Ağbulaq     Baş keçid     Borçalı     Qarayazı     Dağ Borçalı     Qaraçop     Tiflis     Çoruk Qəmərli  
Coğrafiyası
Etimologiyası
Kəndləri
Nəqliyyatı
Tarixi
Demoqrafik quruluşu
Sənaye və kənd təssərrüfatı
Torpaq fondu
Maarifin inkişafı
Türk Pedaqoji Texnikomları
Adət ənənələri
Ədəbi mədəni əlaqələri
İctimai siyasi durum
Borçalı ziyalıları dövlət və hökümət orqanlarında
Öndər adamları
Akademik və müxbir üzvləri
Elmlər doktorları
Elmlər namizədləri
Həkimlər
El ağsaqqalları
Generallar
Hüquqsunaslar
Tarixi qəhrəmanlar
Rəssamlar
Memarlar
İncəsənət xadimləri
Jurnalistlər
Aşıq folklor örnəkləri
El sənətkarları
Xeyriyyəçilər
İdmançılar
Şəhidlər
Yaylaqlar
Xəritələr
Şəkillər
 

The Project is accomplished by the assistance of the Bureau of Educational and Cultural Affairs of the U.S. Department of State and International Research & Exchanges Board

Səhifənin yaradılmasında göstərdiyi köməkliyə görə Məmməd Sarvana təşəkkür edirik

BORÇALI ZİYALILARI DÖVLƏT VƏ HÖKÜMƏT ORQANLARINDA

ƏLİMƏRDAN BƏY TOPÇUBAŞOV

XIX yüzilliyin başlanğıcından Qafqazın inzibati mərkəzinə çevrilən, eyni zamanda mədəni mərkəzlərdən biri olan Tiflis, eləcə də ağır elli Borçalı mahalı Azərbaycan ictimai fikir tarixinə bir çox önəmli elm, ədəbiyyat, mədəniyyət və dövlət xadimləri bəxş etmişdir. Belə şəxsiyyətlərdən biri də hüquqşünas alim, jürnalist, yüksək dərəcəli diplomat, siyasi maarifçi və dövlət xadimi olan Əlimərdan bəy Topçubaşovdur.

Əlimərdan bəy Ələkbər oğlu Topçubaşov 1862-ci il mayın 4-də Tiflisdə anadan olmuşdur. Körpəlikdən atasını itirən Əlimərdan bir illik Tiflis gimnaziyasında təhsil almışdır. 1888-ci ildə Peterburq Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Onun qabiliyyətini görən müdiriyyət təklif etmişdir ki, universitetdə qalmaq üçün xristian dinini qəbul etsin. Ancaq qeyrətli gənc Əlimərdan bu təklifi özü və xalqı üçün təhqir saymış, vətəninə qayıtmağı üstün tutmuş, böyük arzularla birbaşa Bakıya gəlmişdir. Bakıda o, elə ilk günlərdən ədəbi mühitə qoşulmuş, ziyalılarla əlaqəyə girib ünsiyyət yaratmışdır. Azərbaycan mətbuatının yaradıcılarından olan Həsən bəy Zərdabinin qızı Pəri xanımla ailə qurmuşdur.

Əlimərdan bəy xalqın milli oyanışında, özünü dərk etməsində və mə’nəvi yüksəlişində mətbuatın rolunu qiymətləndirmişdir. 1898-ci ildə böyük maarifsevər, milyonçu H.Z. Tağıyev "Kaspi" qəzetini mətbəəsi ilə birlikdə alıb, ona və Əhməd bəy Ağayevə təklif edəndə həvəslə razılaşmış, qəzetin redaktoru olmaqla Azərbaycan maarif, mədəniyyət və ədəbiyyatının çeşidli məsələlərini işıqlandırmışdır. Onun qayğısı sayəsində rus dilində yazan bir qrup ziyalı Əlimərdan bəylə həmrə’y olmuşdur. Əlimərdan bəy Topçubaşova "Bakinskiy torqovo-promışlennıy listok" qəzetinin redaktorluğu da tapşırılmışdır. Eyni zamanda Bakı şəhər dumasının üzvü seçilmiş, ona sədrlik etmişdir. O, həm də qız gimnaziyasının, ticarət məktəbinin və şəhər məktəbinin himayədarları şurasının fəal üzvü kimi iş aparmışdır.

1905-ci ilin avqustunda Nijni-Novqorod yarmarkası günlərində "Qustav Struve" gəmisində keçirilən Ümumrusiya müsəlmanlarının birinci qurultayı Əlimərdan bəy Topçubaşovun təşəbbüsü və rəhbərliyi ilə keçirilmişdir. Buraya Qafqaz (əsasən Gürcüstanın Borçalı, Tiflis ətrafı bölgələrdən, Ahıska türklərinin vətəni olan Adıgün, Aspindza, Axalsix, Axırkələk və s.) Türküstan, Krım, Qazan, Ufa, Sibir və s. regionlardan türk xalqlarının çoxlu nümayəndələri, müsəlman ziyalılar gəlmişdi. Qurultayın keçirilməsindən məqsəd mərkəzi Bakıda olmaqla "Ümumrusiya Müsəlman İttifaqı" yaratmaq olmuşdur. Bu ittifaq bütün müsəlmanları imperializmə qarşı mübarizəyə hazır olmağa çağırmışdır. İttifaqın 1906-cı ildə Peterburqda gizli şəkildə çağırılan ikinci qurultayı Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə həmin məsələ haqqında ayrıca Nizamnamə hazırlamışdır.

Əlimərdan bəy Topçubaşov Dövlət Dumasının üzvü kimi də xalqın mədəni, mə’nəvi yüksəlişinə xidmət etmişdir. O, "Xalq azadlığı" partiyasının sol cinahından seçilmiş və partiya adından Dövlət Dumasında müstəmləkə halına salınmış xalqlara məhəlli muxtariyyat alınmasına çalışmışdır. 1905-1906-cı illərdə belə tələblə çıxış etmək böyük hünər idi. 1911-ci ildə "Türk ədəm mədəniyyət-müsavat" partiyasının özülü qoyulanda da bu tələb irəli sürülmüşdür.

Əlimərdan bəy Topçubaşov rus çarizminin müstəmləkə siyasətinə qarşı alovlu mübariz kimi çıxış etmişdir. Onun adını "Zaqafqaziyada rus siyasətinə dair sənədlər" kitabında şübhəli adamlar sırasına salmışdılar.

Əlimərdan bəy Topçubaşovun təşkilatçılıq bacarığı, bir siyasi-ictimai xadim, diplomat, qeyrətli Qafqaz türkü kimi hünəri 1918-ci ildə Azərbaycan Demokratik Cümhuriyyəti qurulduqdan sonra bütün parlaqlığı ilə üzə çıxmış, cümhuriyyət e’lan olunan gündən xarici işlər naziri olmuşdur.

O, Türkiyədə Azərbaycanın rəsmi nümayəndəsi kimi də böyük işlər görmüşdür. "Azərbaycanın təşəkkülü" adlı dəyərli kitabını da burada yazmışdır. Əlimərdan bəy Topçubaşov Türkiyədə ola-ola 1918-ci ildə dekabr ayının 7-də Azərbaycan parlamentinin sədri seçilmişdir.

Əlimərdan bəy Topçubaşov ictimai fikir tariximizdə bir diplomat-vətəndaş kimi çox önəmlidir.

1919-cu ilin mayında Parisdə Versal sülh konfransı keçirilərkən Azərbaycan hökuməti konfransa Ə. Topçubaşovun sədrliyi ilə böyük bir nümayəndə hey’əti göndərmişdir. Ə. Topçubaşov konfransa qədər Amerika, İngiltərə, Türkiyə, İran və b. dövlətlərin nümayəndələri ilə səmərəli danışıqlar aparmış, birbaşa Amerika prezidenti V. Vilsonla görüşərək Azərbaycan Demokratik Respublikasının (ADR) müstəqilliyinin tanınmasına yardım göstərməyi xahiş etmişdir. Ancaq Türkiyə və Azərbaycandan torpaq iddiasında olan daşnak Ermənistan nümayəndələri və qırmızı Moskva şovinistləri bu təşəbbüsləri pozmağa çalışmışdır. Əlimərdan bəy Topçubaşov bu barədə yazmışdır: "biz qonşularımızla birgə işə can atırıq, lakin qorxuruq ki, sonsuz iştaha malik, öz muradına başqalarının, yə’ni bizim hesabımıza çatmaq istəyən ermənilərlə dil tapa bilməyək. Onlar bəlkə də bütün ölkələrin paytaxtlarında bizim əleyhimizə iş aparır, bizi dövlət həyatına, başqa xalqlarla yanaşı yaşamağa qadir olmayan millət kimi qələmə verirlər".

Ə.Topçubaşovun diplomatiya bacarığı, bir çox dünya ölkələri ilə apardığı danışıqlar öz bəhrəsini vermişdir. 1920-ci il yanvarın 11-də keçirilən Paris konfransının Ali Şurası Gürcüstan və Azərbaycan istiqlaliyyətini tanımışdır.

Ə. Topçubaşov 62 yaşında əbədiyyətə qovuşmuşdur. Onun qəbri Parisin Sen-Deni qəsəbəsindəki qəbiristanlıqdadır. Arxivi də Paris şəhərindədir.

 

NƏRİMAN NƏRİMANOV

Nəriman Kərbəlayi Nəcəf oğlu Nərimanov 1870-ci ildə Tiflis şəhərində, yoxsul bir ailədə anadan olmuşdur. Kiçik ikən təhsilə maraq göstərmiş, qardaşından, əmisindən yazıb-oxumaq öyrənmiş, Azərbaycan ədəbiyyatı ilə də ilk dəfə həmin illərdə tanış olmağa başlamışdır. 1882-ci ildə Nərimanov Qori şəhərindəki Zaqafqaziya müəllimlər seminariyasına daxil olmuşdur. Seminariyada oxuduğu illərdə o, Azərbaycan, rus və Avropa ədəbiyyatı klassiklərini həvəslə öyrənməyə başlamışdır. Onun ilk qələm təcrübəsi də məhz həmin illərə təsadüf etmişdir.

Seminariyanı bitirdikdən sonra Nərimanov 1890-cı ildə Tiflis quberniyasının Qızılhacılı kəndinə müəllim tə’yin olunmuşdur.

Kənd məktəbində bir il işlədikdən sonra Nərimanov Bakıya köçmüş, şəxsi progimnaziyada müəllimlik etmişdir.

Gimnaziyadakı işlə yanaşı Nərimanov Bakıda geniş ictimai-siyasi fəaliyyətə başlamış, tez-tez müşavirələr keçirmiş, daha aktual mövzu olan vətənpərvərlik, milli qurtuluş və s. kimi problemlər haqqında çıxışlar etmişdir. Bunlarla yanaşı Nərimanov dərsliklər tərtib etmiş, bədii əsərlər və məqalələr yazmışdır. Nərimanovun Azərbaycan dilinin qrammatikası, ruslar üçün Azərbaycan dili və azərbaycanlılar üçün rus dili dərslikləri məhz həmin dövrdə yaranmış və müəllimlərə çox böyük fayda vermişdir.

Nəriman Nərimanov "Təzə xəbərlər" adlı qəzet, "Sovqat" və "Məktəb" adlı jurnallar nəşr etmək haqqında məsələ qaldırmışdır.

1894-cü ildə "Şamdan bəy" komediyasını, 1896-cı ildə məşhur "Bahadur və Sona" romanının birinci hissəsini, 1899-cu ildə isə "Nadir şah" faciəsini nəşr etdirmiş, böyük rus yazıçısı N.V. Qoqolun məşhur "Müfəttiş" komediyasını Azərbaycan dilinə tərcümə etmişdir.

N.Nərimanov 1902-ci ildə Odessa Universitetinin tibb fakültəsinə daxil olmuşdur.

Odessa həyatı N. Nərimanov üçün inqilabi məktəb olmuşdur. 1905-ci ilin ikinci yarısında Odessa Universiteti müvəqqəti bağlanandan sonra O, Bakıya qayıtmışdır.

Bakıda N. Nərimanovun inqilabi və ədəbi fəaliyyətinin yeni mərhələsi başlanmışdır. O, M. Əzizbəyov, S.M. Əfəndiyev kimi inqilabçılarla bolşevik "Hümmət" təşkilatının işində iştirak etmiş, siyasi və ədəbi mövzularda məqalələr yazmış, mühazirələr oxumuş, 1906-cı ildə birinci Zaqafqaziya müsəlman müəllimləri qurultayının hazırlanmasına və keçirilməsinə rəhbərlik etmişdir. Nərimanov öz təhsilini başa çatdırmaq məqsədi ilə Odessaya qayıtmışdır.

1908-ci ildə universiteti bitirib Bakıda şəhər xəstəxanasında işə düzəlmişdir.

1909-cu ilin əvvələrində Nərimanov partiyanın tapşırığı ilə Tiflisə getmiş, həmin ilin martında Tiflisdə inqilabi təbliğat üstündə həbsə alınmışdır. Yeddi ay Metex qalasında saxlandıqdan sonra iki il müddətinə Həştərxana sürgün edilmişdir. O, Həştərxanda da qızğın surətdə ictimai-siyasi fəaliyyətlə məşğul olmuşdur.

1913-cü ildə Bakıya qayıdan N. Nərimanov Qaraşəhər xəstəxanasında həkimlik etmişdir. O, özünün bu işləri ilə bərabər ədəbi fəaliyyətini də davam etdirmiş, "Pir" (1913), "Bir kəndin sərgüzəşti" (1915) hekayələrini yazmışdır. 1917-ci ildə Nərimanov yerli inqilabçılarla birlikdə bolşevik "Hümmət" təşkilatına rəhbərlik etmiş və Azərbaycan dilində çıxan "Hümmət" qəzetinin baş redaktoru olmuşdur. 1918-ci ildə Bakı Xalq Komissarları Soveti yaranandan sonra o, şəhər təsərrüfatı xalq komissarı vəzifəsində çalışmışdır.

1918-ci ilin iyununda müalicə üçün Həştərxana getmişdir. Bakıda Sovet Hakimiyyəti yıxılandan sonra isə partiyanın tapşırığı ilə Həştərxan Quberniya İcraiyyə Komitəsində rəhbər vəzifədə işləmişdir.

O, 1913-cü ildə Azərbaycan bolşevikləri və inqilabi hərəkatın vəziyyəti haqqında çıxış etmək üçün Moskvaya çağırılmışdır.

Leninin təklifi ilə o, Xarici İşlər Komissarlığının Yaxın Şərq şö’bəsinin müdiri vəzifəsinə tə’yin edilmişdir.

Azərbaycanda Sovet Hakimiyyətinin qələbəsindən sonra N. Nərimanov Azərbaycan İnqilab Komitəsinin Sədri, sonra isə Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri vəzifəsində işləmişdir.

Zaqafqaziya Federasiyası təşkil ediləndən sonra Nərimanov Zaqafqaziya İttifaq Sovetinin Sədri, sonra isə Sovet Sosialist Respublikaları İttifaqı Mərkəzi İcraiyyə Komitəsinin sədrlərindən biri vəzifəsinə seçilmiş və 1925-ci ildə həmin vəzifə başında vəfat etmişdir.

N.Nərimanov Moskvada Qızıl meydanda dəfn edilmişdir.

 

ÖMƏR FAİQ NE’MANZADƏ

Ömər Faiq Əli oğlu Ne’manzadə 1872-ci ildə Ahıska bölgəsinin Azqur kəndində anadan olmuşdur. O, ilk təhsilini kənd camesində almış və anasının tə’kidi ilə 1882-ci ildə İstanbula getmiş, "Fateh" məktəbində təhsilini davam etdirmişdir.

Təbiət elmlərinə həvəsi olduğuna görə sonradan "Darüş Şəfəq" məktəbinə daxil olmuşdur. Həmin məktəbi bitirdikdən sonra (1891) Qalata poçt və teleqraf idarəsində əmək fəaliyyətinə başlamışdır. O, burada qəzet və jurnallar vasitəsilə Avropadakı demokratik ruhlu türk mühacirlərinin əhval-ruhiyyəsi və türk inqilabçı şairlərin bədii yaradıcılığı ilə yaxından tanış olmuşdur. Bir müddətdən sonra Sultan istibdadına qarşı gizli çalışan cahillərə (cavanlara) qoşulmuşdur.

Ahıskada milli münasibətlərin kəskinləşməsi dövründə (1894) vətənə qayıtmışdır. İnqilabi dünyagörüşlü ziyalı kimi yetişmiş Ömər Faiq maarif və mədəniyyət sahəsində Azərbaycanın demokratik ruhlu vətənpərvər oğullarına qarışıb ömrünün axırına kimi biliyini və bacarığını xalqın azadlığı uğrunda mübarizəyə yönəltmişdir.

Ömər Faiq 1894-cü ildə Şəkidə ilk üsuli-cədid məktəbində dünyəvi elmlərdən dərs demiş və İstanbuldan gətirdiyi açıq fikirli əsərləri xalqa paylayıb oxutmuşdur. O. Burada M.F. Axundovun "Müsye Jordan və dərviş Məstəli şah" pyesini səhnə üçün hazırlamış, Müsye Jordan rolunda özü çıxış etmişdir.

1896-cı ilin yazında xəstəliyi ilə əlaqədar Ömər Gəncəyə, oradan da Hacıkəndə getmiş, orada İstanbuldan gəlmiş Məhəmməd Əfəndi ilə yaxından tanış olmuşdur. Məhəmməd Əfəndi oradakı gənc müəllimlər və yazıçılara tə’sir etmişdir. Ömər Faiq 1896-1998-ci illərdə xəstəliyinə görə Abastumanda və Azğurda qalmışdır.

Ahıskada milli məktəb açmaq fikrinə düşən Ömər Tiflis maarif müdirinə ərizə yazıb - ondan: "Lazımsa, şkolada (məktəbdə) oxudun, ayrıca türk məktəbi olmaz" cavabını almışdır.

Tiflisdən Müfti və Şeyxülislama şikayətlənib "Rusiyadakı türklərlə Türkiyədəki rum və ermənilər arasında hüquqca böyük bir fərq olduğunu" söyləmişdir.

Ömər Faiq milli hüquqları müdafiə məqsədilə "hər millətin mədəniyyətə və maariflənməsinə haqqı vardır və bu haqqı hər yerdə, hər zaman saxlamalıdır" demişdir.

Xəstəlikdən sağalıb o, 1898-ci ildən 1900-cü ilə kimi Şəkidə came məktəbində müəllim işləmişdir. Orada dini dərslərin tədrisini azaltmaqla hesab, coğrafiya, tarix və dil fənlərini tədris etdirmişdir. 1900-cu ildə Ömər Faiq ictimai həyatda fəal məşğul olmaq üçün Bakıya gəlmişdir.

Bakı şəhərində milli məktəblərin yox dərəcəsində olduğunu, müsəlman xalqının acınacaqlı bir şəkildə yaşamasını görən Ömər Faiq "Əgər Tağıyevin açdığı qız məktəbini görməsəydim Bakının türk maarifi üzərinə qara bir cizgi çəkəcəkdim" demişdir.

Ömər Faiq 1900-cu ildə Şamaxıya gəlmişdir. O, burada milli məktəbin təşkil edilməsinə yaxından yardım etmiş və tarix, coğrafiya, hesab və türk dilindən dərs demişdir.

1902-ci il yanvar ayının 31-də Şamaxıdakı güclü zəlzələdən sonra Ömər Faiq Tiflisə getmişdir.

Ömər Faiq 1903-cü ilin mart ayının 30-da nəşrə başlamış "Şərqi-Rus" qəzetində Məhəmməd ağa Şahtaxtlı, Cəlil Məmmədquluzadə, Səməd ağa Qayıbov, Üzeyir Hacıbəyov, Rəşid İsmayılov, Əsəd Babayev, Yusif Əfəndizadə ilə bir yerdə işləməyə başlamışdır. Bu qəzet Qafqazda ilk dəfə olaraq nəşr olunan siyasi və ictimai gündəlik türk qəzeti olmuşdur.

Bir sıra maddi çətinliklərdən sonra 1906-cı ildə ilk dəfə "Molla Nəsrəddin" jurnalı nəşr edilmişdir. Jurnalın tə’sis edilməsində və onun nəşrində Cəlil Məmmədquluzadə və Ömər Faiqin müstəsna rolu olmuşdur.

1911-ci ildə C. Məmmədquluzadə Tiflisə, jurnalın müvvəqəti redaktoru Məmmədəli Sidqiyə göndərdiyi məktubda yazmışdır: "Əzizim Məmmədəli!... Bunu sənə əvvəllər də istəyirdim yazım ki, Faiq Əfəndi bundan sonra oranın sahibi-ixtiyarıdır, hərtərəfli".

Ömər Faiq təkcə "Molla Nəsrəddin" jurnalında deyil, eyni zamanda, o dövrdə çap edilən bir sıra qəzet və jurnallarda ("Açıq söz", "Tərəqqi", "İrşad", "Həyat", "Rəncbər", "Adıgün kolxozçusu", "Kommunist", "Qızıl bayraq", "Bağban" və s.) çıxış etmişdir. Yazıları Ömər Faiq Ne’manzadə, Ümidvar, Ümid, Faiq Ne’manzadə, Lağlağı, Mozalan və s. ad və təxəllüslərlə çıxmışdır. Ömər Faiqin dövrün bir sıra mühüm ictimai-siyasi məsələləri haqqında müxtəlif mətbuat orqanlarındakı fəaliyyəti onu müasirlərinə yetkin qələm sahibi kimi tanıtmış və sevdirmişdir.

Ömər Faiq Ahıskada erməni və gürcü dəstələrinin terror fəaliyyətini öz gözləri ilə görmüşdür. İnqilabi fəaliyyətdə fəal iştirak etmiş və Cənub-Qərbi Qafqazda ilk müstəqil türk respublikası "Ahıska hökuməti-müvəqqətəsi"nə hökumət rəisi seçilmişdir. Altı aydan sonra menşeviklər Gürcüstanı ələ keçirmiş və bu respublika ləğv olunmuşdur.

Ömər Faiq 1920-ci ildə Gəncə Zəraət (kənd təsərrüfatı) Texnikumunun direktoru işləmişdir. O, 1920-1921-ci illərdə "Zəhmətkeşlərin gözü" jurnalının redaktoru, bir az sonra "Yeni fikir" radeksiya hey’ətinin üzvü seçilmişdir. Sonra Gürcüstanda müsəlman işləri üzrə komitənin sədri tə’yin edilmişdir.

İnqilab illərində Ömər Faiq dəfələrlə həbs edilmişdir. O. 1923-cü ildə Azərbaycana gəlmiş və 1924-cü ildə Azərbaycan SSR Xalq Maarif Komissarlığında işə düzəlmişdir. O dövrdə dərsliklərin hazırlanmasına və onların çap edilməsinə yardım etmişdir.

Ömər Faiq Ne’manzadə 1937-ci ildə Stalin represiyasının qurbanı olmuşdur.

 

AXUND MUSTAFA TALIBZADƏ

Dövrünün məşhur din və maarif xadimlərindən olan Mustafa Talıbzadə 1842-ci ildə Borçalı mahalının Sarvan kəndində anadan olmuşdur. Axund Mustafa ali dini təhsilini Təbrizdə məşhur olan Hacı Səfərəli mədrəsəsində bitirmiş, 1871-ci ildə dini elmlərin tam kursunu başa vurması barədə sənəd almışdır. Təbrizdən Tiflisə qayıtdıqdan iki il sonra 1873-cü il dekabrın 12-də Şiə Ruhani İdarəsində yüksək rütbəli din xadimlərinin qarşısında imtahan verərək axund rütbəsinə layiq görülmüşdür. 1874-cü il martın 1-də Tiflis-Kutaisi Şiə Quberniya məclisinə üzv seçilmiş, məktəb və dərsliklərin yaradılması işinə nəzarət etmişdir. 1881-ci ildə Qori seminariyasının müəllimi Əbdüssəlam Axundzadənin şəriət dərsliyi Ruhani idarəsində müzakirə edilib bəyənilməmiş, onun yenidən yazılması məşhurlaşmış Axund Mustafa Talıbzadəyə tapşırılmışdır. Bundan sonra Axund Mustafanın dini rütbələri tədricən yüksəlməyə başlamışdır. 1882-ci ildə ona Şiə Ruhani idarəsinin üzvü vəzifəsini icra etmək tapşırılmışdır. Bir az sonra isə Ruhani idarəsinin nəzdindəki "Əli məktəbində" müəllimliyə başlamışdır. Bu arada o, dövrünün qabaqcıl din xadimlərindən olan, açıq fikirli şeyxülislam Əhməd Hüseynzadə və böyük maarifçi M.F. Axundovla şəxsi əlaqə yaratmışdır.

Axund Mustafa Zaqafqaziya Şeyxülislamının müavini və Qafqaz diyarının qazisi olmuşdur. 1900-cu il aprelin 22-də senator, general-adyutant knyaz Qolitsenin əmri ilə Axund Mustafa Talıbzadə Şiə Ruhani idarəsinin üzvü vəzifəsindən və başqa xidməti işlərindən azad olunmuşdur.

Ömrünün axırında şəxsi münaqişələrlə qarşılaşaraq maddi çətinliklər içərisində 1903-cü ildə vəfat etmiş, Tiflis müsəlman qəbiristanlığında dəfn olunmuşur.

 

AXUND YUSİF TALIBZADƏ

XX əsrin onillikləri Azərbaycan türklərinin tarixinə milli intibah dövrü kimi daxil olmuşdur. İntibah ruhlu universal şəxsiyyətlər də başqa dövrlərlə müqayisədə bu illərdə daha çoxdur: xalqının milli tərəqqisində mühüm xidmətlər göstərmiş bu şəxsiyyətlərdən bə’ziləri unudulmuş, mə’lum ictimai səbəblər onların fəaliyyəti, əsərləri haqqında bəhs etməyə imkan verməmişdir. Sağlığından Azərbaycanda, bütünlükdə türk dünyasında böyük nüfuz sahibi olan, türkləşmək və islamlaşmaq ideoloqu kimi xalqın milli tərəqqəsinə əvəzsiz xidmətlər göstərən Yusif Ziya (Axund Yusif) Talıbzadə indiyədək layiqli qiymətini almayan unudulmuş şəxsiyyətlərdəndir.

Axund Yusif Talıbzadə 1877-ci ildə Tiflisdə anadan olmuşdur. Borçalı mahalında məşhur olan Axundlar nəslindəndir. Sarvanlı Axund Talıb, Axund Süleyman ulu babalarıdır. Atası Axund Mustafa Talıbzadə isə Zaqafqaziya şeyxülislamının müavini olmuşdur. XX əsrin görkəmli yazıçısı, maarif xadimi Abdulla Şaiq Yusif Ziyanın kiçik qardaşıdır. Abdulla Şaiqin bir yazıçı və şəxsiyyət kimi yetişməsində Axund Yusifin güclü tə’siri olmuşdur. Təsadüfi deyildi ki, Türkiyədə Şaiqin ölümünə xüsusi məqalə həsr edən Əbdülvahab Yurdsevər yazırdı: "A. Şaiqin fikri səması üzərində" mərhum ağabəyisi Axund Yusif (Yusif Ziya) Talıbzadənin böyük tə’siri olmuşdur. Şaiqi Şaiq yapan Axund Yusifdi, Ağabəyisinə qarşı dərin sevgisi bulunan Şaiq məfkurə xəzinəsini ondan irs almışdır". Məqalə müəllifi Şaiqdən fərqli olaraq Axund Yusifi "fəal bir siyasət adamı və usanmaz bir mücadiləçi" deyə təqdim edir. Uzun illər onu tanıyanlar arasında görkəmli siyasi xadim, türkçülük və islamçılıq ideoloqu, həm də bütün həyatını azadlıq uğrunda mübarizəyə həsr edən bir şəxsiyyət kimi hörmətlə xatırlanan Axund Yusif haqqında vətənində olmasa da, Türkiyədə dəyərli yazılar meydana çıxmışdır. İlk təhsilini Tiflisdə - Zaqafqaziyada Ruhani İdarəsinin nəzdindəki "Əli tə’limi" üzrə şiə məktəbində (ona rüşdiyyə məktəbi də deyirlər) almış, ərəb, fars, rus dillərini öyrənmişdir. 1894-cü ildə ailəsi ilə birlikdə Xorasana (Məşhədə) köçmüş, orada ali dini təhsil almış, məşhur Mirzə Cəfər mədrəsəsini bitirmişdir. Burada müctəhid Molla Əlinin tələbəsi olmuşdur. Dini təhsilini Bağdadda tamamlamışdır. 1900-cü ildə Bakıya gəlmiş, Nəriman Nərimanov və Hacı Zeynalabdin Tağıyevlə yaxınlaşdıqdan sonra onun coşqun mədəni-ictimai və siyasi fəaliyyəti başlamışdır.

1900-cü ildə Bakıda "rus-tatar" məktəbində yoxlama komissiyası qarşısında imtahan verdikdən sonra həmin məktəbə şəriət müəllimi tə’yin olunmuşur. 1901-ci ildə "Təhsiliqəvaid" adlı o zaman üçün çox gərəkli olan "Azərbaycan dilinin qrammatikası" kitabını nəşr etdirmiş, N. Nərimanovun "Nadir şah" faciəsini fars dilinə çevirmişdir. 1903-cü ildə islam aləmində qadın tərbiyəsinə dair "Hədiyyəyi-nisvan" ("Podarok jenşinam" farscadan tərcümədir) və H.Z. Tağıyevə həsr olunmuş "Sərvət və səxavətilə məşhur cənab Hacı Zeynalabdin Tağıyevin tərcüməyi-əhvalı" kitabları çapdan çıxmışdır. 1903-cü ildə "Şərqi-Rus" qəzetində islam dininə dair məqalələri nəşr olunmuşdur ("Din tərbiyəsi" və s.) 1904-cü ildə Bakıda A.M. Promışlyanskinin litoqrafiyasında "İslam tarixi və tarixi-ənbiyaya dair məkanların nəqşəsi və islam məmləkətlərinin xəritəsidir" adı ilə çap edilən xəritə məktəblərin istifadəsinə verilmişdir. Mütəxəssislərin yazdığına görə, Yusif Ziya Azərbaycanda yeni dövrdə ilk xəritə çap edən azərbaycanlı müəlliflərdəndir.

1905-ci ildən milli mətbuatın genişlənməsi ilə əlaqədar Yusif Ziya Talıbzadənin publisistik fəaliyyəti genişlənmiş, "Həyat", "İrşad", "Tərəqqi", "Füyuzat", "İqbal", "Şəlalə" kimi mətbuat orqanlarında müxtəlif mövzularda məqalələri nəşr olunmuşdur. İslam dininin ayrı-ayrı müddəalarını müasir həyat problemləri ilə əlaqələndirmək bu yazıların əsas məqsədini təşkil edirdi: "İslam və Menşikov" (1908), "Müsəlmanlar və maarif" (1909), "Cocuqlarımıza bir çarə" (1909), "Ərəbistan, yaxud Məkkə və Mədinə" (1909), "Rusi-müsəlman məktəbləri" (1909), "Türkiyə məktubları" (1913).

Yeni əsrin ilk onilliyi içərisində Yusif Ziyanın Bakı nəşriyyatlarında islam məsələlərinə dair 10-dan artıq kitabça və risaləsi nəşr edilmişdir. Öz dövründə çox yayılan və təkrar-təkrar nəşr olunan bu əsərlərin xalq arasında dini ehkamların yayılmasında, onların əslinə yaxın anlaşılması və dərk edilməsində, xüsusən islamın yeni dünyagörüşlə şərhində çox mühüm xidməti olmuşdur: "Müəllimüş-şəri’ə" (1903, 1908, 1909), "Təəlümüş-şəri’ə" (1904), "İslam tarixi" (1907), "Həqiqəti-islam".

Axund Yusifin erməni millətçiləri və daşnaklarla mübarizəsi xüsusi qeyd edilməlidir. Bu mübarizə 1906-cı ildən başlanır ("Əmirxanyansa cavab" və s.).

Özünü həm də bədii yaradıcılıqda sınayan Yusif Ziya 1910-cu ildə səhnəyə qoyulan iki faciəsini yazır: "Ərmənusə" və "Əmir Xalid ibn Vəlid". 1907-ci ildə H.Z. Tağıyevin tapşırığı ilə Qur’anın Azərbaycan türkcəsinə tərcüməsi və təfsirini (3 cilddə) İstanbula, Türkiyə sultanı Əbdül Həmidə hədiyyə aparmışdır.

1910-cu illərin əvvələrində Yusif Ziya qızğın siyasi fəaliyyətə başlamış, te-tez Türkiyəyə getmiş, "Türkiyə məktubları"nı çap etdirmişdir, müxtəlif ictimai-mədəni və xeyriyyə cəmiyyətlərinin üzvlüyünə və rəhbərliyinə seçilmişdir. Məmmədəli Rəsulzədənin (Məmmədəmin Rəsulzadənin qardaşıdır) mə’lumatına görə, 1911-ci ildə Müsavat partiyasının üzvlüyünə yazılan ilk beş nəfərdən biri Axund Yusif olmuşdur (qalan dörd nəfər - Vəli Mikayıl oğlu, Seyid Hüseyn Sadiq, Əbdürrəhimbəy Haqverdiyev, Seyid Musəvi). Bu barədə məqalə müəllifi yazmışdır: "Yusif Ziya (Axund Yusif) - Türkmənistanda basmaçılarla birlikdə bolşeviklərə qarşı vuruşaraq şəhid oldu" ("Müsavat" partisi… 50", "Azərbaycan" dərgisi, sayı 4, 1962-ci il).

1910-cu illərdən sonra Axund Yusifin həyatının Türkiyə dövrü başlayır. 1912-ci ildə o, arvadı Cənnət xanım və oğlu Təl’ət ilə Türkiyəyə köçmüş, orada hərbi təhsil almış, birinci dünya hərbində Qars-Ərdəhan türk ordusu sıralarında ruslara, ermənilərə qarşı döyüşlərdə qəhrəmanlıqlar göstərmişdir. 1918-ci ildə türk ordusu ilə bərabər Bakıya qayıdır. Demokratik Cümhuriyyət dövründə "Müsavat" partiyasının orqanı "Azərbaycan"da, dövrün başqa mətbu orqanlarında fəal iştirak etmiş, siyasətə, maarif və mədəniyyət mövzularına dair məqalələr nəşr etdirmişdir. Bə’zi siyasi məsələlərin həlli üçün yenidən Türkiyəyə qayıtmışdır.

Qızıl Ordu Azərbaycanı istila etdikdən sonra İran sərhədindən Azərbaycana keçərkən həbs olunmuşdur. Onu öz xahişi və tə’kidi ilə o zaman Azərbaycan Nazirlər Şurasının sədri vəzifəsini icra edən Nəriman Nərimanovun yanına gətirmişlər. Qısa söhbətdən və Moskva ilə razılaşdırıldıqdan sonra Yusif Ziya azad edilmiş, Nəriman Nərimanovun vasitəçiliyi ilə Naxçıvana hərbi komissar tə’yin edilmişdir. 1921-ci ilin əvvələrində - fevral-mart ayılarında ailəsi ilə birlikdə Naxçıvana köçən Yusif Ziya Naxçıvan İnqilab Komitəsinin üzvü olmuş, 1922-ci ilin axırlarına qədər general rütbəsində hərbi komissar vəzifəsində çalışmışdır. Vəfat etmiş Sokolovskini əvəz edən yeni hərbi komissar Naxçıvan torpağına göz dikən daşnak silahlı dəstələrinə qarşı mübarizə aparmışdır. Əlimizdə Yusif Ziyanın həmin dövr fəaliyyətini işıqlandıran xeyli material var. Bunların bir hissəsi "Azərbaycan arxivi" jurnalında nəşr olunmuşdur (1985, ¹ 1, s.41-47).

Naxçıvan torpağına iddia ilə yanaşan, te-tez sərhədləri pozan erməni millətçilərinə, daşnak hərbi hissələrinə sovet rəhbərliyinin liberal siyasəti ilə razılaşmayan Yusif Ziya 1922-ci ilin axırlarında Bakıya qayıtmış, Nəriman Nərimanovla görüşərək, Sovetlərə qulluq etmək istəmədiyini, bu quruluşla uyğunlaşa bilmədiyini söyləmişdir. N. Nərimanov Sovet İttifaqı sərhədlərini tərk etmək üçün ona rəsmi sənəd vermişdir.

Yusif Ziya Türkmənistanda, Orta Asiyada və s. yerlərdə basmaçılara qoşularaq qırmızı rus ordusu ilə vuruşlarda iştirak etmişdir. Basmaçılarla bir sırada Yusif Ziya ilə bərabər istilaçı rus ordusuna qarşı döyüşən və sonralar görkəmli alim kimi məşhurlaşan professor Zəki Vəlidi Toğan tərəfindən yazılmış xatirə bu baxımdan çox əhəmiyyətlidir. Xatirələr Orta Asiya türklərinin azadlıq mübarizəsinin tarixi faktlara əsaslanan geniş mənzərəsini yaradır.

Axund Yusif Talıbzadə 1923-cü ildə vəfat etmişdir.

 

ŞEYX MƏHƏMMƏDƏLİ AXUND AĞA HÜSEYN OĞLU

Şeyx Məhəmmədəli Axund Ağa Hüseyn oğlu 1889-cu ildə Borçalının Sarvan kəndində Axund Ağa Hüseynin ailəsində dünyaya göz açmışdır. Balaca Məhəmmədəlinin ata babası Borçalı mahalında dövrünün ən sayımlı, ən sözü keçən və hörmətli adamlarından biri olmuşdur.

Şeyx Məhəmmədəli Şərqin ən qədim elmi ocaqlarından olan Xorasan, Məşhəd, Bağdad və s. şəhərlərində ali ruhani təhsili alan ziyalı olmuşdur. Xorasan şəhərində təhsil aldığı vaxt hörmətli şairimiz Abdulla Şaiqlə birgə oxumuş və gənclik dövrünü bir yerdə keçirmişdir.

Tam təhsil aldıqdan sonra Şeyx Məhəmmədəli 1935-ci ilə qədər Tiflis şəhərində yerləşən Zaqafqaziya müsəlmanları ruhani idarəsinə (məclisi xeyriyyə) rəhbərlik etmişdir.

Şeyx Məhəmmədəli həyatda qazandığı yüksək elmi təfəkkürünə və işgüzarlığına görə Böyük Oktyabr inqilabına qədər dövlət tə’minatlı olmuş, böyük imperator məvacibi almışdır. Yüksək bilik və dünyagörüşünə malik olan Şeyx Məhəmmədəli almış olduğu təhsili ilə kifayətlənməmiş, tibb elmi və xalq təbabəti ilə də geniş məşğul olmuşdur. O, bir sıra xəstəlikləri (əsasən yolxucu) dava-dərmansız (kimyasız), yalnız Borçalı meşələrindən, çayətrafı sahələrdə bitən bitkilərdən və yaylaqlardan topladığı gül-çiçək ləçəklərindən hazırladığı dərmanlarla müalicə etmişdir.

Onun zəngin kitabxanası olmuşdur. Təəsüflə qeyd etməliyik ki, XX əsrin 30-cu illərində şurəvilər (Şura hökuməti) bütün bu qiymətli bilik mənbəyini talan etmiş, dağıtmış, Şeyx Məhəmmədəlinin özünü isə birdəfəlik gedər-gəlməzə göndərmişdir. Şeyxin hörmətini hər şeydən uca tutan, Həsən Səbri dəfələrlə çalışmışdır ki, Şeyxə köməklik etsin. Lakin əyilməz və mətin Borçalı oğlu Məhəmmədəli bu köməkliyi qəbul etməmişdir. Daha doğrusu, rus qayda-qanununa tabe olmağı özünə rəva bilməmişdir.

 

ABDULLA ŞAİQ

İctimai fikir tariximizdə romantik, gözəl nasir, dramaturq, tərcüməçi, sayımlı pedaqoq, maarif və mədəniyyət xadimi, ədəbiyyatşünas-folklorçu kimi tanınan Abdulla Şaiq Talıbzadə 1881-ci il fevralın 25-də Tiflisdə ruhani ailəsində anadan olmuşdur. Atası tanınmış din xadimi Axund Mustafa Sarvandan olmuşdur. Tiflisdə Şeyxülislamın yardımçısı kimi çalışan Axund Mustafa altı sinifli şəhər məktəbində "şəriət, fars dili və ərəb qəvaidi"ndən dərs demişdir. Balaca Abdulla da ilk təhsilini burada almışdır. 1883-cü ildə isə ailə durumu ilə bağlı anası Mehri xanım oğlanları Yusifi və Abdullanı da götürüb Xorasana getmiş, burada Yusif dini məktəbdə, Abdulla isə Mirzə Yusif adlı ziyalının üsuli-cədid məktəbində oxumuşdur. Azərbaycan və rus dillərində apardığı kitabları oxumaqla bərabər, fars ədəbiyyatını, məntiq, psixologiya və başqa elmləri də öyrənmiş, şərq ədəbiyyatına həvəs göstərmişdir. İ.A. Krılovun bir neçə təmsilini fars dilinə çevirdikdən sonra özü lirik qəzəllər yazmağa başlamışdır.

A. Şaiq 1901-ci ildə həmişəlik Bakıya köçmüşdür. N. Nərimanovun köməyi ilə Birinci Aleksandrovski gimnaziyasında imtahan verərək müəllimlik hüququ qazanmış və ömrünün otuz ildən çoxunu maarif və məktəb işinə bağlamışdır.

Bakıda bir rus ziyalısının böyük kitabxanasını almışdır. Bir az sonra inqilabi hadisələr, Sabunçu kimi fəhlə mahalında çalışması, əməkçilərin ağır həyatını öyrənməsi və başqa olaylar onun dünyagörüşünü genişləndirmişdir. O, maarifçi pedaqoq, romantik şair idi. Milli gələnəklərə, görənəklərə bağlı idi, milli intibah, milli dirçəliş tərəfdarı idi. Düzdür, Mollanəsrəddinçilərə yaxın idi, onlara hörməti var idi, ancaq baxışı, ruhu, yolu ilə füyuzatçılara daha yaxın idi.

A. Şaiq yaradıcılığına tərcümə və qəzəllə başlasa da, ilk mətbu əsəri "Laylay" adlı uşaq şe’ridir. O, 1906-cı ildən başlayaraq silsilə şe’rləri ilə milli uşaq poeziyamızın incilərini yaratmışdır. Həmin əsərlərin çoxu indi də balaların dilində əzbərdir.

Bakıda keçirilən birinci (1909) və ikinci (1907) müəllimlər qurultayının işində Şaiq H. Zərdabi, S.S. Axundov kimi sayımlı xadimlərlə birgə çalışmışdır. "Uşaq gözlüyü", "İkinci il", "Gülzar" kimi bir çox yeni tipli dərsliklər də elə bundan sonra meydana gəlmişdir. Bu dərsliklərdə onun öz əsərləri və dünya ədəbiyyatından örnəklər çap edilmişdir. Onun bir sıra şe’rləri isə "Dəbistan və "Məktəb" uşaq-gənclər toplularında çıxmışdır. Bu illərdə o, "Nicat" cəmiyyətinin idarə hey’ətinə üzv seçilmiş, ədəbi-bədii problemlərlə, maarif və məktəb işləri ilə də məşğul olmuşdur.

Xalq ədəbiyyatının gözəl bilicisi olan, onu hələ uşaq ikən Sarvanda əmiləri Əlidən və Məmməddən öyrənən, sonralar toplayıb araşdıran A. Şaiq bu örnəklər əsasında "Tıq-tıq xanım", "Tülkü həccə gedir", "Yaxşı arxa" kimi mənzum nağıllar da yazmışdır. "Ədhəm, "Tapdıq dədə", "Qoçpolad" kimi poemalarda da milli folklorun tə’sirini görürük. Bütövlükdə onun poeziyasında romantik vüs’ətlə real həyat, xəyalla varlıq, keçmişlə gələcək, tarixlə müasirlik qovuşuqdur. Onun poeziyası qəhrəmanlıq, xəlqilik, vətənpərvərlik və gözəllik poeziyasıdır. Onun uşaq poeziyası elə o zamandan dərslik, proqram və oxu kitablarının bəzəyidir. Azərbaycan uşaq dramaturgiyasının, uşaq teatrının yaranma və inkişafında böyük xidməti olmuşdur. O, 1910-cu ildə yazdığı "Gözəl bahar" pyesi ilə milli uşaq teatrının özülünü qoymuşdur.

Romantik ruhlu şair inqilabi olyalardan coşur, qələm dostları Hadi və Səhhət kimi ona ümid bəsləyir. "Hürriyyət pərisi"nə, "Niyə uçdu", "Bir quş", "XX əsrə xitab", "Şikayətlərim" kimi şe’rlər bu ruhdan yaranmışdır. "Zamanın inqilabçılarına" şe’ri öz romantik vüs’əti, inqilabi pafosu, nikbin qəyəsi, çağırış, inam və ümid tendensiyası ilə yadda qalır. Şaiqin romantizmi tam halda dağ çayı kimi coşğun və təmiz idi, bədbinlik isə keçici sezilirdi, bu poeziya aydınlığı, sadəliyi və nikbinliyi ilə seçilmişdir.

Nəsr yaradıcılığına 1905-ci ildə romantik "İki müztərib və ya əzab və vicdan" yarımçıq romanı ilə başlayan ədib "Məktub yetişmədi", "Köç", "Daşqın", "İntiharmı, yaşamaqmı", "Göbələk", "İblisin huzurunda", "Dursun", "Əsrimizin qəhrəmanlar"ı kimi bir çox dəyərli hekayə, povest və romanlar yazmışdır. O, bu əsərlərdə bacarıqlı sənət ustası kimi çıxış etmişdir. "Köç" və "Məktub yetişmədi" hekayələri milli və "Əsrimizin qəhrəmanları" ilk milli roman örnəkləri kimi dəyərləndirilir.

"Həpimiz bir günəşin zərrəsiyiz" əsəri o dövrkü dünyagörüşünü, şər qüvvələrin xalqlar arasında nifaq salmasını, savaş törətdiyini, bəşərin sabahını, insanların taleyini göstərən ən yaxşı romantik şe’rlərindəndir.

Yüzilliyimizin əvvələrindən A. Şaiq ədəbi-pedaqoji mühitdə adlı-sanlı yazıçı, şair və pedaqoq kimi tanınmışdır. Xalqın, vətənin gələcəyi naminə var-gücü ilə çalışmışdır. Həm sənət aləmində, həm də maarif yönümündə ən qabaqcıl şəxsiyyət kimi ziyalılarla ön cərgədə getmişdir. O, həm də qadınlar üçün jurnal çıxarmaq, uşaq bağçası açmaq, kitabxana yaratmaq, kasıb uşaqları pulsuz oxutmaq kimi xeyirxah təşəbbüslər irəli sürmüşdür.

A. Şaiq müstəqil Azərbaycan ideyasında M.Ə. Rəsulzadə, Ə. Ağaoğlu, Ə.Topçubaşov, Ə. Hüseynzadə, Y. Nəsifbəyli kimi öndər ziyalılarla həmfikir olmuşdur. O, 1918-ci il mayın 28-də yaranan ADR-i sevinclə qarşılamışdır. M.Ə. Rəsulzadə bu dövrdə "milli istiqlalın sevincini ilk duyanlar" sırasında A. Şaiqin adını da çəkmişdir. Rəsmi dövlət qəzeti olan "Azərbaycan"ın səhifələrində məktəblər və milləşdirmə məsələsi haqqında ilk çıxış edən, onu təbliğ edən və həyata keçirənlərdən biri də A. Şaiq olmuşdur. 1919-cu ildə Bakı Dövlət Universitetinin yaranması ilə bağlı "Tələbə həyatı" pyesini yazmışdır. Əvvəllər yarımçıq qoyduğu "Əsrimizin qəhrəmanları" romanını da bu dövrdə tamamlamışdır. Bu əsərlərdə müəllif vətən, millət, müstəqillik arzularını, milli dövlətçiliyimiz üçün yeni milli kadrlar məsələsini ön plana çəkmişdir.

Azərbaycan Demokratik Respublikası dövründə A. Şaiq poeziya yönümündə daha həvəslə çalışmış, Ə. Cavad, Əmin Abid, Ümgülsüm, Əli Yusif, Əli Şövqi kimi gənc istiqlal şairlərini də ruhlandırmışdır. Onun bu illərdə qələmə aldığı "Yeni ay doğarkən", "Türk ədəmi mərkəziyyət Müsavata ithaf", "Arazdan Turana" kimi şe’rləri ədəbi mühitdə dəyərləndirilən poeziya örnəklərindəndir. "Vətənin yanıq səsi" şe’rində ulu oğuzların hünəri, Altay türkləri, Elxan və Altun ordusu örnək göstərilmişdir.

"İki mücahid" və yaxud "Atı yaralı əsgər" şe’rində isə cahan savaşının yaraları, erməni daşnaklarının Azərbaycan torpaqlarındakı vəhşiliyi Qarabağdakı fitnə-fəsadlar ön plana çəkilmişdir. "Ülkərin nuru ilə ziyalanan", "Uçan nəğməsi ilə havalanan", "Xoş kölgəsində səfalanan" istiqlal şairinin cümhuriyyət sevinci ürəklərə sərinlik gətirir.

Ədib ADR dövründə maarif və məktəb yönümündəki işini daha da canlandırmış, bir neçə məktəbi milliləşdirmiş, rus məktəblərində Azərbaycan türkü sinifləri yaratmışdır. "Türk çələngi", "Türk ədəbiyyatı", "Milli qiraət" kimi dərsliklər hazırlamışdır. Dövlətin yaratdığı proqram və dərsliklər yaradan komissiyasının üzvü kimi çalışmışdır.

Nə yazıq ki, bu sevinc çox çəkmədi. 1920-ci il aprelin 28-də mənfur rus ordusu (XI Qızıl Ordu) Azərbaycana soxuldu, kommunistlər hakimiyyəti ələ aldı. Buna baxmayaraq, A. Şaiq xalqın gələcəyi naminə öz ədəbi-pedaqoji fəaliyyətini davam etdirmişdir. O, pedaqoji kurslarda, texnikumlarda və başqa məktəblərdə dərs demiş, mədəni-maarif işlərinə yardım etmiş, bədii yaradıcılıqla məşğul olmuşdur. 1923-cü ildə onun ədəbi-pedaqoji fəaliyyətinin 20 illiyi təntənə ilə keçirilmişdir. Çalışdığı gimnaziya "Şaiq nümunə məktəbi" adlandırılmışdır. Ədəbiyyatımızın təməlini quranlardan biri, böyük pedaqoq, xalq müəllimi kimi dəyərləndirilmişdir.

"Vəzifə", "Özü bilsin, mənə nə?", "Anabacı", "Əsəbi adam" kimi silsilə hekayələri, "Araz" inqilabi-tarixi mövzulu romanı, elm, maarif və mədəniyyət haqqında bir sıra məqalələri ədəbi mühitdə maraqla qarşılanmışdır. O, həm də "Tənqid-Təbliğ" teatrı üçün əsərlər yazmışdır.

Azərbaycan Gənc Tamaşaçılar Teatrının, Uşaq və Gənclər nəşriyyatının işi birbaşa Şaiqin adı ilə bağlıdır. Uzun müddət bu teatrda çalışan ədib "Xasay", "Eloğlu", "Vətən", "Fitnə", "Qaraca qız" kimi çeşidli pyeslər yazmışdır. "Fitnə" və "Nüşabə" əsərləri Nizami süjetləri əsasında yaranan maraqlı sənət örnəkləri idi.

Ədib bu illərdə də uşaqlar üçün yaxşı əsərlər yazmış, başqa sənət dostlarını da bu işə cəlb etmişdir. Onun "may nəğməsi", "Top oyunu", "Bənövşə", "Qərənfil", "Bülbül" kimi uşaq şe’rləri, nağıl və poemaları bu gün də öz dəyərini saxlayır. M. Seyidzadə, M. Dilbazi, M. Rzaquluzadə, Z. Cabbarzadə və başqa müəlliflər uşaqlar üçün əsər yazmağı ondan öyrənmişlər.

Alim, ədəbiyyatşünas, folklorçu kimi də çalışan A. Şaiq klassik ədəbiyyat yönümündə də araşdırmalar aparmışdır. Onun Nizami, Füzuli, Nəsimi, Vaqif, M.F. Axundov, Mirzə Cəlil, M. Cavid, M. Hadi kimi sənətçilər haqqındakı fikirləri bu gün də dəyərlidir.

Şərq ədəbiyyatı məsələləri, sufizm, təsəvvüf, hürufilik, eləcə də çeşidli ədəbi cərəyən və metod haqqındakı araşdırma və axtarışları da maraqlıdır. Milli folklorumuzu ilk toplayıb öyrənənlərdən biri də elə A. Şaiqdir. Onun çağdaş həyata, elm və dil məsələlərinə aid yazıları da ayrıca maraq doğurur.

Əsl beynəlmiləlçi və humanist bir sənətçi olan, həmişə "Həpimiz bir günəşin zərrəsiyiz" deyən A. Şaiq bütün əsərlərində bəşəri problemlərə toxunmuş, xalqları dostluğa, əmin-amanlığa çağırmışdır. Onun özü türk, rus fars, tatar, litvalı, özbək, gürcü, tacik və başqa millətlərin ziyalıları ilə dostluq etmiş, bütün xalqların ədəbiyyatından seçimli əsərləri dilimizə çevirmişdir. Firdovsinin "Şahnamə"sindən bir parça, Şekspirin "Maqbet", C. Sviftin "Qulliverin səyahəti", Puşkin, Lermontov, Krılov, Qorki, Nekrasov və başqa yazıçıların əsərləri dilimizdə A. Şaiqin çevirməsində səslənmişdir.

A. Şaiq ədəbiyyat, maarif və mədəniyyət xadimi, el ağsaqqalı, xalq deputatı kimi sayılmış, seçilmişdir. Ədib 1959-cu ildə iyulun 24-də dünyasını dəyişmişdir.

 

HÜSEYN MİNASAZOV

XIX əsrin axırları - XX əsrin əvvələlərində Zaqafqaziyada, o cümlədən də Borçalı mahalında böyük bir qrup azərbaycanlı ziyalı ordusu yetişmişdir. Onlardan biri öz dəs-xətti və yetkin dünyagörüşü ilə qəlbləri fəth edən Hüseyn Minasazov olmuşdur.

Hüseyn Baxşəli oğlu Minasazov 1881-ci ildə Borçalı mahalının eyni adlı nümayəndəliyinin Sarvan kəndində anadan olmuşdur.

İbtidai məktəbi doğma kəndi Sarvanda qurtardıqdan sonra təhsilini 1889-cu ildə Qori müəllimlər seminariyasında davam etdirmiş, tam kursu 1894-cü ildə bitirmişdir.

1894-cü ildə Hüseyn Minasazov Azərbaycana köçmüş, əvvəlcə Cavad qəzasının (indiki Salyan rayonu) Xıllı kəndində, sonra isə Bakıya gələrək ikisinifli Sabunçu məktəbində rus dili müəllimi işləmişdir.

Hüseyn Minasazov müəllim işləyə-işləyə mətbuatda ictimai quruluşa, milli münasibətlərə, qadın azadlığına və s. problemlərə həsr olunmuş elmi, elmi-publisistik məqalələr çap etdirmişdir. O vaxt belə yazıların üstündə pedaqoji məktəblərin (Bakı, Dağıstan) müdirləri ilə Hüseyn Minasazovun münaqişələri olurdu. 1902-ci ildə Hüseyn Minasazov redaksiyaların birində korrektor vəzifəsinə işə düzəlmiş, "Kaspi" qəzetinin korrektoru olmuşdur. Bu qəzetdə kəndli hərəkatına qarşı çıxan zadəganları və müftəxor siyasətçiləri ifşa edən yazılarla, qadın azadlığı və tə’lim-tərbiyə, feodal-kəndli həyat tərzinə və s. məsələlərə dair məqalələrlə çıxış etmişdir. O, həmin dövrdə böyük Azərbaycan mütəfəkkiri, alimi və publisisti olan mahir qəzet işçisi H. Zərdabi ilə ilk dəfə görüşüb onunla yaxından tanış olmuşdur.

1906-cı ilin ortalarında Hüseyn Minasazov ukraynalı dostu E. Bondarenko ilə Tiflisə köçmüş, "Zaqafqaziye" qəzetində əməkdaşlığa başlamışdır.

Hüseyn Minasazov burada məşhur "Molla Nəsrəddin" jurnalının hey’əti, onun yaradıcısı Cəlil Məmmədquluzadə və inqilabçı-demokratik hərəkatın banilərilə yaxından tanış olmuşdur. Bir müddətdən sonra Minasazov Ö.F. Ne’manzadə, Qr. Diasilidze, İ. Nakaşidze və P. Qotua kimi məşhur incəsənət və ədəbiyyatşünaslarla dostlaşmışdır.

Gürcü ədəbiyyatının klassiklərindən olan İ. Çavçavadzenin vəhşicəsinə öldürülməsi gənc Hüseyni sarsıtmış və 1907-ci il sentyabrın 5-də Gürcüstanın ən məşhur qəzeti olan "İsari" də ("Strela") bütün Azərbaycan gəncləri adından başsağlığı vermişdir. İki gündən sonra isə bu görkəmli şəxsiyyəti qətlə yetirən caniləri cəsarət və hiddətlə ifşa etmişdir.

1907-ci ilin iyununda dostu E. Bondarenko ağır xəstələnmişdir. Hüseyn Minasazov "Jurnalistin payı" adlı məqaləsində dostu haqqında ürək ağrısı ilə yazaraq qeyd etmişdir ki, onun 25 il döyüşən qələmi susmamalıdır. O, sağalıb xalq arasında öz qüdrətli qələmi ilə çıxış etməlidir. Ona görə xalqa müraciət edib, kömək diləmişdir. Əlbəttə, xalq onun səsini eşitmiş, sözünə qulaq asıb yardım göstərmişdir.

1908-ci ildə məşhur gürcü klassiki A. Seretelinin ədəbi yaradıcılığının 50 illiyi münasibətilə keçirilən yubiley gecəsi mərasimində də fəal iştirak etmişdir.

Ümumiyyətlə, Hüseyn Minasazov o dövr üçün lazımlı və gərəkli olan qəzet, mətbuat məsələlərinə çox ciddi yanaşmış, bu sahədə gərgin əmək sərf etmişdir. Tiflisdə "Oqni" jurnalının çapı üçün dövlət orqanlarından, Poliqrafiya və Tipoqrafiya Nazirliyindən icazə almışdır (1907).

Hüseyn Minasazov yeganə azərbaycanlı publisistdir ki, həmin jurnalın birinci buraxılışını redaktə edib rus variantını buraxmışdır. Bu jurnal tez bir vaxtda məşhurlaşmış, yayılma miqyasını genişləndirmişdir. Qısa bir müddətdə "Oqni", "Rus", "Svobodnaya mısl", "Odesskoe obozrenie" və s. jurnallar öz baş məqalələrini "Zakavkazskoe obozrenie" jurnalına həsr etmişdilər. V. Pşavelanın, İ. Nakaşidzenin, C. Məmmədquluzadənin siyasi felyetonları, Hüseyn Minasazovun siyasi xarakterli məqalə və mə’lumatları da çap olunmuşdur.

Jurnalist və publisist yaradıcılığından başqa, Hüseyn Minasazov xalqın aşağı təbəqəsinin bir yumruq kimi birləşməsi naminə, onların dünyagörüşlərinin inkişafı istiqamətində, teatr, dram əsərlərinin yaranması istiqamətində, ümumiyyətlə, ictimai-siyasi və mədəni-ədəbi, əhalinin incəsənət və maariflənməsi yönümündə çox böyük və misilsiz işlər görmüşdür.

1907-ci ildə Hüseyn Minasazov "Qafqazda uşaqların təhsil və savad məsələlərinin tə’minatı" qərarını bir qrup rus, gürcü və s. ziyalıların birgə sə’yi nəticəsində həyata keçirmişdir. Gələcək sovetə üzv olan Minasazov 1911-ci ilə qədər yüzlərlə ziyalıdan, tələbədən bu barədə məktublar almışdır. 1907-ci ilin axırlarında Hüseyn Minasazov "Zakafkaziye" qəzetinin müxbiri kimi Təbrizə yola düşmüş, orada, yə’ni Cənubi Azərbaycanda milli-azadlıq hərəkatının gedişini qəzet vasitəsilə işıqlandırmışdır.

Hüseyn Minasazov 1909-cu ildə Peterburqa getmişdir. Onun mahir bir jurnalist-publisist kimi yetişməsində Peterburq mühitinin çox böyük tə’siri olmuşdur. Elə həmin ildə K. Abaşidze, Qr. Diasamidze, V. Eqorov, V. Ostrovski və başqa ədiblərin əməkdaşlığı və yaxından iştirakı ilə birinci dəfə olaraq rus dilində "Ejenedelnoe obozrenie" qəzeti buraxılmışdır.

Bakı və Tiflis şəhərlərində çıxan bütün rus qəzetlərində Hüseyn Minasazov dövrün tələbləri, cəmiyyətin düzgün idarə olunması, milli münasibətlər, xalqlar arasında dostluq, qardaşlıq həmrə’ylik və s. kimi aktual problemlər qaldırıb məqalələrlə çıxış etmişdir. O, çar üsul-idarəsinə, çarizmə, milli qırğına qarşı çıxışlar etmiş, millətləri, xalqları milli barışığa çağırmışdır.

Fevral burjua inqilabından (1917) sonra Hüseyn Minasazov müvəqqəti hökumətə qarşı tənqidi çıxışlar etmiş və "Soyuz narodov" (Xalqların birliyi) adlı məqaləsində "Yaşasın xalqlar birliyi, həmrə’yliyi", "Vahid ailənin birliyi" kimi ürəyindən keçən istəyi bütün xalqa, millətə çatdırmışdır.

Hüseyn Minasazov 1924-cü ilə qədər (ara-sıra) Borçalı mahılının Sarvan (indiki Marneuli) kəndində yaşamış, yerli məktəbdə müəllimlik etmiş, Gürcüstan SSR Mərkəzi İcraiyyə Komitəsində Milli azlıqlar komissiyasının məs’ul katibi işləmişdir. 1924-cü ilin dekabr ayından 1928-ci ilə qədər Naxçıvan və Bakı şəhərlərində arxivlər idarəsində elmi işçi vəzifəsində çalışmışdır.

1929-cu ildən ömrünün sonuna kimi Hüseyn Minasazov respublikada nəşriyyat sahəsində, sonra isə Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunun tarix-etnoqrafiya şö’bəsində elmi əməkdaş işləmişdir. Bu illərdə publisist "Bir inqilabın yüz ili", kəndli hərəkatına həsr edilmiş elmi işi və "SSRİ Elmlər Akademiyasının dərsi" adlı monoqrafiyalarını yazıb tamamlamışdır. Hər iki elmi işinin əlyazması dövlət arxivində saxlanılır.

Hüseyn Minasazov cəsur jurnalist, publisist və demokratik ruhlu şəxsiyyət olmuşdur. O, "Rossiya" və "Novoe vremya" qəzetlərinin şovinist əqidəli rəhbər, işçilərini öz məqalələrində tənqid atəşinə tutmuşdur. Minasazovun ən qiymətli və dəyərli işlərindən biri erməni-azərbaycanlı münaqişəsinə son qoyulması yolunda atdığı mübariz addımdır. Onun fikrincə, bu cür problemlərdən yaranan "Balkan müharibəsi və Türkiyə krizisi", 1913-cü ildə artıq Bakıya da gəlib çatmışdı. 1910-1913-cü illərdə Bakı şəhərinin küçələrində baş vermiş erməni-müsəlman savaşı dediklərimizə canlı sübutdur. Minasazovun qəzet və jurnallardakı çıxışları nəinki münaqişələrə, şovinistlərin demokratik qüvvələri sıxışdırmasına qarşı mübarizəyə, eyni zamanda mülkədar-kəndli münasibətlərinə də həsr olunmuşdur.

1908-1910-cu illərdə Hüseyn Minasazov bir xeyriyyəçi kimi xarici şəhər və dövlətlərdə oxuyan müsəlman ali məktəb tələbələrindən yüzlərlə məktub almışdır.

"Doğma müsəlmanların müəllimi seminariyası" adlı məqaləsində Minasazov tələb etmişdir ki, Dağıstanda əhalinin savad alması üçün Qori müəllimlər seminariyasının nəzdində dağlılar üçün ayrıca şö’bə açılsın.

Hüseyn Minasazov həm də tərcüməçi idi. 1911-1914-cü illərdə C. Məmmədquluzadənin "Poçt qutusu", 1915-ci ildə İ. Aşurbəyovun tipoqrafiyasında görkəmli Azərbaycan pedaqoqu M.T. Sidqinin "Kəlbə Nəsir" nağıl-şe’r toplusu onun redaktorluğu ilə işıq üzü görmüşdür. Kitabın üz qabığında bu sözlər yazılmışdır: Bu kitabdan gələn qonorar yazıçıların ehtiyaca malik uşaqlarına verilsin.

Hüseyn Minasazov 1932-ci ildə Bakıda vəfat etmişdir.

 

HƏSƏN SEYİDOV

Həsən Neymət oğlu Seyidov 1932-ci il avqust ayının 16-da Marneuli rayonunun Qaçağan kəndində anadan olmuşdur. 1939-cu ildə Qaçağan kənd orta məktəbinin I sinfinə daxil olmuş, 1946-cı ildə Dağ Borçalının Cəlaloğlu rayonunun Çubuxlu (indiki Ermənistan Respublikası Stepanavan rayonunun Kuybışev kəndi) kənd natamam orta məktəbinin 7-ci sinfində təhsilini davam etdirmiş, 1951-ci ildə Cəlaloğlu (Stepanavan) orta məktəbini bitirmişdir.

Həmin ildə də Bakıya gələrək, Azərbaycan Politexnik İnstitutunun mexanika fakültəsinə daxil olmuş və 1956-cı ildə bu institutu fərqlənmə diplomu ilə bitirmişdir. Ali məktəbdə təhsil aldığı illərdə Həsən Seyiddov ə’la oxumaqla yanaşı, institutun ictimai-siyasi həyatında fəal iştirak etmiş, fakültə komsomol komitəsinin katibi vəzifəsində işləmişdir.

Həsən Sefidov əmək fəaliyyətinə 1956-cı ildə SSRİ Kimya və Neft Maşınqayırma Nazirliyinin L. Şmidt (indiki Səttərxan) adına zavodunda usta köməkçisi vəzifəsində başlamış, 9 il ərzində mühəndis və baş mühəndisin müavini vəzifələrində çalışmış, 1965-ci ildə zavod direktoru vəzifəsinə tə’yin olunmuşdur.

Zavod Sovet İttifaqının və Respublikanın bir neçə dəfə keçici bayraqları ilə mükafatlandırılmışdır. Həmin dövrdə zavod fəhlələrinin sosial rifahı yaxşılaşmış, yüzlərlə fəhlə və mühəndis yeni mənzillə tə’min edilmişdir.

Bu müddət ərzində Həsən Seyidov Nərimanov rayon, Bakı şəhər Partiya və Sovet orqanlarının üzvü seçilmişdir.

1969-cu ildə Həsən Seyidova Azərbaycan SSR-in "Əməkdar mühəndisi" fəxri adı verilmişdir.

1971-ci ilin fevral ayında Həsən Seyidov Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sənaye-nəqliyyat şö’bəsinin müdiri vəzifəsinə tə’yin edilişdir. 1971-1981-ci illərdə MK-nın katibi, 1971-1989-cu illərdə MK-nın büro üzvü, 1971-1991-ci illərdə Azərbaycan KP MK-nın üzvü və 1971-1990-cı illərdə Azərbaycan Respublikası Ali Sovetinin deputatı olmuşdur.

1981-1989-cu illərdə Həsən Seyidov Azərbaycan SSR Nazirlər Sovetinin sədri vəzifəsində çalışmışdır. Bu müddətdə o Sov. İKP MK-nın XXVI və XXVII qurultaylarına nümayəndə seçilmiş, Sov. İKP MK-nın üzvlüyünə namizəd, həmçinin X və XI çağırış SSRİ Ali Sovetinin deputatı seçilmişdir. Həsən Seyidov Azərbaycan KP MK-nın katibi və Nazirlər Sovetinin sədri vəzifələrində işlədiyi zaman Respublikanın sosial-iqtisadi vəziyyəti yaxşılaşmış, o, bütün bacarığı ilə xalqa xidmət etmiş və xalqın sosial rifahının yaxşılaşması yolunda var qüvvəsini sərf etmişdir. Bununla da o, Azərbaycan xalqının böyük hörmət və məhəbbətini qazanmışdır.

70-80-ci illərdə respublika iqtisadiyyatının, xüsusilə sənayenin inkişafında Həsən Sefidovun xüsusi xidmətləri olmuşdur. Həmin dövrdə sənyedə mühüm struktur dəyişiklikləri baş vermiş elmi-texniki inqilabla bağlı yeni, müasir və daha mürəkkəb istehsal sahələrinin yaradılması prosesi genişlənmiş, neftayırma zavodlarının texniki cəhətdən modernləşdirilməsi və yenidən qurulmasına diqqəti artırmış, maşınqayırma və neft maşınqayırması, qara və əlvan metallurgiya sənaye sahələri xeyli inkişaf etmiş, Azərbaycanda ildə orta hesabla 15 milyard kv/saat elektrik enerjisi istehsal edən 18 iri elektrik stansiyasından ibarət böyük bir energetika kompleksi yaradılmışdır. Ümumiyyətlə, 1970-1980-ci illərdə respublikada sənayenin ümumi məhsulu 2,2 dəfə, o cümlədən istehsal vasitələri istehsalı 2,1 dəfə, istehlak malları istehsalı isə 2,2 dəfə artmış, sənayenin inkişaf dinamikası yüksələn xətt üzrə getmişdir.

Dövlətimiz Həsən Seyidovun xidmətini layiqincə qiymətləndirmişdir. Onu "Lenin" ordeni, üç dəfə "Qırmızı Əmək Bayrağı" ordeni və medallarla təltif etmişdir. Bundan başqa, o bir neçə dəfə Azərbaycan SSR Ali Soveti Rəyasət hey’ətinin fəxri diplomu ilə mükafatlandırılmışdır.

1989-cu ilin aprel ayında fəxri təqaüdə çıxdıqdan sonra, Azərbaycan SSR Nazirlər Soveti yanında SSRİ Xarici İqtisadi Əlaqələr Nazirliyinin müvəkkili tə’yin edilmişdir. 1991-ci ilin noyabr ayında "Azərinkom" informasiya-kommersiya birliyinin, 1997-ci ilidən isə "Azərinkom" səhmdar cəmiyyətinin baş direktoru vəzifəsində çalışır.

Borçalı mahalı Azərbaycan tarixinə XX əsrin birinci yarsında Ömər Faiq Ne‘manzadə, Əlimərdan bəy Topçubaşov, Nəriman Nərimanov kimi tarixi şəxsiyyətlər bəxş etmişdirsə, XX əsrin ikinci yarsında isə yüksək mə’nəviyyatlı, ədalətli, işgüzar, bacarıqlı bir rəhbər kimi ümumxalq məhəbbəti qazanmış Həsən Ne’mət oğlu Seyidov kimi partiya və dövlət xadimi vermişdir. Ona görə borçalıların təmizliyi, düzlüyü, mə’nəvi saflığı, xalqa xidməti hər şeydən uca tutun həmin şəxsiyyətlər ilə fəxr etməyə və iftixar hissi keçirməyə haqqı vardır.

H.N. Seyidov borçalıların Azərbaycan televiziyasına baxa bilmələri üçün ötrücü stansiya tikdirmiş, Qaçağan kəndinə qaz və su kəmərləri çəkdirmiş, onun Gürcüstan hökumətindən xahişi ilə Qaçağan kəndində müasir tipli üçmərtəbəli məktəb binası inşa edilmişdir.

 

HƏSƏN HƏSƏNOV

Həsən Əziz oğlu Həsənov 1940-cı il oktyabrın 20-də Tiflis şəhərində anadan olmuşdur. 1958-ci ildə Tbilisidəki 43 nömrəli məktəbi bitirmiş Azərbaycan Dövlət Politexnik İnstitutuna daxil olmuşdur. 1963-cü ildə İnstitutu başa vurub komsomol işində çalışmış, 1966-cı ildə Tikinti Materialları və Konstruksiyaları Elmi-Tədqiqat İnstitutunda aspiranturaya qəbul olunmuşdur. 1967-ci ildə Azərbaycan KP MK-ya tə’limatçı vəzifəsinə irəli çəkilmişdir.

1969-1971-ci illərdə Moskvada Ümumittifaq Komsomolu MK-da məs’ul təşkilatçı vəzifəsində çalışmışdır. 1971-ci ildə Bakıya qayıdıb Azərbaycan KP MK-da tə’limatçı, bölmə müdiri, şö’bə müdirinin müavini vəzifələrində işləmişdir.

1975-ci ildən Bakının Səbael rayonu Partiya Komitəsinin birinci katibi, 1978-ci ildə Sumqayıt şəhər Partiya Komitəsinin birinci katibi, 1979-cu ildə Gəncə şəhər Partiya Komitəsinin birinci katibi vəzifələrində işləmişdir.

1981- 1990-cı illərdə Azərbaycan KP MK katibi olmuşdur. Həmin müddət ərzində MK-da ideologiya, tikinti və nəqliyyat, iqtisadiyyat sahələrinə rəhbərlik etmişdir.

İdeologiyaya rəhbərlik etdiyi dövrdə tarix, ədəbiyyat və mədəniyyət sahələrində bir sıra mühüm respublika əhəmiyyətli tədbirlərin təşkilatçısı olmuşdur.

1990-1992-ci illərdə Həsən Həsənov Azərbaycanın baş naziri vəzifəsini layiqincə yerinə yetirmişdir. Onun şəxsi siyasi və diplomatik sə’yləri Azərbaycanın dövlət müstəqilliyini qazanmasında mühüm rol oynamışdır. O, NATO-nun toplantılarında ilk dəfə olaraq müstəqil Azərbaycanı tanıdan mə’ruzələrlə parlaq çıxışlar etmişdir.

1992-1998-ci illərdə diplomatiya sahəsinə keçən Həsən Həsənov əvvəlcə Azərbaycanın BMT-də ilk daimi nümayəndəsi, sonralar Azərbaycanın Xarici İşlər Naziri olmuşdur. 1995-ci ildə Azərbaycan Milli Məclisinə deputat seçilmişdir. "Qırmızı Əmək Bayrağı" ordeni, "Fədakar əməyə görə" medalı və Azərbaycan Respublikası Ali Sovetinin Fəxri Fərmanı ilə təltif edilmişdir.

Otuz ildən çox Azərbaycanın rəhbər partiya və hökumət vəzifələrində çalışan Həsən Həsənov hər bir vəzifədə daim xalqın qeydinə qalmış, xalqın e’timadını qazanmışdır.

Dövlət adamı və ictimai xadim olan Həsən Həsənov eyni zamanda elm sahəsində də fəaliyyət göstərmişdir.

Həsən Həsənovun elmi fəaliyyətinin mühüm hissəsi aşağıdakı istiqamətlərdədir: 1. Rəhbər vəzifələrdə işləyərkən Azərbaycanın görkəmli mütəfəkkir yazıçı və şairlərinə həsr etdiyi məqalələri və çıxışları: N. Gəncəvi, M.F. Axundov, müasirlərimizdən S. Rüstəm, İ. Şıxlı kimi sənətkarlar barədəki çıxışları, məqalələri.

2. Bilavasitə tədqiqatları. Bu istiqamətdə onun araşdırmaları hələ 1978-ci ildə "Azərbaycan" jurnalında dərc etdirdiyi "Keçən əsrdən məktublar" tədqiqatı ilə başlamışdır. Həmin tədqiqatın redaksiya təqdimatında deyilirdi: "… Həsən Həsənovun böyük mütəfəkkir M.F. Axundovun oğlu Rəşid bəy Axundov haqqında elmi tədqiqatı xüsusi maraq doğurur". Həqiqətən də Mirzə Fətəlinin oğlu Rəşid bəyin həyatı və fəaliyyəti ictimai fikir tariximizin açılmamış səhifələrindən idi. Tədqiqat özünün təhlil üsulu ilə fərqlənirdi. Təhlillərdə mütəfəkkir Mirzə Fətəli ilə oğlunun arasındakı məktublaşmada maarifçilik, milli ədəbi fəaliyyəti Avropa mühitinə çıxarmaq kimi məsələlər aşkarlanır. Həsən Həsənovun birgə tərtibi ilə həmin məktublar sonralar (1991) ayrıca kitab şəklində buraxılmışdır. Kitaba əhatəli şərhi də o özü yazmışdır.

Həsən Həsənovun elmi fəaliyyətinin digər bir nümunəsi şair Bəxtiyar Vahabzadənin "İstiqlal" (1999) kitabına yazdığı giriş əvəzi tədqiqatıdır. "Azərbaycanın Bəxtiyarı, yaxud "Gülüstan"dan "Şəhidlər"ə gedən yol!" adlanan bu tədqiqatın burada ancaq bölmə başlıqlarını xatırlamaq kifayətdir: "Bəxtiyarın siyasi təfəkkürü", "Bu dünyanı oyuncaqmı bilmisən?", "Zaman sənə ögey olsa vay halına", "Öz dilində danışmasan, de kim sənə azad deyər?", "Azadlıq alınar, yaddan umulmaz!", "Biz işıqlı fikirlilər bir fikirsiz, əqidəsiz qulbeçəyə qul olmuşuq", "Allaha çatmağın nə imiş yolu?", "Axı kim bu haqqı vermişdir, sizi kim çağırmış vətənimizə?", "Cəsarət mülkünü tikdi şəhidlər". Bu başlıqlı bölmələrin hərəsində şairin müvafiq əsərləri araşdırılmışdır.

Həsən Həsənovun "Dilimiz, dövlətimiz, millətimiz, adımız" kitabı (1996) müstəqil tədqiqatdır.

Həsən Həsənovun son yazılarından biri həmyerlimiz, şair Zəlimxan Yaqubun yaradıcılığına həsr olunmuşdur. "Sazın və sözün vəhdətini yaradan şair" başlığı ilə qələmə alınan bu yazıda Həsən Həsənov özü də saz ruhunu duyan bir Borçalı oğlu olduğunu təsdiq etmişdir.

Həsən Həsənovun elmi araşdırmalarının digər qismini resenziyalar təşkil edir: "Cəmaləddin Əfqani mütərəqqi millətin ideoloqu kimi", ("Elm" qəzeti 15 dekabr 1999; "Cəmaləddin Əfqani" kitabına) professorlar Nurəddin Rza, Şamil Qurbanov barədə "Xalq ziyalısı, ensiklopedik bilikli insan", ("Professor Nurəddin Rza" kitabında 1999), "Yaradıcılıq məramnam