|
BORÇALI MAHALININ EL QƏHRƏMANLARI
Hər bir xalq öz tarixini özü
yaratmalıdır. Bu tarix qərinələr keçib, gələcək
nəsillər üçün bir örnəyə, bir bilik mənbəyinə,
nəhayət, ibrət dərsinə çevriləcəkdir.
Xalqın qan yaddaşı, azad, firavan həyat
tərzi və istiqlal uğrunda mübarizəsi, daxili və
xarici düşmənlərə qarşı ölüm-dirim vuruşu
bunların ən vacibi və dəyərlisidir. Doğulduğumuz
vətəni işğal etmək, onun qüdrətini zəiflətmək və
son nəticədə əyalətlərə parçalamaq üçün onlarca,
yüzlərcə padşahlar, xanlar-bəylər, zülmkar
çarlar və onların silahlı məmurları və nəhayət,
imperiya tərəfdarları dəfələrlə qanlar axıtmış,
lakin bu torpaq, bu el bərkiyə-bərkiyə bu günə
gəlib çatmışdır. Yəni Azərbaycan deyilən
məmləkət öz varlığını və mövcudluğunu qoruyub
saxlaya bilmişdir. Tariximizin çətin
dolaylarında müxənnət qonşunun xəyanətkar əli
həmişə arxadan kürəyimizə bıçaq saplamaq
niyyətində olmuş və bu gün də olmaqdadır.
Bünövrəsi orta əsrlərdə qoyulmuş və XX
əsrin ilk (1905) günlərindən daha dəhşətli formada
başlamış, lakin 1910-1913-cü və 1918-ci illərdə
quduzlaşmış erməni quldurları Bakıda, Şamaxıda,
Borçalıda və s. bölgələrdə on minlərlə
Azərbaycan türklərini vəhşicəsinə təndir və
tonqallarda, zirzəmi və qara damlarda
öldürmüşlər.
1918-1920-ci illərdə tayqulaq Andronikin
quldurları Zəngəzurda, Pəmbək və Cəlaloğluda,
Qarabağda, Borçalıda və başqa yerlərdə silahsız
dinc əhalinin başına min bir müsibət açmışlar.
"Böyük Ermənistan" xülyası ilə
bihuş olan bu qaniçən qatillər Borçalı mahalının
məntəqələrinə (Qızılhacılı, Kolagir, Sadaxlı,
Ləmbəli, Körpülü, Şamlıq və s.) soxul-muş, yerli
əhalini təhqir edib qovmaq, əmlak və ərazilərini
qarət etmək niyyətində olmuşlar. Heç bir silahı
və hərbi sursatı olmayan borçalılar
təpədən-dırnağa silaha sarılmış ermənilərin
hücumlarına fədakarcasına sinə gərərək hər
qarış torpaq uğrunda mübarizə aparıb, igidlərini
qurban vermişlər.
Cöyrə oğlu Qara tədricən yoxsulların,
əliqabarlı kəndlilərin müdafiəçisinə
çevrilirdi. Atasının düşmənləri də onu dinc
qoymur, hər vasitə ilə intiqam almağa
çalışırdılar. Qara az bir zamanda bütün
varlıların düşməninə çevrildi: o, kəndlilərin
gözəl qız və gəlinlərini oğurlayan, kəndlini
heyvandan ayırmayan, icarədarlarını aldadan,
camaatın mal-qoyununu oğurlayan ağa və bəylərin,
yerli üsul-idarənin qatı düşməni idi. Amma
varlılardan bir neçəsi Qaraya rəğbət bəsləyirdi.
İsmayıl ağa Qaranın dostu idi, bəy-lərin
planlarıvdan onu xəbərdar edirdi. Almaz ağayla
Mehdi ağanın qardaşı Halay bəy mərhəmətli və
ədalətli adam idi. Qasımlı kəndindən Aslan ağa da
ürəyi yumşaq, haqqı nahaqdan ayıran adam kimi ad
qazanmışdı. Qaradan zəhlələri gedən ağalar və
bəylər onu Elqiş kəndində yaşayan, əslən yunan
olan qoçu Mixoya öldürtmək üçün plan
hazırlayırlar. Qoçu Mixo Qaranın köçlə
Barmaqsızdan (Zəlyə) enəcəyindən xəbər tutur,
köçün qabağını kəsib Qaranı gülləyə basır. Onun
atdığı güllələrdən biri Qaranın arvadı Fatmanın
ayağına dəyir. Mixonun namərdliyindən
qəzəblənən yunanlar Qaraya tərəf çıxaraq Mixonu
öldürürlər. Düşmən olsa da, Qara belə bir qorxmaz
adamın ölümünə çox heyfsilənir.
Bu kələklərinin boşa çıxdığını görən
bəylər Cöyrə oğlu Qaranı aradan götürmək üçün
başqa hiyləyə əl atmalı olurlar, onu hökumətin
əli ilə Borçalıdan uzaqlaşdırmaq istəyirlər.
Onların bu hiyləsindən xəbər tutan Qara kəndi
tərk edib dağlara çəkilməyə, başına dəstə
toplamağa məcbur olur. Həmin vaxtdan Cöyrə oğlu
Qaranın Borçalı bəylərinə qarşı mübarizəsi daha
mütəşəkkil şəkil alır və ictimai-sinfi xarakter
daşımağa başlayır.
Yavaş-yavaş bu mübarizədə Cöyrə oğlu
Qaranın tərəfdarları meydana çıxmağa başladı.
Bunlardan biri Halay ağa idi. Halay ağa Qaranın
ədalətli mübarizəsinə haqq qazandırır, ona
açıq-aydın rəğbət bəsləyirdi. Bundan xoşu
gəlməyən qardaşları Almaz ağa və Mehdi ağa ona
qarşı qiyam qaldırdılar. Eşidirlər ki, Halay ağa
Şüləverdədir, iki oğlu ilə ora hücum edir. Halay
ağa onu yaralayıb hər iki oğlunu öldürür, sonra
dağlara çəkilib özünə bir dəstə düzəldir.
Qaranın qardaşı Xəlil də onun dəstəsinə qoşulur.
Aslan ağa da bir bəyi öldürəndən sonra
qaçaq düşür. Başına bir dəstə toplayıb
düşmənlərinə qarşı vuruşmağa başlayır. Qara hər
iki dəstəylə əlaqə saxlayırdı. Bəzən çətin
vuruşmalara birləşmiş dəstə ilə gedirdilər.
Yaşlı ağsaqqalların söylədiklərinə görə, Cöyrə
oğlu Qaranın adı o dövrdə Borçalının öndər
adamları ilə yanaşı çəkilirdi. Bunlardan ən
maraqlısı məşhur el şairi Faxralı şair Nəbinin
adı ilə bağlıdır. Məlumata görə, biri şair Nəbiyə
deyir ki, pulum çatmır, mənimlə şərik ol, kömür
düzəldib sataq. Şair razılaşır, dostu işləri
qaydaya salıb kömür alverinə başlayır. Kömürün
çoxunu nisyə alan "Şeytan-bazarlılar" onu
aldadırlar, get-gələ salırlar. Şair Nəbi də
borcunu istəməyə gedir, onu da başlarından
eləyib yola salırlar. Kor-peşman geri qayıdan
şair Meydandan keçərkən aşıq səsi eşidib
meyxanaya daxil olur. Meyxanaçı onu xam adam
bilib dolamağa başlayır...
Şair Nəbi özünü sındırmır. Bunu görən
lotular onu döyürlər. Bu vaxt Şair Nəbi Cöyrə
oğlu Qaranı yadına salır:
Hardan alım Cöyrə oğlu Qaranı,
Çəkə xəncərini, kəsə aranı.
Sən demə, Qara da Meydandaymış. Xəbər
çatanda özünü yetirir, lotuları pərən-pərən
salır, meyxanaçıya qulaqburması verir. Sonra
gəlişinin məqsədini soruşur. Şair Nəbi kömür
əhvalatını danışır. Qara şairə ürək-dirək verib
Aşıq Heylini göstərir:
- Onunla deyişərsənmi?
Şair Nəbi cavab verir:
- Sənin kimi arxam var, niyə deyişmirəm?
Qara bir onluq çıxarıb
meyxanadakılara deyir ki, kim nə qədər baçarırsa
o qədər pul versin, hansı aşıq bağlansa onundur.
Xeyli pul yığılır. Şair Nəbiylə Aşıq
Heyli üz-üzə gəlirlər. Bir azdan cavab verə
bilməyən Aşıq Heyli məclisdən çıxıb qaçır.
Toplaşanlar Şair Nəbini
tərifləyirlər, meyxanaçı ondan üzr istəyir. Qara
yığılan pulu Şair Nəbiyə verir. Yaşı
səksəni-doxsanı haqlamış qoçaların yaddaşında
yaşayan bu söyləmə Cöyrə oğlu Qaranın
comərdliyindən, həmişə əzilənlərə kömək əli
uzatmasından soraq verir. Xalq ona "Borçalının
Qaçaq Nəbisi" kimi baxmağa başlayır. Onun adı
el arasında böyük məhəbbət və nüfuza malik olur.
Cöyrə oğlu Qara Borçalı çökəyində rəsmi
hökumətin özbaşınalığına qarşı gedən
mübarizənin önündə durmağa başlayır. Daha bir
faktı qeyd edək. Vaxtilə Qızılhacılıda məktəb
açmağa başlayan gənc Nəriman Nərimanov yerli
irticaçılar, din xadimləri tərəfindən
düşmənçiliklə qarşılanır. Bu zaman Cöyrə oğlu
Qara onun köməyinə gəlir. Maddi vəsait toplayıb
məktəbin binasını tikdirir, sonra isə uşaq
toplamaqda ona kömək edir. Kəndlilər öz
qızlarını məktəbə buraxmaq istəməyəndə daha
cəsarətli addım atır, bacısı Ballını məktəbə
gətirir. Qara bununla da kifayətlənmir, hər
vasitə ilə məktəbi bağlamağa çalışan varlılara
və din xadimlərinə qarşı müntəzəm olaraq
mübarizə aparırdı. O, N.Nərimanovu göz bəbəyi
kimi qoruyurdu, yandırılmış məktəb binasını
bərpa etdirir. Qara qonşu kəndlərdə ağalıq edən
varlılara qarşı barışmaz mübarizə aparırdı.
Özlərini azad hiss edən Beytəkər kəndinin
bəyləri kəndlilərə ağlagəlməz işgəncələr
verirdilər. Bunu eşidən Qara bir neçə dəfə kəndə
hücum edib, bəylərə hədə-qorxu gəlir. Amma bəylər
hökumətdən kömək istəyib kəndi jandarmlarla
doldururdular. Kəndlilərin zülmü daha da artır.
Qara Halay bəylə Aslan ağanın dəstəsini köməyə
çağırıb Beytəkər kəndinə basqın edir. Vuruşmanın
qızğın çağında Aslan ağa yaralanır, Halay bəy onu
xilas edir. Qaçaqlar jandarmları böyük tələfata
uğradırlar. Çox silah, güllə ələ keçirəndən sonra
növbəti basqın edib bəylərə divan tuturlar.
Cöyrə oğlu Qaranın haqsızlığa qarşı
mübarizəsi get-gedə daha da genişlənməyə
başlayır, Qafqaz canisini bundan qorxuya düşərək
tezliklə dəstəni dağıtmağa sərəncam verir.
Qaranı həbs etmək üçün Borçalı çökəyinə çoxlu
jandarm göndərilir. Bütün yollar tutulur. Halay
bəylə, Aslan ağayla əlaqə kəsilir. Dəstəni
qırğına verməmək üçün Qara çıxış yolları axtarır
və Türkiyə ərazisinə keçməyi qərara alır. Bir
müddət Qarsda daldalanır. Burada Mürvət adlı
qadınla ailə qurur, bir müddət dinc həyat sürür.
Ancaq Borçalı çökəyindən aldığı ürək ağrıdan
xəbərlər onun dincliyini pozur.
Qaranın uzaqda olmasından istifadə
edən yerli mülkədarlar, məmurlar və jandarmlar
kəndlilərə divan tutmağa başlayırlar. Bundan
xəbər tutan Qara dözməyib dərhal Borçalıya
qayıdır, öz mübarizəsini davam etdirməyi
qarşısına məqsəd qoyur.
Birinci dünya müharibəsi dövründə
Cöyrə oğlu Qara Borçalı qəzasında başlanan xalq
iğtişaşlarına başçılıq edir. O, qəzada fəaliyyət
göstərən inqilabçılarla əlaqə saxlayır, onları
silahla təmin etmək üçün müxtəlif yollar
axtarır. Borçalıda fəaliyyət göstərən qaçaq
dəstələrini birləşdirmək onun ən böyük arzusu
idi. Amma Cöyrə oğlu Qaranın bu arzusu yerinə
yetmir, güvəndiyi iki adamın birisindən-Halay
bəydən məhrum olur. Jandarmlar Qaranı təqib
etməklə yanaşı, Halay bəylə Aslan ağadan da əl
çəkmirdilər. Qaranın onlarla birləşməyinə mane
olmaq istəyirdilər. Jandarmlar hər iki dəstəni
gecə yatarkən yaxalayırlar. Vuruşmada hər iki
tərəf böyük itkilər verir. Gözətçilərin üstündə
Halay bəylə Aslan ağanın sözü çəp gəlir. Halay
bəy ona bir-iki ağır söz deyir. Bu təhqirə dözə
bilməyən Aslan ağa Halay bəy çadıra (dəyə)
girərkən onu arxadan vurur. Ölüm ayağında olan
Halay bəy bacısı Saata məktub yazır ki, mənim
Qaradan yaxın adamım yoxdur, ona de ki, qisasımı
alsın. Məktubu Qaraya çatdırırlar. O, əhvalatdan
bərk kədərlənib Aslan ağanı axtarmağa başlayır.
Günlərin birində Sarvan kəndində Hacı Xəlil
ağanın toy məclisində onu yaralayır. Sağalan
Aslan ağa böyük səhv etdiyini başa düşür, Qaradan
üzr istəyir.
Çox çəkmədi ki, kəndlilər qiyam
qaldırıb bəylərdən torpaq tələb etdilər. Məşhur
ağa siyasət işlədib bəylikdən imtina etdi və
kəndlilərin tərəfinə keçdi. O, Qaranı qabaqlamaq
üçün tez-tələsik kəndli təşkilatı yaradıb ona
rəhbərlik etdi. Bəylərə qarşı mübarizə
aparacağına and içən bu ağa kəndliləri tovlayıb
onları Türkiyədən gələn rus əsgərləri ilə dolu
olan eşelona basqın etməyə ruhlandırır. O,
eşelonun Borçalıda "Sandar" stansiyasında
dayandığını kütləyə bildirdi. Kəndlilər
relslərin üstünə şalban yığaraq qatarın yolunu
kəsdilər. Ağanın niyyətini başa düşən Qara nə
qədər çalışdısa, kəndliləri bu ağılsız plandan
daşındırmaq mümkün olmadı. Qatar dayanarkən rus
zabiti bir neçə dəfə yolu açmağı xahiş etdi.
Bunun əvəzində ağa rus zabitini güllə ilə
yaraladı. Əsgərlər pulemyotu işə salanda Qara
araya durub, aman verməyi təvəqqe etdi. Bundan
sonra əsgərlər qatara yol açdılar.
Unudulmaz Borçalı qəhrəmanı Cöyrə
oğlu Qaranın göstərdiyi şücaətlər bunlarla
bitmir... Onun xarici düşmənlərə (ermənilərə)
qarşı apardığı savaşlar bir qəhrəman başçı kimi
onun fəaliyyətini daha da genişləndirib xalq
kütləsi arasında yayır. Yazılı mənbələrin
birində (arxiv materialı) qeyd olunur:
Ermənilər Ağbulaq rayonunun Dürnük
kəndi tərəfindən Qızılhacılıya hüçum edərkən,
Cöyrə oğlu Qara onların qarşısını saxlayıb
lazımi cavab vermişdir. Onun qanlı döyüşlərindən
biri tarixə "Bolus döyüşü" adı ilə daxil
olmuş indiki Bolnisi uğrunda gedən döyüşdür.
Bir faktı demək kifayətdir ki,
Andronikin 800 nəfərlik quldur dəstəsinə
Dağet-Xaçınlı kəndinin erməniləri qoşulub,
Qızılhacılıya və ona qonşu ərazilərə hücum
etdilər. Qızılhacılıların 25 nəfərdən ibarət olan
yaraqlı atlı dəstəsi Cöyrə oğlu Qaranın
rəhbərliyi altında İsrafil ağanın köməyinə
kəldilər. Vuruşma Yel dağı ətra-fında
borçalıların xeyrinə qurtardı. Şübhəsiz, qələbə
Qaranın qəhrəmancasına döyüşməsinin
nəticəsində əldə edilmişdi.
Qırmızı imperiya tərəfdarları və
Borçalıda çar üsul-idarəsinə qulluq edən mənfur
məmurlar dövlət yanında ad-san qazanmaq üçün
şayiə yaymışdılar ki, guya Qara Sovet
hakimiyyəti qurulduqdan sonra həbs olunub. Guya
Qara Şüləverdə məmurlar tərəfindən həbs edilib.
1928-ci ildə ailəsilə Şimali Qazaxıstana sürgün
olunub. Həbsdən bir il sonra onun ölüm xəbəri
gəlir. Lakin bir sıra mənbələrin və yaşlı nəslin
(şahid kimi) nümayəndələrinin verdiyi məlumata
görə, Qara Borçalıda gedən milli-siyasi
çəkişmələrin dolğunluğu və onun şəxsən yeni
həyatın qalib gəlməsi uğrunda xalqı düşmənlərə
qarşı çevirməsi Qaranı bir müddət vətəndən
uzaqlaşmağa məcbur etmişdir.
İllər keçdikcə Mürvət Cöyrə oğlu
Qaranın yaddaşını tərpədirdi. Onun halından
xəbər tutmaq, uşağı olub-olmadığını bilmək
istəyirdi. Burada arvadı Fatmanın halı yaxşı idi,
oğlanları Bilal, Həmid, Nəcəf normal
böyüyürdülər. Mürvətin həsrəti dözülməz olanda
daha dayana bilmir, gecələrin birində onlarla
vidalaşıb atlanır. Amma qəfil ölüm Çöyrə oğlu
Qaranın yolunu sərhəddə kəsdi, uzun illər
həsrətini çəkdiyi Mürvətinə qovuşmaqa qoymadı.
Sərhədə yaxın bir dağın əlçatmaz nöqtəsində
dincələn Qaraya ayı hüçum edir. O, ayını öldürür,
lakin özü də ağır yaralanır. Qanı axa-axa yoluna
davam edir. Ancaq mənzil başına çata bilmir.
Yolda rast gəldiyi çobanların qolları üstə
"Mürvət" deyə-deyə dünyasını dəyişir.
Beləcə, ömrünü xalqın uğrunda mübarizəyə həsr
etmiş Cöyrə oğlu Qara 1929-cu ildə əbədiyyətə
qovuşur.
El qəhrəmanı Cöyrə oğlu Qaranın adı
azadlıq uğrunda vuruşan Borçalı oğullarının və
xalqının ürəyində yaşayır.
|