|
BORÇALININ AŞIQ SAZ-SÖZ USTADLARI
Şair Hüseyn
Şair Söyün 1917-ci il aprelin 7-də Borçalı
qəzasının Saraclı kəndində anadan olmuşdur. İki
il molla yanında olmuş, ərəb dilini öyrənmişdir.
Deyilənlərə görə, çox hafizəli bir gənc imiş.
Saatlarla şer deyərmiş. On yeddi yaşlarında
közləri tutulmuşdur. Canlı şahid İlyas kişinin
dediklərindən:
İkimiz də kəndin mal-qarasına
gedərdik. Günlərin birində "Molla İrvam"
(İbrahim) dərəsində mal otarırdıq. Söyün qayıtdı
ki, ə, yaman yuxum gəlir. Sən malı hərrə, mən bir az
gözümün odunu alım. Gündüz saat 11-12 radələri
olardı. Vallah, bilmirəm nə qədər yatmış olardı.
Hardaydı saat-zad. Gəldim ki, yatır. Silkələdim,
hoppanıb qalxdı. Qayıtdı ki, ə, ay İlyas, a
qıvlasız, şər qarışıb ki, bə məni niyə
oyatmamısan. Mən də qayıtdım ki, ə, gözünü yaxşı aç
bax, şər qarışmaq nədir. Hələ malı günorta suyuna
tökməmişəm. Sən demə yuxudaykən gözü tutulubmuş.
-Ə, ay İnyas, ə qıvlasız, səni də görmürəm.
Bilirsən, yuxuda mənə vergi verdilər. Ağsaçlı, aq
saqqallı, nurani bir kişi əlində para əppək
(yarım çerək) mənə yaxınlaşdı. Əppəyi mənə uzatdı
ki, oğul, aclığın olar, götür ye. Götürmürdüm.
Zorla verdi. Mən də çantama qoydum. Qayıtdım ki,
sağ ol deyəm, kişi qeybə çəkilmişdi.
Nə başınızı ağrıdım, malı elə oradaca
qoydum. Söyünü birtəhər evə gətirdim. Camaat
yığıldı. Rəhmətlik şair Əhmədi çağırdılar. Gəldi,
Söyünü görən kimi mat qaldı.
Ə, a camaat, kişinin oğluna vergi
verilib. Görmürsünüzmü, gözləri sağlağ adam
gözləri kimi alışıb-yanır. Buna dinclik lazımdır.
Qoyun bir-iki gün dincəlsin. Görək axırı nə
olacaq.
Axırı nə olasıdı! Elə o zamandan
Söyünbaşladı haqq aşığı, şairi kimi şerlər deməyə.
O zaman rəhmətlik Aşıq Hüseyn Saraclı hələ
balaca uşaq idi. Amma yaxşı saz çalırdı.
Toya-düyünə bərabər getməyə başladılar. Hər
ikisi elin-obanın sevimlisinə çevrildilər. Mənim
yaxşı yadımdadı. Şair Ağacan Şuləverə gəlmişdi.
Traxtında (çayxana) Şair Söyünlə deyişdilər.
Söyün o kişini bağladı. Bu sözlər ağsaqqalımız
Qara Osmanın dilindən çıxıb. Şair Söyün 1937-ci
ildə aprel ayının 21-də Saraclıda vəfat etmişdir.
Şair Söyünün çoxlu şerləri, deyişmələri bizə
gəlib çatmışdır. Qədirbilənlərimiz o şerləri
yaşadır, nəsildən-nəslə yazılı və şifahi şəkildə
çatdırır. Belə şerlərdən bir neçəsini oxucuların
sərəncamına veririk:
Mən bu gün bir yerdə nəsə görmüşəm,
Ayıqdı aləmin var binəsinə.
Görcəyin də ona heyran olmuşam,
Əçabə onun bu xoş nəfəsinə.
Əvvəl nəzər saldım onun sehrinə,
Çiçəkli çəməndə canı-sərinə.
Bəziryan, tüççar da demə sirrinə
Çəsəddən can alır mat meşəsinə.
Bulud da qan qusur onun sərində,
O bir zəlzələdir, əsir yerində.
Aləm də qərq olur onun selində,
Şayır Söyün can deyib həvəsinə.
(Açması samovar)
Saraclı kəndinin ən qocaman ağsaqqal
və ağbirçək nəsillərinin yadındadır ki, Şair
Söyün necə, nə cür, əsasən kimlərin yanında və
haralarda, hansı böyük məclislərdə kimlərə qarşı
söz demiş, deyimlər-duyumlar söyləmişdir.
Hazırda Şair Söyün yaradıcılığını qısa da olsa
qələmə alan bu materialın muəllifi Saraclıda
Söyün barədə 20 nəfərdən çox, yaşı 80-90-ı keçmiş
adamlardan məlumatlar və məsləhətlər almışdır.
Bu baxımdan biz Şair Söyünlə dədə Ağacanın
deyişməsini olduqu kimi veririk:
Ağacan:
Oğul, çıxma uca dağlar başına,
Tüpü boran əsər, qar olar onda.
Əlini uzatma hər yuvalara,
Gürzə ilan olar, mar olar onda.
Söyün:
Gəşt eylə gəl eşqin gir bağçasına,
Gör ki, neçə-neçə bar olar onda.
Rustəm tək pozaram pəryari-pəri,
Ağır matahın tar-mar olar onda.
Ağacan:
Nə işin vardı oğul, Rustəmi-Zalınan,
Girəndə meydanda qeylu-qalınan.
Danıyı qoşsalar filnən, kalınan,
Görərsən hansına zor olar onda.
Söyün:
Düşürsən, çıxmazsan çiskin, dumandan,
Cəngimə keçənlər düşər amandan.
Bir nərə çəkərəm sıdqı-dəhandan,
O var qulaqların kar olar onda.
Ağacan:
Gör nələr var bu ustadın canında,
İndi dayan, tavla qoç meydanında.
Əlli il qalan Ağacanın yanında,
Annamaz ki, neçə tor olar onda.
Söyün:
Söyünəm, hər kəsə olmaram tabı,
Sinəmdə haqq sözün yoxdur hesabı.
Ağam olub ərənlərin sabahı,
Meydanıma girən xar olar onda.
Deyirlər bir gün Şair Söyün toydan
qayıdırmış. O zaman bığ yeri yenicə tərləmiş Aşıq
Hüseye Saraclı onun yanında saz tutub, şəyirdlik
edərmiş. Həmin gecə o da Şair Söyünün yanındaymış.
"Çır-çır" deyilən yerə çatanda Aşıq Hüseyn irəli
keçir ki, usta, yaman qaranlıqdı, daş körpüdən
necə keçəcəyik. Şair Söyün qayıdır ki,
-A bala, ətəyimdən tut, mən irəliyə
gedim, buralara bələdəm.
Şair Söyünün gözləri görmürdü. Elə ki,
o taya adladılar. Aşıq Hüseyn qayıdır ki, yaxşı, ay
usta, bə mən geri qayıdanda kimin ətəyindən
yapışacam...
|