Ağbulaq     Baş keçid     Borçalı     Qarayazı     Dağ Borçalı     Qaraçop     Tiflis     Çoruk Qəmərli  
Coğrafiyası
Etimologiyası
Kəndləri
Nəqliyyatı
Tarixi
Demoqrafik quruluşu
Sənaye və kənd təssərrüfatı
Torpaq fondu
Maarifin inkişafı
Türk Pedaqoji Texnikomları
Adət ənənələri
Ədəbi mədəni əlaqələri
İctimai siyasi durum
Borçalı ziyalıları dövlət və hökümət orqanlarında
Öndər adamları
Akademik və müxbir üzvləri
Elmlər doktorları
Elmlər namizədləri
Həkimlər
El ağsaqqalları
Generallar
Hüquqsunaslar
Tarixi qəhrəmanlar
Rəssamlar
Memarlar
İncəsənət xadimləri
Jurnalistlər
Aşıq folklor örnəkləri
El sənətkarları
Xeyriyyəçilər
İdmançılar
Şəhidlər
Yaylaqlar
Xəritələr
Şəkillər
 

The Project is accomplished by the assistance of the Bureau of Educational and Cultural Affairs of the U.S. Department of State and International Research & Exchanges Board

Səhifənin yaradılmasında göstərdiyi köməkliyə görə Məmməd Sarvana təşəkkür edirik

BORÇALININ VƏ QONŞU BÖLGƏLƏRİN ZİYALI AĞSAQQALLARI VƏ AĞBİRÇƏKLƏRİ

İmran Kərimov

Borçalı qəzasının adlı-sanlı nəsillərindən olan Mursaqulovlar mahalda və onun hüdudlarından çox-çox uzaqlarda igid və şücaətli adamları, qeyrətli və namuslu ərləri və ziyalıları ilə fəxr edirlər. Buna onların mənəvi haqqı var. Qeyd etdiyimiz kimi ərənləri, igidləri ilə seçilən bu nəslin ən ziyalı və qeyrətli oğullarından biri də İmran Kərimovdur. O, Borçalı nümayəndəliyinin Qızılhacılı kəndində 1907-ci ildə dünyaya göz açmışdır. Orta məktəbi öz doğma kəndində bitirən İmran 1925-ci ildə N.Nərimanovun tapşırığı ilə Gəncəyə, sonra isə Daşkəndə təhsilini davam etdirməyə getmişdir. O, 1941-ci ildə Daşkənd Akademiyasını bitirib Bakıya gəlir. 1942-ci ildə könüllü olaraq Cahan müharibəsinə kedir. 1942-ci ildən Qafqaz dağlarından döyüşə başlayır, müharibəni 1945-ci ildə Berlində qurtarır. Cəsur döyüşçü İmran Kərimov müharibədən podpolkovnik rütbəsi ilə Borçalının Qızılhacılı kəndinə qayıdır və əmək fəaliyyətinə başlayır.

İmran Kərimov 47 il xalq təsərrüfatının müxtəlif sahələrində məsul vəzifələrdə çalışmışdır.

İmran Kərimovun sadəliyi, zəhmətkeşliyi, xalqına olan sonsuz məhəbbəti onu el gözündə həmişə ucaltmışdır. O, həm də olduqca xeyirxah adam idi. Xalqın dar günündə gərəyi olurdu. Ən ağır anlarda xalqına dayaq olardı, başqa din, dil içində öz xalqanın mənliyinin, mənəviyyatının keşikçisi olurdu. Onlarla sadə əmək adamı ən çətin anlarda ona üz tutub, məhz bu insanla məsləhətləşərdi. Doğrudan da, hamını dardan qurtarar, hamının imdadına çatardı. Elə buna görə də Borçalı camaatı qədirbilənlik edib onu ən böyük mükafatla təltif edib. Onun mükafatı "El atası" kimi çox böyük müqəddəs bir ada layiq görülməsi oldu. Kasıbın arxası, dayağı idi. Onun yaşadığı mənzil bir növ "elçi daşı"na və yaxud elçi qəbul edən müqəddəs bir ocağa çevrilmişdi. İmran Kərimovun toxunulmaz və müqəddəs adı onu sevənlərin və hörmət edənlərin qəlbindədir.

Alicənab və xoşxasiyyət insan, el atası, müqəddəs ocaq və sözü keçən el ağsaqqalı İmran Kərimov ömrünün 86-cı baharında əbədiyyətə qovuşdu. Yerin cənnət, ruhun şad olsun, qəbrin nurla dolsun, El atası! Qədirbilən Borçalı çamaatı adınla fəxr edir, şərəfini uca tutur. Siz bunu öz nəcib əməlinizlə, xeyirxah işlərinizlə qazanmısınız.

 

Baxış Kələyev

Baxış Hüseyn oğlu Kələyev 1917-ci il dekabrın 25-də Borçalı nümayəndəliyinin Sarvan kəndində ortabab kəndli ailəsində anadan olmuşdur. 1924-1925-ci tədris ilində Sarvan kənd yed-diilik məktəbinə daxil olub, 1930-1931-ci tədris ilində həmin məktəbi qurtarmışdır. 1931-1932-ci tədris ilində Borçalı Türk Pedaqoji Texnikumuna daxil olmuş, 1933-1934-cü tədris ilində həmin məktəbi bitirib müəllim adı almışdır.

Texnikumda oxumaqla bərabər təsərrüfatda bacardığı işlərdə çalışmışdı. Gecələr çırağın işığında, bir çox hallarda tövlədə dərsə hazırlaşmışdı. Müəllimə hörmət, məktəbə məhəbbət olduqca yüksək səviyyədə idi, baxmayaraq ki, o vaxtlar oxumaq üçün şərait yox idi, münasib məktəb binaları yox idi, müəllim kadrları, dərsliklər və s. ləvazimatlar çatışmırdı, ancaq bütün bunlar onu oxumaq həvəsindən salmadı. Xoşbəxtlikdən tale elə gətirdi ki, iş fəaliyyətinə müəllimlikdən başladı. 1935-1936-cı tədris ilindən Borçalı rayonunun yeddiillik Baydar kənd məktəbində müəllim işləmişdir. Burada işləyərkən təlim-tərbiyə sahəsində yüksək göstəricilər əldə etmək üçün öz üzərində ciddi çalışırdı. Bu gərgin işin sayəsində müəyyən qədər müəllimlik təcrübəsinə yiyələndi. 1938-ci ilin noyabr ayında ordu sıralarına çağırıldı və Ukraynanın Jitomir vilayətinin Ovruq şəhərində hərbi xidmətə başladı. Burada 1939-cu ildə polk nəzdində olan kiçik komandir məktəbini bitirib serjant rütbəsi alaraq top komandiri olmuşdur. 1939-cu il sentyabrın 17-də Sovet İttifaqı ilə Polşa arasında müharibənin başlanğıcından axırına qədər iştirak edən Baxış Finlandiya müharibəsindn də əvvəldən axıra kimi iştirakçısı olmuşdur. O, 1940-cı ilin noyabr ayında hərbi qulluqdan buraxılaraq Sarvan kəndinə qayıtmışdı. Həmin ilin dekabrında rayonun Qızılhacılı kəndinin yeddillik məktəbinə riyaziyyat müəllimi göndərilmişdi. Böyük Vətən müharibəsi başlanan gündən (22 iyun 1941-ci il) hərbi qulluğa çağırılan Baxış Kələyev 1941-ci ilin axırına qədər Gürcüstanın Tbilisi, Xaşuri, Batumi və s. şəhərlərində artilleriya hissələrində top komandiri vəzifəsində işləmişdir. 1941-ci il dekabrın axırında onu alayın komandanlığı tərəfindən Tbilisi şəhərindəki artileriya məktəbinə oxumağa göndərdilər. Həmin məktəbin tam kursunu bitirən gənc Baxışa kiçik leytenant rütbəsi verildi. Məktəbi əla qiymətlə qurtaran 28 kursant arasında Baxış da var idi. Onları təhsili davam etdirmək üçün saxladılar. Qalanlarını cəbhəyə yola saldılar. O, əlavə olaraq üç aylıq proqramı bitirdikdən sonra Zaqafqaziya hərbi dairəsi komandanlığının əmri ilə leytenant rütbəsində hərbi hissələrdən birinə batareya komandiri vəzifəsinə göndərildi.

Müharibə illərində "İkinci dərəcəli Vətən Müharibəsi" ordeni, "Qafqazın müdafiəsinə görə" medalı, "1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı və s. medal və ordenlərlə təltif olunmuşdur. Baxış Kələyev müharibədən sonra 1947-ci ilin avqustundan Marneuli Rayon Partiya Komitəsində təlimatçı işləyir. 1948-ci ilin iyun ayında həmin vəzifədən raykomun kənd təsərrüfatı şöbəsinə müdir keçirilir. 1950-ci ilin avqustunda Rayon Partiya Komitəsinin qərarı ilə Gürcüstan KP MK nəzdindəki ikiillik partiya məktəbinə oxumağa göndərilir. Oranı bitirdikdən sonra 1952-ci ilin avqustunda Dmanisi Rayon Partiya Komitəsinin katibi vəzifəsi-nə tə'yin edilir. 1954-cü ildən 1957-ci ilin axırına qədər Marneuli Rayon Partiya Komitəsinin Sitelixidi və Şulaveri MTS-ləri zonası üzrə katib vəzifəsində çalışan Baxış, sonra Marneuli Rayon Partiya Komitəsinin katibi vəzifəsinə irəli çəkilmişdir. 1956-1961-ci ildə Moskvada Ali Partiya Məktəbini bitirmişdir. 1961-1962-ci ilin sonuna qədər Marneuli Rayon İcraiyyə Komitəsinin sədri, 1963-cü ilin əvvəlindən 1964-cü ilin sonuna kimi üç birləşmiş rayonun- Dmanisi, mərkəzi Bolnisi olmaqla Bolnisi və Marneuli. Bolnisi Rayon Partiya Komitəsinin katibinin ideoloji işlər üzrə müavini, 1965-ci ilin yanvarından 1983-cü ilin iyul ayına kimi Marneuli Rayon Partiya Komitəsinin ikinci katibi, daha sonra isə Marneuli rayon maarif şöbəsinin müdiri vəzifələrində işləmişdir. 1983-cü ilin sentyabrından respublikanın fəxri pensiyaçısıdır. Hazırda Marneuli rayonunun Müharibə və Əmək Veteranları Şurasının sədri vəzifəsində çalışır.

 

Məhəmməd Qocayev

1937-ci ildə "Vaqif" əsərini yazarkən, Vaqifin dilindən qazamatda söylənilən bu misraların müəllifi, ölməz şairimizin ağlına gələrdimi: illər keçəcək, Vurğunun güzarı Borçalıya dü-şəcək, el ağsaqqalı- xalaoğlusu Hüseynalı Bayramovgilə baş çəkməyə gələcək. - Bu dostluq uzun sürmədi. M.Qoçayev S.Vurğunla 1955-ci ilin oktyabr ayında yenə Borçalıda görüşdü. Əslində həmin görüşvidalaşma imiş. 1956-cı ilin mayında sevimli şairimiz dünyasını dəyişdi, əbədiyyətə qovuşdu...

Hələ cavan yaşlarından el-obanın başbiləni səviyyəsinə yüksələn Məhəmməd Qocayev həmvətənlərinin ona verdiyi bu çoxmənalı adları 60 illik ömrünün sonunadək şərəflə, iftixar hissiylə daşımış, doğma xalqının qeyrəti, müqəddəratı yolunda hər cür vuruşlara, toqquşmalara, qasırğalara azman kimi sinə gərmişdir.

Qocayev Məhəmməd Qəmbər oğlu 1912-ci ildə Borçalı mahalının eyni adlı nümayəndəliyinin Qaçağan kəndində təsərrüfatçı-rəncbər ailəsində doğulmuşdur.

1917-ci ildə atasını itirən 5 yaşlı Məhəmməd anası Xeyransa Alı qızının himayəsində qalır. Həyatda hər cür çətinliklərə mətanətlə sinə gərən Xeyransa xanım ailəni heç nədən korluq çəkməyə qoymurdu. Bu işdə ona böyük oğlu Abbasəli də imkan daxilində kömək göstərirdi.

1927-ci il M.Qocayev "komsomol" sıralarına qəbul olunur. 1929-cu il Kəndli Gənclər Məktəbini bitirir.

1930-cu il Gürcüstan SSR Marif Komissarlığının Tbilisidəki altı aylıq müəllimlər kursuna daxil olur, oranı bitirdikdən sonra Borçalı rayonunun Beytarabçı kənd dördillik məktəbinə müdir təyin edilir.

1932-ci il avqust ayında Qaçağan kənd sovetliyinin katibi, sonra isə k/s sədrinin müavini seçilir.

1933-cü il sentyabr ayında Borçalı Rayon Partiya Komitəsi bürosunun qərarı ilə Tbilisi şəhərindəki Zaqafqaziya Ali Kommunist Kənd təsərrüfatı Məktəbinə təhsil almağa göndərilir.

1935-ci ilin sentyabrında Gürcüstan LKKİ MK bürosunun qərarı ilə Borçalı Rayon Komsomol Komitəsinə təlimatçı-təbliğatçı təyinatı alır.

1936-cı ilin oktyabrında Borçalının Kirəc Muğanlı kəndinin sakinləri ümumi iclasda onu "Gündoğan" kolxozuna sədr seçirlər.

1938-ci ilin iyununda Borçalı Rayon Tədarük İdarəsinə direktor və Rayon İstehlak İdarəsinə sədr müavini vəzifəsinə irəli çəkilir.

1939-cu il sentyabr ayında Borçalı Rayon Xalq Maarif Şöbəsinin müdiri vəzifəsinə keçirilir.

1940-1945-ci illərin əvvəllərində Marneuli, sonra Şulaver maşın-traktor stansiyalarının direktoru olmuşdur.

1946-cı il noyabr ayında həmkəndliləri M.Qocayevi Qaçağan kəndindəki "Sosializm" kolxozunun sədri seçirlər. Elə o vaxtdan başlayaraq Məhəmməd Qocayev əzmkar həmkəndliləri ilə əl-ələ verərək bütün istedad və bacarığını, potensial imkanlarını, tükənməz enerjisini yüksək kənd təsərrüfatı, o cümlədən, tütün məhsulları beçərib hasil etməyə yönəldir. Üç il ərzində qaçağanlılar misilsiz nailiyyətlər qazanırlar...

1949-1951-ci illərdə M.Qocayev Marneuli rayon XDS İcraiyyə Komitəsinin sədri vəzifəsində çalışır, bölgənin yüksəlişi uğrunda hərtərəfli qabiliyyət nümayiş etdirir.

1949-cu il "Sosializm" kolxozunun sədri Məhəmməd Qəmbər oğlu Qocayev kənd təsərrüfatı məhsullarının, xüsusilə tütünçülüyün inkişafında göstərdiyi yüksək təşkilatçılıq və təşəbbüskarlığa görə SSRİ Ali Soveti Rəyasət heyətinin 3 may 1949-cu il tarixli fərmanı ilə Lenin ordeninə və Sosialist Əməyi Qəhrəmanı adına layiq görülür. Sədrlə birlikdə bu yüksək adı kolxozun digər 6 nəfər əməkçisi də qazanır. Gürcüstan SSR-də 7 nəfər qaçağanlı türk övladının Sosialist Əməyi Qəhrəmanı kimi yüksək ad alması, əlbəttə, baş ucalığı idi.

1951-ci ildə o, ikinci dəfə Lenin ordeni ilə təltif olunur.

...1951-1954-cü illərdə Gürcüstan KP MK nəzdindəki 3 illik Ali Partiya Məktəbinin dinləyicisi olmuşdur.

1954-cü ilin sentyabr ayında Marneuli pendir-yağ zavoduna direktor təyin edilir.

1957-ci il yanvar ayında "Qırmızı körpü" Maşın-Traktor Stansiyasının direktoru vəzifəsinə keçirilir.

1958-ci ilin may ayında Marneuli Rayon Birləşmiş Maşın-Traktor Stansiyasının direktoru təyin olunur. 1963-cü ilə qədər həmin vəzifədə çalışan M.Qoçayev kənd təsərrüfatı texnikasının təmiri və bərpası sahəsində yüksək təşkilatçılıq, işküzarlıq nümayiş etdirir.

Gürcüstan SSR-in Marneuli bölgəsində kənd təsərrüfatının texnika ilə təmin olunması sahəsində çoxşaxəli, mürəkkəb bir obyektə rəhbərlik edən M.Qocayev şəxsiyyət kimi yuxarı dairələrdə tanınmış, hörmətlə qarşılanmış, onun yenilikçi təklifləri, təşəbbüskarlığı, bəzən çətinliklə olsa da, uğurla həyata keçirilmişdir. Bu baxımdan Məhəmməd Qocayev tək deyildir. Onun arxasınca Borçalının şirürəkli ərənləri Ayvaz Həsənov, Tofiq Qarayev, Məhərrəm Həsənov, Paşa Rəhimov və başqaları gəlirdi.

1963-cü ilin iyun ayında regionun 5 bölgəsini (Marneuli, Dmanisi, Bolnisi, Tetriskaro, Zəlyə) əhatə edən Taxıl Məhsulu Tədarükü kombinatına direktor göndərilir.

Haşiyə. Bakı-Tbilisi şose yolundan dönüb, Yaşılca ətəkləriylə gedəndə uzaqdan həmin kombinatın ərazisində vaxtilə M.Qocayevin şəxsi təşəbbüsüylə əkilmiş uca Borçalı qovaqları boylanır... Məhəmməd Qocayev qovaqları!..

1966-cı ildə o, "Şərəf Nişanı" ordeni ilə təltif olu nur.

1969-cu ilin iyununda "Alget" tərəvəzçilik-südçülük sovxozuna direktor vəzifəsinə göndərilir.

1970-1972-ci illərdə Marneuli pendir-yağ-süd zavodunun direktoru vəzifəsində çalışmışdır. Azərbaycan SSR-in keçmiş partiya və hökumət rəhbərləri M. Qocayevin yüksək, kamil təşkilatçılıq səriştəsinə yaxından bələd idilər ve onu dəfələrlə Azərbaycanda mötəbər vəzifələrə dəvət etmişdilər. Məhəmməd Qocayev isə onlara minnətdarlıq hissiylə cavab vermişdi: "Biz də Azərbaycanınıq... Lakin indiki halda mən Borçalımı yad əllərə qoyub, Xram çayın o tayına keçmərəm..."

1972-ci il 27 noyabr. Borçalının əvəzsiz oğlu, qeyrət mücəssəməsi, qayğıkeş və təəssübkeş insan Məhəmməd Qəmbər oğlu Qocayevin gözləri əbədi yumuldu. Simurq quşumuz işıqlı dünyadan qaranlıq dünyaya köçdü. Fəqət, onun nuru, ziyası, nəfəsi doğma Borçalısında yaşamaqdadır və yaşayacaq!..

Məhəmməd Qocayevin böyük oğlu atasının şərəfli yolunu uğurla davam etdirməkdədir.

İkinci övladı- Mübariz iqtisadçıdır, öz məsul sahəsində dəqiq və mübarizdir.

Üçüncü yadigarı- Hafiz vitse-polkovnik (Bakıda Xalq Təsərrüfatı İnstitutunu bitirib) dədə-baba yurdu Borçalıda (Marneuli) asayişin keşiyində dayanıb, soy-daşlarının qeyrətini qoruyur; müdriklər demişkən "ot kökü üstə bitər"...

Və Qəmbər, Babasının adaşı-sonbeşik Qəmbər təbibdir, sağlamlığımızı, cansağlığımızı, ovqatımızı qoruyur...

Məhəmməd Qocayev Borçalı Elinin oğluydu, Borçalı Elinin çiynində də getdi son mənzilə, o, Borçalı elinin qəlbindədir...

Uşaqlıq dostu Novruz İsmayılovun bayatısı:

"Ürəyimə sim gəlib,
Qəmdən canım incəlib.
Göz açsaydın, görərdin:
Qəbrin üstə kim gəlib?!.."

 

Ayvaz Həsənov

Ayvaz Dursun oğlu Həsənov 1929-cu il mayın 2-də Borçalı nümayəndəliyinin (Marneuli rayonunun) Korarxı (indiki Alget) kəndində anadan olmuşdur. Tarixdə "ağ ləkə" hesab olunan, bir çox ailələri dağıdan, bədbəxtlik gətirən, çoxlarını himayəsiz qoyan repressiya işlərinin soyuq küləyi Ayvazgilin ailəsinə də toxunmuşdur. Atası Dursun kişi də həbs edilmişdir. Körpə Ayvaz qayğısız illər keçirdiyi Alget kəndindən uzaqlaşmalı, Başkeçidə (indiki Dmanisi şəhərinə) köçməli olur. Taleyin hökmü ilə kiçik yaşlarından doğma kənddən, qohum-əqrabadan aralı düşən Ayvaza doğru yol göstərən, ağıllı məsləhətlər verən xeyirxahlar da tapılır. Ayvaz Dursun oğlu belə qərara gəlir ki, valideynlərinə, keçmişinə, el-obasına, Borçalı adına layiq yaşamaq üçün oxumaq, ali təhsilli mütəxəssis olmaq gərəkdir. Odur ki, Başkeçiddə orta məktəbi bitirdikdən sonra Borçalı mahalının Cəlaloğlu (indiki Stepanavan) şəhərindəki Zoobaytarlıq Texnikumuna daxil olur. Texnikumdan sonra sənədlərini Yerevan Zoobaytarlıq İnstitutuna verir, 1955-ci ildə oranı müvəffəqiyyətlə bitirir.

Doğma el-obaya olan məhəbbət, qohum-əqraba həsrəti günü-gündən küçləndiyindən institutu bitirən kimi - 1955-ci ildə yenidən Marneuliyə qayıdır. Rayon rəhbərliyi onu vaxtilə Budyonnının olduğu və yüksək qiymət verdiyi Qullar kəndindəki cins atçılıq təsərrüfatına müdir göndərir. İşə can-başla yanaşan, çoxdankı arzusunu həyata keçirmək imkanı əldə edən gənc mütəxəssis bütün bilik və bacarığını peşəsinə yönəldir. Təsərrüfatda nizam-intizam yaradır, yüksək göstəricilərə nail olur. Onun bu çalışqanlığı rayon rəhbərliyi və Kənd Təsərrüfatı Nazirliyinin məsul işçilərinin diqqətindən yayınmır. Onun qabaqcıl təcrübəsi öyrənilir və başqa təsərrüfatlarda tətbiq olunması tövsiyə edilir. Özü isə heyvandarlıq idarəsinin zootexniki kimi fəaliyyətə başlayır. Bir il burada çalışdıqdan sonra Qarayazı südçülük sovxozuna başçı təyin olunur. Səriştəli zootexnik, bacarıqlı təşkilatçı təsərrüfatı respublikada qabaqcıllar sırasına çıxarır. Sonralar isə ardıcıl olaraq Marneuli rayonundakı Qaçağan, Marneuli, Alget sovxozlarına, Bolnisi rayonundakı Saraclı təsərrüfatına başçılıq edir.

Ayvaz Dursun oğlu Həsənov təsərrüfatlara rəhbərlik etdiyi dövrlərdə də, on beş il müddətində Gürcüstan SSR kənd təsərrüfatı nazirinin müavini kimi fəaliyyət göstərdiyi zamanda da öz çalışqanlığı ilə tanınmışdı. Məhz onun təşəbbüsü və təkidi sayəsində Qaçağan kəndində məişət obyektləri tikilib istifadəyə verildi. Xram çayı üzərindən körpü salınmasına başlanıldı. Şulaveri-Qırmızı Körpü yoluna asfalt döşənildi, kəndə su çəkildi. Eləcə də Alget çayı üzərində salınacaq təqribən 100 metrlik körpünün özülü qoyuldu.

Ayvaz Dursun oğlunun sağlığında onunla bir neçə görüşümüz olmuşdur. Lakin insanın daxili aləmi ilə daha yaxından tanış olmaq üçün bu görüşlər çox azlıq edirdi. Ömrünün son vaxtlarını xatırlayarkən həyat yoldaşı Lətifə xanım dedi ki, 1989-cu ildə Marneuli və Bolnisi rayonlarında milli münaqişə baş verəndə tez-tez kəndlərə gedər, yerli əhali ilə görüşlər keçirər, onları əmin-amanlığa, təmkinli olmağa, fitnə-fəsadlara uymamağa səsləyərdi.

Həmin hadisələrdən sonra Ayvaz Həsənov Marneuli Rayon Sovetinin sədri təyin olundu. Bu vəzifədə altı ay çalışdı. Borçalıda baş vermiş məlum hadisədən sonra 1990-cı ilin əvvəlində Bakıda baş verən Yanvar faciəsi də ona bir dərd olmuşdu. Həyat yoldaşı Lətifə xanımın bizə verdiyi məlumatdan: Ayvaz Dursun oğlu divana uzanıb televizora (Bakıda) baxanda mən qonşu otaqda olduğumdan onun qışqırtısından səksənmiş halda özümü tez onun yanına çatdırdım və gördüm ki, əli ilə üröyini tutur... Bu mənimlə onun son görüşü idi.

Faydalı əməyi iki dəfə Lenin ordeni, "Qırmızı Əmək Bayrağı", "Xalqlar Dostluğu" ordenləri və digər dövlət mükafatları ilə qiymətləndirilmişdir.

 

Hacı Murad Xəlilov

Hacı Murad Xəlilov 1939-cu ildə Başkeçid rayonunun Yuxarı Bəzəkli kəndində anadan olmuşdur. 1958-ci ildə Dmanisi orta məktəbini bitirmişdir. Həmin ildən etibarən Marneuli rayonunda fəaliyyətə başlamışdır.

1958-1959-cu illərdə keçmiş sovet ordusu sıralarında xidmət etmişdir. 1960-cı ildə Dmanisi rayon baytarlıq müalicəsi şöbəsində işə qəbul olunmuşdur. 1960-cı ilin dekabr ayından Dmanisi Rayon İcraiyyə Komitəsində təlimatçı işləmişdir. Sonralar (Marneuli, Bolnisi, Dmanisi) rayonlarının birləşdirilməsi nəticəsində Bolnisi İcraiyyə Komitəsində əvvəlcə təlimatçı, sonra isə 1963-1965-ci illərdə təşkilat şöbəsinin müdiri vəzifəsində çalışmışdır.

O, 1965-ci ilin yanvarından 1966-cı ilin martınadək Marneuli Rayon Komsomol Komitəsinin ikinci katibi olmuş, eyni zamanda büro üzvü seçilmişdir.

1966-çı ilin martından 1973-cü ilin yanvarınadək Marneuli rayon Partiya Komitəsinin təlimatçısı olmuşdur.

1973-cü ilin yanvarında H.Xəlilov Marneuli Rayon Partiya Komitəsi təşkilat şöbəsinin müdiri vəzifəsinə irəli çəkilmişdir. Həmin vəzifədə o, 1983-cü ilin iyul ayına qədər, yəni on il fasiləsiz fəaliyyət göstərmişdir.

1983-cü ilin iyul ayında Xəlilov şəhər Partiya Komitəsinin katibi seçilmiş və həmin vəzifədə 1985-ci ilin iyul ayına qədər səmərəli fəaliyyət göstərmişdir; 1985-ci ilin iyul ayına qədər həmin vəzifədə çalışan H.Xəlilov Şəhər Partiya Komitəsinin ikinci katibi seçilmiş və 1988-ci ilin oktyabr ayına qədər bu vəzifəni yerinə yetirmişdir. 1988-ci ilin oktyabr ayında Xəlilov Marneuli şəhər Deputatları Sovetinin sədri seçilmiş və 1989-cu ilin fevral ayına qədər öz vəzifə borcunu yerinə yetirmişdir. 1974-cü ildən 1990-cı ilin oktyabr ayınadək öncə Marneuli Rayon Partiya Komitəsinin Büro üzvü, sonra da Şəhər Partiya Komitəsinin Büro üzvü seçilmişdir.

H.Xəlilov iyirmi yeddi il müddətində fasiləsiz olaraq Marneuli Rayon Xalq Deputatları Sovetinə deputat seçilmişdir.

Gürcüstanda baş verən məlum ictimai-siyasi hadisələrlə əlaqədar H.Xəlilov Marneuli Şəhər Xalq Deputatları Soveti Sədrliyi vəzifəsindən kənarlaşdırılmışdır.

1989-cu ilin sentyabrından 1994-cü ilə qədər, yəni beş il müddətində işsiz qalmışdır. Yalnız 1994-cü ilin oktyabr ayında, ölkədə vəziyyət dəyişəndən sonra Xəlilov Borçalı mahalının bir hissəsi (indiki Gürcüstan Respublikasının Aşağı Kartli)-(Kvemo Kartli) regionu üzrə qubernatorun birinci müavini işləyirdi. Ömrünün axırınadək (1997) bu vəzifədə olmuşdur.

Hacı Murad Xəlilov istedadlı təşkilatçı, yaxşı təsərrüfat rəhbəri, səriştəli mütəxəssis olduğu qədər də gözəl ailə başçısı idi.

H.Xəlilov Gürcüstan Baytarlıq İnstitutunu qiyabi bitirmiş, alim-zootexnik adına layiq görülmüşdür. Sov.İKP nəzdində Ali Partiya Məktəbini bitirmişdir. SSRİ Ali Soveti Rəyasət heyətinin fərmanı ilə "Şərəf Nişanı" ordeni və medallarla təltif olunmuşdur.

Mərhumun özünün etirafına görə, Gürcüstan respublikasında cərəyan edən hadisələr zamanı bəzi millətçi-şovinist ünsürlərin əsassız iddialarına və bəzi səbatsız soydaşlarımızın qaçmağına baxmayaraq, öz doğma Borçalısını tərk etməmişdir.

 

Camal Məmmədov

Borçalı mahalının tanınmış şəxsiyyəti, ictimai xadim.. Camal Balaça oğlu Məmmədov 1918-ci ilin may ayının 2-də eyni adlı nümayəndəliyin Korarxı kəndində (indiki Sabirkənd) anadan olmuşdur. 1926-cı ildə 8 yaşlı Camalın anası Nazxanım vəfat etmişdir. Atası Balaca kişi ikinci dəfə ailə qurub üç oğul və üç qız atası olur.

İlk təhsilini Alget kəndində almışdır. Sonra təhsilini Borçalı Türk Pedaqoji Texnikumunda davam etdirmişdir. 1937-ci ildən kənddə müəllim işləmiş, 1939-1945-ci illərdə müharibə iştirakçısı olmuş və vətənə baş leytenant rütbəsi ilə qayıtmışdır. Bir neçə orden və medallarla təltif olunmuşdur. Müharibədə iki dəfə ağır yaralanmışdır. 1945-1948-ci illərdə Gürcüstan Partiya Məktəbində təhsil alıb istehsalata qayıtmışdır. Tələbkar və işgüzar Camal müəllim 1948-1951-ci illərdə Marneuli rayon təşviqat idarəsinin müdiri işləyib. 1951-1961-ci illərdə isə (10 il) Marneuli Rayon İcraiyyə Komitəsinin sədri vəzifəsində çalışmışdır. İşlədiyi bu illər ərzində Camal Balaca oğlu istər Marneuli şəhərində və istərsə də kəndlərdə çox böyük abadlıq işləri görmüşdür. Onun diqqəti cəlb edən işlərindən biri yolların çəkilişi və abadlaşdırılması, su kəmərlərinin çəkilməsi və artezan quyuları qazılması, işıq xəttinin hər evə kimi çəkilməsi və digər tədbirlərdir. İşlədiyi müddət ərzində iki dəfə Gürcüstan Ali Sovetinə deputat, Sov.İKP XX qurultayına nümayəndə seçilmişdir.

1957-1959-cu illərdə Moskva Ali Partiya Məktəbində (qiyabi) təhsil almış, 1961-1963-cü illərdə Gürcüstan kənd təsərrüfatı nazirinin müavini kimi məsul vəzifələrdə çalışmışdır.

1966-cı il iyul ayının 9-da uzun sürən ürək xəstəliyindən vəfat etmişdir.

 

Rüxsarə Əliyeva

Borçalı maarifinin tarixi Sarvan Pedaqoji Texnikumundan ayrılmazdır. Əgər o tarix yazılmış olsaydı, əllinci illər texnikumun yüksəliş illəri kimi seçilərdi. Bunun bir çox səbəbləri vardı: müharibədən sonrakı illərdə insanlarda ruh yüksəkliyi əmələ gəlmişdi, elmə, maarifə böyük həvəs, maraq duyulurdu, texnikumda bir neçə səriştəli maarif xadimi işləyirdi. Bu oyanışda, bu yüksəlişdə Rüxsarə müəllimənin öz xidməti, öz rolu olmuşdur.

Rüxsarə Muxtar qızı Borçalı (indiki Marneuli) rayonunun Kosalı kəndindəndir. 1918-ci ildə həmin kənddə anadan olub. Atası Muxtar Musa oğlu Borçalı Rayon İcraiyyə Komitəsinin katibi, anası Havaxanım doğma kəndlərində uşaq bağçasının fasiləsiz müdiri işləmişdir. Atası Muxtar Musa oğlu 1937-ci ildə günahsız həbs olunub güllələnmişdir. Yalnız 1956-cı ildə bəraət almışdır. 1927-1930-cu illərdə Sarvan ibtidai məktəbində təhsil alan Rüxsarə IV sinfi bitirib Tiflis Türk Pedaqoji Seminariyasının hazırlıq sinfinə daxil olmuşdur. Oranı 1934-cü ildə bitirib kəndlərindəki ibtidai məktəbdə müəllimliyə başlayır. Məktəbdə dərslərdən sonra evlərdə məşğələlər aparıb savadsızlığın ləğvinə çalışır. 1939-cu ildə Gəncə Müəllimlər İnstitutunun təbiət-coğrafiya fakültəsinə daxil olub, iki ildən sonra oranı bitirir. Tam ali təhsil almaq məqsədilə 1944-cü ildə yenidən Gəncəyə gedib Pedaqoji İnstitutun II kursuna daxil olur. 1947-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib Borçalı Pedaqoji Texnikumuna təbiət-kimya müəllimi təyin olunur. Növbəti dərs ilində texnikuma dərs hissə müdiri seçilir.

Texnikumun həyatında əsaslı dəyişikliklər tələb olunurdu. Birinci növbədə müəllim kollektivi yaradılmalı idi. İş elə gətirir ki, bir azdan Leninqrad Universitetini bitirmiş Mədəd Muradov texnikuma direktor təyin olunur. Bakıdan məşhur "Mirzə müəllim" (Mirzə Axundov) ədəbiyyat müəllimi kimi dəvət edilir. Öz tələbkarlığı ilə tanınmış Əli Həsənov riyaziyyat müəllimi götürülür. Tiflis Universitetini bitirmiş milliyyətcə yunan Marklen Kuzmiç rus-dili, həmin universitetin məzunu Nona xanım gürcü dili müəllimi işləyirlər. Texnikumda yeni ab-hava başlayır.

Növbəti vəzifə tələbə qəbulunun səviyyəsini qaldırmaq olur. Bunun üçün qəbul imtahanlarına salınan fənlərin sayı artırılır və bilik-ölçü tələbi yüksəldilir. Tədrisin aparıldığı və tələbələrin yaşadığı binada xüsusi qayda-qanun yaranır. O illərin tələbələri bunu belə xatırlayırlar: Texnikumda ciddi rejim qurulmuşdur. Axşam saat 11-dək sinif otaqlarında növbəti dərsə hazırlıq gedirdi. Rüxsarə müəllimə tələbələrlə idi. Onu daim sinif otaqlarında tələbələrin arasında görərdik. Onun öz şəxsi həyatı yox idi. Ailə həyatı uğursuz olmuşdu. Ailəsi də, iş yeri də məktəb idi. Tələbələri elmə həvəsləndirərdi. Ziyalı çöhrəsi, saf əxlaqı, milli qeyrəti, mehriban ünsiyyəti gözümüzün qabağında, qulağımızın səsindədir...

Artıq Borçalı tələbələrinin Bakıya kütləvi axını başlanmışdı. Texnikumun məzunları bir nəfər kimi ali məktəblərə qəbul olunurdular. O illərin şahidi olanlar bilirlər ki, Borçalı tələbələri öz hazırlıqları ilə Bakıda xoş təəssürat yaratmışdılar. Həmin tələbələrin əksəriyyəti texnikumu bitirənlər idi. O da maraqlıdır ki, texnikumçular ali məktəbləri bir qayda olaraq fərqlənmə diplomu ilə bitirirdilər. Aspiranturalara saxlanırdılar. Təkcə bir fakt: 1949-cu ildə texnikuma qəbul olunan 25 nəfərdən üç elmlər namizədi (Qasım Məmmədov, Zahid Namazov, Eynulla Vəliyev), üç elmlər doktoru (Lətif Aşıq Xındı Məmməd oğlu Vəliyev, Vəli Osmanoğlu, Bədirxan Musayev) yetişmişdir.

Ümumiyyətlə, 50-ci illərdə texnikumu bitirib sonralar elmlər doktoru və namizədi olanların hələ natamam siyahısı da çox şey deyir: Elmlər doktorları- Lətif Vəliyev, Əflatun Saraçlı, Vəli Osmanlı, Bədirxan Musayev, Cavid Xıdırov, Məhəd Sofiyev, Abbas Hacıyev, Xalid Tanrıverdiyev, Məmməd Qocayev... Elmlər namizədləri- Aydın Məmmədov, Qasım Məmmədov, Zahid Namazov, Eynulla Vəliyev, Cümşüd Əhmədov, İlyas Bayramov, Şəmsi Bayramov, Loğman Nəsibzadə, Sədrəddin Nəbiyev, Vəkil Hacıyev, Yasin Qaraməmmədli...

1959-cu ildə Rüxsarə müəllimə texnikumun direktoru olur. Bir il sonra texnikumun fəaliyyəti gürcü şovinistləri tərəfindən dayandırılır, yerində internat məktəb təşkil edilir. Rüxsarə müəllimə dərs hissə müdiri saxlanılır. Ailə vəziyyəti ilə əlaqəli Rüxsarə müəllimə Bakıya gəlir. 1967-ci ildən ömrünün axırınadək (arada bir il müddətində Bakı Politexnik Texnikumunda eyni vəzifədə çalışmışdır) kor uşaqlar üçün internat məktəbin dərs hissə müdiri işləmişdir.

Rüxsarə müəllimə "Gürcüstan SSR maarif əlaçısı" döş nişanı ilə təltif edilmiş, "Gürcüstan SSR Əməkdar müəllimi" adına layiq görülmüşdür.

Rüxsarə müəllimə 1976-cı ildə vəfat etmişdir. Unudulmaz xatirəsi tələbələrinin qəlbində daim yaşayır.

 

Rüstəm Şərifov

Rüstəm Paşa oğlu Şərifov Borçalı nümayəndəlinin Sarvan kəndində ağa nəslində anadan olmuşdur. Atasının var-dövlətli olması Rüstəmin gələcək həyatına müsbət təsir etmişdir. Belə ki, uşaq yaşlarında yazmağa və oxumağa hədsiz meyli olan gənc Rüstəm valideynlərinin imkanından istifadə edib, yeddiillik məktəbi qurtardıqdan sonra Türk Pedaqoji Məktəbini, sonradan isə Qori müəllimlər seminariyasını bitirmişdir.

Qori seminariyasını müvəffəqiyyətlə başa vuran Rüstəm Sarvana gəlib yeddiillik məktəbdə dil-ədəbiyyat və rus dilindən dərs deməyə başladı. 1930-cu ildə isə Sarvanda açılan Borçalı Türk Pedaqoji Texnikumuna direktor təyin edildi. Rüstəm müəllim texnikumda direktor işləyə-işləyə həm də Sarvan yeddiillik məktəbində çalışırdı.

Onun rəhbərliyi altında yüzlərlə savadlı müəllim kadrları yetişdi. Borçalıda elə məktəb tapmazdın ki, orada Rüstəm ağanın yetişdirməsi olmasın. Ümumiyyətlə, Borçalı ziyalılarının əksəriyyəti Rüstəm müəllimin yetirməsi olmuşdur. Rüstəm ağanın iş bacarığını və savadlı bir ziyalı olduğunu bütün Borçalı bilirdi. Odur ki, 30-cu illərin axırlarında onu İnqilab Komitəsinin sədri vəzifəsinə təyin edirlər. Bu vəzifədə xeyli işlədikdən sonra yenə keçmiş peşəsi olan müəllimliyə qayıdır.

Onun alicənab, təmkinli olması, səxavətli və düzgün yol göstərməsi, kəndli təbəqəsilə sadə dildə danışıb hərəkət etməsi ətrafdakı nadanları, imperiya vurğunlarını təşvişə salırdı. Ona görə də Rüstəm ağa dəfələrlə həbs edilib, vətəndən uzaq ellərə sürgün olunmuşdur.

Qeyd etməliyik ki, nə həbslər, nə sürgünlər, nə də sulu zirzəmilər Rüstəm ağanın iradəsini qıra bilməmiş, onun odlu-alovlu müəllim həvəsini söndürə bilməmişdir. O, Borçalı məktəblərində Borçalı balalarına yeni bilik, savad verməyə daim hazır olmuşdur.

Rüstəm ağa istər yetkin dövründə və istərsə də həyatının ixtiyar çağında həmişə ətrafdakılara öyüd-nəsihət verər, hamıya yol göstərər və ağsaqqallıq edərdi. Onun ən sevdiyi və tez-tez işlətdiyi söz "A quzum"dur. Rüstəm ağa bu ifadəni çox incə, çox xeyirxah bir tərzdə işlədərdi. Onun el-oba və xalq arasında həddən artıq hörməti olduğu üçün "göy papaqlı" (KQB) işçiləri onu sevmirdilər. Ömrünün son günlərini belə Borçalı məktəblərində Borçalı balalarının maariflənməsinə həsr etmiş qocaman müəllim Rüstəm ağa 1960-çı illərdə səhhəti ilə əlaqədar Bakıya köçür və ömrünün axırına kimi Bakının İçərişəhər məhəlləsində yaşayıb-yaratmış və burada da dünyasını dəyişmişdir.

Allah ona rəhmət eləsin!

 

Adil Gərəkməzli

Gərəkməzli Adil Musa oğlu 1911-ci ilin martında Borçalı nümayəndəliyinin Sarvan kəndində anadan olmuşdur. O, 1925-ci ildə Sarvan yeddiillik məktəbini bitirib Tiflisdə yenicə təsis edilən "Tiflis Türk Pedaqoji Darül-müəllimi"nə qəbul olunur. Sonralar bu təhsil ocağı Tiflis Türk Pedaqoji Texnikumu adlandırıldı.

1929-cu ilin iyun ayında həmin texnikumu müvəffəqiyyətlə bitirən gənc Adil Gürcüstan Maarif Komissarlığının əmri ilə Borçalı mahalının Qızılhacılı məktəbinə, bünövrəsi N.Nərimanov tərəfindən qoyulmuş məktəbə müdir təyin edilir (N.Nərimanovun əsas inqilabi fəaliyyəti bu məktəbdən başlamışdır). O dövrdə Gürcüstan Maarif Komissarlığında türk məktəbləri üzrə müfəttiş işləyən Əlimirzə Nərimanov (N.Nərimanovun ən yaxın qohumu) onu Tiflisdən Qızılhacılı kəndinə gətirib, yerli hökumətə və məktəbin kollektivinə təqdim etdi.

Adil müəllim 1929-cu ildən başlamış 1965-ci illərə qədər Borçalı mahalının Qızılhacılı, Qaçağan, Böyük Muğanlı, Qarabulaq məktəblərində direktor, Sarvan Pedaqoji Texnikumunda, Sadaxlı orta məktəbində tədris hissə müdiri vəzifəsində və uzun illər Borçalı Rayon Pedaqoji Kabinetinin müdiri vəzifəsində işləmiş, 50 il müddətində kənd və yaşlı nəslin maariflənməsi sahəsində iki, hətta üç növbə

gərkin və səmərəli çalışan, öz xalqana xidmət göstərən bir şəxsiyyətdir. Böyük Vətən müharibəsinin başlanması ilə bağlı olaraq, Adil müəllim Borçalı Rayon Pedaqoji Kabinetinin müdiri işləyirdi. 1941-ci ilin iyun ayında ordu sıralarına səfərbər edilən Adil 1942-ci ilin axırlarında cəbhədə ağır yara aldıqdan sonra ordu sıralarından vaxtından əvvəl tərxis olundu.

Cəbhədən qayıdan Adil müəllim Sarvan kəndinə gəlib Sarvan orta məktəblərində (iki orta məktəb) dil-ədəbiyyat və rus dili fənlərini tədris etməyə başladı. 1938-ci ildə Moskvanın qərarı ilə Sarvanda "Rayonlararası kolxoz rəhbər kadrları hazırlayan illik kurs" təsis edildi. Borçalı Rayon Partiya Komitəsinin qərarı ilə həmyerlimiz İbrahimov Cəlal bu kursa direktor, Adil müəllim isə tədris hissə mudiri təyin olundu. Bu məktəb bir neçə il fəaliyyət göstərdiyi müddətdə neçə-neçə rayonların kolxoz kollektivinə rəhbər və ixtisaslı kadrlar (sədr, ferma müdiri, aqronom, mühasib, zootexnik və s.) hazırladı.

Qocaman pedaqoq, Adil Musa oğlu Kərəkməzli Sarvanın qədim və böyük nəslindəndir. O, özünün qədim Kərəkməzli nəsli və sülaləsi haqqında belə söyləyir:

Rəvayətə görə, Kərəkməzli nəslinin soy-kökü iki qardaş: Məşədi İsa və Məşədi Allahyar Azərbaycanın Salyan rayonunun Sarvan adlı kəndindən olmuş, həddi-bülüğa çatdıqdan sonra Borçalının Sarvan kəndinə pənah gətirmişlər. Böyük qardaş Məşədi İsanın səkkiz oğlu bir qızı, Məşədi Allahyarın isə üç oğlu olmuşdur. Hazırda onlardan bir nəfəri də sağ deyildir. Lakin bu qardaşların Sarvan kəndində yüzlərlə nəvə, nəticə və kötükcələri qalmışdır. Adil müəllim Məşədi İsanın böyük oğlu Vəli kişinin nəvəsidir.

 

Hüseynalı Bayramov

Sadaxlı kəndi qədim Borçalının ən qüdrətli və salğarlı obalarından biridir. Burada oğuz ellərinin tarixi qatlarına söykənən sanballı, sayğılı nəsillər yaşayır.

...Bayramqulu ocağını təkcə Borçalıda deyil, onun hüdudlarından kənarda da yaxşı tanıyırlar. Dağ Borçalısında-Cəlaloğlunun Çubuqlu yaylağındakı (indiki Ermənistanın Stepanavan rayonu ərazisində) türk qəbiristanlığındakı bu soy kökünün əbədiyyətə qovuşmuş adlı-sanlı ərənləri uyuyurlar. Çubuqluda "Bayramqulunun yurdu" adlanan geniş ərazi isə son illərədək öz sahiblərinin toxunulmaz məkanı - dədə-baba yurd yeri olmuşdur.

Bayramqulu qövmü öz xeyirxahlığı, nəcibliyi, duz-çörəyi və bu nemətə sədaqəti ilə ad-san qazanmış, comərd oğulları ilə tanınmışdır.

Hələ 19-cu yüzillikdə bu nəslin neçə-neçə mötəbər nümayəndəsi müqəddəs Məkkə ziyarətinə getmişdir. O ziyarətçilərdən biri də həmin vaxtlar əsil-nəslə ağsaqqallıq edən Hüseynalı bəy olmuşdur.

Bayramqulular ocağının ağsaqqalı - babası Hacı Hüseynqulunun adını şərəflə daşıyan və onun yolunu qeyrətlə davam etdirən Hüseynalı Musa oğlu Bayramovdur. Borçalıda və Borçalıdan kənarda yaşayan soydaşları üçün o, "Hüseynalı dayı" "Hüseynalı əmi"dir; həmyaşıdları və keçmiş şagirdləri isə ona: "Hüseynalı müəllim",- deyə müraciət edirlər.

Hüseynalı Bayramov 1916-cı ildə Sadaxlıda zəngin rəncbər-sahibkar ailəsində dünyaya göz açmışdır, gözü-könlü tox böyümüşdür...

O, Borçalı Pedaqoji Texnikumunu, Tiflis Müəllimlər İnstitutunu, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirib, əmək fəaliyyətinə öz doğma Sadaxlısında müəllim kimi başlayıb. Sonralar məktəb müdiri, MTS-də siyasi şöbənin rəisi, Rayon İçraiyyə Komitəsinin katibi, İstehlak Komitəsinin sədri, sovxoz direktoru və s. vəzifələrdə səmərəli fəaliyyət göstərmişdir.

H.Bayramov çalışdığı bütün sahələrdə doğma xalqına xidmət etməyi özünün əsas vəzifəsi və həyatının qayəsi bilib. Mübaliğəsiz demək olar ki, varlığını tamamilə elə-obaya həsr edib.

Kəndistan camaatının yaşayış səviyyəsinin yüksəlməsi, doğma yurdun abadlaşması üçün xüsusi səylə çalışıb. Gənc həmyerlilərinin təhsili, işlə təminatı, hər kəsə layiq olduğu qiymətin verilməsi Hüseynalı dayının bir rəhbər kimi, başbilən kimi daim gündəlik qayğısı olub.

O, 20 ilə yaxın bir müddətdə Sadaxlı kəndində kolxoz sədri olarkən burada abad fərdi yaşayış evləri, mədəniyyət, məişət və iaşə obyektləri tikilmiş, kənd yolları abadlaşdırılmışdır. Hüseynalı dayı el şənliklərinin, toy-düyünlərin alicənab himayəçisi olmuş, bu şənliklər ana sazın və qara zurnanın sədaları ilə müşayiət olunmuş, cavanlar qurşaq tutmuş, dirə-döymə oynamış, cıdıra çıxmışlır; dədə-baba adətlərini yaşatmışlar...

1950-ci illərdə Azərbaycanın və digər respublikaların ali məktəblərində təhsil almış sadaxlılar "Hüseynalı dayının təqaüdü"nü çox güman ki, yaxşı xatırlayırlar. Həmin illərdə kolxoz idarə heyətinin qərarı ilə ehtiyacı olan (o vaxtlar kimin ehtiyacı yox idi ki?!) tələbələrə maddi yardım göstərilirdi. Həmin tələbələr illər keçəndən sonra alim və müəllim, həkim və mühəndis, təsərrüfat rəhbərləri kimi el-obaya başucalığı gətirmişlər.

Borçalı ziyalılarının Azərbaycanla bağlılığı və mənəvi əlaqələrinin möhkəmlənməsi Hüseynalı dayının fəaliyyətində xüsusi yer tutur. Bu əlaqələr onun rəhbər vəzifələrdə çalışdığı mürəkkəb, keşməkeşli dövr üçün mühüm, çox-mənalı əhəmiyyət kəsb etmişdir.

Böyük xalq şairimiz Səməd Vurğun Sadaxlıda dəfələrlə öz sevimli xalaoğlusu Hüseynalı Bayramovun qonağı olmuşdur. Sevimli şairin Sadaxlıya hər gəlişi toy-bayrama çevrilmişdir; o burada - Hüseynalının ocağında ziyalılar, sənət adamları, el ağsaqqalları, rayon rəhbərləri ilə görüşmüş, sonralar şairlə bu adamlar arasında səmimi münasibətlər yaranmışdır. Dil içində dil, din içində din və ulu yurdumuzun mənliyini qoruyub saxlamaq sahəsində həmin görüşlər milli baxımdan taleyüklü rol oynamışdır.

Səməd Vurğunun bu evdə duz-çörək kəsib dostlaşdığı şəxsiyyətlərdən biri də Hüseynalı dayının eloğlusu və məslək dostu, Borçalının şərəfli, şöhrətli yetirməsi mərhum Məhəmməd Qocayevdir. Böyük şair Məhəmməd Qoçayevi xalqımızın layiqli oğlu kimi yüksək qiymətləndirmiş, el-obaya qayğısı yolunda ona uğurlar diləmişdir.

Hüseynalı Bayramovun S.Vurğunla öz ocağında tanış etdiyi şəxslərdən biri də qonşu Ləmbəli kəndindəki (1921-ci ilə kimi Borçalının tərkibində olmuşdur) kolxozun sədri Binnət İnsanov idi. Binnət İnsanov da xalqımızın qeyrətli oğlu kimi şairin mehribanlıq göstərdiyi şəxslərdən olmuşdur, onun rəğbətini qazanmışdır.

Binnət İnsanov hələ 1948-ci ildə, avqust ayında Hüseynalı dayının qayğısı və vasitəçiliyi ilə Səməd Vurğuna məktub yazaraq, Ermənistandan, o cümlədən Ləmbəlidən Azərbaycan ərazisinə məcburi köçürülən kənd türk camaatının münasib əlverişli bölgədə məskunlaşmasına kömək göstərməsini xahiş etmişdir. (Ləmbəli kəndinin sakinləri 1988-ci ilin məlum hadisələrinədək elə orada yaşamışlar. Müdriklər demişkən, kiminin əvvəli, kiminin axırı...)

Sevimli şairimizin vəfatından sonra Borçalının Sadaxlı kəndindəki həmin məşhur təsərrüfata el ağsaqqallarının və əməkçilərin arzusu ilə Səməd Vurğunun adı verilmişdir.

Hüseynalı Bayramov harada işləməsindən, zamanın qasırğa və tufanlarından asılı olmayaraq, öz varlığını, mənsub olduğu Borçalı yurdunun şərəfini uca tutub, qoruyub; duz-çörəyi, səxavəti, dostluqda sədaqəti, doğma torpağına ürəkdən bağlılığı, munisliyi ilə fərqlənib...

Haşiyə. El ağsaqqalı Hüseynalı müəllimdən fəxri adını, mükafatlarını, orden-medallarını soruşanda cavabı bu olur ki, 9 övladı, 30-a yaxın nəvə-nəticəsi var... Maşallah! Ləmbəli camaatı özünün qəhrəman oğulları ilə də fəxr etməlidir. Onun Cavad Ataxəlil oğlu Həkimov kimi igid oğlu vardır. İkinci Cahan savaşında əfsanəvi qəhrəman Mehdi Hüseynzadə- "Mixaylo" ilə çiyin-çiyinə vuruşmuş, sonra isə onun komandiri olmuşdur. Cavad Ataxəlil oğlu istər müharibə, istərsə də sülh dövründə həmişə xalqına arxa durmuş, Borçalı dərd-səri ilə yaşamışdır.

Ləmbəlinin qayğıkeş ailələrindən biri də Kəkimov Ataxəlil Süleyman oğludur. Ataxəlil Süleyman oğlunun xeyirxahlığı haqqanda nəinki, Borçalıda, həm də Azərbaycanda (hazırda o, Birləşmiş Millətlər Təşkilatının Azərbaycan Respublikasında fəaliyyət göstərən qaçqınların işləri üzrə Ali Komissarlığının Baş İdarəsində məsul işdə çalışır), ehtiramla söhbət açılır.

 

Mehdi Məmmədov

Mehdi İsmayıl oğlu Məmmədov 1914-cü ildə Borçalının Sarvan kəndində "Yetim" Smeyl (İsmayıl) adlı bir kəndçinin ailəsində anadan olmuşdur. Yeddi yaşında Sarvan yeddiillik məktəbinin birinci sinfinə qədəm qoymuş, bir müddət sonra təhsilini Borçalı Türk Pedaqoji Texnikumunda başa vurmuşdur. Bir il sonra Tiflisdəki Puşkin adına ikiillik Pedaqoji Məktəbə daxil olub oranı müvəffəqiyyətlə bitirir. Borçalı rayonunun Qızılhacılı kəndinə gəlib, yediillik kənd məktəbinə direktor təyin edilir. Sonralar Korarxı yeddiillik məktəbində direktor, Sarvan pedaqoji kabinetinin müdiri vəzifələrində işləyir. Burada bir müddət işlədikdən sonra, yəni 1939-1940-cı illərdə Borçalı rayonunun maarif müdiri olur. Öz işinin öhdəsindən lazımi səviyyədə gələn Mehdi Məmmədov "Əmək Şücaətinə" görə medal ilə təltif edilir.

1941-ci ildə Borçalı Rayon İcraiyyə Komitəsinin katibi vəzifəsinə təyin edilir. Elə həmin vəzifədən də könüllü olaraq müharibəyə gedir və 1943-cü ildə baş leytenant rütbəsində vətənə qayıdır. Döyüş vaxtı baş leytenant Mehdi Məmmədov Sevastopol, Baxçasaray, Klaypeda və s. şəhərlərdə döyüşüb şücaətlər göstərmişdir.

Mehdi Məmmədov cəbhədən təzəcə qayıtmışdı ki, Borçalı rayon istehlak idarəsinə sədr təyin edilir. Bir ildən sonra, yəni 1944-cü ildə raykomun təbliğat və təşviqat şöbəsinə müdir, həmin ilin axırlarında Borçalı Rayon Partiya Komitəsinə ikinci katib seçilir.

1945-1949-cu illərdə Rayon İcraiyyə Komitəsinin sədri işləyən Mehdi İsmayıl oğlu Məmmədov 1950-ci ildəBaşke-çid rayonunda Tödarük Komitəsinə müdir vəzifəsinə göndərilir. 50-ci illərin ortalarından isə Mehdi Məmmədov ömrünün son günlərinə qədər Marneuli şəhərində əmanət kassasının müdiri işləyir.

Partiya və dövlət tərəfindən Mehdi İsmayıl oğlu dəfələrlə orden, medal və fəxri fərmanlarla təltif edilmişdir.

Sevastopol, Simferopol və Baxçasaray döyüşlərində göstərdiyi şücaətlərə görə iki "Qırmızı ulduz" ordeninə layiq görülmüşdür.

Mehdi Məmmədov 1975-cı ildə dünyasını dəyişmişdir.

 

Qiyas Hümbətov

Azərbaycan ağız ədəbiyyatının Borçalı qolu özünün spesifik quruluşuna və tərkib hissəsinə görə çox rəngarəngdir. Belə ki, Borçalıda hər kəndin öz dadlı-duzlu danışıq tərzi, soy adı və soy kökünün qədimliyi və s. bu günə kimi onların işlənməsi, qorunub saxlanması yazılı ədəbiyyatımıza tövsiyə edilən böyük bir varlıq kimi qeyd olunmalıdır.

Bu baxımdan Sarvan elinin də öz qədim soy adları və kökləri, məhəllə-danışıq tərzi və s. hələ də camaat arasında işlədilir. Belə nəsil və sülalələrdən biri də "Hümbülülər"dir. Bu nəsil "Hümbətlər", sonradan isə Hümbətovlar kimi tanınıb. Hümbətovlar nəslinin ağsaqqalları Hümbülü Museyib, Xəlil, Cəlil kimi kişilərdir. Bu nəslin davamçısı Qiyas Müseyib oğlu olmuşdur.

Qiyas Müseyib oğlu Hümbətov 1925-ci ildə Borçalı nümayəndəliyinin Sarvan kəndində dünyaya göz açmışdır.

İbtidai və orta təhsili doğma kəndində, ali təhsili isə Gəncə şəhərində alan Qiyas Hümbətov 1943-cü ildə Pedaqoji İnstitutun tarix fakültəsinə daxil olur və 1947-ci ildə həmin fakültəni əla qiymətlərlə bitirir. Elə həmin ildən də institutda tarix fənnindən dərs deyir. 1954-cü ildə Gəncə Şəhər Partiya Komitəsinin Təbliğat-Təşviqat şöbəsinin müdiri vəzifəsinə irəli çəkilir. 1964-cü ildə Tarix elmləri namizədi adına layiq görülür. 1974-cü ildən yenidən instituta qayıdır. O, iyirmi ilə yaxın Kənd Təsərrüfatı İnstitutunda dosent, sonra isə professor kimi çalışır. 1994-cü ildə Qiyas Müseyib oğlu Hümbətov dünyasını dəyişir.

Bundan sonra Hümbətovlar nəslinin hərtərəfli ağsaqqallığı Sabir Xəlil oğluna keçir. O, 1939-cu ildə Sarvan kəndində anadan olmuşdur. 1946-cı ildə orta məktəbin biriıci sinfinə getmiş, 1957-ci ildə həmin məktəbi bitirmişdir.

1958-ci ildə Gəncə Kənd Təsərrüfatı İnstitutuna daxil olmuş, 1964-cü ildə institutu aqronom ixtisası ilə bitirmişdir. Təyinatla Saatlı rayonunun Saracalar kəndinə göndərilir. 1966-cı ildən bu günə kimi Marneuli rayon taxıl tədarükü məntəqəsində çalışır.

Sabir Xəlil oğlu işlədiyi bu illər ərzində öz xeyirxah və nəcib əməlləri ilə el-oba arasında hörmət qazanmışdır.

 

Sara Bayramova (Abbasova Sara Abbas qızı)

Sara Abbas qazı Bayramova 1916-cı ildə Borçalı nümayəndəliyinin Qaçağan kəndində imkanlı bir ziyalı ailəsində anadan olmuşdur. Sara Abbasova dövrünün çox gözüaçıq, uzaq-görən və kişi iradəli qadını idi. Gimnaziyada Sara cəmi bir il təhsil alır. Ona oxuyub diplom almağa icazə vermirlər. Buna baxmayaraq, Sara öz doğma məktəbində müəllim işləməyə başlayır. Sonra Qaçağan orta məktəbində Azərbaycan dili və ədəbiyyatı dərsləri deyir. 50 ildən artıq Borçalı balalarının bilik və savad alması ilə məşğul olan Sara xanım Abbasova 1984-cü ildə pensiyaya çıxmışdır.

Onun yetirmələri xalq təsərrüfatının bir sıra sahələrində və dövlət aparatında çalışırlar. Elə Qaçağan ziyalılarının öndərləri sayılan Məmməd Qocayev (Sosialist Əməyi Qəhrəmanı), Kəsən Seyidov (Azərbayçan KPMK-nın katibi, Azərbaycan SSR Nazirlər Sovetinin sədri), Əmircan Əmirxanov (əməkdar iqtisadçı) və b. göstərmək olar.

Sara xanım Abbasova 1986-cı ildə əbədiyyətə qovuşdu. Onun qəbri doğma Qaçağan kəndindədir. Allah ona rəhmət eləsin!

 

Musa Nəbiyev

Musa Nəbi oğlu Nəbiyev 1929-cu ildə . Borçalı mahalının Sarvan kəndində anadan olmuşdur. Musa uşaqlıqdan atası Nəbi Qarabığ oğlunun geniş bağ sahəsində çalışmışdır. Söyləmələrə : görə, bu bağın o vaxt təxminən 250-300 yaşı varmış. Bu isə Qarabığlı nəslinin Sarvanın ilk sakinlərindən olduğunu deyir. Musa Nəbiyev 1936-cı ildə Sarvan yeddiillik məktəbinin birinci sinfinə getmiş və 1945-ci ildə Sarvan orta məktəbini bitirmişdir.

Zaqafqaziya şeyxülislamının oğlu Əhəd Hüseynovun təklifi ilə Bakıya gəlib sənədlərini universitetin tarix fakültəsinə verib, həmin fakültəyə də qəbul olunur. Lakin Musanın taleyi onu vaxtında universiteti bitirməyə imkan vermədi. Belə ki, 1948-ci ildən 1958-ci ilə qədər Marneuli rayonunda komsomol və partiya işlərində çalışdı. 1958-ci ildə Ali Partiya Məktəbinə göndərilən Musa Nəbi oğlu 1962-ci ildən 1994-cü ilə kimi, yəni 32 il Bakıda Nəşriyyat və Poliqrafiya İdarəsində çalışdı. On ilə yaxın "Kommunist" nəşriyyatının direktoru işləmişdir. 1994-ü ildən "Cahangir" firmasında məsləhətçi işləyir.

Musa Nəbi oğlu işlədiyi bu illər ərzində, yəni 1967 və 1970-ci illərdə Azərbaycan Respublikasının fəxri fərmanı ilə təltif olunmuşdur. 1982-ci ildə respublika Ali Sovetinin qərarı ilə ona Əməkdar poliqrafçı fəxri adı verilir.

 

Cahan Ceyranov

Cahan Mahmud oğlu Ceyranov 1932-ci ildə Qaraçöp nahiyəsinin Ləmbəli kəndində dünyaya göz açmışdır. Məktəb yaşına çatdıqda valideynləri onu qonşuluqdakı Badyauri gürcü kənd orta məktəbinə qoydular. Cahan on bir il bu məktəbdə oxuyub gürcü orta təhsil şəhadətnaməsi aldı. Bir müddət təsərrüfatda çalışdıqdan sonra Cahan Ceyranov ailə qurur. Yaxşı mütəxəssis olmaq üçün Moskvaya gedib ali təhsil alır.

Cahan Ceyranov sənədlərini Moskva Yüngül və Yeyinti Sənaye İnstitutuna verib, yeyinti sənayesinin texnologiyası fakültəsinə daxil olur və beş ildən sonra institutu müvəffəqiyyətlə bitirir.

Artıq Cahan müəllimin evində iki oğul və bir qız ərsəyə çatmaq üzrə idi. Övladlarını ali təhsilli görmək istəyən Cahan müəllim nəyin bahasına olur-olsun uşaqlar savad almalıdır, xəyalı ilə yaşayırdı. Elə də oldu. 1970-ci ildə oğlunun biri Moskvaya gedib orada iki institut (Moskva Aviasiya İnstitutunu və Moskva Hüquq fakültəsini) bitirir. 1980-ci ildə isə böyük oğlu Fərman Cahan oğlu əvvəlcə tibb elmləri namizədi, 1990-cı ildə isə tibb elmləri doktoru alimlik dərəcələrini almışdır.

Cahan müəllim öz dövrünün çox uzaqgörən, sağlam fikirli, bir kəs qarşısında əyilməyən, sözünə və söhbətinə bütöv, kənd camaatının xeyir və şərində yaxından iştirak edən, səxavətli əlini həmişə kasıblara uzadan namuslu və qeyrətli bir şəxsiyyətvdir. Onun belə müdrik ağsaqqal olmasını 1988-1990-cı illərdə kəndin ağsaqqalları və qədirbilən bütün Qaraçöp camaatı da təsdiqləyir. Uydurma Qarabağ məsələsinin alovlu ləpirləri Qaraçöp elindən kənarda qalmamışdır. Təpədən-dırnağa kimi silahlanmış gürcü "cikidləri"nin (Qamsaxurdiasevərlər) təsirindən bütün Borçalı və onun ətraf bölgəsi olan Qaraçöp eli tam at üstündə idi. Lakin qədirbilən Azərbaycan türkləri bu məqamda də yenə dözümlü olub, Cahan və onun kimi ağ-saqqalların davranış və məsləhətlərindən bəhrələndilər. Onlar öz dədə-baba yurdlarından bir qarış da olsun kənara çəkilmədilər. Əlbəttə, Cahan müəllim istədiyi yerə, məntəqəyə gedə bilərdi. Onun buna tam iqtisadi və maddi imkanları da var idi. Lakin o bunu etmədi, eləmədi ona görə ki, onun qeyrəti buna yol vermədi. Bunu görən el-oba bir nəfər kimi öz yurdlarında qalmağı üstün tutdular.

Cahan müəllimin xeyirxahlığından, onun səxavətli bir ağsaqqal-öndər olmasından el-oba ağızdolusu danışır.

Biz Cahan müəllimə belə bir sualla müraciət etdik: Nə üçün sizin soy adınız və kökünüz Ceyran, Ceyranov kimi gedir?.. O, bunu belə izah etdi:

- Eşitdiyimə görə, mənim Süleyman adında əmim olmuşdur. Söyləmələrə görə, bizim nəslin adamları çox iti yeriyər, bir yana gedəndə şütüyər, "ceyran" yerişi edərlərmiş. Bu incə və nəcib hərəkətləri görüb hiss edən camaat bunlara öz aralarında kişinin oğlu elə bil ceyran yerişi yeriyir deyərlərmiş. Beləliklə də bu nəsildən olan iti və qamətli yeriyənlər "ceyran", "Ceyranov" təxəllüsü götürmüşlər. Təxminən iki yüz ildən artıqdır ki, bu nəslin soy-kökü "Ceyranov" gedir. Uzun illər bu "ceyran" yerişli nəslin bir sıra qabiliyyətli və cəsur, mərd oğulları eramızın müxtəlif dövrlərində yaşayıb-yaratmışlar. Özlərindən sonra gələcək nəslə çox dolğun və mənalı irs qoyub getmişlər. Belə oğullardan biri də Ceyran Süleyman dövrünün ən layiqli, varlı-imkanlı, sözü hər yerdə keçən, səxavətli və xeyirxah ağsaqqallarından olmuşdur. Söyləmələrə görə, Ceyran Süleyman öz zəmanəsinin yaxşı savadlı və hikmətli danışan oğullarından olmuşdur. Onun o dövrdə Sıqaax məntəqəsinin bankında hesabının olması söylənənlərin bir daha həqiqətə uyğun olmasını sübuta yetirir.

Azərbaycanda və Gürcüstanda milli hökumət qələbə çaldıqda Süleyman da sevindi. Elə ki, Şura hökuməti gəldi, onda Süleymanın əhvalı pozulmağa başladı. O, özünün var-dövlətini səfərbər edib, Şura hökumətinin əlinə keçməsin deyə kasıblara səxavətlə paylamışdır. Axır ki, 30-cu illərin "qara və çiskinli buluddarı" Ceyran Süleymanın da başının üstünü aldı. Onu qardaşı Osmanla birlikdə Türkmənistana sürgün etdilər. Görünür, səxavətli və xeyirxah Ceyran Süleymanın da bəxtinə yaşının bu sinnində vətəndən didərginlik düşmüşdür.

 

Rəşid Acalov

Ulu Borçalının ünlü kişilərindən biri də Bolus-Kəpənəkçidə doğulub, ancaq bütün Borçalı əli qələm tutanlarının böyük əksəriyyətinin müəllimi olmuş Rəşid (Acalov) Hacallıdır. Rəşid müəllim 1914-cü ildə Bolus-Kəpənəkçidə anadan olub. 1926-cı ildə ibtidai məktəbi, daha sonra Faxralı kəndli-gənclər məktəbini, 1936-cı ildə isə Borçalı Türk pedaqoji texnikumunu bitirib. Müharibəyə qədər Borçalı məktəblərində müəllim, məktəb direktoru işləyib və cavanlığına baxmayaraq, Bolnisi rayon Partiya komitəsində təlimatçı vəzifəsinə qədər yüksəlib. Sonra isə keçmiş ictimai mənsubiyyətini (ağa oğlu olduğunu) bəhanə edərək bu vəzifədən uzaqlaşdırılıb. 1941-ci il sentyabrın 10-da müharibəyə gedib. Böyük bir döyüş yolu keçərək 18 orden və medalla təltif edilib. Müharibədən qayıdandan sonra APİ-nin dil-ədəbiyyat fakültəsinə daxil olub, 1955-ci ildə institutu bitirib.

1964-çü ildə Gürcüstanın əməkdar müəllimi fəxri adına layiq körülüb.

Rəşid müəllim 1995-ci ildə 81 yaşında vəfat edib.

Rəşid Hacallının ən önəmli cəhəti 50 il yorulmadan, usanmadan, qeyrətlə, əsil müəllim kimi maarif yolunda fədakarcasına çalışmasıdır.

Rəşid Hacallının müəllimliyindən əlavə, onun incə ruhlu kamil bir şair olduğunu da yaxşı bilir borçalılar. Rəşid müəllimin şerlərini bu gün aşıqlar sevə-sevə oxuyurlar.

Copyright © 2003 Borchali