Ağbulaq     Baş keçid     Borçalı     Qarayazı     Dağ Borçalı     Qaraçop     Tiflis     Çoruk Qəmərli  
Coğrafiyası
Etimologiyası
Kəndləri
Nəqliyyatı
Tarixi
Demoqrafik quruluşu
Sənaye və kənd təssərrüfatı
Torpaq fondu
Maarifin inkişafı
Türk Pedaqoji Texnikomları
Adət ənənələri
Ədəbi mədəni əlaqələri
İctimai siyasi durum
Borçalı ziyalıları dövlət və hökümət orqanlarında
Öndər adamları
Akademik və müxbir üzvləri
Elmlər doktorları
Elmlər namizədləri
Həkimlər
El ağsaqqalları
Generallar
Hüquqsunaslar
Tarixi qəhrəmanlar
Rəssamlar
Memarlar
İncəsənət xadimləri
Jurnalistlər
Aşıq folklor örnəkləri
El sənətkarları
Xeyriyyəçilər
İdmançılar
Şəhidlər
Yaylaqlar
Xəritələr
Şəkillər
 

The Project is accomplished by the assistance of the Bureau of Educational and Cultural Affairs of the U.S. Department of State and International Research & Exchanges Board

Səhifənin yaradılmasında göstərdiyi köməkliyə görə Məmməd Sarvana təşəkkür edirik

BORÇALININ ÖNDƏR ADAMLARI

MƏHƏBBƏT QARABAĞLI

Məhəbbət İsmayıl oğlu Qarabağlı 1941-ci il may ayının 5-də Bolnisi rayonunun Kəpənəkçi kəndində anadan olmuşdur. 1948-ci ildə həmin kənddəki səkkizillik məktəbə daxil olmuş, 1956-cı ildə səkkizinci sinfi bitirdikdən sonra təhsilini Bolnisi şəhər orta məktəbində davam etdirmişdir. 1958-ci ildə orta məktəbi bitirmiş və Kəpənəkçi səkkizillik məktəbində sinif müəllimi kimi pedaqoji fəaliyyətə başlamışdır.

Mahəbbət Qarabağlı 1961-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsinə daxil olmuş və 1966-cı ildə institutu bitirmişdir. Tələbəlik illərində institut tələbə elmi cəmiyyətinin sədri olmuş, Azərbaycan tələbələrini beynəlxalq tələbə elmi konfranslarında təmsil etmişdir.

1966-cı ildə Azərbaycan Maarif Nazirliyinin tə’yinatı ilə Mingəçevir şəhərinə göndərilmiş və elə o vaxtdan da taleyini bu şəhərlə bağlamışdır. 1970-ci ilədək şəhərdəki 11 saylı orta məktəbdə müəllim işləmişdir. 1970-ci ildə 7 saylı məktəbə direktor vəzifəsinə irəli çəkilmişdir. 1976-1977-cı illərdə isə 14 saylı orta məktəbin direktoru olmuşdur.

1977-ci ildə Məhəbbət Qarabağlı Mingəçevir şəhər Maarif şö’bəsinin müdiri vəzifəsinə tə’yin olunmuşdur. Beş il bu vəzifədə şərəflə çalışan Məhəbbət Qarabağlı Mingəçevirdə maarifin inkişafı naminə böyük işlər görmüşdür. Məhz həmin dövrdə şəhərdə məktəbdənkənar müəssisələrin geniş şəbəkəsi yaradılmış, 6 orta məktəb, 7 uşaq bağçası tikilib istifadəyə verilmiş, maarif şö’bə sinin qabaqcıl iş təcrübəsi Maarif Nazirliyi tərəfindən respublikada yayılmışdır.

M.Qarabağlı 1982-1990-cı illərdə Mingəçevir şəhər XDS İcraiyyə Komitəsi sədrinin birinci müavini işləmiş, 1990-cı ilin oktyabrında isə alternativ yolla şəhər sovetinin sədri seçilmiş və 1995-ci ilin dekabr ayınadək həmin vəzifədə çalışmışdır. Azərbaycan Respublikasının yeni Konstitusiyası əsasında sovetlərin fəaliyyətinə xitam verilməsi ilə əlaqədar tutduğu vəzifədən azad olunmuş və 1996-cı ilin yanvarından 1999-cu ilin iyulunadək işsiz qalmışdır.

Mingəçevirdə ilk ali məktəbin - Politexnik İnstitutun yaradılması, 8 və 16 saylı orta məktəblərin, tə’cili tibbi yardım məntəqəsinin tikintisinin başa çatdırılması, tibb məktəbi, musiqi məktəbi, ilk litseyin açılması, 20 yanvar şəhidlərinin xatirəsinə abidə kompleksinin ucaldılması, şəhərə yeni su kəmərinin çəkilməsi və bir çox başqa işlər Məhəbbət Qarabağlının adı ilə bağlıdır.

Məhəbbət Qarabağlı 1999-cu ilin iyulundan Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışır.

M. Qarabağlının əməyi layiqincə qiymətləndirilmiş, "Şərəf nişanı" ordeni, "Rəşadətli əməyə görə" və "Əməkdə fərqlənməyə görə" medalları ilə təltif olunmuş, Azərbaycanın və keçmiş SSRİ-nin "Qabaqcıl maarif xadimi" fəxri adına layiq görülmüşdür.

 

ZƏLİMXAN YAQUB

Zəlimxan Yusif oğlu Yaqubov (Zəlimxan Yaqub) 1950-ci il yanvarın 21-də Gürcüstanda, Bolnisi rayonunun Bolus-Kəpənəkçi kəndində müəllim ailəsində anadan olmuşdur. 1967-ci ildə Bolus-Kəpənkçi kənd orta məktəbini bitirmişdir.

1968-1973-cü illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) kitabxanaçılıq fakültəsində təhsil almışdır. İxtisasca kitab əmtəəşünasıdır. Əmək fəaliyyətinə 1967-ci ildə fəhlə kimi başlamışdır. 1973-1984-cü illərdə "Azərkitab" sistemində satıcı, baş satıcı, mağaza müdiri və Könüllü kitab sevənlər cəmiyyətində müxtəlif vəzifələrdə çalışmışdır. 1984-cü ildə "Yazıçı" nəşriyyatının müdiri vəzifəsində işləmişdir.

Ədəbi fəaliyyətə 1966-cı ildə "Qələbə bayrağı" rayon qəzetində çap etdirdiyi "Şota Rustaveliyə" adlı şe’rlə başlamışdır. 1987-ci ildə Ağdam Dövlət Dram teatrında "Aşıq Ələsgər" adlı mənzum pyesi müvəffəqiyyətlə tamaşaya qoyulmuşdur.

1992-1995-ci illərdə sərbəst bədii yaradıcılıqla məşğul olmuşdur. "Könlümün səsi", "Yolum eldən başlanıb", "Od aldığım ocaqlar", "Biz bir eşqin butasıyıq", "Ziyafətin qəbul olsun, "Şair harayı", "Bir əlim torpaqda, bir əlim haqda", "Bu yaşıl ağacın altı bizimdir", "Zəlimxan Yaqub" foto-albom, gürcü dilində "Söz camı", fransız dilində "Şairin taleyi" kitabları böyük tirajla nəşr edilmişdir.

Ədəbi və ictimai fəaliyyəti yüksək qiymətləndirilir.

Anadan olmasının 50 illiyi münasibətilə 2000-ci ildə Azərbaycanın "Şöhrət" və Gürcüstanın "Şərəf" ordenləri ilə təltif olunmuşdur. Hacı Zeynalabdin Tağıyev adına və Məmməd Araz adına mükafatlara layiq görülmüşdür.

Dövlət nümayəndə heyətinin tərkibində ABŞ-da, Almaniyada, Çin Xalq Respublikasında, Səudiyyə Ərəbistanında, İraqda, Türkiyədə, Qırğızıstanda rəsmi səfərlərdə olmuşdur.

1994-cü ildən Respublika Prezidenti yanında əfv və bağışlama komissiyasının üzvüdür.

Bakı şəhəri, 15 saylı Sabunçu seçki dairəsindən I və II çağırış müstəqil Azərbaycan Respublikası Parlamentinə deputat seçilmişdir.

 

İSMAYIL ÖMƏROV

İsmayıl Abbas oğlu Ömərov 1954-cü il fevral ayının 20-də Borçalı mahalının Bolus-Kəpənəkçi kəndində anadan olmuşdur. Orta məktəbi 1971-ci ildə doğma kəndlərində bitirmişdir. Elə həmin il Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olmuş, 1976-cı ildə təhsilini başa vuraraq Azərbaycan Dövlət Televiziya və Radio Verlişləri Komitəsində əmək fəaliyyətinə başlamışdır. 1993-cü ildən televiziyanın "İctimai -siyasi poqramlar" redaksiyasının baş redaktorudur. 1990-1993-cü illərdə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda qiyabi təhsil almış və politoloq ixtisasına yiyələnmişdir.

İsmayıl Ömərov son illərin populyar telejurnalistlərindəndir.

Son illərdə Azərbaycan Dövlət Televiziyasında efirə gedən və geniş əks-səda doğuran "Əsrin faciəsi", "Qanlı yanvar", "Qara yara", "Qurtuluş", "Qəsd", "Xəyanət", "Cəhd", "Blokada", "Mətbuat klubu" və s. kimi teleserialların yaradıcısı və aparıcısı İsmayıl Ömərovdur.

İsmayıl Ömərov 2000-ci il 5 noyabr seçkilərində 92 saylı Xaçmaz seçki dairəsindən Milli Məclisin üzvü seçilmişdir. Parlamentin "Dövlət quruculuğu və hüquq siyasəti" daimi komissiyasının üzvüdür.

İsmayıl Ömərov "Qızıl qələm", "Dan ulduzu" və "Araz" ali mükafatları laureatıdır. Ölkə prezidentinin fərmanı ilə "Əməkdar incəsənət xadimi" fəxri adına layiq görülmüşdür.

 

RAMİZ BƏKİROV

Ramiz Alı oğlu Bəkirov 1956-cı il iyulun 9-da Bolnisi rayonunun Kəpənəkçi kəndində kəndli ailəsində anadan olmuşdur. 1973-cü ildə həmin kənddə orta məktəbi bitirmiş və Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (ADPU) tarix fakültəsinə daxil olmuşdur. 1977-ci ildə institutu bitirib Quba şəhərindəki 103 saylı texniki peşə məktəbində pedaqoji fəaliyyətə başlamışdır. Həmin ilin dekabrından 1979-cu ilin dekabr ayına kimi orduda xidmət etmişdir. 1980-1989-cu illərdə komsomol işində çalışmışdır. Bolnisi rayon komsomol komitəsinin əvvəlcə katibi, sonra isə ikinci katibi olmuşdur. 1990-1991-ci illərdə Kəpənəkçi kəndində sovxoz direktorunun müavini, 1991-1994-cü illərdə həmin kənd idarəsinin katibi işləmişdir. 1991-ci ildən Gürcüstan Yaşıllar hərəkatının üzvü olmuş, 1993-cü ildən isə Gürcüstan Vətəndaşlar İttifaqı partiyasının üzvüdür. 1995-ci ildən Gürcüstan Parlamentinin üzvü kimi bu respublikada yaşayan soydaşlarımızı təmsil edir.

Ramiz Bəkirov hal-hazırda Gürcüstan Parlamentinin üzvü, Parlamentin aqrar məsələlər üzrə komitəsi sədrinin birinci müavinidir.

 

ZÜMRÜD QURBANOV

Zümrüd Qurbanov 1962-ci ildə Marneuli rayonunun Qızılhacılı kəndində anadan olmuşdur. Orta məktəbi doğma kəndlərində bitirmişdir.

1984-cü ildə indiki ADPU-nun filologiya fakültəsini bitirmişdir. Daha sonra əsgəri xidmətdə olmuş, hərbi xidmətdən tərxis olunduqdan sonra Marneuliyə qayıtmışdır. Əmək fəaliyyətinə Marneulidə başlamışdır.

1989-1990-ci illərdə Gürcüstanda ifrat millətçi qüvvələrin azərbaycanlılara qarşı şovinist xarakterli hərəkətlərini dəf etmək üçün azərbaycanlılar yaşayan bölgədə "Qeyrət" xalq hərəkatının yaradıcılarından biri olmuşdur. Bu hərəkatın rəhbərlərindən biri kimi gürcü-Azərbaycan dostluğunun bərqərar olmasında, demokratik dəyərlərin yayılmasında Zümrüd Qurbanovun böyük xidmətləri olmuşdur. Azərbaycan xalqının 20 yanvar faciəsi günlərində xeyli yardım karvanlarının, qaçqın düşərgələrinə aparılan ərzaq və geyim yardımının təşkilatçılarından biri də Zümrüd Qurbanov olmuşdur.

Zümrüd Qurbanov eyni zamanda "Qeyrət" adlı qəzetin yaradıcılarındandır. Azərbaycanın dövrü mətbuatında da onun bir sıra maraqlı elmi-publisistik materialları dərc olunmuşdur.

Xalq arasındakı hörmət və nüfuzunun nəticəsi olaraq Zümrüd Qurbanov 2000-ci ildə Gürcüstan parlamentinə deputat seçilmişdir. O indi öz fəaliyyətini Gürcüstan parlamentində xalq üçün gərəkli olan qanunların qəbul edilməsi ilə davam etdirir.

 

AZƏR SÜLEYMANOV

Azər Mirzə oğlu Süleymanov 1967-ci ilin iyun ayında Marneuli şəhərində anadan olmuşdur.

1974-cü ildə 1 saylı Marneuli rus orta məktəbinin 1-ci sinfinə getmiş, 1984-cü ildə həmin məktəbi bitirmişdir.

1984-cü ildə indiki Azərbaycan Dövlət İqtisad Universitetinin mühasibat-uçotu fakültəsinə daxil olmuş, 1988-ci ildə ordudan tərxis olunduqdan sonra həmin Universitetdə təhsilini davam etdirmiş və 1991-ci ildə həmin fakültədə təhsilini başa vurmuşdur.

1991-ci ildə tə’yinatla Marneuli rayon icraiyyə komitəsində maliyyə şö’bəsinin müdiri vəzifəsində əmək fəaliyyətinə başlamışdır.

Azər Süleymanov 2000-ci ildə Marneuli rayonundan majoritar yolla Gürcüstan Respublikasının Parlamentinə deputat seçilmişdir.

2001-ci ildən Gürcüstan parlamentinin vergi və kömrük daimi komissiyasının üzvüdür.

 

EYVAZ MƏMMƏDOV

Eyvaz Əbdürrəhman oğlu Məmmədov 1921-ci ildə kasıb kəndli ailəsində anadan olmuşdur. Atası Əbdürrəhman kişi əslən Borçalının Sarvan kəndindən olmuş, əsrin əvvəllərində həyatın çətinlikləri ilə üzləşərək, qədim dədə-baba yurdu Borçalıdan Şimali Qafqaza pənah gətirmişdir. II dünya müharibəsi başlanan kimi 18 yaşlı Eyvaz ordu sıralarına çağırılmış və müharibənin odlu-alovlu yollarından keçmişdir.

1944-cü ilin mart ayında baş leytenant Eyvaz Məmmədov I Ukrayna cəhbəsinin xüsusi - "Smerş" (cəsuslara ölüm) şö’bəsinə cəlb edilmişdir.

Burada Eyvaz Məmmədov özünü əkskəşfiyyatçı kimi göstərmişdir.

Əməliyyat müvəkkili Eyvaz Məmmədov üçün birinci ciddi yoxlanış onun xaricdə Xalq Daxili İşlər Komissarlığının müxtəlif komissiyalarında apardığı işlər olmuşdur.

Müharibədən sonrakı illərdə Eyvaz Məmmədov Pribaltikada, Ukraynada, Şimali Qafqazda və Türkmənistanda işləmişdir.

Qərbi Ukraynada benderlərin bandalarının və Pribaltikada özlərini poetik olaraq "Lesnıe bratya" adlandıran banditlərin ləğv olunmasına rəhbərlik edən E. Məmmədov yüksək qəhrəmanlıq və professionallıq nümayiş etdirmişdir.

Dövlət təhlükəsizliyi orqanlarındakı işini davam etdirmək üçün Eyvaz Məmmədov Azərbaycana gəlmişdir. Azərbaycanın dövlət təhlükəsizliyi orqanlarında 15 il işləmiş və respublika DTK-nın sədr müavini vəzifəsinədək şərəfli bir yol keçmişdir. Axırıncı vəzifəsində 5 il nöqsansız işləyən E. Məmmədov polkovnik rütbəsində iste’faya çıxmışdır.

Sonrakı illərdə o, respublikanın müxtəlif təşkilat və idarələrində, o cümlədən 1970-ci ildən 1982-ci ilədək Respublika Ədliyyə Naziri vəzifəsində işləmişdir. Bu illərdə Eyvaz Məmmədov respublika hüquq orqanlarının işinə çoxlu sayda yeniliklər kətirmişdir. Eyvaz Məmmədov son illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin rəisi vəzifəsində çalışmışdır.

E. Məmmədov orden və medallarla, fəxri fərmanlarla təltif olunmuşdur.

Eyvaz Məmmədov 1984-cü ildə Bakıda vəfat etmişdir.

 

SÜLEYMAN (ƏFƏNDİ) SÜLEYMANLI

Süleyman Məhəmməd oğlu Süleymanlı 1935-ci il mayın 5-də Marneuli rayonunun Kürdlər kəndində anadan olmuşdur. Burada kənd məktəbinin yeddinci sinfini bitirdikdən sonra 1951-1955-ci illərdə Marneuli Pedaqoji Texnikumunda, 1955-1960-cı illərdə A.S. Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsində təhsil almışdır. 1960-cı ildən doğma kəndindəki məktəbdə müəllim, sonra tədris işləri üzrə direktor müavini işləmişdir.

1962-ci ildən Marneuli Rayon Komsomol Komitəsinin birinci katibi, 1972-ci ildən rayon Partiya Komitəsində tə’limatçı, şö’bə müdiri və katib vəzifələrində çalışmışdır.

1972-ci ilin oktyabr ayından "Gürcüstan" qəzetinin redaktorudur. Gürcüstan azərbaycanlılarının "Birlik" mədəni-xeyriyyə cəmiyyətinin prezidenti, Gürcüstanın əməkdar mədəniyyət işçisidir.

Marneuli rayon Sovetinin və Gürcüstan Ali Sovetinin deputatı olmuşdur (1980-1985). Gürcüstan KP XXIV və XXV qurultaylarında təftiş komissiyasının üzvü seçilmişdir. Xidmətlərinə görə 4 medala, "Şərəf nişanı" ordeninə, Gürcüstan Ali Soveti Rəyasət Hey’ətinin fəxri fərmanlarına layiq görülmüşdür. SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri sərgisi mükafatçısıdır.

Süleyman Süleymanlı gürcü-Azərbaycan mədəni-ədəbi əlaqələrinin inkişafında dəyərli xidmətlər göstərmişdir. Qəzetdə çalışdığı bu 30 ildə onlarla iri həcmli materiallar tərcümə edib Azərbaycan dilində nəşr etdirmişdir. Onun tərcümə materialları dilinin səlistliyi və rəvanlığı ilə həmişə başqalarından seçilmişdir..

Süleyman Süleymanlı hazırda "Gürcüstan" qəzetinin baş redaktoru kimi təkcə yaradıcılıqla yox, eyni zamanda həmyerliləri arasında ictimai fəaliyyətlə məşğuldur. Bir sıra sanballı toplu və ədəbi əsərlərin müəllifidir.

 

İMİR MƏMMƏDLİ

İmir Məmməd oğlu Məmmədli 1957-ci ildə Gürcüstanın Kaspi rayonunun Zemo Xandaki kəndində anadan olmuşdur. Orta məktəbi doğma kəndində, ali məktəbi isə Tbilisidə (TDU-nu) bitirmişdir.

İmir Məmmədli poeziya yaradıcılığına məktəb illərindən başlamışdır. 1980-ci illərdə Tbilisiyə köçmüşdür. Əmək fəaliyyətinə də elə Tbilisidə başlamışdır. Sonralar bir çox mətbuat orqanlarında, ədəbi məcmuələrdə Azərbaycan və Gürcü dillərində şe’rləri işıq üzü görməyə başladı.

1990-cı illərin axırlarında Gürcüstan Dövləti tərəfindən bir azərbaycanlı mütəxəssis kimi aparatda işə cəlb edilmişdir.

İmir Məmmədli bu illərdə əmək fəaliyyətilə yanaşı həm də elmi yaradıcılıq və tərcümə işləri ilə də məşğul olmuşdur. O, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Gürcüstan Yazıçılar İttifaqı nəzdində Azərbaycan Yazıçılar Bölməsinin sədridir.

İmir Məmmədlinin elmi-publisistik yaradıcılığı və tərcümə fəaliyyəti 20-dən çox kitabda, 100-ə qədər tərcümə və publisistik materiallarda öz əksini tapmışdır. Onun bu uğurlu və məhsuldar əməyi Gürcüstanda ən yüksək dövlət mükafatı sayılan "Şərəf Ordeni"nə və Gürcüstan Yazıçılar İttifaqının yüksək səviyyəli mükafatı olan "Maçabeli" dövlət mükafatına layiq görülmüşdür.

Hal-hazırda İmir Məmmədli Gürcüstan Prezidenti aparatında Milli məsələlər üzrə prezidentin baş referenti vəzifəsində işləyir.

 

MUSTAFA ƏLİYEV

Mustafa Əhməd oğlu Əliyev 1921-ci ildə Bolnisi rayonunun Saraclı kəndində anadan olmuşdur. Orta təhsilini Faxralı kəndində almışdır.

O, İkinci Dünya müharibəsinin iştirakçısı olmuş, müharibədən qayıtdıqdan sonra dörd il Saraclı kəndində baş mühasib işləmişdir.

1948-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuşdur. Peşəkar hüquq işçisi kimi əmək fəaliyyətinə Oğuz rayonunda prokuror kimi başlamışdır. Sonralar Xaldan və Ağdam rayonlarında işləmiş, Naxçıvan Muxtar Respublikasında prokuror köməkçisi kimi fəaliyyətini davam etdirmişdir.

1969-cu ildən bir müddət respublika prokurorluğunda baş müstəntiqin müavini, 1970-ci ildən isə Tərtər rayonunun prokuroru işləmişdir.

Harada işləməsindən asılı olmayaraq Mustafa Əliyev həmişə qanunun aliliyi prinsipini rəhbər tutmuş, işdə prinsipiallıq, düzlük əsas me’yarı olmuşdur. Bunun nəticəsidir ki, əməyi layiqincə qiymətləndirilmişdir. Medallar və SSRİ Baş prokurorunun Fəxri Fərmanı ilə təltif olunmuş, qiymətli hədiyyələrə layiq görülmüşdür.

 

MEHRALI ABBASOV

Mehralı Məhəmməd oğlu Abbasov 1935-ci il mayın 15-də Bolnisi rayonunun Siskala kəndində müəllim ailəsində anadan olmuşdur.

1952-ci ildə Bolnisi şəhər rus orta məktəbinin 8-ci sinfini bitirdikdən sonra 1952-1956-cı illərdə Ermənistan SSR Kirovakan pedaqoji texnikumunda oxumuşdur.

1956-1959-cu illərdə hərbi xidmətdə olmuşdur.

1959-1966-cı illərdə Bolnisi rayonunun Faxralı orta məktəbində müəllim, Siskala kəndində kolxoz sədri, Bolnisi rus orta məktəbində müəllim işləmişdir.

1966-1976-cı illərdə Bolnisi rayon partiya Komitəsinin tə’limatçısı, şö’bə müdiri və katibi işləmişdir.

1976-1978-ci illərdə Moskva şəhərində İctimai Elmlər Akademiyasının dinləyicisi olmuşdur.

1978-1984-cü illərdə Gürcüstan Kommunist Partiyası Mərkəzi Komitəsinin inspektoru işləmişdir.

1984-1991-ci illərdə Gürcüstan Avtomobil və Kənd təsərrüfatı maşınqayırma işçilərinin Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri vəzifəsində çalışmışdır.

1991-ci ildə Bakı şəhərinə köçmüşdür.

1992-1996-cı illərdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində aparıcı və baş mütəxəssis, əməyin ekspertizası üzrə Bakı şəhər şö’bəsinin müdiri işləmişdir.

1996-cı ilin fevralından Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Dənizdə Neft və Qazçıxarma İstehsalat Birliyi Normativ-Tədqiqat Mərkəzində mühəndis vəzifəsində işləyir.

M.M. Abbasov Bolnisi rayonu və Gürcüstanın ictimai həyatında fəal iştirak etmiş, dəfələrlə rayon partiya komitəsinin büro üzvü, rayon və şəhər Sovetlərinə deputat, Gürcüstanın Həmkarlar İttifaqları Şura və İdarə he’yətinə, keçmiş SSRİ avtomobil və kənd təsərrüfatı maşınqayırma işçilərinin Həmkarlar İttifaqının Mərkəzi Komitəsinə üzv seçilmişdir.

Xidmətlərinə görə "Şərəf Nişanı" ordeni, bir medal və Gürcüstan SSR Ali Sovet Rəyasət he’ytinin Fəxri Fərmanı ilə təltif edilmişdir.

Son vaxtlar əsas işi ilə yanaşı yaradıcılıq fəaliyyəti ilə də məşğul olur.

"Əməyin mühafizəsi və gigiyenası üzrə qısa mə’lumat kitabçası" (1996), "Neft və qaz sənayesində işlənən texniki terminlərin rusca-azərbaycanca lüğət"i (1996), "Neft və qaz sənayesində işlənən texniki terminlərin rusca-azərbaycanca-ingiliscə lüğət"i (1997) və "Neft və qaz üzrə rusca-azərbaycanca-ingiliscə terminoloji lüğət"in (1999) müəllifidir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləyərkən bir sıra normativ aktların Azərbaycan dilində hazırlanmasında iştirak etmişdir.

 

ƏHMƏD MUSAYEV

Əhməd Həmid oğlu Musayev 1949-cu ildə Qarayazı bölgəsinin Qarayazı qəsəbəsində (indiki Qardabani şəhəri) qulluqçu ailəsində anadan olmuşdur.

Orta məktəbi Qardabani şəhərində bitirmiş, 1966-cı ildə Neft və Kimya İnstitutunun (indiki Neft Akademiyası) "İstehsal proseslərinin avtomatlaşdırılması" fakültəsinə qəbul olunmuşdur. 1971-ci ildə həmin fakültəni bitirib mühəndis-elektrik ixtisası almışdır. Ali təhsilli mühəndis Əhməd Musayev 1971-1980-ci illərdə "VNİPİ avtomatprom" Elmi-Layihə İnstitutunda mühəndis, böyük mühəndis, aparıcı mühəndis işləmişdir.

1980-1982-ci illərdə Rustavi şəhər partiya komitəsində tə’limatçı, 1982-1983-cü illərdə Qardabani rayon komsomol komitəsinin birinci katibi, 1983-cü ilin mayından oktyabr ayına kimi Gürcüstan komsomolunun Mərkəzi Komitəsində təşkilat şö’bəsi müdirinin müavini işləmişdir.

1983-1986-cı illərdə Gürcüstan KP MK-nın inspektoru işləmiş, 1986-1989-cu illərdə isə Moskva şəhərində Sov. İKP MK-nın İctimai Elmlər Akademiyasında aspirant olmuş, müdafiə etdikdən sonra isə Gürcüstan KP MK-nın tə’limatçısı vəzifəsinə irəli çəkilmişdir.

1989-1990-cı illərdə Bakıya pənah gətirən Əhməd Musayev Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun "Sorğu" sosioloji tədqiqatlar mərkəzinin baş elmi işçisi, sonra isə direktoru vəzifəsində işləmişdir.

1982-1985-ci illərdə Qardabani rayon sovetinin deputatı olmuşdur.

Əhməd Musayev 1997-ci ildə Bakı şəhərində vəfat etmişdir.

 

EYVAZ BORÇALI

Eyvaz Məhəmməd oğlu Ayvazov 1938-ci il mayın 5-də Borçalının Ağaməmmədli kəndində anadan olmuşdur. Burada Qaçağan onbirillik məktəbini bitirdikdən sonra Rus Dili və Ədəbiyyatı İnstitutuna (indiki BSU-a) daxil olmuşdur. Azərbaycan Yazıçılar İttifaqının zəmanəti ilə həmin institutun III kursundan Moskvaya M. Qorki adına Ədəbiyyat İnstitutunun bədii tərcümə bölməsinə göndərilmişdir. Buranı bitirdikdən sonra "Azərnəşr"də redaktor kimi fəaliyyətə başlamışdır (1964).

"Azərbaycanfilm" kinostudiyasında ssenari redaksiya hey’ətinin üzvü (1970), "Mozalan" satirik kinojurnalının baş redaktoru (1971-1984), C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru (1984-1986) vəzifəsində işləmişdir.

Ədəbi yaradıcılığa 1961-ci ildə "Ədəbiyyat və incəsənət" qəzetində çıxan "Ədəbi məş’əl" şe’ri ilə başlamışdır. Bundan sonra dövri mətbuatda vaxtaşırı şe’rlərini və bədii tərcümələrini çap etdirmişdir. Bakı şəhər Oktyabr rayonu xalq deputatları Sovetinə üç çağırış deputat seçilmişdir. "Kirpi" jurnalının baş redaktoru olmuşdur (1986-cı ildən). "Şərəf nişanı" ordeni (1980), Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı (1978-1988) və bir medalla təltif edilmişdir.

Eyvaz Borçalı şair, tərcüməçi, 1968-ci ildən Yazıçılar İttifaqının üzvü, Azərbaycanın Əməkdar incəsənət xadimidir (1981). Eyvaz Borçalının elmi və əmək fəaliyyəti 400-dən artıq bədii-elmi və publisistik materiallarda öz əksini tapmışdır. Onun qələmindən bir sıra iri həcmli tərcümələr çıxmışdır. Onun 7 əsəri və 2 tərcüməsi çapdan çıxmışdır.

 

ABBAS AĞAYEV

Abbas Rza oğlu Ağayev 1902-ci ildə Lənkəran şəhərində anadan olmuşdur.

Abbas Ağayevin Borçalı mahalı ilə qan qohumluğu var idi. Orta məktəbi Lənkaran şəhərində bitirmişdir. Bir müddət şəhərdə müxtəlif işlərdə, o cümlədən fəhlə, çörəkbişirmə zavodunda fəhlə və briqadir işləmişdir (1916-1917).

1919-cu ildə gizli kommunist təşkilatında rabitəçi və müxtəlif işlərdə çalışmışdır.

1920-ci ildə Azərbaycanda Sovet Hakimiyyəti qurulduqdan sonra Lənkəran qəzasında kuryer işləmişdir.

1920-ci ildən KP-nın üzvü olmuşdur.

1920-1921-ci illərdə silahlı terror qurumlarına qarşı tərksilah əməliyyatında kommunar vəzifəsini icra etmişdir.

1921-ci ildə Lənkəran qəza sovetindən birinci Azərbaycan qurultayına nümayəndə seçilmişdir. Həmin vaxtda İran dövləti ilə dövlət sərhəd məsələlərinin yaradılması və möhkəmləndirilməsi kommisiyasının tərkibinə seçilmişdir.

1921-ci ilin noyabrında Lənkəran qəza komitəsi onu Bakı şəhərinə, Mərkəzi partiya məktəbində oxumağa göndərmişdir.

1923-cü ildə Mərkəzi Sovet partiya məktəbini bitirmiş, Lənkəran şəhər komitəsinə instruktor tə’yin olunmuşdur.

1924-1929-cu illərdə Tbilisi şəhərində 26 Bakı Komissarları adına Zaqafqaziya Kommunist Universitetində təhsil almışdır.

1929-1930-cu illərdə aspiranturada təhsilini davam etdirmiş, lakin sağlamlığı təhsili davam etdirməyə imkan verməmiş, 1930-cu illərin axırlarında Marneuli Pedaqoji Texnikumunun direktoru tə’yin olunmuşdur.

1932-ci ildə Gürcüstan KP MK-nın qərarı ilə Abbas Ağayev Axlasix şəhər pedaqoji texnikumuna və Sovet partiya məktəbinə direktor vəzifəsinə göndərilmişdir.

1934-cü ildə Gürcüstan KP MK-nın nəzdində xüsusi kursa direktor tə’yin edilmişdir.

1935-ci ildə Gürcüstan KP Başkeçid RK-nin katibi seçilmiş, 1936-cı ildən isə Bolnisi traktor məktəbinə rəis vəzifəsinə göndərilmişdir.

1936-cı ildə Axalsix Pedaqoji məktəbinə direktor tə’yin edilmişdir.

1938-ci ildə Axalsix RPK-nın katibi, 1942-ci ildə isə Axalsix RPK-nin ikinci katibi vəzifəsinə seçilmişdir.

1941-1944-cü illərdə Axalsix rayon qırıcı batalyonuna komissar tə’yin edilmişdir.

1944-cü ildən 1959-cu ilə qədər Başkeçid (Dmanisi) rayon İcraiyyə Komitəsinin sədri vəzifəsini icra etmişdir.

1959-cu ildə səhhəti ilə əlaqədar Abbas Ağayev Respublika səviyyəli fərdi təqaüdlə tə’min edilmişdir.

1929-cu ildə Tbilisi şəhər Sovetinə yeddinci çağırış deputat seçilmişdir. Gürcüstan SSR KP MK-nın XII, XIV, XVI, XVII, XVIII və XIX qurultaylarına nümayəndə seçilmişdir.

1955-ci ildə Gürcüstan SSR Ali Sovetinin deputatı seçilmişdir.

Abbas Ağayevin pedaqoji və elmi fəaliyyəti dövlət tərəfindən layiqincə qiymətləndirilmişdir. O, "Lenin" ordeninə, "Qafqazın müdafiəsi" medalına, "1941-1945 Böyük Vətən müharibəsi", "Böyük Vətən müharibəsi" qələbəsinin "iyirmi", "otuz" illiyi medallarına, "Yubiley" medalına və "V.İ. Leninin anadan olmasının 100-illiyi" medalına, Ümumittifaq Kənd Təsərrüfatı sərgisinin kiçik qızıl medalına layiq görülmüşdür.

1961-ci ildə Abbas Ağayev Gürcüstan SSR Ali Soveti Rəyasət Hey’ətinin fəxri fərmanı ilə təltif olunmuşdur.

Abbas Ağayev 1995-ci ildə Tbilisi şəhərində vəfat etmiş, Bakı şəhərində dəfn olunmuşdur.

 

RAFİQ HACIYEV

Rafiq Təhməz oğlu Hacıyev 1950-ci ildə Marneuli rayonunun Marneuli qəsəbəsində anadan olmuşdur. Orta təhsilini 2 saylı Marneuli şəhər Azərbaycan orta məktəbində almışdır.

1968-1970-ci illərdə Marneuli texniki peşə məktəbində oxumuşdur.

1971-1973-cü illərdə hərbi xidmətdə qulluq etmişdir. Hərbi xidmətdən tərxis olunduqdan sonra əmək fəaliyyətinə başlamışdır.

1973-1996-cı illərdə əvvəlcə Marneuli rayon yeyinti və ticarət, sonra isə şəhər ərzaq və yeyinti təşkilatında müxtəlif vəzifələrdə çalışmışdır.

1996-2000-ci illərdə Gürcüstan Dövlət Universitetinin hüquq fakültəsində oxumuşdur.

Rafiq Hacıyev 1989-cu ildə xalq hərəkatına qoşulmuş, sonra Marneuli rayonu üzrə həmin hərəkatın fəal üzvlərindən birinə çevrilmişdir. Onun rəhbərliyi altında qısa bir müddətdə Gürcüstanda Azərbaycan türkləri yaşayan bölgələrəi təmsil edən "Qeyrət" xalq hərəkatının eyni adlı cəmiyyəti yaradılmışdır. Rafiq Hacıyev də bu cəmiyyətin idarə hey’ətinin üzvü seçilmişdir. Rafiq Hacıyev Marneuli şəhəri üzrə "Qeyrət" cəmiyyətinin sədri tə’yin olunmuşdur.

Rafiq Hacıyev əmək fəaliyyəti ilə yanaşı həm də siyasətlə də məşğul olmuşdur. 1998-ci ildə Marneuli şəhəri üzrə Bələdiyyə seçkilərində iştirak etmiş və 1998-ci ilin noyabrından Marneuli şəhər Bələdiyyəsinin sədri seçilmişdir.

Rafiq Hacıyev hazırda Marneuli şəhər Bələdiyyəsinin sədri olmaqla yanaşı, həm də "Qeyrət" cəmiyyətinin həmsədridir.

 

KAMANDAR İSMAYILOV

Kamandar Bayram oğlu İsmayılov 1960-cı ildə Marneuli rayonunun Hallavar kəndində anadan olmuşdur.

1966-cı ildə Hallavar ibtidai məktəbinin I sinfinə getmiş, 1970-ci ildə təhsilini Bolnisi rayonunun Arıxlı orta məktəbində davam etdirmiş və 1976-cı ildə həmin məktəbi ə’la qiymətlərlə bitirmişdir. Həmin ildə Gəncə Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsinə qəbul olmuş, 1980-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1980-1985-ci illərdə tə’yinatla Azərbaycan SSR-nin Cəlilabad rayonununda işləmişdir. 1985-1987-ci illərdə ordu sıralarında xidmət etmişdir. 1987-ci ildə ordu sıralarından tərxis olunduqdan sonra Marneuli rayon Maarif şö’bəsində, 1988-ci ildən 1997-ci ilə qədər 2 saylı Marneuli şəhər orta məktəbində müəllim, 1991-ci ildən 1997-ci ilə kimi dərs hissə müdiri işləmişdir. 1997-ci ildən 1998-ci ilə kimi Marneuli rayon icra aparatında çalışmışdır. 1998-ci ilin yanvar ayının 8-də RXTŞ-nin müdiri vəzifəsinə tə’yin edilmişdir. 1999-cu ilin dekabr ayının 23-nə kimi bu vəzifədə çalışmışdır. 1999-cu ilin dekabrında rayon bələdiyyəsinin - Sakrebulosunun sədri seçilmişdir.

Hal-hazırda bu vəzifədə çalışır.

 

ŞƏFİQƏ ƏFƏNDİZADƏ

İlk maarifpərvər Azərbaycan qadınlarından biri, pedaqoq, publisist və yazıçı Şəfiqə Məmmədəmin qızı Əfəndizadə 1882-ci ildə Axalsik rayonunun Azqur kəndində tanınmış pedaqoq Məmmədəmin Şeyxzadənin ailəsində anadan olmuşdur.

İlk təhsilini evdə öz atasından almışdır. Hələ 1896-cı ildə 14 yaşında ikən o, Nuxa şəhərində şəxsi qadın məktəbində dərs demişdir. 1901-ci ildə Tiflisdə Zaqafqaziya ruhani idarəsində müəllimlik attestatı almış və həmin ildən məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü ilə Azərbaycan qadın təhsili tarixində ilk dəfə olaraq Bakı şəhərində yenicə yaradılmış rus-müsəlman qadın məktəbində ana dilindən dərs deməyə başlamışdır. Həmin məktəbdə Şəfiqə Əfəndizadə 1910-cu ilə kimi fəaliyyət göstərmişdir. 1910-cu ildən 1920-ci ilədək o, şəhər rus-tatar (azərbaycan) qadın məktəbinin müəllimi olmuşdur. 1915-ci ildən həmçinin qadın pedaqoji məktəbindəki pedaqoji kurslarda da dərs demişdir.

Şəfiqə Əfəndizadə publisist kimi fəaliyyətinə ilk dəfə 1903-cü ildə "Şərqi-rus" qəzetində (1903-cü il, ¹7) başlamışdır. Sonralar o, "Dəbistan", "Məktəb", "Füqara füyüzatı", "Dirilik" jurnalları və "Açıq söz" qəzeti ilə əməkdaşlıq etmiş və tərbiyə mövzusuna həsr edilmiş məqalələrini çap etdirmişdir. Eyni zamanda mətbuatda yazıçı kimi də çıxış etmiş, adları çəkilən nəşriyyatlarda bədii əsərlərini çap etdirmişdir. 1914-cü ildə onun yazdığı "İki yetim" povesti isə ayrıca kitab şəklində "Kaspiy" tipoqrafiyasında ("Azərbaycan kitabı", Bakı, 1963., s.139) nəşr olunmuşdur. 1916-cı ildə o, "Açıq söz" qəzetində (¹187, 17 may 1916-cı il) Cəlil Məmmədquluzadənin "Ölülər" pyesinə ilk rə’yi dərc etdirmişdir.

1923-cü ildə "Şərq qadını" jurnalı fəaliyyət göstərməyə başlayan andan Şəfiqə Əfəndizadə jurnalla fəal əməkdaşlıq etməyə başlamış, redaksiya hey’ətinin üzvü seçilmiş, jurnalın məs’ul katibi və bədii ədəbiyyat şö'bəsinin müdiri olmuşdur.

Şəfiqə Əfəndizadə 1923-cü ildə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin üzvü seçilmişdir.

1906-cı ildə o, Azərbaycan müəllimlərinin I qurultayının iştirakçısı olmuşdur.

1917-ci ildə Zaqafqaziya müsəlmanlarının I qurultayında iştirak edərək söylədiyi nitqində Şərq qadınlarının hüquqsuzluğundan danışmış, yeni məktəblərin, teatrların açılmasını tələb etmişdir.

Şəfiqə Əfəndizadə 1920-ci ildə Əli Bayramov klubunun təşkilində fəal iştirak etmiş və orada yaradılmış savadsızlığın aradan qaldırılması kurslarında dərs demişdir.

1920-ci ildən sonrakı dövrlərdə dəfələrlə Zaqafqaziyada, Qafqazda, Moskvada keçirilmiş qadınlar konfransında və qurultaylarında nümayəndə kimi iştirak etmişdir.

"Şərq qadını" onun haqqında belə yazmışdı: "Şəfiqə xanım bütün Zaqafqaziyada ilk Azərbaycan dili müəlliməsi və bununla yanaşı ilk Azərbaycan qadın jurnalisti və yazıçısı olmuşdur" (1924-cü il, ¹1) Şəfiqə Əfəndizadənin şagirdləri içərisində respublikamızın görkəmli dövlət xadimi olan Azərbaycan SSR-nin maarif üzrə xalq komissarı Ayna Sultanova və Azərbaycan xalq şairi Mirvari Dilbazi və başqalarını qeyd etmək olar.

Şəfiqə Əfəndizadə 1959-cu ildə Bakı şəhərində vəfat etmişdir.

Hal-hazırda Bakı şəhəri Ysamal rayonunun 13 saylı orta məktəbi Şəfiqə Əfəndizadənin adını daşıyır.

 

MƏDƏD MURADOV

Mədəd Səməd oğlu Muradov 1912-ci ildə Lüksemburq (indiki Bolnisi) rayonunun Darvaz kəndində anadan olmuşdur. İbtidai təhsilini Darvaz kəndində almışdır. İyirminci illərin sonlarında Tiflis Türk Pedaqoji Texnikumuna daxil olmuş, 1931-ci ildə oranı bitirmişdir. Elə həmin il öz kəndlərindəki natamam orta məktəbə müdir tə'yin edilərək maarif sahəsində fəaliyyətə başlamışdır.

Beş il məktəbdə çalışdıqdan sonra o, təhsilini davam etdirmək məqsədilə Leninqrad şəhərinə getmişdir. Orada Pokrovski adına Leninqrad Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsinə daxil olmuşdur. 1940-cı ildə oranı bitirib, ali təhsilli müəllim kimi kəndlərinə qayıtmış, doğma məktəbdə müdirlik vəzifəsini davam etdirmişdir. Həmin illərdə Darvaz məktəbi tam orta məktəbə çevrilmişdir.

1943-cü ildə Mədəd Muradov qabaqcıl bir məktəb təşkilatçısı kimi Gürcüstan Maarif Nazirliyinin göstərişi ilə qonşu Borçalı rayonunun Gorarxı kənd orta məktəbinə direktor göndərilmişdir. İki il orada işlədikdən sonra o, Qaçağan orta məktəbinə direktor tə'yin edilmişdir.

1948-ci ildə Mədəd Muradov Borçalı Pedaqoji texnikumunun direktoru vəzifəsinə tə’yin olunmuşdur.

1952-ci ildə, dərs ilinin başlanmasından bir ay keçmiş o, öz ərizəsi ilə texnikumun direktorluğundan çıxıb doğma kəndində müəllimlik etmişdir. Dərs ilinin axırında Mədəd Muradov yenidən Darvaz orta məktəbinə direktor tə'yin edilmişdir.

1959-cu il sentyabrın 7-də Bolnisi rayonu məktəb direktorlarının müşavirəsinə toplaşan həmkarları respublika müəllimlər qurultayından qayıdan Mədəd Muradovu təbrik etmişlər. 30 avqust tarixli "Zarya Vostoka" qəzetində Mədəd Muradovun "Gürcüstanın əməkdar müəllimi" adına layiq görülməsi barədə fərman dərc edilmişdi.

1960-cı ildə Mədəd Muradov Bakıya köçmüşdür. Azərbaycan Maarif Nazirliyinin göndərişi ilə o, Dəvəçi rayonunun Zarat internat məktəbinə direktor tə’yin olunmuşdur. Yeddi il həmin internat məktəbə başçılıq edir.

Mədəd Muradov "Lenin" ordeni və bir sıra medalla təltif olunmuşdur.

Mədəd Muradov 1985-ci ildə Bakıda vəfat etmişdir.

 

SƏDRƏDDİN MURADOV

Sədrəddin Abdulla oğlu Muradov 1926-cı ildə Borçalının Qızılhacılı kəndində sənətkar ailəsində anadan olmuş, Qızılhacılı kənd məktəbinin 7-ci sinfini bitirdikdən sonra atasının məsləhəti ilə Borçalı Türk Pedaqoji Texnikumuna daxil olmuşdur. Buranı bitirdikdən sonra bir müddət doğma məktəblərində müəllim işləmişdir. A.S. Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunu bitirdikdən sonra Kosalı kənd səkkizillik məktəbində direktor vəzifəsində çalışmışdır. 1949-cu ildə Sədrəddin müəllim Azərbaycan Pedaqoji İnstitutuna (indiki Azərbaycan Pedaqoji Universiteti) qəbul olmuş, 1954-cu ildə buranı fərqlənmə diplomu ilə bitirmişdir. İnstitutun elmi şurası onu aspiranturada saxlamaq istəsə də Sədrəddin Muradov müəllim işləməyə qərar vermişdir.

Qardabani rayonunda bir müddət təhsil şö'bəsində pedaqoji kabinetin müdiri, Azərbaycan orta məktəbində tədris işləri üzrə direktor müavini vəzifələrində çalışmışdır. Onun təşkilatçılıq bacarığını, pedaqoji işin bütün incəliklərini bilməsini hiss edən rəhbərlik, onu Azərbaycan məktbələri üzrə inspektor vəzifəsinə irəli çəkmişdir. Sədrəddin Muradov ömrünün axırınadək bu vəzifədə yorulmadan çalışmışdır.

70-ci illərdə Azərbaycan Hökuməti respublikada yaşayan azsaylı xalqların gənclərinə ali məktəblərə müsabiqədənkənar, güzəştlə qəbul haqda qərar qəbul etmişdir. Bu fakt Sədrəddin müəllimin diqqətindən yayınmamış, bu qaydanın Gürcüstanda yaşayan azərbaycanlılara da şamil edilməsi üçün var qüvvəsi ilə çalışmışdır. Gürcüstan Təhsil Nazirliyi Azərbaycan Hökumətinə müraciət etmiş, nəhayət, uzun zəhmətdən, yazışmadan sonra təklif nəzərə alınmışdır.

Azərbaycanın ali məktəblərində Gürcüstanda yaşayan soydaşlarımız üçün hər il yer ayrılmasında Sədrəddin Muradaovun xüsusi əməyi olmuşdur.

Sədrəddin Muradov Gürcüstan marrif işçiləri arasında özünə layiq ad-san qazanmışdır.

Onun işgüzarlığı, təşkilatçılıq bacarığı Maaarif işini dərindən bilməsi diqqətdən yayınmamış, "Gürcüstan SSR-in əməkdar müəllimi" fəxri adına, "Gürcüstan SSR-nin Maarif Ə’laçısı", "Sosializm yarışının qalibi" nişanlarına, SSRİ Xalq Nəzarəti komitəsinin fəxri fərmanına, medallara layiq görülmüşdür. Fərəhli haldır ki, Sədrəddin müəllim Gürcüstanda yaşayıb çalışan maarif işçiləri arasında ilk dəfə, "SSRİ maarif ə’laçısı" adına layiq görülmüşdür.

Sədrəddin Muradov 1994-cü ildə vəfat etmişdir.

Copyright © 2003 Borchali