Ağbulaq     Baş keçid     Borçalı     Qarayazı     Dağ Borçalı     Qaraçop     Tiflis     Çoruk Qəmərli  
Coğrafiyası
Etimologiyası
Kəndləri
Nəqliyyatı
Tarixi
Demoqrafik quruluşu
Sənaye və kənd təssərrüfatı
Torpaq fondu
Maarifin inkişafı
Türk Pedaqoji Texnikomları
Adət ənənələri
Ədəbi mədəni əlaqələri
İctimai siyasi durum
Borçalı ziyalıları dövlət və hökümət orqanlarında
Öndər adamları
Akademik və müxbir üzvləri
Elmlər doktorları
Elmlər namizədləri
Həkimlər
El ağsaqqalları
Generallar
Hüquqsunaslar
Tarixi qəhrəmanlar
Rəssamlar
Memarlar
İncəsənət xadimləri
Jurnalistlər
Aşıq folklor örnəkləri
El sənətkarları
Xeyriyyəçilər
İdmançılar
Şəhidlər
Yaylaqlar
Xəritələr
Şəkillər
 

The Project is accomplished by the assistance of the Bureau of Educational and Cultural Affairs of the U.S. Department of State and International Research & Exchanges Board

Səhifənin yaradılmasında göstərdiyi köməkliyə görə Məmməd Sarvana təşəkkür edirik

BORÇALI MAHALININ EL QƏHRƏMANLARI

Darvazlı Mehralı bəy

1840-1850-ci illərdə qədim Borçalının Darvaz kəndinin camaatının əksəriyyəti at minib silah işlətməyi bacarır, toy və bayram şənliklərində güləş, cıdır meydançalarında atçapma yarışları təşkil edir, gəlini qara zurnanın müşayiəti ilə at belində ər evinə köçürürdülər. Yarışlarda qaliblərə nəmər və hədiyyə də verərdilər. Belə ənənələrə 70-ci illərin axırlarına qədər əməl olunurdu.

Bu yarışlarda başqaları ilə yanaşı, Ovçuöyünün cavanları da tez-tez qaliblər cərgəsində olurdu. Məhz ovçuluqda, atcılıqda fərqləndiklərinə görə onlara "Ovçuevi", "Oyçuöyü" deyirdilər...

Yüz əlli il bundan öncə Oyçüöyünün Abdullasının ailəsi kəndin ən hörmətli ailələrindən biri idi. Məmili oğlu Abdullanın məzhəb etibarilə şiə olan və darvazlı olmayan ilk arvadından Məhəmmədalı addı bir oğlu, ikinci həyat yoldaşından isə İsa, Mehralı və Alı adlı oğulları, Hürü və Tükəzban adlı qızları dünyaya gəlir. Mehralı da böyük qardaşları Məhəmmədalı və İsa kimi kiçik yaşlarından at minməyi və ov etməyi öyrənir. Mənbələrdən aydın olur ki, Mehralı on yeddi-on səkkiz yaşına çatanda, atası vəfat edir. Hələlik bəlli olmayan səbəblərə görə hökumət onun cənazəsinin müsəlman qəbiristanında dəfninə icazə vermir və onu zorla qarapapaqların adət və ənənələrinə zidd bir qayda ilə başqa, yad bir qəbiristanda dəfn edirlər. Elə həmin gündən Mehralını hökumət əleyhinə qaldıran da məhz bu hadisə olur.

Mehmet Arif bəy öz əsərinin "Mehralı kimdir?" adlı fəslində bu məqalələrdən bəhs edərək yazır: "Mehralının atası dəfn olunandan sonra yuxuda ona ayan olub ki, guya Abdulla deyib: "Utanmırsanmı? Mən yad qəbiristanlıqda, kafirlər arasındayam, sənin heç vecinə deyil. Yazıq sənin gününə! Mənim cənazəmi kafirlərin içərisindən çıxarmasan, əməyim sənə haram olsun!" Mahalın rus hökuməti məzarlığın qorunması üçün milliyyətcə rus gözətçi qoydurmuşdu. Mehralı dədəsinin məzarını buradan çıxardan vaxtı əl-ayağa dolaşan bu rus gavurlarından birini o dünyaya vasil etdi".

Başqa bir mənbəyə görə, Mehralı həmin keçə bir yox, iki keşikçi öldürür. Beləliklə, Mehralı bəy öz doğma dədə-baba yurdu Borçalı mahalının Çoruk Qəmərli (sonradan Bolus) nahiyəsinin Darvaz kəndindən qaçqın, köçkün düşüb qaçaq kimi Türkiyəyə, sonradan isə İrana üz tutur. Doğan Kaya yazır ki, Mehralının törətdiyi hadisələrlə bağlı "Tiflis valisinin əmri ilə Darvaz köyünü axtararlar, onun Keçəliyə getdiyini öyrənərlər. Keçəlidə Əhməd ağanın evini mühasirəyə alarlar. Mehralı içəridə atına minib aradan çıxır. Qısa bir müddətdən sonra Mehralı gecə ilə gəlib kənddə anası ilə görüşüb-öpüşüb, halallaşıb İrana keçir. Zənnimizcə, Mehralı məhz bu vaxtlar o dövrdə ad-san qazanmış Qasımlı Səməd ağanın qaçaq dəstəsinə qoşulur və İrana həmin dəstə ilə keçir." Ümumiyyətlə, türk mənbələrinin heç birində Mehralının Səməd ağanın dəstəsi ilə görüşü haqqında məlumat verilmir. Lakin bu məsələdə yeganə mənbə kimi qəbul olunan Çıldırlı Aşıq Şenliyin bəlli şeri də fikrimizlə üst-üstə düşür və bizə haqq qazandırır, onun İranda da olması təsdiqlənir:

Alosman yurduna talan saldılar,
Çalalı kürdünə qılınc çaldılar,
İran ölkəsindən xərac aldılar,
Şahı da qoydular yasa, əfəndim!

Rusiya canişinin şəxsi tapşırığı ilə dörd tərəfə əsgərlər salınır, Mehralını tapa bilmirlər, nəticədə onun kəndində və ətraf kəndlərdə qarapapaqlara işgəncə verirlər. Mehralının İrana keçməsini canişinliyin məmurlarına Hacı Vəli adlı birisi xəbər verir. Deyilənə görə, Haçı Vəli də Keçəli kəndinin sakini olub. Canişin xəbəri alan kimi İran şahına rəsmi məktubla müraciət edir, Mehralının ələ keçirilib göndərilməsini istəyir. Nəhayət, Mehralının yerini öyrənən İran zabitləri bir gün onun qonaq olduğu evi mühasirəyə alır. Mehralı evin yuxarı hissəsindən əsgərlərdən birinin atının üstünə atılır və aradan çıxır, təkrar Qafqaza keçib Darvaza gəlir, anası və qardaşlarından hal-əhval tutur. İsanın təkidi ilə Mehralı tək yaşaya bilməzdi, o artıq kiminsə dəstəsinə qoşulmalı idi. Elə belə də olur. Mehralı Dalaverli Mansur və Dovşanquluoğlu Hüseynlə birləşir. Mansur hirslənib bıçaqla öz çobanını öldürdüyünə görə, Dovşanquluoğlu Hüseyn isə darlı bir türkü yaralayıb rus hökumətinə təslim olmadığına görə qaçaq düşüb dağlara çəkilmişdi. D.Kaya yazır: "Bir rus öldürən Kələninoğlu Hüseyn də bunlarla birləşir. Rusların türklərə yapdıqları zülm qarşısında Mehralı və arkadaşları da rus köylərinə dəhşət saçırlar. Dördünün də şöhrəti günü-gündən artıb bütün Şərqdə əks-səda doğurmuşdur". Hökumətin bu dörd qaçağı ələ keçirmək cəhdlərinin hamısı boşa çıxır. Bu vaxt hökumət hiyləyə əl atır; günahları nisbətən yüngül olan Dalaverli Mansur və Dovşanquluoğlu Hüseyn bağışlanır. Mehralını ələ keçirən şəxsə rütbə veriləcəyi və onun böyük məbləğdə pulla mükafatlanacağı xəbəri isə hamıya bildirilir. Məsələdən xəbər tutan Mansurla Hüseyn gizlincə sözləşir, öz ayaqları ilə təslim olur və Mehralını tutub canişinliyə təqdim edəcəklərinə söz verirlər. Onlar vaxt itirmədən Darvaza gəlir və Mehralının ailəsinə işgəncə verirlər. Mansur Mehralının böyük qardaşını öldürür. Mehralı bunu eşidən kimi Mansurun xanımını dağa qaldıraraq dəyədə (çadırda) həbs edir və qardaşı Alını da üstünə gözətçi qoyur. Beləliklə, Mehralı ilə qaçaq yoldaşlarının münasibətləri getdikcə gərginləşir.

Deyildiyi kimi, Qafqazda onu axtaranların getdikcə çoxaldığını, hökumət bir yana qalsın, sadiq bildiyi silahdaşlarından bəzilərinin də rütbəyə, pula tamah salaraq onun "ovuna" çıxdıqlarını eşidən Mehralı ələ keçəcəyindən ehtiyat edir. Rusiya sərhədini keçərək türk torpağına pənah gətirir, o üzdə Şürəkəl (Arpaçay) qəzasında yerləşmiş qarapapaq kəndlərini özünə sığınacaq yeri bilir. Bir müddət burada qaldıqdan sonra iki rus əsgərini öldürüb yenidən Qafqaza keçir. Bundan xəbər tutan düşmənlər rusdan kömək istəyir. Hər birinin tabeliyində dörd-beş yüz atlı olan Mansur, Hüseyn, Musa Çavuş və ata dostu Qərib ağa Mehralını izləməyə, ələ keçirməyə can atırlar. Nəhayət, Mehralı ilə ilk üzləşən Musa Çavuş və onun dəstəsi olur. Mehralı bu görüşdə Musa Çavuşu ağır yaralayıb aradan çıxır. Bu hadisədən sonra hökumət axtarışları daha da gücləndirir. Musa Çavuşun ölümündən sonra onun rastına çıxan Qərib ağanın dəstəsi olur. Bu savaşda məlum olur ki, Mehralının arxadan təqib edən Qərib ağanın dəstəsi də ona bir şey edə bilmir və Qərib ağa yaralanır (Bir söyləmədə Mehralı bir sırada Qərib ağanı öldürmüşdür).

Nə dərəcədə təhlükəli olsa da, Mehralı ara-sıra Darvaza, anasının, qardaşının yanına gəlir. O, Qərib ağa ilə vuruşavdan sonra da doğma kəndinə gəlir, Keçəliyə kedib Baharı qaçıracağını anasına bildirir. Şübhəsiz ki, Baharı qaçırması onun işlərini daha da çətinləşdirir. O, qızla sərbəst hərəkət edə bilmir, odur ki, bəzən Baharı etibar etdiyi dost-tanışlarının evində qoymağa məcbur olur. Günlərin birində Baharla birlikdə yol gedən vaxtı Dovşanquluoğlu Hüseyn arxadan onlara yanaşır, qılıncını endirən anda Bahar əlini qaldırır və qılınc onun üç barmağını aparır. Vuruşmaq istəməyən Mehralı da başından yara alır. Yaralı aslan kimi nərildəyən Mehralı geri dönüb tüfəngi tuşlayır Dovşanquluoğluna, tüfənk açılmır və at sıçrayaraq irəli gedir, qılınc atının quyruğunu dibindən qoparır. D.Kayanın qeydlərinə görə, Mehralının bu döyüşdə aldığı yara çox ağır olur. O, Baharı etibar etdiyi bir ailədə qoyub özü Osmanlı torpaqlarına keçir. Yaralı halda yaxalanan Mehralı gözlərini açdıqda özünü əlləri-qolları zəncirli bir vəziyyətdə Qars həbsxanasının qəfəslikləri içərisində görür. Mehralının yaxalanaraq Qars həbsxanasına salınması M.Arif bəyin əsərində başqa cür təsvir olunur. Müəllif yazır: "İstanbuldakı rus elçisi Şürəgöl qəzası məhəlli idarəsini bu caniyə yataqlıq etməkdə suçlar. Bir qrup adamlar Mehralını izləməyə başlayır. Və bir gün Mehralını düz bir ovada sıxışdırırlar. Atışma vaxtı qəza idarə Heyəti dəstəsindən Qərib ağa ilə bir zabiti öldürür, kəndisi də yaralı olduğu halda yaxalanır. Mehralı Qars həbsxanasından fərar edər. Mehralının qaçma əməliyyatı da özü qədər qəribə və əyləncəli olduğundan, ayrıntılarına varıncaya qədər, sonradan öz ağzından dinlədiyim şəkildə aşağıda qeyd edirəm".

Həbsxana arxadaşlarımdan birisinin qarısı hər gün əppək və yemək gətirirdi. Onun vasitəsilə əppək içərisində bir yiyə kətirtdim. Bu yiyə ilə qəfəs dəmirini kəsib, bir adam girəcək deşik açdım. Sonra da başqa dustaqlara başa saldım. Əməliyyat baş verdikdə mən deşikdən çıxıb yaxınlıqda bir ot tayasının içində gizləndim. İki gecə üç gün-düz ac-yalavac bu tayanın içində vaxt keçirtdim. Sonra sən demə bura bitişik olan dam Qarsdakı piyada dəstəsinin sularını daşıyan saka bəykirlərinin axuru imiş! Həmin gecə axurun damına keçdim; damdakı havalandırma pəncərəsindən yavaşca sürüşərək içəri endim, atlardan birini seçib bayıra çıxdım və sırtına atıldım! Qarsdan beş-altı saat ərzində bizim qarapapaqların yaşadığı Şürəgölə qədər getdim. Onların köməyi nəticəsində at, silah əldə edib qarapapaq gənclərinin macəra və igidlik həvəslilərini də yanıma alıb, artıq Osmanlı yurdunda qala bilməyəcəyimi iyicə anladığım üçün Rusiya tərəfə keçdim. Əlbəttə, mən burada da sakit qala bilməzdim. Odur ki, dəstəmlə dağlara, dərələrə tə-rəf üz çevirdim...

D.Kayanın yazdığına görə, Qars həbsxanasında ona ilk yaxınlaşan adamın məşhur Mehralı olduğunu bilib ona daha çox hörmət edən və öz həyat yoldaşının vasitəsilə yiyə və digər lazımlı ləvazimatı əldə edib ona çatdıran və onunla birlikdə qaçmağa qərar verən şəxs Aşıq Əhməd adlı bir nəfər olur. Söyləmələrə görə, həbsxanadan qaçdıqdan sonra yarası qaysaq bağlamış Mehralı gecə yarısı Maraşlı kəndinə gəlir və ilk rastına çıxan evin qapısını döyür. İşə bax ki, "bu ev daha öncə öldürdüyü Musa Çavuşun babasının evi imiş. Mehralı başına gələnləri babaya olduğu kimi nəql etdi. Ev sahibi Mehralıya heç nə deməz, üstəlik, ona su qızdırıb yuyundurub, yaralarını isə təmizləyib məlhəm qoydular. Süd içirtdikdən sonra istirahətini təmin edirlər. Ağsaqqal öz övladlarına onların evində Mehralı bəyin olduğunu bir kimsəyə bildirməyi qəti qadağan etdi. Amma Mehralının kim olduğu kişinin oğlanlarına bəlli oldu. Mehralı karıxır. Ev sahibi: "Biz səni Musa Çavuşun yerinə qoyduq. Sən də bundan sonra bizim oğlumuz sayılırsan"- deyir. Bir ay Mehralıya yaxşıca qulluq edirlər. Gedəcəyi zaman iyi bir at ilə Musa Çavuşun qılıncını verirlər. Ev sahibi altı oğlunu da Mehralının yanına qatar və uğurlar arzulayar". 1877-1878-ci illərdə rus-türk müharibəsi başlanır.

Müharibə başlanan vaxt Mehralı yüz iyirmi nəfərlik dəstəsi ilə Rusiya tərəfdə olur. O qəfil basqınları ilə ordunun arxasında çaxnaşmalar salır, müharibənin törətdiyi qarışıqlıqdan istifadə edərək dövlət əmlakını çalıb-talayır və çar məmurlarını cana gətirir. Bu qarapapaq qaçaqla bacarmayacaqlarını duyan rus ordusunda xidmət şərtilə onu bağışlamağı qərara alırlar. Mehralı isə Mehmət Arif bəyin qeyd etdiyi kimi, bu fürsətdən bacarıqla istifadə edir.

"Rusiya hökuməti... hərbə qərar verdiyi sırada, rus ordusunda xidmət etmək şərtilə ləzgi, çərkəz və qarapapaqlardan Mehralı kimi məşhurları əfv edər. Mehralı bu xəbəri eşidəcək çox sevinir və Qars komandanı Hüseyn Kami Paşaya gizlicə bir məktub yollayır. Əgər Osmanlı tərəfindən də əfv olunarsa, toplamış olduğu yüz iyirmiyə qədər igid süvari ilə Orduyu-humayuna gəlib, eyni dinin bir mənsubu olaraq hərbi xidmətə və canını verməyə hazır olduğunu bildirir. Beləliklə, Mehralı qardaşı Alını da yanına alaraq öz dəstəsi ilə Çıldıra gəlir. Mehralını hörmət və ehtiramla qarşılayıb ona minbaşı, qardaşı Alıya isə mülazim rütbəsi verirlər.

Mənbələrdən aydın olur ki, baş komandan Ə.Muxtar Paşa cürət və cəsarət tələb edən anda, ən təhlükəli və qorxulu yerlərə gedib ən çətin tapşırıqları yerinə yetirməyə Mehralını göndərərmiş. O, iki yüzə qədər atlısı ilə bircə dəfə Rusiya sərhədlərini də keçmiş, erməni və rus düşmənlərini lərzəyə salmışdı. Əhməd Muxtar Paşa kitabının bir yerində xatırlayır: "1877-ci ilin avqustun sonlarında Mehralını iki yüzə qədər atlısı ilə Rusiya hüdudlarında teleqraf xətlərini qırmağa göndərmiş idim. Arpaçayın solunda və Gümrü-Tiflis yolu üzərindəki Ağbulaq və Barmaqsız-körpü mahallarına qədər gedib...kazaklarla hərb edərək... teleqraf xətlərini və dirəklərini qırıb mühabəratı qət etmiş və hüdudda (Arpaçay boyunda) qarşılarına çıxan iki bölük kazak süvarisilə dahi hərb edərək üç şəhid, iki yaralı ilə sentyabrın 7-də baş komandanlıq qərargahına gəlmiş və kazaklardan iyirmidən çox adam tələf etmiş idi... hər nə isə, Mehralı kimi igidlik mücəssəmə sahibini analar pak az doğur".

"Yeni Mehralı dastanı"ndan adlı başqa bir bölməsində Baş katib Mehmət Arif bəy Mehralının sərhəd bölgəsində göstərdiyi igidliyi haqda belə yazır: "Müəllif həmin bölməni baş komandanın fikrinə müvafiq olaraq "Sözün qısası Mehralı kimi bir aslanı analar zor doğurur" çümləsi ilə tamamlayır.

Baş komandan Ə.Muxtar Paşa Mehralının döyüş qəhrəmanlıqlarını paytaxta bildirir. Nəticədə Sultan Əbdül-hamid (1876-1909) Anadolu cəbhəsində ilk dəfə olaraq Mehralını Məcidiyyə nişanı ilə mükafatlandırır.

1877-1878-ci illərin müharibəsində, qeyd etdiyimiz kimi, qarapapaq soydaşların hünəri bütün Şərqə yayılmışdır. Mehralı müharibənin qızğın çağında Əhməd Muxtar Paşadan izn alaraq Qafqaza keçir. Darvaz kəndinə gəlir. Qohumlarını və özünə yaxın bildiyi digər qarapapaqları başına toplayıb rusların zülm və işgəncəsindən xilas olmaları naminə onların Osmanlıya köçmələrini məsləhət bilir...

Qohumlar, dostlar görüşüb məsləhətləşdikdən sonra, hava qaralandan sonra Darvazdan çıxıb Şindi dağına tərəf yol alırlar. Quyu bulağın suyundan doyunca içib "Bəlkə bu yerlərə bir də gəlmədim, sonuncu dəfədir" deyə üz-gözlərinə ovuc-ovuc su vuran, ağacları, daşları öpə-öpə vətən torpağı ilə vidalaşan Mehralının beyninə qəfil bir fikir gəlir: "Qundaqdakı oğlu Rüştü yol boyu səs çıxarıb təhlükə törədə bilər, odur ki, onu vətən torpağında bir çuxurun dibinə qoyub yola davam etmək gərəkdir". Qardaşı İsa, bacısı Hürü, qardaşı Məhəmmədalının oğlu Rüstəm və xanımı Baharın xahiş və yalvarışlarına məhəl qoymayan Mehralı həmişə olduğu kimi bu dəfə də dediyindən dönmür. Körpə Rüştünü bir vələs ağacının dibindəki çuxura qoyub yola düşdülər. Bir qədər kedib Şindinin ətəyindəki Sınıq körpüyə çatanda çağanın ayrılığına dözə bilməyən Bahar için-için ağlamağa başladı. Bunu görən baldızı Hürü kizlicə atının başını geri döndərir, qundağı həmin yerdən götürür, Mehralının gözünə görünmədən qarabaqara köçü təqib edir. Sərhədi keçhakeçdə qundaqla birlikdə sağ və salamat onlara qarışır. Bunu görən Mehralının qüssəli gözlərində sevinc işığı parlayır...

Allah Qarapapaq Mehralı bəyi doğrudan da elə bil müharibə üçün yaratmışdı. Mehralı bütün müharibələrdə olduqu kimi, Ərzurumun müdafiəsində də özünə məxsus Borçalı qarapapaqları sayağı şüçaət göstərib və qəhrəmancasına vu-ruşmuşdur. Əziziyyə basqınından sonra düşmən dörd alayla qərbdən Ərzurumu işğal etmək istəyir. Bu dəfə də kəşfiyyat əməliyyatını və qəfildən düşmənə sarsıdıcı zərbə endirməyi Mehralı bəyə və onun dəstəsinə həvalə edirlər. Bu əməliyyat barədə Mehmət Arif bəy əsərinin "Ufaçıq bir süvari müharibəsi" bölməsində belə yazır: "Ərzurum obasının bu cəhətinə enmiş olan düşmənin halını kəşf etmək və xəfif bir şeylə yaxalayıb işini bitirmək üçün süvarilərimizin içərisindən üç-beş yüz atlı seçilərək Ədhəm Paşa komandasında Hınıs və Tufanə köylərinə doğru çıxarıldı. Ərzurumun azad edilməsində Mehralının dəstəsindən on beş nəfər ölmüş və özü isə dabanından yaralanmışdır. Artıq 1877-ci ilin axır günləri idi ki, Rumeli adlanan Qərb cəbhəsində vəziyyət pisləşmiş, düşmən İstanbulu hədəf seçərək Ədirnəyə yaxınlaşmışdı. Bu səbəbdən baş komandan Əhməd Paşa təcili olaraq İstanbula çağırılır. Qurd İsmayıl Paşa dərhal çağırılıb ona yazılı və şifahi təlimat verilir. Mehmet Arif bəy yazır: "Mehralı yaralı olaraq savaşdan döndüyü zaman, işdi şayət komandanın Ərzu-rumdan bir tərəfə çıxması lazım gələrsə, özünün də birlikdə çıxarılmasını rica etmişdir. Çünki həm düşmənin zərərini görmək istəmir, həm də müharibədən əvvəl və sonra Moskova qarşı etdiklərinin cəzası çox ağır olacağını bildiyi üçün diri-diri düşmən əlinə düşməkdən son dərəcə çəkinirdi.

Əhməd Muxtar Paşa getdikdən sonra baş komandanlığa Qurd İsmayıl Paşa təyin olunur. Mehralı bəy də öz qəfiləsi ilə Sivasa doğru hərəkət edir. O, Sivasın Ulaş bucağına bağlı bugünkü Acıyurd kəndinin yerləşdiyi torpağı özünə məskən seçir. Digər qarapapaqlar da ona yaxın olan ətraf kəndlərdə yerləşirlər. Mehralı hazırda Qonaq (Acıyurdun məcarası) adlanan yerdə ev-eşik tikir. Xalq arasında Acıyurda indi də "Böyük köy", "Papaqlı köyü", "Mehralı bəyin köyü" deyirlər. Dovşanqulu oğlu Hüseyn Quşqayası kəndini seçir. Hal-hazırda Qanqal və Uzun yayla ətrafında otuz-qırx qarapapaq kəndi yerləşir. O vaxtlar Sultan II Əbdülhamid Mehralı bəyin və onun ətrafındakıların məskunlaşmasına dair heç bir məhdudiyyət və qadağa qoymamış, ürəkləri istəyən yerdə yaşamalarına icazə vermişdi.

İllər ötür... Öz xeyirxahlığı, alicənablığı ilə Sivas elində hörmət-izzət sahibinə çevrilən Mehralı bəy burada da igid qarapapaqlardan ibarət məşhur "40-cı hamidiyyə süvari alayı"nı təşkil edir. Sivasda olmasına baxmayaraq, Əhməd Muxtar Paşa, Qurd İsmayıl Paşa və Sultan Əbdülhamidin özü Mehralı bəylə sıx əlaqə saxlayıb tez-tez görüşür, onu bir an da olsa unutmurlar.

Mehralı bəyin və ona bağlı qarapapaqların Sivasa gəlişindən düz on iki il keçir. Bu zaman ərəblər İraqda tabeliyində olduqları qüdrətli Osmanlı dövlətinə qarşı qiyam qaldırırlar. Bununla əlaqədar Qurd İsmayıl Paşa özünü Sivasa- Mehralı bəyə yetirir. Bağdad üsyanı və üsyana rəhbərlik edən amansız bir qaçaq-eşkiya barədə məlumat verir, ondan kömək istəyir. Mehralı bəy süvarilərini toplayıb Qurd İsmayıl Paşa ilə birlikdə Bağdada yola düşür. "Bağdad valisi Mehmət Fazil Paşa onlara izzət ikramda bulunur. Mehralı qaçağa təslim olması üçün xəbər göndərir. O da bir şey etməyəcəklərinə dair şərəf sözü alaraq təslim olur. Mehralı qaçağın təslim olmasını Sultan Əbdülhamidə bildirir və onun bağışlanmasını xahiş edir. Bağdadda həm vali, həm də üsyana rəhbərlik edən eşkiya Mehralıya iyi cins ərəb atları hədiyyə edirlər. Mehralı Qurd İsmayıl Paşa ilə geri dönür.

Bir az keçmişdi ki, Yəmən üsyanı baş qaldırır. İngilislərin bilavasitə təbliği və rəhbərliyi ilə türklərə qarşı qaldırılan ərəblər getdikcə azğınlaşır. Mehralı bəyi gözü götürməyən varlı Rəşid Paşa fürsəti əldən verməyib: "Bu üsyanı yatırsa, Mehralı yatıraçaq" deyə sultana xəbər göndərir. Padişahdan belə bir xəbər gəlir: "İstər gedər, istərsə də getməz. Mən onu hər şeydə sərbəst buraxdım". Bunu eşidən Mehralı bəy "getmirəm" sözünü dilinə də gətirmir. Alayını toplayıb Ərəbistana yola düşür. Mehralı bəyi və onun dəstəsini Adana şəhərində böyük bir izdiham qarşılayır və Yəmənin həddindən artıq isti olmasını, onların istiyə dözə bilməyəcəklərini söyləyib onları yolundan döndərməyə çalışırlar. Mehralı geriyə dönməyi qüruruna sığışdırmır, yoluna davam edərək Yəmənə yetişir.

Kiminsə bacara bilmədiyi və bir zamanlar qaçaq ikən sonradan böyük bir qəhrəman, şəxsiyyətli bir adam, vətənsevərliyi ilə fərqlənən, comərd və cəsur, vətəninə misilsiz xidmətlər yapan bu dastan qəhrəmanı Mehralı Yəmənin istisinə tab gətirə bilməyib xəstələnir və orada 1906-cı ildə vəfat edir. Onu da qeyd etməliyik ki, onun atlılarının çoxu da tələf olur. Yalnız üç-beş atlı kişi geriyə, vətənə qayıdır. Bəziləri Acıyurd köyündən yüzbaşı Əhməd, Yetim İsmayıi, Mahmud Çavuş, Kürdoğlu göyündən Göyçə Çavuş, Quşqayası köyündən Dovşanqulu oğlu Hüseyndir. Mehralının qardaşı Alı bəy isə Yəməndən geri dönərkən gəmidə öldürülmüşdür".

Mehralı bəyin ölüm xəbəri bütün Türkiyəni sarsıdır. Sivas, Ərzurum, Qars elləri və dövlət tərəfindən ehsanlar verilir.

Əldə olunan materialdan bu qənaətə gəlmək olur ki, Borçalı mahalının Bolus nümayəndəliyinin tabeliyində olan Darvaz kəndinin tarix boyu alimləri də çoxdur, şairləri də, həkim, mühəndis, müəllimləri də. Bir sözlə, ziyalıları ilə mahalda ad qazanmışdır. Bu kəndin qismətinə mində bir kəndə qismət ola biləcək şanlı, igid bir oğul payı da düşüb. Qismətinə düşən bu payı özündə gizlətməyib bu kənd, qonşu türk obaları, elləri, vilayətləri, ölkələri ilə bölüşüb öz oğul payını. On doqquzuncu əsrin ortalarında dədə-baba yurdunun-Darvaz kəndinin qismətinə düşən bu qarapapaq-türk oğlu iyirmi beş il sonra Borçalı mahalının, 30-40 il sonra isə türk-Anadolu torpaqlarının, böyük Türkiyənin şanlı oğluna, bütün türklərin milli qəhrə-manına çevrilib. Və beləliklə, onun öz kəndində, eləcə də Anadolu torpaqlarında, Ərəbistanda-İraqda və Yəməndə belə Mərdlik, qəhrəmanlıq mücəssəməsi olan xatirə-heykəlləri ucalıb, şöhrəti Türkiyə tarixinin qızıl səhifələrinə həkk olunub, adına dastanlar bağlanıb, mahnılar qoşulub.

Bu, Borçalının sayımlı və öndərlərindən Mehralı, Rusiya və Türkiyə hökumətlərinin aradıqları, lakin ələ keçirilməsi mümkün olmayan qarapapaq Qaçaq Mehralı, Qars könüllü süvari alayının rəhbəri, minbaşı Mehralı bəy və vətən torpağına düşmən kəsilənlərin və xəyanət edənlərin amansız qənimi, türk milli qəhrəmanı, adı dillərdə dastan olan məşhur Mehralı bəy idi. Qardaş Türkiyədə, Anadolu ellərində "İkinci Koroğlu", "İkinçi Battal Qazi" kimi şöhrətlənmiş əslən Borçalı oğlu olan Mehralı bəyin haqqında qəhrəmanlıq materialını geniş oxucu kütləsinin sərəncamına veririk.

Copyright © 2003 Borchali