|
BORÇALI MAHALININ EL QƏHRƏMANLARI
Alxas ağa Hacıllı
Böyük türk dünyasının tən ortasında,
qoca tarixin səhər çağından üzübəri Türklüyü,
onun Dədəm Qorqud öyüdünü və adətini bu günə
özündə saxlayan bir qarapapaq eli var- bura Ulu
Borçalıdır. Borçalının Sınıq körpüsündən də qoca
Tiflisin alt tərəfindən Canbaxça yolu ilə üzü
Başkeçidə sarı gedəndə, El yolunun altında, Yel
Dağı ilə Qara Qüzeyin arasında, Borçalının orta
yerində bir tərəkəmə obası var -burası da ağır
elli Bolus Kəpənəkçidir. Kəpənəkçi öz ər
igidləri, axarlı-baxarlı aranı, sürülü-naxırlı
yaylaqlarıyla tanınırdı Borçalıda. Buranın
məşhur adamları az olmayıb. Bu yurdun adıbəlli
kişilərindən biri də öz hörmət-iz-zəti,
varı-dövləti və sözü-söhbəti ilə Sınıq Körpüdən
taa... Qarsa qədər hamının ehtiram bəslədiyi
Alxas ağa Haçallı idi.
XIX yüzilin əvvəllərində tərəkəmə
ağalarından Hacı Əmiraslan ağanın ocağında bir
oğlan dünyaya gəldi. Bu xoşbəxt körpə Alxas ağa
idi. Gözünü açandan ətrafındakı sazlı-sözlü
ozanlardan, məsəlli-məsləhətli, ağırtaxtalı
dədələrdən, nağıllı-bayatılı nənələrdən öz
mənəvi dünyasını quran Alxas ağa var-dövlət
içində uzun və kamil bir ömür yaşadı. Əsrin
sonlarına yaxın, təxminən 90-yaşında ağalığın
başına açılan oyunları görmədən, yurdda dörd
oğul qoyub umacaqsız və təmənnasız gözlərini
könül xoşluğu ilə yumdu gidi dünyaya.
Alxas ağa təkcə var-dövləti ilə yox,
ağıllı məsləhətləri, hazırcavablığı və bir də
bənzərsiz şe'rləri ilə həkk olunub yaddaşlara. Bu
gün Borçalıda Alxas ağa haqqında nə qədər
rəvayət, hekayət, məsəl desən, eşitmək olar. Alxas
ağanın söz deməyini, hazırcavablığını onun
nəslində bu gün də görmək olar. Məsələn, Alxas
ağanın oğlu Musa ağadan bir olay söyləyirlər:
otuzuncu illərdə Şura hökumətinin vergisini
ödəmədiyinə görə mərkəzdən gələn bir məmur Musa
ağanı yanına çağırtdırır. Bir azdan ata-baba
torpaqlarında çılpaq, lüt komsomolların ağalıq
etdiyi Musa ağa əski və yamaqlı geyimdə gəlir.
Dünənə qədər bütün nəsilləri Musa ağanın
nökərləri olan, bu gün isə ciblərində partiya
bileti, sinələrində komsomol nişanı gəzdirən
şərəfsiz buyruq qulları ağanın libasına baxıb
gülürlər. Məmur da ağa ilə məzələnmək istəyir;
- A kişi, Musa ağa sənsənmi? Belə də
ağamı olar? Cındırından cin hürkür. Ağanın
vəznəli çuxası, buxara papağı, belində naqanı,
yanında nökəri olar.
Ağa da söz altda qalmır:
Nəçənnik, onlar Nikolayın ağaları idi,
getdilər. İndi sənin kimi dılğır hökumətin mənim
kimi də ağası olar.
Alxas ağa qədim və köklü nəslin böyük
bir budağıdır ki, onun pöhrələrini bugünkü nəsil
xatırlayır və tanıyır. Alxas ağanın bugünkü
nəslindən nəvəsini- əlli il Borçalı
məktəblərində Azərbaycan türkcəsindən və
ədəbiyyatından dərs demiş, zəngin biliyi və
böyük həyat təcrübəsini heç kimdən əsirgəməyən,
gözəl şerləri aşıqların dilindən düşməyən,
Gürcüstanın əməkdar müəllimi, rəhmətlik Rəşid
müəllim Hacallını hamı xoş duyğu və sayqı ilə
xatırlayır.
Allah dünyasını dəyişənlərə rəhmət
eləsin, qalanları isə Tanrı qorusun. Amin.
Qoşma.
Külü küllüyündən, odu ocaqdan,
Közü kömüründən biləsən gərək,
Çörəyi təknədən, qabı bucaqdan,
Qundağı qucaqdan biləsən gərək.
Almanı rəngindən, armudu daddan,
Heyvanı dəridən, insanı addan,
Suyundan seçəsən qohumu yaddan,
Aslanı pəncədən biləsən gərək.
Gəzəsən dünyanın hər bucağında,
Olasan çəməndə, çay qırağında.
Yatasan dağların xoş qucağında,
Öləndə öyündə öləsən gərək.
Bülbülü səsindən, kəkliyi daşdan,
Tovuzu lələkdən, ördəyi başdan,
Kəməri qubbədən, üzüyü qaşdan,
Ceyranı gözündən biləsən gərək.
Qartalı qalvıda, ördəyi göldə,
Kəkliyi qayada, ceyranı çöldə,
Şadlığı obada, aşığı eldə,
Alxasın yanında görəsən gərək.
|