Ağbulaq     Baş keçid     Borçalı     Qarayazı     Dağ Borçalı     Qaraçop     Tiflis     Çoruk Qəmərli  
Coğrafiyası
Etimologiyası
Kəndləri
Nəqliyyatı
Tarixi
Demoqrafik quruluşu
Sənaye və kənd təssərrüfatı
Torpaq fondu
Maarifin inkişafı
Türk Pedaqoji Texnikomları
Adət ənənələri
Ədəbi mədəni əlaqələri
İctimai siyasi durum
Borçalı ziyalıları dövlət və hökümət orqanlarında
Öndər adamları
Akademik və müxbir üzvləri
Elmlər doktorları
Elmlər namizədləri
Həkimlər
El ağsaqqalları
Generallar
Hüquqsunaslar
Tarixi qəhrəmanlar
Rəssamlar
Memarlar
İncəsənət xadimləri
Jurnalistlər
Aşıq folklor örnəkləri
El sənətkarları
Xeyriyyəçilər
İdmançılar
Şəhidlər
Yaylaqlar
Xəritələr
Şəkillər
 

The Project is accomplished by the assistance of the Bureau of Educational and Cultural Affairs of the U.S. Department of State and International Research & Exchanges Board

Səhifənin yaradılmasında göstərdiyi köməkliyə görə Məmməd Sarvana təşəkkür edirik

AKADEMİK VƏ MÜXBİR ÜZVLƏR

ZAHİD XƏLİLOV

Zahid İsmayıl oğlu Xəlilov 1911-ci ildə Tiflisdə anadan olmuşdur. 1929-cu ildə Türk Pedaqoji Texnikumunu bitirmiş və həmin il Azərbaycan Dövlət Universitetinin riyaziyyat fakültəsinə daxil olmuşdur. Z.İ. Xəlilov 1932-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirmiş və 1940-cı ilə qədər Tbilisi Dəmir Yolu Nəqliyyatı Mühəndisləri İnstitutunda dosent vəzifəsində işləmişdir.

1937-ci ildə Zahid Xəlilov Tbilisidə Riyaziyyat İnstitutunun aspiranturasına daxil olmuşdur. Onun ilk elmi rəhbəri görkəmli alim, professor Stefan Berqman, sonra akademik N.İ. Musxelişvili olmuşdur.

1940-cı ildə Tbilisidə Zahid Xəlilov "Kleb məsələsi və onun ümumiləşməsi" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.

1940-cı ildə Zahid Xəlilov Azərbaycan Dövlət Universitetində işə də’vət olunmuşdur. ADU-da bir müddət dərs dedikdən sonra 1942-ci ilin yanvar ayında SSRİ EA-nın Azərbaycandakı filialının fizika sektoruna işə də’vət olunmuş, 1942-ci ilin aprel ayına qədər bu sektorun yeganə riyaziyyatçısı kimi öz ətrafına bir neçə riyaziyyatçı (elmi dərəcələri olmayan) toplayıb nəzəri fizika və riyaziyyat bölməsini təşkil etmiş və həmin bölməyə rəhbərlik ona tapşırılmışdır.

1947-ci ildə Azərbaycan EA-nın Fizika İnstitutu ilə riyaziyyat sektorları birləşdirilmiş və riyaziyyat bölməsinin rəhbəri Zahid Xəlilov tə’yin olunmuşdur. Burada nəzəri fizika, mexanika, astronomiya və riyaziyyatın bir çox sahələri Zahid müəllim və onun ətrafına cəmləşmiş iste’dadlı azərbaycanlı gənclər tərəfindən əhəmiyyətli dərəcədə inkişaf etdirilmişdir. Hal-hazırda Azərbaycan respublikasında fəaliyyət göstərən Mexanika-Riyaziyyat İnstitutunun, Şamaxı Astrofizika rəsədxanasının, nəzəri fizika bölmələrinin yaradılmasının əsası məhz həmin sektorun fəaliyyəti nəticəsində qoyulmuşdur. 1946-cı ilin iyun ayında Tbilisidə Zahid Xəlilov "Sərhəd məsələlərinin parametrdən asılılığının tədqiqi"nə həsr olunmuş doktorluq dissertasiyasını müdafiə etmiş və Azərbaycanda ilk fizika-rifaziyyat elmləri doktoru olmuşdur.

Zahid Xəlilovun doktorluq dissertasiyası və mexanikaya aid məqalələri 1950-ci illərdə ABŞ-da ingilis dilində çap olunmuşdur.

Zahid Xəlilov nəinki Azərbaycanda, həm də keçmiş SSRİ-də riyaziyyatın müasir sahəsi sayılan funksional analizin yaradıcılarından biri hesab olunur. Bu sahədə keçmiş SSRİ-də ilk dərsliyin və ilk monoqrafiyanın müəllifi Zahid Xəlilov olmuşdur (1949). SSRİ EA-nın çox mö’təbər jurnalı olan "Funksional analiz və onun tərtibləri" jurnalının yaradıcılarından biri və ömrünün axırınadək onun redaksiya hey’ətinin üzvü olmuşdur.

Banax cəbrində sinqulya tənliklərin həlli üçün ümumi bir metod dünya riyaziyyatında "Zahid İsmayıl oğlu Xəlilov nəzəriyyəsi" adı ilə tanınmışdır.

Zahid Xəlilov rus və alman dillərində çox təmiz danışmışdır.

Zahid Xəlilovun və onun rəhbərlik etdiyi məktəbin yetirmələrinin funksional analizin müxtəlif məsələlərinin həllinə həsr etdikləri işlərin aktuallığı və sanballılığı nəticəsində Bakı şəhəri bu sahənin ocağı kimi funksional analiz tədqiqatçılarının nüfuzlu mərkəzlərindən birinə çevrilmişdir. 1959-cu ildə funksional analiz üzrə Ümumittifaq Konfransı məhz Bakı şəhərində keçirilmişdir.

Həmin konfransda Zahid müəllim "Banax fəzalarında operatorlu diferensial tənliklərin həllinin məhdudluğu və dayanıqlığı" adlı nəzəri-elmi problemlə mə’ruzə etmişdir ki, bu da gələcəkdə həmin istiqamətdə dünyada görüləcək işlər üçün istinad nöqtəsi olmuşdur.

Zahid Xəlilov 1966-cı ildə Moskvada Ümumdünya riyaziyyatçılarının üçüncü konqresində "Operatorlu diferensial tənliklər üçün qoyulmuş müxtəlif məsələlərin həlli" mövzusunda mə’ruzə etmişdir.

Azərbaycanda riyaziyyat tarixini işıqlandıran "Böyük Azərbaycan mütəfəkkiri Məhəmməd Nəsrəddin Tusi", "Otuz ildə Azərbaycanda riyaziyyatın inkişafı", "Otuz ildə SSRİ-də riyaziyyatın inkişafı", "Məhəmməd Nəsrəddin Tusinin riyaziyyata aid işləri" adlı ilk məqalələrin müəllifi və "Azərbaycanın dahi alimi Məhəmməd Nəsrəddin Tusinin anadan olmasının 750 illiyi"nə həsr olunmuş məcmuənin də redaktoru Zahid Xəlilov olmuşdur.

Azərbaycanda riyaziyyata aid ilk dəyərli əsərlərin - "İnsanlar indiki riyaziyyata necə gəlib çatmışlar" və "Dairənin kvadraturası" kitablarının müəllifi də Zahid Xəlilovdur.

Z.İ. Xəlilovdan sonra riyaziyyatda belə yüksək mə’nalı elmi-kütləvi kitablar yazılmadığından onun "İnsanlar indiki riyaziyyata necə gəlib çatmışlar" kitabının bə’zi hissələri elmi-kütləvi dərgi sayılan "Çevrə"nin 1966-cı ildə çıxan 2-ci sayında nəşr olunmuşdur. Zahid Xəlilov Azərbaycan dilində ilk riyaziyyat lüğətinin tərtibatçısı və təşkilatçısı olmuşdur.

Z.İ. Xəlilovun 72-dən çox elmi məqaləsi çap olunmuşdur.

Zahid Xəlilovun Azərbaycan elminin təşkilində böyük rolu olmuşdur. Uzun müddət Azərbaycan EA-nın Mexanika-Riyaziyyat İnstitutunun direktoru, akademik-katib, vitse-prezident və Azərbaycan EA-nın prezidenti, SSRİ Ali Sovetinin deputatı olmuşdur. Z.İ. Xəlilov ömrünün axırına kimi keçmiş SSRİ-də həm sovet riyaziyyatçılarının, həm də sovet mexaniklərinin milli komitələrinin (yarandıqları gündən) üzvü olmuşdur. Elmin və mədəniyyətin inkişafındakı misilsiz xidmətlərinə görə, 1960-cı ildə Zahid Xəlilova "Əməkdar elm xadimi" fəxri adı verilmişdir. O, "Qırmızı Əmək Bayrağı", "Şərəf Nişanı" ordenləri və bir neçə medalla təltif olunmuşdur.

Z.İ. Xəlilov 1974-cü il fevralın 4-də 63 yaşında Bakı şəhərində vəfat etmişdir.

 

KAMAL TALIBZADƏ

Kamal Abdulla Şaiq oğlu Talıbzadə 1923-cü il avqust ayının 14-də Bakı şəhərində anadan olmuşdur. İlk təhsilini burada alan K. Talıbzadə sonralar Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmiş və 1945-ci ildən e’tibarən Azərbaycan EA-nın Nizami adına Ədəbiyyat İnstitutunda elmi fəaliyyətə başlamışdır. 1948-ci ildə o, aspirantura təhsilini başa vuraraq "Abbas Səhhətin həyat və yaradıcılığı" mövzusunda dissertasiya müdafiə edib filologiya elmləri namizədi elmi dərəcəsi almışdır.

O, 1954-cü ildən Azərbaycan Yazıçılar İttifaqı idarə hey’ətinin, 1965-1976-cı illərdə isə Rəyasət hey’ətinin üzvü olmuş, eyni zamanda 1957-1975-ci illərdə tənqid və ədəbiyyatşünaslıq bölməsinə rəhbərlik etmişdir. K.Talıbzadə müxtəlif illərdə "Azərbaycan" jurnalı və Azərbaycan KP MK-nın orqanı olan "Azərbaycan kommunisti" jurnalının (1971-1978) redaksiya hey’ətində çalışmışdır.

1965-ci ildə Azərbaycan ədəbi tənqidinin tarixi və inkişaf xüsusiyyətləri ilə bağlı doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edən K. Talıbzadə 1972-ci ildə professor seçilmiş, 1983-cü ildə isə ona "Əməkdar elm xadimi" fəxri adı verilmişdir. O, 1980-ci ildə Azərbaycan EA-nın müxbir üzvü seçilmiş və elə həmin ildən 1987-ci ilə qədər Nizami adına Ədəbiyyat İnstitutunda "Tənqid tarixi və nəzəriyyəsi" şö’bəsinə rəhbərlik etmişdir. Elmi işindəki müvəfəqiyyətlərinə görə, xüsusilə, milli tənqidi fikrin tarixi mənzərəsini əks etdirən "Azərbaycan ədəbi tənqidinin tarixi" adlı əsərinə görə ona Azərbaycan SSR Dövlət mükafatı təqdim (1986-cı il) edilmişdir.

K. Talıbzadənin ədəbi axtarışları bir neçə istiqaməti ilə diqqəti daha çox cəlb edir. Bu, hər şeydən əvvəl onun ədəbiyyatdaxili meyl və cərəyanların, bədii üslub və ədəbi məktəblərin hər birinə onların öz qanunauyğunluqları ilə yanaşmasından ibarətdir. Yə’ni o, ədəbi inkişafı birtipli proses kimi deyil, bütün rəngarəngliyi ilə öyrənməyi daha vacib sayır. İkincisi, tənqidçinin ayrı-ayrı sənətkarların həyat və yaradıcılığını ədəbi-ictimai inkişaf kontekstində və monoqrafik hüdudda öyrənməsindən ibarətdir. Üçüncüsü, ədəbi problem və sənətkarlıq məsələlərinin aydınlaşdırılması və s.

Məhz çox planlı və gərgin yaradıcılığın nəticəsidir ki, o Azərbaycan ədəbiyyatşünaslığı, elmi-ictimai və pedaqoji fikrinin inkişafında əhəmiyyətli yer tutan əsərlərin müəllifi kimi tanınır. Onun "Abbas Səhhət" (1949), "Qorki və Azərbaycan" (1959), "Ədəbi irs və varislər" (1974), "XX əsr Azərbaycan tənqidi" (1966), "Tənqidimiz haqqında qeydlər" (1967). "Sənətkarın şəxsiyyəti" (1978), "Azərbaycan ədəbi tənqidinin tarixi" (1984), "Abbas Səhhət" (1986) əsərləri bu qəbildəndir.

Ədəbiyyatşünas alimin yaradıcılığında əsas yeri Azərbaycan ədəbi tənqidinin tarixi və nəzəri inkişaf xüsusiyyətləri tutur. Ədəbi tənqidi konkret idrak hadisəsi və yaradıcılıq növü sayan K. Talıbzadə ən qədim dövrlərdən 1917-ci ilə qədərki dövrdə Azərbaycan tənqidinin keçdiyi yola nəzər salır, eyni zamanda onun nəzəri-estetik keyfiyyətini izah edir.

K. Talıbzadə XX əsrin əvvələrində Azərbaycan demokratik ictimai fikrinin yayılmasını, inqilabi ideyaların tərənnümünü, maarifçi dünyagörüşünün daha da təkmilləşdirilməsini müəyyənləşdirməklə yanaşı, ədəbi tənqidi professional səviyyəyə yüksəldən F. Köçərli, S. Hüseyn, A. Sur, H. Minasazov, N. Nərimanov, A. Yusifzadə, S. Ağamalıoğlu, D. Bünyadzadə, Ə. Əkbərov və başqalarının yaradıcılıq yolunu işıqlandırmışdır. O, adları çəkilən tənqidçilərin əsərlərini dövrün ədəbi inkişafı ilə bağlı təhlilə cəlb etmiş, yeni Azərbaycan ədəbiyyatı uğrunda onların mübarizəsini göstərmişdir. "F.Köçərlinin ədəbi-tənqidi görüşləri", "Seyid Hüseyn - tənqidçi", "Abdulla Sur -tənqidçi və ədəbiyyat tarixçisidir" məqalələrində bunu aydın görmək olur.

İnqilaba qədərki tənqidin tarixi taleyini əhatəli şəkildə aydınlaşdıran K. Talıbzadə yeni tənqidçilər nəslinin hazırlanmasında yaxından iştirak etmişdir. Ə. Nazim, H. Zeynallı, M. Quliyev, B. Çobanzadə, Ə. Adil, İ. Hikmət, A. Musaxanlı, M. Rəfili, M.K. Ələkbərli, H. Nəzərli və başqalarının işini layiqincə davam etdirən Kamal Talıbzadə yeni nəslin prinsipiallıq, dözüm, mübarizlik, ideyalılıq kimi keyfiyyətlərə yiyələnməsində müstəsna rol oynamışdır. Onun rəhbərliyi ilə yetişən ədəbiyyatşünas-tənqidçilər tənqidi fikrin sosial fəallığı, elmiliyi və bədiiliyini izah etməyi, bu spesifik şüur hadisəsinin ən optimal imkanlarını müəyyənləşdirməyi əsas vəzifə bildilər.

 

MAQSUD ƏLİYEV

Maqsud İsfəndiyar oğlu Əliyev 1924-cü il avqustun 27-də Tiflis şəhərində anadan olmuşdur. 1931-ci ildə Tiflisdə orta məktəbin birinci sinfinə getmiş, 1941-ci ildə həmin məktəbi bitirmişdir. 1941-1943-cü illərdə Tiflis Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsində tələbə olmuş, 1943-1945-ci illərdə isə Sovet Ordusu sıralarında xidmət etmişdir.

1950-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini bitirmiş, Politexnik İnstitutunda, Neft və Kimya İnstitutunda, Azərbaycan Dövlət Universitetində pedaqoji iş aparmışdır. O, eyni zaman da Azərbaycan EA Fizika və Riyaziyyat İnstitutunda elmi-tədqiqat işləri ilə də məşğul olmuşdur.

Bu dövrdə Maqsud Əliyevin elmi fəaliyyəti çox maraqlı xüsusiyyətlərə malik olan selen yarımkeçiricisinin fiziki xassələrinin öyrənilməsinə yönəlmişdir. O, selenin kristallaşmasına, elektrik, optik və istilik xassələrinə az miqdarda aşqarların tə’sirinin ilk tədqiqatçılarından biridir. M.İ. Əliyev bu nəticələri ümumiləşdirərək 1957-ci ildə namizədlik dissertasiyasını müdafiə etmişdir.

M.İ. Əliyev 1961-ci ildən Azərbaycan EA Fizika İnstitutunda əvvəlcə böyük elmi işçi, sonralar isə "Yarımkeçiricilərdə köçürmə hadisələri" laboratoriyasının müdiri vəzifəsində çalışmışdır. Maqsud Əliyevin tədqiqatlarında əsas yerlərdən birini yarımkeçiricilərin istilikkeçirməsi problemi tutur. Bu problemin həlli fononlar, elektronlar, elektron-deşik cütləri, eksitonlar, maqnonlar ilə əlaqədar olan bir çox əsaslı məsələləri aydınlaşdırmağa imkan vermişdir.

M.İ. Əliyevin güclü legirə olunmuş klassik yarımkeçiricilər olan germanium, silisium və "A" "V" birləşməsinin istikkeçirməsinin tədqiqinə aid işlərini H.M. Abdullayev, professorlar D.N. Nasledov, A.R. Regel, L.S. Stilbans və digər məşhur alimlər yüksək qiymətləndirmişlər. Bu nəticələr M.İ. Əliyevin doktorluq dissertasiyasının əsasını təşkil etmiş, o, 1966-cı ildə fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsini, 1967-ci ildə isə professor adını almış, bir sıra orden, medal və diplomlara layiq görülmüşdür.

Son illər akademik Maqsud Əliyev ən’ənəvi elmi istiqamətilə bərabər çox maraqlı və aktual olan problem-məşhur alim Lütfi Zadənin qeyri-səlis çoxluqlar, qeyri-səlis məntiq sahəsində fəaliyyət göstərir. "Fizika problemləri və qeyri-səlis məntiq" üzrə elmi problemləri inkişaf etdirməklə məşğul olur. Bu sahədə keçirilən bir neçə beynəlxalq konfranslarda (Almaniya, İran) mə’ruzələrlə çıxış etmişdir.

Akademik Maqsud Əliyev ittifaq mətbuatında və xarici mətbuatda dərc olunmuş 300-dən artıq elmi məqalənin və 20 ixtiranın müəllifidir. Onun "Yarımkeçiricilərin istilikkeçirməsi" adlı kitabı şöhrət qazanmışdır.

Yüksək ixtisaslı elmi kadrların hazırlanmasında alimin xidmətləri böyükdür. Belə ki, o, yarımkeçiricilər fizikası və onun tədris metodikası sahəsində 40-a qədər elmlər namizədi və elmlər doktoru yetişdirmişdir. O, 1950-ci ildən respublikanın bir çox ali məktəblərində assistent, baş müəllim, dosent və professor vəzifələrində işləyərək pedaqoji fəaliyyət göstərmişdir. Akademik M.İ. Əliyev BDU-da yarımkeçiricilər fizikası üzrə xüsusi kursdan mühazirələr oxumaqla bərabər, respublikamızda kadrlar hazırlanmasında da böyük əmək sərf edir.

Alim yarımkeçiricilər fizikası sahəsindəki və elmi kadrlar hazırlanmasındakı böyük xidmətlərinə görə 1969-cu ildə Azərbaycan Respublikası EA-nı müxbir üzvü, 1980-cı ildə isə həqiqi üzvü seçilmişdir.

Maqsud Əliyev Azərbaycan Respublikası EA fizika-riyaziyyat və texnika elmləri bölməsinin akademik-katibinin müavini vəzifəsində işləyərək, aktiv elmi təşkilatçılıq işi aparır. O, Azərbaycan EA-nın "Fizika problemləri" elmi şurasının sədr müavini, Rusiya EA Rə’yasət Hey’ətinin "Yarımkeçiricilər fizikası və kimyası" kompleks problemi və "Yarımkeçirici materialşünaslığının fiziki-kimyasının əsasları" üzrə elmi şuraların üzvüdür. Akademik M.İ. Əliyev "Fundamental və tətbiqi işlər" üzrə komissiyanın sədri kimi 1986-2005-ci illər üçün elmi-texniki tərəqqi kompleks proqramının tərtib olunmasında fəal iştirak etmişdir. O, Azərbaycan Ensiklopediyasının və respublika Akademiyasının nəşr işində yaxından iştirak etmişdir.

Elmi nailiyyətlərin fəal təbliğatına görə Maqsud Əliyev keçmiş Ümumittifaq "Bilik" Cəmiyyətinin Fəxri Fərmanı ilə təltif olunmuşdur. Akademik Maqsud Əliyevin adı Respublika Əmək Şöhrəti kitabına yazılmışdır.

 

İSMAYIL HÜSEYNOV

İsmayıl Abbas oğlu Hüseynov 1910-cu il dekabrın 15-də Tiflis şəhərində anadan olmuşdur. Orta təhsilini Tiflis şəhərində Əncuman məktəbində aldıqdan sonra (1917-1927) Bakıya gəlmişdir.

1931-ci ildə Azərbaycan Dövlət Universitetini (indiki BDU-nu) bitirmiş, Moskvada Millətlər İnstitutunun aspiranturasında oxumuşdur (1933-1936). 1941-1942-ci və 1958-1960-cı illərdə Azərbaycan SSR EA Tarix İnstitutunun direktoru işləmişdir. 1942-1944-cü illərdə müharibədə iştirak etmiş və hərbi qəzet redaktorunun müavini işləmişdir. 1944-1948-ci illərdə Azərbaycan KP MK yanında Partiya Tarixi İnstitutunda direktor müavini, APİ-də (indiki Azərbaycan Dövlət Pedaqoji Universitetində) və Azərbaycan Dövlət Universitetində (indiki BDU-da) kafedra müdiri, BDU-da prorektor və rektor vəzifələrində işləmişdir. 1960-1968-ci illərdə Azərbaycan SSR EA ictimai elmlər bölməsinin akademik katibi olmuşdur.

1940-cı ildə namizədlik, 1946-cı ildə isə doktorluq dissertasiyası müdafiə etmişdir. 1947-ci ildə professor diplomu almışdır. İsmayıl Hüseynov 3 cilidlik "Azərbaycan tarixi" (1-3, B, 1958-1963), "Azərbaycan Kommunist Partiyası tarixinin oçerkləri" (B., 1964), "Zaqafqaziyada Sovet hakimiyyətinin qələbəsi" (Tbilisi, 1971) və s. əsərlərin müəllifi və redaktorlardan biri olmuşdur. Çoxcildlik "SSRİ tarixi" kitabının baş redaksiya şurasının, Sovet tarixçilərinin milli komitəsinin üzvü olmuşdur. 1960-cı ildə İsveç, 1963-cü ildə Hindistan, 1965-ci ildə isə Avstriyada tarixçilərin beynəlxalq konqreslərində mə’ruzələrlə çıxış etmiş, elmi məqalələr çap etdirmişdir. Yüksək ixtisaslı kadrlar hazırlanmasında xidmətləri olmuşdur. 1949-cu ildə Azərbaycan SSR EA müxbir üzvü, 1958-ci ildə isə Azərbaycan SSR EA akademiki seçilmişdir. 1969-cu ildə əməkdar elm xadimi adına layiq görülmüşdür. 1940-cı ildən Sov. İKP üzvü olmuşdur. İsmayıl Hüseynov böyük sovet və Azərbaycan tarixçisi və ictimai xadim olmuşdur. İsmayıl Hüseynov 1969-cu ildə Bakıda vəfat etmişdir.

 

FUAD ƏFƏNDİYEV

Fuad Əlaəddin oğlu Əfəndiyev 1909-cu il fevralın 23-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur.

Fuad Əfəndiyevin valideynləri Gürcüstanın Axalsıx bölgəsinin Azğur kəndindən olmuşdur.

Orta təhsilini Bakıda almışdır. 1927-1932-ci illərdə indiki Azərbaycan Dövlət Tibb Universitetində təhsil almışdır. 1934-cü ildə dissertasiya müdafiə edib tibb elmləri namizədi, 1943-cü ildə tibb elmləri doktoru elmi dərəcəsi almışdır. Fuad Əfəndiyev pedaqoji sahə ilə yanaşı elmi işlə də məşğul olmuşdur. 1944-cü ildən ömrünün sonunadək Azərbaycan Dövlət Tibb Universitetində 2-ci fakültə cərrahlığı kafedrasının müdiri işləmişdir. O, hematologiya və qanköçürmə sahəsində də tədqiqat işləri aparmış, 1957-ci ildə onun təşəbbüsü ilə 4 saylı klinikada köks cərrahlığı şö’bəsi yaradılmışdır. 1961-ci ildə Azərbaycan Ekspertimental və Klinik Tibb İnstitutunun təşkilatçısı və ilk direktoru olmuşdur.

Fuad Əfəndiyev 1942-ci ildən Azərbaycan SSR əməkdar həkimi, 1943-cü ildən professor olmuş, 1956-cı ildə Azərbaycan SSR əməkdar elm xadimi adına layiq görülmüş, 1959-cu ildə Azərbaycan SSR EA-nın müxbir üzvü seçilmişdir. Fuad Əfəndiyevin tədqiqatı əsasən, köks cərrahlığı, hematologiya, qankörçümə, qanın laxtalanması və s. həsr edilmişdir, Plevra boşluğunda qanın infeksiyalaşmasını asanlıqla tə’yin etməyə imkan verən orijinal üsül təklif etmiş ("Əfendiyev sınağı"), ağçiyər operasiyalarını asanlaşdırmaq üçün xüsusi alət və aparatlar yaratmış, hemotoks və hesartrozların ekspress üsulla müalicəsinin mümkün olduğunu göstərmişdir. N.N. Burdenko adına mükafata layiq görülmüş, Azərbaycan SSR Ali Sovetinin (3-6-cı çağırış) deputatı olmuşdur. "Qırmızı Əmək Bayrağı" ordeni, "Qırmızı Ulduz" ordeni və medallarla təltif edilmişdir. 4 saylı Bakı şəhər xəstəxanası Fuad Əfəndiyevin adını daşıyır. Fuad Əfəndiyevin elmi və pedaqoji fəaliyyəti 100-ə yaxın elmi məqaldə, 3 monoqrafiyada öz əksini tapmışdır.

Fuad Əfəndiyev 1963-cü ildə Bakı şəhərində vəfat etmişdir.

 

ƏLƏKBƏR QULİYEV

Ələkbər Məmməd oğlu Quliyev 27 sentyabr 1911-ci ildə Tiflis şəhərində anadan olmuşdur.

1930-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna qəbul olunmuş, 1934-cü ildə həmin institutu fərqlənmə diplomu ilə bitirmişdir. İnstitutun rektorluğu onu botanika kafedrasında aspirant saxlamışdır.

Ələkbər Quliyev 1941-ci ildə namizədlik, 1950-ci ildə isə Leninqrad (indiki Sankt-Peterburq) şəhərində doktorluq dissertasiyası müdafiə etmişdir.

1952-ci ildə Ələkbər Quliyev professor diplomu almış, 1960-cı ildə isə ona Azərbaycanın Əməkdar Elm xadimi fəxri adı verilmişdir.

1960-cı ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1967-ci ildə isə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.

Ələkbər Quliyev 1944-1955-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda botanika kafedrasının müdiri, 1955-1959-cu illərdə həmin institutda prorektor, 1959-1960-cı illərdə Zərdabi adına Gəncə Pedaqoji İnstitutunun rektoru, 1961-1962-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı Naziri, 1962-1970-ci illərdə isə Azərbaycan Elmlər Akademiyası Genetika və Seleksiya Elmi-Tədqiqat İnstitutunun direktoru işləmişdir.

1970-1983-cü illərdə həmin institutun texniki və yem bitkiləri şö’bəsinin müdiri olmuşdur.

Ələkbər Quliyevin elmi-pedaqoji fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, Şərəf Nişanı ordeni və bir neçə medallarla, "SSRİ-nin Əməkdar ixtiraçısı" adı ilə təltif edilmişdir.

Ələkbər Quliyevin 230-dan artıq elmi əsəri işıq üzü görmüşdür. Onun fundamental əsərlərinin çoxu dünyanın 40-dan artıq dövlətlərində, ölkəmizin nəşriyyatlarında çap olunmuşdur. Ələkbər Quliyevin MDB dövlətlərində və Azərbaycanda 140 ç.v.h., 9 monoqrafiyası, 1 broşürası nəşr olunmuşdur. O, bu müddət ərzində 51 elmlər namizədi və 7 elmlər doktoru hazırlamışdır.

Ələkbər Quliyev 10 ixtiranın, 18 patentin və 10-dan artıq yem və texniki bitki sortlarının müəllifi olmuşdur. Onun yetişdirmiş olduğu sortlardan: "Ağdaş-3" pambıq sortu, "Azərbaycan-3" ikiqat xətlərarası qarğıdalı hibridi və "AzSXİ-1" yonca sortu Azərbaycan Respublikası və keçmiş SSRİ-nin digər respublikalarında rayonlaşdırılmışdır. Ələkbər Quliyevin elmi fəaliyyəti 158 ç.v.h., 12 monoqrafiyada təmsil olunmuşdur. O, 50 illik elmi-pedaqoji fəaliyyət müddətində 20 beynəlxalq, 50-dən artıq keçmiş ittifaq və respublika simpozium və konfranslarında çıxış etmiş, məqalələr çap etdirmişdir.

Ələkbər Quliyev1987-ci ildə Bakıda vəfat etmişdir.

 

ƏLİ İNSANOV

Əli Binnət oğlu İnsanov 1946-cı il martın 22-də Ermənistan SSR-in (keçmiş Dağ Borçalısı bölgəsinin) Ləmbəli kəndində anadan olmuşdur. 1965-ci ildə orta məktəbi qızıl medalla bitirmiş, Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki ATU-nun) müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. 1972-ci ildə isə həmin fakültədə təhsilini başa vurmuşdur.

Əmək fəaliyyətinə Azərbaycan Elmi-Tədqiqat Vərəm İnstitutunda həkim-ordinator kimi başlayan Əli İnsanov kiçik və böyük elmi işçi, elmi işlər üzrə şö’bə müdiri, elmi işlər üzrə direktor müavini vəzifələrində çalışmış və 1985-ci ildə həmin institutun direktoru vəzifəsinə tə’yin olunmuşdur. 1977-ci ildə Moskva şəhərində namizədlik və 1985-ci ildə isə doktorluq dissertasiyası müdafiə etmişdir. Həmin ildən Azərbaycan Tibb Universitetinin vərəm kafedrasında müəllimliyə başlayan Əli İnsanov 1991-ci ildən həmin kafedraya rəhbərlik etmişdir. O. 1992-ci ildən professordur. 1993-cü ildə Azərbaycan Respublikasının səhiyyə naziri vəzifəsinə tə’yin edilmişdir.

Əli İnsanov respublikamızda ftiziatriya və pulmonologiya üzrə elmi məktəb yaratmışdır. Onun rəhbərliyi altında 25 namizədlik və 8 doktorluq dissertasiyası müdafiə edilmişdir. Əli İnsanov 4 kitabın, 200-dən çox elmi məqalənin müəllifidir. Bu əsərlərin 50-si xarici ölkələrdə çap edilmişdir. 1981-ci ildən başlayaraq bu günədək onun elmi mə’ruzələri 30-dan artıq ölkədə, o cümlədən ABŞ, İngiltərə, Fransa, Çin, Kanada, Almaniya, Türkiyə, İran, Hindistan, Yaponiya, İsrail, İsveçrə, Kuba, İndoneziya, Belçika və Pakistanda maraqla dinlənmişdir.

O, Ümumdünya Biotexnoloqlar Elmi Cəmiyyətinin vitse-prezidenti, Vərəm əleyhinə Beynəlxalq İttifaqın, Avropa Respirator Cəmiyyətinin, Nyu-York Elmlər Akademiyasının, Rusiya Federasiyasının Təbiət Elmləri Akademiyasının, "Problemı tuberkuleza" jurnalının, "Azərbaycan Tibb Jurnalı"nın redaksiya hey’ətinin üzvüdür. 1998-ci ildə Ümumdünya Səhiyyə Təşkilatının Baş Assambleyasının vitse-prezidenti seçilmişdir.

1995-ci ildə Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilmişdir. Əməkdar elm xadimidir.

Əli İnsanov Azərbaycanın ilk dərman preparatı "İnsanovin"in və yerli təbii dərman bitkilərindən hazırlanmış "İnsanov bronxolitini"in müəllifidir.

1998-ci ildə Sankt-Peterburqda səhiyyədə islahatlara həsr olunmuş Beynəlxalq Konfransın qızıl medalına layiq görülmüşdür.

Əli İnsanov 2001-ci ilin iyulunda Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.

 

ƏBDÜRRƏHMAN GÜLƏHMƏDOV

Əbdürrəhman Niyaz oğlu Güləhmədov 1908-ci il iyulun 25-də Borçalı mahalına qonşu Ahılkələk (Ağcaqala) rayonunun Kokiya kəndində anadan olmuşdur. Uşaq ikən yetim qaldığı üçün natamam orta təhsilini Gəncə şəhərində uşaq evində almışdır. Sonra Gəncə Kənd Təsərrüfatı Texnikumunun aqronomluq şö’bəsini bitirmiş və Azərbaycan Elmi Tədqiqat Pambıqçılıq İnstitutunda işləmişdir.

1932-ci ildə K.A. Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyasının torpaqşünaslıq və aqrokimya fakültəsini bitirmişdir.

1931-1932-ci illərdə Moskva şəhərində Ümumittifaq Gübrə və Torpaqşünaslıq İnstitutunda (VİUA) manqanın bitki qidalanmasında rolunun öyrənilməsi sahəsində axtarışlarını davam etdirmişdir. Əbdürrəhman Güləhmədov 1932-ci ildən e’tibarən həm də Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda aqrokimya fənnindən mühazirələr oxumaqla kadr hazırlığı işində yaxından iştirak etmişdir.

Ə. Güləhmədov 1948-ci ildə "Mikroelementlərin Azərbaycan SSR-in karbonatlı torpaqlarında pambıq bitkisinin boy, inkişaf və məhsuldarlığına tə’siri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.

1961-ci ildə Moskvada doktorluq dissertasiyası müdafiə etmişdir. 1963-cü ildə professor, 1976-ci ildə isə Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.

Ə. Güləhmədovun çoxcəhətli elmi fəaliyyəti aşağıdakı mühüm problemlərin həllinə həsr edilmişdir:

  • Mikroelementlərin bioloji rolu və onların kənd təsərrüfatında və təbiətdə tətbiqi problemi; Respublikanın torpaqlarında təbii radioaktiv elementlərin öyrənilməsinə həsr edilmiş tədqiqatlar.

Mikroelementlər sahəsində tə’limin inkişafında Güləhmədovun çoxillik tədqiqatları mühüm rol oynamışdır. Pambıq bitkisinin həyatı və məhsuldarlığında mühüm fizioloji mikroelementlər olan manqan, bor, sink, yod və sairənin tə’siri ilk dəfə (1932) onun tərəfindən öyrənilmişdir.

Ə. Güləhmədovun tədqiqatlarının ən aktual sahələrindən biri yeni növ gübrələrin istehsal texnologiyasının hazırlanması olmuşdur. O, yerli sənaye tullantılarından alınan yeddi növ polimikrogübrələrin və sənaye miqyasında 100 tonlarla istehsal edilən mikroelementləşdirilmiş istehsal texnologiyalarının müəllifi olmuşdur.

Ə. Güləhmədov üç elmlər namizədi hazırlamış və 3 elmlər doktorunun işinin məsləhətçisi olmuşdur.

Ə. Güləhmədovun 225-dən artıq elmi əsəri, 6 kitabçası çapdan çıxmışdır. Bunlardan ümumi həcmi 65 çap vərəqi olan 5 monoqrafiyanı göstərmək olar.

Ə. Güləhmədov ixtiraları üçün 15 müəlliflik şəhadətnaməsi və səmərələşdirici təklifləri üçün isə on diplom almışdır.

Ə. Güləhmədov Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda və Azərbaycan Dövlət Universitetində aqrokimya və torpaqşünaslıq fənnindən dərs demişdir. Mikroelementlər kənd təsərrüfatında və təbabətdə problemi üzrə Ümumittifaq Elmi Şuranın üzvü seçilmişdir.

Ə. Güləhmədov Azərbaycan SSR EA nəzdində kənd təsərrüfatının kimyalaşdırılması problemi üzrə şuranın sədri olmuşdur. Uzun illər o, Mendeleyev adına Kimya Cəmiyyətinin sədri vəzifəsini də daşımışdır. O, torpaqşünaslıq və aqrokimya ixtisası üzrə müdafiə şurasının və Ümumittifaq Kənd Təsərrüfatı Akademiyası Zaqafqaziya şö’bəsinin torpaqşünaslıq, aqrokimya bölməsinin üzvü olmuşdur.

Ə. Güləhmədov 1978-ci ildə Azərbaycan SSR Dövlət mükafatına layiq görülmüşdür. O, "V.İ. Leninin anadan olmasının 100 illiyi", "Əmək rəşadətinə görə", "Əmək veteranı" medalları, "Sosializm yarışının qalibi", "Sov.İKP-nin 50 ili" döş nişanları və "Bilik" cəmiyyətinin və Azərbaycan SSR Elmlər Akademiyasının fəxri fərmanları ilə təltif olunmuşdur.

Ə. Güləhmədov gündəlik işində daima Rusiyanın, Latviyanın, Ukraynanın, Orta Asiya respublikaları və Gürcüstanın bir sıra institutları ilə sıx əlaqə saxlamışdır. O, Ümumittifaq Torpaqşünaslıq və mikroelementlər üzrə qurultay və konfransların daimi iştirakçısı olmuşdur.

Ə. Güləhmədov Polşa və Bolqarıstan torpaqşünaslıq və aqrokimya institutları ilə də əlaqə saxlamışdır.

Ə. Güləhmədov 1989-cu ildə Bakı şəhərində vəfat etmişdir.

 

AFAT QURBANOV

Afat Məhəmməd oğlu Qurbanov 1929-cu ildə Borçalının dağlıq hissəsinə (Dağ Borçalı) mənsub olan Qızıl Şəfəq (Cücə Kəndi) kəndində anadan olmuşdur. 1944-cü ildə Dağ İlməzli orta məktəbini bitirmiş və öz kəndlərində müəllimliyə başlamışdır. 1948-ci ildə Tbilisi şəhərində ikiillik müəllimlər İnstitutunu bitirmiş, bir il sonra isə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Dil və Ədəbiyyat fakültəsinə daxil olmuşdur.

İnstitutu fərqlənmə diplomu ilə bitirdikdən sonra Gürcüstanın Başkeçid rayonunun Hamamlı kənd orta məktəbinə direktor tə’yin edilmişdir. 1955-ci ildə A.S. Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutuna müəllimliyə göndərilmişdir. Bir il orada müəllim işlədikdən sonra elmə olan həvəsi onu yenidən Bakıya gətirmiş, APİ-nin aspiranturasına qəbul edilmişdir. 1959-cu ildə aspiranturanı bitirmişdir. On il ərzində namizədlik və doktorluq dissertasiyaları müdafiə etmişdir. 1959-cu ildən Afat Qurbanov Azərbaycan dilçiliyi kafedrasında assistent, müəllim, dosent, professor vəzifələrində çalışmışdır.

A. Qurbanov 1968-ci ildə APİ-nin filologiya fakültəsinin dekanı seçilmişdir. 1981-1989-cu illərdə indiki ADPU-nun rektoru olmuşdur.

A. Qurbanov dilçilik elminin müxtəlif sahələrini əhatə edən çoxcəhətli elmi yaradıcılığa malikdir. Onun elmi tədqiqatlarının mövzu və istiqamətlərinə ümumi dilçilik və türkoloji dilçilik, müasir Azərbaycan ədəbi dili, onomastika, bədii əsərlərin dili, Ali məktəb pedaqogikası və metodikası və s. daxildir.

Azərbaycan dilçiliyində ümumidilçilik problemini araşdıran ilk alimlərdən biri Afat Qurbanov olmuşdur. Onun "Ümumi dilçilik" (Bakı, 1977) adlı dərsliyi bu sahədə yazılmış ilk dərslikdir. Alimin ümumidilçilik sahəsində apardığı son tədqiqatların nəticələri nəşr etdirdiyi "Dünyanın dil ailələri" (Bakı, 1994) adlı kitabında öz əksini tapmışdır.

Afat Qurbanovun elmi yaradıcılığında türkoloji dilçilik məsələləri xüsusi yer tutur. Azərbaycan türklərinin dilçiliyində "Türkoloji dilçilik" terminini də Afat Qurbanov irəli sürmüş, "Türkoloji dilçilik" (Bakı, 1993) kitabını nəşr etdirmişdir.

Müasir Azərbaycan ədəbi dili məsələləri ilə Afat Qurbanov dilçilik tədqiqatlarının ilk mərhələlərindən məşğuldur. Apardığı çoxillik araşdırmalar nəticəsində müxtəlif illərdə "Azərbaycan ədəbi və danışıq dili" (1965), "Müasir Azərbaycan dilinin leksikologiyası" (1964), "Müasir Azərbaycan dilində leksik kateqoriyalar" (1966), "Azərbaycan dilinin semasiologiyası" (1964), "Müasir Azərbaycan dilinin frazeologiyası" (1963), "Azərbaycan lüğətçiliyinə dair" (1962) kitablarını nəşr etdirmişdir. Bu tədqiqatların ümumiliyindən "Müasir Azərbaycan ədəbi dili" kitabı meydana gəlmişdir.

Azərbaycan dili onomalogiyasının müstəqil nəzəri dilçilik şö’bəsi kimi formalaşması bilavasitə Afat Qurbanovun fəaliyyəti ilə bağlıdır. Bu sahədə "Azərbaycan onomastikası". "Azərbaycan onomanikası məsələləri", "Poetik onomastika", "Onomalogiyaya dair elmi-metodik göstəricilər" kitablarını nəşr etdirmişdir. 1988-ci ildə "Azərbaycan dilinin onomologiyası" adlı monoqrafiyası çapdan çıxmışdır.

Afat Qurbanov 1981-ci ildə Respublikasının Əməkdar Elm xadimi fəxri adına, 1991-ci ildə Dövlət Mükafatına layiq görülmüş, 1992-ci ildə Elmin inkişafı və yüksək ixtisaslı kadr hazırlığına görə fəxri fərmanla təltif olunmuşdur, Əmək veteranıdır, 1994-cü ildə akademik Yusif Məmmədəliyev adına mükafata layiq görülmüşdür.

Uzun illər dekan, kafedra müdiri, rektor vəzifələrində çalışması Afat Qurbanova dilçilik fənlərinin tədrisi keyfiyyətini yüksəltməkdə yaxşı təcrübə olmuşdur. Bu sahədə bir sıra elmi-metodik məqalə və kitabçalar çap etdirmişdir.

Hazırda Afat Qurbanov Azərbaycan türk dilinin müqayisəli öyrənilməsi və qrammatikasının uyğunlaşdırılması məsələləri üzərində işini davam etdirir.

Afat Qurbanovun elmi və pedaqoji fəaliyyəti 500 elmi əsərdə öz əksini tapmışdır. Onun 70-dən çox monoqrafiyası; o, cümlədən 50 iri həcmli elmi əsəri, 20 dərslik və dərs vəsaiti nəşr edilmişdir.

8 elmlər doktoru və 52 nəfər elmlər namizədi yetişdirmişdir. Afat Qurbanov bu müddətdə Azərbaycandan başqa - Türkiyə, İran, Rusiya, Türkmənistan, Özbəkistan, Şimali Qafqaz muxtar respublikaları üçün də kadr hazırlamışdır.

 

AYAT HƏSƏNOV

Ayat Muxtar oğlu Həsənov 1937-ci ildə Borçalı nümayəndəliyinin Qaçağan kəndində anadan olmuşdur. 1956-cı ildə Qaçağan orta məktəbini bitirmiş, 1956-1959-cu illərdə ordu sıralarında xidmət etmişdir. 1959-1961-ci illərdə Gürcüstan SSR-in Rustavi şəhərində zavodda çilingər işləmişdir. 1961-ci ildə M. Lomonosov adına MDU-nun biologiya fakültəsinə daxil olmuş və 1968-ci ildə təhsilini başa vurmuşdur.

1968-ci ildən Moskva Hidromeliorasiya İnstitutunda kiçik elmi işçi kimi fəaliyyətə başlamışdır. 1970-1973-cü illərdə Moskva Dövlət universitetinin aspirantı olmuşdur. 1975-ci ildə namizədlik dissertasiyası müdafiə etmişdir. Həmin ildən Moskva Hidromeliorasiya İnstitutunun torpaqşünaslıq kafedrasında müəllimlik fəaliyyətinə başlamışdır. 1978-ci ildə həmin kafedranın dosenti seçilmişdir. 1989-cu ildə kafedranın professoru adına layiq görülmüş və kafedraya müdir tə’yin olunmuşdur. 1990-cı ildə doktorluq dissertasiyası müdafiə etmişdir.

Hal-hazırda həmin kafedrada işləyir, elmlər doktoru, professor, Rusiya Federasiyası Su Təsərrüfatı Elmlər Akademiyasının Müxbir üzvüdür.

Ayat Həsənovun elmi və pedaqoji fəaliyyəti 130 elmi əsərdə, o cümlədən, 2 dərslik kitabında, 2 metodik göstərişdə öz əksini tapmışdır. Onun əsərlərinin 120-si rus dilində nəşr olunmuşdur. Ayat Həsənov beynəlxalq, ittifaq səviyyəli 50 simpozium və konfranslarda çıxış etmişdir.

Ayat Həsənov keçmiş SSRİ dövründə 1977, 1981, 1985 və 1989-cu illərdə SSRİ torpaqşünaslarının qurultaylarının nümayəndəsi olmuş və elmi məqalələrlə çıxış etmişdir.

 

ZENFİRA VERDİYEVA

Zenfira Nadir qızı Verdiyeva 1935-ci il noyabrın 18-də Tiflis şəhərində anadan olmuşdur. 1953-cü ildə Bakıda orta məktəbi bitirmişdir. 1953-1957-ci illərdə Azərbaycan Dövlət Xarici Dillər İnstitutunda (indiki ADDU-nun) ingilis dili fakültəsində təhsil almışdır. Əmək fəaliyyətinə 1957-ci ildə Azərbaycan DDU-da laborant kimi başlamışdır. 1957-1993-cü illərdə orada pedaqoji praktikanın müdiri, baş müəllim, dosent, kafedra müdiri və rektor vəzifəsində çalışmışdır. 1993-cü ildən Azərbaycan Respublikası Qadınlar Cəmiyyətinin sədridir.

Filologiya elmləri doktoru (1972), professor (1973), Azərbaycan EA-nın müxbir üzvüdür (1974).

1965-1986-cı illərdə ABŞ, İngiltərə və s. ölkələrdə Azərbaycanın qadın, qaçqınlıq problemləri haqqında mə’ruzələrlə çıxış etmişdir. "Şərəf nişanı" ordeni və Azərbaycan Ali Sovetinin Fəxri Fərmanı ilə təltif edilmişdir.

Zenfira Verdiyevanın elmi və pedaqoji fəaliyyəti 200-ə yaxın elmi əsərdə, o cümlədən 10 kitabda, bir neçə dərs vəsaitində və metodik göstərişdə və 3 fundamental monoqrafiyada öz əksini tapmışdır. O, 100-ə yaxın beynəlxalq, ittifaq və respublika səviyyəli simpozium konqres və konfranslarda çıxış etmiş, elmi məqalələr dərc etdirmişdir.

 

İSA KƏRİMOV

İsa Gülməmməd oğlu Kərimov 1919-cu ildə Qarayazı bölgəsinin Soğanlıq kəndində anadan olmuş, Tbilisi şəhərində orta məktəbi, Bakı şəhərində isə Azərbaycan Dövlət Universitetini (indiki Bakı Dövlət Universiteti) bitirmişdir. 1941-1945-ci illərdə faşistlərə qarşı döyüşlərdə fəal iştirak etmiş, orden və medallarla təltif olunmuşdur. Müharibədən tərxis olunduqdan sonra elmi fəaliyyətini davam etdirmək üçün Moskvaya getmişdir.

İsa Kərimov elmi fəaliyyətinə M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin aspiranturasında yanma proseslərinin tədqiqi ilə başlamış və həmin işlərə görə elmlər namizədi dərəcəsini almışdır.

1950-ci illərin ortalarından öz elmi fəaliyyətini Azərbaycan EA Fizika İnstitutu ilə bağlayan İsa Kərimov Azərbaycanda yeni elmi istiqamət-aşağı temperaturlar fizikası elmi istiqamətini yaratmış, respublikada ilk dəfə olaraq kriogen qurğular, yə’ni maye hidrogen və maye helium (uyğun olaraq Selsi şkalası üzrə mənfi 253 və mənfi 269 dərəcə temperatur) olan qurğuların yaradılmasına rəhbərlik etmiş və bu sahədə geniş elmi tədqiqat işləri aparmışdır. İ. Kərimov Azərbaycan EA-nın müxbir üzvü seçilmiş və "Oktyabr İnqilabı" ordeni ilə təltif edilmişdir. Elmi kadrlar hazırlanmasında səmərəli fəaliyyət göstərmiş və onun rəhbərliyi altında 5 nəfər elmlər doktoru və 30-dan çox elmlər namizədi alimlik dərəcəsi almışdır. Onun 200-dən çox elmi əsəri çap edilmişdir.

İsa Kərimov 1983-cü ildə vəfat etmişdir.

 

AYAZ ƏFƏNDİYEV

Ayaz Adil oğlu Əfəndiyev 1938-ci il yanvarın 15-də Bakı şəhərində anadan olmuşdur.

1959-cu ildə Azərbaycan Neft və Kimya İnstitutunun kimya-texnologiya fakültəsini bitirdikdən sonra tə’yinatla Azərbaycan EA Neft-Kimya Prosesləri institutuna göndərilmişdir. O, 1960-1963-cü illərdə Moskva şəhərində L.Y. Karpov adına Fiziki-Kimya institutunda aspiranturada təhsil almış və orada akademik V.A. Karginin rəhbərliyi altında namizədlik dissertasiyası müdafiə etmişdir.

Ayaz Əfəndiyev 1963-cü ildən Neft-Kimya prosesləri institutunda çalışmış, 1965-ci ildən elmi fəaliyyətini yeni yaradılmış Azərbaycan EA Kimya Texnologiyasının Nəzəri Problemləri institutunda davam etdirmişdir. Orada o, kiçik elmi işçi, böyük elmi işçi, 1971-ci ildən isə laboratoriya müdiri vəzifələrində çalışmışdır. Ayaz Əfəndiyev 1982-ci ildə M.V. Lomonosov adına Moskva Dövlət Universitetində doktorluq dissertasiyası müdafiə etmişdir.

1987-ci ildən isə Azərbaycan EA Polimer materialları institutunun direktorudur. 1988-ci ildən o, eyni zamanda Azərbaycan EA-nın akademik-katibinin müavini vəzifəsini icra edir.

Ayaz Əfəndiyev yüksəkmolekulyar birləşmələrin kimyası sahəsində tanınmış mütəxəssisdir. O. 250-dən çox elmi əsərin, o cümlədən 1 kitabın və 30 ixtiranın müəllifidir, dəfələrlə beynəlxalq simpoziumlarda mə’ruzələrlə çıxış etmişdir. Ayaz Əfəndiyevin elmi əsərləri keçmiş SSRİ-də, Rusiyada, ABŞ-da, Almaniyada, İngiltərədə, İranda, İrlandiyada, İtaliyada, Yaponiyada, Kanadada, Koreya Respublikasında, Hollandiyada, Polşada, Rumıniyada, Türkiyədə, Fransada, Çexoslovakiyada, Çin Xalq Respublikasında dərc olunmuşdur. A. Əfəndiyevin aparıdığı tədqiqatların nəticələrindən bir sıra dərsliklərdə, dərs vəsaitlərində, monoqrafiyalarda istifadə olunmuş, polimerlərin ensiklopediyasına daxil edilmişdir.

A. Əfəndiyev Amerika Kimya Cəmiyyətinin üzvü və Nyu-York Elmlər Akademiyasının həqiqi üzvüdür. O, Azərbaycan Elmləri Akademiyası "Yüksəkmolekulyar birləşmələr" Elmi şurasının sədri və Rusiya Elmlər Akademiyasının "Yüksəkmolekullu birləşmələr" Elmi şurasının üzvüdür. O, "Azərbaycan kimya jurnalı" baş redaktorunun müavini, "Azərbaycan neft təsərrüfatı" jurnalı redaksiya hey’ətinin və bir sıra başqa elmi şuraların üzvüdür.

A. Əfəndiyev 10 elmlər namizədi hazırlamış, hal-hazırda 3 doktorantın elmi məsləhətçisi, 3 aspirantın və 4 dissertantın isə elmi rəhbəridir.

A. Əfəndiyev dəfələrlə ölkəmizi xaricdə ləyaqətlə təmsil etmişdir. O, ABŞ-da, Almaniyada, Bolqarıstanda, İngiltərədə, İranda, İsveçdə, İtaliyada, Yaponiyada, Türkiyədə, Hollandiyada, Çexoslovakiyada, Çin Xalq Respublikasında elmi e’zamiyyətlərdə olmuş, bu ölkələrdə elmi tədqiqatlar aparmış, plenar mə’ruzələrlə Beynəlxalq konqres, konfrans və simpoziumlarda çıxış etmiş, bir neçə dəfə həmin simpoziumların Beynəlxalq təşkilat komitələrinin üzvü seçilmiş, universitetlərdə, elmi mərkəzlərdə və şirkətlərdə mühazirələr oxumuş, Birləşmiş Millətlər Təşkilatının eksperti kimi Avstriya və Koreya Xalq Demokratik Respublikasında işləmişdir.

A. Əfəndiyev haqqında mə’lumat ABŞ-da nəşr olunan "Dünyada kim kimdir" mə’lumat kitabına və İngiltərədə nəşr olunan Beynəlxalq bioqrafik lüğətə daxil edilmişdir.

A. Əfəndiyevin elmi və ictimai işi dəfələrlə təşəkkür və tə’rifnamə ilə qeyd edilmiş, o, "Şərəf Nişanı" ordeni, Azərbaycan Elmlər Akademiyasının Fəxri Fərmanı və Ankara Orta Şərq Texniki Universitetinin xatirə medalı ilə təltif olunmuşdur.

 

ŞAHVƏLƏD XƏLİLOV

Şahvələd Binnət oğlu Xəlilov 1939-cu il oktyabrın 7-də Başkeçid rayonunun Yuxarı Qarabulaq kəndində anadan olmuşdur. 1957-ci ildə Qarayazı (indiki Qardabani) Azərbaycan orta məktəbini bitirmişdir.

1957-1962-ci illərdə Azərbaycan Dövlət Universitetinin tələbəsi olmuş, ali məktəbi fərqlənmə diplomu ilə bitirmiş və tə’yinatla Azərbaycan EA Coğrafiya İnstitutuna işə göndərilmişdir .

Ş.B. Xəlilov elmi fəaliyyətə başladığı vaxtdan indiyə qədər Azərbaycanın su anbarları və göllərinin hidroloji xüsusiyyətləri, su anbarlarının lillənməsi və sahillərinin dinamikası, su anbarlarının ətraf mühitə tə’siri, onların mühafizəsi, səmərəli istifadəsi, yeni su anbarlarının yerləşdirilməsinin əsas ekoloji-coğrafi prinsipləri üzrə mühüm elmi və praktiki əhəmiyyəti olan problemlərin tədqiqi ilə məşğul olmuş və bir sıra sanballı nəticələr əldə etmişdir.

O, Azərbaycan coğrafiyaçıları içərisində birinci olaraq yeni su anbarlarının səmərəli yerləşdirilməsinin əsas ekoloji-coğrafi prinsiplərini işləyib hazırlamış, mövcud su anbarlarının ətraf mühitə neqativ tə’sirlərini, o cümlədən, onların lillənməsi və sahillərinin dinamikasının intensivliyi və proqnozunu vermiş, Mingəçevir su anbarı sahillərinin dinamikası ilə istismar müddəti arasında sıx korrelyasiya əlaqəsi olduğunu müəyyən etmişdir. 1995 və 1997-ci illərdə onun əldə etdiyi elmi nəticələri Azərbaycan EA Rəyasət hey’ətində coğrafiya elminin ən mühüm nəticələri kimi qəbul edilmişdir.

Ş.B. Xəlilov 70-dən artıq çap olunmuş elmi əsərin, o cümlədən, 2 monoqrafiyanın və 16 elmi hesabatın (o cümlədən, 7-si təsərrüfat müqaviləsi üzrə) müəllifidir. O, həmçinin ASE-nin VI-X cildlərində çaylar, göllər və su anbarlarına aid 50-dən artıq məqalə çap etdirmişdir.

Ş.B. Xəlilov bir çox Beynəlxalq və Ümumittifaq simpozium və müşavirələrində Azərbaycan coğrafiyaçılarını ləyaqətlə təmsil etmişdir. (London, Moskva, S.-Peterburq, Novosibirsk, Minsk və s.).

Ş.B. Xəlilovun su anbarlarının lillənməsi, sahillərinin dinamikası və ətraf mühitə tə’siri üzrə əldə etdiyi elmi nəticələrdən Bakı Hidrolayihə İnstitutu Yeni Azərbaycan DRES-in baş su götürücü qurğusunun və onun tunelinin layihəsinin tərtibində (1974), Xudafərin və Qız Qalası su anbarlarının layihələrinin hazırlanmasında (1979), Mingəçəvir su anbarlarının yenidən qurulması və HAES tikintisi layihələrinin tərtibində (1982), İsmayıllı rayonunda Girdimançay və Əyriçay üzərində su anbarlarının layihələşdirilməsində (1991-1992) və Baş Mil kanalı üzərində HES və su anbarı layihələrinin tərtibində (1994) istifadə edilmişdir. Respublikanın gölləri və su anbarlarının mühafizəsi və səmərəli istifadəsi üzrə elmi nəticələri Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi tərəfindən Azərbaycan Respublikasının su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi üzrə baş sxemin tərtibində istifadə edilmişdir. Ş.B. Xəlilovun SSRİ dövründə layihələşdirilən 7 böyük su anbarının, o cümlədən Gür çayı üzərində Tovuz və Poylu su anbarlarının tikintisinin ekoloji cəhətdən yolverilməzliyi haqqında elmi tövsiyyələri respublikanın direktiv orqanları tərəfindən qəbul edilərək nəzərə alınmışdır.

Ş.B. Xəlilov 1978-1984-cü illərdə Azərbaycan EA partiya komitəsinin katibi, 1984-1986-cı illərdə institutun elmi işlər üzrə direktor müavini işləmişdir. 1987-ci ildən təbiəti mühafizə və təbii sərvətlərdən səmərəli istifadə şö’bəsinə rəhbərlik edir. İnstitutun böyük şö’bələrindən biri olan bu şö’bədə su, torpaq, fauna və floranın mühafizəsi və səmərəli istifadəsinə həsr edilmiş mühüm elmi və praktiki əhəmiyyəti olan tədqiqatlar aparılmışdır.

Ş.B. Xəlilov 4 aspirantın elmi rəhbəri olmuşdur.

Hazırda o, institutun elmi şurasının sədr müavini və Coğrafiya İnstitutu nazdindəki ixtisaslaşdırılmış doktorluq müdafiə şurasının üzvüdür.

Şahvələd Xəlilov 2000-ci ilin dekabrından Bakı Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru vəzifəsində çalışır.

Şahvələd Xəlilov 2001-ci ilin iyulunda Azərbaycan Milli Elmlər Akademiyasına müxbir üzv seçilmişdir.

 

RAMİZ MƏMMƏDOV

Ramiz Mahmud oğlu Məmmədov 1950-ci ildə Qarayazı bölgəsinin Qaracalar kəndində anadan olmuşdur.

1957-ci ildə Qaracalar kənd ibtidai məktəbinin birinci sinfinə getmiş, 1967-ci ildə kənd orta məktəbini bitirmişdir.

1967-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinə daxil olmuşdur.

Tə’yinatla bir müddət Quba rayonunun Dərk kəndində fizika müəllimi işləmişdir.

1977-1980-ci illərdə Moskva Okeanologiya İnstitutunun aspiranturasına qəbul olmuşdur. 1980-ci ildə namizədlik dissertasiyası müdafiə etmiş, və yenidən Bakıya qayıtmışdır.

İxtisasçı "Okeanoloq-Xəzərşünas" diplomu alan Ramiz Məmmədov 1980-1986-cı illərdə Kosmik Tədqiqatlar Birliyinin Xəzər elmi tədqiqatlar stansiyasının müdiri vəzifəsində işləmişdir.

1986-1993-cü illərdə isə Ramiz Məmmədov Azərbaycan EA-nın Coğrafiya İnstitutunda "Xəzər elmi mərkəzinin" müdiri işləmişdir, 1993-cü ildən bu günə qədər isə Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsini icra edir.

1996-cı ildə Tbilisi şəhərində "Xəzərin hidroloji xassələri və ekoloji problemləri" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

120 əsərin və 3 monoqrafiyanın müəllifi olan Ramiz Məmmədov 1995-ci ildə Xəzər sahili zonasının ekoloji problemləri üzrə YUNESKO-nun tə’rifnaməsinə layiq görülmüşdür.

1999-2000-ci illərdə dünyada birinci dəfə olraq (Xəzər ətrafı ölkələr arasında) Xəzər dənizinin kompleks hidrometeroloji atlasını - (275 xəritə) tərtib etmişdir.

Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin və Milli Məclisin Xəzər dənizi problemləri üzrə ekspert komissiyasının üzvüdür.

Bu sahə üzrə o, dəfələrlə Yaponiya, Sinqapur, Avstraliya, Bolqarıstan, İran, Türkiyə, Polşa, Fransa, Amerika və s. ölkələrə gedib elmi-praktik konfranslarda iştirak etmiş, məqalələr çap etdirmişdir. Ramiz Məmmədov Avropa İttifaqının Qafqaz ölkələri üçün tədris etdiyi regional Beynəlxalq Ekoloji Mərkəzin Məşvərət Şurasının Prezidenti (1999), ABŞ-ın "Mülki Tədqiqatlar və İnkişaf proqramının Avropa komissiyası "Kopernikus" proqramı, NATO-nun "Elm Sülh namiinə" Elmi Tədqiqat Fondlarının tenderinin qalibi olmuşudur.

Hal-hazırda beynəlxalq səviyyədə Amerika və Finlandiya mütəxəssislərilə birlikdə Xəzər dənizinə aid çox tirajlı layihələrin hazırlanması elmi-praktik işlərinin Azərbaycan tərəfindən rəhbəridir.

Ramiz Məmmədov 2001-ci ilin iyul ayında Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.

Copyright © 2003 Borchali