|
BORÇALI İDMANÇILARI DÜNYA
MEYDANLARINDA
Folklor materiallarımızdan aydın olur
ki, Borçalıda Azərbaycan türklərinin folklor
örnəkləri, adət-ənənələri ilə yanaşı, həm də
idmanın bir sıra qədim və müasir növləri inkişaf
etdirilmişdir. Mahalın bütün (Borçalıda, Çoruk
Qəmərlidə, Başkeçiddə, Qaraçöp nahiyyəsində,
Ağbulaq, Zəlyə-Barmaqsız və Qarayazı)
bölgələrinin kəndlərində idmanın müxtəlif
növlərinə aid qeyri-rəsmi yarışlar keçirilərmiş.
Bunlar əsasən toy günləri, bayram şənlikləri,
(Novruz bayramı) yaylağaçıxma və aranaqayıtma
günlərində həyata keçirilirdi. Borçalının ən
qədim yarış oyunları sırasında at belində papaq
oyunu, müxtəlif pəhləvan oyunları (daşqaldırma,
ağacsındırma, putluq daşların havada atılıb
tutulması və s. yalağasalma, dirədöymə,
kəndirbazlıq, at sürmək, milli güləş,
sapandlardan uzağa daş atmaq, tüfəngdən atəş
açmaq, ox atmaq, çayda və göldə yastı daş
süzdürmək, ağaca çıxmaq, dağa dırmaşmaq və s.
sadalamaq olar.
İdmanın bu növləri ilə Borçalının bu
və ya digər bölgələrində əvvəllər çox primitiv
şəkildə yarışlar keçirilirdi. Lakin XX əsrin 40-cı
illərindən sonra hər il müntəzəm olaraq payız
aylarında, bəzi məntəqələrdə isə yazda və
payızda (ildə 2-3 dəfə) yarışlar qanuni- rəsmi
xarakter daşımağa başladı. Buraya idmanın yeni
növləri də daxil edildi. Artıq idmanın ondan çox
növü Borçalının məntəqələrinin qapısını döyməyə
başladı. Borçalılar çox yaxşı bilirlər ki,
Borçalıya idmanın istər qədim (güləş, at sürmək,
daş qaldırmaq, uzaq məsafəni tüfənglə vurmaq),
istərsə də müasir növlərdən boks, futbol, klassik
güləş, milli güləş, velosiped, motosikl sürmək və
s. baş ucalığı gətirir. Rayon mərkəzlərinə və onun
iri kənd məntəqələrinin meydançalarına çıxmağa
ilk dəfə əslən Sarvanlı olan mərhum Qur-ban
Məmmədov tərəfindən təşəbbüs göstərilmişdir.
Çox yerinə düşərdi ki, onun 40-50-ci illərdə
Borçalının ən inkişaf etmiş mərkəzi
məntəqələrindən Sarvanda (1949-cu ildən isə
Marneuli) da ildə üç, bəzi illərdə isə dörd dəfə
idmanın qədim və müasir növləri üzrə yarışlar
təşkil etdiyini yada salaq. Onun fəaliyyəti
nəticəsində bu bölgə qonşu Azərbaycanın Qazax,
Ağstafa, Tovuz, Gəncə, Gürcüstanın Tiflis, Qori,
Sığnax, Laqodex, Saqareco, Karel, Kaspi, Axalsix,
Barmaqsız, Ağbulaq, Batum, Suxum, Adıgün, Aspindza
və s. şəhər və rayonlarından komandalar dəvət
edilib. Həftələrlə yarış keçirilərdi. Borçalı
mahalında sonralar idmanla bağlı öz bilik və
bacarığını əsirgəməyən Qurban kimi çoxsaylı
idman mütəxəssisləri yetişdi. Belə idman
rəhbərlərindən Bayramov Darvin, Rizvan Əliyev,
Əmirxan Məmmədov, Vahid Əhmədov, Aydəmir
İbrahimov, Məmmədəli Həsənov, Nadir Xasməmmədov,
Musa və b. adını çəkmək olar.
Bu idman mütəxəssisləri sonradan
şəhərlərdə və kəndlərdə idmanın bu və ya digər
növlərinin, o cümlədən ən müasir növlərdən olan
sambo, dzüdo, karate, konfu və s. inkişafına geniş
yer verdilər. Onların yetirmələri Borçalıdan
çox-çox uzaqlarda Borçalının igidliyini və
qəhrəmanlığını həmişə yüksək tutmuşlar. Belə
idmançılardan əksəriyyəti müxtəlif vaxtlarda
saysız-hesabsız orden və medallar, fəxri diplom
və pul mükafatları almışlar. Bu pəhləvanlardan
birisi adı dünya şöhrəti qazanmış ölməz sənətkar
və yenilməz xalça ustası, əfsanəvi pəhləvan
Rəşid Yusifovdur.
Rəşid Yusifov
Əsrlər boyu yaddan çıxmayacaq əfsanəvi
pəhləvanımız Rəşid Yusifov 1900-cü ildə qədim
Borçalı nümayəndəliyinin Korarxı (Alget)
kəndində dünyaya göz açmışdır. Babası Yusif kişi
yüz ilə yaxın ömür sürmüşdür. O, deyilənə görə,
ucaboy, enlikürək, çatmaqaş, möhkəm əzələli bir
kişi idi. Öz dövrünün Borçalıda arxası yerə
dəyməyən kənd pəhləvanlarından biri kimi ad-san
qazanmışdı.
Yusif gənc yaşlarından kənddə
qoyun-quzu otarmağa çox böyük həvəs
göstərmişdir. Odur ki, yavaş-yavaş yaşa dolduqca o
kamilləşir və heyvandarlıq aləmində
püxtələşirdi. O, gözünü açandan dağ
bulaqlarından su içmiş, kəklikotu, əvəlik və s.
bitkilərdən hazırlanmış xörəklər yemişdir. Bu
sağlam mühit onu Borçalıdan Yırğançaya qədər
təxminən 150-180 km yolu sürünün arxası ilə piyada
yaylağa qalxızar (may) və yaylaqdan arana endirər
(sentyabr), bir dəfə də olsun yoruldum, incidim
deməzdi. Yusif kişi qorxu-ürkü nə olduğunu
bilməzdi. Dəfələrlə o, meşədə ayı, dağlarda
canavarlarla əlbəyaxa olardı. Bir dəfə itlə
canavarın boğuşmasını kənardan izləyib
üstünlüyü canavarda görən Yusif arxadan gəlib
barmaqları ilə canavarın boynundan tutub havaya
qaldırır. Canavar çabalaya-ça-balaya elə havada
ölür. Yusif kişinin bu tipli və bundan da
dəhşətli görüşləri olmuşdur.
Doğru deyiblər ki, ot kökü üstə bitər,
görünür, Yusif kişinin qoçaqlığı, igidliyi və
gücü onun övladlarına, nəslinə keçmişdir.
Rəşidin atası Əliməmməd kişi də
hündürboy, enlikürək, uzun qollu, iri barmaqlı,
qüvvəli bir adam idi. Deyilənə görə, onun qolları
düz dizinin üstünə düşürdü.
Əliməmməd kişi çox hazırcavab,
xoşxasiyyət və məğrur qaməti, görkəmi olan bir
kəndçi idi. Onun sözlərinə sərhəd qoymaması,
özünü həddən artıq sərbəst aparması, yerli
bəylərin və ağaların xoşuna gəlmirdi. Ona görə də
bu imkanlı adamlar tərəfindən ona zərbələr
dəyirdi. Məsələni belə görən Əliməmməd kişi
var-yoxunu kənddə satıb, ailəsilə Tiflis
şəhərinə pənah gətirir. Tiflisin Şeytanbazar
məhəlləsində uzaq bir qohumunun darısqal
mənzilində yerləşən Əliməmmədi şəhər mühiti çox
sıxır. Onun gözünün qabağından qoyun-quzunun
mələşməsi, atların kişnəməsi və itlərin
hürüşməsi heç bir anda uzaqlaşmırdı. Ağır və
çətin həyat tərzi keçirən Əliməmməd kişinin dörd
övladı vardı - Rəşid, Cümşüd, Zinyət və Şövkət.
Rəşid yaşına görə çox ağıllı və çussəli bir uşaq
idi. O, dərslərinə hazırlaşmaqla yanaşı, müxtəlif
idman növləri ilə də məşğul olur, öz uzərində
müntəzəm çalışırdı. Rəşid çox çevik, qüvvətli və
nadinc bir uşaq idi. Odur ki, məktəbdə müxtəlif
oyunlar çıxarardı. Bunu görən molla onun
ayaqlarını falaqqaya salıb dağdağan çubuğu ilə
qançır edir, saçlarından tutub başını divara
vururdu.
Nəhayət, Rəşidin səbri tükənir. O, bir
gün onu döymək istəyən mollanın qolundan tutub
necə dartırsa, mollanın üzü divara yapışır. Elə o
gündən də Rəşid məktəblə vidalaşır. Ağır həyat
tərzi, qürbət yerdə yaşamaq, Rəşidin məktəbi
atması və kənd həyatının həsrəti Əliməmməd
kişini şam kimi əridib, "diri ikən ölu"
vəziyyətinə salır. O, bunlara dözməyib 1914-cü ildə
dünyasını dəyişir. Bütün ailənin dolanışığı və
ağırlığı gənc Rəşidin öhdəsinə düşür. Odur ki,
anasını birtəhər yola gətirib, bir ağanın
mal-qoyununa çoban olur. Varlı uşaqlarının adəti
dillərinin acı olması, söz ötürmələri və təhqir
etmələridir. Bunlara dözməyən Rəşid bir gün
çöldə öz ağasının oğlunu o ki var döyür və təhqir
edir. Elə o gündən də çobanlığa son qoyur. Yenə
şəhərə qayıdıb dəmirçixanaların birində (erməni
Simon) işə düzəlir. O, burada çox gərgin işləyərək
həm də özü üçün dəmir ştanq duzəldib, səhər və
keçələr bu ştanqda öz gücünü sınaqdan keçirərdi.
Beləliklə, bir müddət burada işlədikdən sonra
özündə pəhləvanlığa aid bəzi məqamları hiss edən
15 yaşlı Rəşid artıq Tiflis sirk meydançalarına
tez-tez gedir, duhanın müxtəlif şəhərlərindən
gələn pəhləvan və sirk ustalarının
konsertlərinə həvəslə baxıb müəyyən təcrübə
qazanırdı. O, dəmirçixanada özünə müxtəlif
ölçülü və çəkili ağırlıq çəki daşları, dəmir
çubuqlar hazırlayıb onlarla məşq edərdi. Məşqlər
vaxtı Rəşid bədəninin bütün üzvlərini inkişaf
etdirməyə başlardı. O, nömrələri bir, iki,
dəfələrlə yox, aylarla, illərlə məşq etməklə
bezikmədən, həvəslə, qarşısına qoyduğu məqsədə
nail olmaq inadkarlığıyla dönə-dönə təkrar
etməklə cilalayır, kamilləşdirirdi.
Artıq on beş-on altı yaşlı Rəşidi
Şeytanbazar məhəlləsində çoxları tanıyır və
hörmət edirdilər. Hətta onun həyətdəki
"sirkinə" tamaşaçılar da toplaşırdı. Elə bu
vaxtlardan bu yeniyetmə pəhləvanla bir sıra
idmançılar da maraqlanmağa başlamışdılar.
Bir dəfə Tiflisdə dövrün məşhur sirk
ustalarından sayılan Tesikovski qardaşlarının
qastrolu başlamışdı. Bu sirkə gənc Rəşid də gəlib
bir kuncdə tamaşa edirdi. Gözlənilmədən onun
çiyinlərinə arxadan bir əl qoyuldu. Diksinmiş
halda Rəşid arxaya baxıb gördü ki, onun ən çox
hörmət etdiyi Əlibəy adlı bir kişi dayanmışdır.
Əlibəy Rəşidə bildirdi ki, Maysuradze
çox görkəmli güləşçi olub, indi isə güləş üzrə
məşqçi işləyir. Rəşid haqqında isə məlumdur ki,
Maysuradzeyə danışıb. Söhbət getdi Rəşidin
güləşə olan maraq və səyini yoxlayandan sonra
onun məşq dərnəyinə
götürülüb-götürülməməsindən.
Gənc pəhləvanın ilk rəqibi dövrünün
qüdrətli güləşçisi, dəfələrlə beynəlxalq
yarışların mükafatçısı Tiflis mühitinin
sevimlisi olan Datiko Beriaşvili oldu. İki
raundluq bu görüş Rəşidin tam üstünlüyü
şəraitində keçmiş və elə ikinci dəqiqədə
rəqibinin arxası yerə yapışmışdı. 1920-ci ildə
Tiflisdə türk güləşçisi Xamırçı Mustafa ilə
görüşü və onun üzərindəki parlaq qələbəsi isə
Rəşidin şöhrətini daha da artırdı.
1920-ci ildə Moskvada adlı-sanlı
pəhləvanların yarışı keçirilirdi. Bu yarışa
"qırmızı maska" geymiş Rəşid pəhləvan da
dəvət olunmuşdu. O, səhnəyə on altı dəfə qalib
kimi çıxmışdı. Tamaşaçılar çox fikirləşirdilər
ki, bu qırmızı maska altında çıxış edən kimdir?
Nəhayət, benefis günü gəlib çatdı. Sirkin bütün
sıraları adamla dolu idi. Budur, yarışın baş
hakimi onu manejin ortasına dəvət edir. Alqış
sədaları sirkin divarlarını titrədirdi. Ara
verməyən fit səsləri, alqışlar altında baş hakim
var gücü ilə qışqıraraq "qırmızı maska"nı
təqdim edir: - Azərbaycan pəhləvanı Rəşid
Yusifov!
Rəşid qırmızı maskanı çıxarır və
gülümsəyir. Yarışın yekunlarına görə gənc
pəhləvana Qafqaz çempionu adı verilir. Xalq özü
isə Rəşidə öz adını, öz titulunu qoyur "Qafqaz
şiri!"
1924-cü ildə Tiflis sirklərinin birində
fransız güləşi üzrə növbəti çempionat
keçirilirdi. Bu yarışda onun ilk rəqibi
"Fransız güləşinin texniki" adlandırılan
Pyotr Praşek oldu. Praşek hətta ona Rəşid kimi
gənc və az tanınmış rəqib seçdikləri üçün əvvəl
incimişdi də... O, özündən çox razı halda səhnəyə
çıxdı, elə ilk saniyələrdəcə gözəl və parlaq bir
fəndlə Rəşidi başı üzərindən atmaq istədi. Lakin
özünü itirməyən Rəşid həmin andaca əks fənd
işlədərək Praşekin özünü yerə sərdi. Onların
görüşü cə-mi on yeddi saniyə çəkdi...
Tiflis çempionatında xarici
pəhləvanlar da iştirak edirdilər. Onlardan alman
pəhləvanı Abek Andersonla Rəşidin görüşü çox
gərgin və maraqlı keçdi. Görüşün sonuna az qalmış
Rəşidə bir gürcü oğlanı yaxınlaşıb, onun ikinci
lojaya qalxmağını, orada bir ziyalı adamın onu
gözlədiyini söylədi. Rəşid dərhal o adamın
yanına getdi. Onlar çox mehribancasına görüşüb
söhbətə başladılar. Məşhur İ.Perestiani Rəşidə
özünün üç filmində- "Üç həyat", "Qaçaq
Arsen" və "Tariyel Mklavadzenin işi"
film-lərində iştirak etməyi təklif etdi. Rəşid bu
təklifdən çox sevinərək bu filmlərdə çəkilməyə
başladı.
Rəşid pəhləvanın bu nailiyyətlərindən
sonra, yeni istər sirkdə, pəhləvan
meydançalarında və istərsə də kino sənətindəki
müvəffəqiyyətləri arxasınca onun fəaliyyətinin
və yaradıcılığının ikinci əsas dövrü- Bakı dövrü
başlayır. 1924-cü ildə Rəşid Yusifov Bakı sirkinə
dəvət olundu.
Bakıda Rəşidin ən yaddaqalan və əziz
anlarından biri Azərbaycan rəhbərlərindən biri
olan Mir Bəşir Qasımovla görüşüdür. Sonra, yəni
beş ildən sonra Azərbaycan respublikasının
adından 1929-cu ildə Aşqabad sirkində fransız
güləşinin fəxri və yaraşığı Nikolay Bredixinlə
görüşü heç vaxt "Qafqaz şiri"nin yadından
çıxmır. Bu mübarizə cəmisi 17 dəqiqə çəkdi.
Tamaşaçılar Rəşidi atıb-tutdular. Elə səhnədən
faytona mindirib birbaşa "Firuzə" yaylasına
apardılar. "Pəhləvanın oğurlanması
əməliyyatı" yaylada azarkeşlərin mahnı və
rəqs mərasimi ilə səhərədək davam etdi. Rəşid
Aşqabadda Başkirov və Şatski ilə də güləşdi.
Bütün görüşlərin hamısını vaxtından qabaq
qələbə ilə qurtardı. Sonra Rəşid pəhləvan
dəfələrlə Orta Asiya Bölgələrində olmuş,
ardı-arası kəsilməyən baş gicəlləndirən
qələbələri (bu qələbələrin bəzisi yerli milli
güləş üzrə) olmuşdur.
Daşkənddəki qələbələr Rəşidə ümumxalq
məhəbbəti qazandırdı. Daha sonra Moskva Dövlət
Sirkindən teleqram alan Rəşid paytaxta yola
düşdü. O, sirk truppasının tərkibində SSRİ-nin
bir çox şəhərlərində qastrolda oldu. Taqanroq
qastrolu Rəşidin yaddaşında silinməz iz buraxdı.
Sirk binası ağzınacan dolu idi. Nömrələrin
birində Rəşid beş pudluq daşı yan-yana qoyub
zəncirlə bağladı. Bu qədər daşı qaldıra
biləcəyinə inanmaq çətin idi. Pəhləvan daşlara
yaxınlaşdı. Zəncirin parça ilə sarınmış ucunu
dişlərinə aldı ve daşları yerdən qaldırdı.
Alqışlar aləmi bürüdü.
Böyük müvəffəqiyyətlə keçən qastrolun
sonuncu günü Rəşidi sirk direktorunun
kabinetinə dəvət etdilər. O, içəri daxil olanda
gözlərinə inanmadı. Şöhrəti bütün dünyaya
yayılmış, ən məşhur xarici güləşçilərin
kürəklərini yerə vuran yenilməz rus bahadırı
İvan Maksimoviç Poddubnı qalxıb onu qucaqladı.
Taqanroqda iki bahadırın söhbəti
xeyli çəkdi. Söhbətlərinin axırında Poddubnı
Rəşidə bir çox dəyərli məsləhətlər verdi.
Beləliklə, Rəşidin qələbələrinin sayı
gündən-günə artırdı. İndi onun siyahısına turk
pəhləvanları Xamırçı Mustafa, Qara Yusif, alman
Abek Anderson, Rudolf Albert, amerikalı Çempers
Tsips, zənci Frank Qud kimi xarici xalça
cəngavərlərinin də adları düşmüşdü. Rəşid
pəhləvan Amerika güləşçisi Frank Qudla görüşünü
çox həvəslə və yaxuibi xatırlayırdı. Ona görə ki, bu
görüşün sonluğu çox qeyri-adi bir dramatik
epizodla qurtarmışdı.
Frank Qud uzun illər idi ki, boksla
məşğul olurdu. Ona görə də onun qolları çox güclü
idi. Görüşün birinci günü gözlənilmədən o, Rəşidi
parterə saldı. Lakin bu əlverişli vəziyyətdən
istifadə edə bilmədi. Əsəbiləşib Rəşidin qolunu
burub sındırmaq istədi. Bu fənd qadağan
olunduğuna görə hakimlər görüşü dayandırmalı
oldular. "Qolum bərk ağrıyırdı, tərpədə
bilmirdim. Qardaşım Cümşüd səhərə kimi qolumu
masaj elədi. Hər ikimiz yaman dilxor olmuşduq.
Səhər tezdən mən durub daşlarla nömrələr
göstərirdim. Bunu görən Cümşüd məni qucaqlayıb
bağrına basdı. Elə həmin gün Rəşidlə Frank Qud
təzədən görüşməli oldu. Bu dəfə Rəşid onu parterə
saldı. Lakin görüş üçün ayrılmış 40 dəqiqə başa
çatdığından qalibi yenə də müəyyən etmək mümkün
olmadı. Üçüncü günü mübarizə davam etdirildi.
Görüş çox çətin idman mübarizəsi şəraitində
keçdi. Rəşid hələ tam qüvvəsini göstərməmişdi. O,
çalışırdı ki, Frank Qudu yorub haldan salsın.
Nəhayət, Rəşid pəhləvan tutaşmaların birində
dəli bir nərə çəkib rəqibinin üstünə şığıdı.
Frank Qud özünü itirdi, Azərbaycan pəhləvanı
ikinci dəfə nərə çəkəndə... Frank Qud top kimi
havada dövrə vurub döşəməyə yapışdı. Onun
qadağan olunmuş fənd işlətməyi Rəşidə bərk yep
eləmişdi. Rəşid onun sinəsinə çöküb pıçıltı ilə,
lakin coşğun bir qəzəblə dedi "Amerikanı indi
xatırla, cənab Qud!"
Frank Qud dizi üstə qalxıb saçlarını
ovxalamağa və uşaq kimi ağlamağa başladı...
1934-cü ilin soyuq qış günlərindən biri
idi. Küləkli qar yağırdı. Rəşid evdə darıxaraq
sirkin direktoru Vladimir Semenoviç Sazanova
zəng vurub, dostlarıgilə getməyi ona bildirdi.
Nəhayət, onlar görüşüb tramvaya mindilər. Bu vaxt
Rəşidgilin oturduqları qoşqulu vaqon
"Şamaxinka" adlanan ərazidə relsdən çıxdı.
Belə havada tramvaydan başqa heç bir nəqliyyat
vasitəsi işləmirdi. Sazanov zarafatla dedi:
"Bəs bilmirdilər ki, pəhləvanı qoşqulu vaqonda
oturdanda o, öz yolu ilə getməz?"
Tramvayın ətrafına çoxlu adam
toplaşmışdı. Sürücü bildirdi ki, texnika gələnə
kimi (2 saat) gözləməliyik. Sazanov üzünü Rəşidə
tutub yenə dilləndi: "Hə pəhləvan, bir halda ki,
günahkar sənsən, özün də bu işin çarəsini
tapmalısan!.."
Rəşid vaqondan bütün adamların
düşməsini tələb etdi. Sonra vaqona yaxınlaşıb
çiynini vaqona dirəyib, əlləri ilə də vaqonun alt
hissəsindən yavaş-yavaş onu relsin üstünə
itələdi. Təkərlər düz relsin üstünə əyləşdi. Bu
hadisə çox gözlənilməz oldu. Sərnişinlər elə bil
bu hadisəni səhnədə görürdülər. Buna bənzər daha
bir hadisə. 60-cı illərin əvvəlləri idi. Rəşid
pəhləvan Borçalıya toya gəlmişdi. Rəşid və onun
qonaqları (bir kişi, bir qadın) axşamüstü toy
adamları ilə xudahafizləşib gəldiyi
"Pobeda"ya oturdular. Bu vaxt Borçalıda
möhkəm yaqış yağmışdı. Yol palçıq idi. Bir
müddətdən sonra uşaqlar tənginəfəs gəlib toy
sahibinə bildirdi ki, pəhləvanın maşını sürüşüb
arxa düşüb. Kəndin camaatı hadisə yerinə
toplaşdı. Nə qədər çalışdılarsa maşını çıxara
bilmədilər. Axırda Rəşid pəhləvan kəndir istədi.
O, iri çinar ağacına bağlayıb, o biri ucunu isə
özü dartdı. Maşını astaca arxdan çıxartdı.
Rəşid Yusifov 1958-ci ilə kimi səhnədən,
xalçadan ayrılmamışdır. Hətta 50-yaşı tamam olanda
əla idman formasında idi.
"Rəşid Yusifov fevralın 11-dən martın
8-dək Bakı Dövlət Sirkində keçirilən klassik
güləş üzrə yarışda iştirak etmiş və 20-dən artıq
professional güləşçinin çıxış etdiyi bu yarışda
14 qələbə qazanmış, 2 oyunu heç-heçə ilə qurtarmış
(40 dəqiqəlik tutaşmada) və bir dəfə də olsun
məğlub olmamışdır". (Bakı Dövlət Sirkinin
direktoru L.Aslanov, 1950).
Rəşid pəhləvanın Vətən qarşısındakı
xidmətlərinə görə 1957-ci il aprelin 20-də
Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin
fərmanı ilə ona Azərbaycan SSR-in əməkdar
artisti adı verilmişdir. Gənclərin VI Ümumdünya
festivalının keçirilməsində göstərdiyi qayğıya
görə SSRİ İdman Komitəsinin və festivalın sovet
komitəsinin Fəxri Fərmanı ilə təltif olunmuşdur.
Yevgeni Kuznetsovun 1957-ci ildə
"İskusstvo" nəşriyyatı tərəfindən
buraxılan "Sovet sirkinin ən güclü
pəhləvanları" adlı kitabında yazılmışdır:
"SSRİ-də Azərbaycan pəhləvanı Rəşid
Yusifov kimi ikinci bir ağır atlet yoxdur, ona
Azərbaycan Poddubnısı" demək bizim üçün necə
də xoşdur". Nəhayət, ona Azərbaycan SSR xalq
artisti fəxri adı da verilir.
Rəşid Yusifovun vəfatı ilə əlaqədar
olaraq "Ədəbiyyat və İncəsənət" qəzetinin 5
mart 1982-ci il tarixli nömrəsində vida məqaləsini
SSRİ-nin Əməkdar idman ustası Rza Baxşəliyev
belə bir cümlə ilə başlamışdı:
"Ona sadəcə Rəşid pəhləvan
deyərdilər..." Doğrudan da Azərbaycanın milli
güləş tarixində hələ elə bir pəhləvan olmamışdır
ki, ona bu cür müraciət edilsin.
Rəşid pəhləvanın Azərbaycan Dövlət
Sirkindəki dəfn mərasiminə yığışanlar Rəşidin
həyatda qazanmış olduğu nailiyyətlərdən
aqızdolusu danışırdılar.
Kamandar Məcidov
Mən Kamandar duhasını nə kəşf etmək
fikrində olmuşam, nə də onu qarşıma məqsəd
qoymuşam. Lakin onun uşaqlıqdan tutmuş ta bu
günədək olan həyatını əks etdirə bilən bəzi
epizodları siz oxuculara çatdırmaq istəyirəm.
Onu da çatdırmaq istəyirəm ki, bəzən bizim
diqqətsizliyimiz, etinasızlığımız və yaxud
bilərəkdən atdığımız uğursuz addımlarımız
ayrı-ayrı şəxslərin mənafeyinə olduğu kimi, ümumi
respublikaya da baha başa gəlir. Biz bu
səhvlərimizi klassik üsulla güləş üzrə Avropa,
dünya, Olimpiya və digər mötəbər yarışların
qalibi Kamandar Məcidovun timsalında görürük.
Seulda keçirilən XXIV yay oyunlarından
Minskə qayıdandan sonra Kamandara neçə dəfə zəng
vurduqsa, evdə tapa bilmədik. Və nəhayət, bir gün
səhər tezdən xəttin o başında telefon dəstəyini
qaldırdılar. Xeyli söhbət etdik. Dedi ki,
Kislovodskdən dünən qayıtmışam. Elə bildim
dincəlməyə gedib, lakin aydın oldu ki, onun
dincələsi günləri hələ qabaqda-güləş
döşəkcəsini tərk etdikdən sonra başlayacaqdır.
Sözləşdik ki, dekabr ayının sonlarında bir-iki
günlüyə Gürcustanın Dmanisi şəhərinə-doğma
Vətəninə, anasının və qohum-qardaşlarının
görüşünə gələndə oturub gecələr ürəyimizi
boşalda bilərik. Bilirdim ki, bu qısa müddətdə
həm Kamandarla, həm də istədiyimiz adamlarla
görüşüb söhbət etmək mümkün olmayacaqdır. Mən
isə onun gəlişini gözləmədən dağlar qoynunda
yerləşən Dmanisiyə yola düşdüm. Burada onun anası
Sona Rüstəm qızı və qardaşı Niyazla, ata yurdu
Kamamlı kəndində rayonun ilk idman ustası Valeh
Bayramov və kəndin ağsaqqallarından biri, Aşıq
Əmraha, Aşıq Kamandara, Aşıq Ürfətə və başqa
aşıqlara ustad sazı bağlamış Məhəmməd Mahmud
oğlu Bayramovla görüşüb Kamandar barədə doyunca
söhbət etdik.
Atalar yaxşı demişlər ki, budaqlar
kökdən su içir. Kamandarın kökündə də güləş
tutanlar olubdur, özü də ömrünün sonunadək
kürəyi yerə gəlməyən kişilər. Belə kişilərdən
biri haqqında-Kamandarın ata babası Vəli Məcid
oğlunun haqqında çox danışdılar. Onların
şirin-şirin danışdıqları epizodları dinlədikcə,
sanki gözümün qarşısından keçən bu kino lentinə
tamaşa etdikcə deyirsən ki, Kamandar həmin
kökdən cücərmiş bir pöhrədir.
Deyilənlərə görə, 1930-cu ildə
Lüksemburq rayonunun (indiki Bolnisi) Daşlı
qullar kəndinə bir nəfər gürcu pəhləvanı
gəlibmiş. Yan-yörədə olan kəndlərə (indiki
Dmanisi) xəbər çatır. Hamamlı kəndindən Vəli
Məcid oğlu da bu xəbəri eşidir. Oqaya çağırılmasa
da, yolu əlinə alır. Gəlib Daşlıqullara çatanda
görür ki, bir meydan qurulub, gəl görəsən. Güləş
tutanlara xeyli tamaşa edir. Bir-bir yıxılanlar
başlarını aşağı salaraq yığıncaqdan
uzaqlaşırlar.
Qarşısına çıxan olmadığını görən
gürcu pəhləvanı bədənini oynadaraq meydanda o
yan bu yana var-gəl edərək bir az da fərəhlənir.
Vəli Məcid oğlu irəli yeriyərək onunla güləşmək
istədiyini bildirəndə pəhləvan onu başdan-ayağa
süzür. Bu baxışı ilə o demək istəyir ki, belə
oğulların kürəyini yerə vurdum, sən onların
yanında nəsən. İnadkarlığına sadan Vəli Məcid
oğlu pal-paltarını düzəldərək:
- Bu meydan, bu da şeytan - deyir.
Xülasə, onlar güləş tuturlar. Bir az
keçməmiş mənəm-mənəm deyən pəhləvanın kürəyi
yerə dəyİr. Qalxıb bir də güləşirlər. Vəli Məcid
oğlu onu yenə də yerə sərəli qoyur. İşi belə görən
gürcü onu qucaqlayıb öpür və deyir ki, biz dost
olmalıyıq. Elə həmin gündən ömürlərinin
sonunadək onlar dostluq edirlər.
Hamamlı kəndində güləş tutanlar çox
olubdur. Onlardan Şamı Paşa oğlu Məmmədov,
Hacıxəlil Məmmədov, onu Dimidin oğlu Hacıxəlil
kimi də tanıyırlar. Belə pəhləvanların arxasını
Borçalıda yerə gətirən olmayıbdır. Onlar toyda,
şənlikdə güləşəndə körpələr də həsədlə tamaşa
edər, sonra da çəkilib bir kənarda güləşərlərmiş.
Vəli Məcid oğlu beş-altı kişi ilə
birlikdə Səfərli koluna odun gətirməyə gedibmiş.
Onlar uşaqlarını da köməyə aparıblarmış.
Kamandar da babası ilə gedibmiş. Odun yığıb
arabalara yüklədikdən sonra oturub dinclərini
alırlar. Belə qərara gəlirlər ki, uşaqları
güləşdirsinlər. Kamandar hamısından balaca və
çəlimsiz olduğundan bir aqacın dibində oturub
güləşənlərə baxır. Qalibin atası çox qürrələnir.
İşi belə görən Vəli kişi irəli yeriyərək deyir ki,
indi mənim balamla güləşən tapılmayacaqmı? Baxıb
gülüşürlər ki, onun canı-cəsədi də yoxdur,
uşaqların hansı ilə güləşəçək? Baba qalib oğlanı
göstərir. Yenə də gülüşürlər. Bütün bu külüşlər
Kamandar həmin oğlanı tutduğu ilə yıxdığı bir
olanda kəsilir.
Əgər biz onu hər hansı bir aparatla
müqaisə etmək istəsək, onu deyə bilərik ki,hələ
belə həssas aparat mövcud deyildir.Övladlarının
harada olmasından asılı olmayaraq, ana ürəyi
onların keçirdikləri bütün hissləri, bəlkə də
gələcəklərini duyur.
Kamandarın anası Sona xalanın
söylədikləri:
-Kaman (Kamandarı onlar belə
çağırırlar) üçüncü sinifdə oxuyarkən idman
məktəbinə ayaq açmağa başlamışdı. Dərsdən qayıdan
kimi kitab-dəftərini bir tərəfə tullayır, əlinə
pendir-çörək götürərək idman formasını
yığışdırır və özünü məşqlərə çatdırmağa
çalışardı. Evə qayıdanda görərdim ki, uşaq
ayaqlarını sürüyə-sürüyə gələr, özünü çarpayıya
salan kimi də yuxuya gedərdi. Ürəyimdə öz-özümü
danlayar, onu bir daha güləşməyə getməyə
buraxmayacağıma söz verərdim. Bir də qorxurdum
ki, dilim-ağzım qurusun, uşağın qolu-qıçı sınar,
qırılar. İndi də gəl onun dərdini çək. Hər dəfə
mən onu danlayırdım ki, bir daha o tərəfə ayaq
basmasın. O isə məni daha tez yola gətirər və
deyərdi:-Ay ana, qorxma, qonşularımızın uşaqları
da idman məktəbinə gedirlər. Onlara nə olur ki,
mənə də bir şey olsun. Bir də sənin oğlun hər
yetənə qol-qıç qırdıran deyil, mən yatanda
fikirləşirəm ki, elə bir fənd tapım ki, onu heç
kim bilməsin. Sabah isə fəndə qarşı fənd
işlədim,ürəyini sərin saxla-deyərdi.
Bir gün Kamanın məşqçisi Əli Nəbiyevi
gördüm, allah ona rəhmət eləsin, yaxınlaşıb
utana-utana soruşdum:
-Alik, ağrın alım, Kamandan bir şey
çıxacaqmı? O isə cavabında:
-Ay onun başına dönüm, o, çox bacarıqlı
uşaqdır. Gəlin siz mənim sözümə baxın, Kamandarı
Bakıya aparın. Rayonda nə mütəxəssis, nə də imkan
vardır. Kamandarın çox böyük gələcəyi ola bilər,
əlbəttə, öz üzərində belə həvəslə çalışsa.
Atası həmin il rəhmətə getmişdi.
Rəhmətlik qayınatam Vəli Məcid oğlu ilə bu
barədə danışa bilməzdim də. Odur ki, oğlum
Niyazla məsləhətləşdik. O da dedi ki, ay ana, uşaq
körpədir, qoy heç olmazsa, səkkizinci sinfi
bitirsin.
Kaman çarpayısının üstündə divara bir
türk pəhləvanının şəklini vurmuşdu. Elə hey ona
baxar, mənə deyərdi ki, ay ana, bax, mən də onun
kimi olacağam. Qoy mənim şəklimi də
qəzet-jurnallardan kəsib başlarının üstündən
assınlar. Uşaq idi, belə deyirdi, indi isə deyir
ki, mən nə etmişəm, nə olsun ki, çempionam.
Xülasə, Kaman səkkizinci sinfi
bitirəndə Niyaz Bakıdan zəng etdi ki, lələmə (Vəli
Məcid oğlunu belə çağırardılar) deyin Kamandarı
gətirsin. Getdilər, bir də Gəldilər ki, Kaman
idman məktəbinə götürüldü. Qayınatam rəhmətlik
hey deyərdi ki, mənə bircə bucığaz oxşayıb, onun
qadasın alım, üzümü ağartsa o ağardacaq. Mənim
kürəyimi yerə vuran olmayıb, o da mənim yolumu
tutacaq.
Kamanın inadı, qohum-əqrəbanın onun
haqqında yaxşı fikirdə olması məndə də inam
yaratdı. Fikirləşirdim ki, bəlkə bu uşağın
gələcəyi yaxşı olacaq, ona niyə mane olum, qoy
getsin Bakıya. Bakıya yola salanda dedim ki, bu
yolu seçmisən ay bala, get uğurun xeyrə dönsün,
arzuna çat. Kaman isə yenə türk güləşçisini
göstərərək bildirdi ki, bax onun kimi olacağam.
İlk meşqçisi Əli Nəbiyev məşğul olduğu
uşaqların içində Kamandarın seçildiyine görə
vaxtının çoxunu ona sərf edərmiş. Görərmiş ki,
dünən bu uşağa öyrədilən fənd bu gün ya başqa cür
işledilir, ya da tam yenisi ilə əvəz olunur.
Əvvəlcə elə bilir ki, onunla başqa adam da meşğul
olur. Sonra qət edir ki, Kamandarın özü bu işə
həvəslidir. Hamıdan tez gəlir, gec gedir.
İstədiyi bir şey alınmadıqda əldən duşənə kimi
çalışırmış. Fikrət Tahirov və İqdam Ələkbərov da
razılaşarlar, əgər üstünə bir az da artırmasalar.
Qardaşı Niyaz deyir ki, bir dəfə Minskə
getmişdim. Kamandarın məşqçisi Viktor
Aleksandroviç Rudenkovla görüşüb hal-əhval
tutduqdan sonra qardaşımı soruşdum. İdman
zalında məşq etdiyini bildirdi. İndiyədək onun
yarışlarda çıxış etdiyinin şahidi olsam da məşq
etdiyini görməmişdim. Meşqçiden xahiş etdim ki,
məni də ora aparsın, baxım görüm bir necə məşq
edir. O bir şərtlə razılaşdı ki, mən yuxarıdan
tamaşa edəcəm və gəldiyimi Kamandara
bildirməyəcəm. Əks təqdirdə mən məşqlərə manə
ola bilərəm.
Razılaşdığımız kimi də etdim.
Kamandarla onun evinə qayıdanda yolda dedim ki,
ay qardaş, tikintidə beton qarışdırmaq sənin
məşqindən asandır. O ise cavabında dedi ki, bəs nə
bilmişdin, elə bilirsən döşəkcə üzərinə çıxmaq
asandır. Hamının işi-gücü olduğu kimi, hələlik bu
da mənim işimdir, atalar demişkən alın təri ilə
qazanılan həp bir işin çətini ilk addım atmaq
olur. İlk addım atılandan sonra növbəti
addımları da inamla atmaq olar... Əgər urəklə
istəsən. 1984-cü ilin iyun ayının əvvəllərində
Kamandar Dmanisi torpağına Avropa çempionu kimi
gəlmişdi. Rayonun partiya, sovet və digər ictimai
təşkilatlarının nümayəndələri onu təntənə ilə
qarşıladılar. Qohum-qardaşları da öz yerinde.
Lakin hamamlı kəndinin bütün sakinleri onun
yolunu daha səbirsizliklə gözləyirdilər.
Kəndin girəcəyində toy-zurna səsi
bir-birinə qarışmışdı. Qohum-əqrəba,
tanıyan-tanımayan, hamı Kamandarı qucaqlayıb
köksünə basır, xalqın adını belə yüksəklərə
qaldırdığına görə ona minnətdarlığını
bildirirdi. Kamandar isə bütün bunları özünə
böyük borc kimi qəbul edirdi.
Bir neçə gün əvvəl İsveçin Yönqepinq
şəhərində sonradan onun əsas rəqibi olan Jivko
Vankelovla görüşü zamanı fəndi fənd dalınca
işlədərək xallar qazananda, hakimin onun əlini
qalib kimi yuxarı qaldıranda belə, doğma rayonda
onu belə qarşılayacaqları barədə düşünmürdü. O
zaman onu yalnız bir şey- necə olursa-olsun
İsveçdən qalib kimi qayıtmaq fikri narahat
edirdi. İstəyinə də nail oldu, atalar demişkən,
niyyətin hara, mənzilin də ora.
Kamandar rayona bir neçə günlüyə
gəlmişdi. Dmanisi rayon partiya komitəsinin
birinci katibi Emzar Beridze büro üzvləri və rayon
fəalları ilə görüş keçirdi. Rayonun adını uzaq
ölkələrdə tanıtdığına görə Kamandara
minnətdarlığını bildirdi. Minskə yola düşərkən
bu qayğılara cavab olaraq Kamandar bir cümlə ilə
cavab verdi: "Ay mənim əzizlərim, onu yaxşı
bilin ki, mən bir də bu torpağa dünya çempionu
kimi qayıdacağam".
Dədələrdə yaxşı bir kəlam da var:
"Kişidə söz bir olar". Kamandar da
dədələrimizin kəlamını hədər yerə işlətmir. Bunu
öz əməlləri ilə bir daha təsdiq etdi.
İstedadlı güləşçi və müəllim hazırda
Borçalı elində müəllimlik və məşqçiliklə
məşğuldur.
|