Ağbulaq     Baş keçid     Borçalı     Qarayazı     Dağ Borçalı     Qaraçop     Tiflis     Çoruk Qəmərli  
Coğrafiyası
Etimologiyası
Kəndləri
Nəqliyyatı
Tarixi
Demoqrafik quruluşu
Sənaye və kənd təssərrüfatı
Torpaq fondu
Maarifin inkişafı
Türk Pedaqoji Texnikomları
Adət ənənələri
Ədəbi mədəni əlaqələri
İctimai siyasi durum
Borçalı ziyalıları dövlət və hökümət orqanlarında
Öndər adamları
Akademik və müxbir üzvləri
Elmlər doktorları
Elmlər namizədləri
Həkimlər
El ağsaqqalları
Generallar
Hüquqsunaslar
Tarixi qəhrəmanlar
Rəssamlar
Memarlar
İncəsənət xadimləri
Jurnalistlər
Aşıq folklor örnəkləri
El sənətkarları
Xeyriyyəçilər
İdmançılar
Şəhidlər
Yaylaqlar
Xəritələr
Şəkillər
 

The Project is accomplished by the assistance of the Bureau of Educational and Cultural Affairs of the U.S. Department of State and International Research & Exchanges Board

Səhifənin yaradılmasında göstərdiyi köməkliyə görə Məmməd Sarvana təşəkkür edirik

BORÇALI GENERALLARI

İsmayıl Bayramov

İsmayıl Bayramovun atası Xəlil kişi Borçalı nümayəndəliyinin Sarvan kəndindən, anası Tamam arvad isə həmin nümayəndəliyin Korarxı kəndindən idi.

Kəndli ailəsində boya-başa çatan Xəlil kişi Tamamla ailə qurduqdan sonra Borçalıda yaşayış tərzinin çətinliyi gənc ailəni Şimali Qafqazda mulkədar kimi imkanlı, milliyyətcə rus olan Nemov, Bondarenko, Soljenıtsın, Bıkov və başqalarının qoyun sürülərinə çoban olmağa gətirib çıxartdı. Xəlil Stavropol diyarının Georgiyevski bölgəsində məskunlaşıb çobanlıq etməyə başladı.

Gələcəyin qəhrəman oğlu, Borçalı balası İsmayıl 1910-cu ildə dünyaya göz açdı. Hələ uşaq yaşlarından atasının yanında çobanlıq edib təsərrüfatda bərkdən-boşdan çıxırdı.

İsmayıl söyləmələrə görə, məktəb yaşlarında çox gözü açıq, qıvraq, qorxmaz və igid bir uşaq idi. Ailə vəziyyəti yeniyetmə İsmayıla yalnız 1922-ci ildə Georqovski şəhərində oxumağa imkan yaratdı. Burada cəmi beş il oxudu. 1927-ci ildə bu bölgədə məskunlaşan azərbaycanlılara dövlət torpaq, mal-qara və s. təsərrüfat imtiyazları verdi. Elə həmin illərdə burada Borçalı, Sarvan, Korarxı, Naxçıvan, Kürdəmir və Dağıstandan gələn azərbaycanlılardan ibarət xutor-yaşayış məntəqəsi yaradılır. 1929-cu ildə xutorda kollektiv təsərrüfatı yaradıb adına da dahi dövlət rəhbərimiz və həkim-pedaqoqumuz Nəriman Nərimanovun adını verirlər.

Xəlil və Tamamın İsmayıldan başqa bir neçə uşaqları - Məhərrəm, İsrafil, Cəlil, Cəbrayıl və Gülcahan dünyaya göz açırlar. Artıq İsmayılın uşaqlıq dövrü arxada qalmışdı. O, evin böyük övladı kimi kolxozda işləməyə başladı.

İsmayıl həddi-büluğa çatdıqda (1933), Məleykə adlı bir qızla toy edib ailə qurur. İsmayılın dünyagörüşü, onun insaniyyəti və işgüzarlığı yaşadığı və çalışdığı kolxozun camaatının gözündən yayınmadı. Onu elə cavan yaşlarında partiya sıralarına çəkib, təsərrüfata rəhbər qoyurlar. O, işlədiyi illərdə bütün zəhmətkeşlərin və dövlətin etimadını doğrultdu. Onun kolxozu ildən-ilə məhsuldarlığı inkişaf etdirib vilayətdə qabaqcıl yerlərə çıxmışdır.

Artıq Böyük Vətən müharibəsi başlanmışdı. İsmayıl da bir vətənpərvər oğul kimi müharibəyə gedib vuruşmaq istəyirdi. Lakin hökumət onu buraxmadı. O, arxada müharibə üçün ərzaq məhsullarının hasilatı ilə məşğul oldu. Nəhayət, 1943-cü ilin qızğın döyüşləri Stavropol torpağını da tapdalayıb quldur alman döyüşçüləri tərəfindən zəbt edilmişdi. Artıq qardaşı Məhərrəm müharibədə vuruşur, İsrafil isə kursant forması geyinirdi. Bu dəhşətli günləri İsmayılın həyat yoldaşı Məleykə belə xatırlayır: günlərin birində axşamüstü bizə bir nəfər qaraçaylı gəldi. O, İsmayıl ilə təkbətək gizli söhbətlər etdi. İsmayıl Telman adına xutor məntəqəsinə yaxın qohumu Hüseynov Qəmbərin yanına getdi. Sentyabr ayının başlanğıcı idi. Bizə bir nəfər ayaqqabı təmirçisi sifətində adam gəldi. Səhəri günü İsmayıl bütün xutorun kommunistlərini yığıb onlara müharibənin gedişatı haqqında xəbər verdi. Camaatı düz yola istiqamətləndirmək, bizim müharibəni uğurla başa vurmağımız haqqında geniş söhbətlər apardılar. Beləliklə, artıq 1943-cü il öz uğurlu addımlarını bizim bu torpaqda da atmağa başladı. Biri digərinin ardınca yanvarın 21-də Stavropol, 26-da Armavir, Kubanın çölləri, neft şəhəri olan Maykop və Krasnodar kimi şəhərlər azad edildi. Bu vaxt İsmayıl müharibəyə getmək üçün sənədlərini yerli hərbi komissarlığa təqdim etdi. Nəhayət, 1943-cü il iyunun 6-da bütün camaat onu müharibəyə yola saldı. İsmayıl Bayramov Qırmızı Bayraqlı atıcı diviziyasında qulluq edirdi. O, bu diviziyada ölüm-dirim yolu keçmişdi. Onun ən cəsur, igid, yenilməz və cəngavər bir döyüşçü kimi Citomir, Novqorod, Volınska, Rovno, Zdolbunov, Polşa, Dnepr sahilləri və s. şəhər və ərazilərin düşməndən azad edilməsində göstərdiyi qəhrəmanlıqlar heç vaxt yaddan çıxmayacaqdır. Onun bu döyüşlərdə rəhbərlik tərəfindən aldığı yeni-yeni tapşırıqlar İsmayıl Bayramov tərəfindən ustalıq və məharətlə yerinə yetirilirdi. Onun dəfələrlə düşmən əhatəsindən sağ-salamat çıxması bütün döyüş yoldaşlarını, rəhbərliyi və eyni zamanda düşməni belə mat-məəttəl qoymuşdu. İgid Borçalı balası Koroğlu, Cöyrə oğlu Qara, Səməd ağa kimi meydanda döyüşüb vuruşardı. Onun yaddaqalan döyüşlərindən biri də əlbəyaxa vuruşudur. 1944-cü ilin sonları idi. Torpaq və şəhərlərimizi düşməndən azad edən zaman İsmayıl öz rota yoldaşlarından ayrı düşüb alman döyüşçülərinin əhatəsində qalır. Belə yaxın əlbəyaxa döyüşdə İsmayıl 40 nəfər alman əsgərini, 1945-ci ildə isə yenə belə bir döyüşdə 80 nəfəri öldürmüşdür.

İsmayılın belə igidliyi və qəhrəmanlığı haqqında diviziyanın komandiri A.S.Sarayev öz çıxışlarının birində belə deyib:-Sovet hərbi dairələri və onun döyüşən əsgərləri çoxmillətli cəngavər millətin ən yaxşıları ilə təşkil olunmuşdur. Starşina İsmayıl Bayramov kimi belə qəhrəman döyüşçülərlə heç bir vaxt düşmənə tabe olmaq olmaz. Biz, azərbaycanlı balası İsmayılla fəxr edirik!..

Əlbəttə, bu sözlər İsmayılı daha da göylərə qaldırıb və onun müharibə şücaətini daha prinsipial etdi.

İsmayıl Bayramovun qəhrəmancasına ölümü haqqında ən dəqiq və ətraflı material onun döyüş komandirlərindən Dmitriya Sviridovun 9 may 1945-ci ildə göndərdiyi məktub və sonra həmin məktubun əsasında (1945) Novoselitskidə çıxan "Bolşevik tribunası" qəzetində dərc edilmiş materialdır. O, İsmayıl haqqında belə yazmışdır:

-"İsmayıl Bayramov yaxşıların yaxşısı, döyüş komandiri olmaqla yanaşı, həm də çox gərəkli və əla partiya rəhbəridir". Bu sözləri təmiz vicdanlı və əqidəli rus komandiri demişdir.

Artıq 1945-ci ilin qışı idi. Dəhşətli döyüşlər alman ərazisində gedirdi. İsmayıl Bayramovun rəhbərliyi ilə onun döyüşçüləri Almaniyanın Neymarnt dəmir yolu vağzalında döyüşürdülər. Kritik döyüşlərin birində yenə İsmayıl vuruşa-vuruşa öz döyüşçülərindən kənarda qalmış və yüngül zədə aldıqdan sonra baxıb gördü ki, artıq hər tərəfdən alman əsgərləri ilə əhatə olunmuşdur. Cəsur azərbaycanlı balası-Borçalı yetirməsi olan İsmayıl "Vətən uğrunda! Partiya uğrunda" deyib axırıncı gülləsini də düşmənə tuş etmişdir. Böyük alman ordusunu pərən-pərən edən gənc Borçalı-Sarvan övladı düşmənə əsir düşməkdənsə özünü qəhrəmancasına öldürməyi üstün tutmuşdur. O, üstündə olan üç qumbaranın ikisini arxadan ona yaxınlaşıb "təslim ol, əsgər" deyən bir qrup alman əsgərlərinin üstünə atıb partlatmış, üçüncüsünü isə üzbəüz gələn alman zabitlərini özü ilə birlikdə partlatmışdır. Bu hadisə 1945-ci il fevralın 10-da baş vermişdir. Sovet əsgərləri bu dəmiryol vağzalını ələ keçirdikdən sonra axtarış vaxtı qəhrəman Sarvan balasının cənazəsini tapırlar. Cənazənin ətrafında düz 80 nəfər alman-faşist meyidi qalmışdı. SSRİ Ali Sovetinin Məleykə xanıma göndərdiyi məktubda belə yazılmışdır: "Hörmətli Məleykə İsa qızı! SSRİ Hərbi Komandanlığının verdiyi xəbərə görə sizin həyat yoldaşınız və bizim qəhrəman döyüşçümüz İsmayıl Xəlil oğlu Bayramov düşmənə qarşı döyüşdə qəhrəmancasına həlak olmuşdur. SSRİ Ali Sevetinin 10 aprel 1945-ci il tarixli qərarına əsasən ona Sovet İttifaqı Qəhrəmanı adı verilir.

Qəhrəmanın paltarını və sənədlərini sizə göndəririk." Müharibədən sonra Nərimanov adına kolxoz möhkəmləndi və şöhrət qazandı. Qəhrəmanın oğulları Xəlil və Salman təsərrüfatın baş çobanlarıdır.

Bəli, Borçalı özünün Koroğlusu, Emin ağası, Səməd ağası, Cöyrə oğlu Qarası, Qara Məmmədi, Dəli Əhmədi, Hacıxalıl ağası, Mehralı bəyi, İsrafil ağası, Yadigarov qardaşları, qırmızı ulduzlu İsmayılı və son illərdə şəhid verdiyi onlarla qəhrəman oğulları ilə fəxr etməyə haqqı var!

 

HƏRBİ GENERALLAR SİLSİLƏSİNDƏN (Yadigarov qardaşları)

Borçalı qədimliyi ilə yanaşı, həm də igid atlı qəhrəman oğulları ilə də əvəzsizdir. Borçalının qədim və ulu məntəqələrinin sırasında Təkəli kəndi də ön sıralarda gedir. Bu kənd istər Borçalıya və istərsə də bütün türk dünyasına biri digərindən qoçaq, igid, qəhrəman sərkərdə və döyüşçülər vermişdir. Bu qəhrəman oğullardan Yadigarovlar nəslindən olan üç qardaşın həyatı daha acınacaqlı olmuşdur. Bu üç qardaş arxiv və sorğu materiallarının verdiyi məlumata görə, hərbçi olmuşdur. Onlar bir-birindən ayrı Rusiya-İran, Rusiya-Türkiyə və Rus-Yapon müharibələrində namus və qeyrətlə vuruşub orden və medallarla təltif olunmuşlar. Hələ o vaxtlar Yadigarov qardaşlarının müharibədə göstərdikləri şüçaətlər haqqında Borçalı şair və aşıqları dastanlar qoşub məclislərdə günlərlə danışarmışlar.

Rusiyada XIX əsrin axırlarında bir hərbi tarixçi kimi şöhrət qazanmış rus tədqiqatçısı M.İ.Boqdanovun və hazırda Moskvada yaşayıb-yaradan həmyerlimiz polkovnik, tarix elmləri doktoru, professor hacımurad İbrahimbəyli bu qardaşlardan birinin- İsrafil bəy Yadigarovun döyüşlərdə göstərdiyi qəhrəmanlıqlardan iftixarla bəhs etmişdir.

1853-cü ildə Krım müharibəsi başlananda polkovnik İsrafil bəy Yadigarov Azərbaycan oğullarından ibarət min nəfərlik süvari müsəlman komandasının komandir müavini olmuşdur. Bundan bir il sonra "Kürək" dərə döyüşlərindəki hərbi igidliyinə görə ona polkovnik rütbəsi verilir. Həmin vaxtlar o, Borçalı igidlərindən ibarət könüllü yığma "ovçu" döyüşçülər təşkil edir, ordunun tərkibində də ikinci süvari Azərbaycan alayı yaradır. O, həmin alayla (1854) Krım döyüşündə düşmənin qoşununu arxadan yararaq atlı dəstəsini pərən-pərən edib, ağır zərbələr endirdi.

Arxiv sənədləri göstərir ki, 1855-ci ilin iyul ayında polkovnik İsrafil bəy Yadigarov Nuxa və Şamaxı bölgələrinin könüllülərindən təşkil etdiyi süvari alay dəstəsilə Türkiyənin Qars vilayəti üzərinə bir neçə yürüş etmişdir. Bu müharibədə qeyri-adi qəhrəmanlığa görə təltif olunan 350-dən çox azərbaycanlı arasında polkovnik Yadigarov da vardı. O, dördüncü dərəcəli müqəddəs Georgi ordeninə layiq görülmüşdür. Yadigarov qardaşlarının əsas tədqiqatçısı Şəmistan Nəzirlinin verdiyi məlumata görə, indiyədək heç bir arxiv sənədində, inqilabdan əvvəlki hərbi-tarixi əsərlərdə polkovnik İsrafil bəy Yadigarovun general-mayor rütbəsi alması haqqında məlumat verilməyib. Bu barədə əlimizdə bircə tutarlı fakt var. Onu da ilk dəfə Azərbaycan EA Tarix İnstitutunun böyük elmi işçisi, tarix elmləri doktoru Tofiq Vəliyev üzə çıxarıb.

Tofiq Vəliyevin verdiyi məlumata görə, məhkəmə materiallarından məlum olur ki, Əlimərdan bəy (M.C.Topçubaşovun atası) Borçalı ağalarından birinin qızını almışdı. Çox güman ki, sonralar onun II İrakli sarayına düşməsində arvad qohumlarının böyük rolu olmuşdur. Əlbəttə, bu həm fərziyyə və həm də həqiqət ola bilər. Beləliklə, əgər biz durmadan dövri olaraq Yadigarovlar haqqında müxtəlif səpkidə araşdırmalar aparsaq görərik ki, tariximizin müxtəlif dövrlərində bu nəslin oğullarının layiqli izləri vardır. Dahi mütəfəkkirimiz və tarixçimiz Abbasqulu ağa Bakıxanov özünün məşhur "Gülüstani-İrəm" əsərində Yadigarovlar nəslinin ulu babasından söhbət açır.

...Fətəli xan Azərbaycan və onunla bağlı bütün digər işlərini nizamlamaq üçün Gürcüstan çarı İrakli ilə görüşüb məsləhətləşmələr aparır. Çar İrakli Sadıq bəy Yadigar oğlunu səfir sifətilə Fətəli xanın yanına göndərdi. O, qədim valilər nəslindən yadigar qalıb... Onun oğul və nəvələri indi də Tiflisdə yaşamaqdadırlar. Gürcü akademiki Paata Vissarionoviç Ququşvilinin söylədiyinə görə, 1795-ci ildə Qacar Tiflisə hücum edəndə Gürcüstanda yaşayan azərbaycanlılar da şah ordusuna qarşı şücaətlə vuruşublar. Onlardan biri Sadıq bəy Yadigar oğlu idi, biri də Xudu bəy Borçalinski. Xudu bəy Borçalinski II İraklinin ən yaxın dostu olub. Akademikin söylədiyinə görə, II İrakli ən dar gündə belə Xudu bəy Borçalinskiyə bel bağlayırdı. Hətta bir gürcü sərkərdəsini azad edib, əvəzində Xudu bəyi təyin edir. Bizim gürcü tədqiqatçılarımız indi də bundan qeyri-adi bir fakt kimi danışırlar. Xudu bəy də Yadigarovlardandır.

Paata Vissarionoviç fərəhlə qeyd edir ki, 1928-ci ildə "Gürcü kitabı" (1629-1929) adlı əsəri yazanda bu fakta da arxivdə rast gəldi.

Xalqımıza, o cümlədən Borçalıdakı Azərbaycan türklərinə hədsiz hörmət bəsləyən ağsaqqal akademik Paata Vissarionoviç sevinclə:

-Hə, yadıma bir fakt da düşdü, - deyib qeyd edir ki, Ağa Məhəmməd şah Qacar Tiflisə yürüşə başlamamış II İrakliyə hədələyici bir məktub göndərir. Qacar məktubunda yazıb tələb edir ki, 1783-cü ildə ruslarla bağladığı müqaviləni pozsun. Əgər əmrimi yerinə yetirməsən, onda mənim qoşunum Gürcüstanda rus və gürcü qanından Kür kimi bir çay axıdacaq. II İrakli hiss edir ki, onun ölkəsini çox böyük və dəhşətli bir fəlakət gözləyir. Bu baxımdan o, öz ailəsini tez bir vaxtda Tuşetə göndərməli olur. Çətin dağ yolları ilə gedən II İraklinin arvadı Darecan xanım və onun uşaqlarını bu dar məqamda müşayiət edənlər isə Borçalı xanımı Xeyransa xanım Yadigarova və bir neçə nəfər kişi iradəli xanımlar olmuşdur. Bu faktı "Kavkaz" qəzetinin 1854-cü ildə nəşr olunmuş nömrəsində də görmək olar.

Azərbaycan Dövlət Tarix Muzeyinin arxivində saxlanılan bir sənəddə (1846) qeyd edilir ki, Qafqaz canişini knyaz M.S.Vorontsov raportla çar 1 Nikolaya bildirir ki, Loru dərəsindəki kəndlərin Sadıq bəy Yadigarovun sərəncamında qalmasına icazə versin.

Əvvəllər Körpülü kəndində köçərilərin müvəqqəti məskunlaşmasına baxmayaraq, gürcü çarları İrakli və Georgi tərəfindən bu kəndin Sadıq bəy Yadigarova bağışlanması haqqında ona fərman təqdim olunmuşdur. Qeyd etməliyəm ki, çarlar Sadıq bəyə ətrafda olan Azərbaycan türklərinin digər məntəqələrini və qeyri-Azərbaycan məntəqələrini də bağışlamışdılar.

Dekabrın 6-da imperator M.S.Vorontsova cavab məktubunda yazır ki, Loru dərəsindəki torpaqların Borçalı Azərbaycan ağalarının (əsasən Sadıq bəy, Hacıxalıl ağa və b.) ixtiyarında qalmasına etiraz etmirəm. Çox qəribə və dözülməzdir ki, nə İsrafil bəyin, nə Sadıq bəyin və nə də Həsən bəy Yadigarovun fotoşəklinə indiyədək rast gələn olmayıb. Bu qəhrəman Borçalı övladlarının doğulduğu Təkəli kəndində bu nəsildən olanlardan bir nəfər də qalmayıb. Ağsaqqalların söylədiklərinə görə, Stalin repressiyasının qurbanları olublar. Nəvə İsrafil bəy haqqında belə deyirlər: Nəvə İsrafil bəy ucaboylu, enlikürəkli, qarayanız igid bir şəxsiyyət olub. O, rus-yapon müharibəsində döyüşlərin birində yaponların topunu qılınc gücünə əsir almışdır. Qafqaz süvari briqadasının tərkibində vuruşan mayor İsrafil bəy Yadigarov (nəvə) 1905-ci ildə zabitlərə məxsus ikinci dərəcəli müqəddəs Georgi ordeni ilə təltif olunmuşdur. O, eyni zamanda dahi dramaturqumuz Mirzə Fətəli Axundovla dostluq etmişdir.

Yadigarov nəslindən daha bir maraqlı epizod:

1916-cı ildə çar əsgərləri kasıb-kusub kəndliləri çox incidirmişlər. Söhbət Borçalı kəndlərindən gedir. Kəndlərə qoyulan ağır vergilər, xan və bəylərin, pristav və knyazların təsərrüfatlarında bir qarnı aç, bir qarnı tox 10-15 saat işləmək çamaatı tamamilə cana doydurmuşdur. Yan-yörəsi çar əsgərləri ilə dolu olan uryadnikli qubernatorlar kəndləri çapıb talan edirdilər. Bu qarətlərə dözməyən Borçalının Qaçağan kəndindən Mustafa Tağı oğlu, Məmmədtağı Axund oğlu və Qasımlı kəndindən Kərəm və b. qubernatorun iki əsgərini o dünyaya vasil etmişdilər. Bu xəbər mərkəzi çox təşvişə salır. Bir müddətdən sonra iki polk əsgər Qaçağan kəndini mühasirəyə alır, kənd əhlini təhqir edir, xüsusilə kasıb kəndliləri döyür, olmazın işgəncələr verirlər. Kəndin bir neçə bəyi, o cümlədən Sadıq bəy Yadigarov da qubernatordan təvəqqe edir ki, camaatı nahaqdan incitməsinlər. Bu vaxt Həsən bəy Tiflisdə imiş. Ona xəbər göndərirlər. O da dərhal kəndə gəlir. Qubernator general Həsən bəyin faytondan düşdüyünü görüb özünü tam yığışdırır.

Həsən bəy:
- Bu nə özbaşınalıqdır mənim kəndimdə?

Qubernator:
- Əlahəzrət, mən onlardan əsgərləri öldürən caniləri tələb edirəm.

- Cənab qubernator, siz kasıb kəndlilərə vurduğunuz zərəri ödəyin, mən də bu saat sizin öldürülmüş əsgərlərin qan pulunu artıqlaması ilə verərəm. O ki, qaldı cinayətkar kəndlilərin sizə divan üçün verilməsinə... nə qədər ki, mən sağam, siz onları heç vaxt ala bilməyəcəksiniz...

Dodaqaltı donquldanan qubernator:
- Əlahəzrət, məndə o qədər pul hardadı?
- Onda gedin işinizin dalısınca.

Qubernator ildırım sürətilə əsgərləri yığıb geri qayıtdı.

İnsani keyfiyyətlərə malik olan Həsən bəy çox rəhmli və səxavətli adam idi. Kəndlilərə icarəyə verdiyi yerin bəhrəsini məhsula görə alardı. Bu vergini verə bilməyənlərə, külfəti çox olanlara həmişə güzəştə gedərdi. Bəyin arvadı Rüxsarə xanım da heç ondan geri qalmırdı. Borçalı mahalının bütün xeyir-şər işlərində iştirak edərdi. İstər kasıb və istərsə də ortabab varlı bəyin bəzəkli faytonunda gəlin gətirər, qız köçürərdi. Onlar heç kəsdən heç nəyi əsirgəməzdilər. Xoşxasiyyət və rəhmli Rüxsarə nənə kənd qızlarının toylarına gedər, qız-gəlinlərə hədiyyə alardı. Toyun bəyinə isə bir qayda olaraq Həsən bəy özü hədiyyə alardı. Kasıblar üçün ayrıca xörək qazanı asdırardılar, onları yedizdirib-içizdirərdilər.

Sadıq bəy Yadigarovun arvadı gürcü qızı idi. Onun üç oğlu var idi: Arçil bəy, Vəli bəy, Davud bəy. Otuz yeddinci il onları birdəfəlik kəndlərindən yox, bütün ölkədən didərgin saldı.

Deyilənlərə görə, Sadıq bəyin kiçik oğlu Davud bəy bir neçə il əvvəl Borçalıya gəlib nənəsinin qəbrini ziyarət edib. Qeyd edib ki, Gürcüstanın Zestafoni şəhərində Davud Sadıqoviç Yadigaraşvili familiyasında yaşayıram.

İllər nə qədər amansız və sərt keçsə də Yadigarov nəslinin oğullarının əvəzsiz xidmətlərini nə hafizəmizdən silə bilib, nə də yaş yaddaşlarından. Tiflisdə imarəti, Borçalıda yurdu, qədim Gəncədə səxavəti qalıb bu nəslin oğullarının. Əgər Gəncədəki XVII əsrdə inşa edilmiş "İmamzadə" kompleksinə fikir versəniz türbənin iç divarına həkk edilmiş mərmər lövhədə ərəbcə bu sözlər yazılmışdır:

"O, Allah əbədidir. Bu, imam Məhəmməd Bağırın - ona salam olsun - oğlu Mövlana İbrahimin müqəddəs məkanı, şərəfli bağıdır. Buna görə də bu müqəddəs yerin bərpasını Tiflisli general-mayor İsrafil bəy Yadigarzadə qoyub (1878-1879-cu ildə). Həmin məqbərədə, yəni 1878-çi ildə İsrafil bəy ulu babalarının dini əqidəsinə sadiq qalaraq türbəni öz hesabına təmir etdirmişdir. İmamzadə pirində general Yadigarovun hərbçi qohumları, əsli Tiflisdən olan Cəlal bəy və onun oğlu İsmayıl bəy Vəzirzadələr də dəfn olunmuşlar.

Çox qəribədir. Təkəli kəndinin üst yanında kiçicik bir təpə var. Əsrləri yola salmış Babakər dağının ətəyindəki bu boz təpədə salxım söyüdlər altındakı məzarda bir igid, bir qəhrəman atlı bəy uyuyur. Vaxtilə onun kəhəri Suqovuşanda kişnəyəndə Gümrüdə bəd xəyallara düşənlər diksinib qorxardı. Bu kişnərtidən Çubuxlunun göy yaylaqları, Cəlal-oğlu meşələri lərzəyə gələrdi. Loru dərəsinin yalçın qayaları bu kəsilməyən kişnərtidən əks-səda verərdi. İndi bu balaca məzar daşında bir qısa beyt həkk olunub: general-mayor Həsən bəy İsrafil ağa oğlu Yadigarov (1854-1934).

Bu adları çəkilən ağalar və bəylərlə yanaşı, Yadigarovlara qohum olan bir nəfər ziyalı bəy də vardır ki, bu bəy 1823-cü ildə Gürcüstanın Borçalı mahalında bəy ailəsində anadan olmuşdur. Düzdür, Atabəyin valideynlərindən, onun hansı kənddə, hansı şəhərdə doğulmasından bir xəbər yoxdur. Çox axtardıq tapa bilmədik, harada doğulub Atabəy Yadigarov? Lakin, bir sıra arxiv sənədlərindən məlum olur ki, Atabəy Yadigarov M.L.Topçubaşovun bacısı oğludur. 1844-cü ildə dayısının təşəbbüsü ilə Peterburq Universitetinə daxil olub, 1848-ci ildə isə əla qiymətlərlə həmin universiteti bitirir. Sonradan onu Zaqafqaziya canişininin sərəncamına göndərirlər. O, burada dəftərxana müdiri işləyir. 1853-1856-cı il Krım müharibəsində vuruşduğuna görə ona xatirə kimi Andreyev lenti üzərində bürünc medalla təltif olunur. Onların məlumatına görə, babaları Tiflis şəhərində 1890-1893-cü illərdə çuma xəstəliyindən vəfat etmişdir.

 

Axund Yusif Talıbzıdə

XX əsrin ilk onillikləri Azərbaycan türklərinin tarixinə milli intibah dövrü kimi daxil olmuşdur. İntibah ruhlu universal şəxsiyyətlər də başqa dövrlərlə müqayisədə bu illərdə daha çoxdur: xalqının milli tərəqqesində mühüm xidmətlər göstərmiş bu şəxsiyyətlərdən bəziləri unudulmuş, məlum ictimai səbəblər onların fəaliyyəti, əsərləri haqqında bəhs etməyə imkan verməmişdir. Sağlığında Azərbaycanda, bütünlükdə türk dünyasında böyük nüfuz sahibi olan, türkləşmək və islamlaşmaq ideoloqu kimi xalqının milli tərəqqesinə əvəzsiz xidmətlər göstərən Yusif Ziya (Axund Yusif) Talıbzadə indiyədək layiqli qiymətini almayan unudulmuş şəxsiyyətlərdəndir.

Əsrin əvvəllərində milli mənlik şüuru türkləşmək, islamlaşmaq, müasirləşmək ideallarının başlıca qayələrə çevrilməsi ilə müşayiət olunurdu. O dövrdə ziyalıların böyük əksəriyyəti islam dininə qayıdışı milli tərəqqinin başlıca amillərindən hesab edirdi. Yusif Ziya Talıbzadə həmin ziyalılar nəslinə mənsubdur. O, təkcə islam ideoloqu kimi məhdudlaşıb qalmırdı, onun fəaliyyət dairəsi çoxşaxəli idi. Pedaqoq, publisist, dramaturq, şair, hərbçi və siyasi xadim kimi də Axund Yusif Talıbzadə XX əsr Azərbayçan ictimai, siyasi və mədəni həyatının sayılan, seçilən şəxsiyyət lərindəndir.

O, 1877-ci ildə Tiflisdə dünyaya göz açıb. Borçalı mahalında məşhur olan Axundlar nəslindəndir. Sarvanlı Axund Talıb, Axund Süleyman ulu babalarıdır. Atası Axund Mustafa Talıbzadə isə Zaqafqaziya şeyxülislamının müavini olmuşdur. XX əsrin görkəmli yazıçısı, maarif xadimi Abdulla Şaiq Yusif Ziyanın kiçik qardaşıdır. Abdulla Şaiqin bir yazıçı və şəxsiyyət kimi yetişməsində Axund Yusifin güclü təsiri olmuşdur. Təsadüfi deyildi ki, Türkiyədə Şaiqin ölümünə xüsusi məqalə həsr edən Əbdülvahab Yurdsevər yazırdı: "A.Şaiqin fikri səması üzərində mərhum ağabəyisi Axund Yusif (Yusif Ziya) Talıbzadənin böyük təsiri olmuşdur. Şaiqi Şaiq yapan Axund Yusifdi, Ağabəyisinə qarşı dərin sevgisi bulunan Şaiq məfkurə xəzinəsini ondan irs almışdır". Məqalə müəllifi Şaiqdən fərqli olaraq Axund Yusifi "fəal bir siyasət adamı və usanmaz bir müçadiləçi" deyə təqdim edir. Uzun illər onu tanıyanlar arasında görkəmli siyasi xadim, türkçülük və islamçılıq ideoloqu, həm də bütün həyatını azadlıq uğrunda mübarizəyə həsr edən bir şəxsiyyət kimi hörmətlə xatırlanan Axund Yusif haqqında vətənində olmasa da, Türkiyədə xeyli dəyərli yazılar meydana çıxmışdır. İlk təhsilini Tiflisdə- Zaqafqaziya Ruhani İdarəsinin nəzdindəki "Əli təlimi" üzrə şiə məktəbində (ona rüşdiyyə məktəbi də deyirlər) almış, ərəb, fars, rus dillərini öyrənmişdir. 1894-cü ildə ailəsi ilə birlikdə Xorasana (Məşhədə) köçmüş, orada ali dini təhsil almış, məşhur Mirzə Cəfər mədrəsəsini bitirmişdir. Burada müctəhid Molla Əlinin tələbəsi olmuşdur. Dini təhsilini Bağdadda tamamlamışdır. 1900-cü ildə Bakıya gəlmiş, Nəriman Nərimanov və Hacı Zeynalabdin Tağıyevlə yaxınlaşdıqdan sonra onun coşğun mədəni-ictimai və siyasi fəaliyyəti başlamışdır.

1900-cü ildə Bakıda "rus-tatar" məktəbində yoxlama komissiyası qarşısında imtahan verdikdən sonra həmin məktəbə şəriət müəllimi təyin olunur. 1901-ci ildə "Təhsili-qəvaid" adlı o zaman üçün çox gərəkli olan "Azərbaycan dilinin qrammatikası" kitabını nəşr etdirir, N.Nərimanovun "Nadir şah" faciəsini fars dilinə çevirir. 1903-cü ildə islam aləmində qadın tərbiyəsinə dair "Hədiyyəyi-nisvan" ("Podarok jenşinam" farscadan tərcümədir) və H.Z.Tağıyevə həsr olunmuş "Sərvət və səxavətilə məşhur cənab Hacı Zeynalabdin Tağıyevin tərcümeyi-əhvalı" kitabları çapdan çıxır. 1903-cü ildə "Şərqi-Rus" qəzetində islam dininə dair məqalələri nəşr olunur ("Din tərbiyəsi" və s.). 1904-cü ildə Bakıda A.M.Promışlyanskinin litoqrafiyasında "İslam tarixi və tarixi-ənbiyaya dair məkanların nəqşəsi və islam məmləkətlərinin xəritəsidir" adı ilə çap edilən xəritə məktəblərin istifadəsinə verilir. Mütəxəssislərin yazdığına görə, Yusif Ziya Azərbaycanda yeni dövrdə ilk xəritə çap edən azərbaycanlı müəlliflərdəndir.

1905-ci ildən milli mətbuatın genişlənməsi ilə əlaqədar Yusif Ziya Talıbzadənin publisistik fəaliyyəti genişlənir, "Həyat", "İrşad", "Tərəqqi", "Füyuzat", "İqbal", "Şəlalə" kimi mətbuat orqanlarında müxtəlif mövzularda məqalələri nəşr olunur. İslam dininin ayrı-ayrı müddəallarını müasir həyat problemləri ilə əlaqələndirmək bu yazıların əsas məqsədini təşkil edirdi. "İslam və Menşikov" (1908), "Müsəlmanlar və maarif" (1909), "Cocuqlarımıza bir çarə" (1909), "Ərəbistan, yaxud Məkkə və Mədinə" (1909), "Rusi-müsəlman məktəbləri" (1909), "Türkiyə məktubları" (1913).

Yeni əsrin ilk onilliyi içərisində Yusif Ziyanın Bakı nəşriyyatlarında islam dini məsələlərinə dair 10-dan artıq kitabça və risaləsi nəşr edilmişdir. Öz dövründə çox yayılan və təkrar-təkrar nəşr olunan bu əsərlərin xalq arasında dini ehkamların yayılmasında, onların əslinə yaxın anlaşılması və dərk edilməsində, xüsusən islamın yeni dünyagörüşlə şərhində çox mühüm faydalı xidməti olmuşdur ("Müəllimüş-şəriə" (1903, 1908, 1909), "Təəlümüş-şəriə" (1904), "İslam tarixi" (1907), "Həqiqəti-islam".

Axund Yusifin erməni millətçiləri və daşnaklarla mübarizəsi xüsusi qeyd edilməlidir. Bu mübarizə 1906-cı ildən başlanır ("Əmirxanyansa cavab" və s). Özünü həm də bədii yaradıcılıqda sınayan Yusif Ziya 1910-cu illərdə səhnəyə qoyulan iki faciəsini yazır: "Ərmənusə" və "Ömir Xalid ibn Vəlid". 1907-ci ildə H.Z.Tağıyevin tapşırığı ilə Quranın Azərbaycan türkcəsinə tərcüməsi və təfsirini (3 cilddə) İstanbula, Türkiyə sultanı Əbdül həmidə hədiyyə aparır.

1910-cu illərin əvvəllərində Yusif Ziya qızğın siyasi fəaliyyətə başlayır, tez-tez Türkiyəyə gedir, "Türkiyə məktubları"nı çap etdirir, müxtəlif ictimai-mədəni və xeyriyyə cəmiyyətlərinin üzvlüyünə və rəhbərliyinə seçilir. Məmmədəli Rəsulzadənin (Məmmədəmin Rəsulzadənin qardaşıdır) məlumatına görə, 1911-ci ildə Müsavat partiyasının üzvlüyünə yazılan ilk beş nəfərdən biri Axund Yusif olmuşdur (qalan dörd nəfər- Vəli Mikayıl oğlu, Seyid Hüseyn Sadiq, Əbdürrəhimbəy Haqverdiyev, Seyid Musəvi). Bu barədə məqalə müəllifi yazır: "Yusif Ziya (Axund Yusif)- Türkmənistanda basmaçılarla birlikdə bolşeviklərə qarşı vuruşaraq şəhid oldu".

1910-cu illərdən sonra Axund Yusifin həyatının Türkiyə dövrü başlayır. 1912-ci ildə o, arvadı Cənnət xanım və oğlu Tələt ilə Türkiyəyə köçür, orada hərbi təhsil alır, birinci dünya hərbində Qars-Ərdəhan türk ordusu sıralarında ruslara, ermənilərə qarşı döyüşlərdə qəhrəmanlıqlar göstərir. 1918-ci ildə türk ordusu ilə bərabər Bakıya qayıdır Demokratik Cümhuriyyət dövründə "Müsavat" partiyasının orqanı "Azərbaycan"da, dövrün başqa mətbu orqanlarında fəal iştirak edir, siyasətə, maarif və mədəniyyət mövzularına dair məqalələr nəşr etdirir. Bəzi siyasi məsələlərin həlli üçün yenidən Türkiyəyə qayıdır.

Qızıl Ordu Azərbaycanı istila etdikdən sonra İran sərhədindən Azərbaycana keçərkən həbs olunur. Onu öz xahişi və təkidi ilə o zaman Azərbaycan Nazirlər Şurasının sədri vəzifəsini icra edən Nəriman Nərimanovun yanına gətirirlər. Qısa söhbətdən sonra və Moskva ilə razılaşdırıldıqdan sonra Yusif Ziya azad edilir, çox çəkmir ki, Nəriman Nərimanovun vasitəçiliyi ilə Naxçıvana hərbi komissar təyin edilir. 1921-ci ilin əvvəllərində- fevral-mart aylarında ailəsi ilə birlikdə Naxçıvana köçən Yusif Ziya Naxçıvan İnqilab Komitəsinin üzvü olur, 1922-ci ilin axırlarına qədər general rütbəsində hərbi komissar vəzifəsində çalışır. Vəfat etmiş Sokolovskini əvəz edən yeni hərbi komissar Naxçıvan torpağına göz dikən daşnak silahlı dəs-tələrinə qarşı mübarizə aparır. Əlimizdə Yusif Ziyanın həmin dövr fəaliyyətini işıqlandıran xeyli material var. Bunların bir hissəsi "Azərbaycan arxivi" jurnalında nəşr olunmuşdur.

Naxçıvan torpağına iddia ilə yanaşan, tez-tez sərhədləri pozan erməni millətçilərinə, daşnak hərbi hissələrinə sovet rəhbərliyinin liberal siyasəti ilə razılaşmayan Yusif Ziya 1922-ci ilin axırlarında Bakıya qayıdır, Nəriman Nərimanovla görüşür, Sovetlərə qulluq etmək istəmədiyini, bu quruluşla uyğunlaşa bilmədiyini söyləyir. N.Nərimanov Sovet İttifaqı sərhədlərini tərk etmək üçün ona rəsmi sənəd verir. Elə bu vaxtlarda biz Yusif Ziyanın Türkmənistanda, Orta Asiyada və s. yerlərdə basmaçılara qoşularaq qırmızı rus ordusu ilə vuruşlarda iştirak etdiyini görürük. Basmaçılarla bir sırada Yusif Ziya ilə bərabər istilaçı rus ordusuna qarşı döyüşən və sonralar görkəmli alim kimi məşhurlaşan professor Zəki Vəlidi Toğan tərəfindən yazılmış xatirə bu baxımdan çox əhəmiyyətlidir. Xatirələr Orta Asiya türklərinin azadlıq mübarizəsinin tarixi faktlara əsaslanan geniş mənzərəsini yaradır. Yusif Talıbzadə 1923-cü ildə vəfat etmişdir.

 

Eyvaz Məmmədov

Eyvaz Əbdürəhman oğlu Məmmədov 1921-ci ildə kasıb kəndli ailəsində dünyaya göz açmışdır. Atası Əbdürəhman kişi əslən Borçalının Sarvan kəndindən olub, əsrin əvvəllərində həyatın çətinlikləri ilə üzləşərək, qədim dədə-baba yurdu Borçalıdan Şimali Qafqaza pənah gətirmişdir. Orada ailə qurmuş və 3 övlad (2 qız, bir oğlan) böyütmüşdür. II dünya müharibəsi başlanan kimi 18 yaşlı Eyvaz ordu sıralarına çağırılmış və ilk gündən döyüşlərdə iştirak etmiş, hücuma keçmiş, səngərlər qazmış, addımbaşı ölümlə çarpışmış və müharibənin odlu-alovlu yollarından keçmişdir.

1944-cü ilin mart ayında baş leytenant Eyvaz Məmmədov I Ukrayna cəbhəsinin xüsusi - "Smerş" (çəsuslara ölüm) şöbəsinə cəlb edilir. Bu heç də təsadüfi deyildi: o, qorxulu anlardakı soyuqqanlığı, vəziyyəti tez və düzgün qiymətləndirmək bacarığı, nizam-intizamı, iti ağlı və adamlara qarşı xeyirxahlığı ilə başqalarından seçilirdi.

Çox illərdən sonra, dövlət təhlükəsizliyi orqanlarının əməkdaşı, podpolkovnik Eyvaz Məmmədovdan soruşanda ki, onun fikrincə, həqiqi çekistlik xarakterində əsas amil nədir, o, fikirləşmədən cavab verdi: Xeyirxahlıq! Çekistin yanan ürəyi, başqasının dərdinə ani reaksiyası olmalıdır. Bütün yaxşı çekistlər sonsuz xeyirxah adamlardır.

"Smerş" şöbəsində Eyvaz Məmmədov özünü anadangəlmə əkskəşfiyyatçı kimi göstərirdi. Onun hərəkətlərində yüksək məntiqlik, hadisələrin daxili mexanizmini və insanın psixoloji vəziyyətlərindəki paradoksu intuitiv duymaq bacarığı özünü aşkar büruzə verirdi. Əməliyyat müvəkkili Eyvaz Məmmədov üçün birinci ciddi yoxlanış onun xaricdə Xalq Daxili İşlər Komissarlığının müxtəlif komissiyalarında apardığı işlər oldu. Bu komissiyaların işi müharibə nəticəsində öz doğma oçaqlarından ayrı düşmüş mülki şəxs Vətənə qayıdan kütləsi arasında faşist təşkilatları ilə cinayət əlaqəsində olan və ya xarici kəşfiyyatın toruna düşən dövlətin maskalanmış düşmənlərini tapıb üzə çıxarmaqdan və onları ifşa etməkdən ibarət idi. Bu işdə səhv etmək olmazdı: günahı olmayanı günahlandırmaq və yaxud ədalət məhkəməsindən asanca kənarda qalan cinayətkarlara inanmaq eyni dərəcədə pisdir və yolverilməz haldır. Bu mürəkkəb proseslərin aparılmasında çekist Eyvaz Məmmədov özünün yüksək humanistliyi ilə insan ləyaqətinin qorunmasında onun alçaldılmamasını əsas meyar kimi götürürdü.

Çekistin fəaliyyətinə bir yerdə oturmaq xarakterik deyildir. Müharibədən sonrakı illərdə E.Məmmədov Pribalti-kada, Ukraynada, Şimali Qafqazda və Türkmənistanda işləmişdir.

Qərbi Ukraynada benderlərin bandalarının və Pribaltikada özlərini poetik olaraq "Lesnıye bratya" adlandıran banditlərin ləğv olunmasına rəhbərlik edən E.Məmmədov yüksək qəhrəmanlıq və professionallıq nümayiş etdirmişdir.

Dövlət təhlükəsizliyi orqanlarındakı işini davam etdirmək üçün Eyvaz Məmmədov Azərbaycana gəlir. O vaxt kapitan Məmmədovun hələ otuz yaşı da yox idi. Bakıya o, formalaşmış bir çekist kimi gəldi. Azərbaycanın dövlət təhlükəsizliyi orqanlarında 15 il işlədi və respublika DTK-nın sədr müavini vəzifəsinədək şərəfli bir yol keçdi. Axırıncı vəzifəsində 5 il nöqsansız işləyən E.Məmmədov polkovnik rütbəsində istefaya çıxdı.

Sonrakı illərdə o, respublikanın müxtəlif təşkilat və idarələrində, o cümlədən 1970-ci ildən 1982-ci ilədək respublika ədliyyə naziri vəzifəsində işlədi. Bu illərdə 3.Məmmədov respublika hüquq orqanlarının işinə çoxlu sayda yeniliklər gətirdi. Onun birbaşa təşəbbüsü ilə yeni qüquq təşkilatları yarandı. Bu işlərin görülməsində o, yüksək hüquqşünas professionallığı nümayiş etdirdi.

Eyvaz Məmmədov son illərdə Azərbaycan Respublikası Nazirlər kabineti yanında Baş Arxiv İdarəsinin rəisi vəzifəsində çalışdı.

E.Məmmədovun təltif olunduğu orden və medalların, fəxri fərmanların siyahısı çox genişdir. O, çox danışmağı sevməzdi. Ondan təltif olunduğu mükafatlar haqqında soruşduqda, bəzən gülümsəyərək 2-3 sözlə cavab verərdi: Bəli, elə bir iş olmuşdur. Bəzən də ümumiyyətlə, susardı: hər şeyi demək olmaz, deməyin vaxtı hələ çatmamışdır. E.A.Məmmədov gözəl ailə başçısı idi. 2 qız övladı özündən sonra yadigar qaldı.

Şərəfli bir ömür yolu keçən Eyvaz Məmmədov qorxmazlığı, prinsipiallığı, kristal təmizliyi və yüksək təşkilatçılığı ilə gələcək nəsillərə örnək oldu.

 

Ramiz Məmmədov

Ramiz Kamal oğlu Məmmədov 1940-cı ildə Borçalı nümayəndəliyinin Sarvan kəndində anadan olub. O, Marneuli Azərbaycan orta məktəbini bitirdikdən sonra iki il kolxozda işləyib. 1959-cu ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub. Həmin fakültəni 1964-cü ildə müvəffəqiyyətlə başa vuran Ramiz Məmmədov

bir müddət Ali Məhkəmədə məsləhətçi, 1970-ci ildən 1987-ci ilədək Oktyabr rayon xalq məhkəməsində sədr vəzifəsində işləyib. 1987-ci ildən bu günə kimi isə Bakı şəhəri Nəsimi rayon xalq məhkəməsinin sədri vəzifəsində çalışır. İşlədiyi illərdə Ramiz Məmmədov sevimli peşəsinə sadiq olmuş, insanlara qayğı və diqqətlə yanaşmış, hər bir cinayət işinin ədalətlə həll olunmasına çalışmışdır. Bu qanun keşikçisi həm də gözəl qələm sahibidir. Onun yeniyetmələrin və gənclərin əxlaq kodeksinə, müftəxorluğa, əliəyriliyə, talançılığa və ailə-nigah normaları baxımından istər məhkəmə salonunda və istərsə də mətbuat səhifələrində söylədiyi və dərc etdirdiyi hikmətli ifadələrin təsiri bu gün də öz bəhrəsini verir.

Ramiz Məmmədovun bu nailiyyətləri dövlətin diqqət mərkəzindən kənarda qalmayıb. Respublikanın əməkdar hüquqşünası kimi fəxri ada layiq görülüb. Özündə məsuliyyət hissi daşıyan əməkdar hüquqşünas gələcək işlərini respublikanın müstəqilliyinə yönəltmiş, qanun keşiyində möhkəm dayanmağı üstün tutmuşdur. Yuxarıda qeyd etdiyimiz kimi, onun bu əməli işləri diqqətdən yayınmayıb. İşküzarlığı ona ədliyyə generalı rütbəsi kimi yüksək dərəcəyə qalxmağa imkan vermişdir. Ramiz Kamal oğlu uzun illik əmək fəaliyyətinə görə "Əmək veteranı" ordeni ilə təltif edilib.

Ramiz müəllim həm də poeziya vurğunudur. Onlarca qəzet və jurnallarda çap etdirdiyi elmi-publisist məqalələri, 20 Yanvar şəhidlərinin xatirəsinə həsr etdiyi şerləri və aşıq nəğmələri dediklərimizi təsdiqləyir.

Onun şəhidlərə həsr etdiyi şerini veririk.

Sizə min rəhmət!

Azadlıq yolunda candan keçərlər,
Düşmənin bağrını oyub sökənlər.
Tankların altına qanın tökənlər,
Vətən şəhidləri, Sizə min rəhmət!

Vətən qışdan çıxsın, açılsın yazı,
Ramiz Borçalı da qoy çalsın sazı.
"Dilqəmi" üstündə gəlsin avazı,
Vətən şəhidləri, Sizə min rəhmət!

 

Cəlil Kələyev

Gürcüstanda yaşayan azərbaycanlıların sayı barədə müxtəlif mənbələrdə müxtəlif rəqəmlər göstərilir. Qeyri-rəsmi məlumatlara görə, Gürcüstanda bir milyona yaxın soydaşımız yaşayır. Bunları deməkdə bizim məqsədimiz soydaşlarımızın sayının şişirdilməsinə və ya azaldılmasına etiraz etmək deyil. Onlardan biri ilə oxucularımızı tanış etməkdir. Özü də elə şəxsiyyətlə ki, o yeganə Borçalı balasıdır. Respublikamızda bu sahənin ilk qaranquşu olmuşdur.

Haqqında söhbət açmaq istədiyimiz Cəlil Qara oğlu Kələyevdir. O, Gürcüstanda yaşamış və indiki nəslin içərisində yeganə azərbaycanlıdır ki, fəaliyyətinin ilk çağlarından respublika Dövlət Təhlükəsizliyi Komitəsinin mərkəzi aparatında çalışmış və 31 ildən sonra elə oradan da pensiyaya çıxmışdır.

Sovet hakimiyyəti illərində Dövlət Təhlükəsizliyi Komitəsinin əməkdaşları barədə mətbuat səhifələrində materiallar dərc etdirmək yasaq edilirdi. DTK əməkdaşları ilə adi məişət məsələləri barədə söhbət edəndə də fikirləşirdin, birdən ağzından çıxan söz başqa məna da verər. Bir sözlə, onlarla söhbət etməkdən hamı çəkinirdi. İndi zəmanə, dövr dəyişib. Odur ki, DTK zabiti Cəlil Qara oğlu haqqında təfərrüatı ilə danışmaq olar.

Cəlil Kələyev 1916-cı il mart ayının 31-də Borçalı qəzasının Sarvan kəndində (indiki Marneuli şəhəri) ortabab kəndli ailəsində anadan olub. Erkən yaşlarından atası Qara kişini itirib, böyük qardaşı Cəlalın himayəsi altında böyüyüb, zəhmətə, əməyə, halallığa qarşı meyl də onda məhz böyük qardaşının təsiri nəticəsində yaranmışdır. Anası Səkinə nənənin etirazına baxmayaraq, Cəlil Qara oğlu 14 ya-şında ikən kolxoza üzv yazılır ki, böyük qardaşı ilə çiyin-çiyinə çalışsın, ailəni dolandırmaqda, baçılarının böyüdülməsində az da olsa Cəlala kömək etsin.

Kolxoz quruculuğu illərində, həyatda, məişətdə, təsərrüfatda qarşılaşdığı, eşitdiyi haqsızlıqlara, əliəyrilərə, halal zəhmətə kəm baxanlara, oğrulara, qatillərə qarşı mü-barizə aparmaq onun ən böyük arzusu idi. Lakin dövr elə gətirmişdi ki, Cəlil Qara oğlu bu yolu davam etdirmək üçün oxumaq əvəzinə gecə-gündüz tarlalarda çalışıb bir tikə çörək qazanmalı idi. Ailənin böyük kürəkəni Fərəməz Məmmədovun məsləhəti ilə bir neçə dəfə bu barədə böyük qardaşına söz açmaq istəsə də, sonradan fikrindən daşınmışdı. Fikirləşmişdi ki, qardaşı elə bilər, işdən qorxur. Bəxtindən bir gün Cəlal əlini kiçik qardaşı Cəlilin çiyninə qoyaraq deyir ki, mənim qazancım ailəmizi dolandırmaq üçün kifayət edir. Ay Cəlil, iki qardaş, beş bacıdan heç birimizin savadı yoxdur. İstəyirəm ki, ailənin kiçiyi kimi sən məktəbə gedəsən, dərslərinlə məşğul olasan, nəhayət, oxumuş adam kimi xalqımıza xidmət edəsən. Hər şey həmin söhbətdən başladı. Cəlil Qara oğlu məktəbdən sonra 1938-ci ildə Borçalı Pedaqoji Texnikumunu bitirir və həmin ildən də Borçalı Rayon Komsomol Komitəsinin gənclərlə iş şöbəsinə rəhbərlik edir. Biliyi, bacarığı, tapşırıqların öhdəsindən layiqincə gəlməsi sonrakı illərdə ona ikinci katib seçilməsinə əsas verir. 1940-cı ildə birinci katib seçilmək üçün sənədləri hazırlanıb Tbilisiyə göndərilir. Bu zaman Dövlət Təhlükəsizliyi Komitəsində milli kadrlara ehtiyac duyulurdu. Sənədləri nəzərdən və süzgəcdən keçirildikdən sonra onu Tbilisiyə dəvət edirlər. Xeyli söhbətdən sonra məsələni ona açır və deyirlər ki, sən çoxdan axtardığımız kadrlardansan. Elə həmin gündən onu öz sıralarına qoşan çekistlər sonralar yanılmadıqlarını, hətta bəxtləri gətirdiklərini də qeyd edirlər. Bu barədə 1985-ci ildə Tbilisidə nəşr olunmuş "Sipər etibarlı, kəskin qılıncdır" kitabında Cəlil Kələyev haqqında daha səmimi sözlər yazılmış, onun keçdiyi yola, gördüyü işlərə, dövlət qarşısındakı xidmətlərinə, gənc çekistlərin hazırlanmasında, onların tərbiyə edilməsində yorulmadan çalışmasına yüksək qiymət verilmişdir.

1940-cı il martın 13-dən Gürcüstan SSR Xalq Daxili İşlər Komissarlığının sıravi operativ əməkdaşlığından 1971-ci il iyulun 19-dək respublika Nazirlər Soveti yanın-da Dövlət Təhlükəsizliyi Komitəsi istintaq şöbəsinin bölmə rəisi vəzifəsinədək şərəfli bir yol keçmiş sadə kəndli balası bu dövr ərzində bilik və bacarığını artırmaq naminə öz üzərində müntəzəm və fasiləsiz çalışmış, təhsilini davam etdirmiş, işdən ayrılmadan Tbilisi Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir ki, bunun da nəticəsində bu dövr ərzində iştirak etdiyi dövlət səviyyəli əməliyyatların hamısından alnıaçıq, üzüağ qayıtmışdır. Onun əməyi layiqincə qiymətləndirilmişdir.

1971-ci ildə Cəlil Qara oğlu pensiyaya çıxmaq üçün sənədlərini hazırlayarkən respublika prokuroru onu yanına çağıraraq xahiş edir ki, köməkçi vəzifəsi boşdur, orada çalışmağa razılıq versin. Köhnə dostlar hər yerdə, hər şeydə razılaşdıqları kimi Cəlil Qara oğlu indi də onun sözünü yerə salmır və razılıq verir. Sonrakı illərdə o, respublika prokurorluğunun ümumi nəzarət şöbəsinin bürokratizm və rüşvətxorluğa qarşı mübarizə qrupunun prokuroru kimi fəaliyyət göstərmişdir.

Təqribən bir il yarım burada çalışdıqdan sonra 1972-ci ilin dekabr ayında Gürcüstan SSR Ali Məhkəməsinə seçkilər başlayanda respublikada yaşayan hüquqşünaslardan bir nəfərin namizədliyi irəli sürülməli, yəni Ali Məhkəmədə bir nəfər azərbaycanlı kadr olmalı idi. Gürcüstanın hüquq-mühafizə orqanlarında özünün saflığı, səriştəliyi, iş bacarığı ilə tanınan Cəlil Kələyevin namizədliyindən söz salınanda hamı razılıqla səs vermişdir. Ali Məhkəməyə seçildiyi beş il müddətində o, burada cinayət işləri üzrə komissiyanın sədri olmuşdur. Son iş yerində Gürcüstan SSR Mərkəzi Statistika İdarəsində hüquq xidməti şöbəsinin baş hüquqşünas-məsləhətçisi vəzifəsində çalışdığı 11 il müddətində də əvvəllər olduğu kimi hamının rəğbətini və hörmətini qazanmışdır.

Cəlil Qara oğlu çalışdığı dövrdə də, pensiyaya çıxdıqdan sonra da ictimai işlərdə fəal iştirak etmiş, onun bilik və baçarığına ehtiyacı olan ictimai təşkilatlardan şəxsi həyatı üçün ayrılmış boş vaxtlarını belə əsirgəməmiş, hətta lazım gəldikdə hər hansı bir məsələnin düzgün, ədalətli həll olunması naminə rayonlara ezamiyyətə də getmişdir. Onun həyatda bir devizi var: nəyin bahasına olursa-olsun həqiqət, ədalət zəfər çalmalıdır. Həqiqət, ədalət naminə bəzən o öz şəxsi həyatını da unudur. Belə təşkilatlardan Gürcüstan SSR Ali Soveti Rəyasət Heyəti hüquq şöbəsinin ictimai əsaslarla məsləhətçisi, "Sovet Gürcüstanı" qəzetinin ştatdankənar hüquq-məsləhət şöbəsini, Marneuli rayonunda fəaliyyət göstərən əmək veteranları şurasını, Ümumgürcüstan "Qeyrət" xalq hərəkatının ağsaq-qallar şurasını və digərlərini göstərmək olar. Bütün bunlardan başqa, fərdi şəkildə hüquq məsləhəti almaq istəyənlərin heç biri ondan narazı qayıtmamışdır. Cəlil Qara oğlunun məhz bu xüsusiyyətləri nəinki bir rayon, bir şəhər, hətta respublika miqyasında ona hörmət qazandırmış, bir el ağsaqqalı kimi tanıtmışdır.

Bu yaxınlarda onunla söhbət edərkən əlli illik xatirəsindən bir epizodu yadına saldı.

1944-cü ildə Axalsixe bölgəsində Dövlət Təhlükəsizliyi Komitəsinin xəttilə iki nəfər fəaliyyət göstərirdik. Mən və bakılı Əli Rzayev. Mən Adıgün rayonunda olurdum. Burada çalışdığım iki ilə yaxın bir müddətdə yerli türklərlə qaynayıb-qarışmışdıq. Onların mehribanlığı, qonaqaərvər-liyi, zəhmətsevərliyi, torpağa olan məhəbbəti hamını heyran edirdi. Həyət-bacalarına, bağ-bağçalarına baxanda türk xalqının səliqə-səhmanı heç kimin nəzər-diqtətindən yayınmırdı. Onu da qeyd etmək lazımdır ki, türklərin yerli gürcülərlə yaxşı əlaqələri vardı. Bölgədə beş nəfər çekist işləyirdik. Bu dövrdə heç birimizdə elə bir məlumat yox idi ki, onlar sovet hökumətinə, sovet quruculuğuna qarşı ya bir söz desinlər, ya da artıq bir hərəkətə yol versinlər. Bizdən əvvəl çekistlərin sıralarında olan ermənilərin bəziləri şayiələr yaymağa başlamışdılar ki, guya türklər dövlət əleyhinə çalışır. Türkiyə Respublikası ilə əlaqə yaradır, kütləvi surətdə Türkiyəyə keçməyə hazırlaşırlar. Erməni çekistləri yerli türklərə qarşı bəzən provokasiyalara da yol verirdilər. Biz bilirdik ki, türklərin bu bölgədən köçürülməsi barədə dövlət proqramı hazırlanır. Onu da bilirdik ki, bu prosesin qarşısını almaqda bizim kimilər acizdirlər. Hər halda hərə əlindən gələni edirdi. Lakin şərait elə yarandı ki, türklərin kütləvi köçürülməsinə 10 gün qalmış bizi Tbilisiyə çağırdılar. Tbilisiyə qayıdandan, türklər sürüləndən sonra bir nəfər azərbaycanlı çekistlə- Cəlil Məmmədovla söhbətimizdə onların günahsız olduğunu dedim. Dəqiq yadımda deyil, Cəlil Azərbaycanın hansı rayonundan idi. Sən demə, aramızda olan söhbəti o da öz rəisinə danışır, onun rəisi də öz növbəsində komitənin sədri Rapavanın adına mənim əleyhimə yaxşı bir raport yazır və orada məni qatı bir türkpərəst kimi qələmə verir. Bir neçə gündən sonra şö'bə rəisim M.Kukutarla məni yanına çağırıb dedi ki, nə üçün dövlət fərmanını müzakirə edirsən, orda-burda ağzına gələni danışırsan. İşin nə yerdə olduğunu anladım. Hər şeyi olduğu kimi boynuma götürdüm, türklərin günahsız olduqlarını söylədim. Bəxtim gətirmişdi ki, rəislə mən bir-birimizi yaxşı tanıyırdıq, ürəyimin təmiz olduğunu yaxşı bildiyindənmi, çekistlər arasında narazılıq yaranacağındanmı, bilmirəm, nədənsə rəisim məktubu yanımda cıraraq zibil qutusuna atdı və mənə bildirdi ki, Cəlil Qara oğlu, belə məsələlər yuxarıda həll olunduğundan onun qarşısını nə sən, nə də mən ala bilərik. Ona görə də get öz işinlə məşğul ol, yoxsa orqandan da çıxarıb atarlar.

Respublikanın Dövlət Təhlükəsizliyi Komitəsində, Gürcüstan SSR Prokurorluğunda, Ali Məhkəmədə, Mərkəzi Sta-tistika İdarəsində çalışdığı illər ərzində Cəlil Qara oğlunun əməyi dövlət tərəfindən nə qədər yüksək qiymətləndirilmişdirsə, pensiyaya çıxandan sonra da xalqından ayrılmayan, daim onun içərisində olan, xeyirdə-şərdə həmişə ağsaqqallıq edən, məsləhətçi olan, indi də cavanlıq təravətini saxlayan Borçalı oğlunun el-obadakı hörməti orden və medallardan, fəxri fərmanlardan da qiymətlidir.

Elin gözü tərəzidir deyirlər. Bu tərəzidə hərə öz çəkisinə görə qiymətləndirilir. Cəlil Qara oğlu Kələyev artıq elin verdiyi ada- ağsaqqal adına layiq görülmüşdür. Borçalı-ları da Borçalıda yaşadan belə ağsaqqallardır.

Copyright © 2003 Borchali