|
BORÇALI VƏ TİFLİS TÜRK PEDAQOJİ
TEXNİKUMLARININ YARADILMASI TARİXCƏSİNDƏN
Sovet hakimiyyətindən xeyli əvvəl
Borçalı qəzasında məktəb-maarif işi çox dözülməz
və acınacaqlı bir vəziyyətdə idi. Bunun əsas
səbəbləri ərazidə ixtisaslı müəllim
kadrlarının, məktəblər üçün xüsusi binaların və
maarif, tədris ləvazimatlarının olmaması ilə
səciyyələnirdi. Bütün qəza üzrə cəmi 5-6 natamam
orta məktəb fəaliyyət göstərirdi. Belə
məktəblərdən yeddiillik Sarvan, dördillik
Qızılhacılı, dördillik Qaçağan, Saraçlı, Sadaxlı,
Faxralı, Arıxlı, Başkeçid, Kosalar, Qarayazı,
Tiflis (yeddiillik, Şeytanbazar məhəlləsində) və
s. göstərmək olar. Ümumiyyətlə, bu məktəblərdə
dərs deyən müəllimlər bir qayda olaraq
azsavadlı, əlifbanı çətinliklə başa düşənlər və
tam molla savadı olmayan şəriət adamları idi.
Sovet hakimiyyəti qurulduqdan sonra Borçalı
qəzasındakı və Ahıska bölgəsindəki türk
məktəblərində çalışan müəllimlərin tərkibini
ixtisaslı kadrlarla təmin etmək üçün 1925-ci ilin
sentyabr ayında Tiflis şəhərində pedaqoji
texnikum (darülmüəllim) fəaliyyətə başladı.
Texnikuma ilk direktor naxçıvanlı Qədimov
Ələkbər təyin olundu. Şübhəsiz, bu texnikumun
məzunları Borçalı və Ahıska Azərbaycan-türk
məktəblərini müəllim kadrları ilə tam təmin edə
bilmədi. Ona görə də 1930-cu ildən başlayaraq
bölgələrdə orta və tam yeddiillik məktəblərin
sayının artırılması istiqamətində Sarvan,
Başkeçid, Ahıska və Qarayazı məntəqələrində
Pedaqoji Texnikumlar yaradıldı. On dörd
buraxılışdan sonra isə Tiflis Pedaqoji
Texnikumu öz fəaliyyətini tam dayandırdı. Çünki
bütün məktəbləri demək olar ki, yeni açılmış
tədris oçaqları müəllim kadrları ilə təmin
edirdi.
1929-cu ilin axırında Borçalı qəzası
(Gürcüstan bölgəsi) 4 inzibati rayona bölündü.
Tiflis pedaqoji texnikumunda direktor işləyən
Əskər Məmmədəlizadə Borçalı nümayəndəliyinin
(rayonun) birinci katibi seçildi. Bir neçə ildən
sonra əslən təbrizli, Tiflisdə yaşayan Kəsən
Səbri Borçalı rayonuna birinci katib seçilir.
Onun qayğıkeşliyi və uzaqgörənliyi nəticəsində
1930-cu ildə Borçalı rayonunun mərkəzi Sarvanda
Borçalı Türk Pedaqoji Texnikumu öz fəaliyyətinə
başladı. Bu texnikumun ilk buraxılışı 1933-1934-cü
tədris ilində olmuşdur. Borçalı Türk Pedaqoji
texnikumunun ləyaqətli məzunlarından bir neçəsi
ilə tanış olaq.
1. Kələyev Baxış Hüseyn oğlu - 1933-1934-cü
tədris ilində texnikumu bitirmiş və müəllimlik
fəaliyyətinə başlamışdır. Sonralar isə müxtəlif
vəzifələrdə çalışmış və Marneuli rayon partiya
komitəsinin ideologiya üzrə katibi seçilmişdir.
Həmin vəzifədə uzun müddət işlədikdən sonra
respublika dərəcəli fərdi təqaüdə çıxmışdır.
Hal-hazırda Marneuli rayon müharibə və əmək
veteranları komitəsinin sədridir.
2. Kərimov Kərim Qurban oğlu - 1935-ci ildə
texnikumu bitirmiş, uzun müddət Dövlət
Təhlükəsizlik Komitəsində (Gürcüstanda) işləmiş,
mayor rütbəsinədək qalxmış və təqaüdə çıxmışdır.
Hal-hazırda respublika radio şəbəkəsində
məsləhətçi işləyir.
3. Kərimov Abbas Alıməmməd oğlu - 1946-ci
ildə pedaqoji texnikumu qurtarmış, Azərbaycan
Pedaqoji İnstitutuna daxil olmuş, 1951-ci ildə tam
kursu bitirdikdən sonra isə Gürcüstan Xalq
Maarif Nazirliyində Azərbaycan məktəbləri üzrə
inspektor vəzifəsində çalışmışdır. 1952-ci ildə
Marneuli (Borçalı) pedaqoji texnikumunun
direktoru vəzifəsinə təyin olunmuş və texnikum
bağlananadək (1959) həmin vəzifədə işləmişdir.
Respublikanın əməkdar müəllimi və respublika
miqyaslı fərdi təqaüdçüdür.
4. Məmmədov Aydın Yusif oğlu - 1951-ci ildə
texnikumu bitirmiş, Bakıya getmiş, təhsilini
davam etdirmişdir. O, müxtəlif vəzifələrdə
çalışaraq Bakı Sovetinin sədri və-zifəsinə qədər
qalxmışdır. Texnika elmləri namizədidir.
5. Məmmədov Əflatun, Musayev Bədirxan,
Məmmədov Qasım, Qocayev Məmməd, Hacıyev Vəkil və
b. 1951-1952-ci ildə pedaqoji texnikumu bitirmişlər.
Hazırda Bakıda müxtəlif universitetlərdə
işləyirlər.
6. Qaraməmmədli Yasin - 1957-ci ildə
texnikumu bitirmişdir. Hal-hazırda Azərbaycan
Dövlət Radio və Televiziya Şirkətinin
içmalçısıdır.
7. Süleymanov Süleyman Məmməd oğlu -
1957-ci ildə texnikumu bitirmiş, Baydar orta
məktəbində tədris hissə müdiri işləmiş, sonralar
isə Marneuli rayon partiya komitəsində təşkilat
şöbəsinin müdiri olmuşdur. Oradan Gürcüstanda
çıxan "Gürcüstan" qəzetinə redaktor təyin
olunmuş və uzun müddətdir ki, həmin vəzifədə
çalışır.
8. Vəliyev Hüseyn Məhərrəm oğlu 1940-cı
ildə Borçalı Türk Pedaqoji Texnikumuna daxil
olmuş, 1943-cü ildə texnikumu bitirmişdir. O, 1943-cü
ildə ordu sıralarına getmiş və 1945-ci ilin
noyabrında pedaqoji texnikumu qurtardığına görə
ordu sıralarından tərxis olunmuşdur. Elə həmin
ildə də Borçalı rayon partiya komitəsində hərbi
şöbənin təlimatçısı vəzifəsinə təyin olunmuş,
1946-cı ildə həmin vəzifədən Gürcüstan Mərkəzi
Komitəsi yanında yeni təşkil olunmuş 2 illik
respublika partiya məktəbinə göndərilmişdir.
1948-ci ildə həmin məktəbi qurtarıb Marneuli
rayonunda çıxan "Stalin yolu" qəzetinə
redaktor təyin olunmuşdur. Burada işləyən zaman
Marneuli rayon partiya komitəsinin büro
üzvlüyünə namizəd seçilmiş, 1953-1963-cü illərdə
Marneuli rayon icraiyyə komitəsində şöbə müdiri
işləmişdir.
1963-cü ildə Marneuli, Bolnisi və Dmanisi
rayonlarının birləşdirilməsi ilə əlaqədar
Hüseyn müəllim Bolnisi rayon partiya komitəsinə
təşkilatçı-inspektor vəzifəsinə keçirilmişdir.
1964-cü ildə Birləşmiş Bolnisi rayonunun istehlak
cəmiyyətinə sədr seçilmiş, 1965-ci ildə rayonların
yenidən ayrılması ilə əlaqədar olaraq Hüseyn
müəllim Marneuli rayon istehlak cəmiyyətinə
sədr vəzifəsinə göndərilmişdir. Bu vəzifədə
1967-ci ilin axırınadək işləmişdir.
1967-ci ilin dekabrından bu günədək
Marneuli rayon kino qurğuları idarəsinin
direktoru vəzifəsində çalışır.
1983-cü ildə ona Gürcüstan
Respublikasının əməkdar mədəniyyət işçisi fəxri
adı verilmişdir. Böyük Vətən müharibəsi
iştirakçısıdır. Əmək veteranı və respublika
miqyaslı fərdi təqaüdçüdür.
BORÇALI TÜRK PEDAQOJİ
TEXNİKUMUNUN FƏALİYYƏT DAİRƏSİ
Borçalı Türk Pedaqoji Texnikumu əsas
etibarilə Borçalı, Qardabani, Bolnisi, Dmanisi,
Axalsix, Laqodexi, Saqareco rayonlarında, Kaxeti
ərazisində, Tbilisi və Rustavi şəhərlərində
yaşayan azərbaycanlıları əhatə edirdi.
Bunlardan başqa texnikuma Zəlyənin Culuxlu, Dağ
Sarvan və Azərbaycanın "Ermənistan" adlanan
ərazisində azərbaycanlılar yaşayan bölgələrin
əhalisi də cəlb olunurdu.
TEXNİKUMUN DİREKTORLARI
Borçalı türk pedaqoji texnikumuna
direktor vəzifəsinə aşağıdakı ziyalılar təyin
edilmişdir:
1. Şərifov Rüstəm Paşa oğlu
2. İsayev
3 Naibov Kəyan
4. Sadıqov Arif
5. Mahmudov Binnət
6. Məmmədov Məhərrəm
7. Muradov Mədəd
8. Kərimov Abbas - 1952-ci ildən texnikumun
bağlanmasınadək (1959-cu il) həmin vəzifədə
çalışmışdır.
TEXNİKUMUN BAĞLANMASI
Borçalı türk pedaqoji texnikumu 1959-cu
ildə bağlanmış və onun bazasında internat
məktəbi yaradılmışdır. Bu internat orta məktəb
açılan gündən buraya Borçalının və sair
bölgələrin dağlıq ərazilərindən ata və
analarını erkən itirmiş kimsəsiz uşaqlar cəlb
edilirdi. Sonradan isə bu məktəbə uşaq düzəltmək
müşkül məsələyə çevrilmişdir. Yəni əvvəllər bu
internatda cəmi 400-500 nəfər şagird oxuyurdusa,
(1961-1965) sonralar isə şagirdlərin sayı 800-1000 nəfərə
qədər artmışdır. Bu da şagirdlərə dərs deyən
müəllimlərin savadlı, bilikli və pedaqoji
fəaliyyətinin yüksək olmasından irəli
gəlmişdir.
Hazırda ölkənin belə bir iqtisadi
çətinliyinin əlçatmaz zirvəsində bu internat
məktəb digər məktəblər arasında ziyalıların
nəzər-diqqətini cəlb etməkdədir. Əlbəttə, bunlar
hamısı internatın müdiriyyətinin qeyri-leqal
hərəkətlərə qarşı amansız fəaliyyəti və
prinsipial pedaqoji metodun təlim-təhsilə
tətbiq olunması ilə əlaqədardır. Hazırda
internatda savadlı müəllimlər ordusu fəaliyyət
göstərir. Onlara uğurlar diləyirik.
Bağlanma səbəbləri:
1. Rayonda ibtidai siniflər üzrə
müəllim kadrlarının kifayət qədər olması;
2. Tbilisi A.S.Puşkin adına Pedaqoji İnstitutun
nəznində Azərbaycan filialının açılması;
3. Azərbaycan Respublikasında ibtidai siniflər
üzrə müəllim kadrlarının hazırlanması və s.
Marneuli (Borçalı türk) Pedaqoji
Texnikumu bağlanandan sonra onun bazasında
Marneuli internat məktəbi yaradıldı. Əlbəttə,
bunu qənaətbəxş hesab etməyə bizim heç cür
mənəvi-hüquqi əsasımız yoxdur. Bu hal xalqımızın
savadlanmasına ağır bir zərbədir.
|