|
BORÇALININ AŞIQ SAZ-SÖZ USTADLARI
Xındı Məmməd
Məmməd Gülabı oğlu Qəniyev 1896-cı ildə
Borçalı nümayəndəliyinin (Marneuli rayonu) böyük
Muğanlı (Qaş Muqanlı) kəndində kəndli ailəsində
anadan olmuş və çətin uşaqlıq dövrü keçirmişdir.
Çox gözəl, qeyri-adi məlahətli səsə malik
olduğunu görən dayısı Hüseyn Qoca oğlu 1914-cü ildə
onu məşhur el şairi, geniş savad dairəsinə malik
olan şair Ağacanın yanına şəyirdliyə verir.
Məmməd şair Ağacanın yanında
Azərbaycan, Şərq və xüsusilə islam tarixini tam
mənada öyrənir, şer, sənət dünyasının sirlərinə
dərindən bələd olmaqla, Nizamidən üzü bu yana
Azərbaycanın yazılı və şifahi ədəbiyyatını
dərindən araşdırmaqla, Qurbani, Xəstə Qasım,
Ələskər və s. şair-aşıqların yaradıcılıqlarını
da mənimsəyir.
Tale daha sonra Məmmədi Borçalıda o
zamanlar məşhur aşıq kimi tanınan Bayazidli
Məsimlə qoşalaşdırır və bu da onun nadir ifaçı
kimi püxtələşməsində əvəzsiz rol oynayır.
Qeyri-adi zil, məlahətli səsə malik olan Məmməd
aşıqlıq sənətinə dərindən yiyələnib Borçalının
ustad aşığı kimi formalaşır və sonralar Xındı
Məmməd təxəllüsü ilə gözəl aşıq şerləri yazmağa
başlayır, sazı-sözü ilə böyük şöhrət qazanır.
Xındı Məmməd çox gözəl dastan danışan,
ifaçı sənətkar, hazırcavab, bağlama və
qaravəllilərin gözəl bilicisi kimi əvəzsiz
olmuşdur. Onun ifasında ana laylasının
həzinliyi, Kərəm yanğısının göynərtisi, ağsaqqal
müdrikliyi, bir də Koroğlu zənguləsi var idi.
Tək-tək sənətkar bu 4 xüsusiyyəti özündə
birləşdirə bilir. Onun ifasında "Yanıq Kərəmi",
"Mənsuri"," "Yurd yeri", "Zarıncı", "Dol
hicranı", "Sultanı" və s. incə, ağır
havacatlarla yanaşı, "Misri", "Atüstü",
"Cəngi" kimi qəhrəmanlıq havaçatları çox
məharətlə və əvəzedilməz ahənglə səslənərdi. Bu
qəhrəmanlıq havaçatları oxuyanda onun 1930-cu
illərdə otuzluq lampaları söndürməyinin
şahidləri hazırda Borçalıda yaşayırlar.
Ustadlardan dərs alan Xındı Məmməd özü
sonralar geniş yaradıcılıq yoluna qədəm qoymuş
və çoxlu sayda "Divani", "Təcnis", "Təxmis",
"Gəraylı" "Müxəmməs" və s. üstündə qoşmalar və
ustadnamələr yazmış və bununla da özü ustadlar
sırasına daxil olmuşdur. Onun hazırda 200-dən çox
şeri məlumdur. O, bir çox ustad aşıqların
şerlərinə eyni rədiflə qabaq-raytarmalar yazmış,
neçələri ilə deyişmişdir. Şair Ağacan, Şair Nəbi,
Bayazidli Məsim, Təhlə Novruz və başqaları ilə
şerləşmişdir. Şerlərində ustadı Aqacanı dərin
minnətdarlıqla yad edir.
Onun şerlərində təbiət və insan
gözəlliyi, aşıq sənətinə bağlılıq, vətənə
məhəbbət tərənnüm edilməklə yanaşı islam dini
mövzusu özünə məxsus xüsusiyyəti ilə büruzə
verilir. Onun şerlərində islam dininin
müqəddəsliyi, aliliyi çox gözəl tərənnüm edilir,
islam dini tarixi-elmi baxımdan təsvir edilir.
1941-1945-ci illər İkinci dünya
müharibəsində iştirak edən Xındı Məmməd cəbhəyə
yola düşəndə öz telli sazını "Cənki" üstündə
kökləyib divardan asmışdı.
Xındı Məmmədi azərbaycanlılarla
yanaşı, başqa millətlərin nümayəndələri və
xüsusilə gürcülər çox sevir və onun sənətinə
yüksək qiymət verirdilər. Heç də təsadüfi deyil
ki, 30-cu illərin qara yelləri əsib, sapı özümüzdən
olan baltaların fitvası sayəsində pantürkist
damğası ilə Tiflisin Narın qalasına (Metex
qalası) salınan Xındı Məmmədi ölümün pəncəsindən
məhz dustaqxana rəisi, milliyyətcə gürcü olan
Ancavadze xilas etmişdi.
Xındı Məmməd neçə-neçə şəyirdlərin
yetişməsində xüsusi xidmət göstərib. Aşıq
Məhəmməd Sadaxlı, Aşıq Allahyar, Aşıq Ziyəddin,
Aşıq Seyfi və b. onun yetirmələridir. Onun
yetirmələri sırasında oğlu Gülabını xüsusi qeyd
etmək lazımdır. Xındı Məmmədin səsində,
nəfəsində olan güllər, xallar tam mənada
Gulabının barmaqlarına keçmişdir.
Xındı Məmmədin yaratdığı şerlərin bir
qismi "Yeni Marneuli", "Gürcüstan"
qəzetlərində, "Çeşmə" ədəbi almanaxında,
"Sazım, Sözüm" toplusunda (Yazıçı, 1978),
"Azərbaycan aşıqları və el şairləri" kitabında
çap edilmişdir. 1986-cı ildə onun anadan olmasının
90 illiyi Borçalıda əsl sənət bayramına
çevrilmişdi.
Xındı Məmməd 1968-ci il 28 avqustda vəfat
etmiş və Böyük Muğanlı kənd qəbiristanlığında
dəfn edilmişdir.
|