəsində 22 yunan, 12 erməni, 2 qarışıq
erməni-yunan və 1 qaraçı kəndi formalaşmışdır.
Bundan cənuba daha bir başqa düzənlik uzanır ki,
(Qarabulaq) özündə 17 kəndi birləşdirir. Bunlardan
7-si mənşəcə gürcü, 3-ü yunan və biri isə
Azərbaycan kəndidir. Bu 11 kəndin 10-u dövlət
tabeçiliyində, biri isə şəxsi mülkiyyətçiliyə
daxildir.
Nəhayət, baş keçid vadisi özünün
mülayim və yumşaq iqlimi ilə fərqlənir və əkinə
yararlı torpağı ilə nəzər-diqqəti cəlb edir.
Burada 66 məntəqə məskunlaşmışdır. Bu
məntəqələrin hamısı Maşaveri çayının hövzəsinə
daxildir. Kəndlərin 46-da azərbaycanlılar, 3-də
ruslar, 3-də ermənilər, 3-də gürcülər, 9-da qarışıq
yunanlar və 1-də almanlar məskunlaşmışlar.
Buranın torpaqlarında əsasən şəxsi
mülkiyyətçilikdir, 4-ü isə dövlət tərəfindən
idarə olunur. Ən sıx məskunlaşmış ərazi Debed
(Borçalı) çayının hövzəsidir. Bu hövzədə 87
məntəqə yerləşmişdir. Bu 87 məntəqənin 42-də şəxsi
mülkiyyətçilik 41-də dövlətçilik, 5-i isə dağ-mədən
zavodunun tabeliyinə daxildir. Əhalinin milli
mənsubiyyətinə görə 44-də ermənilər, 31-də
azərbaycanlılar, 7-də ruslar, 5-də isə yunanlar
yaşayır. Xram çayının mənbəyində isə 16 məntəqədə
onların 11-də erməni, 3-də azərbaycanlı, 1-də gürcü,
1-də isə yunanlar yaşayırlar. Kəndlərin 11-də şəxsi
mülkiyyətçilik, 5-ni isə dövlət idarə edir. Belə
şəxsi mülkiyyətçilik Xram çayının aşağı
axarının düzənlik ərazilərində hakimdir.
Azərbaycan türkləri yaşayan 22 məntəqənin yalnız
4-də dövlət kəndli mülkiyyətçiliyidir. Daha sonra
Alget çayının aşağı axarında 5 şəxsi
mülkiyyətçilik formalı məntəqələr vardır ki,
əhalisinin milli tərkibini Azərbaycan türkləri
təşkil edir. Nəhayət, Kür çayının sağ sahili
zonasında 6 məntəqə məskunlaşmışdır ki,
hamısında Azərbaycan türkləri yaşayır və şəxsi
mülkiyyətçilik formasıdır. Maraqlıdır ki, Bu
ərazilərdə yaşayan əhalinin 3/2 hissəsi
qeyri-Azərbaycan türkləri olub 95%-i dağlıq
ərazidə, maldarlıq üçün və kənd təsərrüfatı üçün
əlverişli və yaralı dərələrdə pərakəndə şəkildə
məskunlaşmışlar. Azərbaycan türkləri isə bir
qayda olaraq, bol suyu, münbit əkinə yararlı
torpaq sahələri olan düzənlik sahələrdə
məskunlaşmışdır.
Borçalı mahalı özünün istər
əhalisinin sosial təminatına və istərsə də
torpağın məhsuldarlığına görə Tiflis
quberniyasında ən qabaqcıl yerlərdən birini
tutur. Sürətlə artan əhali getdikcə əkinə yaralı
torpaq sahələrində məskunlaşaraq əkin altında
olan torpaqların sahəsini azaltmış olur. Əhali
artdıqca yaşayış məntəqələri də artır. Bu da
özlüyündə kənd təsərrüfatına yararlı
torpaqların bir hissəsini əkin dövriyyəsindən
çıxarır. Mahalın bu üstünlüklərini dərk edən
erməni, yunan, gürcü, rus, alman və s. az saylı
xalqlar tədricən Borçalıya gəlib torpaq icarəyə
götürüb və ya torpaqları nəqd pulla varlı
sahibkalardan alıb, özlərinə sığınacaq
düzəldirdilər. Qeyri-millətdən olan imkanlı və
varlı adamlar özlərinin uzaqgörənliyindən
istifadə edib Borçalı mahalının münbit
torpaqlarından icarəyə götürmüş, bir müddətdən
sonra isə həmin torpaq sahələrinə sahib
olmuşlar. Bunlardan knyaz Orbelianini, general
Qabulovların, Məlikovları və Baratovları
göstərmək olar.
Borçalı mahalında Azərbaycan türkləri
tədricən qonşu xalqların əmək fəaliyyətinə
nəzər salıb, ruslardan kələm, kartof becərməyi,
alman koloniyalarından ikitəkərli, sonradan isə
dördtəkərli fayton-arabalardan istifadə
üsulunu, molokanlardan arı saxlanılmasını,
İsveçrə pendirinin hazırlanmasını və s.
məhsulların istehsalını öyrənmişlər. İsveçrə
pendiri əsasən Başkeçid kəndində, Borçalı
rayonunun Qullar kəndində alman koloniyası
tərəfindən istehsal edilib inkişaf etdirilirdi.
Dağlıq Zəlyə, Başkeçid bölgələrində və Ahılkələk
regionunun Borçalıya aid bölgələrində kələm,
kartof, yaz-yay aylarında isə bal istehsalı,
heyvavdarlıqda isə pendir və şor hazırlanması
ilə məşğul olurdular.
Ümumiyyətlə, Azərbaycan türklərinin
ən qədim təsərrüfat sahələri heyvandarlıq,
əkinçilik olmuşdur. XX əsrin 50-ci illərindən
başlayaraq, Borçalı mahalının bütün suvarılan
torpaqlarında intensiv olaraq bağçılıq,
üzümçülük, tərəvəzçilik, yemçilik (mal-qara üçün
yem bazası), bunların müqabilində isə güclü
quşçuluq, tövlə şəraitində iribuynuzlu mal-qara,
əsasən südlük-ətlik istiqamətli və qismən
donuzçuluq inkişaf etdirilməyə başladı.
|