|
BORÇALININ AŞIQ SAZ-SÖZ USTADLARI
Aşıq Kamandar
Kamandar Əfəndi dünyaya gələndə artıq
Borçalı mahalının bütün məntəqələrində
quruculuq və yaradıcılıq işləri gedirdi. Demək
olar ki, bütün təsərrüfatlar kollektivçiliyə
girişib Borçalının ən ucqar duzən və dağ
kəndlərində belə kolxoz quruculuğu sisteminə
keçmişdi. Gələcəyin ustad aşığı 1932-ci ildə
Borçalının-indiki Marneuli rayonunun Kəpənəkçi
kəndində anadan olmuşdur. Borçalıda aşıq
sənətinin əlçatmaz zirvəyə çatan vaxtı balaca
Kamandar artıq Alget və Kür çayının
şırıltısından simli sazın ahəngini yavaş-yavaş
ayırmağa başladı. Bir müddətdən sonra Kamandar
ustad aşıqlardan Sadıq, Məhəmməd Şıxlı, Şah Əmrah
və b. təkidi sayəsində aşıq-ozan sənətinin
sirlərinə daxil olmağa daha bir uğurlu addım
atır.
Ömrünün erkən yaşlarından saz çalıb,
oxumağa hədsiz maraq göstərən Kamandar Həmid
oğlu Moskva (1959) görüşlərinin fəal iştirakçısı,
Bakıya (1984) Azərbaycan aşıqlarının IV
qurultayının Borçalıdan elçisi olmuşdur.
Kamandar Əfəndinin mahirliyi ondadır
ki, o, həmişə yorulmadan öz üzərində işləmiş, aşıq
sənətinin ən incə sahələrinə yaradıcı bir
"tədqiqatçı" kimi yollar axtarmışdır. Böyük
zəhmətdən sonra Kamandar Həmid oğlu ozan-aşıq
sənətində yaradıcı aşıq-şair kimi püxtələşməyə
başladı. Onun dillər əzbəri olan qoşma və
gəraylıları, divani və təcnisləri və
muxəmməsləri qalaq-qalaqdır. Əsrimizin 70-ci
illərindən başlayaraq, Aşıq Kamandarın bu qoşma
və təcnisləri Gürcüstan radiosu ilə yanaşı,
Azərbaycan radio və televiziya verilişlərində
də səslənməyə başladı. Onun şan-şöhrətinin
coğrafi miqyası günü-gündən genişləndi.
Aşıq Kamandar bir universal el
sənətkarı və şairi kimi daha da məşhurlaşdı,
1989-cu ildə Bakıdakı "Yazıçı" nəşriyyatı
tərəfindən onun ilk "Borçalı laylası" adlı
şerlər kitabı işıq üzü gördü.
Aşıq-el sənətinə bütün varlığı qədər
bağlı olan, Azərbaycan xalqının iyirminci əsrdə
görkəmli filosoflarından əslən Borçalıdan olan
mudrik alimimiz Camal Mustafayev bu kitaba ön
söz yazmışdır. "Kamandarın zəngin sənətində saz,
səs, söz vəhdət" təşkil edir. Bu kəlam ustadın
"Borçalı laylası"nı oxuyanda bir daha yəqin
edirsən ki, o, Borçalı yaylaqlarının bulağından
su içib bəhrələnmişdir. Bu, dağ bulağının
saflığını və sağlamlığını öz şer misralarına
hopdura bilmişdir. Ustad aşığın yazmış olduğu
şerlərin hamısından xalq ruhu, xalq nəfəsi və
ozan-aşıq sənətkarlığı duyulur.
Mərd olan düşər zəhmətə,
Namərd yetişməz ziynətə,
Çörək itirən müxənnətə,
Haqq özü "qənim" olaydı!
Şair Kamandarın şerlərinin dadlı və
duzlu olması, Azərbaycan poeziyasının
məğrurluğundan, dilə yatımlığından şairin
xəbərdar olduğunu və "Saz-aşıq-söz" dünyamızın
inkişafında Borçalı aşıq, saz-söz məktəbinin
rolunu bir daha təsdiqləyir.
Regional el-oba ədəbiyyatımızın, milli
musiqimizin ustad bilicisi, aşıq sənətinin
korifeylərindən olan Kamandar Həmid oğlu öz
sənətində bu sahələri dolğunluğu ilə
birləşdirən istedad sahibidir.
Kamandar sənəti böyük bir məktəbdir,
qaynayıb-coşan, tükənməz bir bulaqdır. Onun
qoşmalarında qartal vüqarlı Azərbaycanımızın
tarixi-ədəbi irsi, poeziyası, xalq sənəti və
eləcə də ozan-aşıq xalq yaradıcılığı tərənnüm
olunub,
Aşıq Kamandaram, dedim hər zaman,
Sazın hikmətini nadandı danan.
Gecələr yüxüsü gözündə yanan,
Analar laylası telli sazdadı.
İstər Gürcüstanda, Borçalıda və
istərsə də Azərbaycanda və eləcə də Turkiyə və
İranda Kamandar sənətinin vurğunlarının
sayı-hesabı yoxdur!... Onun ölməz yaradıcılığı
haqqında alimlər, sənətşunaslar, pedaqoqlar,
müğənni və xanəndələr, musiqiçi və
heykəltəraşlar ürək açan sözlər demişlər.
Qartal çevikliyi ilə seçilən ustad
aşıq Kamandara sənət yolunda yeni-yeni uğurlar
arzulayırıq.
|